NƏRİMAN
NƏRİMANOV - 150
Nəriman Nərimanovun bədii yaradıcılığı ilə ictimai və siyasi fəaliyyəti arasında üzvi bağlılıq vardır. Onun ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçmişdir. Siyasi çarpışmaların daha da gərginləşdirdiyi son dərəcə mürəkkəb şəraitə baxmayaraq, Nəriman Nərimanov milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddinədək müdafiə etmişdir. O, keçmişimizin mədəni sərvətlərinin mühafizəsinə, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirmiş, elmin, maarifin və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmış, dövrün milli məfkurə daşıyıcısı olan şəxsiyyətlərinə ehtiram və qayğı ilə yanaşmışdır.
Nəriman Nərimanovun XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti məhz ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə doğma xalqa çatdırılmışdır. Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti.
(“Nəriman
Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” 14
fevral 2020-ci il tarixli Sərəncamından)
(əvvəli 16, 18, 19, 20, 22, 23, 25, 28, 29 fevral,
1, 3, 5, 7,
8, 11, 12, 13, 14, 15, 17, 18, 19 mart,
7, 8, 9,
10, 11, 12 və 15 aprel tarixli saylarımızda)
RSDF(b)P
MK “Hümmət”in ehtiyaclarını ödəmək
üçün ona müntəzəm maddi kömək
göstərirdi. 1918-ci il iyulun 30-dək
“Hümmət”in cəmi 113 nömrəsi çıxsa da, bu qəzet
mübarizələrlə dolu mürəkkəb bir
dövrün aynası, salnaməsi olmuşdu. Onun
hər səhifəsində qəflət yuxusundan
ayılmış, öz ləyaqətini dərk edən yoxsul
fəhlə və kəndlilərin mübariz səsi
eşidilir.
“Hümmət” qəzeti N.Nərimanovu redaktor və
ictimai xadim kimi səciyyələndirmək üçün zəngin
material verir. Bildiyimiz kimi, o, “Hümmət” qəzetində
özünün siyasi-nəzəri cəhətdən kamil,
inqilabi ruhlu məqalələri ilə ardıcıl
çıxış etmişdir. Onun “Fransa inqilabı”,
“Bu gün”, “Ayıq olmalıyıq”, “Bizim Rusiya inqilabına nəzərimiz”,
“Zaqafqaziya komissariatında oturan sosialistlərə
açıq məktub”, “Mən ittifaqa dəvət edirəm”,
“Nə etməliyik?” məqalələri və bir sıra
felyetonları Azərbaycan inqilabi publisistikasının gözəl
nümunələridir. Bu əsərlərdə
N.Nərimanov Azərbaycan fəhlə və kəndlilərinin
inqilabi əhval-ruhiyyəsinin, ideallarının tərcümanı
kimi çıxış edirdi.
“Hümmət” qəzeti yalnız N.Nərimanovun deyil,
“Hümmət” təşkilatı ətrafında sıx
toplaşan qabaqcıl ziyalıların marksist
dünyagörüşünə dərindən yiyələnməsinə
ciddi təsir göstərirdi. Bu cəhətdən
“Hümmət” qəzeti Azərbaycan ictimai fikrinin
inkişafında, həqiqətən yeni bir məktəb idi.
Məlum
olduğu kimi, bu dövrdə hümmətçilər Azərbaycan
dilində istehlak cəmiyyətinin siyasi-ictimai, iqtisadi, ədəbi
və fənni orqanı - “El həyatı” jurnalını da nəşr
edirdilər (1917-ci il dekabr ayının 19-da dərc
olunması qərara alınan “El həyatı” aylıq
jurnalının redaksiya heyətinə Nəriman Nərimanov
(redaktor), Ağababa Yusifzadə, Dadaş Bünyadzadə,
Rüstəm Əsgərov seçilmişdilər). Onlar cəmiyyət ətrafında sıx toplanan
kütlələri siyasi həyata cəlb etmək
üçün məcmuəni qüdrətli təbliğat
vasitəsinə çevirmişdilər.
