NƏRİMAN
NƏRİMANOV - 150
Nəriman Nərimanovun bədii yaradıcılığı ilə ictimai və siyasi fəaliyyəti arasında üzvi bağlılıq vardır. Onun ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçmişdir. Siyasi çarpışmaların daha da gərginləşdirdiyi son dərəcə mürəkkəb şəraitə baxmayaraq, Nəriman Nərimanov milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddinədək müdafiə etmişdir. O, keçmişimizin mədəni sərvətlərinin mühafizəsinə, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirmiş, elmin, maarifin və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmış, dövrün milli məfkurə daşıyıcısı olan şəxsiyyətlərinə ehtiram və qayğı ilə yanaşmışdır.
Nəriman Nərimanovun XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti məhz ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə doğma xalqa çatdırılmışdır. Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti.
(“Nəriman
Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” 14
fevral 2020-ci il tarixli Sərəncamından)
(əvvəli 16, 18, 19, 20, 22, 23, 25, 28, 29 fevral,
1, 3, 5, 7,
8, 11, 12, 13, 14, 15, 17, 18 və 19 mart tarixli saylarımızda)
N.Nərimanovun təşəbbüsü ilə təkcə
kişilər deyil, qadınlar da “Ağ çiçək” mərasiminin
ümumxalq bayramı səviyyəsində keçməsinə
çalışırdılar. Bu xeyirxah tədbirdə
müsəlman qadınlarından Həcər, Sona, Fatma,
Müslimə, Aliyə, Züleyxa, Əbru və Vakina
xanımlar fədakarlıq nümunəsi göstərmişdilər.
N.Nərimanov “Ağ çiçək” satan
müsəlman xanımlarının ümumxalq yolunda olan fədakar
və xeyirxah əməllərini yüksək qiymətləndirir,
iftixarla yazırdı: “Hacıtərxan müsəlman xanımlarına
min təşəkkürlər olsun! Onlar qeyri
millətlər qarşısında öz millətlərinin
üzünü ağ etdilər”.
N.Nərimanov
təxminən bir il sonra “Ağ
çiçək” mərasiminin böyük müvəffəqiyyətini
fərəh hissi ilə xatırlayaraq yazırdı: “Həmdlər
olsun ki, mənim sevgili millətim mənim ümid etdiyimdən
daha artıq qeyrət və həmiyyət göstərib mənim
gözləmədiyimdən artıq mənə yardım etdi.
Binaənaley, ağ çiçək
bayramı günündə müsəlmanların müvəffəqiyyəti
başqalarınkından artıq olmasa da, əskik olmadı. Xüsusən bu gündə bizlərə iştirak
edib özlərinin istedadlarını göstərən bəzi
həmşirələrimiz müsəlman
xanımlarının həmiyyət və qeyrətlərini
ümumin etibarını cəlb etmiş idi”.
N.Nərimanov “Ağ çiçək” bayramının
kütləvi halda keçirilməsinə böyük əhəmiyyət
verir, “millət və insaniyyət” naminə yorulmadan
çalışır, elmi, tibbi mövzularda söhbətlər
keçirir, mühazirələr oxuyurdu. Şənliklərdə
toplanan vəsait yoluxucu xəstəliklərə qarşı
mübarizəyə və yoxsulların müalicəsinə sərf
edilirdi.
1911-ci ilin may-iyun aylarında tatar xalqının görkəmli
oğlu, inqilabçı-demokrat şair Abdulla Tukay Həştərxanda
olduğu zaman ümumşəhər “Ağ çiçək”
bayramında fəal iştirak etmişdi. Onun N.Nərimanovla
ilk tanışlığı da burada olmuşdur. A.Tukay N.Nərimanovun “Ağ çiçək”
bayramı münasibətilə söylədiyi nitqi
böyük maraqla dinləmiş və onun təklifi ilə
öz yeni şeirini oxumuşdur.
