UNUDULMUŞ TARİXİMİZİN
YENİ SƏHİFƏSİ
Müsahibimiz Sənətşünaslıq
doktoru, professor Rafiq İMRANİdir
–Rafiq müəllim, bizim redaksiyaya xoş gəlmisiniz. Sizin Qars şəhərində “Anı” qədim ziyarətgah haqqında qaldırdığınız məsələlər Azərbaycan mətbuatında ilk dəfədir. Siz musiqişünassınız tarix və arxeologiya ilə bağlı qaldırdığınız bu məsələ necə oldu ki, Sizin diqqətinizi çəkdi?
–Mən 7
ildir ki, Qarsda Konservatoriyada professor olaraq
çalışıram. Eyni zamanda Kafkas Universitetində
“Geleneksel Aşık Sanatı və Ədəbiyyatı
Uyqulama və Araştırma Mərkəzi”nin
müdürüyəm. Bu illər ərzində
keçirdiyim Beynəlxalq Simpoziumlar və Konqrelerin
başkanı olaraq Qarsa gələn alim və tədqiqatçıları
Qarsın tarixi yerlərinə gəzintiyə aparardıq.
Açıq havada olan qədim “Anı” dini
ocaqlar memarlıq kompleksi diqqətimi çox çəkmişdi.
Çünki, onun yaxınlığında Zərdüşt
dininə etiqad edən kəndin olması, Anı kəndində
halayçıların Türkiyədə fərqli, özlərinə
məxsus bir təzdə orijinal halay oynamaqları mənim bu
tarixin və mədəniyyətin öyrənilməsinin zəruri
olması istəyindən irəli gəlirdi. Bunun
üçün Anı haqqında məlumatları toplamaq
fikri məni rahat buraxmırdı. Bu məqsədlə
Anı tarixini, orada aparılan arxeoloji araştırmaları
öyrəndim. Mənim elmi
araştırmalarım həmişə musiqi, muğam,
Aşıq sənəti və Türk xalqlarının
folklorunun tarixi və elmi-nəzəri əsasları idi.
Bu baxımdan Azərbaycanın, doğma
Türkiyəmizin tarixi həmişə mənim maraq dairəmdə
olmuşdur. Anı haqqında topladığım bilgilərdə
gördüm ki, onun etimologiyası yanlış olaraq “su” mənasında
verilmiş və orada olan Zərdüştlüklə
bağlı tapınaq(sobalar) demək olar
ki, unudulmuş halda idi. Əvəzində
xristian kilsələrinə sahib çıxan hayların (ermənilərin)
təbliğat maşını hesabına Qarsda elə bir
fikir formalaşmışdır ki, xristian kilsələrinin
erməni kilsələri olduğuna inanılırdı.
Sözsüz ki, “Anı”da Zərdüşt
tapınağının olması faktı ermənilərə
tarixi öz xeyirlərinə təhrif edib yazmaq istəyinə
mane olurdu. Ona görə də Zərdüşt
tapınağı alimlər tərəfindən xüsusi tədqiqata
cəlb olunmamışdır. Onu da təəssüf
hissi ilə qeyd edək ki, Azərbaycan, Türk, Avropa alimləri
də qədim Zərdüşt dininin izi olan od,
atəş yandırma sobalarına xüsusi diqqət verməmişlər.
Turizmə dair məlumat xarakterli broşürlərdə,
bəzi kitabçalarda keçici olaraq sadəcə
tapınağın adı keçir. Anı da olan onlarla
adın Türklərlə bağlı olmasına baxmayaraq
haylar həyasızcasına “Anı”nın qədim Ermənistanın
paytaxtı olması məsələsini tarixi kitablarına
salmışlar, hətta Türk yazarlarının da bəziləri
bunu erməni yazarlarının fikrinə əsasən təkrar
etmişlər. Bunları gördükdən sonra uzun illər
“Anı” da fotolar çəkib Amerikada, Kanadada, Avropada, Ermənistan
və Gürcüstanda, Türkiyədə sərgilər təşkil
edən Qarslı professional fotoqrafçı, Qars
Kültür və Sanat dərnəyi başkanı Vedat
Akçayözlə əməkdaşlıq edib “Anı”
kompleksinin həqiqi tarixi üzərində məsləhətli
araştırmalara başladıq.
