İŞIQ VƏ MEMARLIQ

 

Ö tən 2019-cu il Azərbaycanın son 150 illik tarixinin ən mühüm nailiyyətlərindən olan Azərbaycan elektroenergetikası üçün yubileylər və əlamətdar hadisələr ili kimi yadda qaldı. Məhz həmin ildə respublikamızda elektrik enerjisinin sistemləşdirilməsinin 120 ili, paylayıcı elektrik şəbəkələrin formalaşmasının 90 ili, eləcə də Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin 20 oktyabr tarixinin Energetika günü olaraq qeyd edilməsi ilə bağlı Sərəncamı imzalamasının 15 ili tamam oldu.

 

 

(əvvəli 14 aprel tarixli sayımızda)

Muzey-yarımstansiyalayihəsi hazırda Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük diqqət və qayğı göstərdikləri şəhərsalma və abadlıq-quruculuq siyasətinin növbəti nailiyyəti, uğurlu addımlarından birisidir.

Yüksəliş dövrü

XX əsrin ikinci onilliyində çar Rusiyasında baş verən inqilablar zamanı Gədəbəydəki su elektrik stansiyası nəzərə alınmazsa, Bakı şəhəri Azərbaycanda elektrik işıqlandırmasının olduğu yeganə yaşayış məntəqəsi idi. Bolşevik inqilabından sonra 1919-cu ilin sonlarında elan edilmiş və ölkənin elektrikləşdirilməsini nəzərdə tutan QOELRO planında Bakı neft mədənlərinin tam elektrikləşdirilməsi üçün stansiyaların qoyuluş gücünü təxminən 90 min kVt-a çatdırmağın vacibliyi qeyd olunurdu. Elə buradaca qeyd edək ki, həmin məşhur planın elanından yarım əsr sonra - 1970-ci ildə neft hasilatına və neft emalına xidmət göstərmək üçün Azərbaycan enerji sisteminin elektrik stansiyalarının qoyuluş gücü bundan 10 dəfə çox, təxminən 900 min kVt idi. Lakin ötən əsrin 60-cı illərinədək Azərbaycanın elektrik enerjisi sistemi bütövlükdə kifayət qədər zəif fəaliyyət göstərirdi.

14 iyul 1969-cu ildə Heydər Əliyevin respublikada siyasi rəhbərliyə irəli çəkilməsi ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-mədəni həyatında köklü dəyişikliklərin əsası qoyuldu. Təkcə onu demək kifayətdir ki, ötən əsrin 70-ci illərində yüksək gərginlikli elektrik enerjisinə - 6 kVt-dan 10 kVt-a keçid SSRİ-də ilk dəfə məhz Bakıda baş tutdu. Yüksək gərginliyə keçilməsi texniki itkiləri 3 dəfə azaltmağa və elektrik enerjisinə qənaət etməyə imkan yaratdı. 1980-ci illərdə gücü 380 MVt olan “Şəmkir” SES və gücü 2400 MVt olan 8 enerji blokundan ibarət, kritik parametrlərdə də yüksək göstəricilərlə işləmək imkanına malik güclü “Azərbaycan” DRES istismara verildi. Bu tarixi gün - 20 oktyabr indi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan energetiklərinin peşə bayramı günü kimi qeyd olunur.

“Azərbaycan” DRES-in inşası respublikanın enerji şəbəkəsinin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bu mühüm stansiyanın tikintisindən dərhal sonra respublikada bir qolu qonşu Gürcüstana da uzanan ümumi uzunluğu 814 km-dən çox yüksək gərginlikli yeni elektrik-veriliş xətləri şəbəkəsi çəkildi, 80-ci illərdə isə Abşeron ərazisində 5 yeni yarımstansiya tikilərək istifadəyə verildi. Bu stansiya indinin özündə də ümumilikdə Cənubi Qafqaz məkanının ən iri istilik-elektrik stansiyası sayılır.

Naxçıvan Muxtar Respublikasının elektrik enerjisi təchizatının müəyyən qisminin daxil imkanlar hesabına ödənilməsinin təmin edilməsi məqsədilə 1971-ci ildə Araz çayı üzərində gücü 22 MVt olan “Araz” SES-i, Qarabağ bölgəsində Tərtər çayı üzərində 1976-1977-ci illərdə Sərsəng su anbarı və gücü 50 MVt olan eyni adlı su elektrik stansiyası istifadəyə verildi.

