ELMİ BAXIŞLARINI HƏYATDA REALLAŞDIRAN ALİM

 

Azərbaycanda Ekoloji Kənd Təsərrüfatı Hərəkatının və ekoloji kənd təsərrüfatı elmi məktəbinin yaradıcılarından biri, cəmiyyətimizin işıqlı ziyalılarından olan, ömrünü, illərini elmə, təhsilə, təlim-tərbiyəyə həsr etmiş kamil insan, kənd təsərrüfatı elmləri doktoru, əməkdar müəllim, professor Amin Hacıbaba oğlu Babayevin mayın 5-də 70 yaşı tamam olur.

 

Bəli, Müdrik peyğəmbərimiz Hz.Məhəmməd də yazırdı ki, “Alimləri qoruyun, onlar dünyanın nuru, axirətin çırağıdırlar”. Yaşadıqları ömür payında kitab ömrü yaşayan belə elm adamları dünyaya saçdıqları işığın nuruyla bəşəriyyəti həqiqətin, ədalətin və xoşbəxtliyin yolunda aydınlığa çıxarırlar. Cəmiyyətimizin bu cür işıqlı ziyalılarından olan görkəmli alim, professor Amin Babayevin həyat yoluna nəzər saldıqda, insanın diqqətini ilk növbədə xalqımızın tarixində salnamə yaradan bu soyadın işığı cəlb edir.

Həyatının 48 ilini Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemində elmielmi-pedaqoji fəaliyyətə həsr edən prof. A.Babayev Azərbaycanın torpaqşünaslıq elminə və o cümlədən, kənd təsərrüfatı elminin inkişafına əhəmiyyətli töhfələr vermişdir.

A.Babayev 5 elmi monoqrafiya, 200-ə qədər elmi məqalə, 20 kitab, kitabça, broşur, dərslik və dərs vəsaitinin, 30-a qədər elmi-publisistik məqalənin müəllifi və 20-yə qədər əsərin elmi redaktorudur. O, 12 aspirantın və dissertantın elmi rəhbəri olmaqla və hal-hazırda elmlər doktorluğu üzrə 3 doktorantın elmi məsləhətçisidir. Onun elmi işlərinə rəhbərlik etdiyi 30-a qədər magistr hal-hazırda müxtəlif Beynəlxalq və yerli şirkətlərdə menecer səviyyəsində fəaliyyət göstərirlər.

A.Babayev son 30 ildə Azərbaycanda ilk dəfə olaraq 2 elmi-praktiki istiqamətin Ekoloji Təmiz Kənd Təsərrüfatı və Aqrar Məsləhət və İnformasiya Xidmətinin əsasını qoyaraq bu sahələrin inkişafı üçün böyük əmək sərf etmişdir. O, Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli fərmanı ilə təsdiq olunmuşEkoloji Təmiz Kənd Təsərrüfatı haqqında Qanun”-un hazırlanmasına xüsusi əmək sərf etmişdir. Professor A.Babayev ölkəmizdə uğurla həyata keçirilən “Ekoloji kənd təsərrüfatının inkişaf perspektivləri” və “Səhralaşma ilə mübarizə üzrə tədbirlər sisteminin işlənib hazırlanması” kimi beynəlxalq layihələrə rəhbərlik etmişdir.

Ekoloji Kənd Təsərrüfatı Hərəkatının tarixi qısa bir dövrü əhatə etsə də, bu ideya ölkəmizdə sosial hərəkata çevrilərək professor Amin Babayevin rəhbərliyi ilə bu istiqamətin dünya standartlarına uyğun elmi, elmi-metodikielmi informasiya bazaları və bilavasitə iştirakı ilə hüquqi normativ bazası formalaşmışdır. Professor A.Babayev müxtəlif kənd təsərrüfatı bitkilərinin məhsuldarlıq göstəriciləri əsasında orqanik (ekoloji) kənd təsərrüfatı sistemində “sağlam torpaq” anlayışının konkret torpaq ərazisinin inteqral ekoloji funksiyaları ilə bağlı olduğunu və təbii resursların keyfiyyətinin elmi əsaslarla qiymətləndirilməsi ideyasını uzun müddətli təcrübələr yolu ilə sübuta yetirmişdir.

Bu elmi tədqiqatlar praktiki problemlərin həlli yollarına həsr olunmaqla Azərbaycanda yeni kənd təsərrüfatı sisteminin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən elmi töhfədir və ölkəmizdə ekoloji tarazılığı qənaətbəxş hesab edilən bölgələrdə yüksək gəlirli investisiya proqramlarının həyata keçirilməsi üçün iqtisadi əhəmiyyət kəsb edir. Bu tədqiqatlara əsasən Gəncəbasar və Şəki-Zaqatala regionlarında konvensionalorqanik kənd təsərrüfatı sistemlərinin 2025-ci il üçün iqtisadi inkişaf hədəfləri müəyyən edilmişdir.