N.Nərimanov
“El həyatı” jurnalının ilk nömrəsində
çap etdirdiyi “El səadəti eldən asılıdır”
sərlövhəli silsilə məqaləsində
yazırdı ki, zillət, məşəqqət içində
yaşayan yoxsul zəhmətkeşlərə zəlalətdən,
qaranlıqdan xilas olmaq yolunu nə çar hökuməti, nə
əməkçilərin qabarlı əlləri hesabına
var-dövlət yığanlar, nə də din xadimləri
göstərə bilmirdilər. “Yenə nicat
yolu arayan fəhlə, zəhmətkeş oldu, özü də
dərdinə əlac tapdı. İnsafsız
“hörümçəklərdən” xilas olmaq
üçün bu füqəra zəhmətkeşlər toplaşıb
bir ittifaq düzəltdilər...”.
N.Nərimanov məqalədə öz oxucusuna kapitalizm aləmində
istismar mexanizminin əsl mahiyyətini açmaqla, mütləqiyyət
zülmünə, əsarətə və
özbaşınalığa qarşı dərin nifrət və
qəzəb hissi oyatmağa çalışırdı.
N.Nərimanov inqilab dövrü istehlak cəmiyyətlərinin
vəzifəsini müəyyən etməyə, yol göstərməyə
çalışırdı. O, “El həyatı”na
yazdığı “Avropa fikrində və həyatında
müdam inqilab” adlı baş məqaləsində “dünən
dilsiz-ağızsız fəhlənin”, bu gün “öz
hüququnu düşünərək” mübarizəyə
qalxmasına haqq qazandırırdı: “Təbii müharibə,
təbii yürüş!”. “Siniflər
mübarizəsi başlayır. Fəhlələr
qoşunu getdikcə qüvvətlənir” - deyə sevinclə
xəbər verirdi.
Beynəlmiləl qardaşlıq bayrağını
müqəddəs tutan hümmətçilər fəhlə
və kəndliləri bolşevik partiyası ətrafında
sıx birləşdirir, onları inqilabi döyüşlərə
hazırlayırdı. A.Caparidze RSDF (b)P VI
qurultayının tribunasından dediyi kimi, “Hümmət” təşkilatı
müsəlman fəhlələrinin “Rusiya inqilabçı
proletariatı ilə birləşdirilməsi”ndə fədakarlıqla
xidmət edirdi.
Bolşevik partiyası Mərkəzi Komitəsi hümmətçilərə
müntəzəm maddi və mənəvi qayğı
göstərir, onların qızğın siyasi fəaliyyətinin
müsəlman kütlələri arasında faydalı təsirinə
inanırdı. Yelena Stasova “Hümmət” təşkilatına göndərdiyi
bir məktubda yazırdı: “Petroqrad, 7 avqust 1917-ci il.
Sosial-demokrat “Hümmət” təşkilatına.
Rusiya sosial-demokrat fəhlə firqəsinin Mərkəzi
Komitəsi firqənin VI qurultayının
tapşırığına görə sosial-demokrat “Hümmət”
təşkilatına yoldaşlıq təbriki və salamı
göndərir. “Hümmət” təşkilatının firqənin
ümum Rusiya qurultayında birinci dəfə olaraq iştirak
etməsi ümidvar edir ki, qabaqcıl müsəlman fəhlələri
öz təşkilatları ilə bərabər, ümum
Rusiya füqərayi-kasibəsilə bir ailə təşkil
edər və inqilabçı sosial-demokrat firqəsinin
bayrağı altında füqərayi-kasibə ixtiyar
alınca hərəkətdə bulunarlar. Yoldaş
salamı ilə”.