–Rafiq
müəllim, söhbət əsasında Siz adını
çəkdiyiniz Vedat Akçayöz ilə birlikdə bir
neçə ay bundan əvvəl Bakıya gəlmişdiniz və
“Respublika” qəzeti redaksiyasını da ziyarət
etmişdiniz. Bakıya gəlməkdə məqsədiniz
nə idi?
–Teymur
müəllim, Xalq şairimiz Bəxtiyar Vahabzadənin gözəl
və dəyərli şeirləri arasında “Azərbaycan-Türkiyə”
şeirində belə misralar var; “Ana Yurdum, Ata Yurdum, Azərbaycan-Türkiyə”.
Həqiqətən də, bizim üçün
Azərbaycan ana yurdumuzdur, Türkiyə isə ata yurdu. Hər iki ölkənin tarixinə, mədəniyyətinə
uzanan xain əllərini biz tədqiqatçılar nəin
hesabına olursa olsun kəsməliyik. Bu
bizim vətənə, millətimizə olan mənəvi
borcumuzdur. Mən Qarsda Vedat Akçayözün illər
boyu öz hesabına tez-tez “Anı” dini-memarlıq kompleksinə
tədqiqatlara və foto çəkilişlərə
getdiyinin şahidi oldum və onun da öz sərgilərini
Avropa ölkələrində, Gürcüstanda və Ermənistanda
keçirtdiklərinin şahidi olduqdan sonra ondan soruşdum ki,
bəs Azərbaycanda niyə sərgi qurmadın? Cavabında o
dedi ki, Ermənistanın və Gürcüstanın dövləti,
Mədəniyyət Nazirliyi və baş Katalikozu, məni
“Anı” ilə bağlı sərgi nümayiş etdirmək
üçün bir neçə dəfə ölkələrinə
dəvət etdilər. Ermənistan isə
düz 9 dəfə məni dəvət edib. Azərbaycandan isə kimsə maraqlanmadı və dəvət
də etmədi. Bu sözdən sonra mən ona dedim ki, mən
rəsmi dövlət adamı olmasam da, bir azərbaycanlı
kimi səni Bakıya dəvət edirəm və gedək həm
bizim rəsmilərlə görüş, həm də
Suraxanıda olan Atəşpərəstlik kopleksini gör. Sözün düzü onu dəvət etməkdə
əsas məqsədim “Anı” dini-memarlıq kompleksində
olan Zərdüşt tapınağının Azərbaycanla
bağlı olub-olmamasını Azərbaycan alimlərini
elmi-tədqiqatlara cəlb etmək yolu ilə öyrənilib
ortaya çıxarmaq oldu. F.Rzayevin əsərində və
digər 1590-cı il Naxçıvan arxiv sənədlərində
Qarsın, İqdırın, Ərdahanın Naxçıvan qəzasına
bağlı olması vaktları mənə ip ucu olaraq əsas
verirdi ki, “Anı”da olan Zərdüşt tapınagının
Azərbaycanla da bağlı olması tədqiqatlar nəticəsində
üzə çıxacaq. Həmkarımız
Vedat Akçayöz “Anı” ilə bağlı həm də
bir kitab həcmində folklor örnəkləri
toplamışdır. Bu məqsədlə fikirləşdim
ki, Azərbaycan və Naxçıvan Milli Elmlər Akademiyasının
tarixçi, arxeoloq, folklorçu alimlərini bu işə cəlb
etməklə Oğuz Türklərinə aid olan bu qədim ərazilərdə
yenidən Azərbaycan-Türkiyə alimlərini bir araya gətirməklə
elmi tədqiqatlara start verilsə bu iş bir çox yeni elmi
faktları ortaya çıxaracağına əmin olduğum
üçün düşündüm ki, bu təşəbbüs
Azərbaycanın tarixində unudulmuş tariximizin yeni səhifəsi
