Ədəbi-nəzəri fikir məcrasında qiymətli monoqrafiya

 

AMEA -nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli 2019-cu ildə Moskvanın “Xudojestvennaya literatura” nəşriyyatında rus dilində “Ədəbiyyat. Zaman. Müasirlik” adlı qiymətli monoqrafiya çap etdirib. (M., İzdatelğstvo, “Xudojestvennaə literatura”, 2020, 417 s.) Nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü Tehran Mustafayev, məsul redaktoru filologiya elmləri doktoru, professor Abuzər Bağırovdur.

Kitab görkəmli ədəbiyyatşünas-alimin çoxəsrlik Azərbaycan ədəbiyyatının aktual problemlərinə həsr edilmiş əsərlər külliyatıdır. Monoqrafiya on dörd bölmə və müəllifin tərcümeyi-halından ibarətdir. Tədqiqatın geniş sahəsini ədəbiyyat nəzəriyyəsi və ədəbiyyat tarixi məsələləri əhatə edir.

 

 

Akademik İsa Həbibbəyli kitabın “Ədəbiyyat nəzəriyyəsi” bölməsində nəzəriyyə məsələlərinin çağdaş problemlərinə geniş yer verib. Bu bölmədə azərbaycançılıq konsepsiyası, ədəbiyyat və zaman, ədəbiyyatımızın dövrləşdirmə konsepsiyası və mərhələləri nəzəri cəhətdən geniş və ətraflı şərh olunub. Akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatında ədəbi cərəyan probleminə kompleks baxışlarını sistemli şəkildə diqqətə çatdırıb. Kitabda ilk dəfə olaraq XVIII əsrdən - XXI əsrə qədər Azərbaycan ədəbiyyatında mövcud olmuş ədəbi cərəyanların formalaşmasını şərtləndirən ədəbi-tarixi proseslər və ayrı-ayrılıqda ədəbi cərəyanlardan hər birinin estetikası və poetikası nəzəri cəhətdən təqdim edilib. Beləliklə, rusdilli oxucuya Azərbaycan ədəbiyyatında erkən realizm, maarifçi realizm, tənqidi realizm, romantizm və sosialist realizmi yaradıcılıq metodları, sovet dövrü ədəbi prosesi və tendensiyaları, habelə, altmışıncılar hərəkatı və modernizm haqqında konseptual elmi-nəzəri fikir çatdırılıb. Eyni zamanda müstəqillik dövrü Azərbaycan ədəbiyyatında çoxmetodlu və çoxüslublu ədəbi prosesin təzahürləri izah və çərhini tapıb. İsa Həbibbəyli ədəbi növ və janrların təsnifatına da yenidən baxıb və satiradan ədəbi növ kimi konkret bəhs edib.

Alim problemlərin elmi-nəzəri qoyuluşunu monoqrafiyanın sonrakı bölmələrində praktik cəhətdən əsaslandırıb. Yəni müəllifin milli ədəbi dövrləşdirmə konsepsiyasına uyğun olaraq kitabda “Azərbaycan ədəbiyyatı tarixi”nin ədəbi şəxsiyyətləri haqqında portret-oçerklər verilib, onların ədəbi-tarixi xidmətlərinin yenilikləri səciyyələndirilib. Akademik İsa Həbibbəyli çoxəsrlik Azərbaycan ədəbiyyatının mövcud tarixi ənənələrinə müasirlik işığında baxış ifadə edib, geniş ümumiləşdirmələrdən sonra qədim dövr Azərbaycan ədəbiyyatının etnos-epos (folklor) çağlarına, onun ən qədim dövrdən VII əsrə qədərki mərhələsinə, Şərq-Azərbaycan intibahı (XI-XII əsrlər) və Orta əsrlər (XIII-XVI əsrlər) dövrünə dair yeni və mühüm elmi müddəalar irəli sürüb. Alim hesab edib ki, qədim dövr Azərbaycan ədəbiyyatı milli ədəbiyyatın ilkin və zəngin mərhələsi, etnosdan-eposa qədərki inkişaf proseslərində şifahi yaradıcıcılığın salnaməsi, özündən sonrakı dövrlərin ədəbi inkişafında hərəkətverici qüvvəsi olub. Dahi Azərbaycan şairi Nizami Gəncəvi qədim dövrün deyil, XI-XII əsrlər intibahının zirvəsidir. XI-XII əsrlər Azərbaycan ədəbiyyatı türk-müsəlman intibahının mühüm hadisəsi olub, Şərq ədəbiyyatına, o cümlədən Azərbaycan ədəbi fikrinə epik poema, mənzum roman janrlarını, süjetli lirika və məsnəvi formalarını bəxş edib. Orta əsrlər (XIII-XVI əsrlər) ədəbi fikrimizin tarixinə anadilli ədəbiyyat mərhələsi kimi daxil olub, bu dövrdə anadilli ədəbiyyatımız hakim mövqe qazanıb, xalq həyatı və poeziyası yazılı ədəbiyyatın əsas mövzusuna, üslub məziyyətinə çevrilib. Akademik dahi Azərbaycan şairi Nizami Gəncəvini ümummilli intibahın böyük mütəfəkkir şəxsiyyəti, sufi-hürufi şair İmadəddin Nəsimini isə Orta əsrlər Azərbaycan ədəbiyyatının cahana sığmayan şairi-ədəbi məktəb yaratmaq hadisəsi kimi təqdim edib.

