NƏRİMAN
NƏRİMANOV - 150
Nəriman Nərimanovun bədii yaradıcılığı ilə ictimai və siyasi fəaliyyəti arasında üzvi bağlılıq vardır. Onun ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçmişdir. Siyasi çarpışmaların daha da gərginləşdirdiyi son dərəcə mürəkkəb şəraitə baxmayaraq, Nəriman Nərimanov milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddinədək müdafiə etmişdir. O, keçmişimizin mədəni sərvətlərinin mühafizəsinə, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirmiş, elmin, maarifin və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmış, dövrün milli məfkurə daşıyıcısı olan şəxsiyyətlərinə ehtiram və qayğı ilə yanaşmışdır.
Nəriman Nərimanovun XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti məhz ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə doğma xalqa çatdırılmışdır. Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti.
(“Nəriman
Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında”
14 fevral
2020-ci il tarixli Sərəncamından)
Nəriman Nərimanov XX yüzillikdə Azərbaycanın
inqilabi-demokratik ədəbiyyatı və ictimai fikri tarixində
görkəmli rol oynamışdır. Onun inqilabdan əvvəl
zəhmətkeş kütlələr arasında müəllim,
həkim, jurnalist, nasir, rejissor, aktyor və görkəmli
dramaturq kimi şöhrət qazanması təsadüfi deyildi.
N.Nərimanov sözün həqiqi mənasında
mübariz bir vətənpərvər idi. O, bütün
ədəbi-elmi yaradıcılığı və ictimai fəaliyyəti
ilə taleyini doğma xalqın taleyinə bağlamış,
çətinliklərlə dolu şərəfli bir həyat
yolu keçmişdir. 55 il ömür
yaşayan Nəriman Nərimanovun mürəkkəb
ictimai-siyasi şəraitdə yaratdığı zəngin ədəbi
irsi maarifçilikdən inqilabi demokratizmə doğru fikri
inkişafı əks etdirmişdir.
Nəriman
Kərbəlayi Nəcəf oğlu Nərimanov 1870-ci il aprel ayının 14-də Tiflis şəhərində,
yoxsul bir ailədə anadan olmuşdur. Anası
Həlimə xanımın şirin nağılları, əmisi
Əlimirzənin ürəkaçan söhbətləri və
qardaşı Salmanın dilindən eşitdiyi şeirlər
kiçik yaşlarından Nərimanın mənəvi
qidasına çevrilmişdi. Balaca Nəriman
ağıllı davranışı, iti zəkası, həssaslığı
və mehribanlığı ilə öz
yaşıdlarından seçilirdi. Onun
elmə, ədəbiyyata coşqun həvəsi hamının
qəlbində ümid çırağı
yandırmışdı. Ona görə də
1879-cu ildə Nərimanı Tiflisdə Qafqaz
Şeyxülislamının nəzarəti altında olan
altısinifli məktəbə qoyurlar. Zaqafqaziya maarif
müfəttişliyinə tabe olan bu məktəbdə
proqrama şəriət, Azərbaycan, fars
və ərəb dilləri daxil edilsə də, dərslər
əsasən rus dilində keçirilirdi. Odur
ki, Nəriman ciddi çalışır, çoxlu mütaliə
edirdi. Bu da ona təhsilini davam etdirmək
üçün Qori şəhərindəki Zaqafqaziya müəllimlər
seminariyasına hazırlaşmağa imkan yaradırdı.
1885-ci ildə Nəriman Zaqafqaziya müəllimlər
seminariyası nəzdində olan ibtidai məktəbə daxil
olur. Seminariya həyatı gənc Nərimanın məfkurəvi
və mənəvi inkişafına qol-qanad verir.
İlk axtarışlar dövrü onun həyata
münasibətində maarifçilik
dünyagörüşü başlıca yer tutur. Lakin gənc Nərimanın
romantik düşüncələri və maarifçilik
baxışları dövrün siyasi-ictimai hadisələrini
obyektiv dərk etməyə imkan verməsə də, zəhmətkeş
kütlələri mütləqiyyətin əsarətindən
xilas etmək xəyalı ilə yaşaması onu yeni yollar
axtarmağa sövq edirdi. O, dünyanın qabaqcıl
xalqlarının tarixini, ədəbiyyatını və milli
mədəniyyətini dərindən öyrənmək
üçün ciddi mütaliə edir, onu
düşündürən bir sıra məsələlərə
cavab axtarırdı. Gənc Nəriman
oxuduğu kitablarda öz fikir və düşüncələri
ilə səsləşən, ruhunu oxşayan ayrı-ayrı
yerləri özünün xatirə dəftərinə
köçürür. Klassik rus və
Avropa ədəbiyyatında təbliğ edilən vətən,
məhəbbət, dostluq, azadlıq və sair motivlərin
onun ideallarına, estetik zövqünə uyğun olması gənc
Nərimanın öz vətəndaşlıq borcunu dərk
etməsindən irəli gəlirdi. O, doğma xalqa, vətənə
xidməti müqəddəs vətəndaşlıq borcu və
şərəfi bilirdi.
“Kəşkül”
qəzeti 28 iyun 1890-cı il tarixli nömrəsində
yazırdı: “Qori darülmüəllimin məktəbini
bitirənlərdən bir qrupuna may ayının 6-da müəllimlik
şəhadətnaməsi verilmişdir. Bunlardan
biri də tiflisli N.Nərimanzadədir. Müəllimlik
şəhadətnaməsi alanlar bu günlər mətbəəmizə
dəxi gəlib, irəlidə vətən və əbnayi-vətənə
xidmətlər edəcəklərini vəd vermişdirlər”.
N.Nərimanov
hələ seminariyada ikən ali məktəbdə
oxumaq arzusunda idi. O, bu barədə öz tərcümeyi-halında
yazırdı: “Seminariya kursunu başa vurmağa iki ay
qalmış atamın qəflətən vəfatı mənə
çox ağır təsir etdi. Mən təhsilimi
davam etdirmək arzusundan əl çəkdim və atamdan sonra
yaşamağa heç bir vəsaiti olmayan ailəmizin
qayğısını çəkməyə başladım.
Kursu bitirdikdən sonra
Qızılhacılıya təyin olundum”.
Beləliklə,
N.Nərimanov 1890-cı il sentyabrın 1-dən
Tiflis quberniyasının Borçalı qəzasındakı
Qızılhacılı kənd ibtidai məktəbində
müəllimlik fəaliyyətinə başlayır.
Gənclik illərindən böyük bir ailənin
ağırlığını çiynində
danışmasına baxmayaraq, kənd müəllimliyi onun
narahat qəlbini ovundura bilmir. Maarif və mədəniyyətdən
uzaq düşmüş Qızılhacılı kəndində
feodal dövrünün adət-ənənəsi, vərdişləri
hökm sürürdü. Nəriman burada
zülmət gecənin bağrını yaran şimşəyi
xatırlatdı. Onun ziyası qatı
qaranlığı parçalayıb, qəflətdə
yatanları oyadırdı. O, kəndli balalarını məktəbə
cəlb etmək üçün elm və maarifi təbliğ
edir, inandırma yolu ilə kəndli kütlələrinin
gözünü açmağa çalışır,
onların xeyrinə-şərinə qarışırdı. Bu, yerli bəylərin narazılığına səbəb
olurdu. Onlar gənc müəllimi təqib
edir, məktəbin bağlanmasına
çalışırlar. Nəticədə
Nəriman Qızılhacılı kəndini tərk etməyə
məcbur olur. Lakin kütlələri cəhalət
və nadanlığın pəncəsindən xilas etmək
üçün onlarda feodal həyat tərzinə
qarşı tənqidi münasibət oyatmağı, maarif və
mədəniyyəti yaymağı qərara alır. N.Nərimanov özü sonralar yazırdı ki, bəşəriyyətin
geri qalmış hissəsinə bacardığım qədər
kömək etmək fikri ilk dəfə burada —
Qızılhacılı kəndində yaranmışdır.
Azərbaycanın ictimai dərdlərinə yaxından bələd
olan Nəriman öz ürək sözlərini xalqa söyləmək
üçün münasib bir yer, bir meydan axtarır. Böyük
arzu və idealları onu sənaye və mədəniyyət mərkəzi
Bakıya gətirir. N.Nərimanov Bakıya
1891-ci ildə gəlir, burada A.İ.Pobedonostsevin xüsusi
progimnaziyasında müəllimliyə başlayır. O,
realni məktəbdə və III Aleksandr adına
Bakı oğlan gimnaziyasında (1896) sinif mürəbbilərinin
ştatlı köməkçisi vəzifəsində işləyir,
eyni zamanda Azərbaycan dili müəllimi olur. N.Nərimanov
vicdanlı və bacarıqlı müəllim kimi
tanınır. Çox çəkmir ki,
o, pedaqoji fəaliyyətinə görə bürünc
medalla, sonralar isə üçüncü dərəcəli
Stanislav ordeni ilə təltif edilir.
Bu dövrdə gənc N.Nərimanovu məktəblərdə
ana dilində dərsliyin olmaması çox
düşündürürdü. Uşaqların təlim-tərbiyəsi
Azərbaycanın bütün qabaqcıl adamlarını
narahat edən bir məsələ idi. Zaqafqaziyada
“ruslaşdırma” siyasəti yeridən çar hökuməti
məktəblərdə rus dili və şəriət dərslərinə
xüsusi qayğı göstərir, Azərbaycan dili fənninin
tədrisinə əhəmiyyət vermirdi. Belə bir
şəraitdə N.Nərimanov öz nəzəri biliyi və
təcrübəsi əsasında yeni dərs kitabları
yaratmışdır: Bunlar “Türk-Azərbaycan dilinin müxtəsər
sərf-nəhvi” (1899), “Müsəlmanlar üçün
müəllimsiz rus dilini öyrənməkdən ötrü
asan kitabça” (1899), “Samouçitel tatarskoqo yazıka dlya
russkix” (1899-1900) adlanır. Azərbaycan məktəblərində
uzun müddət uşaqlar üçün faydalı vəsait
olan bu kitablar dilin qayda-qanunlarını öyrətməklə,
tədrisin keyfiyyətini yaxşılaşdırmağa
kömək etmişdir. “Türk-Azərbaycan
dilinin müxtəsər sərf-nəhvi” kitabıın
müqəddiməsində N.Nərimanov vahid yazı
qaydasının olmaması üzündən mətbuatda
yaranan çətinlikləri xatırladır.
Yazır:
“Axır zamanda mərifətli əhli-qələm
qardaşlarımız tövrbətövr kitablar yazmaqla məşğuldurlar.
Ancaq bu vaxtadək türk-Azərbaycan dilində
bir qayda olmamağına görə hər kəs nə
tövr istəyir yazır. Qaydasız
yazılan inşalar nə dilə və nə millətə nəf
gətirməz”. N.Nərimanov ərəb və fars dilinin törətdiyi dolaşıqlıq və
çətinliyin “mərifətli əhli-qələm
qardaşların” köməyi ilə aradan qalxacağına
ümid bəsləyir, ana dilinin saflığı uğrunda
mübarizədə qətiyyətli olmağa
çağırır.
N.Nərimanovun Azərbaycan dilində mətbuat orqanı
yaratmaq təşəbbüsləri də belə bir dövrə
təsadüf edir. Bu elə bir dövr idi ki, milli mətbuat
yaratmaq məsələsi ziyalıların böyük əksəriyyətini
heç də maraqlandırmırdı. Buna
görə də N.Nərimanov “Yazıçılıq edən
ziyalılarımız haqqında bir neçə söz” sərlövhəli
məktubunda milli mətbuatın faydasını dərk etməyən
şöhrətpərəst ziyalıların hərəkətini
kəskin şəkildə pisləyirdi.
Məlum olduğu kimi, “Əkinçi”dən sonra nəşr
edilən “Ziya” “Ziyayi-Qafqaziyyə və “Kəşkül” qəzetləri
bu vaxtlar bağlanmışdı, Zaqafqaziyada Azərbaycan
dilində heç bir mətbu orqan yox idi. Rusiyada müsəlmanların
yeganə dövri mətbuatı Krımda, Baxçasarayda
İsmayıl bəy Qasprinskinin redaktəsi ilə çap
olunan “Tərcüman-Perevodçik” adlı həftəlik
tatar qəzeti idi. Bu qəzet öz səhifələrində
Bakı həyatına tez-tez yer verirdi. N.Nərimanovun
özü də “Tərcüman”da məqalələr
çap etdirmişdi. Bu məqalələrdə
o, məktəb, teatr, xeyriyyə cəmiyyəti və adət-ənənə
məsələlərinə toxunur, zəhmətkeş
kütlələrdə mədəniyyətə, maarifə həvəs
oyatmağa çalışırdı.
Lakin
yarı rus, yarı tatar dilində nəşr olunan “Tərcüman-Perevodçik”
qəzeti Zaqafqaziya müsəlmanları arasında geniş intişar tapmamışdı. N.Nərimanov
yaxşı bilirdi ki, doğma dildə mətbuat olmasa, tərəqqipərvər
ziyalıların xalqla sıx əlaqə yaratmaq və
maarifçilik ideyası yaymaq cəhdi səmərə verməz.
O, əhli-qələmlərə qəzetin böyük səfərbəredici
qüdrətini, faydasını xatırladır, onları
xalqın mədəniyyətinə və ictimai tərəqqisinə
kömək etməyə, xeyirxah işlər görməyə
çağırırdı. N.Nərimanov deyirdi: “Əgər
Zaqafqaziyada Azərbaycan dilində qəzet çıxsa, onda cəmiyyət
də ana dilində qəzet oxuyaraq, özünün nə etməli
olduğunu, nə də geri qaldığını başa
düşərdi. Lakin nə qədər ki, belə
bir qəzet yoxdur, yaxşı olar ki, savadlı müsəlmanlar
qızıl kimi qiymətli vaxtlarını müsəlmanlar
üçün anlaşılmaz bir dildə
yazılmış faydasız məqalələrə sərf
etmək əvəzinə, sadə, Azərbaycan dilində bu və
ya başqa məsələ barədə kitabçalar nəşr
etməyə başlasınlar, rus dilini öyrənməyin
faydasını yazsınlar və i.a. (“Kaspi” qəzeti 1896,
N25).
