Doktor Nərimanov

 

Nəriman Nərimanov!.. Bu ad xalqımızın tarixində qızıl qələmlə yazılmış adlardandır!

Keçən əsrin doxsanıncı illərindən ta yaşadığımız əsrin iyirminci illərinədək bu otuz ilin ərzində millətimizin siyasi, ictimai, mədəni həyatı Nəriman Nərimanovun coşqun, yorulmaq bilməyən, mənalı fəaliyyəti ilə bağlıdır. Buna görə də onun həyatı və çoxcəhətli, olduqca mündəricəli fəaliyyətinin hər bir nöqtəsini, azacıq da olsa, işıqlandıra bilən yeni bir sənəd, canlı bir xatirə, mənalı bir sətir, bir söz xüsusi əhəmiyyət alır, hər kəsdə müəyyən maraq oyadır.

 

Canlı Nəriman Nərimanovu gördüyüm, vaxtilə bu görüş haqqında yazdığım üçün mən özümü xoşbəxt hesab edirəm. Lakin onu görməmişdən çox əvvəl, mən hələ dünyaya gəlməmişdən onu, Nəriman Nərimanovu mənim atam görmüş və öz cib dəftərçəsində bu görüşü qeyd etmişdi. Bu da məni ikiqat fərəhləndirir.

 

Keçən əsr doxsanıncı illərin əvvəlini atam Türküstanda yaşamış və oradan qayıdarkən 1894-cü il may ayında səkkiz gün, mayın beşindən on üçünədək Bakıda keçirmişdi. Burada ikən dəftərçəsində qeyd etdiyi bir neçə sətir xeyli maraqlıdır:

 

Atamın gecəni səhərə kimi bir yerdə keçirdiyi və dəftərçədə adlarını çəkdiyi şəxslər o zaman Azərbaycanda, xüsusilə Bakıda milli maarif və mədəniyyət sahəsində çalışan ön sırada mübarizə aparanlardan idi. Məlum olduğu üzrə, məşhur müəllim və ədib Sultan - Məcid Qənizadə rəsmi maarif idarəsində xidmət edən və eyni zamanda bədii əsərlər yazan Azərbaycan ziyalılarından idi. Sonralar öyrəndiyim məlumata görə, Məmmədəli Vəliyev də hökumət idarələrində rəsmi vəzifə daşımaqla bərabər, ədəbiyyat həvəslisi imiş və N.V.Qoqolun “Evlənmə” komediyasını ruscadan ana dilinə çevirmişdi. Nərimanov isə, demək olar ki, o zaman Bakıda maarifpərvər və tərəqqipərəst ziyalılar cəmiyyətinin mərkəzində idi.

 

Nəriman Nərimanovun bu dövrdəki fəaliyyəti haqqında ədəbiyyatşünas Teymur Əhmədov “Nəriman Nərimanov” adlı kitabında belə məlumat verir:

 

“1891-1900-cü illər ərzində Nəriman Nərimanov “Nadanlıq”, “Dilin bəlası”, “Bahadır və Sona”, “Nadir şah” əsərlərini yazmış, N.V.Qoqolun “Müfəttiş”ini tərcümə etmiş, üç dərslik hazırlamış, eyni zamanda müəllim və şagirdlərə kömək arzusu ilə nəzəri biliyi və təcrübəsi əsasında yeni dərs kitabları yaratmışdı” (s.31).

 

Atamın cib dəftərçəsindəki başqa sətirlər də Nərimanovla əlaqədar olmalıdır. Məsələn, atam mayın 8-də “şkolada” repitisiya tamaşasına getdiyini xəbər verir. Çox təəssüf ki, bu barədə çox qısa yazılmış, heç bir başqa məlumat verilməmiş, şkolada göstərilən repitisiya tamaşasının nədən ibarət olduğu və kimlərin bu tamaşada iştirak etdiyi şərh edilməmişdir. “Şkolada repitisiya tamaşasının” keçirilməsi o dövrdə heç də adi və əhəmiyyətsiz bir hadisə hesab edilməzdi və Nəriman Nərimanovun o zamankı ictimai həyatda oynadığı rol nəzərə alınsa, onun da bu hadisədə iştirak etdiyini demək olar.

