Mənalı və
şərəfli alim ömrü
Yaşadıqları
ömür payında elm adamları dünyaya
saçdıqları işığın nuruyla bəşəriyyəti
həqiqətin, ədalətin və xoşbəxtliyin yolunda
aydınlığa çıxarırlar. Bu günlərdə cəmiyyətimizin
belə işıqlı
ziyalılarından biri
– ömrünü, illərini
elmə, təhsilə,
təlim-tərbiyəyə həsr etmiş kamil insan Azərbaycan
Dövlət Aqrar Universitetinin Epizootologiya, Mikrobiologiya və Parazitologiya kafedrasının
müdiri, baytarlıq
üzrə fəlsəfə
doktoru, dosent Zahir Ələsgərovun anadan olmasının 60, elmi-pedaqoji fəaliyyətinin isə
35 ili tamam olur. Bu elm
fədaisinin fəaliyyətində
və nailiyyətlərində,
uğur qazanmasının
kökündə gərgin
zəhməti, yorulmaz
axtarışları, böyük
istedadı və qabiliyyəti əsas amillərdən olmuşdur.
Geniş erudisiyaya malik Zahir müəllimin
bu yazıda əmək fəaliyyətindən,
mənalı həyat
yolundan söhbət açacağıq.
Zahir Ələsgərov
Qərbi Azərbaycanın
Basarkeçər rayonunun
Kiçik Məzrə
kəndində sayılıb-seçilən
ziyalı ailəsində
dünyaya göz açıb. Rayonun ən nümunəvi
məktəbi olan, hər il məzunlarının
95 faizdən çoxu
nüfuzlu ali məktəblərə daxil
olan Molla Pənah Vaqif adına Kiçik Məzrə kənd tam orta məktəbini
əla qiymətlərlə
bitirən Zahir, 1979-cu
ildə Səməd Ağamalıoğlu
adına Az. KTİ-nin (indiki ADAU) baytarlıq fakültəsinə
daxil olmuş,
1984-cü ildə Baytarlıq
ixtisası üzrə
tam kursu fərqlənmə diplomu ilə bitirmişdir. Gecə-gündüz çalışmağının,
hazırlaşmağının mükafatı olaraq, elə həmin il, institutun Epizootologiya, Mikrobiologiya və Virusologiya kafedrasının nəzdində,
əyani təhsil üzrə məqsədli
aspiranturaya daxil olmuş və elmi axtarışlarını
davam etdirmişdir. Alimin aktual elmi problemin
həlli yollarında apardığı səmərəli
işlər tezliklə
öz bəhrəsini
vermiş, 1988-ci ildə
namizədlik dissertasiyasını
müvəffəqiyyətlə müdafiə edərək,
baytarlıq üzrə
fəlsəfə doktoru
alimlik dərəcəsinə
layiq görülmüşdür.
Fitri istedadı ilə fərqlənən
gənc alim rəhbərliyin və kollektivin diqqətini cəlb etmiş, Epizootologiya, Mikrobiologiya və Parazitologiya kafedrasına assistent vəzifəsinə seçilmişdir.
Qısa müddət ərzində gənc alimin səmərəli elmi-pedaqoji fəaliyyəti
yüksək qiymətləndirilərək
1993-cü ildə dosent
elmi vəzifəsi verildi. Zahir müəllim pedaqoji
fəaliyyətə başladığı
vaxtdan etibarən “Baytarlıq Mikrobiologiyası”,
“Baytarlıq İmmunologiyası”
və “Epizootologiya və infeksion xəstəliklər” fənlərini
tələbələrə sevə-sevə tədris edir, tələbələrin
peşəkar kadr kimi yetişməsində var qüvvəsi ilə çalışır.Yüksək təşkilatçı imici,
müasir düşüncə
tərzi və yorulmaz tədqiqatçı
əzmi ilə diqqəti çəkən
Zahir Ələsgərov
1996-2000-ci illər ərzində
Baytarlıq təbabəti
və zoomühəndislik
fakültəsinin dekan
müavini vəzifəsinə
seçilir. İşlədiyi
dövrdə müəllim
və tələbələrin
dərin hörmətini
qazanmış, tələbələrin
elmi, pedaqoji fəaliyyətlərində və
müstəqil işlərində
həmişə yardımçı
olmuş, tələbələrin
sevimlisinə çevrilmişdir.
Zahir Ələsgərova
böyük etimad göstərilərək, 2000-ci ildə Epizootologiya, Mikrobiologiya və Parazitologiya kafedrasının
müdiri vəzifəsinə
təyin edilmiş və bu gün
də həmin vəzifədə uğurla
fəaliyyət göstərir.
Tanınmış alim
baytarlıq elminin aktual problemlərinə həsr olunmuş beynəlxalq elmi konfransların, simpozium və seminarların, həmçinin konqreslərin
işində maraqlı
elmi məruzələrlə
çıxış etmiş
və müvafiq sertifikatlar almışdır.