ola bilər. Öncə Azərbaycan Milli Elmlər
Akademiyasının Vitse- Prezidenti Akademik İsa Həbibbəyli
ilə əlaqə saxladıq və sonra Vedat Akçayözlə
birlikdə Bakıya gəldik. İsa
müəllim bizi çox səmimi qarşıladı və
bizim fikrimizi dinlədikdən sonra Azərbaycan-Türkiyə
alimlərinin “Anı” ilə bağlı birgə tədqiqatlarının
mümkün olduğunu və bu işə necə lazım gələrsə
yardım göstəriləcəyini söylədi. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun
direktoru Maisə xanıma, Folklor İnstitutunun direktoru Muxtar
müəllimə zəng edib bizimlə görüşlərini
təşkil etdi. Eyni zamanda Naxçıvan MEA-nın əməkdaşlarının da Azərbaycan-Türkiyə
alimlərinin birgə tədqiqat qrupuna qatılmaqlarının
zərurətinə də toxunduq. Biz səhərisi
günü AMEA-nın Folklor və Arxeologiya və Etnoqrafiya
İnstitutlarının müdiriyyəti ilə
görüşlərə getdik. Tanışlıq
üçün “Anı” haqqında Türkiyədə nəfis
şəkildə nəşr olunmuş rəngli kitabları
da hədiyyə olaraq AMEA-ya və onun hər iki İnstitutuna
hədiyyə verdik. Əvəzində
onlar da bizə öz tədqiqatları ilə bağlı nəfis
şəkildə çap olunmuş kitab və disklərini hədiyyə
etdilər. Onu da xüsusi olaraq qeyd etmək
istərdim ki, həm AMEA-nın Folklor, həm də Arxeologiya
və Etnoqrafiya İnstitutlarının müdiriyyəti və
görüşdə iştirak edən əməkdaşlar
çox yüksək səviyyədə bizi
qarşıladılar və söhbətlərimiz də
uğurlu oldu. Buna görə də yenə
Sizin qəzet vasitəsi ilə həm Maisə xanıma, həm
də Muxtar müəllimə bizim dərin təşəkkürlərimizi
bildirirəm.
Teymur
müəllim, Bakı səfərində Sizin redaksiyada və
Prezidentin İşlər İdarəsinin Prezident
Kitabxanasında olan qonaqpərvərliklə qarşılanma mərasiminə
görə Sizə və Prezident Kitabxanasının direktoru
Mayıl Əhmədova təşəkkürümüzü
bildirməyi özümə borc bilirəm.
Onu da qeyd edim ki, Bakıda Zərdüşt dini
ocağı olan Atəşpərəstlik kopleksində ilk tədqiqat
məqsədi üçün kifayət qədər tarixi
material və foto-şəkil əlavə edə bildik.
–Söhbət
əsnasında Naxçıvanda da olduğunuzu bildirdiniz.
Bu haqda nə deyə bilərsiniz?
–Bəli,
Naxçıvana gəlməkdə iki məqsədimiz var idi.
Naxçıvan MEA-nın Prezidenti Akademik
İsmayıl Hacıyevlə və Naxçıvan Muxtar
Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova
ilə görüşmək idi. Akademik
İsmayıl Hacıyevin qonaqpərvərliyi yəqin ki,
heç vaxt unudulmayacaq. İsmayıl
müəllim səmimi işgüzar görüşə elmi
əməkdaşlarını da dəvət etdi və birgə
fikir mübadiləsi nəticəsində “Anı”
dini-memarlıq kompleksində Azərbaycan-Türkiyə alimlərinin
birgə tədqiqat aparmasının zəruriliyi bildirildi.