***
Bakının cəhənnəmi xatırladan neft mədənləri,
hisli zavodları və emalatxanaları siyasi mübarizə
meydanına çevrilmişdi. Əməkçi
kütlələrin birliyindən vahiməyə düşən
burjua millətçiləri menşevik, eser və müsavat
partiyasının köməyi ilə fəhlələrin beynəlmiləl
həmrəyliyini pozmağa, milli ixtilaf törətməyə
can atırdılar. Bu dövrdə zəhmətkeş
kütlələrin əksəriyyəti hələ
siyasi-ictimai münasibətlərin
çulğaşdığı mürəkkəb şəraitdən
baş aça bilmirdilər. Əksinqilabın
xəyanətkar mahiyyətini hamıya başa salmaq, fəhlə
və kəndlilərin siyasi şüurunu inkişaf etdirmək
zəruri idi. Əks halda, silahlı
üsyana hazırlıq və proletar diktaturasının qələbəsi
uğrunda mübarizə mümkün olmazdı. Azərbaycan bolşevikləri geniş xalq kütlələrinin
qüvvəsini təxirəsalınmaz vəzifəyə cəlb
etmək üçün böyük hünər və əzmkarlıq
göstərirdilər. Onlar neft mədənlərində,
zavod və fabriklərdə məruzə və mühazirələr
oxuyur, fəhlələri siyasi mübarizəyə
hazırlayır, beynəlmiləl həmrəyliyin qüvvətlənməsinə
çalışırdılar. Bu zaman
Bakı neft sənayeçiləri qurultayı Şuranın
Qara şəhərdəki 9-cu pulsuz müalicəxanasında
müdir işləyən N.Nərimanov hər gün müsəlman
fəhlələri ilə görüşməyə vaxt
tapırdı. Onu hər yerdə
böyük ehtiram və hörmətlə qarşılayırdılar.
N.Nərimanov zəhmətkeş kütlələrin mürəkkəb
siyasi hadisələrdən baş açması
üçün onlara “Rusiya inqilabına nəzərimiz”,
“Rusiya inqilabı və onun tədricən tərəqqi etməsi”,
“Siyasi firqələr və məramnamələri”, “Bizim Rusiya
inqilabı və İrana təsiri” və s. mövzularda
mühazirələr oxuyurdu. Onun mühazirə
məclisləri hər yerdə izdihamlı mitinqə
çevrilərdi. Çünki N.Nərimanov
öz çıxışlarında istismar və zülm
buxovlarından, mənəvi əsarətdən qurtuluş
yollarını göstərirdi. O, Rusiyadakı
inqilabın böyük tarixi əhəmiyyətindən, bu
inqilaba arxalanmaqla hakimiyyəti ələ almağın zəruri
olmasından danışır, burjua millətçilərinin
müvəqqəti hökumətə etimad yaratmaq xətti-hərəkətini
ifşa edirdi. N.Nərimanovun canlı söhbətləri
fəhlələrin siyasi şüurunun inkişafına ciddi
təsir göstərirdi. Məhz buna
görə də Bakının müsəlman fəhlələri
ona inanır, onun arxasınca gedirdilər. Lakin
burjua ziyalıları mürəkkəb siyasi şəraitdə
avam kütlələrin əksəriyyətini təsir
altında saxlamağa çalışırdılar. Onlar xalqın iradəsini buxovlamaq və hakimiyyəti
öz əllərinə keçirmək istəyirdilər.
1917-ci ilin aprelində Bakıda İsmailiyyə
binasında ümumqafqaz müsəlmanlarının birinci
qurultayının çağırılması bu sahədə
atılan ilk addım idi. Buraya Qafqaz əyalətlərindən,
Türküstandan tutmuş Dağıstana qədər hər
yerdən nümayəndələr - neft mədəni
sahibkarları, millətçi-burjua ziyalıları, mülkədarlar,
ortabab kəndlilər və din xadimləri gəlmişdilər.
Bakı burjuaziyası bütün Rusiya müsəlman
aləmini öz ətrafına toplamaqla tarixi şəraitdən
öz xeyrinə istifadə etmək niyyətində idi. Lakin qurultayda fəhlə və kəndliləri təmsil
edən bolşevik “Hümmət” təşkilatının N.Nərimanov,
M.Əzizbəyov, H.Sultanov və R.Nağıyev kimi görkəmli
üzvləri burjua millətçilərinin mürtəce
siyasətini ifşa edir, bolşeviklərin tutduğu yolun
doğru olduğunu kütlələrə başa
salırdılar. N.Nərimanov ruhanilər
məsələsinin müzakirəsində din xadimlərinin
müasir ictimai həyatdan geri qaldıqlarını, məhdud
görüşlü və elmi biliklərdən bixəbər
olduqlarını söyləyir, onları “bəzi
mühüm işlərimizin idarə”sindən uzaqlaşdırmağı
tələb edirdi. O, qurultayın tribunasından
bolşeviklərin mövqeyini cəsarətlə müdafiə
edir, beynəlmiləl ideyasının qələbə
çalacağını qətiyyətlə bildirirdi.
