NƏRİMAN
NƏRİMANOV - 150
Nəriman Nərimanovun bədii yaradıcılığı ilə ictimai və siyasi fəaliyyəti arasında üzvi bağlılıq vardır. Onun ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçmişdir. Siyasi çarpışmaların daha da gərginləşdirdiyi son dərəcə mürəkkəb şəraitə baxmayaraq, Nəriman Nərimanov milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddinədək müdafiə etmişdir. O, keçmişimizin mədəni sərvətlərinin mühafizəsinə, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirmiş, elmin, maarifin və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmış, dövrün milli məfkurə daşıyıcısı olan şəxsiyyətlərinə ehtiram və qayğı ilə yanaşmışdır.
Nəriman Nərimanovun XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti məhz ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə doğma xalqa çatdırılmışdır. Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
(“Nəriman Nərimanovun 150
illik yubileyini n qeyd edilməsi haqqında” 14 fevral 2020-ci il tarixli
Sərəncamından)
(əvvəli 16, 18, 19, 20,
22, 23, 25, 28, 29 fevral,
1, 3, 5, 7,
8, 11, 12, 13, 14, 15, 17, 18, 19 mart,
7, 8, 9,
10, 11, 12, 15 və 17 aprel
tarixli saylarımızda)
Bakının üstünü fəlakət
dumanı bürümüşdü. Əksinqilabi
mart qiyamının başlandığı
tufanlı günlərdə
N.Nərimanov öz həmfikirləri ilə əllərində ağ bayraq küçə-küçə gəzib təşviş və həyəcan içərisində nə
edəcəklərini bilməyən
camaatı sakitləşdirir,
qiyamçılara qarşı
fəhlələrin yekdil
və şüurlu mübarizəsini təşkil
edirdilər.
Mart hadisələri çoxmillətli
Bakı proletariatının
qələbəsi ilə
başa çatdı. Böyük tarixi
əhəmiyyəti olan
bu qələbə bütün Azərbaycanda
sosialist inqilabı uğrunda mübarizənin
genişlənməsinə və ayrı-ayrı rayonlarda Sovet hakimiyyətinin möhkəmlənməsinə
kömək etdi.
Azərbaycan kommunistləri Bakıda Sovet hakimiyyətini daha da möhkəmlətmək
üçün zəhmətkeş
kütlələr arasında
siyasi təşviqata və təbliğata xüsusi diqqət yetirirdilər. Bu zaman
N.Nərimanovun rəhbərliyi
altında yaradılan
Müsəlman (Azərbaycan)
sosialist partiyaları bürosu hadisələrə
milli müharibə xarakteri verməyə çalışan əksinqilabi
qüvvələrin qara
niyyətini ifşa edir, hər yerdə sülh və həmrəylik yaratmağa çalışırdı.
Müsəlman sosialist partiyaları
bürosu inqilabi müdafiə komitəsinə
bir sıra inqilabi tədbirlərin həyata keçirilməsində
yaxından kömək
edirdi. Güclü beynəlmiləl fəhlə təşkilatları
inqilabi qayda-qanunu qoruyurdu.
Lakin bütün
bunlara baxmayaraq, Bakıda Sovet hakimiyyətinin təhlükəsizliyi
tamamilə aradan qalxmamışdı. İctimai-siyasi şərait yeni
rəhbər dövlət
hakimiyyəti orqanı
yaradılmasını tələb
edirdi. 1918-ci il aprelin 25-də Bakı fəhlə, əsgər və matros deputatları Sovetinin iclasında Bakı Xalq Komissarları Soveti yaradıldı. Bu, Şərqdə
ali səlahiyyətə
malik ilk xalq hakimiyyəti idi.
Bakı
Xalq Komissarları Sovetinin tərkibinə S.G.Şaumyan (Xalq Komissarları Sovetinin sədri və xarici işlər komissarı), N.N.Nərimanov
(şəhər təsərrüfatı
komissarı), P.A.Caparidze
(daxili işlər komissarı), M.Ə.Əzizbəyov
(quberniya komissarı və daxili işlər komissarının
müavini), İ.T.Fioletov
(xalq təsərrüfatı
işləri üzrə
komissar), Q.N.Korqanov (xalq hərbi və dəniz işləri komissarı),
M.H.Vəzirov (torpaq komissarı), N.N.Kolesnikova
(maarif komissarı), A.B.Karinyan (Qabrielyan) (ədliyyə komissarı),
Y.D.Zevin (əmək komissarı) və b. daxil oldular.