N.Nərimanovun tatar şairi ilə görüşü
onlar arasında nəcib dostluq əlaqəsi
yaratmışdır. Sonralar A.Tukayın ölüm xəbərini
eşidən N.Nərimanov xatirə gecəsi keçirmək
istəmişdi. Həştərxan “Xalq universitetləri
cəmiyyəti”nin təşəbbüsü
ilə görkəmli müsəlman mühazirəçilərindən
biri mərhum şair A.Tukayın həyatı və
yaradıcılığı haqqında danışacaqdı.
Bu mühazirəçi ehtimal ki, A.Tukayın
müasiri və yaxın dostu istedadlı şair Saqit Rəmiyev
(1880-1926) idi. “İqbal” qəzetinin öz
oxucularına verdiyi xəbərdən anlaşılır ki,
N.Nərimanova A.Tukay haqqında mühazirə oxumağa rəsmi
icazə verilsə idi, S.Rəmiyev şairin “Həyatına və
ədəbi xidmətlərinə dair” mühazirə
oxumalı idi.
A.Tukayın müasirləri də öz xatirələrində
göstərirlər ki, N.Nərimanovun cidd-cəhdinə
baxmayaraq, çar hökumət orqanları A.Tukay haqqında
mühazirə oxunmasına icazə vermədi.
Bu, səbəbsiz deyildi. Rusiya
imperiyasının daxili işlər naziri Stolıpin qubernator
və qradonaçalniklərə göndərdiyi təlimatında
“cəmiyyətlərdə dövlət əleyhinə təbliğat
aparılmasına” göz qoymağı
tapşırmışdı. Ona görə də Həştərxan
jandarm idarəsi “Xalq universitetləri cəmiyyəti”nin işlərini nəzarət altında
saxlayır, mühazirəçilərin siyasi cəhətdən
etibarlı olub-olmaması ilə ciddi maraqlanırdı.
Bu səbəbdən də N.Nərimanov bəzən nəzərdə
tutulan tədbirlərin istənilən səviyyədə həyata
keçirilməsi üçün müxtəlif vasitələrə
əl atırdı.
1913-cü
ilin aprelində N.Nərimanov “üzrlü səbəblərə”
görə “Ağ çiçək” bayramını təşkil
etmək vəzifəsini gənc hüquqşünas Velidxan əfəndi
Tanaçıq cənablarına tapşırır. Bu
münasibətlə “İdel” qəzetinin 1913-cü il 28 aprel
tarixli nömrəsində dərc etdirdiyi “İffətli
xanımlar” məqaləsində hamını öz yerinə
“məqbul və münasib” gördüyü Tanaçıq cənablarına
“həmiyyət və qeyrət”lə yardım göstərməyə
çağırır. (“Kaspi” qəzeti 1 may 1913-cü il tarixli nömrəsində “İdel”dən
götürüb dərc etdiyi həmin məqalənin bir
yerində N.Nərimanov qadınlara müraciətlə deyirdi:
“Ey mənim bacılarım, bu milli el bayramında Siz hər il
həvəslə iştirak edirsiniz, indi də bu işdən
şövqlə yapışın, sübut edin ki, el
bayramı olan bu ağ çiçək bayramından biz də
kənarda qala bilmərik və kənarda qalmamalıyıq”).
N.Nərimanov yerli əhalinin mədəni-maarif məsələləri
ilə də ciddi maraqlanırdı. O, xalqın ümumi mədəni səviyyəsinin
yüksəldilməsi və məfkurəvi inkişafı
üçün yorulmadan çalışırdı. N.Nərimanov Həştərxana gəldiyi ilk
günlərdən Qafqaz gənclərini öz ətrafına
toplayıb teatr həvəskarları truppası
yaratmışdı. Çox çəkməmişdi
ki, həmin truppa Zəyni Sultanovun yenicə təşkil etdiyi
teatr truppası ilə birləşmişdir. Beləliklə, Qafqaz-tatar teatr dərnəyi
yaranmışdır.
Birləşmiş teatr dərnəyi 1909-cu ilin
axırlarından 1913-cü ilin iyul ayınadək, qısa
fasilələri nəzərə almasaq, müntəzəm
olaraq tamaşalar vermişdir. Qafqaz-tatar teatr dərnəyi
tatar xalqının milli mədəniyyətinin
inkişafına ciddi təsir göstərmişdir. Görkəmli tatar aktyorları Z.Sultanov, Ş.Kamal,
Q.Uralski, İ.Kuquşev, Sona xanım Sayfullina və Sara
xanım Baykina ilk sənət məktəbini birləşmiş
dərnəkdə keçmişlər.