1993-cü ilin iyununda böyük rəhbər Heydər Əliyev xalqın istəyi və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra iqtisadiyyatı dirçəltmək, onu yenidən inkişaf yoluna çıxarmaq üçün müdrikliklə düşünülmüş strategiya həyata keçirdi. Azərbaycanın əsas sərvərinə - neft amilinə əsaslanan həmin strategiyanın gerçəkləşdirilməsində müstəqil respublikanın iqtisadi yüksəlişinin təməlini qoyan “Əsrin müqaviləsi”nin müstəsna rolu olub və indi də vardır. Lakin ulu öndərin yeni iqtisadi strategiyasının prinsipial məqamlarından biri də o idi ki, neftə məqsəd deyil, vasitə kimi baxılırdı.

Heydər Əliyevin həmin dövrdə respublikanın energetika və deməli, bütövlükdə iqtisadi potensialına ilk töhfəsi tikintisinə hələ 1984-cü ildə başlanmış və SSRİ-nin dağılması ilə inşası dayandırılmış “Yenikənd” su elektrik stansiyasının fəaliyyətə başlaması oldu. “Şəmkir” SES-in davamı olan bu stansiyada qalan 40 faizlik tikinti işləri Heydər Əliyevin səyləri ilə Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı 53,4 milyon dollarlıq krediti sayəsində başa çatdırıldı. Azərbaycan energetikləri 19 mart 2001-ci ildə “Yenikənd” SES-in rəsmi açılış mərasimində iştirak edərək bu obyekti ərsəyə gətirən inşaatçıların və energetiklərin fəaliyyətini yüksək qiymətləndirən ümummilli liderimizin dəyərli tövsiyələrini daim xatırlayırlar. “Şimal” DRES-in və “Bakı-1” İstilik-Elektrik Mərkəzinin yenidən qurulması, Abşeron yarımadasının müxtəlif ərazilərində neçə-neçə yeni yarımstansiyanın tikilməsi, yenidən qurulması, təzə veriliş xətlərinin çəkilməsi və digər kimi mühüm layihələr də da əlavə olundu.

Etibarlı əllərdə

Tariximizin ən yeni mərhələsində 2003-cü ildən sonrakı dövr İlham Əliyev dövrünün parlaq fəaliyyəti və uğurlu illəri kimi yadda qalacaqdır. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bu müddət Azərbaycanın şanlı tarixinə hərtərəfli və dinamik inkişaf dövrü kimi daxil olub. Məhz möhtərəm dövlət başçımız İlham Əliyevin rəhbərliyi və tövsiyələri əsasında hazırlanan Dövlət proqramları, onların dəqiq icra mexanizmi bütün xalq tərəfindən dəstəkləndiyindən ölkəmizin sürətli inkişafı üçün əlverişli şərait yarandı. Prezidentimiz tərəfindən Ulu Öndərin əsasını qoyduğu daxili cə xarici siyasət kursunun müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində Azərbaycan yüksək inkişaf templəri əldə edib. Dövlətimizin əsaslarının möhkəmlənməsi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz İlham Əliyevin varislik keyfiyyətləri, müdrikliyi, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə, rasional davranış modeli sayəsində mümkünə çevrilib. Prezident İlham Əliyev şəxsiyyəti müasir cəmiyyətdə liderlik fenomeninin ən vacib cəhətlərini özündə birləşdirir.

Prezident İlham Əliyevin bacarıqlı dövlət rəhbəri kimi göstərdiyi ardıcıl səylər nəticəsində Azərbaycan bu gün regionda hansısa ölkədən enerji və bütövlükdə iqtisadi asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəməyə qadir yeganə respublika kimi çıxış edir. Məhz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Dövlət proqramları çərçivəsində bir sıra mühüm inşaat-yenidənqurma layihələri baş tutdu,”Sumqayıt” İES, “Cənub” ES, Şimal-2 ES, eləcə də bir sıra bölgələrdə modul tipli çoxsaylıelektrik stansiyaları, ölkənin bütün regionlarını əhatə edən müxtəlif güclü elektrik veriliş xətləri, transformator məntəqələri, külək elektrik parkı, günəş elektrik stansiyaları və s. ərsəyə gətirildi.

