Nəriman Nərimanov, Atatürk və Qurtuluş savaşı

 

 

Professor Teymur Əhmədovun Nəriman Nərimanov albom-kitabında Türkiyənin min illik tarixinin ən qorxunc ölüm-qalım savaşı da (Qurtuluş savaşı) dəqiq tarixi siyasi sənədlərlə qələmə alınmışdır. Əsərdə Nəriman Nərimanovun böyük Türkiyə sevgisi, qüdrətli diplomatik zəkası ilə həmahəng, bu fatehlər yurdunun ən təhlükəli dönəmində Nərimanovun xilaskar rolu bütün əzəmət və ehtişamı ilə sərgilənmişdir. Sovet Azərbaycanının rəhbəri Nəriman Nərimanov Rusiya Federasiyası Xalq Komissarları Sovetinin sədri Leninlə bütün Kreml rəhbərliyini Türkiyənin sovetlərlə bərabər imperialist güclərə qarşı mübarizəsinə inandırmış, həm də Türkiyə sədaqət və etibarının qarantı kimi Mustafa Kamal Atatürkün və Türkiyə Böyük Millət Məclisinin etimadını qazanmışdı.

 

 

Nəriman Nərimanovun bütün böyük amalı Türkiyəni və Rusiyanı imperialist güclərin pəncəsindən qoparmaq və dünyada hökm sürən məzlum bəşəriyyəti kapital əsarətindən xilas etməkdi. Nəriman Nərimanov uzaqgörən böyük bir dövlət xadimi olaraq dərk edirdi ki, katipal dünyası ilə mübarizə aparan hər iki dövlət —Türkiyə ilə Rusiya birləşməsələr (yəni bu tarixi fürsət əldən çıxsa), xalqları imperializm əsarətindən hansı güc xilas edəcəkdi?

Nəriman Nərimanovun dahiyanə məktubu Lenini və Kremli ayağa qaldırdı. O, məktubunda sübut edirdi ki, siyasət zülmü haqqa, şəri xeyrə çevirmək məharətidir.

Əgər Sovet Rusiyası yeni dünya qurmaq istəyirsə, haqq dünya yaranandan bəri güclüyə məxsusdur fəlsəfəsini Pyotrun Kremldəki kommunist iblislərinin daşlaşmış kafalarından çıxarmaq lazımdır (guya böyük Pyotr nə zamansa İstanbulu işğal etməyi ruslara vəsiyyət etmişdi). Amma yeni qurulan dünya “güclü olan haqlıdır” fəlsəfəsi ilə deyil, “Haqlı olan güclüdür” fəlsəfəsiylə idarə olunmalıdır. Yəni əsrlər boyu Avropanın təhriki və siyasi riyakarlığı ilə Rusiyanı və Türkiyəni bir-birinə düşmən mövqedə saxlamaq düşüncə tərzinə son vermək lazımdır. Nərimanova görə, hazırda dünyada İngiltərəni durduracaq bir qüvvə varsa, o da Türkiyədir. Çünki 1915-ci ildə Çanaqqalada türk əsgəri əlindəki tüfənglə (türklərin başqa silahı yox idi) ən güclü uzaqvuran toplarla təchiz olunmuş Böyük Britaniya krallığı hərbi donanmalarının qarşısını alıb İngiltərəni məğlub etmişdi.

O zaman Böyük Britaniyaının hərbi naziri Uinston Çörçill türklərin məğlubedilməzliyi barədə öz heyranlığını belə ifadə etmişdi: “Bizim məğlubiyyətimiz labüd idi. Çünki biz Tanrı ilə vuruşurduq...”.

“Kütül-amarə” savaşında da İngiltərə türk əsgəri önündə böyük rüsvayçılıqla məğlub olmuş, ingilis ordusunun hərbi qərargahı türklərə əsir düşmüşdü...

