NƏRİMAN NƏRİMANOV - 150

 

(əvvəli 16, 18, 19, 20, 22, 23, 25, 28, 29 fevral,

 

1, 3, 5, 7, 8, 11, 12, 13, 14, 15, 17, 18, 19 mart,

 

7, 8, 9, 10, 11 və 12 aprel tarixli saylarımızda)

 

 

 

Bu “üzdəniraq ziyalılar” Azərbaycan xalqının zəngin musiqi mədəniyyətini, ədəbiyyatını, onun tarixi inkişaf yolunu bilmədiklərinə görə musiqili-dramatik əsərlərə göydəndüşmə hadisə kimi yanaşırdılar. Halbuki Azərbaycanda belə əsərlərin yaranması üçün milli zəmin vardı.

Azərbaycanda milli opera və operetta M.F.Axundovla başlayan realist Azərbaycan dramaturgiyasının və zəngin xalq musiqi mədəniyyətinin gözəl ənənələri əsasında yaranmışdı. Məhz buna görə də ciddi dram əsərini musiqili-dramatik əsərə qarşı qoymaq milli mədəniyyətin inkişafına maneçilikdən başqa bir şey deyildi.

Azərbaycan opera sənətinin banisi Ü.Hacıbəyov haqlı olaraq yazırdı ki, xalqa yüz il “Nadir şah” faciəsinə baxıb sonra “Leyli və Məcnun” operasını eşitməyi tövsiyə etmək tamamilə yanlışdır: “Mütəfəkkirimiz N.B.Vəzirovun komediya və dramları, Haqverdiyevin, H.B.Vəzirovun və başqalarının digər əsərləri, ruscadan və xarici dillərdən bir çox tərcümələr, türk dilindən iqtibaslar hələ opera və operettaların meydana gəlməsindən xeyli əvvəl həyatımıza mənəvi-bədii cəhətdən xidmət edirdi, indi opera və operettalar yarandıqdan sonra da bunlarla birlikdə xidmət etməkdədir, dramın geri qalması nəzərə çarpırsa, bunun başlıca səbəbi müsəlman teatrının olmamasıdır”.

“Arşın mal alan və operettalarımız” adlı məqaləsində N.Nərimanov opera və operettaya insanların əxlaqını yaxşılaşdıran, tamaşaçı kütləsini ibrətləndirən bir tərbiyə məktəbi kimi baxırdı. Ona görə də opera və operetta yazanların, aktyorların nəzərini bu məsələyə yönəldir, onlardan “tənqid əqli” hələ inkişaf etməmiş adamların səviyyəsini, xalqın milli xüsusiyyətlərini, əxlaq normalarını nəzərə almağı tələb edirdi. N.Nərimanov aktyorların bəzən gülüş xatirinə tamamilə süni, şit və qondarma hərəkətlərini pisləyirdi. Əlbəttə, musiqili-dramatik əsərlərdəki komik ünsürləri, “yüngül” hərəkətləri N.Nərimanov rədd etmirdi. O, istər opera, istərsə də operettada tərbiyəvi məna, həqiqətə uyğunluq, həyat hadisələrinə real münasibət axtarırdı. Məhz buna görə də N.Nərimanov “Əlli yaşında cavan”, “O olmasın, bu olsun” operettalarına bu meyarla yanaşır, onların traktovkasında aktyorların qondarmaçılığına, süniliyə yol vermələrinə qarşı çıxırdı.

N.Nərimanov kütlələrin mənəvi-əxlaqi tərbiyəsinə opera və operettanın ciddi təsirini nəzərə alaraq yazıçıdan novator olmağı, “camaatın əxlaqına” müsbət təsir bağışlayan, xalqın həyatı, adət-ənənəsi, milli ruhu ilə bağlı olan surətlər yaratmağı tələb edirdi. O, dram sənətinin geriliyini musiqili dramatik əsərlərin meydana gəlməsi ilə izah edənlərə və yenicə dirçəlməkdə olan opera mədəniyyətini gözdən salmağa çalışanlara qarşı amansız mübarizə aparırdı. N.Nərimanov opera və operettanı düzgün qiymətləndirə bilməyənlərə üz tutub deyirdi: “Əbəs yerə “opera” səhnəni korladı və dramanı öldürdü deyib, dad və fəryad edirik. Qeyri millətlərdə opera yoxmu, nə üçün dramaları yaşayır və tərəqqi edir? Operanın özünəməxsus adamları olan kimi dramanın da adamları vardır. Fəqət drama istəyənlər səhnədə ruhlarına, ağıllarına yem gözləyirlər. Bunu da elmi qüvvətlə meydana gətirmək olar. Bu qüvvətdən hələ bizdə yoxdur”.