1913-cü
il aprelin 20-də Həştərxan
Qış teatr binasında Sona xanım Sayfullinanın benefisinə
“yerli və Qafqaz dilləri şivəsində tamaşa
verilmişdir. Bu tamaşanın təşkilatçısı
N.Nərimanov idi. Sona xanım “İdel” qəzetinin 23
aprel 1913-cü il tarixli nömrəsində çap etdirdiyi
“Astraxan müsəlmanlarına təşəkkür” adlı
məktubunda “Qafqazlı qardaşlar”’a, xüsusən N.Nərimanova
böyük qayğı və ehtirama görə son dərəcə
minnətdar olduğunu bildirmişdir: “Hörmətli
qardaşlarım! Xüsusən doktor Nəriman əfəndi! Sizin çoxunuzla tanışlığım
qısa müddət ərzində olmuşdur. Lakin benefis zamanı xidmət və hörmətiniz,
qiymətli hədiyyələriniz qarşısında təşəkkür
etməyə söz tapmıram. Minnətdarlığımın
nə qədər səmimi və dostanə olmasını
izah etməyə qələm acizdir... “Zehnim işlədiyi,
ürəyim çırpındığı müddətdə”
- Sizin bu yaxşılıqlarınızı razılıq
hissi ilə xatırlayacağam...”.
Birləşmiş dərnək Azərbaycan və tatar
dilində tamaşalar verirdi. Bu tamaşalar bəzən
əlbir qüvvə ilə hazırlanırdı. N.Nərimanov dərnək üzvlərinə nisbətən
xeyli yaşlı olmasına baxmayaraq, yorulmadan işləyir,
tamaşaların canlı və təsirli
çıxmasına səy edirdi. O, Azərbaycan dilində
verilən bütün tamaşaların həm rejissoru, həm
də aktyoru idi.
Qafqaz-tatar dərnəyi get-gedə böyük müvəffəqiyyətlər
qazanırdı. Teatrın mübariz, inqilabi istiqamətdə
inkişafı yerli hakimiyyət orqanlarını narahat edir,
din xadimlərinin etirazına səbəb olurdu. “Mollalar
və fanatik bəylər N.Nərimanovun Həştərxana çar
hökuməti tərəfindən sürgün olunmasından
istifadə edərək teatrın təşkilatçıları
haqqında çuğulluq edir, məlumatlar yazırdılar.
Bu məlumatlarda deyilirdi ki, onlar çar
hökuməti üçün təhlükəli
adamlardır. Molla Muxtar teatr təşkilatçılarının
Sibirə katorqaya sürgün olunmalarını tələb
edirdi”.
Bu şikayətlər təsirsiz qalmırdı. Çar polis
məmurları N.Nərimanovun hər addımını izləyir,
onun teatr dərnəyindəki fəaliyyətini məhdudlaşdırmağa
çalışırdılar. Həştərxan şəhərinin
qocaman sakini Nurmühəmməd Yusupoviç Şabanov öz
xatirəsində yazır: “1913-cü il may ayının 1-də
şəhərin qış teatr binasında N.Nərimanovun
“Nadir şah” əsərini dram həvəskarlarının
qüvvəsi ilə tamaşaya qoyduq. O vaxtlar müəllifi
inqilabçı və ya siyasi sürgündə olan “Nadir
şah” kimi əsərləri tamaşaya qoymaq
üçün icazə almaq çox çətin idi. Mən teatr binasını böyük çətinlikdən
sonra icarəyə götürmüşdüm. “Nadir şah” əsəri oynanıldı.
Əsərin tamaşaya qoyulmasında müəllif
özü də iştirak etdi...
Camaat “Nadir şah”a çox böyük həvəslə
baxdı.
Tamaşadan yığılan pulları yoxsul tatarlara sərf
etmək üçün “Cəmiyyəti-xeyriyyə”nin hesabına verdik. İcazəsiz tamaşa
verdiyimizdən sonralar xəbər tutan qubernator mənə
üç gün həbs cəzası verdi”.