Naxçıvan MEA-nın əməkdaşlarına, başda
Akademik İsmayıl Hacıyev olmaqla böyük minnətdarlığımızı
da Sizin qəzet vasitəsi ilə bildirmək
istərdim. Bu görüşlərdə belə
razılığa gəlindi ki, Azərbaycan-Türkiyə
iş birliyi çərçivəsində AMEA və
Naxçıvan Muxtar Respublikası EA-nın nüfuzlu alimləri
ilə T.C. Kafkas üniversitesi və
lazım gələrsə digər üniversitelerin bilim
adamları ilə birgə təşkil ediləcək elmi heyət
çərçivəsində “Anı” tarixi dini-memarlıq
kopleksi tarix, arxeologiya, etnoqrafiya və folklor sahələri
üzrə öyrənilsin.
–Bəs Naxçıvan Mədəniyyət Nazirliyi ilə
görüşünüz necə oldu?
–Naxçıvan Mədəniyyət naziri Natəvan
xanımla da səmimi, işgüzar söhbətdən
razılıqla ayrıldıq, minnətdarıq. Məlum
olduğu kimi, Qars, İqdır, Ərdahan Oğuz ellərinə
aid olub inzibati ərazi kimi Naxçıvana bağlı
olmuşdur. Naxçıvanın qədim
mədəniyyətinin bir izi də adlarını çəkdiyim
şəhərlərlə bağlı olmuşdur. Niyə
Ermənistandan Gürcüstan üzərindən tez-tez
avtobuslarla ermənilər Qarsa gəlib Qarsı,
Ərdahanı, İğdırı, Vanı gəzib bu şəhərləri
özlərinin qədim vətənləri hesab edərək
bu şəhərləri turistlərə Ermənistanın qədim
torpaqları kimi təqdim edib çalıb oynayırlar, biz isə
turizm məsələsində passiv olaraq hərəkət
edirik. Mədəniyyət Naziri ilə görüşməkdə
əsas məqsədimiz isə mənim iki musiqi əsərimin
Naxçıvanda həm “Doğma Yurdum” əsərinin kamera
orkestri ilə ifası, həm də Xalq şairimiz Bəxtiyar
Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirinə halay
üstündə yazdığım mahnının
ifasının Şərur Yallı qrupu ilə T.C. Kafkas
üniversitetinin rəqs qrupunun birgə müşayiəti ilə
qurulacaq kompozisiyada iştirakına icazə verilməsi məsələsi
idi. Fürsətdən istifadə edərək
görüş üçün vaxt ayırdığına
görə Naxçıvan Mədəniyyət Nazirinə
öz dərin minnətdarlığımı bildirmək istərdim.
Onu da etiraf edək ki, müasir dövrümüzdə
Naxçıvan İqdır əlaqələri çox
inkişaf edib. Yəni gediş-gəliş,
iqtisadi əlaqələr kifayət qədər inkişaf etməkdədir.
Belə inkişaf səviyyəsi Qarsla da davam
etdirilərsə, Qars üçün erməni təhlükəsi
sıfıra enər və əvəzində iki qardaş
dövlətin iqtisadi-mədəni əlaqələri
genişlənib vüsət alar.
–Rafiq
müəllim, ölkəmizdə və xaricdə Sizi “Azərbaycan
musiqi tarixi”ni, “Muğam Tarixi”ni, “Muğam Şumerdən
Başlayır”, “Muğam fəlsəfəsi”ni yazan ilk Azərbaycan
musiqi tədqiqatçısı kimi tanıyırlar. Siz yeni musiqi əsərləriniz barədə nə
deyə bilərsiniz?
–Teymur
müəllim, - deyə müsahibim gülümsədi, inamla
dedi— mən elmi əsərlərimə nə qədər
ciddi yanaşıramsa, musiqi əsərlərimə də bir
o qədər ciddi yanaşıram. Doğurudur,
son illər onları sənətkarlarımıza və səslənmək
üçün orkestrlərə vermirdim. Amma indi onları da səsləndirmək
üçün lazımi işlər görürəm.