Nüfuzlu alim xalq-aşıq şeiri, xəlqilik, sadəlik və erkən realizmə doğru ədəbi inkişafın obyektiv və subyektiv səbəblərini aydınlaşdırıb, klassik poeziyanın yeniləşmə proseslərində Saib Təbrizi poeziyasının üstün mövqeyinə əhəmiyyət verib. Molla Pənah Vaqifin yaradıcılığını isə Azərbaycan ədəbiyyatının inkişafında xüsusi mərhələ hesab edib, onu romantik şeirdən realist üsluba, gerçəkçi təsvir və tərənnümə keçidin banisi kimi dəyərləndirib.

XIX əsr Azərbaycanda maarifçilik əsridir. Dövrün mühüm ideyası maarifçilik, inkişaf istiqaməti isə maarifçi realizm olub. Maarifçi realizm ölkəmizdə ədəbi cərəyan səviyyəsinə yüksəlib. Yaradıcısı yazıçı-dramaturq, tənqidçi və ictimai xadim Mirzə Fətəli Axundzadə olub. Onun ədəbi məktəbi əsasında realizmin (həm də maarifçiliyin!) təmsilçiləri yetişib. Bu barədə akademik İsa Həbibbəyli “Maarifçi realizm” bölməsində bildirib ki, XIX əsrin maarifçi ideyaları XX əsrin əvvəllərində inkişaf etdirilərək milli-demokratik hərəkat səviyyəsinə çatdırılıb, bu isə müstəqil dövlətçilik təfəkkürünün formalaşmasında xüsusi rol oynayıb. XX əsr ədəbiyyatının başlıca məramı milli istiqlal idealını hazırlamaq olub.

Azərbaycançılıq ideyası - ümummilli ideala çevrilib. Maarifçilik hərəkatı realizmi doğurub, bu ədəbi cərəyan isə yeni tarixi şəraitdə tənqidi realizmə çevrilib. Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir onun yaradıcıları, ədəbi cəbhəsi isə Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Üzeyir Hacıbəyov, Məhəmməd ağa Şahtaxtlı, Əli Nəzmi Məmmədzadə, Əliqulu Nəcəfzadə Qəmküsar, Yusif Vəzir Çəmənzəminli, Eynəli bəy Sultanov, Ömər Faiq Nemanzadə, Əliabbas Müznib, Mirzəli Möcüz Şəbüstəri, Bayraməli Abbaszadə, Marağalı Zeynalabdin və başqaları olub.

İsa Həbibbəyliyə görə, tənqidi realizm ədəbi cərəyanı və “Molla Nəsrəddin” ədəbi məktəbi eyni cür məqsəd və vəzifə daşıyıb. Tənqidi realizm yeni janrlar doğurub: tragikomediya, tarixi dram (masal-dram), lüğət, teleqram, poçt qutusu, felyeton, atalar sözü. Satira isə tənqidi realizmin əsas yaradıcılıq istiqamətinə-ədəbi növə çevrilib,-monoqrafiya müəllifi bu fikirdədir. Mühüm bir tezisi də belədir ki, XX əsrin əvvəlləri maarifçi realizmlə tənqidi realizmin qovuşduğu tarixi şəraitdir.