Maarifpərvər ziyalılar mətbuata həqir
münasibəti aradan qaldırmaq, qəzet və jurnala kütlələrdə
mənəvi tələbat hissi oyatmaq üçün hər
vasitədən istifadə edirdilər.
N.Nərimanov Azərbaycanda Şərqin demokratik məsləkli
mətbuatını geniş yaymaq üçün əqidə
dostları ilə sıx əlaqə saxlayırdı, onlara
xeyirxah işdə öz köməyini əsirgəmirdi. O özü Şərq
ölkələrində çap olunan “Həblül-mətin”,
“Tərbiyyat”, “Naseri” qəzetlərinin ümum Rusiya üzrə
baş müvəkkili idi, bəzən bu qəzetlərə məqalələr
də yazırdı.
Şərqin demokratik mətbuatını yaymaqda N.Nərimanovu
maraqlandıran cəhətlərdən biri də bu idi ki, o qəzet
və jurnallarda çarizmin daxili və xarici siyasəti tez-tez
pislənirdi.
Bu da oxucularda mütqəliyyətin millətçilik
və zorakılıq siyasətinə qarşı nifrət və
qəzəb hissi oyadırdı. Beləliklə,
Şərqin demokratik mətbuatı Zaqafqaziyada ictimai fikrin
inkişafına müəyyən dərəcədə təsir
göstərirdi. Lakin Şərq mətbuatının
dini məfkurəni, panislamizm ideyasını geniş təbliğ
etməsi gənc nəslin təlim-tərbiyəsinə ciddi təhlükə
yaradırdı.
Maarifpərvər ziyalılar bu təhlükəni aradan
qaldırmaq üçün yollar axtarırdı. N.Nərimanov
və S.M.Qənizadə “Sovqat” adlı şəkilli uşaq
jurnalı nəşr etməyi qərara aldılar. Onlar 1896-cı ilin yanvarında Bakı qubernatoruna
müraciət etdilər. Lakin çar məmurları
maarifpərvər gənclərin nəcib təşəbbüsünə
etinasız yanaşdılar. Bu, N.Nərimanovu
ruhdan sala bilmədi. O, 1899-cu ilin oktyabrında mətbuat
işləri üzrə Baş idarəyə göndərdiyi
müraciətində Azərbaycan dilində “Təzə xəbərlər”
(rus tərcüməsi ilə birlikdə) adlı həftəlik
qəzet çıxarmaq arzusunda olduğunu bildirir. N.Nərimanov “Təzə xəbərlər” qəzetində
Azərbaycan və rus həyatındakı
doğru-düzgün, obyektiv surətdə
işıqlandıracağına və müsəlman mədəniyyətinin
tərəqqisinə kömək edəcəyinə ümid bəsləyirdi.
O zaman III
Aleksandr adına Bakı oğlan
gimnaziyasının sinif mürəbbilərinin köməkçisi
vəzifəsində işləyən N.Nərimanov mətbuat
işləri üzrə Baş idarəyə yazırdı
ki, Zaqafqaziyanın müsəlman əhalisinin
danışdığı Azərbaycan dilində qəzet nəşr
edilmir. Müsəlmanların mətbuata olan
ehtiyacını təmin edən mənbə
olmadığından xalq kütlələri rus həyatı
və qanunlarını istədikləri kimi
işıqlandıran xarici mətbuata meyil göstərirlər.
N.Nərimanov qeyd edirdi ki, son vaxtlar rus mətbuatında
müsəlmanların təhsil sahəsində geriliyindən,
İran mollalarının avam kütlələrə təsirindən
və ölkədəki qaçaq-quldurluqdan çox
yazılır. Bu məlumatları isə
rus dilini bilən bir ovuc məmurlardan başqa kimsə oxuya
bilmir.
N.Nərimanov “Təzə xəbərlər”in
proqramında bütün Rusiyada və Zaqafqaziyada baş verən
yeni iqtisadi, ictimai və siyasi vəziyyəti
işıqlandırmağı, rus və Azərbaycan
yazıçılarının əsərlərini təbliğ
etməyi nəzərdə tutmuşdu.
1900-cü
il dekabr ayının 4-də N.Nərimanov
Peterburqa, mətbuat işləri üzrə Baş idarəyə
ikinci dəfə müraciət edir. O özü müraciətnaməsində
rus dili və mədəniyyətinin Zaqafqaziya müsəlmanları
arasında yayılmasının əhəmiyyətindən
danışır, Azərbaycan dilində “Məktəb”
adlı məcmuənin nəşr olunmasının zəruriliyini
əsaslandırır. N.Nərimanov elmi-pedaqoji məzmunlu
aylıq “Məktəb” məcmuəsinin proqramında Rusiya və
Zaqafqaziya məktəblərinin vəziyyətini
işıqlandırmağı, xalq məktəbləri barəsində
hökumət sərəncamlarını, rus pedaqoji
jurnallarının xülasəsini və sairə verməyi nəzərdə
tutmuşdu.
N.Nərimanov Azərbaycanda dini-mistik görüşlərin,
patriarxal adət və vərdişlərin xalqın
inkişafı yolunda buxova çevrildiyini görürdü. Ona görə
də Türkiyə, İran və Hindistandan Zaqafqaziyaya
göndərilən bəzi mürtəce ruhlu qəzetlərin
rus xalqına və mədəniyyətinə qarşı
etimadsızlıq təbliğ etməsinə böyük fəlakət
kimi baxırdı. N.Nərimanov rus və
Azərbaycan xalqlarının bir-birinə
yaxınlaşmasında və sıx dostluq əlaqələri
yaratmasında rus dilinin rolunu nəzərə alaraq, öz
müraciətində bu dilin vasitəsilə rus mədəniyyətinin
Zaqafqaziyada yayılmasının əhəmiyyətli
olacağını söyləyirdi. O, rus mədəniyyətinin
demokratik, qabaqcıl ideyalarını əhaliyə
çatdırmaq və onları ayıq salmaq niyyətində
idi. Lakin çar hakim dairələri Zaqafqaziyada
Azərbaycan dilində qəzet və jurnalın nəşrinə
müxtəlif bəhanələrlə mane olurdu. Odur ki, N.Nərimanovun qəzet və jurnal nəşr
etmək arzusu həyata keçmədi.
Arxiv sənədləri çar hökumətinin riyakar
niyyətini açıb göstərir, məlum olur ki, N.Nərimanov,
S.M.Qənizadə, H.Mahmudbəyov kimi vətənpərvər
gənclərin mətbuat yaratmaq təşəbbüsünə
hakim dairələrin etinasızlığı heç də
Bakıda Şərq dillərini bilən senzorun və ya
poliqrafiya mütəxəssislərinin olmaması üzündən
deyil, tərəqqipərvər qüvvələrin fəaliyyətindən
irəli gələn təşviş və həyəcanla
bağlıdır. Çar hakim dairələri milli
inkişafa qəsdən mane olmuş, hətta inzibati tədbirlər
də görmüşdür.
N.Nərimanov xalqın mədəni tərəqqisinə
özünün bütün gücü və
bacarığı ilə, yorulmadan kömək edirdi. O, maarifpərvər
dostları ilə teatr truppası yaradır, tamaşalar
göstərirdi. Bu teatr tamaşalarında N.Nərimanov
rejissorluq, bəzən də aktyorluq edirdi.
1894-cü
ilin aprel ayında N.Nərimanov Qorçakov küçəsində
(indiki Malıgin) ilk kütləvi milli qiraətxana
açmağa nail olur. “Nəriman qiraətxanası”
qısa müddət ərzində təkcə Zaqafqaziyada
deyil, Rusiyada və Şərq ölkələrində rəğbətlə
qarşılanır. Qabaqcıl ideyalı,
maarifpərvər ziyalılar qiraətxananın “rövnəq
və rəvac” tapmasını, tərəqqi etməsini səmimiyyətlə
alqışlayırdılar. Buraya Kəlküttə,
İstanbul, Sofiya, Qahirə, Tehran, Təbriz və digər
şəhərlərdən xeyriyyə yolu ilə qəzet,
jurnal və kitablar göndərilirdi.
“Nəriman qiraətxanası” beynəlmiləl xarakterli mədəniyyət
ocağı idi. Burada müxtəlif millətlərdən olan
qabaqcıl ziyalılar görüşür, bir-biri ilə tanış olurdu.
N.Nərimanov dövri mətbuatın və kitabların
köməyi ilə oxucuların nəzərində
“möcüzə” yaratmışdı. Dünya hadisələri,
ayrı-ayrı xalqaların həyat tərzi və mədəniyyəti
oxucularda ciddi maraq doğururdusa, həm də onları istə-istəməz
öz həyatına və mühitinə, ictimai həyatda
baş verən hadisələrə nəzər salmağa təhrik
edir, düşündürürdü. Qiraətxananın
açılmasını təfkirlərlə
qarşılayan molla və seyidlər belə özlərini
saxlaya bilmir, utandıqlarından qiraətxanaya girməyib qəzetləri
alıb evə aparırdılar.
Qiraətxananın oxucusu gündən-günə
artırdı.
Ancaq yeri olduqca darısqal olduğundan N.Nərimanov onu ayrı
bir yerə köçürməyə icazə alır:
milyoner Lalayevin böyük erməni kilsəsi yanında olan
mülkü kirayə edilir. Beləliklə,
1895-ci ilin fevralından qiraətxana geniş və
işıqlı otaqlara köçür.
Qiraətxana əsl mədəni mərkəzə
çevrilir.
N.Nərimanovun bilavasitə təşəbbüsü ilə
“Qiraətxanada gənclərin yığıncaqları təşkil
edilir, azərbaycanca yeni əsərlər oxunur, mübahisələr
açılır, həvəskar aktyorların məşqləri
keçirilirdi”.( V.Məmmədov. Nəriman
Nərimanov. Bakı, Uşaqgəncnəşr, 1957, səh.25.).
N.Nərimanov xeyriyyə məqsədi ilə
görüş gecələri, teatr tamaşaları, ədəbi-musiqili
müsamirələr təşkil edirdi. Bunlar qiraətxananın
maddi ehtiyaclarını müəyyən dərəcədə
ödəyirdi. Lakin N.Nərimanov qiraətxananı
yalnız yaşatmaq deyil, həm də onun imkanlarını
genişləşdirmək, gənc nəslin mənəvi tərbiyəsi
üçün bir baza yaratmaq istəyirdi. “Kaspi” qəzeti
6 mart 1897-ci il tarixli nömrəsində
yazırdı ki, N.Nərimanov qiraətxanada bir müəllimənin
əməkdaşlığı ilə uşaq kitabları
şöbəsi yaradır.
N.Nərimanovun
ilk ucuz milli qiraətxanası dörd il fəaliyyət
göstərdi. Çar hakim dairələri gənclərin
qiraətxana ətrafında sıx toplaşmasından ehtiyat
edərək, 1898-ci ilin oktyabr ayında onu şübhəli
siyasət ocağı kiim bağlatdı. Buna
baxmayaraq, milli mədəniyyətin yüksəlişində
ilk cığırı açan “Nəriman qiraətxanası”
Azərbaycan xalqının ictimai-mədəni fikrində yeni
səhifənin başlanğıcı oldu. N.Nərimanov
iftixarla yazırdı: “Bakıdakı ictimai fəaliyyətim
1894-cü ildən ilk ucuz kitabxana qiraətxanası
açmağımla başlanmışdır”.
XIX əsrin axırlarında N.Nərimanovun bədii
yaradıcılıq fəaliyyətində ciddi inkişaf nəzərə
çarpır. N.Nərimanov “Nadanlıq” (1894), “Şamdan
bəy” (1895) komediyalarını, “Nadir şah” (1898) tarixi faciəsini,
“Bahadır və Sona” (1896) romanının bir hissəsini
yazıb çap etdirir. O, Qoqolun “Müfəttiş”
(1892) komediyasını da Azərbaycan dilinə çevirib
tamaşaya qoyur. N.Nərimanovun əsərləri
Azərbaycan ədəbiyyatı və milli teatrının
inkişafına faydalı təsir göstərir.
N.Nərimanov Bakıya gəldiyi ilk günlərdən
teatrı əsl xalq tribunasına çevirməyə
çalışırdı. M.F.Axundovun
“açdığı yeni yolu”, ənənəni davam etdirən
maarifpərvər ziyalılar xalqda intibah hissi oyatmaq
üçün teatrı ən qüdrətli vasitə hesab
edirdilər.
Milli teatrın ilk həvəskar dövründən
başlayaraq onun inkişafında və qol-qanad
açmasında N.Nərimanovun böyük xidmətləri
olmuşdur. Hələ 90-cı illərdə onun təşəbbüsü
və rəhbərliyi ilə ziyalı gənclərdən
ibarət aktyorlar truppası yaradılmışdı.
N.Nərimanov tərbiyəvi əhəmiyyəti olan
pyesləri tamaşaya qoyurdu. Onun keçirdiyi
“müsəlman gecələri”ndə ayrı-ayrı pyeslərdən
səhnəciklər verilirdi. Bütün mədəni
hadisələrdə — konsert və tamaşalarda N.Nərimanov
bilavasitə iştirak edirdi: o, gah akytor, gah rejissor, gah da təşkilatçı
kimi fəaliyyət göstərirdi.
Ağamalı
oğlu 90-cı illərdə Bakıda “Müfəttiş”
komediyasının tamaşasından aldığı təəssüratı
xatırlayaraq yazırdı: “...Tamaşa kifayət qədər
yaxşı və şən keçdi; qorodniçi
xüsusi ilə təbii idi—onun ifaçısı, əsərin
mütərcimi Nərimanov özü idi. Qadın
rollarını erməni qadınları oynayırdı.
Türk (Azərbaycan—T.Ə.)
tamaşaçıları pyesin
inandırıcılığına heyran
qalmışdılar, zira bütün bunlar ətrafındakı
həyatı çox yaxşı xatırladırdı.