Əlbəttə, bu hadisələr N.Nərimanovun
üzərində polis nəzarətinin daha da güclənməsinə
səbəb olurdu. Bir dəfə Ə.Haqverdiyevin
“Dağılan tifaq” faciəsində Nəcəf bəy rolunda
səhnəyə çıxan N.Nərimanovu polis xəfiyyələri
tanıyar-tanımaz tamaşanı dərhal
dayandırmışdılar. Çünki
N.Nərimanovun tamaşada çıxış etməsi polis
işçilərini qəzəbləndirmişdi. Onlar camaatı şübhələndirməmək
üçün həmin pyesi başqa əsərlə əvəz
etməyi tapşırmışdılar. Həvəskar
aktyorlar dəstəsi “Dağılan tifaq” əvəzinə,
“Kimdir müqəssir?” və “Ac həriflər” pyesini
oynamışlar.
Qafqaz-tatar teatr dərnəyi Azərbaycan, rus və tatar
klassik dramaturqlarının əsərlərini ağır
şəraitdə tamaşaya hazırlayırdı. N.Nərimanov
bilirdi ki, əksəriyyəti savadsız olan zəhmətkeş
kütlələrin ictimai fikrinin inkişafında və gələcək
inqilabi mübarizəyə mənən hazırlanmasında
teatr ən təsirli vasitələrdən biridir. Məhz ona görə də teatrdan bir tribuna kimi
istifadə etməyi, xalqla qabaqcıl, yüksək ideallarla
yaşayan ədəbi qəhrəmanların dili ilə
danışmağı üstün tuturdu. N.Nərimanov ürəyindən keçənləri
xalqa bilavasitə, müxtəlif yollarla çatdırmalı
idi. Çünki siyasi məhbusların hər
bir hərəkəti təqib edilirdi. Lakin N.Nərimanov
“Xolera-Vəba”, “Aləmi-nisvan” (qadınlar aləmi) və s.
mövzularda apardığı söhbətlərdə dinləyicilərə
üstüörtülü olsa da, belə bir fikri
aşılayırdı ki, xalqın ümumi
yaşayış səviyyəsi yüksəlməsə,
epidemiya axını qarşısıalınmaz fəlakət
kimi yoxsulluğu və dilənçiliyi müşayiət edəcəkdir.
Buna görə də mövcud ictimai həyat
şəraiti dəyişdirilməlidir. N.Nərimanov
Həştərxan müsəlmanları ilə möhkəm əlaqə
yaratmaq, onların məfkurəvi inkişafına hər vasitə
ilə kömək etmək istəyirdi. İstəyirdi
ki, zəhmətkeş kütlələrdə inqilabi
şüur, mübarizlik əzmi oyatsın. Məhz bu məqsədlə də bir sıra ictimai
və xeyriyyə cəmiyyətlərinə daxil olur,
onların işlərində fəal
çalışırdı.
Həmin cəmiyyətlərdən biri Həştərxan
“Xalq universitetləri cəmiyyəti” idi. 1905-ci ilin
axırlarında təsis edilən “Xalq universitetləri cəmiyyəti”
Həştərxan şəhəri və quberniyasında
geniş mədəni-maarif işləri görürdü.
“Xalq universitetləri cəmiyyəti” müvafiq
nizamnaməyə görə xalqın maariflənməsinə
və müəyyən peşə ixtisasına yiyələnməsinə
ciddi kömək edirdi. Təhsil və ixtisas kursları,
daimi və səyyar sərgi-mühazirələr, elmi
ekskursiyalar və s. yerli əhalinin maariflənməsinə
faydalı təsir göstərirdi. “Xalq
universitetləri cəmiyyəti” N.Nərimanovun fəaliyyəti
üçün də əlverişli idi. O, cəmiyyətin
müsəlman şöbəsinə daxil olur, burada ən fəal
ictimaiyyətçi - həkim kimi tanınır.