Cəlilməmmədquluzadəşünas-alim İsa Həbibbəyli “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyasını yazarkən Bakı, Moskva, Təbriz, Kiyev, Tbilisi, Ərzurum, Odessa, İrəvan, Naxçıvan, Qori, Yasnaya Polyana arxivlərində, muzey və kitabxanalarında olub, nadir sənədləri üzə çıxarıb, onlardan geniş istifadə edib. O,”Füyuzat” - “Molla Nəsrəddin” və “Əli bəy Hüseynzadə - Cəlil Məmməduluzadə” şəxsi-ədəbi münasibətlərinə elmi-nəzəri və faktoloji aydınlıq gətirib. Onların arasında qarşıdurma yox, üslub, dünyabaxışı fərqlərinin olduğunu əsaslandırıb.

Görkəmli ədəbiyyatşünas “Tənqidi realizm” bölməsində milli maarifçilik hərəkatının tarixi-müqəddəm şərtlərini, onun mərhələlərini, təmsilçilərini göstərib, “Molla Nəsrəddin” - Cəlil Məmmədquluzadə ideyalarının tənqidi realizmin ədəbi-nəzəri əsaslarına çevrildiyini şərh edib. O, yalnız Azərbaycanın yox, həm də Qafqaz, Orta Asiya, İran və Türkiyə xalqlarının reallıqlarını diqqətə çatdırıb. Müəllif aydınlaşdırıb ki, İran, Türkiyə, Orta Asiya və Qafqazda nəşr edilən jurnalların forma və ideya-məzmununa, dil və üslub xüsusiyyətlərinə “Molla Nəsrəddin”in güclü bədii təsiri olub.

Akademik İsa Həbibbəyli monoqrafiyanın “Romantizm” bölməsində onun estetik təzahürünə yaradıcılıq metodu və ədəbi cərəyan səviyyəsindən münasibət bildirib, romantik metodla romantik üslubun sərhədlərini aydınlaşdırıb. Romantizmin yarandığı tarixi şəraiti və ideya-estetik prinsipləri öyrənib, onun tədqiqat tarixinə nəzər yetirib. Romantik lirikanın vətən, tale, qadın azadlığı, inqilab, sosial-fəlsəfi, əxlaqi-tərbiyəvi və məhəbbət mövzularını - bu bədii-estetik inkişaf istiqamətlərini görkəmli romantiklər Abbas Səhhət, Məhəmməd Hadi, Hüseyn Cavid və Abdulla Şaiqin lirikası əsasında izləyib. Aydınlaşdırıb ki, romantik lirikada inqilabi-demokratik ideyalar mücərrəd, simvolik və ümumi xarakterdə olub. XX əsr romantizmi 1905-1917-ci illər faktı olub, klassik romantik ənənələrin davam və inkişafına zəmin yaradıb. Romantik fərdi üslub lirik-fəlsəfi düşüncələrə, poetik monoloq və dialoqlara, qüvvətli romantik pafosa, obrazlı-məcazi sözə geniş yol açıb. Görkəmli alimə belə qənaətdə olmağa həm də Hüseyn Cavid yaradıcılığı geniş faktlar verib.

Monoqrafiya müəllifinin “Sovet dövrü Azərbaycan ədəbiyyatı” bölməsində əldə etdiyi mühüm qənaət budur ki, Səməd Vurğun xalqının və zəmanəsinin güclü milli şairi olub, yaradıcılığı Azərbaycançılıq məfkurəsini daha parlaq ifadə edib. Onun tribun şəxsiyyəti milli poeziyası ilə elmiliyin vəhdətində təzahür olunub. Səməd Vurğun ədəbi məktəbinin üslub xüsusiyyətləri ənənə və müasirlik mövqeyindən daha artıq dəyərləndirilib.

Akademik İsa Həbibbəyli monoqrafiyanın “Müstəqillik andı” hissəsində tanınmış şair-publisist, “525-ci qəzet”in baş redaktoru, Ədəbiyyat İnstitutunun yaxın təəssübkeşi Rəşad Məcidin sosial şəbəkə ədəbiyyatındakı təşəbbüslərinə yüksək elmi dəyər verib.