 

1890-cı ildə Qori Müəllimlər Seminariyasını qurtarandan və bir il Gürcüstanın Tiflisə yaxın olan Qızılhacılı kənd məktəbində müəllimlik edəndən sonra iyirmi yaşına dolmuş gənc Nərimanov Bakıya köçmüş və müəllimliyini burada, böyük iqtisadi və mədəni mərkəzdə davam etdirməklə bərabər, geniş mədəni-maarif cəbhəsində bir sıra tarixi xasiyyət daşıyan tədbirlər görmüşdür. Bu tədbirlər sırasında bəlkə də ən əhəmiyyətlisi Azərbaycan mədəniyyəti və maarifi tarixində onun açdığı ilk qiraətxanə olmuşdu. Nərimanov bütün ömrü boyu maarif fədaisi olmuşdur. Onun təşəbbüsü ilə açılan qiraətxanə üçün istər Rusiyada, istərsə də onun xaricində çıxan mütərəqqi jurnal və qəzetlər gətirilirdi. Bununla kifayətlənməyərək, Nərimanov xaricdə nəşr edilən bir para mütərəqqi qəzetlərin Rusiyada nümayəndəsi kimi onlara abunəçi yazılmaq işinə rəhbərlik edirdi. Atamın arxivində qalan qəzet qəbzləri göstərir ki, bu işdə o da Nərimanova kömək edənlərdən imiş.

 

Bu xatirələrində mən böyük inqilabçı, ustad, klassik-yazıçı Nəriman Nərimanovun tərcümeyi-halını yazmaq, onun ədəbi, ictimai, inqilabi, fəaliyyətini tətbiq və təhlil etmək qəsdini izləmirəm. Mən ancaq öz canlı müşahidələrimə və sənədlərə əsaslanan xatirələrimi oxuculara təqdim etmək istəyirəm.

 

Xatirələrimi çox uzaqdan başladım. O zamandan başladım ki, mən hələ anadan olmamışdım. Ona görə uzaq illərdən başladım ki, atamın Nərimanov haqqında yazdığı qeydlər də bir xatirə, həm də sənədli xatirə xasiyyəti daşıyır. Çünki atam Nəriman Nərimanovu şəxsən tanıdığı və ona dərin, çox dərin hörmət bəslədiyi üçün mənə də onun haqqında danışır, onun çapdan çıxan bütün kitablarını evə gətirib mənə oxutdurur, qəlbimdə ona qarşı səmimi hörmət və məhəbbət hissi oyatmağa çalışırdı. Mən də onu lap uşaq vaxtımdan, təzəcə oxuyub-yazmağı öyrəndiyim günlərdən sevmiş və əsərlərini diqqətlə, dönə-dönə oxumuşdum.

 

Atam - Qurbanəli Şərifzadənin yazıları və sənədləri arasında 1899-cu il 19 iyunda yazılmış bir məktubun surəti qalmışdır ki, Nəriman Nərimanovun hələ o zaman nə dərəcədə məşhur olduğunu sübut edir. Məktubun məzmunundan göründüyü kimi, Nərimanov uzaq Naxçıvanda da böyük şöhrət sahibi olmuşdu ki, ona müraciət edərək, ondan kömək istəyir, onunla məsləhətləşir, ona öz yardımını da təklif edirdilər.

 

Bu məktub Nəriman Nərimanovun fəaliyyətində müəyyən bir nöqtəyə, azacıq da olsa, işıq salır. Bu da xaricdə farsca nəşr edilən mütərəqqi və azadigah qəzetlərin Rusiyada yayılmasıdır ki, o uzaq illər üçün heç də əhəmiyyətsiz hesab edilməməlidir. Böyük milli ədib və mütəfəkkirimiz Mirzə Fətəli Axundovun qabaqcıl ənənələrini davam etdirərək, beynəlmiləlçi Nəriman Nərimanov da, başqa mütərəqqi Azərbaycan ədib və ictimai xadimləri kimi, Azərbaycanı başqa Şərq ölkələrindən ayrı düşünmür, həmişə Şərq xalqlarını bir vəhdət kimi, Azərbaycan da buraya daxil olmaqla nəzərə alırdı. Buna Nəriman Nərimanovun ən əhəmiyyətli və ən məşhur bədii əsəri olan “Nadir şah” tarixi faciəsi də bir sübut hesab edilə bilər.