H.Sultanov öz xatirəsinin bir yerində yazırdı:
“Qurultayın əsas məsələsi təyini-müqəddərat
məsələsi idi. Burjuaziya müstəqil
dövlət yaratmağı tələb edirdi. Həm də onların proqramı Qafqaz, Krım və
qismən Volqaboyunu nəzərdə tuturdu. Nümayəndələrdən biri - Nəsib bəy
Usufbəyov gözü yaşara-yaşara dinləyicilərə
böyük yaşıl ləkəli etnoqrafiya xəritəsi
göstərir və izah edirdi ki, yaşıl ləkələr
müsəlmanlar yaşadığı ərazilərdir.
O, “Türk ocağı” adından deyirdi ki, müsəlmanlar
Rusiyadan ayrılmaq istəyirlər. O, hamını
yaşıl bayraq altında cəmləşdirməyə dəvət
etdi (Yaşıl rəng sonralar müsavat bayrağının
rəngi qəbul olundu).
N.Nərimanovun başçılıq etdiyi hümmətçilər
inqilabi hadisələrin ilk günlərindən proletar
diktaturasının qələbəsi uğrunda mübarizə
siyasəti yeridirdi. Onlar müsəlman fəhlələrinin
siyasi şüurunu artırmaq yolu ilə beynəlmiləl həmrəyliyi
möhkəmlədir, “köhnə dünya üzərində
qəti qələbə çalmaq üçün əsl
inqilabi ordu yaratmağa” çalışırdılar.
RSDFP
Birinci Qafqaz ölkə qurultayı (1917-ci il
2 oktyabr) inqilabın irəli sürdüyü əsas vəzifələri
müvəffəqiyyətlə yerinə yetirmək
üçün Qafqazın bütün demokratik qüvvələrini
sıx birləşdirməyi tələb edirdi. Bu dövrdə hümmətçilər müsəlman
fəhlələrini əksinqilabçı partiyaların təsirindən
tamamilə xilas etmək və onları inqilabi qüvvələrə
yaxınlaşdırmaq uğrunda inadla mübarizə
aparırdılar. 1917-ci ilin payızında Bakıda
ümumtətil başlandığı bir zamanda bolşevik
“Hümmət” təşkilatı müsəlman fəhlələrinə
müraciətnaməsində yazırdı: “Biz müsəlman
fəhlələrinə deyirik: Yoldaşlar! Bu
günlər imtahan günləridir. Bu
günlərdə siz gərək tamam aləmə göstərəsiniz
ki, siz də belə bir fəhlə mübarizəsinə
hazırsınız. Tətil komitəsinin
qərarları ilə hərəkət ediniz. Bunu biliniz ki, qüvvət birlikdədir.
“Hümmət” təşkilatı sizin hüququnuzu müdafiə
edərkən bu günlərdə sizdən daha artıq
böyük ali sifətlər gözləyir.
Sizin düşmənləriniz sizin ittifaqı pozmaq qəsdində
ikən, qara fikirlərini işlətməyə məcburdurlar. Siz isə
onlara aldanmayıb, başqa millətlərdən olan
yoldaşlarmızla müttəfiq hərəkətdə, bir
fikirdə olmağınızı göstərin.
Yaşasın
fəhlə birliyi!
Yaşasın ümumi fəhlə mübarizəsi!”
Azərbaycan
bolşevikləri inqilabi qüvvələri burjuaziyaya
qarşı qəti döyüşlərə
hazırladığı bir şəraitdə Bakı Sovetində
vəziyyətə bütünlüklə hakim ola bilməmişdilər. Orada
hakimiyyətin yeni, əsl inqilabçı Sovet əlinə
keçməsi uğrunda qızğın mübarizə
başlanmışdı.
1917-ci il oktyabrın 26-da - Petroqradda silahlı
üsyan qalib gələn gün, axşam saat 7-də
Bakıda “Azadlıq” meydanında izdihamlı mitinq
keçirildi. N.Nərimanov, A.Caparidze, P.Zevin,
M.İsrafilbəyov və başqa görkəmli xadimlər azərbaycanca,
rusca və ermənicə alovlu çıxışlar etdilər.
Onlar Rusiyanın fəhlə-kəndli hakimiyyətini
alqışladılar.