N.Nərimanov səhnənin təhlükəli vəziyyətdə olduğunu öz müasirlərinə ürəkağrısı ilə bildirirdi. Ən böyük bədbəxtliyi aktyorların xüsusi teatr məktəbi görməməsi və teatr cəmiyyətlərinin mədəni səviyyəsinin çox aşağı olması ilə izah edirdi. O yazırdı: “Hacı Qara” kimi məşhur gözəl bir pyesa “Əsli və Kərəm” operasının yarısından-yarısını qazanmayır. Bu əhvalat “Hacı Qara”nın ölməsini göstərmir. “Müfəttiş” ölməyən kimi, “Hacı Qara” da ölməyəcəkdir. Fəqət biz “Hacı Qara” özümüz müvəqqəti öldürürük. İyirmi il bundan müqəddəm “Hacı Qara”nı oynadığımız kimi, indi də oynayırıq, yəni demək istəyirik, bu yolda tərəqqi görünməyir, bir nöqtədə dayanıb durmuşuq... Daha doğrusu, bu iyirmi ilin ərzində camaatımız teatr məsələsində tərəqqi edirkən artistlərimiz bir nöqtədə dayanıb durublar. İyirmi il bundan müqəddəm “Hacı Qara” səhnədə atılıb-düşməklə camaatı məmnun edirdi. İndi isə camaat teatrı sevir, teatra öz ayağı ilə gəlir, yəni teatrdan bir şey əxz etmək, bir şey öyrənmək istəyir. Bunu teatr verməyəndə, ikinci dəfə, əlbəttə teatra getməyəcəkdir. Fəqət xüsusi bir məktəb görmüş aktyorlar dramaya ruh və can verib hər zaman tərəqqisinə çalışırlar. O vaxt nəinki “Leyli və Məcnun”, hətta “Karmen” kimi bir operadan da qorxusu yoxdur”.

Məlumdur ki, N.Nərimanov sənətə, ədəbiyyata “əsasən qazanc” mənbəyi kimi baxan teatr xadimlərinə və aktyorlarına qarşı amansız olmuşdur. O, 1906-cı ildə yazdığı “Cümələr oynayan teatrçılara açıq məktub”unda xalqın etimadından sui-istifadə edən xalturaçı aktyorları “quzu cildinə girmiş canavar” adlandırmış, onların xalq sənətinə, teatr mədəniyyətinə xəyanətini ictimai bəla hesab etmiş, xalqın tərbiyə ocağı olan teatrda özbaşınalığın və alverçilik məqsədi güdməyin təhlükəli olduğunu bildirmişdi.

Azərbaycan musiqili teatrının yarandığı ilk dövrlərdən N.Nərimanov onun fəaliyyətini böyük diqqətlə izləyirdi. Bu teatrın istər opera, istərsə də musiqili komediya janrını milli mədəniyyətin inkişafında yeni hadisə kimi qiymətləndirirdi. Çünki xalq yaradıcılığı və realist dramaturgiya zəmini əsasında dirçələn musiqili teatr dövrün qabaqcıl demokratik hərəkatı ilə sıx bağlı idi.