 

***

 

O vaxtdan uzun illər gəlib keçdi.

 

Özünü Nəriman Nərimanovun “bəradəri, mənəvisi”, “həməfkarı” adlandıran Qurbanəli Şərifzadə Oktyabr inqilabının ərəfəsində gözlərini dünyaya yumdu, bir az sonra Zaqafqaziya müvəqqəti olaraq, Rusiyadan ayrıldı, burada üç milli respublika yarandı.

 

Həyat dalğaları məni vətənim Naxçıvandan uzaqlaşdırıb, Tiflisə atdı. Burada mən bir müddət Gürcüstanın Borçalı qəzasında işləməli oldum. Qəzanın maarif və səhiyyə işlərini idarə etdiyim zaman hərdən Qızılhacılı kəndinə də gəlib buradakı məktəbi yoxlamalı olurdum. Bəxtimə Nəriman Nərimanovun müəllimlik elədiyi bu kənddə onu görən, tanıyan, məktəbində oxuyan, onunla mülaqatda olan yaşlı kəndlilər çox idi və qəlbən sevdikləri, dərin hörmət və məhəbbətlə xatırladıqları xalq müəllimi haqqında mənə nəql edərdilər. Onların dediyinə görə, gənc Nəriman Nərimanov bu kənddə olduqca mehriban və təvazökar idi, təkcə müəllimlik vəzifələrini ifa etməklə kifayətlənmir, kəndlilərin arasında geniş maarifləndirmə işləri görür. Yaşlı kəndlilərə savad öyrədir, onları yerli çar məmurlarının və kənd hampalarının təzyiq və istismarından müdafiə etməyə çalışır, öz məsləhətləri ilə onlara əlindən gələn köməyi əsirgəmirmiş.

 

Mən, bu böyük maarif və mədəniyyət xadimini kəndlilərə daha yaxından tanıtmaq üçün Nəriman Nərimanovun Qızılhacılı kəndindən gedəndən sonrakı fəaliyyətlərindən nəql edib, onun ictimai və inqilabi xidmətlərindən danışır, bədii əsərlərindən parçalar oxuyur, kəndlilərin arasında onun nüfuz və şöhrətini daha da dərinləşdirməyə çalışırdım.

 

Azərbaycanda Sovet hökuməti qurulandan sonra doktor Nərimanov Bakıya köçmüş və müvəqqəti inqilabi komitənin sədri kimi fəaliyyətə başlamışdı. Təbiidir ki, mən qayibanə tanıdığım, hörmət bəslədiyim, sevdiyim yazıçı və inqilabçı Nəriman Nərimanovu görmək, onunla tanış olmaq üçün can atırdım.

 

Mənim bu arzum da gözümdə qalmadı.

 

Gürcüstanda da Sovet hakimiyyəti qurulandan bir il sonra 1922-ci ilin fevral ayında Zaqafqaziyada kommunist partiya təşkilatının birinci qurultayı Azərbaycan, Ermənistan və Gürcüstan respublikalarından ibarət Zaqafqaziya federasiyasının təşkili barədə qərar qəbul elədi və Zaqafqaziya partiya ölkə komitəsinin rəhbərliyinə Serqo Orconikidze ilə Nəriman Nərimanovu seçdi.

 

Bir ay sonra bu üç respublikanın mərkəzi icraiyyə komitələri birgə konfransında Zaqafqaziya Federasiyasının təşkili qərara alındı və onun prezidiumuna üç respublikadan Nərimanov, Mdivani və Bekzadyanı seçdi.

 

Beləliklə, Azərbaycan inqilabi hökumətinə rəhbərlik edən Nəriman Nərimanov Zaqafqaziyanın ali hökumət orqanında rəhbər vəzifə daşımalı və tez-tez federasiyanın paytaxtı Tiflisə gəlib bəzən aylarla burada yaşamalı olmuşdu.