1911-ci il avqust ayının 21-də N.Nərimanovun
sürgün müddəti başa çatır. Lakin ona beş aydan sonra Bakıya qayıtmağa icazə
verilir. Buna baxmayaraq, Həştərxanın
inqilabi və ictimai həyatı ilə möhkəm
bağlılığı, digər tərəfdən isə
maddi vəziyyətinin ağırlığı onun Bakıya
qayıtmasına imkan vermirdi. Milyonçu
H.Z.Tağıyevin tələbə ikən ona verdiyi borcu
1913-cü il aprel ayının 20-dək
birdəfəlik ödəməyi tələb etməsi də
xoşagələn deyildi (1902-ci il iyun ayının 24-də
bağlanmış müqaviləyə görə, N.Nərimanov
universiteti bitirdikdən sonra iki il ərzində
H.Z.Tağıyevə olan borcunu tam ödəməli idi. Odur
ki, 1913-cü il aprel ayının 16-da
H.Z.Tağıyevə göndərdiyi cavab məktubunda öz
borcunu hər ay 25 manat vermək şərtilə ödəyəcəyini
bildirmişdi. O, 1920-ci ildən sonra da borcunu hissə-hissə
ödəmişdir).
Odur ki, N.Nərimanov bir müddət Həştərxanda
qalıb çoxcəhətli ictimai fəaliyyətini davam
etdirməli olur.
1912-ci il mayın 31-də “Xalq universitetləri cəmiyyəti”
şurasının birinci iclasında P.S.Kravçenko sədr,
N.Nərimanov sədr müavini, O.V.Tretyakov katib, İ.Q.Sergeyev
xəzinədar seçildilər. Lakin
P.S.Kravçenko və O.V.Tretyakov öz vəzifələrindən
imtina etdiklərindən, bütün ilboyu sədrlik vəzifəsini
N.Nərimanov yerinə yetirməli olur.
O, cəmiyyətin
istiqamətini xalqın mədəni ehtiyaclarının ödənilməsinə
yönəldir. Bir sıra çətinliklərə
baxmayaraq, yerli ziyalıları və ayrı-ayrı şəhərlərdən
dəvət etdiyi mühazirəçiləri ədəbi-estetik,
hüquq, tarix və iqtisad elminin geniş təbliğinə səfərbərliyə
almışdı. N.Nərimanovun şəxsi
təşəbbüsü ilə Həştərxan
quberniyasında xalq universitetləri cəmiyyəti evləri,
elm-təhsil muzeyləri, sərgilər, kitabxana-qiraətxanalar,
kitab satışı mağazaları təşkil edilirdi.
Mədəni-maarif ocaqları siyasi təbliğatın
müxtəlif formalarından istifadə etməyə geniş
imkanlar açırdı. N.Nərimanov “Xalq universitetləri
cəmiyyəti”ni siyasi təbliğat və
təşviqat mərkəzinə çevirməyə
çalışırdı. O, inqilabçılara gizli fəaliyyəti
cəmiyyətin leqal mədəni-maarif tədbirləri ilə
əlaqələndirməkdə kömək edir, onların
rus, tatar, qırğız, cığatay və azərbaycanlı
fəhlələri arasında tez-tez kütləvi mühazirələr
oxumasına şərait yaradırdı. “Xalq universitetləri
cəmiyyəti”nin beş yüzədək
üzvünün əksəriyyəti müsəlman idi.
Həftədə üç dəfə onlara mühazirə
oxunurdu. Cəmiyyət üzvləri arasında çoxlu fəhlə
olduğuna görə, buranın işi böyük maraq
doğurmuşdu. Onlar demək olar ki, yeganə
leqal imkandan öz ideyalarını təbliğ etmək və
fəhlə sinfinin qabaqcıl nümayəndələrini
partiyaya cəlb etmək üçün istifadə edirdilər.
Xalq
universitetlərinin Həştərxan cəmiyyəti əhalinin
mənəvi ehtiyacını nəzərə alaraq öz fəaliyyət
dairəsini get-gedə genişləndirirdi: 1912-ci ilin
oktyabrından 1913-cü ilin iyun ayınadək cəmiyyətdə
elmi-kütləvi mövzuda 31 mühazirə oxunmuşdu ki,
bunu 6508 nəfər dinləmişdir.