Bu, həqiqət türk həyatında
eşidilməmiş bir hadisə idi”.
“Müfəttiş”i səhnəyə çıxarmaq
böyük hünər və cəsarət istəyirdi. N.Nərimanovun
bu əsərə xüsusi əhəmiyyət verməsinin
sirri öz həmvətənlərinin nəzərini ictimai həyatda
baş verən haqsızlığa,
özbaşınalığa cəlb etməsi olmuşdur.
N.Nərimanova görə, komediya ancaq
gülüş üçün deyil, əksinə, “zindəganlığımızda
olan qüsuratı” göstərmək
üçündür. Komediya həyatın
aynasıdır. “Komediya çıxarmaqdan
əsl məqsəd” təbriyədir. N.Nərimanov “Teatr
barəsində bir neçə söz” (1899) əsərində
yazır: “Teatr böyüklər üçün bir növ məktəbdir.
Necə ki, uşaqlar məktəbdə gözəl
şeylər əxz edirlər, elə də bizlər teatrdan
gözəl sifətlər əxz edirik”. N.Nərimanova
görə, “İnsan çox vaxt öz zindəganlığında
özünün və ya qeyri şəxsin
qüsuratını görmür və yain ki, hiss etmir. Amma komediya çıxardanda bunları
hamısını görüb yaxşını yamandan
seçir və mümkün olan qədər
çalışır ki, yaman sifətləri özündən
rədd etsin”.
N.Nərimanov ictimai həyatda və məişətdə
olan “pis əməlləri” səhnədə göstərməklə,
müasirlərində ibrət və nəcib sifətlər
aşılamaq niyyətində idi. Çünki gənc
yazıçı pis əməlləri ictimai həyatın,
hakim üsul-idarənin özündə deyil, insanların
avamlığında, mərifətsizliyində, mədəni
geriliyində axtarırdı. Bu
maarifçilik dünyagörüşü onun ilk dram əsərlərinin
əsas mayası idi.
N.Nərimanov ictimai fəlakətdən xilas yolunu elm,
maarif və mədəniyyətdə görürdü. Lakin zəhmətkeş
kütlələrə əsl həqiqəti söyləmək
və milli tərəqqiyə yol açmaq üçün,
hər şeydən əvvəl, millətin ictimai-mədəni
və fikri inkişafına xəyanət edən mürtəce
fikirli ziyalıları həyat səhnəsindən
sıxışdırıb çıxarmaq vacib idi. Mübarizə əzmi N.Nərimanovun qəlbində
illərlə bəslədiyi bir arzunu dilə gətirdi.
O, 1902-ci ilin may-iyun aylarından imperator III Aleksandr adına Bakı oğlan gimnaziyasında ekstern
imtahan verib şəhadətnamə aldı. Həmin
ilin iyul ayında isə Odessa şəhərindəki
Novorossiysk imperator universitetinin tibb fakültəsinə daxil oldu.
N.Nərimanov universitetin birinci kursunda oxuduğu zaman onun
32 yaşı vardı. Kurs tələbələri arasında
yaş etibarilə fərqlənən bu ciddi, lakin çox
xoşrəftar gənc ilk gündən hamıya xoş gəldi;
onu kurs başçısı seçdilər. Bu qarabuğdayı qafqazlı tez bir zamanda tələbələrin
yaxın dostu və məsləhətçisi oldu.
N.Nərimanov ilk günlərdən müsəlman tələbələrindən
ibarət cəmiyyət yaratmağa təşəbbüs
göstərdi. Bu cəmiyyətin üzvləri tez-tez
onun Seretensk döngəsindəki 1 nömrəli evin 51
nömrəli mənzilinə toplaşar, axşamdan xeyli
keçənədək söhbət edərdilər. Onların təbabət, ədəbiyyat və incəsənət
məsələlərinə dair söhbətləri çox
zaman dəyişib siyasi-ictimai həyata, beynəlxalq hadisələrə
həsr olunardı.
Rusiyada zəhmətkeş kütlələrin həyat tərzi,
əməl və mübarizəsi ilə tanışlıq
N.Nərimanovun dünyagörüşünə təsirsiz
qalmırdı. O görürdü ki, hər yerdə mütləqiyyətə
qarşı dərin nifrət və ehtiras son həddə
çatmışdı. Tətillər və
nümayişlər cənub şəhərində adi hal
olmuşdur. Bu gərgin, siyasi-ictimai vəziyyət
qüdrətli bir tufan qoparacağını göstərirdi.
Ürəyi odlu qafqazlı tələbələr
inqilabi qüvvələrə qoşulmaya bilməzdilər.
Çünki gizli inqilabi vərəqələrin
çar monarxiyasına qarşı cəsarətli
ittihamı, üsyankar məzmunu onların coşqun gənclik
əhval-ruhiyyəsi ilə həmahəng idi. Əldən-ələ keçən gizli siyasi ədəbiyyat
N.Nərimanovun gözləri önündə yeni aləm
açırdı. O, inqilabi hərəkata qoşulur,
çox çəkmir ki, tələbə dərnəklərinin
gizli təşkilatçı rəhbərlərindən biri
olur.
Qocaman
inqilabçı V.Elts gurultulu, səs-küylü keçən
tələbə yığıncaqlarını sonralar
xatırlayarkən demişdir: “N.Nərimanov ciddi,
düşüncəli görkəmi, həddən artıq
sakit davranışı ilə insanı heyrətə gətirərdi.
Əslində bu “sakitliyin” arxasında əsrlərcə
zülm altında qalan xalqların bütün qəzəb odu
ilə yanan bir inqilabçı ürəyi gizlənir və
döyünürdü”. (V.Məmmədov. Nəriman Nərimanov.
Bakı, 1957, səh.73.).
N.Nərimanov Odessada nümayiş və tətillərdə
fəal iştirak edir, liman fəhlələrini inqilabi
mübarizəyə hazırlayırdı. O, xalq kütlələrinin
mütləqiyyətə qarşı mübarizəsinə
kömək etmək üçün bütün vasitələrdən
istifadə edirdi. Bu vasitələrdən biri də
teatr idi.
N.Nərimanov teatrdan tribuna kimi istifadə edirdi. Gizli inqilabi dərnək
üzvlərinin yerli əhali ilə sıx əlaqəsinə
də teatr geniş imkan verirdi.
N.Nərimanov
Odessa şəhər limanındakı “Volnorez”
(“Dalğaqıran”) adlanan ucuz fəhlə yeməkxanasında
bazar günləri teatr tamaşası göstərən həvəskar
rus aktyorları ilə yaxından dost olmuşdu. Rus aktyorları A.N.Ostrovski, A.P.Çexov və
başqa klassik dramaturqların əsərlərini tez-tez
tamaşaya qoyurdular.
N.Nərimanov liman fəhlələri arasında siyasi dərnək
yaratmışdı. Ona görə hər dəfə,
tamaşa günləri burada olurdu. O, tamaşaların
hazırlanmasında rus aktyorlarına kömək edər, bəzən
də suflyor olardı.
N.Nərimanov
Odessada, Novorossiysk imperator universitetində oxuduğu vaxt tələbələrdən
ibarət teatr truppası da yaratmışdı. O, 1903-cü
ildə Odessadan Bakıya göndərdiyi bir məktubda tələbə
yoldaşlarından ibarət kiçik bir teatr truppası
yaratdığını və məzuniyyət günlərində
Krımın Baxçasaray, Simferopol və başqa şəhərlərində
tamaşalar göstərdiyini xəbər verirdi. Bu barədə Baxçasarayda çıxan “Tərcüman”
qəzetində də maraqlı məlumat vardır. Qəzet 1903-cü ilin yanvar ayının 15-də
“Qafqazlılar Krımda” sərlövhəli məlumatında
Novorossiysk universitetinin yetirmələri olan bir dəstə
qafqazlı tələbənin Baxçasaray və Simferopolda
V.Mədətovun “Qırt-qırt”, N.Nərimanovun “Nadanlıq”
pyeslərini tamaşaya qoyduqlarını bildirir.
N.Nərimanov “Nadir şah” tarixi faciəsini də
Krımda səhnəyə qoymaq təşəbbüsündə
olmuşdur. Lakin çar senzurası “Nadir şah” tarixi faciəsini
zərərli bir əsər hesab etmiş, onun
tamaşasına icazə verməmişdir. Çar senzurasını pyesdə şahların
devrilməsi fikrinin təbliğ edilməsi qorxutmuşdu.
Məlum
olduğu kimi, 1905-ci il “Qanlı bazar” hadisəsi
Rusiyanın hər yerində inqilabi əhval-ruhiyyəli
kütlələrin mütləqiyyətə qarşı
mübarizəsini daha da gücləndirmişdi.
1905-ci ilin oktyabrında inqilabi hərəkat bütün
ölkəni bürüyüb ümumrusiya siyasi tətilinə
çevrildi.
Belə bir gərgin dövrdə N.Nərimanov Odessada təhsil
alan müsəlman tələbələrinin
xahişini yerinə yetirərək konstitusiyalı respublika
hökumətinin monarxiyadan üstünlüyü haqqında
mühazirə-referatını oxumuşdu. O, mühazirə
zamanı Odessada hökumətə qarşı mübarizədə
həlak olmuş inqilab qəhrəmanlarının xatirəsini
yad etmək üçün camaata ayağa qalxmağı təklif
etmişdir.
Referatdan aydın olur ki, N.Nərimanov hələ birinci
rus inqilabının başlandığı dövrdə
xalqı azadlıq və tərəqqiyə çatdırmaq
yolunu inqilabda, inqilabi mübarizədə görürdü. O, inqilabı “həqiqət
yolunda mübarizə” adlandırır, inqilabın təbii-zəruri
bir hadisə olduğunu əsaslandırırdı. N.Nərimanova görə, inqilabın baş verməsinə
əsas səbəb zəhmətkeş kütlələrin dəhşətli
istismarı, yoxsulluğu və dilənçiliyidir. O
yazırdı ki, istibdad üsul-idarəsi zülm, əsarət,
hüquqsuzluq və zəncir deməkdir. Rusiyanın
hakim sinifləri öz şəxsi mənafeləri xatirinə
zəhmətkeşləri nadanlıq və cəhalət
içərisində saxlayırlar. Odur ki,
inqilabi mübarizə aparmadan çarizmi devirmək, xalqı
azadlığa çıxarmaq olmaz.
Referatda çar mütləqiyyətinin başqa millətləri
əsarət altında saxlamaq, onların mədəniyyət
və dillərini təqib etmək, hüquqlarını
tapdalamaq kimi iyrənc müstəmləkəçilik siyasəti
amansızcasına ifşa olunurdu. Müəllif göstərirdi
ki, çarizm Rusiyanın bütün xalqlarının
qatı düşmənidir. Çarizm
Rusiya xalqlarına könüllü surətdə hüquqlar
verməyəcəkdir. Həmin
hüquqları birləşib, mübarizə vasitəsilə
almaq lazımdır.
N.Nərimanovun
1905-ci il 17 oktyabr çar manifestinə
münasibəti də diqqəti cəlb edir. Referatda
deyilir ki, manifesti çar könüllü surətdə verməmişdir.
Çarı manifest verməyə xalqın qəzəbi və
hiddəti məcbur etdi. Lakin çar manifest verməklə
yanaşı, qoşunu, fitnəkarları, xuliqanları,
qaragüruhçuları da işə saldı: Xalqın
qabaqcıl övladlarına amansız divan tutmağa
başladı. N.Nərimanov geniş xalq kütlələrini
tərəqqiyə, maarifə, azadlıq və demokratik
respublika uğrunda mübarizəyə
çağırırdı.
1905-ci ildə Novorossiysk imperator universiteti siyasi tətil
nəticəsində bağlanmışdı. Müəllif
və tələbələrin əksəriyyəti həbsxanaya
salınır və ya təqib olunurdu. N.Nərimanov
xəfiyyələrin təqibindən yaxa qurtarmaq
üçün 1905-ci ilin avqust ayında Qazan Universitetinə
dəyişilməyə cəhd edir.
1906
-cı ildə N.Nərimanov Bakıya qayıdır. O, yeni
ictimai-siyasi vəziyyətin tələblərini zəhmətkeş
kütlələrə başa salmaq, onları inqilabi
mübarizəyə hazırlamaq üçün dövri mətbuatda
vətəndaş-publisist kimi çıxış edir.
“İrşad” qəzetində “Cümə söhbəti”, “Həyat”
qəzetində “Həftə fəryadı”
başlığı altında tez-tez dərc olunan məqalələrində
N.Nərimanov günün ən aktual, zəruri məsələlərinə
toxunur, beləliklə, mütləqiyyətin mürtəce
siyasətinin mahiyyətini açıb göstərir.
1906-ci ildə N.Nərimanov gizli inqilabi fəaliyyətini
açıq siyasi təşviqatla əlaqələndirmək
üçün “Nicat” xeyriyyə cəmiyyətindən bacarıqla
istifadə edir. Bu zaman “Hümmət” bolşevik təşkilatı
zəhmətkeş kütlələr arasında siyasi təbliğata
böyük əhəmiyyət verirdi. “Hümmət”
bolşevik təşkilatına daxil olan N.Nərimanov
İranda baş verən milli azadlıq hərəkatına da
hərtərəfli əməli yardım göstərirdi.
1906-cı ilin avqust ayında qabaqcıl ziyalıların
təkidi ilə Zaqafqaziya müsəlman müəllimlərinin
I qurultayı açıldı. N.Nərimanov və H.Zərdabi
qurultayın sədri seçilmişdir. Qurultay
nümayəndələrinin arzusuna görə bütün
siyasi məsələlərə N.Nərimanovun sədrliyi ilə
baxılacaq idi.