 

Mənim də Nəriman Nərimanovla ilk görüşüm və tanışlığım həmin 1922-ci ildə baş tutdu. Həmin il dekabrın üçündə Tiflisdəki Azərbaycan teatrının binasında yeni türk əlifbası barədə Nəriman Nərimanovun məruzəsi olmuşdu, mən də o zaman Zaqafqaziyanın mərkəzi mətbuat orqanları olan rusca “Zarya Vostoka” və azərbaycanca “Yeni fikir” adlı qəzetlərin əməkdaşı kimi həmin iclasda iştirak edib, Nəriman Nərimanovla tanış olmuş və onun məruzəsi haqqında “Zarya Vostoka” qəzetində məlumat vermişdim.

 

Tiflis qəzetində çap edilmiş bu məlumata keçmədən əvvəl, mən şəxsən Nəriman Nərimanovu gördüyüm zaman aldığım ilk təəssüratımı xatırlatmaq istərdim. Mənim nəzərimdə Nəriman Nərimanov böyük, çox böyük bir sima idi, buna görə də mən onu əzəmətli, ucaboylu, enlikürəkli bir qəhrəman kimi təsəvvür edirdim. Lakin mənim qarşımda duran əfsanəvi qəhrəman ortaboylu bir qədər şişman olduqca sakit yavaş- yavaş hərəkət edən, asta-asta danışan sadəcə bir adam idi. Hələ o zaman mən doktor Nərimanovun Tiflisdə yaşayan qardaşı oğlu müəllim Əlimirzə Nərimanovla yaxından tanış və dost idim. Qardaşı oğlu öz əmisinə necə də oxşayarmış! Həm xarici siması, həm də hərəkətləri, səsi danışığı ilə onu necədə təkrar edərmiş!

 

Nəriman Nərimanovun məruzəsi çox maraqlı keçdi. Sanki öz yaxın dostlarının məruzəsində sadəcə söhbət edirmiş kimi, o, tribunadan danışan bir natiq kimi deyil, dostları ilə söhbət edən müsahib kimi çox sakit danışırdı. Hamı da onu dərin diqqətlə dinləyir, bir sözünü belə buraxmadan onun fikrini anlamağa çalışırdı. Natiqin hər cümləsi son dərəcə aydın, anlaşıqlı, inandırıcı idi, o qədər nüfuzedici idi ki, elə bil natiqin daxilindən süzülən əfsanəvi bir nur onu işıqlandırır, hər kəs onun çox mehriban, adil, aqil bir danəndə olduğunu hiss edir, duyurdu.

 

Bu məruzə haqqında yazdığım məqaləni mən bu sətirlərlə başlamışdım:

 

“Bazar günü dekabrın 3-də yeni türk əlifbası Tiflis Komitəsinin təşəbbüsü ilə türk dram teatrının binasında yoldaş N.Nərimanovun məruzəsi olmuş və əksəriyyətlə türk ziyalıları və müəllimlərdən ibarət çoxlu dinləyiciləri cəlb etmişdir. Yeni əlifbanı tərtib edən komitənin bütün üzvləri də məruzəni dinləmişdir”.

 

Bu ilk sətirlərdən sonra məqalədə oxuyuruq:

 

“İki saat davam edən məruzəsində yoldaş Nərimanov ilk növbədə bunu xəbər verdi ki, Azərbaycan əməkçi ziyalılarının bir hissəsi türk əlifbasının dəyişdirilməsi məsələsinin təcili olaraq həllini tələb edən gündəlik məsələlər sırasına qoymağı lazım bilir. Bunun səbəblərini izah edərək, məruzəsi ərəblərə mənsub olan və bir para təshihlərlə türk və fars xalqları tərəfindən qəbul edilən köhnə əlifbanın bütün nöqsanlarını göstərdi. Türk və fars xalqlarının təshihləri onsuz da çətin olan ərəb əlifbasını daha da mürəkkəbləşdirmiş və çətinləşdirmişdir”.