Ölkəmizdə getdikcə genişlənən sürətli iqtisadi inkişafın mühüm tərkib hissəsi olan elektroenergetika sektorunun memarlıq-inşaat təmayüllü yeni obyektləri arasında son illərdə bütün ölkə boyu istifadəyə verilmiş müasir memarlıq simasına malik 100-dək yarımstansiyanı, ofis binalarını, Tədris mərkəzinin korpuslarını misal göstərmək yerinə düşər.

Yarımstansiya binalarının memarlıq-planlı həlletmələrinə təsir göstərən əsas amillərə təbii-iqlim, geoloji və geomorfoloji şərtlər daxildir. Məlum olduğu kimi, yarımstansiya binalarının yerləşmə məkanlarının iqlim şəraiti həm planşaldırma işlərinə və həm də bunların memarlıq görünüşünə əhəmiyyətli dərəcədə təsir göstərir. Yarımstansiya binalarının mikroiqliminin, bədii-kompozisiya görünüşünün yaxşılaşdırılmasına yönəlmiş təbii-iqlim şərtlərinin memarlıq layihələndirilməsində və bərpa işlərində tam nəzərə alınması, memarlığın keyfiyyətinin yüksəldilməsinin mühüm amillərindən biridir. Həm uğurlu memarlığa və həm də texniki baxımdan dayanıqlılığa, istismarın uzunömürlüyünə və səmərəliliyinə nail olunması üçün bir sıra məsələlər diqqətə alınmalıdır.

Belə ki, ərazinin relyefi yarımstansiya binalarının həcm-planlama strukturunun formalaşmasına təsir göstərir. Eyni zamanda, tikintinin texniki və memarlıq aspektləri həll olunur. Memarlıq-bədii məsələlərin müvəffəqiyyətli icrasında binaların üçölçülü strukturunun ətraf mühitlə, landşaftla uzlaşması formalaşdırılmalıdır. Torpaq sahələrinin relyeflərinin səmərəli istifadə olunması kompozisiyanı zənginləşdirir.

Bəzi azsaylı nümunələr istisna olunmaqla respublika ərazisində yarımstansiyaların, ofis və digər bu kimi binaların layihələndirilməsi və inşası zamanı bu kompleks tələb və şərtlərə dəqiqliklə əməl edilib. Bu amil özünü dünya təcrübəsinin ən uğurlu nailiyyətləri ruhunda gerçəkləşdirilən nümunələrdə daha qabarıq surətdə büruzə verməkdədir.

Yarımstansiya və ofis binalarının yerli və milli memarlıq ənənələrinə uyğun layihələndirilməsi, yerləşdiyi məkanın ümumi ansamblına uğurla “qoşulması” və digər bu kimi xüsusiyyətləri son illərdə inşa edilmiş əksər yarımstansiyalarda, Yasamal, Şəki və Qəbələ ofis binalarında görmək mümkündür. Həmin tikililərdə əsasən iki xətt üstünlük təşkil edir: müasirlik və milli memarlıq üslubu. Maraqlıdır ki, düzgün seçilmiş işıqlandırma sayəsində bu və digər binaların gecə görüntüsü də yerləşdikləri məkanlara gözəllik bəxş edir. Qeyd etmək lazımdır ki, ətraf ansambla nəzərən düzgün seçildikdə bunların hər ikisi yerləşdiyi məkanın memarlıq görünüşünü nəinki korlamır, əksinə onu daha da zənginləşdirir və məzmunlu edir.

Bakı kimi böyük, gözəl və modern şəhərdə vacib məsələlərdən biri də, yarımstansiya binalarının memarlığının mövcud tikililərə, binalara, müasir dizaynlara, estetik zövqə uyğunlaşdırılmasıdır. Bütün bunlar çağımızın tələbləri və reallıqlarıdır. Təqdiredci haldır ki, istər paytaxtda və istərsə də bölgələrdə inşa olunmuş 100-dən çox bu cür yeni tikili və binaların mütləq əksəriyyəti həmin tələblərə tam cavab verir. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ardıcıl və daimi qayğısı ilə ölkə elektroenergetikasında həyata keçirilən layihələrin hərtərəfli düşünülməsinin, bunların diqqətlə işlənməsinin daha bir göstəricisidir.