Ü.Hacıbəyovun əsərləri kütlələrin məfkurəvi inkişafına ciddi təsir göstərir, onlarda yüksək zövq və nəcib duyğular tərbiyə edirdi. N.Nərimanov musiqili teatrın yaradıcısı olan bu istedadlı sənətkarın nadir incilər yaradacağına inanırdı. Ə.M.Əhliyev kimi ziyalılar Ü.Hacıbəyovu “ibtidai sənət” üsullarından istifadə yolu ilə əsərlər yaradıb, milli mədəniyyətin inkişafında “vacib mərhələni” sıçrayışla keçməkdə taqsırlandırır, dram teatrının düşdüyü böhranı musiqili teatrın meydana çıxması ilə izah edirdilər. N.Nərimanov Ü.Hacıbəyovu hörmətdən salmağa çalışan mürtəce fikirli ziyalıların bu cür əsassız ittihamlarını rədd edərək yazırdı: “Mən doğrusu opera və operettaya düşmən olanlardan deyiləm. Hətta keçən məqalələrimin birində bir çox adamlara cavab olaraq yazmışdım: opera və operetta heç bir vaxt dramanın ölməyinə səbəb olmaz. Dramanın ölməyinə səbəb artistlərimizin elmsizliyi olacaqdır... Bu nöqteyi-nəzər ilə səhnəmizə baxılır isə demək olur ki, opera və operettalarımız daha artıq tərəqqi edəcəklər. Çünki Üzeyir bəy cənabları oxuduğu elmin səbəbinə daha gözəl operalar meydana gətirəcəkdir. Hər halda qeyri əsərlərə nisbətən hal-hazırda Üzeyir bəyin əsərləri böyük ümid yolu açır, bu yolda Üzeyir bəyin daha artıq tərəqqi etməyini qəlbdən istəyiriz”.

N.Nərimanov musiqili-dramatik əsərlərdə xəlqiliyi və ideyalılığı yüksək qiymətləndirir, onun tərbiyəvi-əxlaqi cəhətlərinə tələbkarlıqla yanaşırdı. O, Ü.Hacıbəyovun “Əsli və Kərəm” operasını bəstəkarın ən yaxşı əsəri hesab edir və yazırdı ki, “atalar sözü mənasını saxlayan kimi “Əsli və Kərəm” hekayəsi də Üzeyir bəyin operasında əsl mənasını itirməmiş”dir. N.Nərimanova görə xəlqilik sənət əsərinin əsas şərtlərindən biridir. “Əsli və Kərəm” operasının süjeti şifahi xalq ədəbiyyatından götürüldüyü üçün bu əsərdə xalq ruhu, elin müdrikliyini ifadə edən “əsl məna” saxlanmışdır. Azərbaycan mədəniyyətinə, tarixi keçmişinə dərindən bələd olan N.Nərimanov şifahi xalq ədəbiyyatını təsadüfən “elin güzgüsü” adlandırmırdı. O, qədim dövrlərdən bəri əzabkeş insanın sevincini, kədərini, ürək çırpıntısını, arzusunu, hətta heyrətamiz zəkasını belə özündə hifz edib saxlamış bu mənəviyyat salnaməsində xalq ruhunu, xalqın fikir və əqidəsini görürdü.

“Əsli və Kərəm” dastanında Azərbaycan və erməni xalqı arasında din xadimlərinin törətdikləri ayrı-seçkiliyə dərin etiraz vardır. İki qonşu xalqın mehriban dostluq həsrəti, bir-birinə səmimi münasibəti, din xadimlərinə qarşı nifrəti ilk dəfə bu dastanda dolğun bədii ifadəsini tapmışdı. Əsli və Kərəm milli, istərsə də dini ayrılığa etina etmədən bir-birini ülvi məhəbbətlə sevirlər.

Kərəmin sevgisi təmiz və müqəddəsdir. Əsliyə qovuşmaq onun idealıdır. O, öz idealı yolunda həlak olur. Bu dastanda incə mətləb, gözəl və dərin xalq hikməti olan təmiz və müqəddəs əqidə, ideal nəsildən-nəslə yadigar qalmışdır.

N.Nərimanov yazıçıdan xalqın tarixi keçmişini, mədəniyyətini, adət-ənənəsini mükəmməl bilməyi tələb edirdi. Yazıçı xalq həyatını bilməsə, şifahi ədəbiyyat nümunələrində xalqın hikmətli, mənalı fikirlərini duya bilməz. N.Nərimanovun mülahizələrindən aydın olur ki, Ü.Hacıbəyov həssas sənətkar qəlbi ilə gözəl sənət əsəri yaratmışdır. O, “Əsli və Kərəm” operasında xalq dastanının ruhunu, gözəlliyini və əsas ideyasını qabarıq vermiş, xalq musiqi və mahnılarından məharətlə istifadə edə bilmişdir.