 

Nəzərə almaq lazımdır ki, o zaman olduqca mürəkkəb daxili və xarici şəraitdə yaşayıb-yaradan, uçurub tikən Sovet hökuməti əlifba məsələsinə ehtiyatla yanaşır, köhnə ərəb əlifbasını yeni latın əlifbası ilə əvəz etməyə tələsmirdi, lakin bu işi də uzatmaq da istəmirdi, çünki uzun əsrlər boyu hökm sürən cəhalət və nadanlığı aradan qaldırmaq vaxtı artıq çatmışdı. Sosialist inqilabını qazanmış xalq artıq bu nöqsana son qoymalı idi. Buna görə də N.Nərimanov davam edərək deyirdi:

 

“Biz gözləyə bilmərik. Bir ətrafa baxın. Bütün millətlər irəli gəliblər, siz isə hələ də satdığınız qarpızın qazancını hesablamaqdasınız. Bir dəqiqə də dayanmaq olmaz. Yaratmaq, ixtira etmək lazımdır. Yaratmaq üçün də savad lazımdır. Savad üçün də asan, əlverişli əlifba lazımdır. Uşaqlara ərəb əlifbasını öyrədən zaman o yazıqların necə də ağır əzab çəkdiyini müəllimlərdən soruşun. Bunu yalnız onlar anlaya bilərlər. Əlifbamızda aparılan bu islahatın bütün əhəmiyyətini, bütün zərurətini də hamıdan yaxşı onlar dərk edə bilərlər”.

 

Bu sözlərdən sonra Nəriman Nərimanov türk dili üçün tərtib edilmiş latın əlifbasının qüsurlarından dəm vuranların etirazları üzərində dayanıb, bütün bu etirazların boş və əsassız olduğunu bir sıra inandırıcı misallarla sübut etdi, bunu da əlavə elədi ki, tərtib edilmiş əlifba hələ qəti xasiyyət daşımır, bu əlifba yenə də müzakirə və islah ediləcək və nəticədə türk dilli xalqların konfransı tərəfindən müzakirə və təsdiq ediləcəkdir. İndiki halda Bakıda bu konfransa ciddi hazırlıq işləri aparılır, onun üçün material toplanır”.

 

Məlum olduğu kimi, Nəriman Nərimanov vəfat edəndən bir neçə ay sonra, 1926-cı ilin əvvəllərində Bakıda geniş türkoloji qurultaya çağırılmışdı. Bu qurultaya Sovet İttifaqında yaşayan bütün türk-tatar xalqlarının nümayəndələri, SSR İttifaqın alim türkoloqları və habelə xaricdən dəvət edilmiş mütəxəssislər gəlmişdi.

 

Mən də yeni türk əlifbasının Gürcüstan və Ermənistan komitəsində sədr əvəzi kimi həmin türkoloji qurultayda iştirak etmiş və o zaman əlifba məsələsinə aid bir çox material almışdım ki, bunlar Bakı arxivindəki mənim fondumda saxlanır.

 

Bu qurultay xalqımızın mədəniyyət tarixində böyük hadisə idi və onun canlı iştirakçısı kimi mən bu barədə müfəssəl xatirə yaza bilərdim, lakin burada yalnız bunu qeyd etmək istəyirəm ki, uzun-uzadı və qızğın mübahisə və münaqişələrdən sonra qurultay iştirakçılarının əksəriyyəti yeni latın əlifbasının qəbul edilməsinə səs verdi və yeni əlifbanı rədd edən əqəliyyət bu ümumi qərara tabe oldu.

 

1922-ci ilin dekabrındakı məruzəsində Nəriman Nərimanov yeni əlifbanın həyata keçirilməsi qaydasından da məlumat verib demişdi:

 

“Yeni türk əlifbası tədriclə həyata keçiriləcək və bir müddət ərəb əlifbası da saxlanacaqdır. Millətin özü ərəb əlifbasının ləğv edilməsi və yeni asan əlverişli latın əlifbasının qəbul edilməsi zərurətini dərk edib qəti qərara gəlincəyə qədər bütün yazı-pozu iki əlifbada da icra ediləcəkdir”.

 

Belə də oldu.

 

Yeni türk əlifbası Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin xüsusi qərarı ilə təsdiq edilənə qədər SSR İttifaqının türk-tatar xalqları yaşayan respublika və ölkələrində ciddi təbliğat işləri aparılırdı. Bakıda latın əlifbası ilə “Yeni yol”, Tiflisdə isə “İşıq yol” qəzetləri çap edilirdi. Tez-tez rayonlarda geniş iclaslar çağırılır, məruzələr edilir, rayon mərkəzlərində xüsusi savad kurslarıaçılır, latın əlifbası əsasında tərtib edilmiş yeni türk əlifbası ətrafında geniş və qızğın təbliğat işləri aparılırdı.