İclasların birində məktəblərdə Azərbaycan
dili təlimi məsələsi müzakirə olunarkən N.Nərimanov
yeni dərs proqramı düzəltməyin, ana dilində yeni
təlim kitablarını tərtib etməyin vaxtı
çatdığını söyləmişdir. O, müəllimləri millətin
dərdinə əlac axtarmağa, dövlətin
qarşısında tələblər irəli sürməyə
çağırmışdır. Qurultay N.Nərimanovun
cəsarətli təklifini yekdilliklə qəbul etdi. Bu hadisə liberal burjua ziyalılarını qorxuya
saldı. Onlar qurultayın qərarını
“yumşaltmaq”, mübarizə əhval-ruhiyyəli müəllimlərə
təsir göstərmək üçün ertəsi gün
H.Z.Tağıyevi qurultaya dəvət etdilər.
H.Z.Tağıyev qurultaydakı çıxışında
dedi: “Sizin dünənki qərarınız onu göstərir
ki, qurultaya N.Nərimanovun şəxsində uzağı
görməyi bacarmayan adamlar rəhbərlik edir. Siz bilirsinizmi N.Nərimanov kimdir? Onun
cibində bir qəpiyi yoxdur, mənim hesabıma oxuyur, amma
burada inqilabi nitq söyləməyə və bizi
dolaşıqlığa salmağa cəsarət edir. Mən xahiş edirəm dövlət
qarşısında bütün millətin üzərinə
kölgə salan dünənki qərarı rədd edəsiniz”.
Qurultaya dərin bir sakitlik çökür. Hamı N.Nərimanova
tərəf baxır. O, ayağa qalxıb xitabət
kürsüsünə yaxınlaşır. Hamının
üzündə təəccüb və heyrət vardı.
Onlar N.Nərimanovun böyük nüfuz sahibi,
milyonçu H.Z.Tağıyevə nə cavab verəcəyini
gözləyirdilər.
“Yoldaşlar
— deyə N.Nərimanov sakit, ciddi bir səslə davam etdi — cənab
Tağıyevdən təqaüd alan tələbələrdən
biri də mənəm. Lakin mən bilmirdim ki, cənab
Tağıyev yoxsul tələbələrə onların
fikrini və ixtiyarını almaq, dilini bağlamaq
üçün kömək edirmiş.
Əgər
bu vaxtadək cənab Tağıyev tələbələrə
ona görə kömək edirmiş ki, ancaq onun fikri, iradəsi
ilə hərəkət etsinlər, o zaman mən “fəryad
qoparmaq lazım gəldiyi yerdə susub” öz
keçmişimi və gələcəyimi ləkələyə
bilmərəm.
Belə bir vaxtda — özgələrinin açıq
danışdıqları, hətta çar zülmündən
azad olmaq uğrunda öz qanlarını axıtdıqları
bir zamanda məni qızıl gücünə susmağa məcbur
etməyə heç kəsə ixtiyar verməmişəm və
vermərəm.
Bütün qurultay qarşısında cənab
Tağıyevin verdiyi təqaüdü şadlıqla rədd
edirəm ki, zəmanəmizin zülmkarlarından xilas olum və
bizim gələcək nəsil də qoy özlərini murdar
qızıla satmasınlar”.
N.Nərimanovun mərdanə çıxışı hərarətlə
qarşılandı. H.Z.Tağıyev qurultayı tərk etdi.
Liberal burjua ziyalılarına xoş gəlməyən “bu
münaqişənin ictimai mənası var idi, gələcək
nəsil üçün də böyük ibrət ola bilərdi”. N.Nərimanov
xalqın taleyini milyonçuların ixtiyarına
tapşırmağı ictimia-siyasi hadisələri başa
düşməmək, siyasi korluq kimi qiymətləndirirdi.
“Özünüzü biabır etdiniz bəsdir,
yetər!” (1909) məqaləsində o yazırdı: “Cəmiyyətə
xeyri olduğundan dolayı ictimai qoçulara hörmət
edib, xeyir iş gördürmək üçün həvəsləndirmək
yaxşıdır: ancaq o cür yanlış düşünən
dövlətli qoçulara bütün bir millətin müqəddəratını
tapşırmaq, ən azı axmaqlıqdır”. (Nəriman Nərimanov.
Məqalə və məktubları. Bakı, 1925, səh.67-68.).
Rusiyada inqilab tufanı N.Nərimanovun
dünyagörüşündə ciddi dönüş
yaratmışdı. O, Azərbaycan fəhlə və kəndlilərinin
azadlıq və səadətini inqilabi mübarizədə
görürdü. Bununla belə, avam kütlələrin
gözünü açmaq, onları inqilabi döyüşlərə
hazırlamaq üçün xalqın mədəni
inkişafına, maariflənməsinə böyük əhəmiyyət
verirdi. N.Nərimanovun H.Z.Tağıyev kimi
milyonçuya qarşı durmasına, öz şəxsi mənafeyini
deyil, ümumxalq işini hər şeydən üstün
tutmasına səbəb də bu idi. N.Nərimanov sonralar
bu barədə yazırdı: “15 il ən dəyərli cavan
yaşlarımı el uğrunda, maarif üçün işlətdikdən
sonra, güclü bir hacı mənim şərəfimə
toxunmuşdu; xırda, cəfəng ailə qovğası
üstündə deyil, bütün bir xalqın tərbiyə
və maarif məsələsi üstündə Hacıya bərəks
olduğum üçün məni təhqir etmişdi. Mən kasıb tələbə ilə milyonçu
Hacı arasındakı bu mübarizə məslək
mübarizəsi idi”. (Nəriman Nərimanov. Məqalə və məktubları. Bakı, 1925, səh.67-68.).
1906-cı ilin axırlarında N.Nərimanov Novorossiysk
imperator universitetində təhsilini davam etdirmək
üçün Odessaya qayıdır. 1906-1908-ci illərdə
Azərbaycanın qabaqcıl adamları tələbə N.Nərimanova
öz təhsilini başa vurması üçün müntəzəm
maddi yardım göstərirlər. N.Nərimanov
Novorossiysk imperator universitetinin tibb fakültəsini bitirdikdən
sonra Bakıya qayıdır. O, burada xüsusi müalicəxana
açmaq istəyir. Gizli inqilabi iş üçün
xüsusi müalicəxananın olması zəruri idi. Lakin elə bu zaman N.Nərimanov İran milli
azadlıq hərəkatına yaxından kömək və rəhbərlik
etmək üçün təcili Tiflisə göndərilir.
Məxfi sənədlərin birində N.Nərimanovun
Tiflisə xüsusi partiya tapşırığını
yerinə yetirmək üçün getməsi aydın şərh
edilmişdir. Orada deyilir: “İran mücahidlər
partiyası Mərkəzi Komitəsi N.Nərimanovun üzərinə
Tiflisdə möhkəm partiya intizamı prinsipi əsasında
mücahidlər partiyası şöbəsini təşkil
etmək və həmin şöbə ilə mərkəz
arasında fəaliyyət birliyi bərqərar etmək vəzifəsi
qoymuşdu, çünki indiyə qədər yerli komitənin
fəaliyyəti üzərində nəzarət yox idi. Bunun da nəticəsində İran inqilabının
ehtiyacları üçün partiya tərəfindən
toplanılan pul çox zaman başqa məqsədlərə
sərf olunurdu.
Mərkəz tərəfindən həkim N.Nərimanova
verilən təlimata əsasən, onun üzərinə
pulların mədaxili və xərclənməsinə və
ümumiyyətlə şöbənin bütün fəaliyyətinə
nəzarət etmək vəzifəsi qoyulmuşdu. Həm də
komitənin möhüründən sui-istifadə olunduğu
üçün, işi təşkil etməkdən
ötrü möhürü yenisi ilə dəyişdirmək,
əvvəlkini isə etibarsız elan etmək
tapşırığı verilmişdi”.
Rəsmi sənədlərdən aydın olur ki, N.Nərimanov
və “Hümmət” təşkilatı İran inqilabı qəhrəmanlarına
bilavasitə kömək edər, onlara hərbi sursat, ədəbiyyat
və mətbəə avadanlığı göndərirdi. N.Nərimanov ağır
şəraitdə inqilabi iş aparırdı. O, Tiflisdə
olarkən “Şeytan-bazar”ın yaxınlığındakı
Voronsov küçəsində, “Azərbaycan”
mehmanxanasının 26 nömrəli otağında
yaşayırdı, xəstələri də elə burada qəbul
edirdi. Çar polisinin xüsusi şöbəsi
onu Tiflisə gəldiyi ilk gündən ciddi nəzarət
altına almışdı.
Bu dövrdə İranın irtica qüvvələri
hücuma keçmişdi. Əfsanəvi xalq qəhrəmanı
Səttərxanın başçılıq etdiyi fədai dəstələri
şah ordusuna qarşı ölüm-dirim mübarizəsi
aparırdı. Belə bir vaxtda İran
mücahidləri partiyasının Mərkəzi Komitəsi
Zaqafqaziyanın ayrı-ayrı şəhərlərində
mübariz şöbələr təşkil etmişdi ki,
onlar da Təbriz inqilabçılarına hər cür
yardım göstərirdi.
Çar
səfiri İrandan öz hökumətinə göndərdiyi
məlumatların birində Təbrizin şah ordusu
üçün basılmaz qalaya çevrilməsi barədə
belə yazmışdı: Zaqafqaziyadan İrana odlu silah, mətbəə
avadanlığı və hərbi sursat gətirən azərbaycanlı,
erməni, gürcü və arabir rus dəstələrinin
ardı-arası kəsilmir...( Bax: ADİA
fond 102, siyahı 10, qovluq 169, 1909-cu il.).
Şübhəsiz, çar Rusiyasının mürtəce
dairələri bu həyəcanlı xəbərlərə
etinasız qalmırdı. Gizli xəfiyyə idarələri
canfəşanlıqla hər yerdə təqiblər, kütləvi
həbslər edirdi.
N.Nərimanov
1909-cu il mart ayının 1-də həbsə
alınıb Metex qalasına salındı. Martın
8-də şəkli çəkildi, iki gün sonra ilk
sorğu-sual, istintaq başlandı. Tiflis
quberniyasının jandarm idarəsi N.Nərimanovu “Səttarxan
və Bağırxanın inqilabi ordusuna adam,
silah və partladıcı maddə göndərməkdə”
ittiham edirdi.
Tiflis
quberniyası jandarm idarəsinin rəisi polkovnik Yeryominin
1909-cu il mayın 31-də yazdığı 19 nömrəli
istintaq qərarından məlum olur ki, N.Nərimanovun Tiflisə
gəlişindən sonra inqilabi İran mücahidlər təşkilatının
fəaliyyəti geniş vüsət almışdı.
Axtarış vaxtı polisin əlinə keçmiş
bir məktubdan görünür ki, hələ 1907-ci ildə
mücahidlər partiyasının Mərkəzi Komitəsi N.Nərimanovun
ictimai-siyasi və əməli fəaliyyətini yüksək
qiymətləndirmiş, onu İran
inqilabçılarının görkəmli rəhbəri
hesab etmişdir.
N.Nərimanovun Mücahidlər Partiyası ilə əlaqəsi
onun inqilabi fəaliyyətinin ən parlaq səhifələrindən
biridir. Polis
axtarışı zamanıN.Nərimanovun mənzilində onun
1905-ci il Odessada oxuduğu referatın
konspektinin azərbaycanca əlyazması və rus dilində
sosial-demokrat partiyasının məramnaməsinin
tapılması bir daha sübut edir ki, mücahidlər
partiyasının bu görkəmli xadimi biliyini, təcrübəsini
və əməli fəaliyyətini Səttarxan hərəkatının
qələbəsi uğrunda mübarizəyə sərf
etmişdi.
N.Nərimanov Tiflisdə Metex qalasında yeddi ay
saxlanır. Zaqafqaziyanın demokratik ictimaiyyəti N.Nərimanovun
həbsdən təcili azad olunmasını tələb edir.
“Zaqafqaziya”, “Tərəqqi”, “Baku” və sair mətbuat səhifələrində
tərəqqipərvər ziyalıların etiraz məktubları
çap olunur. Lakin demokratik ictimaiyyətin
xahişi bir nəticə vermədi. Daxili İşlər
Nazirliyinə göndərdiyi təliqələrinin birində
Tiflis jandarm idarəsi yazırdı: “Təkcə İran təbəələri
deyil, hətta rus təbəələrinə də olduqca zərərli
təsir göstərən həkim N.Nərimanov beş il müddətinə Sibirin uzaq yerlərindən
birinə sürgün edilsin”. (Gürcüstan SSR MDTA fond 2,
siyahı 1, qovluq 839, səh.60.).
1909 -cu il sentyabr ayının 30-da N.Nərimanov öz
ailəsi ilə bərabər, Qafqaz canişinliyi ərazisindən
24 saata çıxarılıb iki il müddətinə Həştərxana
sürgün olunur. N.Nərimanov Həştərxana
çatdığı günün ertəsi, oktyabr
ayının 7-də “Darül-ədəbi” məktəbinə
gedib müəllimlərlə görüşür, məktəbin
pulsuz həkimliyini öz öhdəsinə alır. N.Nərimanov
“Darül-ədəbi” məktəbində “Bürhani-tərəqqi”
qəzetinin redaktoru Mustafa Lütfi ilə tanış
olur, onun qəzetilə əməkdaşlıq edəcəyinə
söz verir.
N.Nərimanov sürgündə ilk günlərdən
polisin güclü nəzarəti altında təqib edilsə
də, ədəbi-bədii və elmi fəaliyyətini
dayandırmır. O özünün çoxcəhətli fəaliyyəti
ilə Volqaboyunun milli tərkibi etibarilə müxtəlif olan
zəhmətkeş kütlələrinin böyük rəğbətini
qazanır. Onun elmi-kütləvi mövzuda oxuduğu
mühazirələri, istərsə də “Bürhani-tərəqqi”,
“İdeal”, “Prikaspiysk kray” və sair kimi qəzetlərdəki
çıxışları yerli əhalinin siyasi, mədəni-maarif
və məişət məsələlərinin həllinə
faydalı təsir göstərirdi.