Şifahi ədəbiyyatın nadir nümunələrindən yaradıcılıqla deyil, kopiya və ya təhrif etməklə səhnə əsəri yazanlara N.Nərimanov etimad bəsləmirdi; ədəbiyyata və sənətə düz ilqarla, təmiz ürəklə yox, ancaq şəxsi mənfəət xatirinə gələn belə yazıçılan “dilənçi” hesab edirdi. H.Şərifovun “Şahzadə Əbülfəz” dastanı əsasında yaratdığı “Mehri və Mah” operası haqqında onun yazdığı tənqidi qeydləri bu cəhətdən səciyyəvidir. Həmin opera məzmunu etibarilə “Əsli və Kərəm” operasını xatırladır. N.Nərimanov “Mehri və Mah”, yaxud “Əsli və Kərəm”in astarı” sərlövhəli məqaləsində bu operanı müvəffəqiyyətsiz əsər kimi ciddi tənqid edir, göstərir ki, H. Şərifov xalq yaradıcılığından istifadə zamanı ən zəruri şərtləri belə gözləmədiyi üçün “elin əsərini, daha doğrusu onda olan nazik mətləbi ya düşünməyibdir, yainki düşünübsə də, haman mətləbi gizlədibdir”. Şifahi xalq ədəbiyyatı ilə bağlı məziyyətlərini və gözəl təsirini itirmiş opera sönük çıxmışdır.

Əlbəttə, tənqidçi “Mehri və Mah” operasına birtərəfli yanaşmırdı. O, operanın librettosunu musiqisi ilə vəhdətdə götürürdü. N.Nərimanova görə, süjeti şifahi xalq ədəbiyyatından alınmış operanın musiqisi xalq motivlərinə əsaslanmalıdır. O yazırdı: “Musiqi cəhətdən gəlincə, cənab Slavinski musiqidə mahir adamdır. Qəm, dəhşət, məhəbbət, səadət nə olduğunu sözsüz cənab Slavinskinin musiqisindən hiss etmək olar... Fəqət el havacatilə pərvəriş tapan el əsərində el havasını da istərdik”.

N.Nərimanov sənətdə xəlqilik və realizm prinsiplərini müdafiə edir, xalq həyatının mənəvi tələblərinə və cəmiyyətin mədəni tərəqqisinə xidmət edən əsərlərə yüksək qiymət verirdi.

Məlum olduğu kimi, mütəfəkkir ədib C.Məmmədquluzadənin “Ölülər” əsəri 1916-cı ildə Bakıda ilk dəfə tamaşaya qoyulduğu zaman böyük mübahisə doğurmuşdu. “Ölülər” bütün Şərqin cəhalət aləminə və patriarxal-feodal münasibətlərinə kəskin ittihamnamə idi. Dinpərəst ziyalılar əsəri gözdən salmağa - onun ifşaedici ideyasını, bədii təsirini şübhə altına almağa çalışırdılar. Lakin mütərəqqi ictimaiyyət “Ölülər”i mədəniyyət tariximizdə böyük hadisə hesab edir, əsərin ideyasını, sənətkarlığını və ictimai əhəmiyyətini yüksək qiymətləndirirdi.

N.Nərimanov, N.Vəzirov, S.M.Qənizadə, H.Cavid və Ü.Hacıbəyov “Açıq söz” qəzetində “Ölülər”in ilk tamaşasından aldıqları təəssüratı dərc etdirdilər. Onlar “Ölülər”in “ölü fikirləri” diriltməsinə (S.M.Qənizadə), “cahil şeyxlərin təəssüb və şarlatanlığını” kəskin qamçılamasına (N.Vəzirov) və “Qoqol satirası ruhunda, sənətkarlıqla, mahiranə bir incəliklə” yazılmasına (H.Cavid) böyük əhəmiyyət verirdilər. Onlar faciədə Şərq cəhalətinin və köhnə adət-ənənənin cəsarətlə ifşa edilməsini nəzərdə tutaraq bu əsəri “Molla Nəsrəddin” kimi “baltanı dibindən vuran bir pyesa” (ü.Hacıbəyov) hesab edirdilər.

