Azərbaycanlılara qarşı soyqırımı və deportasiya

 

(əvvəli 11 və 12 avqust tarixli saylarımızda)

 

 

 

Azərbaycan K(b)P MK katibi M.C.Bağırov və Ermənistan K(b)P MK katibi G.A.Harutyunyanın birgə imzaladıqları və İ.V.Stalinə ünvanladıqları 10 dekabr 1947-ci il tarixli məktubda qeyd edilirdi ki, “Mingəçevir sisteminin həyata keçirilməsi nəticəsində suvarılacaq yeni torpaq sahələrinin meydana gəlməsi və pambıqçılıq rayonlarının mövcud kolxozlarında işçi qüvvəsinin çatışmaması... Azərbaycan SSR-in bu rayonlarındakı əhalisinin artırılması məsələlərini ortaya çıxarır. Ermənistanda yaşayan azərbaycanlı əhalinin 130 min nəfər miqdarında həmin rayonlara köçürülməsi bu məsələnin real həlli ola bilərdi” (Nəcəfov B. Deportasiya. Bakı, 1998). Bu məktub əsasında SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli 4083 saylı və həmin köçürülmənin tədbirlər planı haqqında 10 mart 1948-ci il tarixli 754 saylı qərarlarını çıxarmışdır. 4083 saylı qərarda 3 il ərzində (1948-1950) Ermənistan SSR-dən 100 min azərbaycanlı əhalinin köçürülməsi nəzərdə tutulmuşdu. Bu isə Ermənistanda yaşayan azərbaycanlıların 60%-i demək idi. Genişmiqyaslı deportasiya Qəmərli, Ellər, Vedi, Qarabağlar, Zəngibasar, Üçkilsə, Axta, Kəvər, Aşağı Qaranlıq, Yelenovka, Keşişkənd, Soylan, Gorus, Qarakilsə, Əştərək, Aparan, Qurdqulu, Basarkeçər, Karvansaray, Barana, Alaverdi, Vorontsovka, Böyük Qarakilsə, Hamamlı, Ağababa rayonlarını və İrəvan şəhərini əhatə edirdi. Azərbaycanlılar öz doğma torpaqlarından - Ermənistan SSR-in yuxarıda qeyd olunmuş rayonlarından deportasiya edilərkən bu insanlara böyük maddi və mənəvi ziyan dəymişdir.

 

Deportasiya ərəfəsində azərbaycanlıların şəxsi və ictimai təsərrüfatlarında heyvandarlıq xüsusi əhəmiyyətə malik idi. Basarkeçər, Keşişkənd və Aparan rayonlarının heyvandarlıq məhsullarının 60%-dən çoxunu azərbaycanlı kolxozlarında olan qoyunçuluq verirdi. Qeyd edilən rayonlarda bitkiçilik ictimai təsərrüfatların əsas hissəsini təşkil edirdi. Bitkiçilikdə gəlirin çox hissəsi üzümçülük və meyvəçilikdən əldə olunurdu. Əsasən, çəyirdəkli meyvələr - ərik, şaftalı, gavalı, alça, gilas, gilənar, iydə, zoğal tumlu meyvələrdən - alma, armud, heyva yetişdirilirdi. Texniki bitkilərdən tütün - Axta, Ellər, Əştərək, Kəvər, Aşağı Qaranlıq, Keşişkənd, Soylan, Qarakilsə, Gorus, Basarkeçər, Barana, Karvansaray rayonlarında, pambıqçılıq - Qurdqulu, Üçkilsə, Zəngibasar, Qəmərli və Vedi rayonlarının bəzi təsərrüfatlarında, kartofçuluq bütün rayonlarda inkişaf etdirilirdi. Lakin Basarkeçər, Alaverdi, Calaloğlu rayonlarının təsərrüfatlarında əmtəə xarakteri daşıyırdı. Taxılçılıq dağlıq hissələrdə (1500-2000 m hündürlükdə) dəmyə şəraitdə inkişaf etdirilirdi.

 

Deportasiya olunanların Azərbaycan SSR-də yerləşdirilməsi üçün nəzərdə tutulmuş rayonların böyük qismi (Mil-Muğan, Salyan düzləri) ekstremal arid şəraitə malik olmaqla, spesifik coğrafi şəraiti və təsərrüfatın istiqamətlərinə görə deportasiya olunduqları rayonlardan kəskin şəkildə fərqlənirdi.