Mənim “Türkün Zəfəri” adlı Çahargah
simfonik muğamım, “Doğma Yurdum” kamera əsərim,
Türkiyədə 15 Temmuz hadisəsinə ithaf etdiyim “Vatan
Sevdası”(Bir ananın vəsiəti) əsərim(sözlər
və musiqi mənə aiddir), görkəmli şairəmiz Mədinə
Gülgünün qoşmasına yazdığım “Vətən
Həsrəti”, Balaş Azəroğlunun, Söhrab Tahirin,
Hökümə Billurinin sözlərinə
yazdığım mahnı və romanslarla yanaşı Piyano
ilə Sinfonik orkestr üçün 3 hissəli “Şərq
konserti”, xor ilə orkestr üçün “Ave Mariya və
İlahi”, İki orqan üçün yazılmış
“Bayatı-Şiraz və İ.S.Bax” və s. əsərlərim
vardır. Bu əsərlər inşallah
yaxın zamanlarda Azərbaycanda və Türkiyədə səslənəcək.
–Çox
sevindiricidir, Sizin elmi işləriniz də
uğurla davam edirmi?
–Bəli.
Elmi yaradıcılıq mənim həyatımda
əsas və önəmli məsələdir. Bir an da olsun mən elmi-pedaqoji fəaliyyətdən
uzaqlaşmadım. Əksinə, Bakıda sovet
dönəmində yaşayanda internet məhdudiyyətlərindən
dolayı mənə lazım olan bir çox tarixi və musiqi
materiallarını əldə etmək mümkün deyildi.
İndi çox şükür ki, bu gün əldə
etdiyim materiallar öz unikallığına görə
seçilir. Qısa olaraq bir neçə
örnək verim. Xarici mənbələrdən
Azərbaycan və qədim Türk dünyası ilə
bağlı çoxsayda xəritələr əldə
etmişəm. Bununla yanaşı Oğuz Türklərinin
musiqi mədəniyyəti, tarixi ilə bağlı və b.e.ə.
40000-30000-ci illlərə dayanan yallı rəsmlərini,
sistra deyilən musiqi alətinin şəkillərini, tarixi
b.e.ə. 80.000 ilə dayanan Mamont sümüyündən
düzəldilmiş balaban alətinin şəkillərini
arxivim üçün əldə etdim. Musiqimizlə
bağlı əsas materiallar içərisində İraqda
muğamlar arasında “Tiflis”, “Qarabaş” İran Cənubi Azərbaycanda
Nəsrəddin şah dönəminə aid “Koroğlu” və
s. şöbələrin olması və “Misirdə” mövcud
muğamların Azərbaycanın qədim tarixi ilə
bağlı olması faktları muğamların tarixinin yeni
aspektdən işlənməsi üçün sanballı
materialları topladım. Musiqi tariximizə gəldikdə isə
qəti olaraq deyə bilərəm ki, Şumer
öncəsi, Şumer və Şumer sonrakı dövrlərə
aid topladığım çoxsaylı materiallar əsas verir
ki, Azərbaycan-Türk mədəniyyətinin dünya
xalqları arasında ən qədim sivil mədəiyyətə
malik olmasını ortaya qoyaq. Dünya musiqi mədəniyyəti
tarixinə diqqət etsək bütün mədəniyyətlərin,
o cümlədən Azərbaycan və Türk musiqi tarixi
köklərinin qədim Roma, Yunan mədəniyyətindən
götürülməsi iddia edilir. Bizim tədqiqatlar və
Türkiyədə yayınlanmış məqalələrimdə
elmi sənəd və faktlarla sübut olunmuşdur ki, Yunan səs
sistemi və ladları Yunan dövründən çox öncə,
yəni b.e.ə. 3500 il bundan qabaq Azərbaycan Saz musiqi alətinin
pərdə quruluşunda var idi. Musiqi nəzəriyyəsində
bizə anlatılan diatonik səs sisteminin
yaradıcısının Pifaqor olması nəzəriyyəsi
də bizim tədqiqatlar nəticəsində uydurma bir nəzəriyyə
olduğunu üzə çıxartdı. Bizim elmi tədqiqatlar
sübut etdi ki, dünyada yaranmış səs sistemləri
arasında ən qədimi elə diatonik səs sistemi
olmuşdur və səs sistemində birinci, alt(tonik)
səs isə “Do” səsindən yox, “Re” səsindən
başlamışdır. Bütün deyilən
faktlar elmi məxəzlərə və riyazi hesablamalara
dayanır.