N.Nərimanov mübariz ideyalı, dolğun məzmuna malik “Ölülər” dramının ozamankı şəraitdə böyük ictimai-tərbiyəvi təsirinə inanırdı. O yazırdı: “Artıq dərəcədə məharətlə yazılmış, məzmunu eynən həyatımızdan götürülmüş, ideyası inqilabi bu drama müsəlmanların həyatında böyük rollar oynayacaqdır: paslanmış beyinləri pasdan təmizləyib ölmüş ruhlara can verəcəkdir”.

N.Nərimanovun “Ölülər” pyesinə inqilabi ideyalı əsər kimi yanaşması “Yeni iqbal” qəzetinin naşiri Oruc Orucovu və onun həmfikirlərini narazı salmışdı. O.Orucov “Ölülər” haqqında bir mülahizə” adlı məqaləsində əsərin mahiyyətini düzgün başa düşmədiyindən onun ideyasını, sənətkarlığını və ictimai-psixoloji təsirini inkar edirdi. N.Nərimanov əsərin ictimai-ədəbi aləmdə inqilabi dönüş yaratmasına şübhə ilə yanaşanlara cavab vermək üçün ayrıca bir məqalə də yazmışdı. Lakin “Yeni iqbal”ın əməkdaşları həmin məqaləni çap etməkdən imtina etmişdilər. N.Nərimanov “Yeni iqbal”ın “Ölülər” faciəsinə qarşı tutduğu əks-mövqeyə görə bu qəzetdə əməkdaşlıq etməyi “məsləkinə müvafiq” bilməmişdi. O, “Açıq söz” qəzetinə göndərdiyi məktubunda yazırdı: “Bundan sonra Orucovun “Yeni iqbal” qəzetinə yazmağı məsləkimə müvafiq görmürəm, ona görə ki, mayın 2-də səhər, “Yeni iqbal”ın 298-ci nömrəsi hələ çıxmamış mən “Yeni iqbal” idarəsinə gedib “Ölülər” əsərinə dair verdiyim balaca məqalənin bu vaxtadək çap olunmamağının səbəbini sorduqda “Yeni iqbal”ın xozeyni Orucov cənabları dedi:

- Görünür, məqalənizi layiq görmədik.

- Əfəndim, qəzetin baş mühərriri kimdir, sizmi, yainki bir qeyrimi?

Mənim sualıma Orucov belə cavab verdi:

-Heç sizə lazım deyil biləsiniz qəzetimizdə baş mühərrir kimdir.

İndi cənab Orucovun məqaləsindən (“Yeni iqbal”, 298) görünür ki, “Ölülər” barəsində Orucov qeyri bir təsəvvürdə imiş, ona görə də mənim məqaləmə yol verməmiş. Hərgah doğrudan da cənab Orucov qəzet nə olduğunu düşünsəydi və qəzetin həmişəlik mühərriri ilə küçədən hoppadan idarəyə gələn mühərrirə fərq qoysaydı, mənim məqaləmi lazımsız bir şey kimi karzinkaya tullamazdı, bu sözləri deməzdi. Qoy bundan sonra “Yeni iqbal” oxucuları bilsinlər, “Yeni iqbal”a ruh verən kimdir”.

N.Nərimanovun dövri mətbuatda çıxan publisist, elmi-kütləvi, ədəbi-tənqidi məqalələri Azərbaycan ictimai fikrində inqilabi-demokratik meyillərin güclənməsinə ciddi təsir göstərirdi. Onun ayrı-ayrı ədəbi məclislər təsis etməsi, qabaqcıl ideyalı ziyalılarla bərabər, xəlqilik və realizm uğrunda inadla mübarizə aparması da bu baxımdan səciyyəvi idi.

“HÜMMƏT”in REDAKTORU VƏ

İCTİMAİ XADİM (1917-1918-ci İLLƏR)

1. “Bütün cahan füqərayi-kasibəsi, birləşiniz!”, “Hümmət” qəzeti, Bakı, 3 iyul 1917-ci il, “Hümmət” döyüşə çağırır: “Bütün hakimiyyət sovetlərə!”