Tədqiqatın “Folklorşünaslıq və mədəniyyət” bölməsində mühüm elmi tezislər irəli sürən alim dəyərləndirib ki, “Kitabi-Dədə Qorqud” dastanları geniş təbliğ edilməkdə, Qorqudşünaslıq elminin imkanları genişlənməkdə, onun milli dövlətçilik əhəmiyyəti daha artıq məna və mahiyyət kəsb etməkdədir. Alim “Kitabi-Dədə Qorqud” dastanlarında Təpəgöz motivi və onun epik ənənəsi” məqaləsində motivin daha qədim tarixi ilə bağlı fikir və mülahizələrini bildirib.

İsa Həbibbəylinin fikrincə, Təpəgöz obrazı dastançılıqdan çox, mifoloji düşüncə ilə bağlı olub, qədim yunan eposu “Odisseya”dan əvvəl formalaşıb. Professor Əli Sultanlı da Təpəgöz boyunun “Odisseya”dakı Polifem obrazından əvvəl meydana gəldiyini bildirib. Təpəgözün Azərbaycan mifləri və nağıllarında sələfləri olduğunu səsləndirən akademik İsa Həbibbəyli mülahizə edib ki, “Basatın Təpəgözü öldürdüyü boy”dakı Uzun bulaq toponimi Naxçıvan ərazisindəki Altuntaxt-Salaxana-Günortac bölgəsində olan Xan bulaq, Qoşa bulaq və ya Salaxan bulaqlarından biri olub.

Akademik “Gəmiqaya - Qobustan mədəniyyətindən Orxon abidələrinədək” və “Qayaüstü mədəniyyət: əfsanə və reallıqlar” məqalələrində qeyd edib ki, Azərbayanda milli dövlət müstəqilliyindən sonra Nuh peyğəmbər, Dünya tufanı və Gəmiqaya mövzusu gündəmə gəlib. Təqdimatdan aydın olur ki, Gəmiqayadakı iki minə yaxın qayaüstü rəsmin əksəriyyəti Qaranquş yaylağındadır. Xəzər obası toponimi Nuh peyğəmbərlə bağlıdır. Haçadağ (İlandağ) isə Nuh gəmisinin yarıb keçdiyi dağın adıdır. Nuhdaban - peyğəmbərin yaylaq, oba həyatından oturaq həyata keçdiyi insan məskənidir. Nuhdaban Naxçıvan şəhərinin ilkin salındığı yer, Nuh peyğəmbərin məskunlaşdığı məkandır.

Kitab müəllifi xülasə edib ki, Gəmiqaya - Ordubad ərazisində ilkin çağlara aid təbiət abidəsi olub, Qobustan qayaüstü yazılarından qədimdir. Gəmiqayadakı 2 mindən çox qayaüstü rəsm naturadan (əşya və heyvanların rəsmləri), süjetli rəsmlərdən (ov səhnələri, heyvandarlıq və əkinçiliklə bağlı təbiət hadisələrinin rəsmləri) ibarət olub, astral səciyyəlidir.

Monoqrafiyanın bir əhəmiyyətli bölməsi də “Rusiya ədəbi-ictimai mühiti”nə aiddir. Ədəbiyyatşünas-alim bu bölmədə “Mixail Şoloxov və Azərbaycan ədəbiyyatı”, “Ölümsüz mübariz haqqında roman-tədqiqat”, “Dostluq və əməkdaşlıq”, “Nobel mükafatı laureatı, akademik J.İ.Alfyorov ilə müsahibə” və “Xəzərdən Qafqaz Rusiyası Stavropolunadək” məqalələrini çap etdirib.

“Mixail Şoloxov yaradıcılığının öyrənilməsi müasir mərhələdə: problemlər, konsepsiyalar və yanaşmalar” mövzusunda görkəmli rus yazıçısı, Nobel mükafatı laureatı Mixail Şoloxovun vətənində - Rusiyanın Rostov vilayətinin Vyoşenskaya qəsəbəsində keçirilmiş beynəlxalq elmi-praktik konfransda (10-12 sentyabr 2014-cü il) Rusiya, Çin, Azərbaycan, Polşa, Belarus, İndoneziya və İran alimlərinin məruzələri dinlənilib.

