Bakı - gözəl şəhər, mehriban diyar...

 

10 Aprel İnşaatçılar Günüdür

 

Gözəl Bakı!.. Tarixi ilə öyünən, gözəlləşən şəhərim. Küçələrində gəncliyimizin izi qalan Bakım mənim. Dünənin də gözəl idi, bu günün də, sabahın daha gözəl olacaq. Tikib-quranlar, gözəllik yaradanlar zaman-zaman nazınla oynayıb, başına sığal çəkib, gözəlliyinə gözəllik qatıb. İnşa etdiklərini sevgi ilə boyayıblar.

 

 

 

Bayramlar, tarixi günlər qeyd olunması artıq çoxdan ənənə şəklini alıb. Yad edilən günlər arasında peşə bayramlarının da öz yeri var. Nə xoşdur ki, qurub-yaradanların da bayramı var: 10 aprel - İnşaatçılar Günü... Bax, belə bir gündə küçələrinə, sənə gözəllik verən, gözoxşayan binalara, tikililərinə nəzər yetirib, könül sevindirmək, bu işdə xidmətləri olanları hörmətlə xatırlamaq gözəl deyilmi?! Bunun üçün sənin küçələrinə kiçik bir səyahət bəs edər...

 

...Bakının tarixi, memarlıq binaları ilə zəngin olan prospektlərindən biri. Xəzərin sahilinə söykənən Neftçilər prospekti: Köhnəİnturistmehmanxanasının, bir qədər aşağıda Azərbaycan Respublikasının Neft Şirkətinin, Heydər Əliyev Fondunun binası, şərqdə Dəniz limanı, Hökumət evi, ərazinin dominantı - Lətif Kərimov adına Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi (keçmiş Lenin muzeyi), sağda son illərdə inşa olunmuş “Park-bulvarTicarət Mərkəzi, “Abşeronmehmanxanası, Bakı Biznes Mərkəzi, Modern yaşayış binası s. Neftçilər prospekti boyu yerləşmiş memarlıq binalarının çoxu XIX əsrin sonu XX əsrin əvvəllərində neft bumu zamanı Bakı milyonçuları Musa Nağıyev, Hacı Zeynalabdin Tağıyev digərləri, xarici neft milyonçularından Nobel qardaşları, Rotşild başqalarının şəxsi vəsaitləri hesabına məşhur polyak, alman, rus azərbaycanlı memarlar tərəfindən nyu Qotik, Renessans, rokoko, ekletik, borokko islam memarlığı üslubunda tikilmişdir.

 

Dənizkənarı ərazinin istirahət zonasının mərkəzində yerləşən fontan da prospektə gözəllik qatır.

 

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin nadir toplusu Azərbaycan xalqının milli mədəniyyətinin yeganə zəngin xəzinəsidir. Bu muzeydə Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin daşıyıcısı olan, əsrlər boyu yaratdığı qədim, əvəzsiz xalçaxalq tətbiqi sənəti nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri də toplanmışdır. Azərbaycan xalqının maddi və mənəvi irsini təşkil edən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi dünyada xəzinəsindəki nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə ən böyük xalça kolleksiyası, xalça sənəti üzrə ixtisaslaşmış birinci muzeydir.

 

1930-cu illərin əvvəllərində əski bulvarın təbii davamı kimi yeni Dənizkənarı bulvarın salınmasına başlanılır. Bu Bakının mərkəzi hissəsinin ümumi memarlıq-plan quruluşunun yaxşılaşdırılmasına əhəmiyyətli təsir göstərir. Hökumət evi binası da 1936-1952-ci illərdə tikilib. Bundan başqa, saat qülləsi də bu ərazidə yerləşir.

 

Ümumiyyətlə, Bakıda tikinti işləri ötən əsrin 60-cı illərində daha geniş vüsət almışdır. Bakının bənzərsiz meri Əliş Ləmbəranskinin bu vəzifəyə təyin olunmasından sonra ona bu gözəl şəhərdə möcüzələr yaratmağa imkan yaranır. Onun bu vəzifəyə gəlişi elə ilk vaxtlarda Bakı küçələrində yeniliklərlə müşayiət olunur. Şəhərin park və digər yerlərində rəngbərəng oturacaqlar quraşdırılır, küçələrdə fanar dirəkləri, konstruksiyalı, rəngli zibil qutuları qoyulur, Parapet, İliç, Qubernator, Malakan bağlarını əhatəyə alan dəmir çərçivələr götürülür, landşaftı yenilənir. Dənizkənarı bulvarda hamının tamaşasına gəldiyi “Mirvarikafesi tikilir. Sahil parkında tikilən “Venesiya”... Kanallar şəbəkəsi üzərində quraşdırılan körpücüklər, yaşıllığa qərq olmuş adacıqlar, suda üzən motorlu qayıqlarda gəzən uşaq və böyüklərin aşıb-daşan sevinci... Bu sevinci onlara məhz qurub-yaradanlar, inşaatçılar yaşadırdı. O dövrdə Bakıya gələnlər Sahil parkını Avropanın ən yaxşı parklarından biri kimi qiymətləndirirdilər.

 

Yaşıl teatr... Onun özü də möcüzə idi. Bu, açıq səma altında yerləşən qeyri-adi tikintidə tamaşaçılar üçün nəzərdə tutulan sıralar amfiteatrla səhnəyədək uzanır, təbii, canlı ağacların yaratdığı dekorasiyanın arxasından Bakı buxtasının panoramı açılır. Açılışı böyük sensasiyaya səbəb olan yenilənmiş, Günəş, HavaSu ünsürlərini simvolizə edən üç qız fiquru, orijinal formalı hovuzla bəzədilmiş Malakan bağı...