Nəriman Nərimanov bütün bu mövcud vəziyyəti bildiyi üçün (artıq İngiltərənin gözünün odunu alacaq bir qüvvə vardı) Leninə yazırdı: Biz Türkiyəyə yardım etsək, yəni türkləri maliyyə ilə və hərbi texnikası üçün lazımi qədər yanacaqla təmin etsək (şübhəsiz ki, bunu da Azərbaycan öz üzərinə götürür), Türkiyə Rusiya ilə birlikdə imperializmə qarşı sonadək çiyin-çiyinə vuruşacaqdır.

Ümumiyyətlə, bu dönəmdə Rusiya ilə Türkiyə öz imperiyalarının xərabələri üzərində imperialist güclərə qarşı mübarizəsini tarixin dönüm nöqtəsi də adlandırmaq olar. Çünki bu situasiyada Türkiyə də, Rusiya da dünya miqyasında imperializmə qarşı mübarizədə yeganə qüvvə olaraq haqq-ədaləti təmsil edən bir güc rolunda çıxış edirdi.

Nəriman Nərimanov o zaman dünyanın hərbi və fəzilət dahilərinin türklər dediyi fikirlə fəxr edirdi: Böyük İslam Peyğəmbəri Həzrəti Mühəmməd əshabəsinə belə buyurmuşdur: “Sizə zərər verməyincə, türklərə toxunmayın... Gün gələcək ümmətimin idarəsi türklərin əlinə keçəcəkdir... İslamın dayağı türklər olacaqdır...”.

Böyük monqol xaqanı Çingiz xan sərkərdəsi Sabutaya ciddi bir təlimat vermişdi: “Türkün yurduna vardınmı, geri dön!”...

Otuz il ərzində ucsuz-bucaqsız bir imperiya yaradan Avropanın Tamerlan dediyi hərb dahisi Əmir Teymur İranı fəth etdikdə dahi İran şairi Firdovsinin məzarını ziyarət etmiş, ehtiramla olsa da qınamışdı: “Qalx, qalx məzarından, ey böyük insan! Şahnamə”də uydurma yalanlarla bəhrələnib, istehza ilə bəhs etdiyin türkün böyüklüyünü öz gözlərinlə gör...”.

Böyük fransız şairi Lamartin:

—İnsanlığa şərəf gətirən türk millətinin düşməni olmaq səfehlikdir...

Böyük alman tarixçisi Hammer: “Tarix türklərdən çox şey öyrəndi. Türklərin yaratdıqları elə sənət əsərləri vardır ki, onlar dünya mədəniyyətinin ziynətidir...”

Avropa hökmdarlarına istehza edən Volter:

—“Türklər qazandıqları zəfərləri ruhlarında yaşadır və nəsillərdən-nəsillərə ötürməyin üsulunu bilirlər. Türkləri məğlub etmək üçün tarixlərini yox etmək gərəkdir... Bu da qeyri-mümkündür...

XVIII əsr böyük fransız mütəfəkkiri Deni Didro: —Türklər əsrlərcə tarixə dahilər bəxş edən millətdir... Böylə bir millətlə necə iftixar etməyəsən?!

Nəriman Nərimanov bu fikirlərlə tanış olduqca, sanki dağ ağırlığında yükdən xilas olurdu...

Tədqiqatçı alim, professor Teymur Əhmədov özəlliklə vurğulayır ki, Türkiyə ilə Rusiya arasında dostluq və etimad körpülərini qurmaq və möhkəmləndirmək niyyəti ilə yalnız nadir dövlət xadimlərinə məxsus güclü diplomatik zəkasını və dönməz iradəsinin qüdrətilə bir tərəfdən türk oğlu türk olaraq ulu babalarının qanı çağlayan damarlarında Türkiyə sevgisini, digər tərəfdən məfkurə etibarilə mənsub olduğu bolşevik partiyasına, yəni Leninə sədaqətini (19 fevral 1921-ci il tarixli Leninə məktubunda) belə ifadə edirdi:

“...Türkiyə nümayəndə heyəti Behbud Şahtaxtinski ilə birlikdə Moskvaya gəlirlər. Mən Türkiyə nümayəndə heyəti ilə ətraflı söhbət etdim. Türklər heç şübhə yox ki, Antantanın əleyhinədirlər. Son damla qanlarınadək bizimlə birlikdə vuruşmağa hazırdırlar. Ancaq Moskva erməni məsələsinə görə türkləri özlərindən uzaqlaşdırsa, türklər ingilislərə üz tutmaq məcburiyyətində qalacaqlar... (Belə bir fəlakət üz versə, İngiltərə türkləri müasir silahlarla silahlandırıb qızıl yağmuruna tutaraq Rusiyanın üzərinə göndərə bilərlər... O zaman nələr baş verə bilər?.. (bir Allah bilir...). Digər tərəfdən, biz türklərdən üz döndərsək, bütün müsəlman şərqində nüfuzumuzu itirə bilərik. Həm də bizim üçün fəlakətli nəticələr verə biləcək Şərq cəbhəsi açılmış olacaq...” .

Nəriman Nərimanov Türk Qurtuluş savaşının zəfəri üçün Azərbaycan Sovet Sosialist dövlətinin rəhbəri kimi əlindən gələni əsirgəmirdi. O, böyük zəkasının qüdrətilə Leninə elə bir məktub yazdı ki, bu məktub dünya tarixinin dönüm nöqtəsi oldu. O zaman Rusiya Alov dənizində çırpınan bir ada idi. Türkiyənin də imperial güclərin çəmbərində son gücü tükənmək üzrə idi. Ümidi hər yerdən üzülmüş bolşeviklər Rusiyası Romanovlar imperiyasının xərabələri üzərində can çəkişməkdə idi və imperalizmə qarşı bayraq qaldıran Türkiyəyə möhtac idi. Türkiyənin də əsrlər boyu tarixi düşməni olan Rusiyaya ehtiyacı vardı. Nəriman Nərimanov düşünürdü ki, tarix boyu türklərin dönməzliyi və məğlubedilməzliyi bolşeviklərin də ya ölüm, ya qalım inadı ilə birləşsə, Rusiya Avropa bəlasından xilas olar, Türkiyə isə imperializmə göz dağı çəkdirib əbədi hürriyyətinə qovuşar və Nərimanov onu da məktubunda Leninə çatdırdı ki, türklərin imperializmin üzərində mütləq qələbəsi Şərq xalqlarının da imperializmin caynağından qurtuluşu deməkdir. Bu da Leninə hava kimi, su kimi lazım idi...

Nəhayət, 1921-ci ilin 19 fevralında Nərimanovun “təkidi” ilə Türkiyə-Moskva arasında anlaşma imzalandı. O zaman Türkiyənin 5 milyon qızıl pula ehtiyacı olsa da ruslarla andlaşmaya görə verilən borc bir milyon olmuşdur. Amma andlaşmada Naxçıvanın Azərbaycanın tərkibində qalması da Azərbaycan üçün də, Türkiyə üçün də böyük siyasi qələbə idi. Andlaşmanın ana xətti Rusiya ilə Türkiyənin İngiltərəyə qarşı, bəşəriyyəti sömürən və insanlığın üz qarası olan, məzlum xalqlara gözdağı çəkdirən bu kapital dünyasına qarşı idi.

O qaranlıq və dəhşət saçan illərdə imperial güclər tərəfindən təklənmiş Türkiyə beynəlxalq aləmdə güc qazanmış oldu.

Bu məktubun açıqlaması belə idi ki, Nəriman Nərimanov Ankara ilə Moskva arasında, yəni Leninlə Atatürk arasında sevgidən və sədaqətdən qızıl bir körpü qurmaq istəyir. Bu körpünün adı Türkiyəyə sevgi, Rusiyaya sədaqətdir... Və kimlərsə (yəni Antanta) bu böyük dostluq və etimad körpüsünü yıxaraq məhv edib iki böyük dövləti qan girdabında boğmaq istəsələr, gücləri yetməyəcəkdi. Tarix də bunu təsdiq etdi.