Bir daha şəbəkə memarlığı barədə

Dünya təcrübəsində böyük şəhərlərdə sənaye obyektlərinin, o cümlədən də elektrik yarımstansiyalarının gözəl memarlıq nümunələri vardır. Misal üçün, Almaniyaın Leypsiq şəhərindəki qədim yarımstansiya (1914), memar Hans Henrix tərəfindən Berlində yaradılmış Humboldt-Umspanverk yarımstansiyası öz dövrünün və hətta yaşadığımız çağın da maraqlı sənaye memarlığı həllərindəndir. Moskva şəhərində metropolitenin dartı yarımstansiyasının məşhur səkkiz sütunlu binası memar D.T.Fridman tərəfindən zamanında klassik üslubda hazırlanıb. Sankt-Peterburqda “Krasnoye znamya” fabrikinin yarımstansiyasının konstruktivizm üslublu layihəsi 1925-1926-cı illərdə memar Mendelson Erik tərəfindən işlənib. Yenə Almaniyada Köln şəhərində “Medi Park” yarımstansiyasının müasir üslublu binasının fasadlarda çoxlu şüşə və metal formalardan istifadə olunub və s.

Qeydlərimizdə tez-tez toxunduğumuz və Azərbaycanda, o cümlədən də Bakıda sənaye memarlığının mühüm tərkib hissəsi kimi ortaya çıxmış elektrik yarımstansiyalarının və bu sahədəki digər binaların memarlığının yaranma tarixi də xeyli maraqlı və cəlbedicidir. Bibiheybətdəki elektrik stansiyası haqqında artıq danışmışıq. Elektroenergetikamızda sənaye memarlığının tarixi inkişafı baxımından daha bir maraqlı bina “Azneft” yarımstansiyasıdır. Konstruktivizm üslubunda olan stansiya 1930-cu ildə tikilib. Üslub ciddiliyinə baxmayaraq binanın 1-ci mərtəbəsindəki fasadların pəncərə boşluqları bacarıqla işlənib, pəncərə haşiyələri və pərvazlar əhəngdaşından gözəl bir şəkildə həll edilib. 2005-2006-cı illərdə bu binada yenidənqurma işləri aparıldı və burada ÜNS teatrı yaradıldı. Layihənin müəllifi memar O. Səttarov qədim bina ilə şüşəli səthli yeni artırma tikilini bacarıqla birləşdirməyə nail olub. Azneftin binası (memarı P.Ştern) və Alimlər evinin (memarları S.Dadaşov və M.Useynov) arasında yerləşən bu yeniləndirilmiş binanın tarixi sənaye mənsubluğu həmin məkana ahəngdar şəkildə qaynayıb-qarışdı.

Son illərdə Bakı şəhərindəki tikinti işlərində elektrik yarımstansiyalarının müasir üslublu binaları diqqəti cəlb eləməyə başlayıb. Özlərinin cəsarətli, orijinal həlləri ilə bunlar şəhər mühitinə yeni nəfəs gətirmişlər ki, burada yaşayış-şəhərsalma və sənaye təyinatlı obyektləri ahəngdar şəkildə uzlaşır.

Elektrik yarımstansiyalarının fasadlarında müasir inşaat materiallarından: şüşə, metal, üzləmələr və i.a. geniş istifadə edilir ki, bunlar həmin tikililərə ciddilik, yüngüllük, yaraşıq və özünəməxsusluq verir. Bu binaların gecə işıqlandırmasının estetikasını qeyd etməmək olmaz. O, peşəkarlıqla icra edilib, öz parlaqlığı, eyni zamanda da sənaye memarlığına xas izafiliklərdən qaçma təmayülü ilə cəlbediciliyi görünür.