Təlatümlü 1917-ci ilin mart ayında Azərbaycanın bir sıra şəhər və kəndlərində yığıncaq və nümayişlər keçirilirdi. Çar mütləqiyyəti devrilmişdi. Bu hadisədən martın 2-də xəbər tutan Bakı bolşevikləri on minlərlə fəhlə və kəndlini siyasi həyata cəlb etmişdilər. Gərgin, təlatümlü günlərdə N.Nərimanov gizli inqilabi fəaliyyət şəraitindən çıxıb, zəhmətkeş kütlələri bolşeviklər ətrafında sıx birləşdirmək uğrunda yorulmadan çalışırdı. O, fəhlə və kəndlilərə siyasi hadisələrin mahiyyətini başa salır, onları köhnə dövlət üsuli-idarəsini dağıtmağa, xalqın iradəsini həyata keçirə bilən Fəhlə və Əsgər Deputatları Sovetləri yaratmağa çağırırdı.

Bu dövrdə Bakıda bolşevik “Hümmət” təşkilatının fövqəladə konfransı çağırıldı. Konfrans siyasi şəraitin mürəkkəbliyini nəzərə alaraq azərbaycanlı fəhlə və kəndliləri “Hümmət”in bayrağı altında proletar diktaturasının qələbəsinə doğru aparan uğurlu yola çıxarmağı qərara aldı, müvəqqəti komitə yaratdı. N.Nərimanov “Hümmət” təşkilatı müvəqqəti komitəsinin sədri seçildi. M.Əzizbəyov, H.Sultanov, D.Bünyadzadə, M.İsrafilbəyov, bir müddət sonra isə Y.Məlikov, A.B.Yusifzadə, B.Sərdarov, Ə.Axundov, Ə.C.İsmayılov, R.Nağıyev və b. komitənin tərkibinə daxil edildilər.

N.Nərimanov hümmətçilərin müstəqil inqilabi fəaliyyətinin səbəbini belə izah edir: “Konfrans hərtərəfli, geniş müzakirədən sonra “müsəlman kütlələrinin psixologiyası” və “Hümmət”in öz tarixi olduğunu nəzərə alaraq səs çoxluğu ilə qət etdi ki, “Hümmət” adı saxlanılsın”.

Bakı partiya komitəsi müsəlman fəhlələri arasında təbliğatı gücləndirmək və xalqla sıx əlaqə saxlamaq üçün Azərbaycan dilində qəzet nəşr etməyi qərara alır.

Hümmətçilərin 1917-ci il iyun ayının 16-da keçirilən yığıncağı Bakı komitəsinin təklifini bəyənərək xüsusi bolşevik mətbəəsi yaratmağı təxirəsalınmaz vəzifə hesab etdi. Lakin mətbəə avadanlığı, kağız, rəng, şrift və s., eyni zamanda mütəxəssis tapılmırdı. Buna baxmayaraq, çox böyük çətinliklə də olsa, hümmətçilər qəzeti yenidən çıxara bildilər. Bolşevik “Hümmət”in 1917-ci ilin iyul ayının 3-də Bakıda, “Turan” mətbəəsində çapdan çıxan dörd min nüsxə ilk buraxılış nömrəsi bütün Azərbaycana yayıldı. N.Nərimanovun rəhbərliyi ilə nəşr edilən qəzetin redaksiya heyətinin tərkibində M.Əzizbəyov, S.M.Əfəndiyev, T.Şahbazi, D.Bünyadzadə, B.Şahtaxtinski, Y.Məlikov kimi görkəmli inqilab xadimləri vardı.

N.Nərimanov “Hümmət”in birinci nömrəsində yazdığı “3 iyul 1917” sərlövhəli baş məqalədə bolşevik “Hümmət” təşkilatının Rusiya sosial-demokrat fəhlə partiyasından ayrılmaz olduğunu bildirirdi. Bolşevik “Hümmət” təşkilatı öz məqsəd və tələblərini qəzetdə şərh edərək müsəlman fəhlə və kəndlilərini, “vicdanları oyanmış ziyalıları” “Hümmət” partiyasının bayrağı ətrafında sıx birləşməyə çağırır, hamıya bildirirdi ki, “Hümmət” təşkilatı öz bayrağının üstündə “Marksın və Engelsin gözəl, məşhur sözlərini yazıbdır: “Bütün cahan füqərayi-kasibəsi, birləşiniz!”. Ona görə də bu firqə var qüvvəti ilə indiki kapitalizm, sərmayədarlıq qaydasını bilmərrə yıxmağa çalışıb onun əvəzində sosializm qaydasını tikməyə var qüvvəti ilə işləyəcəkdir və işləyir, yəni bir üsul-idarə tikmək istəyir ki, insanlar arasında dövlətli-kasıb, ağa-qul olmasın, hamı bərabər qardaş olsunlar... Budur “Hümmət”in bayrağında yazılan tələblər”.