“Bürhani-tərəqqi”
qəzeti 1909-cu il oktyabr ayının 11-də
“Doktor Nəriman bəy” adlı redaksiya məqaləsində
ehtiramla yazırdı: “Nəriman bəy cənabları! Heç bir vaxt xatirinizə gətirməyin ki, mən
məhbusam, həm də qəribəm. Xeyr,
belə xəyalatları xatirinizə belə gətirməyəcəksiniz.
Çünki ərbabi-maarif üçün
kürreyi-ərzin hər yeri vətəndir. Siz, millətin cövhərisiniz. Cövhər haraya düşsə, elə yenə də
cövhərdir ki, cövhər. Siz kimi ali
zatlar ilə Hacıtərxan müsəlmanları nə qədər
kəsbi-iftixar etsələr yenə azdır...” (SSRİ
OİMTA fond, siyahı 10, iş 169, vərəq 46.).
N.Nərimanov həqiqi xalq həkimi, vətənpərvər
ictimai xadim kimi tanınır. O, 1909-1910-cu illərdə “Xolera-Vəba”,
“Çexotka-Vərəm”, “Aləmi-Nisvan”, “Tibb və
İslam” kimi kütləvi elmi- publisist məqalə və
kitabçalarını çap etdirir. Milli tərkibi müxtəlif
olan şəhərdə N.Nərimanovun “müalicəxanasına”
yalnız azərbaycanlılar deyil, rus, fars,
tatar, türkmən, qırğız, özbək və erməni
fəhlələri də pənah gətirirdilər. Onun kiçik qəbul otağı səhər saat
9-dan 12-dək, axşamlar isə saat 6-dan 8-dək xəstələrlə
dolu olardı. Hamı qayğıkeş,
mehriban həkimin həssas münasibətinə heyran idi.
Böyük bir ailəni ehtiyac içərisində,
güc-bəla dolandırmasına baxmayaraq N.Nərimanov xəstələrdən
müalicə haqqını almaqdan imtina edir, hətta bəzən
onlara dərman pulu da verib yola salırdı.
N.Nərimanov Həştərxana gəldiyi ilk günlərdə
Qafqaz gənclərini öz ətrafına toplayır, teatr həvəskarları
truppası yaradır. Bu truppa yerli tatar teatr həvəskarları
ilə birlikdə tez-tez tamaşalar verir. N.Nərimanov
rejissor, həm də aktyor kimi tamaşaların canlı və
təsirli çıxmasına çalışır.
Teatrın mübariz, inqilabi istiqamətdə inkişafı
yerli hakimiyyət orqanlarını narahat edir, din xadimlərinin
etirazına səbəb olurdu. Bu şikayətlər
təsirsiz qalmırdı. Çar polis məmurları
N.Nərimanovun teatr dərnəyindəki fəaliyyətini məhdudlaşdırmağa
çalışırdılar.
1911-ci il avqust ayının 21-də N.Nərimanovun
sürgün müddəti başa çatır. Lakin beş aydan sonra ona Bakıya qayıtmağa
ixtiyar verilir. Maddi vəziyyətin
ağırlığı üzündən Bakıya
köçə bilməyən N.Nərimanov bir müddət
Həştərxanda qalır, çoxcəhətli
ictimai-publisist fəaliyyətini davam etdirir. Onun “Bürhanı-tərəqqi” qəzetində
“Arı bəy” gizli imzası ilə çıxan “Telefon” sərlövhəli
məqalələri Azərbaycan publisistikası tarixində
istər forma, istərsə də məzmunca yeni idi. Bu kiçik həcmli satirik əsərlərdə
N.Nərimanov günün ən aktual, təxirəsalınmaz
məsələlərinə toxunurdu.
N.Nərimanov
“Bürhani-tərəqqi”nin “elmi və fənni” şöbəsinə,
“Prikaspiyski kray” qəzetində isə “müsəlman həyatı”
şöbəsinə rəhbərlik edir.
N.Nərimanov
“Xalq universiteti”nin sədri seçildikdən
sonra buranı siyasi təbliğat və təşviqat mərkəzinə
çevirməyə çalışır. O, mətin
inqilabçılara gizli fəaliyyətlərini cəmiyyətin
leqal mədəni-maarif tədbirləri ilə əlaqədərdirməkdə
kömək edir, onların rus, tatar, qırğız,
cığatay və azərbaycanlı fəhlələri
arasında tez-tez kütləvi mühazirələr
oxumalarına şərait yaradırdı.
N.Nərimanov Həştərxanda gizli inqilabi fəaliyyətini
davam etdirir. Burjua-demokratik inqilabı məğlub olduqdan sonra
irticanın güclənməsi müsəlman gənclərinin
“Şurayi-islam” cəmiyyətində böyük
narazılığa səbəb olmuşdu. N.Nərimanov bu cəmiyyətə mənsub olan
müsəlman gənclərinə əsl mübarizə
yolunun inqilabi ideyalar uğrunda döyüş meydanına
atılmaq, çarizm üsul-idarəsini devirmək
olduğunu inandırıcı dəlillərlə başa
salır, onları fəhlə-kəndli bayrağı
altına toplayırdı.
1913-cü ilin yanvarında demokratik fəhlə zümrəsi
N.Nərimanovu şəhər dumasına namizəd seçdi. Həştərxanda
sürgündə olan inqilabçılar fəhlələrin
böyük qələbəsini V.İ.Leninə fərəhlə
xəbər verdilər.
N.Nərimanov
1913-cü il iyul ayında Bakıya
qayıdır. O, burada xüsusi müalicəxana
açır. Sonra Qaraşəhərdəki
9-cu pulsuz şəhər xəstəxanasında müdir vəzifəsində
çalışır. Eyni zamanda, “Nicat” mədəni-maarif
xeyriyyə cəmiyyətində elmi-kütləvi mövzuda
müntəzəm mühazirələr oxuyurdu.
N.Nərimanov həkimliklə yanaşı, publisistik,
yazıçılıq və gizli inqilabi fəaliyyətini
davam etdirir. Dövri mətbuatda onun ədəbi-tənqidi, elmi-nəzəri
və bədii əsərləri nəşr olunur. N.Nərimanov “Bir kəndin sərgüzəşti”
(1915) hekayəsini, “Pir” (1917) povestini, tibbə dair bir sıra əsərlərini
yazıb çap etdirir, Genin “Edam” əsərini tərcümə
edir. “Bahadır və Sona” romanını səhnələşdirir.
Bu dövrdə N.Nərimanov ayrı-ayrı ədəbi
məclislər təsis edir, qabaqcıl ideyalı
ziyalılarla birlikdə xəlqilik və realizm uğrunda
inadla mübarizə aparırdı. “Nicat”
mədəni-maarif xeyriyyə cəmiyyətində ədəbiyyat
şöbəsinin sədri olan N.Nərimanov “Tənqid gecələri”
ədəbi dərnəyində dövri mətbuatda
çıxan ayrı-ayrı bədii və elmi-kütləvi
əsərlərin müzakirəsini keçirir, onların
mükəmməl tərtibinə yaxından kömək
edirdi. Ədəbi məclisin üzvləri
— Kazım oğlu, S.M.Qənizadə, S.S.Axundov, Abdulla Şaiq,
S.H.Sadıq və başqaları istər elmi, istərsə bədii
əsərlərin dilinə ciddi diqqət yetirirdilər.
Çünki bu dövrdə ən vacib məsələlərdən
biri ana dilinin saflığı uğrunda mübarizə məsələsi
idi. Bu, ədəbiyyatın realist istiqamətini
təyin edirdi.
N.Nərimanovun “Tənqid gecələri” Azərbaycan ədəbi
fikrində inqilabi-demokratik meyllərin artmasına ciddi təsir
göstərirdi.
Zəhmətkeş kütlələri ictimai dərdlərdən
xəbərdar edən və onları inqilabi mübarizəyə
hazırlayan birmətbu orqan yaratmaq vaxtı
çatmışdı. Bu məsələ N.Nərimanovu çox
düşündürür. Abdulla Şaiq
N.Nərimanovun 1914-cü ildə “Dan ulduzu” jurnalı nəşr
etmək arzusunda olduğunu, ictimai-siyasi vəziyyətin
ağırlığı üzündən bu fikirdən əl
çəkdiyini söyləyir.
N.Nərimanov
1916-cı il dekabr ayının 18-də
“Fikir” adlı aylıq elmi-ədəbi və siyasi jurnal
çıxarmaq məqsədilə Bakı qradonaçalnikinə
müraciət edir. O, istəyirdi ki, bu jurnalda Azərbaycan və
rus yazıçılarının bədii əsərlərini:
tibbə, təbiətşünaslığa və pedaqogikaya
dair elmi-nəzəri materialları, xüsusi tənqid
şöbəsində isə gndəlik dövri mətbuatın
xülasəsini və müasir yazıçıların əsərlərinin
tənqidi icmalını versin. Beləliklə,
qabaqcıl ideyaları təbliğ etsin. Lakin
N.Nərimanovun bu təşəbbüsü nəticəsiz
qaldı. Buna baxmayaraq, N.Nərimanov kütlələr
arasında inqilabi ideyaları təbliğ etmək
üçün yeni yollar axtarır: “Qənaət”,
“Samopomoş” adlı kooperativ təşkilatları — N.Nərimanovun
bilavasitə rəhbərlik etdiyi bu təşkilatlar inqilab
mübarizələrinə maddi və mənəvi yardım
göstərirdi.
1917-ci il fevral burjua-demokratik inqilabından dərhal
sonra “Hümmət” təşkilatı Azərbaycan dilində ədəbiyyat
və qəzet nəşr etmək üçün ciddi
hazırlıq gördü. Həmin ilin iyul
ayının 16/29-da mətbəə yaradılması və
“Hümmət” adlı qəzet buraxılması məsələsi
qəti həll edildi.
Nəhayət, 1917-ci ilin iyul ayının 3-də
Bakıda “Hümmət”in ilk buraxılış nömrəsi
dörd min nüsxə ilə çıxdı.
N.Nərimanov, S.M.Əfəndiyev, T.Şahbazi,
D.Bünyadzadə, B.Şahtaxtinski, Y.Məlikov kimi inqilab xadimləri
qəzetin redaksiya heyətinə daxil oldular. “Hümmət”
qəzetinin redaktoru N.Nərimanov idi.
“Hümmət” təşkilatının əsas məqsədi
və tələbi qəzetin siyasi istiqamətini, məramnaməsini
müəyyən edirdi. “Hümmət” qəzeti fəhlə və
zəhmətkeşlərin hüququnu müdafiə etməklə
bərabər, inqilabın tufanlı günlərində onlara
doğru yol göstərməyi borc bilirdi. Buna görə
qəzet yazırdı: “Yolumuz artıq dərəcədə
tikanlı və məşəqqətli olsa da, ali müqəddəs
məsləkimiz kirdarımızın artmağına səbəb
olur. Bizim məsləkimiz bütün
insanları birləşdirməkdir və biz deyirik: hamı
millətlər üçün məqsəd, ideal birdir: bu
ideal hamı millətləri qardaşlığa dəvət
edir”.
Azərbaycan zəhmətkeşləri “Hümmət” qəzetinə
özlərinin “çox böyük neməti” kimi baxır,
onun faydalı işlər görəcəyinə
inanırdılar.
“Hümmət”
qəzeti xalqın böyük etimadını doğrultdu: ən
mürəkkəb ictimai-siyasi şəraitdə azərbaycanlı,
tatar və ləzgi zəhmətkeş kütlələrinin
bayraqdarı, yaxın məsləhətçisi oldu. Hələ gənc yaşlarından milli mətbuat
yaratmaq həsrətini çəkən N.Nərimanov “Hümmət”
qəzetinin Azərbaycanın fəhlə və kəndlilərinin
əsl mübarizə silahına çevirmişdi. 1917-1918-ci illərdə “Hümmət” yalnız
Zaqafqaziyada deyil, bütün Rusiya ərazisində Azərbaycan
dilində çap olunan yeganə siyasi qəzeti idi. Müsəlman aləmində inqilabi ideyaları təbliğ
edən bu qəzetin qarşısında böyük vəzifələr
dururdu. N.Nərimanov inqilabın taleyi həll
olunduğu tarixi günlərdə “Hümmət”dən
qüdrətli vasitə kimi istifadə edirdi.
1918-ci il iyulun 30-dək “Hümmət”in cəmi
yüz on üç nömrəsi çıxsa da, bu qəzet
mübarizələrlə dolu mürəkkəb bir
dövrün aynası, salnaməsidir. Onun hər
səhifəsində qəflət yuxusundan ayılmış,
öz ləyaqətini dərk edən yoxsul fəhlə və
kəndlilərin mübariz səsi eşidilir. Maraqlı budur ki, “Hümmət” qəzeti N.Nərimanovu
bolşevik, redaktor və ictimai xadim kimi səciyyələndirmək
üçün zəngin materiallar verir. N.Nərimanov
qəzetdə özünün siyasi-nəzəri cəhətdən
kamil, inqilabi ruhlu məqalələri ilə tez-tez
çıxış edirdi. Onun “Fransa inqilabı”, “Bu
gün”, “Bizim Rusiya inqilabına nəzərimiz”, “Zaqafqaziya
komissariatında oturan sosialistlərə açıq məktub”,
“Mən ittifaqa dəvət edirəm”, “Nə etməliyik?” məqalələri
və bir sıra felyetonları inqilabi publisistikanın gözəl
nümunələridir.
Bu əsərlərdə N.Nərimanov Azərbaycan fəhlə
və kəndiləlirinin inqilabi əhval-ruhiyyəsinin,
arzularının tərcümanı kimi çıxış
edir. “Hümmət” qəzeti “Hümmət” təşkilatı
ətrafında sıx toplaşan qabaqcıl ziyalıların
dünyagörüşünə dərindən yiyələnməsinə
ciddi təsir göstərirdi. Bu cəhətdən
“Hümmət” qəzeti ictimai fikrin inkişafında həqiqətən
yeni məktəb idi.
