Azərbaycan səhiyyəsinin unudulmaz siması
Görkəmli
alim, yüksək mənəvi keyfiyyətlərə malik
insan, Azərbaycan oftalmologiya elmini yüksəklərə
qaldıran akademik Zərifə Əliyeva respublikanın
görkəmli siyasi, dövlət və ictimai xadimi, səhiyyənin
böyük təşkilatçısı Əziz Məmmədkərim
oğlu Əliyevin ailəsində anadan olmuşdur.
1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini tam yekunlaşdırdıqdan sonra Zərifə xanım Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma kursunu bitirmiş və əmək fəaliyyətini 1949-cu ildə Azərbaycan elmi-tədqiqat oftalmologiya institutunda ordinator vəzifəsində başlamışdır. 1950-1953-cü illərdə akademik Z.Əliyeva institutun aspiranturasında elmi hazırlığını keçib, burada kiçik elmi işçi vəzifəsində fəaliyyətinə başlamışdır.
XX əsrin 40-50-ci illərində Azərbaycanın bir çox cənub rayonlarının əhalisi arasında traxoma xəstəliyinin şiddətli yayılması ilə əlaqədar Zərifə xanım Azərbaycan ET Oftalmologiya İnstitutu tərəfindən bu xəstəliyə qarşı aparılan mübarizədə fəal iştirak etmişdir, ona həvalə edilmiş Əlibayramlı (indiki Şirvan - red.) rayonunda, çətinliklərə baxmayaraq, traxomaya qarşı tədbirlər kompleksini yerinə yetirmişdir. Aparılan böyük praktiki iş Zərifə xanımın ilk elmi əsərlərinin əsası oldu. Fəal elmi axtarışlar traxomanın və onun fəsadlarının bir neçə müalicə üsullarının işlənilməsi ilə nəticələnmişdir. 1959-cu ildə Z.Əliyeva “Traxomanın sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Zərifə xanım Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda 1967-ci ilə qədər 18 il ərzində böyük əmək yolu keçmişdir. Həmin illərdə o, virus və bakterial konyunktivitləri, keratitlər və gözün ön kəsiyinin digər kəskin və xroniki xəstəliklərinə dair bir sıra elmi əsərlər yaratmışdır, o cümlədən “Kəskin virus konyunktivitləri” və “Gözün herpetik xəstəliyi”.
1960-cı illərin sonunda Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına keçmiş və burada əvvəl assistent, sonralar professor və 1982-ci ildə kafedra müdiri vəzifələrini tutaraq, oftalmologiyanın yeni istiqaməti olan görmə üzvünün peşə patologiyası problemi ilə yaxından məşğul olmağa başlamışdır. O, müxtəlif peşə zərərlərinin, o cümlədən toz, talk, his, kanifol, tabaşir kimi şin istehsalının, yod istehsalının toksik amillərinin, respublikada inkişaf etmiş kimya istehsalının digər toksik maddə və məhsullarının görmə orqanına zərərli təsirinin biokimyəvi mexanizmini öyrənmiş və bir çox yeni elmi faktlar aşkar etmişdir. Dünya ədəbiyyatında belə fundamental tədqiqatların analoqu yoxdur.
Bu klinik-eksperimental tədqiqatlar Zərifə xanımın 1976-cı ildə Helmholts adına Moskva ET Göz Xəstəlikləri İnstitutunda müvəffəqiyyətlə müdafiə olunmuş “Kimya sənayesinin bəzi müəssisələrinin işçilərində görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyasının materialını təşkil etmişdir.
1979-cu ildə Zərifə xanımın böyük təşkilatçılıq qabiliyyəti sayəsində, şəxsi təşəbbüsü və iştirakı ilə Azərbaycan Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutunda istehsalatla kompleksdə olan görmə üzvünün fiziologiyası və peşə patologiyası üzrə problem laboratoriya yaradılmışdır. Burada Zərifə xanım müxtəlif kimyəvi maddələrin və istehsalat tullantılarının görmə üzvünə və onun əlavə aparatına xroniki təsiri mexanizminin tədqiqi, bu təsirə qarşı profilaktik tədbirlərin və tətbiq üsullarının işlənilməsində böyük müvəffəqiyyətlər qazanmışdır.