Lakin çar hakimləri cəmiyyətin bütün
quberniya ərazisində fəaliyyətinə müxtəlif bəhanələrlə
mane olurdular. Çünki daxili işlər naziri Stolıpin
qubernator və qradonaçalniklərə məxfi təlimat
göndərib, onlara cəmiyyətlərdə dövlət əleyhinə
təbliğat aparılması meyillərinə qarşı
ciddi tədbir görməyi tapşırmışdı.
Polis xəfiyyələri N.Nərimanovun və
onun həmkarlarının hər addımını izləsələr
də, cəsur inqilabçılar öz siyasi fəaliyyətlərini
cəmiyyətin ictimai işləri ilə məharətlə
əlaqələndirə bilirdilər. Onlar
Həştərxanın siyasi həyatına dərindən bələd
idilər.
1912-ci ilin oktyabr ayında Həştərxanda IV Dövlət
dumasına seçkilər başlanmışdı. Bolşeviklər
Dövlət dumasını öz ideyalarının təbliği
üçün tribunaya çevirməli idilər. Onlar seçki kampaniyasında çoxluğu əldə
etmək üçün gizli vərəqələr çap
edib yayır, təbliğat yolu ilə hamını
sosial-demokratlara səs verməyə
çağırırdılar. Həştərxan
sosial-demokrat təşkilatı IV Dövlət dumasına seçkiqabağı
kampaniya dövründə N.Nərimanovun namizədliyini irəli
sürmüşdü.
Oktyabrın
21-də “Pravda” qəzetinə göndərilən imzasız məktubda
Həştərxan quberniyasında seçkilərin
yekunları haqqında yazılırdı: “Fəhlələr
arasında sosial-demokratların böyük nüfuzu vardır...
Seçilənlərdən biri sosial-demokrat fəhlədir.
“İkinci ümumşəhər kuriyasında fəhlə
demokratiyasına rəğbət bəsləyən doktor Nərimanov
seçici keçmişdir”. Məktub müəllifi
imza yerində qeyd edirdi: “Həştərxan, 21 oktyabr. Xahiş edirəm inanasınız ki, sürgündə
olan leninçi yazır. Öz ünvanımı
günlərin birində ayrıca xəbər verərəm...”
Məktubun V.İliçə (Lenin - T.Ə.)
hökmən çatdırılması da xahiş edilirdi.
“Pravda”nın gizli əməkdaşı məktubu qəzetin
yaxın nömrələrindən birində dərc etməyi
tapşırırdı. O, ertəsi gün növbəti
letuçkada məktubdan söhbət açıb iftixarla
dedi: “Sürgün olunmuş yoldaşın çox hüsn-rəğbətlə
təsvir etdiyi həkim Nərimanov bizim əziz
bakılımızdır! Son dərəcə ehtiramlı
ictimai xadim, ədəbiyyatçı və nasirdir!..
Mən rəva bildim ki, müxbir məlumatlarını
yaxın nömrələrdə dərc etməyə sərəncam
verim”.
N.Nərimanov Həştərxan şəhər
dumasına üzv seçilmişdi. Həştərxan
vilayəti dövlət arxivində saxlanan sənədlər
göstərir ki, o, duma iclaslarında yerli əhalinin mədəni-maarif
və səhiyyə məsələləri uğrunda inadla
mübarizə aparmışdır. Ümumxalq
mənafeyinin qızğın tərəfdarı N.Nərimanovun
inzibati idarələrə seçilməsi çar hakimlərinin
ürəyindən deyildi. Odur ki, onun şəhər
dumasında və icraiyyə komissiyalarında müəyyən
yer tutmasına imkan vermirdilər. “Kaspi” qəzetinin
verdiyi bir xəbər də bu fikri təsdiq edir: “Həştərxan
qubernatoru həkim Nəriman bəy Nərimanovu Həştərxan
şəhər duması nəzdində məktəb
komissiyasının üzvlüyünə təsdiq etməmişdir...
Nərimanov bir sıra başqa icraçı
komissiyaların üzvlüyünə də təsdiq olunmur”.