Elmi əsərlərə gəldikdə isə qeyd edim ki, artıq 12 çildlik Azərbaycan-Türk musiqi tarixinin bir neçə cildinin materialları qaralama, yəni ilkin vəziyyətdə hazırlanmışdır. Sadəcə bir məsələni etiraf etməliyəm ki, istər, Azərbaycanda, istərsə də, doğma Türkiyyədə yükü çox ağır olan hər biri 600-650 s. nəzərdə tutulan 12 cildlik fundamental əsərin yazılması işində təkbaşınayam. Bir məsələni də sonda qeyd edim ki, bu gün nə ərəb, nə Türk, nə Orta Asya, nə də Azərbaycanda bir kiminsə əlində olmayan Muğam, Aşıq musiqisi, Mugam Ensiklopediyası, Geleneksel Türk Dünyası Aşık Ansiklopediyasına dair materiallar əlimizdə olsa da bu işlərin hamısını az zaman içində görmək tək adamın işi deyil. Nəsrəddin şahın dövrünə aid muğamların hamısının not nümunələri (450 səhifədən çox) əlimizdədir. təkcə Türkiyyədə çap olunmuş musiqi risalələrindən 637 makam, muğam adı toplanmışdır. Nəzərə alsaq ki, 2003-cü ildə YUNESKO-nun muğamları və 2009-cu ildə isə Aşıq sənətinin Azərbaycanın qeyri maddi, mənəvi sərvəti kimi Dünya İrs Siyahısına salınmışdır, bu materialların tezliklə çap olunub Azərbaycan xalqının mənəvi sərvəti kimi YUNESKO Dünya İrs Siyahısına salınmasının nə qədər böyük əhəmiyyəti olmasını yəqin ki, hər bir Azərbaycanl vətəndaşı yaxşı dərk edir. Sadəcə bu proyekti hansı yolla həyata keçirmək olar məsələsi hamımızı düşümdürməli və bunun icra edilməsi yoluna səy göstərilməsi gərəkir. Çünki adlarını sadaladığım sənət abidələri xalqımızın mənəvi sərvətidir.