Gənc, qabiliyyətli, geniş elmi planlarını həyata keçirməyə qadir olan mütəxəssisləri öz ətrafında toplayaraq, Zərifə xanım zərərli maddələrin fəhlələrin görmə orqanına təsirini hərtərəfli öyrənmişdir. Müayinə edilmiş kontingentdə göz qapaqları, konyunktiva, göz yaşı yollarının dəyişikliklərinin, buynuz qişanın həssaslığı zəifləməsinin, tor qişanın, damarlı yolun, gözün görmə sinir aparatının distrofik dəyişikliklərinin, işıq-rəng duyğularının zəifləməsi tezliyinin artması təsdiq olunmuşdur. Stirol buxarının təsirindən əmələ gələn inadlı, residiv verən və qapaqların dermatiti ilə müşayiət edilən peşə konyunktivitinin klinikasını məhz Zərifə xanım ilk dəfə təsvir etmişdir.
Zərifə xanım kimya istehsalatının müəssisələrində işçilərin gözlərinin peşə zədələnmələrinə qarşı kompleks sanitar-gigiyenik tədbirlərin işlənilməsi və həyata keçirilməsinə nail olmuş, əmək şəraitinin yaxşılaşdırılması üçün misilsiz işlər görmüşdür. Onun görmə üzvünün peşə patologiyası probleminə həsr olunmuş fundamental tədqiqatlarının nəzəri və təcrübi əhəmiyyəti çox böyükdür. Bu tədqiqatlar 1980-ci ildə çap olunmuş “Şin istehsalatında görmə üzvünün peşə patologiyası” monoqrafiyasında, 1981-ci ildə isə dərc edilmiş “Xroniki yod intoksikasiyası nəticəsində oftalmopatologiya” monoqrafiyasında öz əksini tapmışdır.
Kimya istehsalında görmə üzvünün zədələnmələri profilaktikasına həsr olunmuş orijinal elmi əsərləri silsiləsinin çap olunması ilə əlaqədar, 1981-ci ildə Z.Əliyeva keçmiş Sovet İttifaqının Tibb Elmləri Akademiyasının oftalmoloqlar üçün ən nüfuzlu olan akademik M.İ.Averbax adına mükafatla təltif edilmişdir. Zərifə xanım bu yüksək mükafata layiq görülmüş ilk alim qadın olmuşdur.
Görkəmli alimin elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də göz yaşı aparacaq aparatının fiziologiyasının, göz yaşı yollarının xəstəlikləri patogenezinin öyrənilməsi və onların cərrahi müalicəsi üsullarının işlənilməsi olmuşdur. Zərifə xanımın rəhbərliyi altında dakriosistitin yeni, daha effektiv və fizioloji cərrahi müalicə üsulları işlənilmiş və təcrübədə tətbiq edilmiş, həmin cərrahi əməliyyatların aparılması üçün yeni alətlər ixtira olunmuş və hazırlanmış, göz yaşı kisəsi fleqmonasının kompleks müalicə üsulu işlənilmişdir. Bu problemə Zərifə xanımın bir sıra elmi əsərləri həsr olunmuşdur, onların arasında “Göz yaşı axmasının fiziologiyası” monoqrafiyası xüsusi yer tutur. Zərifə xanım oftalmomorfoloji, histomikroskopik və histokimyəvi tədqiqatlara həsr olunmuş elmi əsərlərin də müəllifi olmuşdur, onların arasında “Gözün və görmə-sinir yolunun yaşla əlaqədar dəyişiklikləri” və “Gözün hidrodinamik sisteminin anatomik-fizioloji xüsusiyyətləri” monoqrafiyalarını qeyd etmək olar. Onun elmi fəaliyyətinin bir istiqaməti də klinik-diaqnostik müayinələr olmuşdur ki, bunların nəticəsində həkimlər üçün hazırlanmış bir sıra tədris kitabları nəşr edilmişdir, ilk növbədə “Terapevtik oftalmologiya” və oftalmoloji cəmiyyətdə böyük məmnuniyyətlə qəbul edilmiş “Oftalmologiyanın aktual problemləri” kimi gözəl monoqrafiyaları qeyd etmək lazımdır. Zərifə xanım deontologiya və həkim etikası məsələləri ilə yaxından məşğul olmuş və bu haqda öz fikirlərini “Yüksək vəzifə” adlı gözəl monoqrafiyasında yekunlaşdırmışdır.