Böyük Oktyabr
sosialist inqilabının qələbəsi Azərbaycanda
inqilabi qüvvələrin Sovet hakimiyyəti uğrunda
mübarizəsinə güclü təkan vermişdi. Bu qələbədən sonra Azərbaycan
bolşevikləri Bakıda bütün hakimiyyətin Sovetlərə
keçməsi məsələsini irəli sürdülər.
N.Nərimanov Rusiya inqilabının bəşəriyyət
tarixində yeni səhifə açmasını müsəlman
fəhlələrinə sevinclə bildirir, iftixarla
yazırdı: “Bu gün bütün cahan füqərayi-kasibəsi
krallar və padşahlar başı üstündən bir-birinə
əl uzadıb, həmişəlik sülh üçün
bünövrə salır...”.
Azərbaycan
bolşeviklərinin rəhbərliyi ilə Bakı Soveti 1917-
ci il noyabrın 2-də Fəhlə və
Əsgər Deputatları Soveti İcraiyyə Komitəsini
Bakı şəhərində ali hakimiyyət orqanı elan
etdi. Gərgin ictimai-siyasi vəziyyət bolşeviklər
qarşısında yeni tələblər irəli
sürürdü: beynəlmiləl qızıl qvardiya dəstələri
yaratmaq, dağılmış təsərrüfatı və
nəqliyyatı qaydaya salmaq, möhtəkirliyi aradan
qaldırmaq və ərzaq məsələsini həll etmək.
Bakıda çıxılmaz vəziyyət
yaranmışdı. Şəhərlə
kənd arasında əlaqə zəif idi.
1917-ci ilin 16 dekabrında Leninin sədrliyi ilə Xalq
Komissarları Soveti Qafqazdakı vəziyyəti müzakirə
etdi. Bu iclasda S.Şaumyan Qafqaz işləri üzrə
müvəqqəti fövqəladə komissar təyin olundu.
Azərbaycan bolşevikləri bütün hakimiyyətin
Sovetlərə keçməsi üçün Rusiya fəhlə-kəndli
hökumətinin mühüm dekret və qərarlarını
geniş zəhmətkeş kütlələrə
çatdırır, onları bolşeviklərdən ibarət
olan Sovetlər ətrafında sıx toplamağa
çalışırdılar. Belə bir vaxtda Lenin və Stalinin
“Rusiyanın və Şərqin zəhmətkeş müsəlmanlarına”
sərlövhəli müraciəti Bakı fəhlələri
arasında beynəlmiləl həmrəyliyə vüsət verdi. “Hümmət” təşkilatı
seçkilərdə Sovetlərin tamamilə bolşevikləşməsi
uğrunda mübarizəni genişləndirirdi. N.Nərimanov
“Nə etməliyik?” məqaləsində Sovetlərin
böyük əhəmiyyətini müsəlman fəhlələrinə
başa salır, müraciətlə yazırdı: “Hər
yerdə çalışmalısınız ki, hakimiyyət fəhlə
və zəhmətkeş kəndlilər şuralarının
ixtiyarına keçsin, bu şuralar, ancaq bu təşkilatlar
Leninin məramnaməsini həyata keçirəcəkdir və
ancaq bunlar inqilabı dərinləşdirib möhkəmləndirəcəkdir”.
1917-ci ilin 15 noyabrında Zaqafqaziya əks-inqilabçıları
Tiflisdə antisovet koalisiya təşkil etmişdilər. Zaqafqaziya
komissarlığı adlanan bu mürtəce təşkilat
inqilabi qüvvələrə qarşı sui-qəsd düzəldir,
kütlələri çaşdırır, xəyanətkar
siyasət yeridirdi.
N.Nərimanov zəhmətkeş kütlələri əksinqilabçı
qüvvələrin cinayətkar siyasətindən xəbərdar
etməyi hümmətçilərə dönə-dönə
tapşırırdı. O deyirdi: “Biz məsuliyyətli bir vaxtda - müsəlman
zəhmətkeşlərinə quyu
qazıldığını görüb ağzımıza su
almayacağıq. Biz açıq-açığına
bildiririk: “Zaqafqaziya komissarlığı təhlükəli
bir vaxtda millətləri birləşdirməkdənsə,
vaxtsız və yersiz qanunları ilə “Bu millətləri
bir-birindən nəinki ayırır və hətta gələcəkdə
qanlı faciəyə meydan açır”.