 

Mən də Tiflisdə yeni türk əlifbasının Gürcüstan və Ermənistan Komitəsi sədrinin (sədr Zaqafqaziya partiya ölkə komitəsinin məsul əməkdaşlarının Mirzə Davud Rəsulzadə idi) və “İşıq yol” qəzeti redaktorunun (redaktor da eyni zamanda Mirzə Davud Rəsulzadə idi) əvəzi kimi, bütün bu təbliğat işlərində fəal iştirak edirdim.

 

Bu barədə mənim arxivimdə xeyli rəsmi sənəd və tarixi material qalmışdır ki, indi Bakı dövlət arxivindəki mənim fondumda və qismən mənim evimdə saxlanır.

 

Bu işləri görərkən mən bir-iki dəfə şəxsən Nəriman Nərimanov tərəfindən qəbul edilib ondan məsləhət və göstəriş almışdım. Bu görüşlərdə aldığım təəssürat mənim xatirimdə həkk edilmişdir. İndi də bu sətirləri yazarkən, Azərbaycan xalqının dəyərli və böyük oğlu, ən yüksək mənada nəcib insan, dostlara və məsləkdaşlara qarşı mehriban və qayğıkeş, rəqiblərə və biganələrə qarşı amansız və barışmaz olan inqilabçı, demokrat Nəriman Nərimanovun - doktor Nərimanovun nurlu siması gözlərimin qabağında canlanır.

 

***

 

O vaxtdan yenə uzun illər keçdi.

 

1966-cı ilin aprel ayında Moskvada Leninin sabiq silahdaşı, görkəmli partiya və dövlət xadimi böyük yazıçı və mütəfəkkir Nəriman Nərimanovun 95-ci ildönümü qeyd edilirdi.

 

Bu barədə gündəliyimdə aşağıdakı sətirlər qalmışdır:

 

“Nəriman Nərimanovun anadan olduğu gün aprelin 14-də köhnə bolşeviklər cəmiyyəti Moskvadakı inqilab muzeyinin elmi şurasında Nəriman Nərimanovun xatirə axşamını təşkil eləmişdi. İyirmi üçüncü partiya qurultayına gəlmiş Mirzə İbrahimov Nərimanovun haqqında məruzə elədi.Sonra köhnə bolşeviklər öz xatirələrini söylədilər. Mən də söz alıb Nəriman Nərimanovla görüşlərim barədə də onun Tiflisdə elədiyi bir məruzəsi haqqında yazdığım məqalə barədə nəql elədim. Xatirə axşamı maraqlı keçdi.

 

Gündüz isə saat birdə köhnə bolşeviklərdən və Azərbaycan ictimai xadimlərindən ibarət böyük bir dəstə Nəriman Nərimanovun qızıl meydançadakı qəbrini ziyarət elədi.

 

Qəbirin üzərinə Azərbaycan nazirlər sovetinin SSR İttifaqı nazirlər soveti yanındakı daimi nümayəndəliyi (Azpostpredstvo) adından əklil qoyuldu”.

 

Sonradan bu xatirə axşamı haqqında Bakı jurnallarında ətraflı məlumat verilmişdi. Mirzə İbrahimovun məruzəsi, öz xatirələri ilə çıxış edən köhnə bolşeviklərdən Məmmədhüseyn Məmmədov, S.Majonts, B.Koçaryanın xatirələri dərc edilmişdi.

 

Öz qısa, lakin olduqca məzmunlu məruzəsində Nəriman Nərimanovun tədqiqatçısı Mirzə İbrahimov onun həyat və yaradıcılığından, ictimai xidmətləri və inqilabi fəaliyyətindən danışaraq, onu bir şəxsiyyət kimi də çox yüksək qiymətləndirmişdi:

 

Məruzəsinin əvvəlində o demişdi:

 

“Xalqımız onun adını, xatirəsini olduqca yüksək qiymətləndirir, çünki o bütün ömrünü, bütün qaynar fəaliyyətini əməkçilərin azadlığı uğrunda mübarizəyə, Lenin partiyasının böyük işinə həsr etmişdi. Yalnız öz xalqının ümid və ehtiyaclarını ifadə etməklə kifayətlənməyən şəxsiyyətlər olur, onların fəaliyyəti, ideal və mübarizələri milli çərçivə dairəsindən çıxıb bütün bəşəriyyətin ümid və ehtiyaclarını ifadə edir. Nəriman Nərimanov da bu kimi şəxsiyyətlərdən idi. O zəhmətkeş insanın səadəti uğrunda, Zaqafqaziya xalqlarının, bütün şərq xalqlarının azadlığı uğrunda mübarizə aparırdı...