“Hümmət” təşkilatının əsas məqsədi və tələbi qəzetin siyasi istiqamətini, məramnaməsini müəyyən edirdi. “Hümmət” qəzeti fəhlə və zəhmətkeşlərin hüququnu müdafiə etməklə bərabər, inqilabın tufanlı günlərində onlara doğru yol göstərməyi özünə borc bilirdi. O yazırdı: “Yolumuz artıq dərəcədə tikanlı və məşəqqətli olsa da, ali, müqəddəs məsləkimiz kirdarımızın artmağına səbəb olur. Bizim məsləkimiz bütün insanları birləşdirməkdir və biz deyirik: hamı millətlər üçün məqsəd - ideal birdir; bu ideal hamı millətləri qardaşlığa dəvət edir”.

“Hümmət” qəzeti Rusiya ərazisində yaşayan müsəlmanlar arasında bolşevik taktikasının mahiyyətini şərh edir, beləliklə, kütlələri sosialist inqilabının qələbəsi uğrunda döyüşlərə hazırlayırdı. Qəzet ilk nömrəsindən başlayaraq bolşevik proqramını həyata keçirirdi. Odur ki, Azərbaycanın hər yerində zəhmətkeş kütlələr onu özlərinin sevimli qəzeti hesab edirdilər. Azərbaycan kəndlilərinin “Hümmət” redaksiyasına göndərdikləri məktublardan birində deyilirdi: “Biz yaxşı bilirik ki, “Hümmət” qəzeti bizim üçün çox böyük nemətdir və çox yaxşı mənfəətli işlər görə bilər. Əvvəla, hər yerdə fəhlə və zəhmətkeş qardaşlarımızı ayıldıb öz hüquqlarını qandıracaq; ikinci, Rusiyanın inqilabından bizə doğru xəbər verəcək və qeyri yerlərdə olan fəhlə və zəhmətkeş qardaşlarımızın dərdindən xəbərdar edəcək. Onda hamımız bir səs və bir qüvvə ilə onlara kömək edə bilərik”.

“Hümmət” qəzeti xalqın böyük etimadını doğrultdu: ən mürəkkəb ictimai-siyasi şəraitdə azərbaycanlı, tatar və ləzgi zəhmətkeş kütlələrinin bayraqdarı, yaxın məsləhətçisi oldu. Hələ gənc yaşlarından milli mətbuat yaratmaq həsrətini çəkən N.Nərimanov “Hümmət” qəzetini Azərbaycanın fəhlə və kəndlilərinin əsl mübariz silahına çevirmişdi. 1917-1918-ci illərdə “Hümmət” yalnız Zaqafqaziyada deyil, bütün Rusiya ərazisində Azərbaycan dilində çap olunan yeganə bolşevik qəzeti idi. Müsəlman aləmində inqilabi ideyaları təbliğ edən bu qəzetin qarşısında böyük vəzifələr dururdu. N.Nərimanov inqilabın taleyi həll olunduğu günlərdə zəhmətkeş kütlələri Sovet hakimiyyəti uğrunda mübarizəyə səfərbər etmək üçün həftəlik “Hümmət” qəzetini gündəlik qəzetə çevirmişdi (“Hümmət” qəzetinin ilk 36 nömrəsi həftəlik, 8 nömrəsi günaşırı, sonrakı 70 nömrəsi isə gündəlik olmuşdur. Qəzetin 16 ilk nömrəsi dörd səhifə, qalanları iki səhifə buraxılmışdır).

 

 

 

(davamı növbəti saylarımızda)

 

Respublika.- 2020.- 15 aprel.- S.6.