Nəriman Nərimanovun dövlət sükanını çox böyük məharətlə idarə etməsi, ağlasığmaz siyasi cəsarətin və siyasi müdrikliyin bu adamda cəmləşməsi, məktubda qoyulan məsələlərin vacibliyi Nəriman Nərimanovun nə qədər haqlı olduğu Lenini heyrətə gətirmişdi. Lenin birdən-birə dərk etdi ki, Nəriman Nərimanovun bu təklifi Rusiyanı məğlubiyyət çəmbərindən qoparmağın yeganə yoludur. Nəriman Nərimanovun məktubu dərhal Mərkəzi Komitədə müzakirəyə çıxarıldı və Rusiya- Türkiyə dostluq əlaqələrinin vacibliyi məsələsi qəbul edildi. Çünki Lenin görürdü ki, Brest-Litovsk sülh andlaşması ilə Almaniyanı bərtaraf etsə də Rusiya imperializmi təmsil edən Antantanın gücləri qarşısında təkbaşına tab gətirə bilməyəcək.

Nəriman Nərimanov isə Rusiyanı bürüyən alov dənizini söndürmək üçün Türkiyə ilə andlaşma bağlayıb, imperializmə qarşı hərbi qüvvələr müvazinətini Türkiyə ilə Rusiyanın xeyrinə həll etməyə çalışırdı. Çünki bolşeviklər Rusiyası imperial güclərə qarşı hakimiyyət uğrunda mübarizə aparırdısa, Türkiyə ölüm çəmbərində hürriyyət və vətən uğrunda azadlıq bayrağını göylərə qaldırmışdı. Bunlar isə bambaşqa şeylər idi... Türkiyənin Rusiyanın yanında yer alması Rusiya üçün qələbənin təminatı idi.

Avropada imperial güclərin strateji planlarının nədən ibarət olduğu Nəriman Nərimanova bəlli idi. Avropa Orta Şərqin, ümumiyyətlə, Şərqin yeraltı və yerüstü xəzinələrinə sahib çıxmayınca, istiqbalı qaranlıq olacaqdı. Bu, kim Şərqin saysız-hesabsız sərvətlərini ələ keçirəcəksə, dünya hökmranlığı onundur, deməkdir. Keçmişdə olduğu kimi, gələcəkdə də bu xəzinələrin önünü kəsən Türkiyə olacaqdı... Ona görə Türkiyə və Rusiya ilə bütün zamanlar düşmən mövqedə qalması vacibdir. Onları bir-birinə saldırmaq siyasəti yürütməliyik. Avropanı idarə edənlərin və Vatikanın planları belə idi.

Nəriman Nərimanov üçün Türkiyə ilə Rusiyanın arasında dostluq qurmaq, zamanın gərdişinə uyğun müvəqqəti taktiki plan arzusu deyildi, strateji mahiyyət daşıyırdı. Bu plan gələcəyə yönəlmiş böyük strateji ideala çevrilmişdi. Və o, bu ideal uğruna həyatını qurban verməyə hazır idi. Moskvdakı və Avropadakı ermənipərəst qüvvələri qorxudan da Nəriman Nərimanovun bu uzaqgörənliyi idi. Çünki Orta Şərqdə Türkiyə kimi tarixdə 16 imperatorluq yaradan potensial bir millət, Şimalda isə Rusiya kimi imperial bir dövlət dirçəlib həqiqi ittifaqda olsalar, Avropa dövlətləri üçün gələcəkdə böyük təhlükə yarana bilər və Avropa gələcəkdə Orta Şərqin zəngin yeraltı, yerüstü sərvətlərindən məhrum ola bilərdi. Ona görə də Rusiya ilə Türkiyə dostluğunun bünövrəsinə dinamit qoymaq lazım idi.

Zatən Nərimanovun uzaqgörənliyi tarixən tezliklə təsdiq olundu.