Beləliklə, Bakının beynəlmiləl
tərkibli inqilabçı
proletariatı Zaqafqaziyada
birinci olaraq Böyük Oktyabr bayrağını ucaltdı. Odlar Yurdu
qoca Şərqdə sosialist inqilabının mayakına çevrildi.
2. Xalq Komissarı
Bakı Xalq Komissarları Soveti öz fəaliyyətinin ilk günlərindən
Rusiya fəhlə-kəndli
hökumətinin bütün
dekret və sərəncamlarını yerli
şəraitə uyğun
surətdə həyata
keçirməyə, burjua-mülkədar
dövlət üsuli-idarəsini
ləğv etməyə
girişdi. Bu ciddi
inqilabi tədbirlərin
həyata keçirilməsi
yolu ilə burjua-mülkədar hökmranlığının
iqtisadi əsası ləğv edilir, sosialist quruculuğunun təməli qoyulurdu.
N.Nərimanov Bakının dağılmış
təsərrüfatını qaydaya salmaq üçün yorulmadan çalışırdı. Səhərdən
gecə yarıyadək
onun iş otağı adamlarla dolub-boşalırdı. N.Nərimanovu ticarət, şəhər
nəqliyyatı, təchizat
və ərzaq məsələləri ilə
yanaşı, xalq maarifi və mətbuat məsələləri
də ciddi məşğul edirdi.
O, Bakının neft rayonlarında yeni məktəblər, kurslar,
kitabxanalar, fəhlə
klubları açılmasına
qayğı ilə yanaşırdı. O, xalq
komissarı kimi günlərlə səhərdən-axşamadək
neft mədənlərində,
zavodlarda, məclislərdə
olur, zəhmətkeş
kütlələrə ictimai-siyasi
vəziyyəti və
bolşeviklərin xətti-hərəkətini
başa salır, onları fəhlə-kəndli
hakimiyyətini qorumağa
və möhkəmləndirməyə
çağırırdı. N.Nərimanov
zəhmətkeş kütlələrin
proletar beynəlmiləlçiliyi
və sosializm işinə hədsiz sədaqət ruhunda tərbiyə edilməsində
mətbuata ən qüdrətli vasitə kimi baxırdı. O öz redaktəsi ilə çap olunan “Hümmət” qəzetində Bakı Xalq Komissarları Sovetinin qərarlarını,
dekretlərini dərc
etdirirdi. “Hümmət”
öz fəaliyyəti
ərzində “Bakinski
raboçi”, “Bakı Şurasının Əxbarı”,
“İzvestiya Bakinskoqo Soveta”, “Değekadu” qəzetləri kimi bolşeviklərin qüdrətli
təbliğat və təşviqat silahı idi.
Zəhmətkeş kütlələri qırmızı
bayraq ətrafına toplamaq üçün millətçi burjua partiyalarının və əskinqilabçı ünsürlərin
müqavimətini qırmaq
və eyni zamanda inqilabçı kəndli kütlələri
ilə Bakı proletariatının əlaqəsini
möhkəmləndirmək, kəndlərdə hakimiyyətin
tamamilə yoxsulların
əlinə keçməsini
təmin etmək, Azərbaycan bolşevikləri
qarşısında ümdə
bir vəzifə kimi dururdu. Məhz
buna görə də 1918-ci il
mayın 26-da N.Nərimanovun
sədrliyi ilə açılan Bakı qəzası kəndli deputatları sovetlərinin
birinci qurultayı Bakı proletariatı və yoxsul kəndlilərin həmrəyliyi
və möhkəm birliyi nümayişinə
çevrilmişdi. Bu qurultayda
oktyabr inqilabının
böyük tarixi əhəmiyyətindən bəhs
edən N.Nərimanov qətiyyətlə demişdi:
“Bütün hakimiyyət,
ölkənin bütün
maddi və mənəvi sərvəti
fəhlələrlə kəndlilərin
olmalıdır. “Mən
əminəm ki, bu qurultay yerli
hakimiyyəti, Zaqafqaziyada
yeganə hakimiyyəti
möhkəmləndirməyə imkan verəcəkdir; bu hakimiyyət gələcəkdəki ağ günlərə
yol açır... O zaman milliyyətdən və dindən asılı olmayaraq hamı yoldaş və qardaş olacaqdır”. Bu qurultayda
Bakı qəzası kəndli deputatları Sovetlərinin İcraiyyə
Komitəsi seçildi.
N.Nərimanov da komitənin
tərkibinə daxil edilmişdi.