Tufanlı günlərdə Azərbaycan bolşevikləri
zəhmətkeş kütlələrin qüvvəsini təxirəsalınmaz
vəzifələrə cəlb etmək üçün
böyük hünər və əzmkarlıq göstərirdilər. Onlar neft mədənlərində,
zavodlarda və emalatxanalarda məruzə və mühazirələr
oxuyur, fəhlələri siyasi mübarizəyə
hazırlayır, beynəlmiləl həmrəyliyin qüvvətlənməsinə
çalışırdılar. Bu zaman
Bakı neft sənayeçiləri qurultayı
şurasının Qara şəhərdəki 9-cu pulsuz
müalicəxanasında müdir vəzifəsində işləyən
N.Nərimanov hər gün msəlman fəhlələri ilə
görüşməyə vaxt tapırdı. Onu hər yerdə böyük ehtiram və hörmətlə
qarşılayırdılar. N.Nərimanov zəhmətkeş
kütlələrin mürəkkəb siyasi hadisələrdən
baş açması üçün onlara “Rusiya inqilabı
və onun tədricən tərəqqi etməsi”, “Siyasi firqələr
və məramnamələri”, “Bizim Rusiya inqilabına nəzərimiz”,
“Rusiya inqilabı və İrana təsiri” və sairə
mövzularda mühazirələr oxuyardı. Onun
mühazirə məclisləri hər yerdə izdihamlı
mitinqə çevrilərdi. (Bax: “Kaspi”, 20
may 1917, N103; “Açıq söz”, 17 mart 1917, N426 və sairə.).
Çünki N.Nərimanov öz
çıxışlarında istismar və zülm
buxovlarından, mənəvi əsarətdən qurtuluş
yollarını göstərirdi. O, Rusiyadakı
inqilabın tarixi əhəmiyyətindən, bu inqilaba
arxalanmaqla hakimiyyəti ələ almağın zəruri
olmasından danışır, burjua millətçilərinin
müvəqqəti hökumətə etimad yaratmaq xətt-hərəkətini
ifşa edirdi.
N.Nərimanovun canlı söhbətləri müsəlman
fəhlələrinin siyasi şüurunun inkişafına
ciddi təsir göstərirdi. Azərbaycan
bolşevikləri inqilabi qüvvələri burjuaziyaya
qarşı qəti döyüşlərə
hazırladığı bir şəraitdə bunun
böyük əhəmiyyəti vardı. Çünki
hakimiyyətin yeni, əsl inqilabçı Bakı Sovetinin əlinə
keçməsi uğrunda qızğın mübarizə
başlanmışdı.
1917-ci il oktyabrın 26-da Petroqradda silahlı üsyan
qalib gəldi. Həmin gün axşam saat 7-də
Bakıda “Azadlıq” meydanında izdihamlı mitinq
keçirildi. Onlar Rusiyanın fəhlə-kəndli
hakimiyyətini alqışladılar.
1917-ci il noyabrın 15-də Zaqafqaziyanın əksinqilabçıları
Tiflisdə antisovet koalisiya təşkil etdilər. Zaqafqaziya komissarlığı adlanan bir mürtəce
təşkilat inqilabi qüvvələrə qarşı sui-qəsd
düzəldir, kütlələri çaşdırır, xəyanətkar
siyasət yeridirdi. N.Nərimanov zəhmətkeş
kütlələri əksinqilabçı qüvvələrin
cinayətkar siyasətindən xəbərdar etməyi hümmətçilərə
dönə-dönə tapşırırdı. O deyirdi:
“Biz məsuliyyətli bir vaxtda müsəlman zəhmətkeşlərinə
quyu qazıldığını görüb
ağzımıza su almayacağıq. Biz
açıq-açığına bildiririk: Zaqafqaziya komissarlığı
təhlükəli bir vaxtda millətləri birləşdirməkdənsə,
vaxtsız və yersiz qanunları ilə “bu millətləri
bir-birindən nəinki ayırır və hətta gələcəkdə
qanlı faciəyə meydan açır...”.
Türkiyə cəbhəsindən qayıdan
inqilabçı rus əsgərlərinin Şəmkir və
Gəncə ətrafında xaincəsinə
öldürülməsi Zaqafqaziya komissarlığının
riyakar simasını açıb göstərdi. Azərbaycanın
bolşevik mətbuatı Zaqafqaziya
komissarlığının qanlı cinayətlərini hiddət
və qəzəblə qarşıladı. “İzvestiə Bakinskoqo Soveta” və “Hümmət” qəzetlərində
N.Nərimanovun “Zaqafqaziya komissariatında oturan sosialistlərə
açıq məktub”u çap olundu. Bu məktub
Zaqafqaziyada milli ixtilaf və qanlı cinayətlər tərəfindən
sosialistlərə qarşı ittihamnamə idi. N.Nərimanov öz məktubunda bolşeviklərlə
üzdəniraq sosialistlərin siyasi xətt-hərəkətini
qarşılaşdırır, sübut edir ki, bolşeviklər
sinfi mübarizə apardıqları halda, sosialistlər milli
qırğınlar törədirlər.
N.Nərimanov
yazırdı: “Mənim idarə etdiyim “Hümmət” firqəçi
qəzetəsi, sizin bu xan-bəylərlə birlikdə
qurduğunuz Zaqafqaziya komissariatını və onun hərəkətlərini
şiddətlə tənqidləyərək, Gəncə ətrafında
vaqe olmuş qanlı hadisələrin səbəbi, siz cənablar
olduğunuzu dəfələrlə yazmışdır. Ancaq yalnız bir qəzetədə yazmaq deyil, sizin
bu həyasız işlərinizi leksiyalarımızda da
söyləmişik. Bu gün dəmir
yolların ətrafında bu qədər müsəlman kəndlərinin
dağıdılıb viran olmasının əsl
günahkarı sizsiniz”. (“Hümmət” qəzeti, 16
yanvar 2018-ci il,N 27)
N.Nərimanov
Rusiya inqilabının taleyi həll edildiyi ağır günlərdə
Zaqafqaziyanı od-alova, dəhşətli fəlakətlərə
sürükləyən sosialistlərin xəyanətini hiddətlə
qarşılayırdı: “Bahadır və Sona”
romanını yazan mənəm. Bu roman tamam on il
bundan qabaq yazılmışdır. Bu romanda təhsil
görmüş, ağıllı, ürəyi təmiz və
öz xalqını sevən erməni qızı Sona və
habelə öz millətini istəyən müsəlman tələbəsi
Bahadır bir-birini sevir və millətlərinin arasında
dostluq yaratmaq üçün ciddi əlləşirlər.
Arzularına çatmamış məhv olurlarsa
da, ancaq hər ikisinin etiqadı bu olur ki, bu millətləri
bir-birindən aralayan hər bir səbəb gələcəkdə
ortadan götürülər; yeni bir işıq parlar ki, bunun
sayəsində, hər bir qurma səbəb qaldırılaraq,
islamlarla xristianlar birləşər; o zaman türk (azərbaycanlı—T.Ə.),
erməni və gürcü kəlmələri də artıq
ortadan çıxar.
Hərgah
iş bu yazmış olduğum əsərimi burada şahid gətirirəmsə,
artıq bu ondan ötrüdür ki, siz bir yolluq məni
tanıyasınız, biləsiniz ki, Qafqaziyanın bu gün
belə bir halında, sizin bu hərəkətləriniz məni
nə dərəcədə məhzun edir.
Anlıyasınız ki, sizin bu tutduğunuz işlərə
qarşı, protest qışqırıqlarımı qəlbimin
ən dərinlərindən sizə hayqırıram!..”.
N.Nərimanov əksinqilaba geniş meydan açan
sosialistlərə əbəs yerə sevinməməyi məsləhət
görür.
Bildirir ki, sizə inanan və arxanızca
düşüb gedən zəhmətkeş kütlələr
öz səhvlərini anlamış, sizdən üz döndərmişlər.
Çünki “doğrusu sosializm yolundan çox
aralısınız, sizi məşğul edən milli”
qovğalardır.
Azərbaycan bolşevikləri əksinqilabi qüvvələrə
qarşı inamla mübarizə aparırdılar. Onlar
V.İ.Leninin göstərişlərinə əsasən
proletar Bakısını Zaqafqaziyada Sovet hakimiyyəti
uğrunda mübarizə üçün dayaq məntəqəsinə
çevirməyə çalışırdılar.
Əksinqilabi qiyamın qarşısını almaq
üçün təşkil edilən İnqilab müdafiə
komitəsi Bakıda Sovet hakimiyyətinin üstünü alan təhlükəni dəf etmək
üçün ciddi tədbirlər görürdülər:
Bakıda Sovet hakimiyyətini müdafiə etmək, onun
qüdrətini gücləndirmək üçün inqilaba
sədaqətli olan vətəndaşları Sovetlər
bayrağı altında son nəfəsədək
vuruşmağa çağırırdılar.
1918-ci il
aprelin 25-də Bakıda yaradılan Bakı Xalq Komissarları
Sovetinin tərkibinə şəhər təsərrüfatı
komissarı kimi daxil olan N.Nərimanov bu zaman
dağılmış və geri qalmış ticarət, nəqliyyat,
təchizat və ərzaq məsələlərinin qaydaya
salınması və yaxşılaşdırılması
üçün yorulmadan çalışırdı. O,
Bakının neft rayonlarında yeni məktəblər,
kitabxanalar, fəhlə klubları açılmasına
qayğı ilə yanaşırdı. N.Nərimanov
neft mədənlərində, zavodlarda və məscidlərdə
olur, zəhmətkeş kütlələrə ictimai-siyasi vəziyyəti
və bolşeviklərin xətt-hərəkətini başa
salır, onları fəhlə-kəndli hakimiyyətini
qorumağa və möhkəmləndirməyə
çağırırdı. N.Nərimanov
əhalinin proletar beynəlmiləlçiliyi ruhunda, sosializm
işinə hədsiz sədaqət ruhunda tərbiyəsində
mətbuata ən qüdrətli vasitə kimi baxırdı.
Onun redaktə etdiyi “Hümmət” qəzetində
Bakı Xalq Komissarları Sovetinin dekretləri dərc olunurdu.
1918 -ci
ilin baharında N.Nərimanov ağır xəstələnir:
həkimlərin məsləhətinə görə onu təcili
Həştərxana, “Tinaki” palçıq müalicəsinə
göndərirlər.
N.Nərimanov Həştərxana gəldiyi günlər
hər yerdə amansız döyüşlər gedirdi. V.İ.Lenin Həştərxan
kommunistlərinə göndərdiyi teleqramında gənc
Sovet Rusiyasının cənub istehkamını—Həştərxan
vilayətini fəlakətdən xilas etmək üçün
“ən etibarlı və ən möhkəm adamlar”
ayırmağı tapşırırdı. Bu tufanlı, ağır günlərdə
V.İ.Leninin tapşırığını yerinə yetirmək
hər bir kommunistdən şəxsi fədakarlıq tələb
edirdi. Sovet Həştərxanını
yalnız kommunistlərin böyük hünəri,
ağıllı və cəsarətli siyasəti, yerli əhalini
öz arxasınca aparması xilas edə bilərdi. Belə bir vaxtda N.Nərimanov yorğunluq və xəstəliyə
baxmayaraq, tatar-qırğız və iranlı müsəlman
fəhlələrini kütləvi-siyasi işə cəlb
edir, onlara sosialist inqilabının vəzifələri, Sovet
hökumətinin ilk dekretləri və zəhmətkeşlərin
vətəndaşlıq borcu haqqında mühazirə
oxuyurdu. Həştərxan vilayətinin
Volqaboyu tatarları N.Nərimanovun təsirli sözlərinə
mənəvi ehtiyac duyur, onun qayğı dolu, səmimi məsləhətlərinə
etiqad və inamla yanaşırdılar.
Həştərxan
ölkə hərbi-siyasi komissarlığının səhiyyə
şöbəsinə rəhbərlik edən N.Nərimanov
burada müvəqqəti hərbi inqilabi komitənin sədri
S.M.Kirovla şəxsən tanış
olur, bütün müdafiə tədbirlərində fəal
iştirak edir. Görkəmli tatar
inqilabçısı Hafiz Seyfi yazır ki, fəhlə partiya
xadimi N.Nərimanov inqilabi ruh yüksəkliyinin və inqilabi hərəkatın
canı idi. Onun fəaliyyəti sayəsində
Həştərxan partiya təşkilatı onlarca kommunizm
işinə sədaqətli və namuslu olan mübariz
kommunistlər tərbiyə etmişdi. (Sov.İKP
MK yanında MLİ MPA, fond 72, siyahı 3, bağlama 875, səh.4.).
1919-cu ilin əvvəllərində N.Nərimanov Həştərxan
quberniya maarif şöbəsinin müdiri vəzifəsində
işləyir.
O, Sovet Həştərxanında zəhmətkeş kütlələrin
maariflənməsinə və mədəni inkişafına
xüsusi qayğı ilə yanaşır. N.Nərimanov
mədəniyyət ocaqları və yeni tipli məktəblər
açdırır. Yerli əhali
arasında müəllim kadrları hazırlamaq
üçün qısa müddətli pedaqoji kursların təşkilinə
rəhbərlik edir. O, yeni tipli məktəbə olan
köhnə təsəvvürü aradan qaldırmaq
üçün geniş kütləvi-izahat işi
aparmalı olur. Çünki “məktəbin
simasında uşağı Allah və dinlə tanış edən
bir müəssisə” görən fanatik əhali kilsənin
dövlətdən və məktəbin kilsədən
ayrılması haqqında Sovet hökumətinin dekretini olduqca
pis qarşılayır, öz uşaqlarını məktəbə
vermirdi.
N.Nərimanov öz mühazirələrində, istərsə
də “Din və kommunizm” əsərində din əleyhinə
təbliğatı yerli şəraitə uyğun,
yaradıcı surətdə həyata keçirməyi tələb
edirdi. O
yazırdı: “İnsanın etiqadı onun inkişafından,
onun hazırlığından asılıdır. Hər kəs
kütlələrə allah yoxdur fikrini
zorla aşılamaq istəyirsə, öz məqsədinə
nəinki çatmır, həm də bizim işimizi çətinləşdirir.