28 May və Yusif Səfərov küçələrinin kəsişməsində, Respublika Perinatal Mərkəzinin qarşısında yerləşən enerji-şəbəkə binası digər bu kimi tikililərdən öz maraqlı memarlıq quruluşu ilə fərqlənir. O, künc hissədə müxtəlif mərtəbəlidir - 2-dən 4-dək olaraq. Binanın 2 mərtəbəli hissəsi, 3 mərtəbəli hissənin üzlənmiş konstruksiyası şüşə ilə üzlənib, Xaqani küçəsinə baxan qövsvarı künc hissə başdan-başa orijinal diaqonal bağlamaları olan tünd şüşə ilə üzlənib. Bu binanın inşası ilə ətrafdakı görünüşün estetikası xeyli dərəcədə zənginləşib, müasir sima kəsb edib. 110/35/6 kilovatlıq “Ağ şəhər” və 110/35/10 kilovatlıq “Buzovna” yarımstansiyaları kimi sırf istehsal səciyyəli tikililər ətraf mühitlə gözəl bir şəkildə tamlıq yaradır. Həmin yarımstansiyaların fasadı bir neçə hissəyə bölünüb, giriş qapısı tutqun şüşələrdən qurulub. Sağ tərəfdəli böyük elektron əqrəbli saat, sol paydakı qism üfüqi xətlərlə bəzədilib. Bütün bunlar həm gündüz və həm də gecə vaxtlarında ətrafa xüsusilə yaraşıq verir.

Yerləşdiyi məkanın gündüz və gecə şəhərsalma simasına əlavə çalarlar qatması, ətraf mühitə sənaye obyekti kimi deyil, tamhüquqlu şəhər tipli bina kimi daxil olması ilə bağlı fikirləri 110/35/10 kilovoltluq “Həzi Aslanov” yarımstansiyası haqqında da söyləmək mümkündür. Müasir üzləmə materialları və bunların rəng uyarlığından bacarıqla istifadə edən memar burada zahirdən daha çox mədəniyyət sarayına bənzəyən tikili ərsəyə gətirməyə nail olub.

110/35/6 kilovoltluq “Kürdəxanı, 35/6 kilovoltluq 94 saylı, Bayraq Meydanı, “Koroğlu” və digər bu kimi yarımstansiyaların layihələndirilməsi zamanı bunların texniki təyinatlı obyektdən çox sakinlərə və şəhərin qonaqlarına yüksək estetik zövq aşılayan memarlıq əsərlərinin ərsəyə gətirilməsi qayğısına qalınmış və buna bacarıqla nail olunmuşdur.

Bu yerdə son illərdə Bakıda tikilmiş daha iki yarımstansiya haqqında danışmaq yerinə düşər. Bunlardan biri Azneft meydanından Bayıla gedən yolun sağında inşa edilmiş 110/35/6 kilovoltluq “İşərişəhər” yarımstansiyasıdır. Öncə onu deyək ki, yarımstansiya və onun çevrəsi vahid kompozisiya kimi düşünüldüyündən yerləşdiyi məkanın mühitinə ahəngdar şəkildə daxil olmuşdur. Çoxpilləli hündür giriş qapısı, onun sağ və solunun davamı kimi qavranaraq fasadın aşağı zolağını, demək olar ki, bütünlüklə tutan tünd rəngli şüşə pəncərələr, binanın sol tərəfindəki müxtəlif qalınlıqda tünd və açıq rəngli vertikal zolaqlar, sağ tərəfdəki iki dəyirmi saat şəbəkə memarlığının bu maraqlı nümunəsini cəlbedici şəhərsalma seqmentinə çevirir. Bu fonda fasadın yuxarısındaki iki böyük tünd şüşəli pəncərə də uğurlu həll hesab olunmalıdır. Gecəsi də gündüzü kimi diqqətçəkən olan yarımstansiyanı yamacdan qoruyan arxa divarın üzlənmə elementlərinin də uğurla tapıldığını söyləməklə bu yarımstansiya haqqında fikirlərimizi yekunlaşdıraq.

Bakı Olimpiya stadionuna xidmət göstərən yarımstansiya da haqqında ayrıca danışılmağa layiq texniki memarlıq nümunələrindəndir. İstər ümumi forması və istərsə də uğurla tapılmış və stadionla vəhdət təşkil edən azca maili lövhələrlə üzlənməsi tamaşaçıda bu tikilini də idman qurğusu kimi qəbul etmə fikrinə kökləyir.

Sevindirici haldır ki, son illərdə paytaxt Bakı ilə yanaşı, bölgələrdə də uğurlu texniki memarlıq əsərləri hesab oluna biləcək nümunələr yaradılmışdır. Bu mənada Gəncədəki 35/6 kilovoltluq “Nizami” yarımstansiyası ayrıca qeyd olunmalıdır. Binanın ümumi ansamblının yüksək səviyyədə həll olunmasını qeyd etməklə yanaşı, burada yerli inşaat ənənələrinin də nəzərə alınması təqdir edilməlidir. Belə ki, binanın ikinci mərtəbəsi tarixən Gəncə üçün ənənəvi olan qırmızı kərpiclə həll edilmişdir. Bu isə həm ənənələrə sayğı və həm də məkanla uzlaşma baxımından müvəffəqiyyətli həll sayılmalıdır.