Türkiyə cəbhəsindən qayıdan
inqilabçı rus əsgərlərinin Şəmkir və
Gəncə ətrafında öldürülməsi Zaqafqaziya
komissarlığının riyakar simasını açıb
göstərirdi. Azərbaycan bolşevik mətbuatı
Zaqafqaziya komissarlığının qanlı cinayətlərini
hiddət və qəzəblə qarşıladı. N.Nərimanovun
“İzvestiə Bakinskoqo Soveta” və “Hümmət” qəzetlərində
çap olunmuş “Zaqafqaziya komissariatında oturan sosialistlərə
açıq məktub”u Zaqafqaziyada milli ixtilaf və qanlı
cinayətlər törədən sosialistlərə
qarşı ittihamnamə idi.
Bu məktubda bolşeviklərlə üzdəniraq
sosialistlərin siyasi xətti-hərəkəti
qarşılaşdırılır, sübut edilir ki,
bolşeviklər sinfi mübarizə apardıqları halda,
sosialistlər milli ədavətlər törədirlər. N.Nərimanov
bildirir ki, bolşeviklər də qan tökürlər, lakin
“gələcəyə doğru yol açmaq” uğrunda.
O, sosialistlərə müraciətlə deyir: “Mənim idarə
etdiyim “Hümmət” firqəçi qəzetəsi, sizin bu
xan-bəylərlə birlikdə qurduğunuz Zaqafqaziya
Komissariatını və onun hərəkətlərini
şiddətli tənqidləyərək Gəncə ətrafında
vaqe olmuş qanlı hadisələrin səbəbi, siz cənablar
olduğunuzu dəfələrlə yazmışdır. Ancaq, yalnız bir qəzetədə yazmaq deyil, sizin
bu həyasız işlərinizi leksiyalarımızda da
söyləmişik. Bu gün dəmir yolların
ətrafında bu qədər müsəlman kəndlərinin
dağıdılıb viran olmasının əsl
günahkarı sizsiniz”.
N.Nərimanov Rusiya inqilabının taleyi həll edildiyi
ağır günlərdə Zaqafqaziyanı od-alova, dəhşətli
fəlakətlərə sürükləyən sosialistlərin
xəyanətini hiddətlə qarşılayırdı. O deyirdi: “Bahadır və
Sona” romanını yazan mənəm. Bu roman tamam 10 il bundan qabaq yazılmışdır. Bu romanda təhsil görmüş,
ağıllı, ürəyitəmiz və öz
xalqını sevən erməni qızı Sona və habelə
öz millətini istəyən müsəlman tələbəsi
Bahadır bir-birini sevir və millətlərinin arasında
dostluq yaratmaq üçün ciddi əlləşirlər.
Arzularına çatmamış məhv olurlarsa
da, ancaq hər ikisinin etiqadı bu olur ki, bu millətləri
biri-birindən aralıyan hər bir səbəb gələcəkdə
ortadan götürülər; yeni bir işıq parlayar ki,
bunun sayəsində hər bir qurama səbəb aradan
qaldırılaraq islamlarla xristianlar birləşər; o zaman
türk (azərbaycanlı - T.Ə.), erməni və
gürcü kəlmələri də artıq ortadan
çıxar.
Hərgah
iş bu yazmış olduğum əsərimi burada şahid gətirirəmsə,
artıq bu ondan ötrüdür ki, siz bir yolluq məni
tanıyasınız, biləsiniz ki, Qafqaziyanın bu gün
belə bir halında, sizin bu hərəkətləriniz məni
nə dərəcədə məhzun edir. Anlayasınız
ki, sizin bu tutduğunuz işlərə qarşı, protest
qışqırıqlarımı qəlbimin ən dərinlərindən
sizə hayqırıram!..