A.Babayevin rəhbərlik etdiyi AMEA-nın Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzində (“Mərkəz”) işlənilmiş “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı üçün Milli Proqramın Konsepsiyası” AMEA-nın Rəyasət Heyətində müzakirə edildikdən sonra bunun əsasında hazırlanan “Azərbaycanda Ekoloji Təmiz Kənd Təsərrüfatının İnkişafı üzrə Dövlət Proqramı” layihəsi Nazirlər Kabinetinə təqdim edilmişdir. “Mərkəz”-in işləyib hazırladığı təkliflər AR Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə prioritet kimi qəbul olunmuşdur.

A.Babayevin rəhbərlik etdiyi “Mərkəz”-in elmi fəaliyyəti Azərbaycanın kənd təsərrüfatı praktikasında ilk dəfə olaraq tətbiq olunan 5 müasir texnologiya (enerjitorpaq qoruyucu texnologiyalar) üzrə aparılan elmi təcrübələrə həsr olunub. “Mərkəz”-in son iki ildə fəaliyyəti sayəsində regionda ekoloji təmiz kənd təsərrüfatı üzrə təlim və seminarlarda iştirak edən 500-dən çox fermerdən 400 nəfərinin və yaxud 80 fermer qrupunun Avropanın akkreditasiya orqanları tərəfindən sertifikatlaşdırılaraq “Ekofermerstatusu qazanması Azərbaycanda ilk hadisədir.

“Mərkəz” 23 sentyabr 2018-ci ildə ekoloji təmiz kənd təsərrüfatı sahəsində fəaliyyətinə görə Beynəlxalq Ərzaq Keyfiyyəti və Sağlamlıq Assosiasiyasına üzv qəbul edilmişdir.

A.Babayev BMT-nin Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının akademiki, Gürcüstan Dövlət Aqrar Universitetinin Fəxri doktoru, “Ekoloji Kənd Təsərrüfatı” jurnalının baş redaktoru, Beynəlxalq “İzvestiə Aqrarnoy Nauki” jurnalının redaktor müavini, UNESKO-nunİnsanBiosfera” Azərbaycan Milli Komitəsinin əsərləri məcmuəsinin redaksiya heyətinin üzvü, “Türkiyə Tarımsal Araşdırmalar Dərgisi”-nin və Beynəlxalq “Problemı aqroximii i gkoloqii” jurnallarının redaksiya heyətlərinin üzvü olmaqla yanaşı MDB üzrə “Aqroximgkosodrujestvo”-nun vitse-prezidenti, EUCARPİA(Avropa Bitkiçilik üzrə Tədqiqatlar Assosiasiyası), SSA (Amerika Torpaqşünaslar Cəmiyyəti) və İFOAM-in(Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyası) və Avrasiya Torpaqşünaslar Cəmiyyətinin üzvü olaraq Azərbaycan elmini Beynəlxalq təşkilatlarda bacarıqla təmsil edir. O, 1997-2011-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 18 may 2010-cu il tarixli sərəncamı ilə A.Babayevə “Əməkdar müəllim” fəxri adı verilmişdir.

Professor A.Babayev elm və təhsil sahəsində xidmətlərinə görə BMT-nin Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının 26 yanvar 2010-cu il tarixli qərarı ilə M.V.Lomonosov adına Ordeni və 29 iyun 2015-ci il tarixli qərarı ilə “Alim Ulduzu” medalı ilə təltif olunaraq ona “ əməkdar elm xadimi” fəxri adı verilmişdir.

Amin müəllim ekoloji kənd təsərrüfatı üzrə dünyada hər 3 ildən bir təşkil olunan və 2017-ci ildə Almaniyada keçirilən Vahid Dünya Mükafatı (OA) müsabiqəsinin laureatıdır. Bu mükafat İFOAM, FAO və Rapunzel təşkilatları tərəfindən 2008-ci ildə təsis olunaraq dünyada elmi-ictimai fəaliyyətli qlobal və bəşəri əhəmiyyət kəsb edən şəxslərə təqdim olunur.

A.Babayev torpaqşünaslıq və orqanik kənd təsərrüfatı sahələri üzrə ölkəmizdə və onun hüdudlarından uzaqlarda kifayət qədər tanınan yüksək ixtisaslı mütəxəsisdir. O, sadə, son dərəcədə təvəzökar, xeyirxah və nəcib insan olmaqla yanaşı, vətəninə, elinə-obasına qarşı dərin sevgisinə görə seçilən, ağsaqqallığı və ziyalılığı ilə ictimayyət arasında hörmətlə qarşılanan dəyərli şəxsiyyət və ailə başcısıdır.

Görkəmli alim, professor Amin Babayev elmi fəaliyyəti ilə Azərbaycanın hərtərəfli inkişafına bundan sonra da öz layiqli töhfəsini vermək niyyətindədir.

Onun 3 oğlu, 1 qızı və 7 nəvəsi var.

 

Zabit XƏLİLOV

 

Respublika.- 2020.- 30 aprel.- S.6.