N.Nərimanov qəti əmin idi ki, gələcək
inqilabi hərəkatın yüksəlişi
üçün yerli əhalinin ümumi mədəni səviyyəsinin
inkişafı əsas şərtlərdən biridir. Dini fanatizm və
şovinizm nə qədər ki, müsəlmanları göz
açmağa qoymur, beynəlmiləl birlikdən, inqilabi
mübarizədən danışmaq olmazdı. Odur ki, N.Nərimanov hər şeydən əvvəl,
“Cəmiyyəti-islamiyyə” və “Şurayi-islam” kimi mürtəce
istiqamətli cəmiyyətlərin böyük nüfuzunu
sarsıtmalı idi.
Ruhanilər və fanatik burjua ziyalıları “Cəmiyyəti-islamiyyə”,
millətçi-şovinist ziyalılar isə “Şurayi-islam” ətrafına
toplaşmışdılar. Bu cəmiyyətlər
zəhmətkeş müsəlman kütlələri
arasında millətçilik əhvali-ruhiyyəsi, dini-fanatizm
yayır, onların birliyini pozurdular. N.Nərimanov
bilirdi ki, mürtəce cəmiyyətlər inqilabi
ideyaların yayılmasına və beynəlmiləl birliyinə
ciddi təhlükədir. Odur ki, bu cəmiyyətləri
bir-birindən fərqləndirmək, onların mübarizəsinə
inqilabi istiqamət vermək zəruri idi. Buna
görə də N.Nərimanov Həştərxan müsəlmanlarının
mədəni mərkəzi sayılan “Şurayi-islam” cəmiyyətində
işləməyi üstün tuturdu. Onun
1910-cu ildə cəmiyyətin həkimliyini qəbul etməsinə
səbəb də məhz bu idi. Arxiv sənədlərindən
açıq-aşkar görünür ki, burada həkimin
tibbi yardımına o qədər də ehtiyac
olmamışdır. Lakin polis xəfiyyələrinin
diqqətini yayındırmaq üçün bu vəzifənin
uydurulması zəruri idi. Çünki
çar hökuməti Həştərxan qubernatoruna göndərdiyi
məxfi təlimatında yerli cəmiyyətlərdə
dövlət əleyhinə təbliğat aparılmasına
imkan verməməyi, şübhəli adamlara göz
qoymağı tapşırırdı.
“Şurayi-islam” cəmiyyətinin tanınmış üzvləri, xüsusilə onun sədri Mustafa Lütfi Şirvanski ciddi nəzarət altında idi. Buna baxmayaraq, N.Nərimanov cəmiyyətdə işləməkdən çəkinmədi. O, müsəlman gənclərini mürtəce ideyaların dolaşıq aləmindən, mənəvi sıxıntısından xilas etmək əzmində idi. Çünki “Şurayi-islam”ın ətrafına toplaşan gənc ziyalıların əksəriyyəti burjua-demokratik inqilabın nəticələrindən narazı olsalar da, millətçi-panislamist cəmiyyətin siyasi istiqaməti də onlara tam aydın deyildi. “Şurayi-islam”ın nizamnaməsindən göründüyü kimi, cəmiyyətin əsas məqsədi milli mədəniyyətin tərəqqisi uğrunda mübarizə aparmaq, elmi-kütləvi tədbirlər həyata keçirmək idi. Lakin əslində isə “Şurayi-islam” maarif və mədəniyyətin tərəqqisinə əməli kömək etməkdən uzaq idi. Cəmiyyətin rəhbərləri arasında dərin ixtilaf vardı. Görkəmli ictimai xadim K.Qubaydullin “RK(B)P Həştərxan qəza komitəsinin xəbərləri” adlı jurnalın 1925-ci il aprel tarixli ikinci nömrəsində yazırdı: “Aydındır ki, bu ünsürlərin arasında işləmək üçün məharətli siyasət və dərin ağıl tələb olunurdu. Yoldaş Nərimanov məhz bu sahədə böyük iş gördü. O, bu cəmiyyətin ətrafına toplaşan gəncləri... dinə qarşı silahlandırdı və onları millətçilik bayrağı altında mütləqiyyətə qarşı mübarizəyə yönəltdi. Nəticə etibarilə Həştərxanın şüurlu müsəlman ziyalıları həm dinə, həm də mütləqiyyətə qarşı cəbhə açdılar.