Akademik İsa Həbibbəyli plenar iclasda “Mixail Şoloxov və Azərbaycan” mövzusunda məruzə edib. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin böyük rus yazıçısının zəngin irsinə verdiyi yüksək qiymət, ümummilli liderin gerçək ədəbiyyat siyasəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

“Ölümsüz mübariz haqqında roman-tədqiqat” məqaləsində müəllif eyni zamanda yazıçı-publisist Rudolf Nikolayeviç İvanovun görkəmli ədib və dövlət xadimi Nəriman Nərimanov barəsində yazdığı “Ölməz mübariz” romanının məziyyətlərini qiymətləndirib.

“Dostluq və əməkdaşlıq”, “Xəzərdən Qafqaz Rusiyası Stavropolunadək” məqalələri Moskva Dövlət Pedaqoji İnstitutunun Stavropol filialı ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dostluq və elmi əməkdaşlığı məsələlərinə həsr edilib. “Nobel mükafatı laureatı, akademik Jores. İ. Alfyorov ilə müsahibə”də isə AMEA-nın birinci vitse-prezidenti ilə REA Sankt-Peterburq Elmi-Tədqiqat Mərkəzinin direktoru arasında elm və ədəbiyyat sahəsində aktual müsahibəsi verilib.

Alimin kitaba “Dünya ədəbiyyatı” bölməsindən aşağıdakı məqaləsi daxil edilib: “Azərbaycan ədəbi-ictimai fikrində Çin mövzusu və onun perspektivləri”. Məqalədə Azərbaycanla Çin Xalq Respublikası arasında ədəbi-mədəni əlaqələrin tarixi, tədqiqi, təbliğı və tərcümə məsələləri, habelə, müstəqillik dövründə iqtisadi, siyasi və elmi-mədəni sahədə əməkdaşlıq müqavilələri, ədəbi əlaqələrin vəzifə və pespektivləri, ikitərəfli görüşlər, bu sahədə keçirilmiş konfranslar və mədəniyyət mərkəzlərinin rolu ifadəsini tapıb. Qeyd edilib ki, 4 fevral 2015-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Xalq Respublikasının nümayəndələri ilə görüş olub, akademiyada Konfutsi İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalanıb və Çin Mədəniyyət Mərkəzi açılıb. Akademik İsa Həbibbəyli açılış mərasimində giriş sözü söyləyib, Azərbaycan-Çin münasibətlərindən danışıb.

Alim 10 mart 2017-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilmiş “Azərbaycan-Çin ədəbi əlaqələri müasir mərhələdə” mövzusunda tədbiri yada salıb, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında dil və ədəbiyyat sahəsində əməkdaşlığın perspektivlərindən və əhəmiyyətindən söz açıb. 2015-ci ildə Ədəbiyyat İnstitutu və Çin Konfutsi İnstitutu arasında elmi-ədəbi əlaqələrin inkişafı barəsində imzalanmış müqavilələri xatırladıb, Ədəbiyyat İnstitutunda Çin Mədəniyyət Mərkəzinin fəaliyyətini diqqətə çatdırıb.

2 oktyabr 2017-ci ildə Çin İctimai Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş keçirilib. AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə səfərdə olan Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) nümayəndə heyəti ilə görüşüb, bu zaman akademik Azərbaycan-Çin elmi əlaqələrinin çağdaş inkişaf istiqamətlərindən danışıb. Çindən Azərbaycana tez-tez müxtəlif elm sahələri nümayəndələrinin səfərləri olduğunu qeyd edib, elmi əməkdaşlığın genişləndiyini diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli noyabrda ÇİEA prezidentinin rəhbərliyi ilə böyük nümayəndə heyətinin AMEA-nın qonağı olduğunu, birgə tədbirlərin keçirildiyini və hərtərəfli müzakirələrin aparıldığını xatırladıb, ölkələrimiz arasında elmi münasibətlərin perspektivindən söz açıb.

Akademik İsa Həbibbəyli milli və bəşəri əlaqələr sahəsinə böyük diqqət göstərir. O, bunu həm birinci vitse-prezident, həm də institut direktoru kimi ardıcıl olaraq həyata keçirir. “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının baş redaktorudur. Hazırda bu sahədə daha böyük əlaqələr yaratmaqda, uğurlar qazanmaqdadır. Belə ki, institutda “Türk xalqları ədəbiyyatı”, “Azərbaycan - Türkmənistan - Özbəkistan ədəbi əlaqələri”, “Azərbaycan-Asiya ədəbi əlaqələri”, habelə, “Dünya ədəbiyyatı və komparativistika” şöbələrinin elmi-təşklati fəaliyyəti mədəni əlaqələrin coğrafiyasını xeyli genişləndirib və gücləndirib.