Əlbəttə, şəbəkə memarlığının inkişafına cavabdeh olan mütəxəssislərimiz tərəfindən son illərdə ərsəyə gətirilmiş texniki memarlıq nümunələri haqqında çox danışmaq olar. Lakin düşünürük ki, burada önəmli olan məsələyə düzgün yanaşmanın tapılmasıdır ki, həmin məsələ optimal şəkildə həll olunmuşdur. Bu isə paytaxt Bakının sakini və ölkə vətəndaşı kimi bizim hər birimizi sevindirir.

Mədəniyyətə düşən ziya

Ölkə insanına, milli memarlığımıza, milli-mədəni irsimizə göstərilən ardıcıl qayğı və diqqət son illərdə Azərbaycan elektroenergetikasını irəli aparan insanların həyata keçirdikləri sosial fəaliyyətdə də qabarıq surətdə nəzərə çarpmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, mədəniyyətimizin, tarixi irsimizin qorunması və təbliği sahəsindəki çoxsaylı layihələri ilə nəinki respublikamızda, eyni zamanda dünya miqyasında geniş tanınan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu yöndə həyata keçirdikləri səmərəli fəaliyyət bütün xalqımız tərəfindən hərarətlə qarşılanır.

Son illərdə “Azərişıq” ASC-yə uğurla başçılıq etmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə hazırda “Azərenerji” ASC-nin prezidenti kimi səmərəli fəaliyyət göstərən təcrübəli və peşəkar elektrik enerjisi mütəxəssisi hörmətli Baba Rzayevin rəhbərliyi ilə Azərbaycan energetikləri ölkə istehlakçılarını fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etməklə yanaşı, müntəzəm şəkildə sosial layihələr də həyata keçirirlər.

2013-cü ildə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Azərişıq” ASC tərəfindən silsilə tədbirlər keçirilib. Bunların arasında rəssamlıq, idman, təbiətin qorunması, yaşıllaşdırma, tarixi memarlıq irsimizin qorunması və bərpası ilə bağlı layihələr daha çox diqqət çəkir. Həmin layihələrin ən məşhurları Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinə dəstək məqsədilə paytaxtın Xəzər rayonunda gerçəkləşdirilmiş I və II Qala layihələridir. 2008-ci ildə başa çatmış I Qala layihəsi çərçivəsində Qala qəsəbəsində uşaq bağçası, körpələr evi və təcili yardım mərkəzinin tikintisi ilə yanaşı, qəsəbənin girişində Qala abidəsi də inşa edilib və açıq səma altında unikal Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi ərsəyə gətirilib!

Bundan 3 il sonra - 2011-ci ildə həyata keçirilmiş II Qala layihəsi ilə Qala Əntiq Əşyalar Muzeyi, şüşə restoran və karvansaray tikilib, qədim Qum hamamı konservasiya edilib, Qala kəndinin qədim hissəsinin giriş-çıxışında xüsusi tağlar tikilib və kənddə ümumi abadlıq işləri aparılıb, VII əsrə aid Qala qəsri tam bərpa olunub. Qədim və çoxsaylı nümunələrlə zəngin Azərbaycan memarlığının bu nadir incilərinə yeni həyat verilməsi, buradakı Arxeoloji-Etnoqrafik Muzeyə dünyanın hər tərəfindən çoxsaylı turistlərin gələrək Azərbaycan mədəniyyəti ilə tanış olmaları qürurvericidir. Ölkə rəhbərliyinin və energetiklərimizin Azərbaycan mədəniyyətinə bəxş etdikləri həmin işıq daim öz güclü ziyası ilə bugünümüzü və gələcəyimizi işıqlandırmaqda davam edəcəkdir!

 

Elbay QASIMZADƏ,

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri,

Beynəlxalq Memarlıq Akademiyasının akademiki, professor.

Şöhrət SƏlimov,

“Memar” jurnalının redaktoru.

 

Respublika.- 2020.- 15 aprel.- S.5.