Adamları güclə dinə inanmamağa məcbur
etmək olmaz. Demək olmaz ki, “Sənin
allahın yoxdur, sən də dinə inanma”. Bunu bəzi kommunist yoldaşlarımız kimi əmr
yolu ilə etmək olmaz. Bu, insanın
inkişafından, onun təbiəti dərk etməsi dərəcəsindən
asılıdır. Bu məsələyə
ehtiyatla yanaşmaq lazımdır”.
N.Nərimanovun
1918-ci il dekabrın 20-də tatar məktəb
müəllimlərinin və mollaların
yığıncağında, 1918-ci il dekabrın 28-də isə
müsəlman kommunistləri və məsul işçilərinin
yığıncağında oxuduğu mühazirələr
ateizm təbliğatı üçün “çox qiymətli
göstərişlər” idi. V.İ.Lenin N.Nərimanovun
ateizm təbliğatını təqdir edirdi.
1921-ci
ilin mart ayında xarici işlər naziri G.V.Çiçerin RK(b)P MK-ya göndərdiyi məktubunda N.Nərimanovun
ateizm təbliğatına dair “Şərqdəki təbliğatçılara
çox qiymətli göstərişlər” verdiyini bildirirdi.
O yazırdı: “Kilsənin dövlətdən
ayrılması barədə onun mollalara müraciətlə
söylədiyi nitqi müsəlman camaatına ehtiyatla
yanaşmağın nümunəsidir”.
V.İ.Lenin
məktubu oxuduqdan sonra dərhal Çiçerinə belə
bir göstəriş vermişdir: “Yol. Çiçerin!
Mən sizinlə tamamilə razıyam. Belə bir
sirkulyarın proyektini tərtib edin və ya tərtib etməyi
başqalarına tapşırın (buraya Nərimanovun nitqinin
bütün mətnini və ya heç olmasa
rekomendasiyasını daxil etmək olmazmı? Bütün mətni vermək daha yaxşı
olardı).
MK-da keçirin. Bu vacibdir. Lenin”. (Leninski
sbornik, XXXXV cild, M., səh.233).
N.Nərimanov Həştərxanın ictimai-siyasi və
mədəni həyatında görkəmli partiya xadimi kimi
böyük fəaliyyət göstərirdi. Lakin bununla belə, doğma
Azərbaycanı bir an belə unutmur, onun gələcək
taleyini düşünürdü.
1919-cu ilin mart ayının 28-29-da Azərbaycan kommunistlərinin
həştərxanda keçirilən müşavirəsi
müsavat hökmranlığına qarşı silahlı
mübarizə məsələlərini müzakirə etdi. Burada N.Nərimanov,
D.Bünyadzadə, S.M.Əfəndiyev, Q.Musabəyov, A.Sultanov və
digər partiya xadimləri bir sıra konkret təkliflər irəli
sürdülər. N.Nərimanovun “Qafqazda gələcək
fəaliyyətimizin planları” məruzəsi əsasında
müşavirənin qəbul etdiyi qərarda fəhlə və
kəndlilərin hakimiyyəti ələ alması və Sovet
hökuməti dekretlərinin müvəffəqiyyətlə
yerinə yetirilməsi nəzərdə tutulurdu.
N.Nərimanov “Qafqazın alınması barədə
fikrimiz” adlı məruzəsində bütün Qafqaz ölkələrinin,
o cümlədən Azərbaycanın tez bir zamanda müstəqil
Sovet Respublikası elan ediləcəyindən
danışırdı. N.Nərimanov, S.M.Kirov və S.Orconikidze
yaxşı bilirdilər ki, Qafqazda fəhlə və kəndlilərin
inqilabi coşqunluğu oyanmış vulkana bənzəyir.
Hamı intiqam saatını səbrsizliklə
gözləyir. Odur ki, öz azadlıq və
səadəti uğrunda mübarizə əzmində olan xalqa
kömək etmək üçün xüsusi dəniz
ekspedisiyası dəstəsi yaradılmışdı. Bu dəstə Azərbaycanın kommunist təşkilatlarına
inqilabi ədəbiyyat, silah, hərbi sursat daşıyır,
onların N.Nərimanovla sıx əlaqə saxlamasına imkan
yaradırdı.
1919-cu ilin iyul ayında Həştərxanda, Zaqafqaziya
müsəlman komissarlığının “Köç” mətbəəsində
N.Nərimanovun “Biz Qafqaza nə şüarla gedirik”
kitabçası nəşr olunur. O vaxt Azərbaycanda gizli yolla
yayılan bu əsərdə müsəlman kommunistlərinin
həyata keçirəcəyi vəzifələrin mahiyyəti
izah edilirdi. N.Nərimanov Azərbaycan kommunistləri adından
hamıya müraciətlə deyirdi: Bizə insanların səadəti,
millətlərin birliyi, bir-birinə həqiqi məhəbbəti,
qardaşlığı lazımdır.
N.Nərimanov fəhlə və kəndliləri Lenin
bayrağı ətrafına toplaşmağa, hakimiyyəti ələ
keçirməyə çağırırdı. O yazırdı: həyatın
nemətlərindən istifadə etməyə və cəmiyyətin
qanunlarını yaratmağa ancaq zəhmətkeş insanın
haqqı vardır. Mülkədarların, fabrik
sahibinin və möhtəkirin isə heç bir ixtiyarı
yoxdur.
N.Nərimanov
“Dağıstan ruhani başçısı Şeyx Nəcməddin
əfəndi Qoçinskiyə məktub”, “Azərbaycan
respublikasının başçısı Usufbəyova məktub”
və sairə publisist əsərlərində də
müsavat, menşevik və daşnak partiyalarının xəyanətkar
fəaliyyətini, törətdiyi cinayətləri ifşa
edirdi. İnqilabi mübarizənin gücləndiyi
bir vaxtda millətçilik və dinçilik
şüarlarına bel bağlayan mürtəce qüvvələrin
xalq məhkəməsi qarşısında haqq-hesab verəcəyi
dəhşətli saatın
yaxınlaşdığını söyləyirdi.
N.Nərimanov Moskvada Zaqafqaziya müsəlmanları
şöbəsinin müdiri, bir neçə aydan sonra isə
RSFSR Xalq milli işlər komissarının müavini vəzifəsində
işləyir.
Sovet hökuməti ilə diplomatik əlaqə yaradan ilk
xarici dövlətin, Əfqanıstanın səfirini Moskvada
N.Nərimanov qarşılamış, “Sovet diplomatiyası
tarixində ilk dəfə ona Azərbaycan dilində müraciət
edərək salamlamışdı. N.Nərimanov
bildirmişdir ki, onun azərbaycanca nitq deməsi Sovet
Rusiyasında bütün millətlərin bərabər və
azad olmasına bir sübutdur”.
İ.V.Stalin Hindistan elçisi müsəlman professor
Prasadla danışıqlar aparmağı da N.Nərimanova
tapşırmışdı.
Gənc Sovet Rusiyası ilə Yaxın Şərq
ölkələri arasında diplomatik əlaqənin
yaradılması, Rusiya inqilabının məqsəd və əhəmiyyətinin
Şərq xalqlarına çatdırılması
böyük inqilabi sayıqlıq, diplomatik hünər və
ehtiyatlılıq tələb edirdi. N.Nərimanov bu vəzifələri
görkəmli dövlət xadiminə xas olan bacarıqla yerinə
yetirirdi. Onun İran, Türkiyə,
Əfqanıstan, Hindistan, Misir və başqa Şərq
ölkələri xalqlarına müraciətləri
mühüm sənədlər idi. N.Nərimanov
Şərq məsələlərinin həllində Leninin
müdrik məsləhətlərinə, göstərişlərinə
əsaslanırdı. O, V.İ.Leninin simasında Şərqin
məzlum zəhmətkeş kütlələrinin
xilaskarını görürdü. N.Nərimanov
yazırdı:
“Vladimir İliç həmişə etiraf edirdi ki,
müsəlman Şərqinin həyatı ilə az
tanışdır. Lakin bu və ya başqa xalqın məişəti
və xarakterinə xas olan bir neçə cəhəti qeyd
etdikdə, o, dərhal qaşlarını çatıb son məqsədimizə
nail olmaq üçün müsahibini öz fikirlərini
düzgün istiqamətləndirməyə öyrədən
fikirlər irəli sürürdü. Onun
geridə qalmış müəyyən bir xalqın məişətinə
analitik və sintetik yanaşmaq bacarığı müsahibini
elə cəlb edirdi ki, müsahibi həmişə dahi
psixoloqdan ayrılarkən Şərqin məzlum xalqlarını
azad etmək məsələsində qarşıda nə qədər
çətinliklər durduğunu və bu çətinliklərin
həllinə düzgün yanaşmaq üçün dahi
psixoloqdan nə qədər çox şey öyrənməyin
zəruri olduğunu tamamilə dərk edirdi”.
Şərq xalqlarının azadlıq uğrunda
mübarizəsinin ən görkəmli bahadırlarından
biri olan N.Nərimanovun sözlərini V.İ.Lenin həmişə
xüsusi qayğı və həssaslıqla eşidərdi. Çünki
dahi rəhbər onun ehtiyatlı məsləhətlərində
və xəbərdarlıqlarında Şərq
xalqlarının böyük dərdçəkəninin, beynəlmiləlçi
ictimai xadimin humanizmini görür, onun sözlərinə
etimadla yanaşırdı. Onun məqalə,
çıxış və xatirələrində
V.İ.Leninin Şərq xalqlarının ictimai-siyasi həyatında
böyük tarixi rolu, onun müdrik məsləhətlərinin
həyatiliyi, güclü təsiri və faydası haqqında
yığcam, mənalı və maraqlı fikirlər
vardır.
V.İ.Leninin Şərqə qayğı dolu münasibəti
N.Nərimanovun qarşısında həddi-hüdudu olmayan bir
aləm açmışdı. N.Nərimanov öz
odlu qəlbini məşələ çevirmək, məzlum
Şərq xalqlarını əsarətdən xilas etmək
arzusu ilə yaşayırdı. Heç təsadüfi
deyildir ki, ölümündən bir qədər əvvəl
o, Şərqə müraciətlə yazırdı: “Ey Şərq,
ey bəşəriyyət əzəli, sənin yolunda yansam, əzablara
düşsəm də idealımdan dönən deyiləm. Hamı şahiddir ki, sənin yolunda
“ömrümü sərf etdim”, hərgah can verən bir
loğman tapılsaydı, həyatımdan 30 ildə sənə
verərdim”.
Bu sözlərdə böyük bir həqqət
vardı. N.Nərimanov V.İ.Lenin ideyalarının Şərqdə
ən qüdrətli təbliğatçısı idi. N.Nərimanov Şərq xalqlarını kapital əsarətindən
xilas etmək üçün Zaqafqaziyada leninizmin təntənəsinə
ilkin şərt kimi baxırdı. Ona
görə də Zaqafqaziya ölkələrində, o cümlədən
Azərbaycanda müstəqil sovet respublikası
yaradılmasına çalışırdı.
Azərbaycanın fəhlə və kəndliləri qəti
surətdə inanırdılar ki, N.Nərimanov dahi rəhbərin
ideyalarını Azərbaycanda həyata keçirəcəkdir.
El aşıqları öz mahnılarında “Qoca Şərqin
Nərimanı gəlirmi?” deyə xalqın N.Nərimanovu
intizarla gözlədiklərini bildirirdilər.
V.İ.Lenin Azərbaycan kommunist partiyasının ideyaca
birliyi və təşkilatca möhkəm olması
qayğısını çəkirdi. 1920-ci il
aprel ayının 8-də Kommunist Partiyasının Mərkəzi
Komitəsinin qərarına əsasən ümumqafqaz rəhbər
partiya orqanı — Qafqaz Bürosu yaradıldı. V.İ.Leninin
təklifi ilə N.Nərimanov RK(b)P
MK-nın Qafqaz Bürosu heyətinə daxil edildi. Qafqaz Bürosu Şimali Qafqazda və Zaqafqaziyada Sovet
hakimiyyəti qurulmasında çox böyük rol oynadı.
Azərbaycan kommunist təşkilatlarının birinci
qurultayından (1920-ci il 11 fevral) sonra
sıx birləşən kommunist təşkilatları fəhlə
və kəndliləri silahlı üsyana hazırlamağa
başladı.
Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsi 1920-ci il aprel ayının 27-də silahlı
üsyana rəhbərlik etmək üçün Müvəqqəti
Hərbi İnqilab Komitəsi yaratdı. N.Nərimanov
qiyabi olaraq Müvəqqəti Hərbi İnqilab Komitəsinin
sədri seçildi.
1920-ci il aprel ayının 28-də Azərbaycanın
üsyan etmiş fəhlə və kəndliləri
burjua-mülkədar üsul-idarəsini devirdi, hakimiyyəti ələ
aldılar. Azərbaycan Müvəqqəti Hərbi
İnqilab Komitəsinin xahişi ilə Sovet Rusiyası XI
Qırmızı Ordunu köməyə göndərdi.
S.Orconikidze 1920-ci il aprelin 23-də
V.İ.Leninə göndərdiyi teleqramında yazırdı:
“...Nərimanov Bakıya çox lazımdır. Sizdən artıq dərəcədə xahiş edirəm,
onu günü sabahdan bizim yanımıza göndərəsiniz”.
(MDQOA fond 4, siyahı 2, qovluq 5, səh.48.).
1920-ci il
aprel ayının 28-də M.Q.Yefremovun komandanlığı
altında XI Qızıl Ordunun “Krasnı Daqestanes”, “III
İnternasional”, “Krasnaya Astraxan” və “Timofey Ulyantsev” adlı
zirehli qatarları, ondan iki gün sonra əsas süvari və
piyada hissələr Bakıya daxil oldular. S.M.Kirov, S.Orconikidze və
XI Qızıl Ordunun komandanı M.K.Levandovski Moskaya, V.İ.Leninə
Azərbaycanda Qızıl Ordunun köməyi ilə zəhmətkeş
kütlələrin mülkədar-burjua hakimiyyətini devirməsini
və Sovet hakimiyyəti qurmasını xəbər verdilər.
