Xatirə muzeyi
Nəriman
Nərimanovun Bakıdakı ev-muzeyinin qayğısı ilə
Xudat şəhərində N.Nərimanov adına 2 saylı
orta məktəbdə də Xatirə muzeyi
yaradılmışdır.
Muzeyin təşkilində və yaradılmasında ən yaxın köməkçilərim və məsləhətçilərim görkəmli nərimanşünas alimlər — Vəli Məmmədov, Teymur Əhmədov, akademik Hüseyn Əhmədov mənə yaxından kömək etmişlər.
Muzey gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynamışdır. Muzeyin nəzdində fəaliyyət göstərən “Vətənpərvərlər” dərnəyinin əvəzolunmaz və yaddaqalan tədbirləri təkcə məktəblilər üçün deyil, bütün təbəqələrdən olan insanlar üçün də böyük maraq kəsb etmişdir. Muzeylə tanış olan hər bir ziyarətçi N.Nərimanovun həyat və fəaliyyəti barədə eksponatların dili ilə zəngin məlumat alırdı. Xatirə muzeyində beş minə yaxın eksponat toplamışıq. Belə ki, zəngin eksponatların toplanmasına illərlə vaxt sərf olunmuşdur. Bu mühüm işdə N.Nərimanovun Bakıdakı ev-muzeyinin əməkdaşları bizə təmənnasız olaraq 450 eksponat bağışlamış və onların elmi əsaslarla yerləşdirilməsində yaxından iştirak etmişlər. Digər eksponatların toplanması da maraqlı olmuşdur... Hələ 1953-cü ildə Ukraynanın Volnavaxa şəhərindəki “Qardaşlıq qəbiristanlığı”nda Qvardiya baş texnik-leytenantı Nəcəf Nərimanovun məzarı önündə, dekabrın sərt, çovğunlu bir günündə başıaçıq, əynində plaş olan 23 yaşlı bir gənc əlindəki vərəqi təng-nəfəs oxuyurdu... Bu gənc qadağalar dövründə N.Nərimanovun həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyətilə bağlı tədqiqatlar aparan aspirant Vəli Məmmədov idi. O, Nəriman Nərimanovun 1925-ci ildə 6 yaşlı oğluna yazdığı vəsiyyətin əlyazmasını oxuyurdu...
Vəli Məmmədov muzey yaratmaq təşəbbüsümü biləndə çox sevindi və bütün işlərin görülməsində sıfırdan başlayaraq axıradək (faciəli şəkildə həlak olana qədər) köməyini bizdən əsirgəmədi. Onun muzeyə ilk hədiyyəsi N.Nərimanovun büstü oldu. Nəcəf haqda məlumatları və eksponatları, buklet və şəkilləri isə Volnavaxa şəhər 2 N-li məktəbdən əldə etdik. Həmin məktəblə uzun müddət əlaqə saxladıq.
O dövrdə müttəfiq respublikaların Mədəniyyət nazirliklərinə müraciət edərək N.Nərimanova dair materiallar topladıq. Sonralar N.Nərimanovun şəxsi katibinin qardaşı, tanınmış pedaqoq Həbib bəy Mahmudbəyovun Moskvada yaşayan oğlu Xəlil Mahmudbəyovla əlaqə saxladıq. O, muzeyə atası ilə N.Nərimanovun birgə çəkdirdikləri fotoşəkilləri göndərdi. Yenə də mərhum V.Məmmədovun köməkliyi ilə Moskvaya - Xəlil Mahmudbəyovun evinə çəkiliş məqsədilə nümayəndə göndərilərək sənədli film üçün xatirələrimi əldə etdik. Xəlil Mahmudbəyov uzun müddət muzeyimizlə əlaqə saxladı.
O dövrdə “Kommunist” qəzetində “Leninqradlı Nəriman” adlı kiçik bir xəbərdən öyrəndim ki, milliyyətcə rus olan Nəriman adlı bir nəfər Bakıya gələn kimi N.Nərimanovun abidəsi önünə gül-çiçək dəstəsi qoyur. Ona məktubla müraciət edib, bu barədə məlumat verməsini xahiş etdim. Məlum oldu ki, atası Sergey İqnatyev N.Nərimanovun yaxın dostu olmuşdu. N.Nərimanovun qəfil ölümü çekist Sergey İqnatyevi sarsıtmış və yenicə doğulmuş oğluna Nərimanın adını verməklə dövlət xadiminin xatirəsini əbədiləşdirmişdi. Nəriman İqnatyevin də muzeyimizə təqdim etdiyi materiallar burada nümayiş olunurdu, bu da Xudatla Sankt-Peterburq (Leninqrad) arasında dostluq əlaqələrini genişləndirirdi.