Z ərifə xanım Əliyevanın elmi fəaliyyətinin çox maraqlı və perspektiv istiqamətlərindən biri iridodiaqnostika və iridoterapiya problemi olmuşdur. Bu tədqiqatların əhəmiyyəti oftalmologiya çərçivəsinin həddindən çıxır. Zərifə xanımın elmi axtarışlarının nəticəsi “Gözün bəbək haşiyəsinin adaptasion-qoruyucu vəzifəsi haqda” elmi işinin və o zaman Sovet İttifaqında ilk dəfə çıxan, tayı olmayan iki monoqrafiyanın nəşr edilməsi olmuşdur. Bu monoqrafiyaların biri “İridodiaqnostikanın əsasları” Bakıda “Azərnəşr” nəşriyyatında, ikincisi - “İridodiaqnostika” - Moskvada, “Mediüina” nəşriyyatında çapdan çıxmışdır. O, buynuz qişa, sklera, büllur kimi parairidal strukturların patoloji dəyişiklikləri və qüzehli qişada olan markerlər arasında olan diaqnostik əlaqələrin mövcudluğu haqda gözəl fikirlər söyləmişdir, bu da yeni maraqlı tədqiqatların başlanğıcı üçün bir təkan olmuşdur. Zərifə xanım Əliyevanın tibbi elm və təcrübəyə, tibbi kadrların hazırlanması işinə əmanəti çox böyük və qiymətli olub. Onun elmi irsinə 14 monoqrafiya, 170-dən artıq elmi əsər, o cümlədən ixtiralar, metodik tövsiyələr və səmərələşdirici təkliflər daxildir. Zərifə xanım çoxtərəfli elmi fəaliyyətinin, nəzəri və təcrübi təbabəti zənginləşdirmiş şəxsi əmanətinin, elmi və həkim kadrlarının hazırlanması işinin etirafı 1983-cü ildə onun Azərbaycan Respublikasının Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi olmuşdur. Gərgin elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım müəllimlik işinə və tədris prosesinin təşkilinə böyük diqqət yetirirdi. O, istedadlı müəllim və çox gözəl mühazirəçi olmuşdur, gənc həkimlərə və elmi əməkdaşlarına öz geniş biliklərini böyük məmnuniyyətlə çatdırırdı. Üslubunun sadəliyi və gözəl, bədii ifadəsi, fikir dərinliyi və aydınlığı, yüksək nəzəri səviyyəsi, qeyri-adi erudisiyası, məharətlə hazırlanmış əyani material, zəngin klinik təcrübəsindən çəkilmiş misallar, ziyalı siması dinləyiciləri heyran edirdi. Zərifə xanımın təcrübi, həkimlik işini də xüsusi qeyd etmək lazımdır. Məntiqli zəkaya, aydın təfəkkürə malik olaraq, Zərifə xanım çox gözəl, diqqətli, xəstəliyin gözə çarpmayan əlamətlərinin axtarışında yorulmaz bir diaqnost və klinisist olmuşdur. O, müşahidələrini bir anda ümumiləşdirməyi bacarırdı və yeganə düzgün qərara gələ bilirdi. Akademikin praktiki oftalmologiyada geniş bilikləri, bir çox dərman preparatlarının xüsusiyyətlərinə əla bələd olması xəstələrin müalicəsini yüksək səviyyədə aparmağa imkan verirdi. Onun prinsipiallığı, vətəndaş cəsarəti Elmi Şuranın iclaslarındakı, konfrans və qurultaylardakı, digər yüksək səviyyəli toplantılardakı gözəl çıxışlarında həmişə öz əksini tapırdı.
Akademik Zərifə Əliyeva böyük ictimai iş də aparırdı. O, sabiq İttifaqın Sülhü Müdafiəsi Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiəsi Komitəsinin sədr müavini, “Bilik” ümumittifaq cəmiyyətinin idarə heyətinin üzvü, Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin rəyasət heyətinin üzvü, “Vestnik oftalğmoloqii” jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Akademik Zərifə Əliyevanın xidmətləri orden və medallarla qeyd edilmişdir. Ona Azərbaycan Respublikası Əməkdar elm xadimi Fəxri adı verilmişdir. 2001-ci ildən Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu akademik Zərifə Əliyevanın adını daşıyır. Zərifə xanım Əliyeva bütün şüurlu həyatını, əməli fəaliyyətini milli oftalmologiyanın inkişafına həsr etmişdir, Azərbaycan oftalmologiyasının əsl fədaisi olaraq, dünyada onun tanınmasında mühüm rol oynamışdır. Onun oftalmologiyanın inkişafında xidmətləri çoxdur, onlardan biri 1977-ci ildə Bakıda yeni Oftalmoloji Mərkəzin tikintisi haqqında irəli sürülmüş təşəbbüsüdür. Belə mərkəzin yaradılması Zərifə xanımın arzularından biri olmuşdur. Vaxtilə Zərifə xanım və ulu öndərimiz Heydər Əliyev bu arzunun həyata keçirilməsi üçün böyük səy göstərmişlər, onların sayəsində mərkəzin təməli hələ SSRİ dövründə qoyulmuşdur. Hazırda həmin arzu artıq həyata keçmişdir. Bu çətin işdə instituta Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva kömək göstərmişlər. Yüksək keyfiyyətli, dünya səviyyəli diaqnostik və cərrahi avadanlıqla təchiz edilmiş Mərkəz on bir ildən artıqdır ki, fəaliyyət göstərir. Burada oftalmologiya sahəsində bütün texnoloji yeniliklərin tətbiqi nəticəsində elmi tədqiqatların və müalicə prosesinin dünya oftalmologiyasında qəbul olunmuş səviyyəsinə yüksəldilməsi məsələsinin həll edilməsi üçün hər bir şərait yaradılıb. Mərkəzin istifadəyə verilməsi ilə Azərbaycanda oftalmoloji xidmət inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyalarını tətbiq etməklə keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymuşdur.