 

...Parlaq gələcəyə, xalqların xoşbəxtliyinə, yer üzündə sülhün qələbəsinə, bütün zəhmətkeşlərin dostluğu və qardaşlığına sarsılmaz inam Nəriman Nərimanova ilham verirdi...

 

...Nərimanovun sözü hər hansı bir məclisin idrakına yol tapırdı. O, hər kəsi faktlarla, məntiqlə inandırırdı.

 

Bir rəhbər, təbib, yazıçı kimi Nərimanovun nüfuzu olduqca böyük idi, onu ürəkdən sevirdilər. Hər hansı rayona gəlirdisə, bu gəliş bir bayrama, böyük hadisəyə dönürdü və hər dəfə inqilabi qüvvələrə düşmən kəsilmiş gentlər üzərində qələbəyə, inqilabi məntiqin fanatizm və irtica üzərində qələbəsinə çevrilirdi”...

 

Öz dolğun və son dərəcə məzmunlu məruzəsini Mirzə İbrahimov bu sözlərlə tamamladı: “Nəriman Nərimanovun xatirəsi Azərbaycan xalqı, Sovet İttifaqının bütün xalqları üçün çox əzizdir. Onun adı partiyamızın böyük işinə, marksizm-leninizm qayələrinə sarsılmaz sədaqətin rəmzinə çevrilmişdir. Onun siması bütün bizim qələbəmizin əsasını təşkil edən xalqlar dostuğu və qardaşlığını var qüvvəmizlə yorulmadan möhkəmlətməyə çağırır”.

 

Vaxtilə qəhrəman Bakı kommunasının inqilabi fəaliyyətində iştirak etmiş, S.Majonts Nərimanovu xatırlayaraq demişdi:

 

“Nəriman Nərimanov dinləyicilərə fövqəladə bir qüvvə ilə təsir etməyi başarırdı. O danışmağa başlayanda elə bir sükut bərpa olurdu ki, elə bil camaat Azərbaycan xalq muğamlarının melodiyasını dinləyir...”.

 

Həmin iclasda mən də öz müxtəsər xatirələrimi söylədim.

 

1966-cı ildə böyük inqilabçı mütəfəkkir, ədib və yüksək mədəniyyət xadimi Nəriman Nərimanovun silahdaş və yoldaşları, tələbə və pərəstişkarları onun 95 illiyini qeyd edərək, bu hərarətli və səmimi sözlərlə xatırladılar.

 

***

 

Aradan yenə uzun illər keçdi.

 

1982-ci ilin sonlarında Sovet Sosialist Respublikaları İttifaqının 60 illiyi bayram edilirdi.

 

Həmin ilin noyabr ayında görkəmli dövlət və partiya xadimi, Azərbaycan sovet sosialist respublikası ilk xalq komissarları şurasının birinci sədri SSR İttifaqı Mərkəzi İcraiyyə Komitəsinin ilk sədrlərindən biri Nəriman Nərimanova həsr edilmiş memorial lövhənin Moskvada açılışı olumuşdu. Lövhə Voroveki küçəsində Nərimanovun 1925-ci ildə yaşadığı 11 nömrəli evin divarına vurulmuşdu.Burada mitinq olmuş, mitinqdə Azərbaycan Xalq Komissarları Şurasının sədri H.Seyidov və paytaxtın ictimai nümayəndələri nitq söyləmişdilər. Mitinqdə Azərbaycan Ali soveti prezidiumunun sədri Q.Xəlilov, Moskva şəhər Şurası İcraiyyə Komitəsinin məsul işçiləri və partiya veteranları iştirak etmişdilər.

