Nadir şah Əfşarın Azərbaycanın
xristian əhalisi ilə münasibətlərinə
dair kitab nəşr olunub
AMEA-nın
Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunun elmi şurasının qərarı ilə
“Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi
ilə münasibətlərinə dair farsdilli sənədlər
(Erməni icmasının timsalında)” kitabı “Elm” nəşriyyatında
çapdan çıxıb.
AZƏRTAC xəbər
verir ki, kitabda ilkin mənbələr
əsasında Nadir şah Əfşarın dövründə Azərbaycanda
xristian əhalinin vəziyyəti araşdırılıb
və əsas diqqət tarixşünaslıqda
az öyrənilmiş
bir problemə - xristian əhalinin imtiyazları və onlara göstərilən himayədarlıq məsələsinə yönəldilib.
Nadir şahın xristian kilsə və monastırlarının nümayəndələrinə
xeyirxah münasibəti
onun hökm və fərmanlarında əksini tapıb. Şahın öz xristian təbəələrinə
qarşı yeritdiyi dözümlü siyasət
nəticəsində üçkilsə
yeparxiyasının mülkiyyəti
vergilərdən azad edilmişdi. Xristianlara
kilsələrini nəinki
bərpa etməyə,
həm də yenilərini tikməyə
icazə verilirdi.
Kitabın elmi redaktoru,
akademik Ramiz Mehdiyev nəşrə yazdığı “Nadir şah və imperiyanın erməni icması: tarixi sənədlər uydurmalara
və təhriflərə
qarşı” sərlövhəli
“Ön söz”də qeyd edir ki,
Nadir şahın fəaliyyəti Azərbaycan
üçün istər
dövlətçilik və
hərb tarixi, istərsə də ideoloji dəyişikliklər nöqteyi-nəzərindən
böyük əhəmiyyətə
malikdir: “Nadir
şahın tarixi irsi sadalanan amillərlə yanaşı,
mayası düşmənçilik
və nifrətlə yoğrulmuş, bir qayda olaraq saxtakarlıq
üzərində bina
edilmiş millətçi
erməni təbliğatının
ifşası baxımından
da böyük dəyər kəsb edir”.
Erməni tarixşünaslığının
Nadir şahı xristianlığın düşməni
olan İslam fanatiki obrazında qələmə vermək
cəhdlərini ənənəvi
erməni təbliğatının
növbəti təzahürü
kimi dəyərləndirən
alimin fikrincə, Azərbaycan tarixçilərinin
vəzifəsi qarşı
tərəfə
emosiyalardan uzaq, sənədlərə və
təhlilə söykənən
tutarlı elmi cavab verməkdən ibarətdir. Sənədlər
toplusu məhz sözügedən məqsədə
xidmət edir. Nəşrdə əksini
tapmış sənədlər
Nadir şah dövründə ermənilərin
Azərbaycan və İran ərazisində hansı statusda yaşadıqlarını birmənalı
şəkildə göz
önünə gətirir.
Kitaba 28 sənəd
daxildir. Məktub və fərmanlardan
ibarət həmin sənədlərin böyük
əksəriyyəti Nadir
şahla erməni icmasının münasibətlərindən
bəhs edir. 28-ci sənəd isə Nadir şahın imperiyanın bütün xristian təbəələrinə
etiqad azadlığının
verilməsini ehtiva edən fərmandır. “Ön söz”də qeyd olunur ki, həmin
fərmana əsasən
Nadir şahı müsəlman hökmdarlarının
xristianlara münasibətdə
çoxəsrlik tolerantlıq
siyasətinin davamçısı
da adlandırmaq olar.
Hər fərmanın sonuna
onun verilməsini zəruri edən müraciət və şikayətin mətni əlavə edilirdi ki, bu da
yerlərdəki məmura
hökmdarın baş
verənlərdən xəbərdar
olduğunu izah edən xüsusi bir işarə kimi qiymətləndirilməlidir.
Topludakı sənədlər
arasında, həmçinin
Nadir şahın oğlu, vəliəhd Rzaqulu Mirzənin ermənilərlə bağlı
verdiyi 3 fərman mövcuddur. Həmin sənədlər də məzmunca Nadir şahın erməni icmasına münasibətdə
yeritdiyi xəttin ruhuna uyğundur.
Oxuculara Azərbaycan
dilində təqdim edilən bütün bu sənədlərin əhəmiyyəti onların
erməni tarixşünaslığı
tərəfindən də
dəqiq qaynaq olaraq qəbul edilməsilə bağlıdır.
Bu isə tədqiqatçıları mənbələrin
ciddiliyi ilə bağlı ortaya atıla biləcək şübhə və mübahisələrdən azad
edəcək.
Kitabdakı sənədləri
fars dilindən AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru, dosent, mənbəşünas alim
Əkrəm Bağırov
tərcümə edib.
Sənədlərin başa
düşülməsini asanlaşdıran
terminoloji lüğət
və izahlar da tərcüməçi
tərəfindən hazırlanıb.
Toplunun tərtibçisi, kitabda yer alan “Nadir
şah Əfşar hakimiyyəti dövründə
Azərbaycanda xristian əhalinin vəziyyəti”
tarixi araşdırmanın
müəllifi AMEA A.Bakıxanov
adına Tarix İnstitutunun aparıcı
elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlovadır.
Layihənin rəhbəri
isə AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə
doktoru, dosent Eldar Əmirovdur.
İlk dəfə
elmi dövriyyəyə
buraxılan bu sənədlər tarixşünaslığımız
üçün faydalı
mənbədir. Kitabda,
həmçinin sənədlərin
farsca mətni, fotofaksimilesi verilib.
Respublika.- 2020.- 8
avqust.- S.5.