Budur, 25 ildir ki, var qüvvəmlə ictimai, ədəbi
və siyasi meydanda çalışıram; fikrim və arzum
biri-birindən ayrı salınmış millətlərin və
bütün bəşəriyyətin birləşməsidir. Rusiya inqilabı olan kimi
arzularıma yetişmək zamanı yaxınlaşır deyə
düşünürdüm; sevinirdim ki, axır zamanı gəlmiş,
mən də başımı qaldıraraq bu ana qədər mənə
inanmayan, sözlərimi boş, xam xəyal hesab edənlərə
yüksək səslə hayqıracağam:
“Xeyr, mən
dediyim və mən yazdığım boş və xam xəyal
deyil; gördünüzmü, millətlər gələcəkdə
birləşər və qardaş ola bilərmişlər”.
Ancaq bunu mən müsəlman xalqına deyə bilərmiyəm:
Zaqafqaziya komissariatı sizin əlinizlə olmazın fəna
işlər görür...”
N.Nərimanov əksinqilaba geniş meydan açan
sosialistlərə əbəs yerə sevinməməyi məsləhət
görür, bildirirdi ki, sizə inanan və arxanızca
düşüb gedən zəhmətkeş kütlələr
öz səhvlərini anlamış və sizdən üz
döndərmişlər. Çünki
“doğruçu sosializm yolundan çox aralısınız, sizi
məşğul edən milli” qovğalardır.
N.Nərimanov
“Rusiya inqilabının doğru yolla gedişi”ni
iftixarla xatırladır, Zaqafqaziya xalqlarının öz
azadlıq və istiqlaliyyəti uğrunda mübarizədə
birləşəcəklərinə dərin inam bildirirdi.
O,1918-ci il yanvar ayının 21-də
Sabunçu “ambulatoriyasında 400-ə yaxın azərbaycanlı,
rus, erməni, osetin və ləzgi fəhləsinin
toplaşdığı beynəlmiləl mitinqdə alovlu nitq
söyləyərək demişdir: “Bu yığıncaq
bütün millətçi əksinqilabçılara
sübut etdi ki, fəhlələr üzərində
“Bütün dünya proletariatı, birləşin!” sözləri
yazılmış öz qırmızı bayrağından
heç vaxt əl çəkməz və ona xəyanət
etməzlər”.
1918-ci ilin fevralında menşeviklər, müsavatçı və daşnaklar Zaqafqaziya komissarlığının siyasi xətti-hərəkətini yeridirdi. Azərbaycan bolşevikləri burjua-mülkədar partiyaların xəyanətkar siyasətini ifşa edir, bütün inqilabçı qüvvələri Qafqazda Sovet hakimiyyəti qurmağa çağırırdı.
Bolşevik partiyası və Sovet hökumətinin hərtərəfli köməyinə arxalanan Azərbaycan zəhmətkeşləri əksinqilabçı qüvvələrə qarşı inamlı mübarizə aparırdılar. Azərbaycan bolşevikləri V.İ.Leninin göstərişlərinə əsasən proletar Bakısını Zaqafqaziyada Sovet hakimiyyəti uğrunda mübarizə üçün dayaq məntəqəsinə çevirməyə çalışırdılar. Əksinqilabi qiyamın qarşısını almaq üçün təşkil edilən İnqilab Müdafiə Komitəsi Bakıda Sovet hakimiyyətinin üstünü alan təhlükəni dəf etmək üçün “Bütün zəhmətkeşlərə” müraciətnaməsini yayır.
Bu ağır günlərdə Qızıl Ordu hissələri və Bakı fəhlələrinin beynəlmiləl tərkibli qızıl qvardiyaçı dəstələri misilsiz hünər və qəhrəmanlıq nümunəsi göstərirdilər. N.Nərimanovun rəhbərlik etdiyi “Hümmət” təşkilatı bütün qüvvəsini Bakıda Sovet hakimiyyətinin müdafiəsinə səfərbərliyə almışdı.
Əksinqilabçılar gərgin siyasi mübarizəni milli müharibəyə çevirməyə can atırdılar; onlar gecə-gündüz planlar çəkir, fürsət axtarırdılar. Nəhayət, əksinqilabi qüvvələr qiyam qaldırdılar. Bu qanlı faciədən dörd saat əvvəl N.Nərimanov öz evində hümmətçilərin fövqəladə iclasını çağırmışdı. Burada yaranmış vəziyyət müzakirə edilmiş, ciddi tədbirlər görülmüşdü.
(davamı növbəti saylarımızda)
Respublika.- 2020.- 17 aprel.- S.5.