Belə ki, Z.Ələsgərov
2009-cu ildə Türkiyə
Cümhuriyyətinin İstanbul
şəhərində, Ümumdünya
Heyvan Sağlamlığı
Təşkilatının təşkil
etdiyi Beynəlxalq Konqresdə, Fransanın Paris şəhərində
Ümumdünya Baytarlıq
Konqresində, Gürcüstan
Respublikasının Tbilisi
şəhərində “Mühüm
Təhlükəli İnfeksion
xəstəliklərin
diaqnostikası” mövzusuna
həsr olunmuş Beynəlxalq Regional Elmi seminarda elmi məruzə ilə çıxış
edərək, müvafiq
sertifikatlarla təltif
olunmuşdur. O, 26 aprel-11 may 2011-ci ildə, Norveçin Oslo şəhərində, Norveç
Təbiət Elmləri
Universitetində təqdim
etdiyi “Heyvanların Brusellyozunun öyrənilməsi”
layihəsinin təqdimatı
ilə əlaqədar,
elmi ezamiyyədə olmuş, Avrasiya bankı tərəfindən
maliyyələşdirilən, həmin layihəyə
2011-2014-cü illərdə rəhbərlik etmişdir.
Tanınmış alim 2014-cü ildə
Türkiyənin İstanbul
şəhərində Beynəlxalq
VET İstanbul Konqresində
elmi məruzə ilə çıxış
etmiş, 2015-ci ildə
Türkiyənin Konya şəhərinə, Selçuk
Universitetinə, Mövlana
proqramı çərçivəsində
dəvət alaraq mühazirələr oxumuş,
“Təşəkkürnamə” ilə təltif edilmişdir. 20 may 2010-cu ildə ölkə Prezidentinin müvafiq sərəncamı
ilə fəaliyyəti
yüksək mükafatlandırılaraq
“Azərbaycan Respublikasının
qabaqcıl təhsil işçisi” döş
nişanı ilə təltif edilmişdir.
Zahir müəllim, respublikamızın
ictimai-siyasi həyatında,
həmişə fəal
rol oynamış və əsl vətəndaşlıq mövqeyi
nümayiş etdirmişdir.O,
Prezident seçkilərində
məntəqə seçki
komissiyasının sədri
kimi, eyni zamanda seçkilərdə
Yeni Azərbaycan Partiyasının nümayəndəsi
olaraq nümunəvi fəaliyyət göstərmişdir.
O, 120-dən çox elmi əsərin müəllifidir. Sanballı
kitab və monoqrafiyaları Azərbaycan
Respublikası Təhsil
Nazirliyi tərəfindən
ali məktəb tələbələri üçün
dərslik və dərs vəsaiti kimi təsdiq edilmişdir.
Onun “Epizootologiya” (dərslik)
- Bakı, 1998 (278 səhifə),
“Kənd təsərrüfatı
heyvanlarının infeksion
xəstəliklərinin diaqnostikası
və profilaktikasında
işlədilən bioloji
preparatlar” (dərs vəsaiti) - Gəncə,
2002 (180 səhifə), “İnsanlar
üçün təhlükəli
heyvan xəstəlikləri”
(dərslik)- Bakı,
2006 (295 səh.), “Baytarlıq
virusologiyası” (dərslik)
- Bakı, 2009 (415 səhifə),
“Antropozoonoz xəstəliklər”
(dərslik) - Bakı,
2016 (520 səhifə), “Kənd
təsərrüfatı heyvanlarında
immunitetin əsasları”
- Bakı, 1992 (225 s.), “Qoyunların
infeksion xəstəlikləri”
- Bakı, 1995 (275 səhifə)
kitabları tələbələrin
istifadəsindədir. Qeyd
edilənlərlə yanaşı,
ali təhsilin bakalavr və magistratura səviyyəsində
tədris olunan müvafiq fənlər üzrə 16 fənn proqramının, 4 metodik göstərişin müəllifidir.
Eyni zamanda “Kənd təsərrüfatı
heyvanları və quşlarının infeksion
xəstəliklərinin diaqnostikası,
profilaktikası və
müalicəsinə dair”
elmi-texniki şura tərəfindən təsdiq
edilmiş müvafiq təlimat və elmi tövsiyələrin müəllifidir.
Elmi əsərlərinin
bir qismi Türkiyə, Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Hindistan və s. ölkələrdə
nəşr olunmuşdur.
Baytarlıq üzrə
fəlsəfə doktoru,
dosent Zahir Ələsgərov bu gün səmərəli elmi-tədqiqat işi ilə məşğul olur. Baytarlıq sahəsində milli kadrların hazırlanması
işinə layiqli töhfələr vermiş,
çoxsaylı magistr
dissertasiyaları işinin
elmi rəhbəri olmuşdur. Bir çox doktorantların yerinə yetirdikləri dissertasiya işlərinə,
aparıcı təşkilat
qismində kafedrada müzakirə edərək
rəy vermiş və eyni zamanda
rəsmi opponent olmuşdur. Alimin apardığı elmi-tədqiqat
işinin əsas istiqaməti “Qoyunların Salmonellyozuna qarşı baytarlıq-sanitariya tədbirləri
kompleksinin işlənməsi”
probleminə yönəlmişdir.
Zahir müəllimin,
insanlarla ünsiyyət
mədəniyyəti, təmkini,
tələbkarlığı, iradəsi, nikbinliyi, gələcəyə inam
hissi çoxları üçün örnək
sayıla bilər. Bu keyfiyyətlər onun yüksək təvazökarlığı ilə
tamamlanır. Zahir müəllim nümunəvi
ailə başçısıdır.
Onun şərəfli
yolunu davam etdirən iki övladı var. Görkəmli alim sanballı elmi yaradıcılığı, vətənpərvər
fəaliyyəti ilə
örnək olan yubilyarımıza möhkəm
cansağlığı, müqəddəs
peşə sahibi kimi bundan sonrakı
fəaliyyətində də
yeni-yeni uğurlar arzulayırıq.
Zabit XƏLİLOV
Respublika.- 2020.- 8 avqust.- S.7.