Elmi fəaliyyətimlə bağlı fikrimizcə, bir mühüm məsələni də açıqlamaq istərdim. Dünya elmində “ümumdünya tarixi” və ya hər hansi bir xalqın tarixi araşdırılanda bir adət olaraq həmişə tarixçilər, arxeoloqlar və etnoqraflar bu işlərə cəlb olunur. Onların tədqiqatlarına kölgə salmadan bir məsələni qeyd etmək istərdik. Hər bir mütəxəssis istər tarixçi, istər axeoloq, istərsə də digər sahələrin mütəxəssisləri, ilk növbədə, öz sahələrinin gözəl biliciləridir. Misal olaraq qeyd edək ki, bir arxeoloq qazıntı zamanı qədim dövrə aid bir musiqi aləti tapırsa onu digər alətlərlə müqayisə aparıb yalnız adını söyləyə bilir. Lakin tapılan musiqi alətin hansı etnik tayfaya aid olması, onun səs sistemi, hansı mərasimlərdə və s. yerlərdə çalınması haqqında tutarlı fikir söyləyə bilmir. Ona görə də xarici ölkələrdə musiqiçilərdən təşkil olunmuş mütəxəssislər də lazım gəldikdə bu ekspedisiyalara cəlb edilir və onlara musiqi arxeoloqları deyilir. Və ya musiqi tarixçisi deyilən mütəxəssislər vardır. Azərbaycan və Türkiyə elmində belə mütəxəssislər olmadığı üçün mən 2015-ci ildə ilk dəfə beynəlxalq simpoziumda “Etnomuzopsixologiya” elminin yaradılmasının zəruriliyi haqqında çıxış etdim və onun direktivlərini hazırladım. Örnək olaraq bir misalı göstərim. Mən Şumer musiqi mədəniyyəti ilə bağlı sazın, Qafqaz rəqsinin(ləzgihəngi), Tərəkəmə rəqsinin, yallı və halayların şəkillərini əldə etdikdən sonra etnopsixologiya və musiqipsixologiyası vasitəsi ilə tədqiqatlara başladım. Və gördüm ki, hər bir xalq minillər ərzində yalnız öz mədəniyyətləri çərçivəsində etnik musiqiləri, rəqsləri yaradır. Adları çəkilən musiqi alətinin və rəqslərin nə Amerikada, nə Avropada, nə Ərəbistanda, nə də Hindistanda, Çində,Yaponiyada olmadığını gördükdə əldə edilən materialların müqayisəli təhlillərindən sonra onların Azərbaycan-Türk mədəniyyəti ilə bağlı olmasını elmi məqalələrimdə çap etdirdim. Buna görə də belə qənaətə gəldim ki, Azərbaycanın, Türkiyənin, ümumiyyətlə Türk dünyasının qədim mədəniyyətinin dəqiq şəkildə öyrənilməsində “Etnomuzopsixologiya” elminin xüsusi əhəmiyyəti və rolu ola bilər. Başqa bir örnəkdə odur ki, Almaniya ərazilərindən tapılmış kaval və ya balaban alətini dünya və alman mediyası, elmi məcmuələr onu almanlara aid edir. Axı bütün dünya gözəl bilir ki, almanlarda nə qaval aləti, nə də balaban aləti yoxdur və bu alətlər alman mədəniyyətində olmayıb. Bu baxımdan “Etnomuzopsixologiya” elmi yeni elm kimi Azərbaycanda qeydiyyatdan keçsə bu Azərbaycan elminin yeni uğuru kimi sayıla bilər. Əks halda bunun ya Türkiyədə, ya da İngiltərədə qeydiyyatdan keçməsini diqqətdə saxlayacağıq ki, bu elm dünya elmləri arasında özünün layiqli yerini tuta bilsin.
–Rafiq müəllim, Siz elmi axtarışlarınızla məni heyrətləndirdiniz. Dərin bir inamla deyə bilərəm ki, müstəqillik dövründə—yeni azərbaycançılıq konsepsiyası ilə millətimizin qədim tarixinə, musiqi sənətinə son dərəcə həssas münasibət bəsləndiyi bir məqamda ürəyinizi məşələ çevirdiyiniz işığa biganə qalmayacaqlar. Siz Vətən sevgisi ilə tariximizə yeni, ağlasığmaz cığır açırsınız. Olimpin zirvəsinə doğru yolda Sizə uğurlar arzulayıram.
–İnşallah, kaş ki,siz deyən olsun.
İcazə verin söhbətimizin sonunda Sizə minnətdarlığımı bildirim. Bakıda olmağımdan xəbər tutub məni müsahibə vermək üçün redaksiyanıza dəvət etdiniz. İnanıram ki, Azərbaycanın nüfuzlu mətbuat orqanı olan “RESPUBLİKA” qəzetinə geniş müsahibəm müvafiq elm və sənət xadimlərinin diqqətini cəlb edəcəkdir.
Müsahibəni apardı:
Teymur ƏHMƏDOV.
Respublika.- 2020.- 16 aprel.- S.4.