 

Həmin dövrdə Bakıya yaraşıq verən saysız-hesabsız bina, sənaye və mədəniyyət obyektləri tikilmişdi: “Bağırov körpüsü”, “Dövlət sirki”, “Qaqarin körpüsü”, “Respublika” sarayı, “Gülüstan” sarayı, “Məişət kondisionerləri zavodu”, “Yeni Bakı Neftayırma zavodu”, “Musiqili Komediya Teatrı”, Azadlıq meydanının bəzəyi olan “Azərbaycan” (“İnturist”) və “Abşeron” mehmanxanaları, “Bakı dəniz vağzalı”, “Funikulyor”...

 

Neftçilər prospektində son illərdə tikilən obyektlər də ətrafla bir ansambl yaradır. 2008-ci ildə tikilən “Park-bulvar” Ticarət Mərkəzi Bakıda daşınmaz əmlakın tikilməsi sahəsində ən möhtəşəm layihələrdən biridir. Bu obyekt istirahət obyektlərini və pərakəndə ticarət nöqtələri əlavə etməklə bulvarın planının yenidən qurulmasına xeyli kömək edilməsi üçün nəzərdə tutulub.

 

Bakı Biznes Mərkəzi də sahil parkına yaraşıq gətirən tikililərdəndir.

 

Bakının hərtərəfli inkişafı XIX əsrin ikinci yarısından başlayır. Bu da neft sənayesinin inkişafı ilə bağlıdır. Bakı Bələdiyyə İdarəsinin keçmiş baş memarlarından biri Zivərbəy Əhmədov deyirdi: “Bakı öz inkişaf sürətinə görə dünyada yeganə şəhərdir...”. Bəli, Bakı o zaman bu gün adları tarixə yazılan nəhəng memarların tükənməz ilhamının, parlaq istedadının məhsulu olan möhtəşəm binaların hesabına inkişaf edir, böyüyür, gözəlləşirdi. Onlardan biri də istedadlı mühəndis, memar Məhəmməd Həsən Hacınski idi... Dənizkənarı bulvarın salınmasında aparıcı simalardan biri olan M.Hacınski 1909-cu il aprelin 7-də Bakı Şəhər İdarəsinin rəisi vəzifəsinə seçildikdən sonra ilk növbədə şəhərin içməli su ilə təmin olunması məsələsi ilə məşğul olur. Xudat kəndinin Şollar ərazisindən su çəkilişi 1917-ci ildə başa çatır. Şollar suyunun çəkilişi Bakının yaşıllıq probleminin həllinə şərait yaradır.

 

Dənizkənarı bulvarın kompleks tikintisinə rəhbərlik edən M.Hacınski yazırdı: “...Şəhər əhalisinin asudə vaxtını keçirməsi üçün şəhərdə yeganə olan Mixaylovski bağı azlıq edirgünün tələblərinə cavab vermir”.

 

İlk mərhələdə “Qafqaz-Merkuriy” körpüsündən (Kukla teatrının binasından) Seyid Mirbabayevin (Azneft) binasınadək uzanacaq bulvarda əkilmiş ağaclar, gül-çiçək, bəzək kolları artıq göz oxşayırdı. Bulvarın qabağında tikilən kupalin (dəniz hamamı) sahil küçəsinin, bulvarın gözəlliyini artırırdı. Bu bina uzaqdan yaşıllıqlar arasında yay sarayını xatırladırdı. Kupalinin tikilməsi münasibətilə “Kaspi” (N136, 1914) qəzeti yazırdı: “Su üzərində ucalan Bakı dəniz hamamı diqqətə şayan gözəl bir binadır. Nitşe istisna olmaqla Avropada heç yerdə su üzərində belə gözəl, geniş ikinci bir bina yoxdur”.

 

O dövrdə M.Hacınski Bakı Dumasının binasından xeyli yuxarıda Çəmbərəkənd istiqamətində yerləşən, torpaq sürüşməsi ehtimalı olduğundan tikinti üçün əl verməyən bir ərazidə, qayanın üstündə öz layihəsi əsasında ailəsi üçün ikimərtəbəli mülk inşa etdirir. Sonralar bu ərazidə tikilən bütün mənzillər, tikililər tədricən uçur, lakin M.Hacınskinin layihəsi ilə tikilən binaya heçolmur.

 

Bakıda ən çox bina tikdirənlər arasında öz yeri olan neft milyonçusu Ağa Musa Nağıyev vaxtilə deyirmiş: “Kim tikir, Allah onun ömrünü uzadır”. Əslində, qurub-yaradanları, daş-üstə daş qoyub quranları yadigar qoyub getdikləri, tikdikləri daim yaşadır.

 

Gözəl Bakım, sən bu gün dünyanın ən gözəl şəhərləri sırasındasan. Qoynunda doğulub boya-başa çatanlar, daimi sakinlərin üçün doğma, mehriban, isti ana qucağısan. Dünyanın gözü, sözü, özü səndədir, Bakı!.. Qurub, yaradanına əhsən!..

 

Hər bir tikinti kollektiv əməyin bəhrəsidir. Onun arxasında memarlar, konstruktorlar, inşaatçı-mühəndislər, ustalar, müxtəlif sahə adamlarının böyük bir qrupu dayanır. Bu gün onların peşə bayramıdır! Bu sahədə çalışan hər kəsə minnətdarlıq hissi ilə qələmə aldı:

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2021.- 10 aprel.- S.7.