Leninin ölümündən sonra Stalin hakimiyyət cilovlarını öz dəmir pəncəsində toplarkən dünyayla SSRİ arasında qırx il dəmir pərdə siyasəti bərqərar oldu. Stalinin epoxası tarixə qovuşanda Türkiyə Cümhuriyyəti dövlətinin Baş naziri (1950-1960-cı illər) Adnan Menderes zamanında Sovet Rusiyası ilə Türkiyə arasında siyasi buzlar əriməyə başladı.

Və Moskva ilə 40 illik düşmənçilikdən sonra Ankara Rusiya ilə dostluq münasibətləri müstəvisinə keçirmək üçün Adnan Menderesin Moskvaya rəsmi dövlət səfəri ərəfəsində Türk Silahlı qüvvələri dövlət çevrilişinə girişdi. Ordu hakimiyyəti ələ keçirdi. Çevrilişin əsas memarı İngiltərə idi.

Türkiyə ilə Rusiya arasında yenə onillik bir divar hörüldü.

1967-ci ildə Türkiyənin baş naziri Süleyman Dəmirəlin SSRİ hökumətinin dəvəti ilə Moskvaya rəsmi dövlət səfəri gerçəkləşməli idi. Amma Süleyman Dəmirəl Bakı üzərindən Moskvaya uçacaqdı. Bu, Süleyman Dəmirəlin xüsusi şərtimi idi, yoxsa o zaman Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri general Heydər Əliyevin Moskva təhlükəsizlik orqanlarının rəhbərləri vasitəsilə məxfi təşəbbüsümü idi, mediadan gizli qaldı. Hər halda o zamankı bütün ehtimallar onu göstərir ki, Türkiyə hökumətinin Baş nazirinin təyyarəsinin Bakı Binə Hava limanına enişi o zaman Dövlət Təhlükəsizlik orqanlarının rəhbəri Heydər Əliyevin şəxsi təşəbbüsü olmuşdur. Süleyman Dəmirəlin Bakı səfəri Azərbaycanda böyük bir bayram ab-havası yaratdı və bu ab-hava Moskvadakı danışıqlara, sonralar da Moskva ilə Ankara arasındakı siyasi havalara da müsbət sirayət etdi. Çünki Türkiyə Cümhuriyyəti qurulandan bəri, yəni Nəriman Nərimanovun Türkiyə ilə Rusiya arasında qurduğu dostluq münasibətləri, qırx ildən sonra Moskva ilə Ankara arasında əlaqələr qurmaq üçün Türkiyənin Baş naziri Süleyman Dəmirəlin Moskvaya ilk rəsmi dövlət səfəri idi... Amma bu əlaqələr uzun sürmədi... İmperial güclərin (ABŞ və Böyük Britaniya Krallığı) məqsədi Avropa dövlətlərinə və ABŞ-a möhtac qalan ələbaxımlı bir Türkiyə yaratmaqdı. Öz xalqının, öz millətinin dərisini soyan işverənlər zümrəsi milyonlarla işçini ən aşağı maaşla çalışdıran, istismar edən, milyonlarla, milyardlarla dollar qazanan və ağlasığmaz dərəcədə zənginləşən, zənginləşdikcə harınlaşan, harınlaşdıqca quduzlaşan, xalqı daha dərin ehtiyac və səfalət girdabına sürükləyən və bu üzdən Türkiyə cəmiyyətində yoxsullar və zənginlər arasında yaranan dibi görünməz kin və nifrət uçurumları açıldı. Yəni bu, gələcəkdə bir millətin parçalanmasına yol açan xəbərdarlıqdır. Müxalifət və iqtidarın kəskin qovğaları, koalision hökumətlərində güc sahibi olmaq iddiaları (yəni xalq və dövlət mənfəətlərini partiya və şəxsi maraqlara qurban vermək...).

Bu durumda Baş nazir Turqut Özal Rusiya ilə münasibətləri qurmaq cəhdlərinin önünü Türkiyə ordusu kəsdi.