Mərkəzdə ən müasir texnologiyalar əsasında işləyən diaqnostik avadanlıq və üsulların istifadəsi görmə orqanının anatomik və funksional parametrlərinin daha dürüst öyrənilməsini mümkün etmişdir ki, bu da göz xəstəliklərinin diaqnostikası və müalicəsinin keyfiyyətini, gözün müəyyən strukturlarında aparılan cərrahi əməliyyatların funksional nəticələrini qat-qat yüksəltmişdir. Mərkəzdə yaradılmış Vitreoretinal cərrahiyyə və gözdə şəkərli diabetin fəsadları şöbəsində yeni ən müasir diaqnostik və cərrahi avadanlığın (gözün arxa kəsiyi üçün optik koqerent tomoqraf, flyuoressent angioqrafiya üçün cihaz, fundus kamera, mikroperimetr, müxtəlif növ lazer cihazları, gözün arxa kəsiyinin vizualizasiyası üçün BİOM sistemi, müxtəlif müasir mikroskoplar və s.) istifadəsi şüşəvari cismin və tor qişa təbəqələrinin müəyyən mənşəli zədələnmələrinin sahəsi, dərinliyi və incəliklərinin təyin edilməsi, qansızmalar, tor qişanın qopmaları, distrofiyaları, zədə nəticəsində pozulmaları, cərrahi əməliyyatların fəsadları zamanı gözün arxa kəsiyində və şüşəvarı cisimdə əvvəllər təsəvvür edilə bilməyən mürəkkəb cərrahi müdaxilələrin həyata keçirilməsi üçün imkanlar açmışdır.
Respublikamızda ilk dəfə olaraq yaradılmış Gözün optik qüsurlarının eksimer-lazer cərrahiyyəsi şöbəsində unikal olan avadanlığın (femtosekund və diqər lazer cihazları, gözün ön kəsiyi üçün optik koqerent tomoqraf, gözün aberrasiyaları analizatoru, keratotopograf, mikrokeratom və s.) istifadəsi görmə orqanının refraksiyası pozulmalarının anatomik incəliklərinin aşkara çıxarılmasını, buynuz qişada aparılan olduqca incə cərrahi manipulyasiyalar ilə toxumasına xüsusi implantların yeridilməsi ilə formasının korreksiyasının həyata keçirilməsini və minlərlə pasiyentlərin görməsinin əyani artmasını mümkün etmişdir.
Aparıcı cərrahlarımız MDB-də ilk dəfə olaraq Mərkəzin gündəlik işində dünyanın qabaqcıl oftalmoloji müəssisələrində aparılan unikal cərrahi əməliyyatları tətbiq edirlər, katarakta zamanı süni büllurun ən müasir növlərinin implantasiyasını, uşaq qlaukoma zamanı ideal olan müştərək trabekulotomiya-trabekuloektomiya operasiyasını, buynuz qişanın müxtəlif mənşəli zədələnmələri zamanı endotelisenin hissəvi əvəzi ilə aparılan tikişsiz keratoplastika və keratoplastikanın digər növlərini, qüzehli qişanın zədə nəticəsində pozulmaları zamanı plastikası və digər optik-rekonstruktiv operasiyaları, qlaukoma zamanı müxtəlif növ implantların, buynuz qişanın tam geridönməz bulanması zamanı kor insana görmə verən Boston keratoprotezin implantasiyası cərrahi əməliyyatlarını həyata keçirirlər.