1918-ci ilin ilk aylarından
sovet silahlı qüvvələrinin yaradılması
ən vacib, təxirəsalınmaz bir
zərurət kimi meydana çıxdı. Sovet hakimiyyətini
müdafiə etmək,
əksinqilabi qiyamlara,
sabotaja qarşı mübarizə aparmaq üçün fəhlə
və kəndlilərdən
ibarət hərbi hissələr təşkil
olunmalı idi. Hümmətçilərin sayəsində azərbaycanlı
fəhlə və kəndlilərin mübariz
və şüurlu hissəsi Qızıl qvardiyaya könüllü
yazılırdı.
N.Nərimanov 1918-ci il mayın 1-də Təzəpir
məscidində şəhər
yoxsullarına müraciətlə
demişdi: “Mən sizə beş ay bundan əvvəl nəsihətlər etdim və dedim ki,
Şura hökumətinə
kömək ediniz. Qırmızı Ordu və Qvardiyaya yazılınız, öz
şəxsi qərəzlərinizi
nəzərdə tutan
partiyalara inanmayınız!
Yenə sizə deyirəm ki, Şura hökumətinə
can və dildən tabe olub ona
kömək ediniz. Qırmızı Orduya yazılınız
və əks-inqilabçılara
qoşulmayınız”.
V.İ.Leninin böyük maddi və mənəvi yardımı ilə mütəşəkkil Qızıl Ordu yarandı. Bu xalq ordusu əksinqilabi qüvvələrin hücumunu mərdliklə dəf edirdi. 1918-ci ilin aprel-may aylarında türk-alman müdaxiləçiləri Zaqafqaziyaya soxuldular. Vətəndaş müharibəsi başlandı. Qızıl Ordu Zaqafqaziyada fəhlə-kəndli inqilabının müqəddəratını həll etməli, bütün zəhmətkeşləri üsyana qaldırmalı idi. Düşmənlərə qarşı amansız döyüşlərdə Qızıl Ordu sarsılmaz mətanət və qəhrəmanlıq nümunələri göstərirdi. Bu, yerlərdə Sovet hakimiyyətinin daha möhkəm olmasına kömək edirdi. Sovet hakimiyyətinin müqəddəratı həll olunduğu bu günlərdə xalq komissarları tez-tez qəzalara gedir, bolşeviklər partiyasının siyasətini zəhmətkeş kütlələrə başa salır, yerlərin iqtisadi, siyasi və hərbi vəziyyətini yaxşılaşdırmaq üçün konkret əməli tədbirlər görürdülər. May ayının ilk günlərində “hamının istəklisi və sevimlisi” (A.Caparidze) olan N.Nərimanov qəzalara getmək imkanından məhrum oldu. Həkimlərin məsləhətinə görə o, təcili müalicəyə göndərilməli idi.
A.Mikoyan sonralar bu hadisəni xatırlayaraq yazırdı: “Şaumyan ona doğma qardaş kimi qayğı göstərirdi. Partiyanın təcrübəli və nüfuzlu xadimi Nərimanovun o günlərdə Azərbaycanda olması son dərəcə zəruri idi, buna baxmayaraq, Şaumyan onun Rusiyaya müalicəyə göndərilməsinə nail oldu”. “Hümmət” qəzeti 1918-ci il 16 may tarixli nömrəsində öz oxucularına bildirirdi: “Mart ayı faciəsindən qabaqkı müddətdə, məclis və yığıncaqlarda müsəlman füqərayi-kasibəsinin halına qalıb onları həmişə ayıq olmağa dəvət edən və həmin hadisələrdən sonra da... yorulmadan iş görməkdə olan möhtərəm yoldaşımız Nəriman bəy Nərimanov neçə gündür ki, azarlamışdır, həkimlərin məsləhətinə görə evindən xəstəxanaya aparılmışdı. İndi müalicə üçün Həştərxana göndərilməsi məsləhət görülür. Odur ki, hazırda evinə gətirilibdir və tezliklə Həştərxana göndəriləcəkdir.
Ürəkdən rica edirik ki, belə bir əzmkar insan və fəal xadim şəfa tapıb sağ-salamat qayıtsın”.
N.Nərimanov Həştərxandakı “Tinaki”yə, palçıq müalicəsinə göndərildi. Onu Bakı limanına qolları üstündə aparıb yola salanlar arasında Bakı Xalq Komissarları Sovetinin rəhbər xadimləri də vardı. Bu onların son görüşü oldu. N.Nərimanov öz mübariz məslək dostlarını bir daha görmədi.
(davamı növbəti saylarımızda)
Respublika.- 2020.- 19 aprel.- S.4.