Müsəlman gənclərinin milli hərəkatı inqilabi-siyasi xarakter kəsb etdi”.
N.Nərimanov “Şurayi-islam” cəmiyyətində tibbə dair elmi-kütləvi mühazirələr oxuduğu zaman mühacirlərə - iranlı fəhlələrə və yerli müsəlmanlara siyasi-ideya təsiri göstərir. Onlarda mütləqiyyət hakimiyyəti və rus şovinizmi əleyhinə mübarizə hissi tərbiyə edirdi.
Məlum olduğu kimi, N.Nərimanov “Şurayi-islam” cəmiyyətinin binasında “Sərxoşluğa qarşı mübarizə cəmiyyəti”nin (“Obşestvo trezvosti”) təklifi ilə tez-tez pulsuz mühazirələr oxuyurdu. O, “müsəlmanlar arasında tədricən vətəndaşlıq hüququ qazanan sərxoşluğu” böyük ictimai fəlakət kimi səciyyələndirir, spirtli içkilərin daxili üzvlərdə törətdiyi ciddi patoloji dəyişikliyi və insanın psixikasına mənəvi təsirini əyani vasitələrlə göstərir, kütləvi hal alan əyyaşlığın səbəblərini dözülməz ictimai şəraitlə əlaqələndirir, onu dəyişdirmək yollarını eyhamla olsa da, başa salırdı.
N.Nərimanovun zəhmətkeş kütlələr arasında oxuduğu mühazirələr böyük təsir qüvvəsinə malik idi. “Şurayi-islam” cəmiyyəti binasının “...böyük mühazirə zalı, ona yanaşı otaqlar dinləyicilərlə dolu olduğuna görə, çoxları geri qayıdırdı. Axund və mollalar da mühazirədə iştirak edirdilər. Bütün dinləyicilər N.Nərimanovun oxuduğu gözəl mühazirəyə Allah vergisi” kimi baxırdılar. Əlbəttə, N.Nərimanovun mühazirələrinə zəhmətkeş kütlələrin ciddi marağı çar xəfiyyələrinin nəzərindən yayınmırdı.
“Musulmanin” jurnalının və “V mire musulmanstva” qəzetinin redaktoru Məhəmməd bəy Xocetlaşen polis departamentinə göndərdiyi 1913-cü il 3 noyabr tarixli məlumatında yazırdı: “Həştərxanda, Kazan və Ufa şəhərlərində mətbuat yolu ilə “müsəlman millətçiliyi” qızğın təbliğ edilir. Bu münasibətlə “Xalq universitetləri cəmiyyəti”nin sədri N.Nərimanov görkəmli rol oynayır. Həştərxan quberniyasında yaşayan müsəlman əhalisi arasında onun təbliğatı böyük müvəffəqiyyət qazanmışdır. Rus hökumətindən incikli olan qırğızlar təbliğ edilən ideyaya xüsusi həssaslıq göstərirlər. Qırğız və kalmık çöllərində, həmçinin Yenotayevsk, Sarayevsk, Çernoyarsk və Krasnoyarsk qəzalarında müsəlman əhalisini hökumətə qarşı açıq ədavətə hazırlayan ictimai müsəlman təşkilatı vardır”.
Məlumdur ki, M.Xocetlaşenin redaktorluq etdiyi “Musulmanin” jurnalı Parisdə, “V mire musulmanstva” qəzeti isə Peterburqda nəşr olunurdu. Həmin mətbuat səhifələrində müsəlman aləminin demokratik meyillərinə və tərəqqipərvər ziyalılara qarşı böhtanla dolu yazılar müntəzəm dərc edilirdi: əsas məqsəd mütərəqqi qüvvələr arasında təfriqə yaratmaq, mürtəce görüşlərin yayılmasına geniş yol açmaq, beləliklə, çarizmin şovinist milli siyasətinə haqq qazandırmaq idi.
(davamı növbəti saylarımızda)
Respublika.- 2020.- 7
aprel.- S.4.