Tədqiqatın “Oxşar ədəbi talelər” bölməsində akademik İsa Həbibbəyli türkçülük məfkurəsi məcrasında qövmlərin elmi-mədəni birliyi, onların ədəbi dövrləşdirmə konsepsiyası, Şərq intibahının formalaşması və inkişafında elmin və ədəbiyyatın rolunu şərh edib. Bu problem-mövzu ilə əlaqədar kitabda alimin “Türk ədəbi tarixinin dövrləşdirmə konsepsiyası və onun inkişaf mərhələləri”, “Türk xalqlarının elmi-mədəni birliyinin reallıqları və strategiyası”, “Məşhur Şərq sivilizasiya renessansının formalaşması və inkişafında elm və ədəbiyyat faktoru”, “Azərbaycan-türkmən ədəbi əlaqələri: ümumi dəyərlər və böyük elmi-mədəni irs”, “Əbədi ədəbiyyat mogikanı Çingiz Aytmatov”, “Məşhur qırğız ədəbiyyatşünas alimi Abdıldajan Axmataliyev” və “Dostluğun ədəbi körpüsü (Razilp Baleyev, Tatarıstan)” məqalələrinə geniş yer verilib.

Görkəmli elm xadimi kitabda Azərbaycan-türkmən ədəbi əlaqələrinə dair antologiyaların hazırlanması, dissertasıya, monoqrafiya və məqalələrin yazılması, türkmən şair və yazıçılarının, habelə, Məhtimqulu Fəraqinin əsərlərinin nəşri, elmi konfransların keçirilməsi, yubiley materiallarının çapı və təbliği məsələlərindən geniş bəhs edib.

Alim məqaləsində Heydər Əliyev-Çingiz Aytmatov, Çingiz Aytmatov-Heydər Əliyev münasibətlərindən yazıb. Ölkə Prezidenti cənab İlham Əliyevin onu “Dostluq” ordeni ilə təltif etdiyini (2008) nəzərə çatdırıb. Akademik İsa Həbibbəyli yazıçının 90 illik yubileyi münasibətilə yazıb, üç dildə çap etdirdiyi “Çingiz Aytmatov haqqında söz” monoqrafiyasını yada salıb, yazıçının dünya ədəbi-ictimai prosesləri və qırğız ədəbiyyatındakı yerini, mövqeyini dəyərləndirib. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 13 iyul 2018-ci ildə “Çingiz Aytmatov: milliliklə bəşəriliyi birləşdirən fenomen” mövzusunda beynəlxalq simpozium keçirdiyini, yazıçı və ictimai xadimin yaradıcılıq ideallarını bir daha yada salıb. Beynəlxalq simpoziumda AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un Baş katibi, professor Düsen Kaseyinov, Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusubov, Türkiyə Cümhuriyyəti Yunus Əmrə İnstitutunun Azərbaycan təmsilçiliyinin müdiri Cihan Özdəmir və başqaları məruzə etdiyini qeyd edib.

Alimin türk təfəkkürü məcrasında məqalələrinin məğzini ümumiləşdiririk ki, hazırda Azərbaycanın həm Türk, həm də Asiya ədəbi əlaqələri, habelə, dünya ədəbiyyatı yönlərində elmi tədqiqat fəaliyyəti, problem-mövzular Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxstan, Türkmənistan, Qırğızıstan, habelə, Gürcüstan, İran, İraq, Rusiya, Çin, Yaponiya, İngiltərə, Fransa, ABŞ, Almaniya, Cənubi Koreya, İspaniya, Hindistan, Polşa, Bolqarıstan, Moldova, Avstriya, Misir Ərəb Respublikası,Tunis, Ukrayna, Pakistan, Macarıstan və başqa ölkə xalqlarının ədəbiyyatı üzrə müəyyənləşdirilməkdə, mövcud konspesiyalar siyasi-ideoloji, elmi-nəzəri və ədəbi-estetik yanaşmalara söykənməkdə və kadr hazırlığı həyata keçirilməkdədir.