V.İ.Lenin Azərbaycan xalqına RSFSR Xalq Komissarları
Soveti adından təbrik teleqramı göndərdi. Dahi rəhbərin
səmimi təbrik sözləri böyük
şadlığa, el bayramına səbəb oldu. 1920-ci
ilin may ayında fəhlə və kəndlilər N.Nərimanovu
Bakıda təntənə ilə qarşıladılar. Səhəri
günü Moskvaya göndərdiyi teleqramında N.Nərimanov
sevinclə yazırdı:
“Moskva.
Lenin yoldaşa, surəti Çiçerinə.
Ayın on altısında mən Bakıya varid oldum və
əhali tərəfindən təntənə ilə
qarşılandım. Əhval-ruhiyyə inqilabidir. Qızıl Ordu özünü olduqca yaxşı
aparır. Mənim şəxsimdə əhali
Sovet Rusiyasını səmimiyyətlə
alqışlayır və əmin olur ki, Sovet Rusiyası gənc
müstəqil Sovet Azərbaycanına möhkəmlənməkdə
kömək edəcəkdir.
Azərbaycan
İnqilab Komitəsinin sədri
Nərimanov”.
N.Nərimanov Bakıya yola düşməzdən bir həftə
əvvəl V.İ.Leninin qəbulunda tam bir saat Azərbaycanın
daxili və xarici vəziyyətinə dair məlumat
vermişdi. Bu müsahibə zamanı N.Nərimanov dahi rəhbərə
Şərqdə dekretləri həyata keçirərkən
yerli şəraitə, əhalinin adət-ənənəsinə,
dini hissinə çox ehtiyatkarlıqla yanaşmağın
lüzumunu göstərmişdi. N.Nərimanovu
böyük diqqət və qayğı ilə dinləyən
V.İ.Lenin demişdi ki, müsəlman kommunistlərinin
qarşısında çox böyük, ağır, məsuliyyətli
vəzifələr durur, gedin, amma son dərəcədə
ehtiyatlı olun.
V.İ.Leninin müdrik məsləhətləri N.Nərimanovu
mürəkkəb şəraitdə inamla işləməyə
ruhlandırırdı. O, ən ağır dəqiqələrdə
böyük müəlliminə müraciət edir, təcili
həll olunacaq məsələlərdə onun köməyinə
arxalanırdı. N.Nərimanov teleqram, məktub
və xüsusi kuryer vasitəsilə V.İ.Leninlə sıx əlaqə
saxlayır, öz təklif, arzu və tədbirlərini ona
bildirirdi.
Azərbaycanda qarşıda çox çətin, təxirəsalınmaz
vəzifələr dururdu. Sovet Rusiyasının
qardaşlıq köməyinə arxalanan Azərbaycan inqilab
komitəsi ilk aylardan ən mühüm sosialist tədbirlərini
müvəffəqiyyətlə həyata keçirir: neft sənayesi,
bank və sairə milliləşdirilir.
Azərbaycanda Sovet hakimiyyəti qurulduğu ilk illərdə
yeni, sosializm quruculuğunun ortaya atdığı bir sıra
ciddi, prinsipial məsələlərin həllində N.Nərimanov
müdrik dövlət xadimi olduğunu göstərdi.
N.Nərimanov Azərbaycan Sovet Sosialist Respublikası Xalq
Komissarları Sovetinin ilk sədri olmuşdur. Bu dövrdə
zəhmətkeş kütlələrin istəklisi və
havadarı kimi ümumxalq məhəbbəti qazanmış
N.Nərimanov Şərqin astanası—Odlar Yurdunda Sovet hakimiyyətinin
qələbəsi və möhkəmlənməsi uğrunda
yorulmadan çalışır. N.Nərimanov
Azərbaycan rayonlarını gəzir, fəhlə və kəndlilərə
gənc Sovet dövlətinin məqsəd və vəzifələrini
aydınlaşdırır, onların arzu və tələblərini
öyrənir, beləliklə, zəhmətkeşləri yeni
quruculuq işlərinə sövq edirdi. Ağamalı
oğlu öz xatirəsində yazırdı: “Respublika daxilindəki
səfərində N.Nərimanov yoldaşı müşayiət
etdiyim vaxt Azərbaycanın zəhmətkeş əhalisi
arasında onun nə qədər də böyük nüfuza
və təsirə malik olduğunu öz gözlərimlə
görüb inandım... Hər yerdə N.Nərimanov
yoldaşı bütün xalq səmimi təntnə ilə
qarşılayırdı.
Görüş yerlərində tezliklə böyük
mitinqlər təşkil edilirdi.
Bütün
bu mitinqlərdə və yığıncaqlarda N.Nərimanov
xalqa yaxın və tanış dil
tapmağı və qarşıya qoyulmuş məsələləri
həll etməyi bacarırdı... Bu səfərin
şübhəsiz ki, ozamankı yeni quruluşun möhkəmləndirilməsi
üçün böyük əhəmiyyəti
olmuşdu...”
Sovet Azərbaycanı gündən-günə inkişaf
edir, möhkəmlənirdi. Şərq ölkələrinin
gələcək tərəqqi yolunu işıqlandıran
Odlar Yurdu bütün dünyanın nəzər-diqqətini cəlb
edirdi. V.İ.Leninin və N.Nərimanovun
bilavasitə təşəbbüsü ilə 1920-ci ilin
sentyabr ayında Bakıda çağırılmış
Şərq xalqlarının ilk qurultayında qoca Şərq
göz yaşı tökür, “öz dərdlərindən,
burjua ölkələri kapitalının vurduğu
ağır yaralardan” danışır, beləliklə,
bir-birinin dərdlərindən xəbərdar olur, birləşməkdən,
kapitalın əsarət zəncirini parçalamaq
vaxtının çatdığından
danışırdılar.
1922-ci ildə N.Nərimanov İtaliyada, Genuya şəhərində
keçirilən beynəlxalq konfransda iştirak edir. O, öz Genuya xatirələrini
respublika mətbuatında çap etdirir.
Bu illərdə N.Nərimanov Azərbaycanda ədəbiyyat
və incəsənətin yüksəlişinə ciddi diqqət
yetirir. Geniş ədəbi məclislərdə, tənqid-təbliğ
teatrı tamaşalarında, yaradıcılıq
müşavirələrində şəxsən iştirak edərək
ziyalılara, sənətkarlara məsləhətlər verir,
onlara kömək edirdi. 1921-ci ildə N.Nərimanovun
təşəbbüsü ilə Azərbaycan və rus dillərində
“Sənaye-nəfisə” jurnalının nəşri də bu
qayğı ilə bağlıdır.
N.Nərimanov
1922-ci ilin may ayında Zaqafqaziya Fderasiyasının İttifaq
Sovetinə sədr seçilir. SSRİ təşkil
ediləndə isə SSRİ Mərkəzi İcraiyyə
Komitəsinin ilk dörd sədrindən biri olur. O,
xalqın etimadını doğruldaraq məsul partiya və
dövlət vəzifələrində namusla işləyirdi.
N.Nərimanov ictimai fəaliyyəti ilə
yanaşı, ədəbi-publisist
yaradıcılığını da davam etdirirdi. Mərkəzi dövri mətbuatda onun maraqlı elmi,
ədəbi-publisist məqalələri çap olunurdu.
1925-ci ilin fevral ayında SSRİ MİK yanında Elmi
Şərqşünaslıq İttifaqı N.Nərimanovun ədəbi
və ictimai-siyasi fəaliyyətinin 30 illiyi münasibətilə
xatirə gecəsi keçirmişdir. Burada Moskva ictimaiyyətinin
və ölkəmizin ayrı-ayrı respublikalarının
nümayəndələri ilə birlikdə Şərqin
müxtəlif xalqlarının nümayəndələri də
iştirak etmişdir.
Yubiley yığıncağında N.Nərimanov Şərqşünaslıq
Cəmiyyətinin fəxri üzvü seçilmişdir.
(Nəriman Nərimanov ömrünü müsəlman
Şərqinin azadlığı və xalq işi uğrunda
mübarizəyə həsr etmişdi.
1920-ci ildə Nəriman Nərimanov Moskvada Zaqafqaziya
müsəlmanları şöbəsinin müdiri, bir
neçə aydan sonra isə RSFSR Xalq milli işlər
Komissarının müavini vəzifəsində
çalışarkən dövlət başçısı
V.İ.Lenin onun sözlərinə xüsusi qayğı və
həssaslıqla yanaşırdı. Çünki, N.Nərimanovun
ehtiyatlı məsləhərlərində və xəbərdarlıqlarında
Şərq xalqlarının böyük dərdçəkəninin,
benəlmiləlçi ictimai xadiminin hümanizmini
görür, onun sözlərinə etimadla
yanaşırdı.
Nəriman Nərimanov öz odlu qəlbini məşələ
çevirmək, məzlum Şərq xalqlarını əsarətdən
xilas etmək arzusu ilə yaşayırdı. Heç təsadüfi
deyildir ki, ölümündən bir qədər əvvəl
o, Şərqə müraciətlə yazırdı: Ey Şərq,
ey bəşəriyyət əzəli, sənin yolunda yansam, əzablara
düşsəm də idealımdan dönən deyiləm.
Hamı şahiddir ki, sənin yolunda ömrümü sərf
etdim, hərgah can verən bir loğman tapılsaydı, həyatımı
30 il də sənə verərdim.
Sovet hökuməti ilə diplomatik əlaqə yaradan ilk
xarici dövlətin, Əfqanıstan səfirini Moskvada N.Nərimanov
qarşılamış, Sovet diplomatiyası tarixində ilk dəfə
ona Azərbaycan dilində müraciət edərək
salamlamışdı. Nəriman Nərimanov bildirmişdir ki,
onun azərbaycanca nitq deməsi Sovet Rusiyasında bütün
millətlərin bərabər və azad olmasına bir
sübutdur. İ.V. Stalin Hindistan
elçisi müsəlman professor Prasadla danışıqlar
aparmağı da N.Nərimanova tapşırmışdı.
Gənc Sovet Rusiyası ilə Yaxın Şərq
ölkələri arasında diplomatik əlaqənin
yaradılması, Rusiya inqilabının və əhəmiyyətinin
Şərq xalqlarına çatdırılması
böyük inqilabi sayıqlıq, diplomatik hünər və
ehtiyatlılıq tələb edirdi. N.Nərimanov bu vəzifələri
görkəmli dövlət xadiminə xas olan bacarıqla yerinə
yetirirdi. Onun İran, Türkiyə,
Əfqanıstan, Hindistan, Misir və başqa Şərq
ölkələri xalqlarına müraciətləri
mühüm sənədlər idi. N.Nərimanov
məsələlərinin həllində Leninin müdrik məsləhətlərinə
və göstərişlərinə əsaslanırdı.
1920-ci il aprel ayının 8-də KP Mərkəzi
Komitəsinin qərarına əsəsən ümumqafqaz rəhbər
partiya orqanı Qafqaz bürosu yaradıldı. V.İ.Leninin
təklifi ilə N.Nərimanov PK (b) P MK-nın Qafqaz Bürosu
heyətinə daxil edildi.
Azərbaycan
KP Mərkəzi Komitəsi 1920-ci il aprelin
27-də silahlı üsyana rəhbərlik etmək
üçün Müvəqqəti Hərbi İnqilab Komitəsi
yaratdı. N.Nərimanov qiyabi olaraq Müvəqqəti
Hərbi İnqilab Komitəsinin sədri seçildi.
1920-ci
ilin mayında Bakıda çətin şəraitdə işə
başlayan N.Nərimanov V.İ.Leninə göndərdiyi
teleqramında yazlrdı:
... Mənim
şəxsimdə əhali Sovet Rusiyasını səmimmiyyətlə
alqışlayır və əmin olur ki, Sovet Rusiyası gənc
müstəqil Sovet Azərbaycanına möhkəmlənməkdə
kömək edəcəkdir..
N.Nərimanov müstəqil Sovet Azərbaycanında təcili
həll olunacaq məsələlərdə V.İ.Leninin
köməyinə arxalanır, teleqram, məktub və
xüsusi kuriyer vasitəsilə onunla sıx əlaqə
saxlayırdı.
N.Nərimanov Azərbaycanda nümunəvi müstəqil
dövlət quruculuğunun möhkəm təməlini
qoymaqla, Şərqə pəncərə açmaq istiqamətində,
çətinliklə də olsa, çox əhəmiyyətli
işlər görürdü.
Lakin V.İ.Leninin səhhətinin
ağırlaşması İ.V.Stalinin hakimiyyətə sahiblənməsi
N.Nərimanovun böyük missiyanı həyata keçirməsinə,
dövlətin siyasi kursunda dəyişikliyə ciddi təsir
göstərdi.
Xalqların birliyi, həmrəyliyi,
qarşılıqlı əməkdaşlığı,
hüquq Bəyannaməsi və sairə haqqında qəbul
olunmuş dövlət qəqarları kağız üzərində
qaldı.
N.Nərimanov oğlu Nəcəfə məktubunda kremldə hərc-mərclik, özbaşınalıq, didişmə yarandığından Sovet Hakimiyyətinin dağılacağından narahatlığını bildirirdi. Bu uzaqgörənlik gec də olsa baş verdi.)
1925-ci il mart ayının 19-da N.Nərimanov qəflətən vəfat etdi. Qızıl meydan görkəmli partiya və dövlət xadimi, SSRİ MİK sədri N.Nərimanovu əbədi olaraq qoynuna aldı. Büllur saflığın təcəssümü olan N.Nərimanov bəşəriyyət qarşısında öz borcunu son nəfəsinədək sədaqətlə yerinə yetirdi.
Ölkəmizin zəhmətkeşləri Nəriman Nərimanovun adını ehtiram və hörmətlə yad edirlər.
“Respublika”.
Respublika.- 2020.- 14 aprel.- S.1;4-5-6.