Mərkəzdə yeni müasir laborator xidməti qurulmuşdur ki, nəticədə görmə orqanının müxtəlif zədələnmələrinin etiologiyasının müəyyənləşdirilməsi, müalicənin məqsədyönlü təyini, yanaşı patologiyanın aşkarlanması olduqca asanlaşmışdır. 2008-ci ildən Masallı rayonunda, 2016-cı ildən Gəncə şəhərində və 2019-cu ildən Şəki şəhərində Mərkəzin filialları açılmışdır. Bu filiallar da ən müasir oftalmoloji avadanlıqla təchiz edilmişdir. Mərkəzin filiallarında regionun əhalisinə yüksəkixtisaslı cərrahi və konservativ yardım göstərilir. Eyni zamanda, əməkdaşlarımız əhali arasında gözün ağır, xroniki göz patologiyası olan xəstələri aşkara çıxarmaq üçün dispanser işini, uşaqlarda görmə orqanının optik qüsurlarının korreksiyası işini də aparırlar.
Mərkəz Heydər Əliyev Fondu ilə sıx əlaqələr yaratmışdır və Fondun humanitar işində yaxından iştirak edir. Mərkəzin əməkdaşları ayrı-ayrı xeyriyyə aksiyaları şəklində və gündəlik işdə yüzlərlə yoxsul, aztəminatlı xəstələrə, əlillərə, Böyük Vətən Müharibəsi, Əfqanıstan və Qarabağ müharibələri veteranları və əlillərinə, Çernobıl iştirakçılarına, qaçqın və məcburi köçkünlərə oftalmoloji yardım göstərirlər.
Respublika əhalisinə humanitar yardımın göstərilməsi çərçivəsinə Mərkəzin Səyyar klinikalarının da fəaliyyəti daxildir. Səyyar klinikalar müasir diaqnostik və cərrahi oftalmoloji avadanlıqla, muxtar elektrik, istilik, kondisioner sistemləri ilə təchiz edilmiş avtomobil və dəmiryolu qatar olaraq, hər bir şəraitdə işləyə bilirlər, burada xəstənin müayinəsi və lazım gəldikdə cərrahi əməliyyatının aparılması üçün bütün imkanlar yaradılıb. Bu klinikalar 15 ildən artıqdır ki, ölkəmizin ən ucqar rayon və kəndlərinə müntəzəm şəkildə gedərək, əhalisinə yüksəkixtisaslı, müasir texnologiyalı cərrahi və terapevtik oftalmoloji yardım göstərirlər, Bakı şəhərinin müxtəlif ali tədris və digər müəssisələrində, məktəblərində və uşaq bağçalarında dispanserizasiya işini aparırlar. Bu günə qədər Səyyar klinikalarda on minlərlə xəstə müayinə olunmuş, minlərlə xəstədə cərrahi əməliyyat aparılmışdır.
Mərkəzin əməkdaşları dünyanın bütün böyük oftalmoloji yığıncaqlarında yaxından iştirak edir, çıxışlarında görmə orqanının müxtəlif növ patologiyasının terapiya və cərrahiyyəsində öz şəxsi təcrübə, oftalmologiyanın aktual problemlərinin həllində əldə etdikləri nəticələri beynəlxalq oftalmoloji cəmiyyətə çatdırırlar. Mərkəzin gənc mütəxəssisləri dünyanın ən nüfuzlu oftalmoloji ocaqlarda təcrübi hazırlıq keçirir, gözün müxtəlif xarakterli patologiyası müalicəsinin ən müasir üsullarına yiyələnir və sonralar bu təcrübəni öz işlərində müfəffəqiyyətlə tətbiq edirlər. Zərifə xanım milli oftalmologiyanın məhz belə gələcəyini arzulamışdır. Hazırda onun bu arzusu gerçəkləşib. Mərkəzin həyatı Zərifə xanımın adı ilə əbədi bağlıdır. Görkəmli alimə və həkimə, tibb elminin və milli səhiyyənin xadimi akademik Zərifə Əliyevaya yüksək keyfiyyətlər xas idi. Məhz bu xüsusiyyətlər akademik Zərifə xanım Əliyevaya ölkəmizdə və onun sərhədlərindən kənarda oftalmoloqların və pasiyentlərin hörmətini və məhəbbətini, bütün Azərbaycan xalqının etimadını qazandırmışdır. Zərifə xanım sözün əsl mənasında İnsan olmuşdur, onun həyatı bizim üçün əbədi nümunə olaraq qalacaqdır, xatirəsi, gözəl, nurlu siması həmişə qəlbimizdədir.
Elmar QASIMOV,
Akademik Zərifə Əliyeva adına
Milli Oftalmologiya Mərkəzinin
direktoru, tibb üzrə
elmlər doktoru,
professor.
Respublika.- 2020.- 28 aprel.- S.5.