1980-ci ilin 12 sentyabr gecəsi Türkiyə ordusunun qərargah rəisi Kənan Evren əsgəri dərbə ilə hakimiyyəti ələ keçirdi. Türkiyə iqtisadiyyatı və Rusiya ilə əlaqələr iyirmi il gerilədi. Və bu siyasət 2003-cü ilin noyabrına qədər AK - (Ədalət və İnkişaf) Partiyası iqtidara gələnə qədər davam etdi. Yəni təxminən Nəriman Nərimanovun Rusiya ilə Türkiyə arasında dostluq əlaqələri qurandan təxminən yüz il sonra Rusiya ilə yenidən dostluq əlaqələri bərpa etmək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyə qismət oldu.

Yəni Nəriman Nərimanovun təməlini qoyduğu Rusiya ilə dostluq sarayı bir əsr sonra yenidən bərpa olundu. Elə ona görə də Rusiya ilə Türkiyə bu gün müasir dünya siyasətində güc sahibləri oldular.

***

Moskva ilə Ankara arasında 1921-ci ilin fevralında imperializmə qarşı bağlanan müqavilə birlik və bərabərlik içində mübarizə proqramı idi.

Bu andlaşma, nəticə etibarı ilə Türkiyəni zəfərdən-zəfərə və hürriyyətə qovuşdurdu, Türkiyə Cümhuriyyəti dövlətinin qurulmasına yol açdı. Rusiyanı da Avropa bəlasından xilas etdi. Bolşeviklər öz dövlətlərini qura bildilər.

Bütün bu tarixi hadisələrin cərəyan etməsində Nəriman Nərimanovun misilsiz rolu olmuşdur...

Amma bu zəfərlər necə qazanıldı? Mustafa Kamal Paşanın qazandığı zəfərlərin mexanizminə nəzər salsaq, qələbələrin qazanılmasında bilavasitə Nəriman Nərimanov mühüm işlər gördü. 1921-ci il 17 mart məktubunda Atatürk rəsmən Azərbaycan dövlətindən borc pul istəyir. Məktubu Türkiyə Böyük Millət Məclisi adından Türkiyənin Azərbaycandakı səfiri Məmduh Şövkət bəy Nərimanova təqdim edir, borc (500 kilo qızıl) dərhal Ankaraya göndərilir. O biri tərəfdən də Rusiyadan alınan on milyon qızıl pul da Türkiyəyə çatdırılır...

Bizim bu rəqəmləri söyləməkdə məqsədimiz Azərbaycan türklərinin böyük qardaşa etdiyi yardımlardan dolayı qürur və iftixar hissi keçirmək deyil, Nəriman Nərimanovun alicənab dili ilə desək, böyük qardaşa şərəf borcumuzu nümayiş etdirməkdir. Bu borc məsələsi ilə əlaqədar Azərbaycan dövlət başçısı Mustafa Kamal Atatürkü və qəhrəman Türk ordusunu təbrik edərək, Atatürkə göndərdiyi məktubda Nəriman Nərimanov yazır: “Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş qardaşın dar günündə əlindən tutar. Biz qardaşıq (iki qardaş xalq), hər zaman və hər nəyin bahasına olur-olsun bir-birimizin əlindən tutacağıq. Bu gün etdiklərimiz bir qardaşın qardaşına etdiklərindən başqa bir şey deyildir”...

***

Azərbaycan hökuməti tərəfindən məktubla bərabər, Ankaraya otuz sistern neft, iki sistern benzin və səkkiz sistern mədən yağı göndərildi...

Qurtuluş savaşı (1920-1922-ci illər) dünya tarixində görünməmiş qəhrəmanlıqlarla qazanılan zəfərdir. İstiqlal hərbinin, yəni Qurtuluş savaşının son hücumu 26 avqust günü 1922-ci ildə başlamış, 30 avqust günü, yəni dörd gün ərzində Yunan ordusunun böyük bir qismi darmadağın edilmiş, müzəffər Türk ordusu qələbə bayraqları ilə 9 sentyabr sabahı (1922-ci il) İzmirə daxil olmuş, o günün axşamı Bursanı düşməndən azad etmişdi. Yunan ordusunun baş komandanı general Trikopis və Yunan hərbi qərərgahı bütün mahiyyəti ilə, yəni bütün yunan generalları Türklərə təslim olmuşdu. Düşmən ordularının silah-sursatının üçdə iki hissəsi Türklərə tərk edilmiş, 100 mindən çox yunan əsgəri Türklərə əsir düşmüşdü....

