Koronavirus pandemiyası bəşəriyyət
üçün ciddi
təhlükədir
Son dövlər dünyada kütləvi yayılmış koronavirus (COVİD-19) pandemiyası bəşəriyyət üçün XXI əsrin ən ciddi təhlükələrindən birinə çevrilib. Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə dünya dövlətləri tərəfindən çoxsaylı tədbirlər görülməkdədir, bu cəbhədə məğlubiyyətə uğrayanlarla yanaşı, digərlərindən daha çox uğura nail olanlar da var. Artıq bu virusa yoluxanların sayı bir milyonu, onun qurbanına çevrilənlərin sayı isə 193 min nəfəri ötüb. İndiyədək görünməmiş bir problem şəraitində ölkələr virusun yayılmasının qarşısını almaq, yaxud onun yayılma sürətini azaltmaq məqsədilə əllərindən gələni əsirgəmir. Ayrı-ayrı ölkələrdə xüsusi karantin rejimi və sosial izolyasiya tədbirləri tətbiq edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində yenicə yayılmağa başlayan prosesə çevik reaksiya verilməsi, qabaqlayıcı tədbirlərlə bağlı qərarların zamanında və kifayət qədər olması baş verə biləcək təhlükələrin qarşısının alınmasında mühüm rol oynadı. Çıxışlarının birində Cənab İlham Əliyev demişdir: “Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür. Ona görə də xahiş edirəm ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etsin və yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Çünki bu xəstəliklə bağlı ən ağır fəsadlar məhz yaşlı nəslin nümayəndələrində müşahidə olunur”.
Prezident cənab İlham Əliyev koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrıldı. Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. İlkin olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 20 milyon manat ayrıldı. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva özlərinin bir illik əməkhaqlarını bu fonda ianə etməklə böyük vətəndaşlıq nümunəsi göstərdilər. Daha sonra müxtəlif təşkilatlar, fiziki və hüquqi şəxslər tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianələr etməyə başlandı. İctimaiyyət dövlətimizin başçısının və Birinci vitse-prezidentin baş verənlərə adekvat reaksiyalarının şahidi oldu. Azərbaycanın çiçəklənməsi, beynəlxalq miqyasda daha yüksək imiclə tanınması, ölkəmizin dünyada söz və nüfuz sahibi olmasında hörmətli Prezidentimiz İlham Əliyevlə yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri əvəzsizdir.
Məlum olduğu kimi, Birinci vitse-prezident koronavirus infeksiyası ilə bağlı xalqımıza müraciət etmişdir. Müraciətində deyilir: “Ölkəmizdə bütün qüvvələr hadisələrin ən pis yöndə inkişafının qarşısının alınmasına səfərbər olunub. Bütün dövlət strukturları mobilizasiya olunub və birgə fəaliyyət göstərir. Biz ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir və bu qurumun tövsiyələrinə çox ciddi yanaşırıq. Epidemiyanın sürətlə yayılması, onun pandemiyaya çevrilməsi bu xəstəliklə mübarizədə vahid strategiya və taktikanın hazırlanmasını çətinləşdirir. Virusun və xəstəliyin tədqiqatı onlara qarşı mübarizə ilə eyni vaxtda aparılır. Buna görə də bir çox tövsiyələr situativ xarakter daşıyır və məlumat bazası genişləndikcə dəyişir. Aydın olan odur ki, təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməsi, şəxsi məsuliyyət və intizamlılıq özünüzü və ətrafınızdakıları qorumağın əsas şərtləridir. Koronavirus epidemiyası ilə mübarizədə Azərbaycan dövləti ilə sıx əməkdaşlığa görə ümumdünya Səhiyyə Təşkilatına minnətdarlığımı bildirirəm.
Bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıram. Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun! Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir.
Biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir. Bu gün infeksiya ilə mübarizədə ön cəbhədə olanların, Azərbaycan vətəndaşlarının sağlamlığını və həyatını qorumaq üçün bütün lazımi tədbirləri görənlərin hər birinə - həkimlərə, tibbi personala, müxtəlif dövlət qurumlarının əməkdaşlarına xüsusi minnətdarlığımı bildirmək istəyirəm.”
Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradıldı. Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olundu. Koronavirusla mübarizə çərçivəsində ictimai iaşə obyektlərində, insanların intensiv istifadə etdiyi mərkəzlərdə dezinfeksiya işləri davam etdirilir. Xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə paytaxtda ardıcıl tədbirlər həyta keçirilir. Yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları, liftlər və onların ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında dezinfeksiya tədbirləri görülür.
Azərbaycan polisi əmin-amanlığın qorunması, vətəndaşların rahat və təhlükəsiz yaşaması istiqamətində vəzifə borcunu ləyaqətlə icra etməkdədir. Daxili İşlər Nazirliyinin şəxsi heyəti Respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin tələblərinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində xidmət aparır. Xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər və tətbiq olunan qaydalar barədə əhaliyə məlumat verirlər.
Səhiyyə işçilərinin fədakarlığını nəzərə alaraq, ölkə başçısı həkimlərin əməkhaqqının artırılması üçün sərəncam imzaladı. Dövlət başçısı bildirib: “Xəstələrə qulluq edən həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların əməyinə layiqli qiymətin verilməsi üçün əməkhaqlarının artırılması məsələsi həll olunub. Onlar maaşın 3-5 mislini alacaqlar və artıq göstərişlər verilib, vəsait də ayrılıb. Fürsətdən istifadə edərək, Azərbaycan həkimlərinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Onlar doğrudan da böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər. Mən bütün vətəndaşları həkimlərə dəstək olmağa çağırıram. O cümlədən bu xəstəliyə yoluxmuş insanlara da, - biz, əlbəttə, başa düşürük ki, onların həm fiziki, həm də psixoloji vəziyyəti bu xəstəliyin təsiri altındadır, - müraciət edərək, həkimlərə qarşı diqqətli olmalarını tövsiyə edərdim. Əminik ki, həm milli həmrəylik, həm məsuliyyət, həm də milli birliyimiz bizə imkan verəcək ki, bu xəstəliyə qalib gələk. Biz birlikdə güclüyük.
Eldar ƏHMƏDOV
Respublika.- 2020.- 26 aprel.- S.7.