Muzey əməkdaşları ilə apardığımız axtarışlar nəticəsində N.Nərimanovun adını daşıyan təhsil ocaqlarında, digər ali məktəblərdə təhsil almış, Böyük Vətən müharibəsində (1941-1945) həlak olmuş həmyerlilərimizdən Məmmədağa, Mülküm və Soltan Şəmsəddinov qardaşlarının üçkünc məktubları, fotoşəkilləri də burada nümayiş etdirilirdi. İstər 1941-1945-ci illərdə, istərsə də Qarabağ müharibəsində həlak olmuş döyüşçülər barədə də zəngin məlumatlar, eksponatlar əldə olunmuşdu. Belə ki, 1941-1945-ci illərdə əfsanəvi “Mixaylo” ilə partizan hərəkatında iştirak etmiş kəşfiyyatçı, əslən Sabirabaddan olan “Luçano” ləqəbli M.Xəlilov haqqında toplanmış fotoşəkillər, bukletlər, “Sən kimsən, Luçano” kitabı ziyarətçilərin marağına səbəb olmuşdur.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş stendin təşkilində, ədəbi-bədii gecənin keçirilməsində muzeyin əməkdaşları ilə yanaşı, məktəbin bütün kollektivi fəallıq göstərmişdir. Hətta kiçik yaşlı məktəblimiz Asiman Əliyev Mübarizin şücaətinə həsr etdiyi şeirində düşmənə nifrətini bildirmişdi.
Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Bu, sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq — budur vətənpərvərlik”.
Azərbaycan xalqının böyük oğullarından olan N.Nərimanovun xalqa misilsiz xidmətlərindən biri də, bildiyiniz kimi, məhz iki məşhur generalımızın - Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovun, dahi bəstəkarımız ü.Hacıbəyovun həyatının xilası üçün V.İ.Leninə məktubla müraciət edərək onların məhvinin qarşısını alması olmuşdur. Rusların Zaqafqaziyanın işğalından sonra Naxçıvanski soyadını qəbul edən Kəngərlilər nəsli Azərbaycanın hərb tarixinə beş general verib. Ehsan xan, İsmayıl xan, Kərbalayı xan, Hüseyn xan, Cəmşid xan Naxçıvanskilər. Bu nəsil Azərbaycanın hərb tarixində Qacarlardan sonra ən çox generalı olan nəsildir. Köhnə rus ordusunda tam süvari general rütbəsini alan və “Ağ qartal” ali ordeni ilə təltif olunan 2-ci azərbaycanlı hərbçi Hüseyn xan Naxçıvanski olub. İlk hərbçi isə azərbaycanlı vitse-admiral İbrahim Allahverdibəy oğlu Aslanbəyov, 1915-ci ildə isə tam artilleriya generalı Səməd bəy Mehmandarov olmuşdur...
Məktəblilərə hərb tariximiz haqqında məlumatların verilməsindən sonra muzeyin xətti ilə yeniyetmə-gənclərin Bakıya ekskursiyasını təşkil etdik. Onlar Azərbaycan Televiziyasının “Hərbi-vətənpərvərlik” redaksiyasının rəhbərliyi və əməkdaşları ilə görüşmüş, orada şəhidlərin abidəsi önünə tər çiçəklər qoymuşlar.
Bundan sonra Vətənimizi tərənnüm edən, qəhrəmanlara həsr olunmuş şeirlər söyləmiş, xatirə şəkilləri çəkdirmişlər.
“Şəhidlər Xiyabanı”nı ziyarət edən məktəblilər iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun, türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə də tər çiçəklər qoymuşlar.
İstər tədris prosesində, istərsə də sinifdənxaric tədbirlərin təşkilində muzeyimizin materiallarından istifadə edərək məktəblilərə muzey-dərslər keçirilmişdi.
Aydındır ki, Vətənə, Milli Ordumuza həsr olunmuş materiallardan istifadə etmək, şeirlər, mahnılar öyrətməklə yanaşı, ekskursiyaların təşkili kiçik yaşlarından başlayaraq məktəblilərdə vətəndaşlıq qüruru, hərb sənətinə hörmət hissi aşılayır. Hərbi-vətənpərvərlik tərbiyəsi onları hərbi xidmətə, Vətənin müdafiəsinə hazırlamaqla yanaşı, gənc nəslin möhkəm xarakterli, savadlı, yüksək əqidəli, doğma Vətəninin əsl müdafiəçisi kimi yetişmələrini təmin edir. Təsadüfi deyil ki, hazırda hərbi sahədə çalışanların arasında məktəbimizin də yetirmələri az deyil.
N.Nərimanovdan danışarkən vaxtilə onun adının çəkilməsinin belə, yasaq olunduğu vaxtlarda ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini xüsusi olaraq qeyd etməliyik.