Monoqrafiyanın “Elmin üfüqləri” adlı sonuncu bölməsində akademikin “Azərbaycan Milli Elmlər Akademiyasının yaranma tarixi və onun ilkin şöbələri”, “Böyük elmin əsas kriteriyaları: dialoq və əməkdaşlıq”, “Fizika və lirika: dünya təcrübəsi və ölkə reallıqları”, “Multikulturalizm yollarında: tarixi ədəbi ənənələr və müasir epoxa” mövzusunda məqalələri verilib.

İndiyə qədər akademik İsa Həbibbəylinin rəhbərliyi və ideya müəllifliyi ilə altı dəfə “Fizika və lirika” konfransı keçirilib. İlk “Fizika və lirika” konfransı (seminarı) 11 noyabr 2014-cü ildə institutun elektron akt zalında olub. Akademik İsa Həbibbəyli “Fizika və lirika: elmi düşüncədə bədii fantaziya və lirikada kainat” mövzusunda giriş sözü söyləyib.

27 mart 2017-ci ildə AMEA-nın təşkilatçılığı ilə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Alimlər Evinin təşkilatçılığı ilə “Nizami təqvimi: lirikada və astrofizikada” mövzusunda ikinci “Fizika və lirika” konfransı çağırılıb. Tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb.

Üçüncü elmi konfrans 17 iyul 2017-ci ildə AMEA-nın Dendrologiya İnstitutunda keçirilib. Akademik İsa Həbibbəyli konfransın açılış mərasimində giriş sözü söyləyib, növbəti konfransın MDB ölkələri səviyyəsində, beynəlxalq miqyasda keçiriləcəyini bildirib.

Dördüncü “Fizika və lirika” konfransı “Qoşa qanad: elmi idrakla bədii yaradıcılığın sintezi” adlandırılıb, Azad Həmkarlar İttifaqı və Ədəbiyyat İnstitutunun iştirakı ilə 17 iyul 2018-ci ildə AMEA-nın Botanika İnstitutunda və Mərkəzi Nəbatat Bağında keçirilib. Akademik İsa Həbibbəyli və AMEA Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov giriş sözü söyləyib.

Elm və sənət dekadası - “Fizika və lirika: dünya təcrübəsi və ölkə reallıqları” mövzusunda növbəti beynəlxalq konfrans Bakıda, Şamaxı Astrofizika Rəsədxanasında və Moskva yaxınlığındakı Dubna şəhərində keçirilib (14-24 noyabr 2018-ci il). Akademik İsa Həbibbəyli “Fizika və lirika” mövzusunda məruzə söyləyib, konfransın əhəmiyyətini - elmi-bədii proseslərin daha geniş ərazidə inkişaf etdiriləcəyinə inamını ifadə edib...

Hörmətli oxucularımız monoqrafiyanın sonunda müəllifin yığcam bioqrafiyası ilə də tanış ola bilərlər.

Nüfuzlu elm təşkilatçısı iş üslubu sadəlik və səmimiyyətə, zəhmət və fədakarlığa əsaslanan parlaq zəka sahibi, yaradıcı və qurucu şəxsiyyətdir. İdealı elmə və ziyalılığa, dövlətə və millətə xidmət nümunəsi olan, kübar və elit insan akademik İsa Həbibbəyli hazırda milli ədəbiyyat tarixi və nəzəriyyəsini sistemə salmaq və çap etdirmək sahəsində əzmkarlıqla çalışmaqda, böyük uğurlar qazanmaqdadır. Görkəmli ədəbiyyatşünas alimin “Ədəbiyyat. Zaman. Müasirlik” adlı monoqrafiyası bu baxımdan kifayət qədər aktual olub, müasir zaman kəsiyində ədəbiyyat tarixi, nəzəriyyəsi və ədəbi əlaqələr məcrasını yönləndirməkdə, qarşılıqlı tədqiqatların aparılması problemləri və perspektivlərini müəyyənləşdirməkdə qiymətli elmi mənbədir. Biz monoqrafiya müəllifini ürəkdən təbrik edir, kitabın rus dilində Moskvada nəşrini yüksək qiymətləndirir və zəmanəmizin nüfuzlu ziyalısına möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

 

Əlizadə ƏSGƏRLİ,

AMEA Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutunun elmi işlər üzrə

direktor müavini, filologiya elmləri

doktoru, professor.

 

Respublika.- 2020.- 17 aprel.- S.6.