 

SSR İttifaqının 60-cı il bayramı ilə əlaqədar olaraq, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsi də dekabrın 10-11-də “SSR İttifaqının 60 illiyi və ədəbiyyat” mövzusuna həsr edilmiş geniş konfrans çağrılmışdı. Konfransda müzakirə ediləcək məsələlər ətrafında elmi mühazirə və məruzələr hazırlanmışdı.

 

Mən də məruzəmi SSR İttifaqı Mərkəzi İcraiyyə Komitəsinin ilk sədrlərindən biri olan böyük Azərbaycan yazıçısı Nəriman Nərimanova həsr etmişdim. Konfransın xüsusi filoloji xasiyyət daşıdığını və əsasən ədəbiyyata həsr edildiyini nəzərə alaraq, mən öz məruzəmdə Nəriman Nərimanovun ədəbi-bədii yaradıcılığını, onun milli ədəbiyyatda qurduğu yeri işıqlandırmalıydım. Lakin klassik yazıçının həm də böyük ictimai-siyasi xadim və leninçi-kommunist olduğunu da nəzərdən qaçıra bilməzdim. Buna görə məruzəmi bu sözlərlə başlamışdım:

 

“Sovetlər İttifaqının yaranması kimi böyük hadisənin nəinki müasiri və şahidi, müəyyən dərəcədə bu hadisənin iştirakçısı da olduğu və Sovet İttifaqının təşkil edilməsi haqqındakı müqavilənaməni imzalamış dörd siyasi rəhbərdən biri ilə şəxsəngörüşüb danışdığım, onu yaxından tanıyıb müşahidə elədiyim mənim üçün unudulmaz xoş hadisələrdir. Buna görə də mən, SSR İttifaqının yaranmasını böyük tarixi bir hadisə hesab etməklə bərabər, onu öz şəxsi tərcümeyi-halıma aid bir fakt kimi də xatırlayıram. Buna görə də bu barədə həyəcansız danışa bilmirəm. Bu şərəfli bayramımız münasibətilə çağırılmış konfransdakı sözümü mən altmış il bundan əvvəl 1922-ci il dekabrın 30-da birinci Ümumittifaq Sovetlər Qurultayında seçilmiş SSR İttifaqı Mərkəzi İcraiyyə Komitəsininin ilk dörd sədrindən biri olmuş, həmin siyasi rəhbərə həsr etmək istəyirəm. Mən Azərbaycan xalqının şərəfli oğlu, alovlu inqilabçi, yazıçı, dramaturq, mütəfəkkir, ictimai və siyasi xadim Nəriman Nərimanovu nəzərdə tuturam ki, onun həyat və yaradıcılığı və bütün fəaliyyəti Azərbaycanın, onun xalqının, onun ədəbiyyat və mədəniyyətinin tarixində dərin və silinməz iz qoymuşdur.

 

Konfransımızın, həmin hadisə ilə əlaqədar olaraq, ədəbiyyat problemlərinə həsr edildiyi üçün, mən Azərbaycan klassik realist ədəbiyyatında əhəmiyyətli yer tutan yazıçı Nəriman Nərimanovdan danışacağam...”

 

Bu giriş sözlərindən sonra mən, Nərimanovun tərcüməyi-halından, coşqun ictimai və inqilabi fəaliyyətindən müxtəsər məlumat verib, ədəbi-bədii yaradıcılığı, ayrı-ayrı bədii əsərləri üzərində dayanıb, ədəbiyyatımıza gətirdiyi yeni üslub və ideyalardan danışdım.

 

Nəriman Nərimanovun həyat və fəaliyyətinə həsr edilmiş məruzəmi bu sözlərlə tamamladım:

 

“Sovet dövlətinin tarixində, Azərbaycan ədəbiyyat və mədəniyyəti tarixində xüsusi və şərəfli yeri olan Nəriman Nərimanov belə şəxsiyyət idi. Sovet xalqı onun fəaliyyətinə yüksək qiymət vermiş və cənazəsi üçün müqəddəs Moskva torpağında, Qızıl Meydanda, sadiq və ləyaqətli silahdaşı olduğu böyük Leninin əzəmətli məqbərəsi yanında şərəfli yer ayırmışdır...”

 

9-14 noyabr 1983.

 

Moskva.

 

 

 

Əziz ŞƏRİF,

 

Filologiya elmləri doktoru, professor.

 

Respublika.- 2020.- 14 avqust.- S.3.