Bildiyimiz kimi, 1970-ci ildə N.Nərimanovun anadan olmasının 100 illiyi qeyd olunmalıydı. Lakin bu tarixi, əlamətdar hadisənin qeyd olunması 2 il ləngidi. O vaxt bu, mümkün olmadığından Heydər Əliyev bu istiqamətdə xeyli çalışdı. 1972-ci ildə N.Nərimanovun xidmətlərini qiymətləndirərək onun yubileyinin geniş miqyasda təntənəli keçirilməsi üçün sərəncam imzaladı. N.Nərimanovun siyasi və dövlətçilik fəaliyyətinə yeni tarixi baxış formalaşdırmaq, tarixi xidmətlərini bərpa etmək, ev-muzeyini yaratmaq onun haqqında bədii film çəkdirmək (“Ulduzlar sönmür”) o dövrdə böyük cəsarət tələb edirdi. Heydər Əliyev bütün maneə və çətinliklərə baxmayaraq, Bakının ən uca yerində onun heykəlinin ucaldılmasına nail oldu. Bütün bu tədbirlərin nəticəsində N.Nərimanov yalnız yazıçı-dramaturq, publisist, həkim kimi deyil, həm də görkəmli dövlət xadimi olaraq xalqa təqdim olundu. Onun adının əbədiləşdirilməsi, gənc nəslə tanıdılması sahəsində mühüm işlər görüldü. Məhz Heydər Əliyevin şəxsi təşəbbüsü, diqqəti sayəsində Daşkənd yaxınlığındakı şəhərə N.Nərimanovun adının verilməsi (həmin rayondakı N.Nərimanov adına məktəblə də əlaqə saxlayırdıq və maraqlı eksponatlar nümayiş olunurdu), Marneulidə N.Nərimanovun heykəlinin ucaldılması, Moskvada, Ulyanovskidə və başqa yerlərdə xatirə lövhələri, abidəsi qoyulması mümkün oldu.
Tbilisidə olarkən N.Nərimanovun müəllim kimi ilk fəaliyyətə başladığı və ilk əsərini yazdığı Qızılhacılı kənd məktəbindəki büstü önünə tər çiçəklər qoyduq. Bu şəhərdə onun böyük hörmət və iftixarla yad edildiyinin şahidi olduq. Marneuli “Dostluq muzeyi”nə muzeyimizin fəaliyyətini əks etdirən fotoalbomu hədiyyə etdik. Muzeyimizin əməkdaşları uzun müddət həmin məktəblə sıx əlaqə saxlamışlar. Məktəbimizin həyətində şəxsi təşəbbüsüm və səyimlə onun tuncdan ucaldılmış abidəsinin açılışında məktəbin direktoru Ramiz Mursaqulov və Gürcüstan nümayəndə heyəti də iştirak etmişdir. Nümayəndə heyəti məktəb muzeyimizə N.Nərimanovun qranit üzərində həkk olunmuş fotoşəkli olan xatirə lövhəsini hədiyyə etmişdir.
Muzeydəki hər bir eksponat ziyarətçilərin N.Nərimanov haqqında bilgisini zənginləşdirmiş, onlar uzun müddət bu gözəl tədbirlərin təsirindən ayrıla bilməmişlər. Xatırladım ki, N.Nərimanovun möhtəşəm abidəsinin müəllifi, Əməkdar heykəltəraş Mirəli Mirqasımov olmuşdur. Abidənin təntənəli açılışını respublika səviyyəsində təşkil etməyə nail olduq, baxmayaraq ki, bu işin görülməsində çətinliklərlə qarşılaşdım, ağır zərbələr aldım. Abidənin açılışında mərhum Vəli Məmmədovun böyük atalıq qayğısı sayəsində respublikamızın görkəmli nərimanovşünas alimləri, yazıçılar, televiziya və kinostudiyanın tanınmış ziyalıları iştirak etdilər, sənədli film çəkildi. Hər il aprelin 14-də ya məktəbimizdə, ya da Bakıdakı ev-muzeyində yaddaqalan tədbirlərimiz olub. Bu tədbirlər çərçivəsində gənc nəslin N.Nərimanovun həyat və fəaliyyəti ilə daha yaxından tanış olmalarından ötrü şair və yazıçılar, alimlər, görkəmli sənət adamları, deputatlar, müharibə veteranları, şəhid ailələri ilə görüşlər təşkil etmişik. Vaxtilə ulu öndərin yaratdığı C.Naxçıvanski adına hərbi məktəbin yetirmələri olan Xudat hərbi hissəsinin zabit və əsgərləri ilə olan görüşlər də yaddaqalan olmuşdur.
Muzeyimiz Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif olunaraq “İlin muzeyi” adına layiq görülmüşdür. Mənə elə gəlir ki, bu yubiley ilində də məktəbdə muzeyin işindən söhbət açılacaq, aprel ayında “Nəriman Nərimanov həftəsi” keçiriləcək, maraqlı görüşlər, tədbirlər diqqət mərkəzində olacaq. Çünki məktəb muzeyləri müasir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunub formalaşmasında, zəngin məlumata malik olmalarında böyük əhəmiyyət kəsb edir. Xatırlatmaq yerinə düşərdi ki, N.Nərimanov demişdir: “Mübarizədə ümumi işin xeyrinə öz əmin-amanlığını unutmaq qabiliyyəti olanlar qalib gələcəklər”... Onu da unutmayaq ki, mübariz vətəndaşlar məhz təhsil ocaqlarında yetişirlər.
Nəzakət KƏRİMOVA ƏHMƏDOVA,
“Tərəqqi” medallı,
“İlin müəllimi”.
Respublika.- 2020.- 16 aprel.- S.5.