Türk ordusu on dörd gün ərzində vuruşa-vuruşa düşməni təqib etmiş, gecə-gündüz fasiləsiz olaraq 400 kilometrlik məsafəni qət etdilər. Anadoludakı işğal edilmiş bütün torpaqları düşməndən təmizlədilər.

Türklərin ildırım sürətli zəfərindən təşvişə düşən İngiltərə, Fransa və İtaliya Yunanıstanı xilas etmək üçün tələmtələsik Mudanyada (Bursa yaxınlığında bir qəsəbə) “atəşkəs andlaşması” ilə Türkiyəylə Yunanıstan müharibəyə son verdilər.

O zaman məşhur İngilis tarixçisi Arnold Toynbəyə görə imzalanan bu “atəşkəs andlaşması” müttəfiqlərin: İngiltərə, Fransa, İtaliyanın Türklərə təslim olması demək idi.

Amma bu “Atəşkəs andlaşması”ndan sonra müzakirələri davam etdirmək üçün 20 gündən sonra neytral bir yerdə - İsveçrənin Lozan şəhərində Barış Konfransı keçirildi. Lozan Barış Konfransı (20 noyabr 1922-ci il) yalnız məğlub Yunanıstanla qalib Türkiyə arasında bir hesablaşma Konfransı deyildi. Həm də Birinci Dünya hərbinin qalibləri ilə son hesablaşma idi... 8 ay sürən bu müzakirələrin sonunda 5 bölüm 143 maddədən ibarət olan bu “Lozan andlaşması”nda ən önəmli cəhət Türk istiqlalı və hakimiyyətinin tanınması və işğalçı dövlətlərin ordularının Türkiyənin bütün ərazilərindən çəkilməsi oldu. İstanbulu işğal edən düşmən qüvvələri İstanbuldan çıxarıldı. Şəhər düşmən işğalından azad oldu.

O dövrün ən məşhur İngilis diplomatı yazırdı: “Lozan andlaşması” İngiltərə tarixində bağlanan andlaşmaların ən alçalmışıdır.

Amerikalı diplomat Qrev isə tamam başqa bir müstəvidən çıxış edirdi. O deyirdi: “İsmət İnönü Lozanda böyük bir diplomatik zəfər qazandı. Bəlkə bu, tarixdə qazanılmış diplomatik zəfərlərin ən qüvvətlisidir...”.

O keçmiş illərin Yunan xarici işlər naziri Steytin “Lozan Barışı” haqqında düşüncəsi isə bambaşqa idi. O deyirdi: “Lozan Barışı” Lozanda iştirak edən bütün dövlətlərin Türkiyə qarşısında boyun əymələrini təsdiqləyən sənəddir”...

Bu siyasi dəyərləndirmələrin siyahısını uzada bilərik.

Amma bizim üçün bu dəyərləndirmələrin fonunda Türkiyə Qurtuluş savaşının böyük zəfərində Azərbaycanın Şərəf tacı olan Nəriman Nərimanovun tarixi rolunu göstərməkdir.

Nəriman Nərimanov ideologiyasından və siyasi platformasından asılı olmayaraq, böyük türk olaraq, qorxunc fırtınalarla çağlayan o təlatümlü illərdə Azərbaycanın rəhbəri olması Mustafa Kamal Paşa Atatürkə zəfər qazandırmanın yolunu açdı.

1922-ci ilin sentyabrında Türkiyə işğalçı Yunan ordusunu darmadağın edib İzmiri azad edəndə bütün türksoylu xalqlar bayram libasına bürünmüşdü. Azərbaycan hökumətinin rəhbəri Nəriman Nərimanov isə böyük sevincini izhar edərək Türkiyə Böyük Millət Məclisinə təbrik teleqramı göndərdi: “İmperializmə qarşı qazandığı böyük zəfərlərə görə qardaş türk xalqını, Türkiyə Böyük Millət Məclisi və onun rəhbəri Mustafa Kamal Paşanı Azərbaycan Sovet Sosialist Respublikası və Azərbaycan xalqı adından təbrik edirik”. Bu münasibətlə Azərbaycan xalqının arzusu ilə Azərbaycan hökumətinin bu böyük zəfərlərin şərəfinə otuz sistern neft, iki sistern benzin və səkkiz sistern kerosin göndərildiyi xəbərini vermişdi...

Əlavə olaraq 1921-ci ilin may ayının ortalarında Azərbaycan Şura Hökuməti TBMM Hökumətinin tələbi olmadan Türkiyəni 62 sistern neftlə təmin etmiş və teleqram göndərmişdi: “Azərbaycan hökuməti qardaş Türk Xalqının yürütdüyü Qurtuluş savaşının sonuna qədər hər ay 62 sistern neft və üç vaqon kerosin göndərməyi öhdəsinə götürür”.

Budur əsl qardaşın qardaşa şərəf və vicdan borcu!..

Türklər İzmiri işğalçılardan təmizliyəndə Azərbaycandakı türk səfiri Atartürkün misilsiz alicənablığını Nərimanova danışanda Nəriman demişdi:

-Əsl Böyük Türkə elə bu yaraşır.

İzmirdəki hökumət evi qarşısındakı əhvalat:

9 sentyabr 1922-ci ildə İzmiri yunan ordusunun işğalından azad edən Mustafa Kamal Atatürk İzmirdə hökumət binasının pilləkənləri ilə qalxmaq istərkən ayaqları altına yunan bayraqları sərildi. Atatürk hiddətlə:

-Bu nə deməkdir?-dedi.

Yunan bayrağını Atatürkün ayaqları altına sərənlər:

-Paşam! Yunan ordusunun Baş komandanı Trikopis İzmiri işğal edəndə hökumət binasının girişində ayaqları altına Türk bayrağı sərilmişdi. Düşmən generalı Türk bayrağını tapdayaraq keçdi, -dedilər.

Xəta etmiş,- dedi Atatürk. Bayraq bir millətin şərəfidir. Biz bir millətin şərəfini Türk olaraq ayaqlar altına ata bilmərik. Biz bəşəriyyətə dahilər- Aristotellər, Əflatun (Platon) və Sokratlar bəxş edən Yunan millətini təhqir edəməyiz- deyə, Mustafa Kamal Atatürk bir daha Türk böyüklüyünü dünyaya nümayiş etdirmişdir. - Biz yunan millətinin şərəfini deyil, hürriyyətimizə qəsd edənləri cəzalandırırıq! Cəzalandırdıq da!..

Tarixdə on altı imperatorluq yaradan bir millətin böyüklərinə bu şahanə mənəviyyat yaraşır,- düşüncəsiylə Nəriman Nərimanovun çöhrəsi xəfif bir təbəssümlə işıqlanmışdı...

Hər dövrün qəhrəmanları, hər zamanın dahiləri olur.

Nəriman Nərimanov ömrünü vətəni Azərbaycanın və Türkiyənin azadlığı və xoşbəxtliyi uğrunda mübarizəyə həsr edən bəşəriyyətin nadir dühalarından idi və deyirdi:

-”Ey Şərq (Nəriman Nərimanov Şərq deyəndə vətəni Azərbaycanı da Şərqdən ayırmırdı), Ey bəşərin əzəli, sənin yolunda yansam, əzablara düşsəm də, idealımdan dönən deyiləm. Hamı şahiddir ki, sənin yolunda ömrümü sərf etdim. Hərgah tapılsaydı can verən bir loğman, otuz il də həyatımdan verərdim sənə”.

 

Oqtay ALTUNBAY

Respublika.- 2020.- 5 avqust.- S.6.