 

Deportasiya həyata keçirilən dövrdə, xüsusilə, Mil-MuğanSalyan düzlərində sanitar-gigiyena şəraiti təhlükəli xarakter daşıyırdı. Mingəçevir su anbarının tikintisi başa çatmadığından Kür çayında axın tənzimlənmirdi. Çay öz yatağını tez-tez dəyişir, daşqınlar baş verirdi. Nəticədə, ərazilərdə çoxsaylı axmazlar və bataqlıqlaşmış yerlər meydana gəlirdi. Bataqlıqlar, qarasu və yağış gölməçələri qarın yatalağı, qanlı ishal, mədə-bağırsaq, qızdırma, malyariya, traxoma, qarayara, hətta taun kimi təhlükəli xəstəliklərin mənbəyi idi.

 

Kür-Araz ovalığında, xüsusilə, Mil-MuğanSalyan düzlərindəki rayonların təsərrüfatlarında bitkiçilik aparıcı sahə idi. Yerli təsərrüfatların pul gəlirlərinin 4/5-ü bitkiçilik hesabına idi. Qazı Məmməd rayonu istisna olmaqla, bütün rayonların təsərrüfatlarının ümumi məhsulunun 80%-ə qədərini pambıqçılıq verirdi. Dəmyə taxılçılıq məhdud olub, yalnız Jdanov (indiki Beyləqan) və Puşkin (indiki Biləsuvar) rayonlarında mövcud idi. Məhdud miqyasda tərəvəzçilik inkişaf etdirilirdi. Qeyd edilən ərazilərin çox isti iqlimi kartof bitkisinin becərilməsi üçün əlverişsiz idi. Ümumiyyətlə, ərazidə tütün və çəltik becərilmirdi.

 

Bağçılıq və üzümçülük zəif inkişaf etmişdi. 1935-ci ilin məlumatlarına görə Sabirabad və Saatlı rayonlarında cəmi 2 ha meyvə bağı var idi. Həmin dövrdə Muğan-Salyan düzlərindəki təsərrüfatlarda 282 ha meyvə bağları və 32 ha üzümlüklər olmuşdur.

 

Bütün bunlarla yanaşı, Kür-Araz ovalığına daxil olan rayonlarda deportasiya olunanların yerləşdiriləcəyi ərazilərdə infrastruktur obyektləri yaradılmamışdı, xüsusilə, şoran torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinə yenicə başlanmışdı.

 

Kür-Araz ovalığı rayonlarında deportasiya olunanları yerləşdirmək üçün qabaqcadan heç bir sosial infrastruktur - yaşayış evləri, içməli su təminatı, tibbi xidmət, ictimai-iaşə, digər məişət xidməti müəssisələri, hamamlar, məktəblər və s. təşkil edilməmişdi. Əhalini qəbul edəcək yerli kolxozsovxozlar hələ təşəkkül dövrü yaşadığından onların əsas istehsal fondları, maddi-texniki bazaları çox zəif idi. Bütün bu problemlərə baxmayaraq, deportasiyaya dair qərar qəti xarakter daşıyırdı və nəzərdə tutulan müddətdə icrası məcburi idi. Qərara uyğun olaraq 1948-ci ildə İrəvan şəhərinin StalinSpandaryan, habelə Basarkeçər, Vedi, Qəmərli, Zəngibasar, Ellər, Qurdqulu, Üçkilsə, Baranas. rayonlardan Azərbaycan SSR-ə 2348 təsərrüfat, yaxud 11046 nəfər deportasiya edilmişdir. Bunlar Bakının Əzizbəyov və Voroşilov rayonlarında, habelə Gədəbəy, Dəstəfur, Xanlar, Şamxor, Martuni, Səfərəliyev, Qasım İsmayılov, Göyçay, Bərdə, Ağstafa, Ucar, Ağcabədi, Salyan, Quba rayonlarında yerləşdirilmişlər.

 

1949-cu ilin deportasiya tədbirləri Ermənistan SSR-in 22 - Əli Bayramlı, Zəngibasar, Barana, Mikoyan (Keşişkənd), Karvansaray, Böyük Qarakilsə, Ellər, Solyan, Axta, Aparan, Qəmərli, Gorus, Əştərək, Üçkilsə, Basarkeçər rayonlarını əhatə etmişdir.

 

Araşdırmalar göstərir ki, 1949-cu ildən etibarən deportasiya olunanların Azərbaycan SSR-in qərb dağlıq və dağətəyi rayonlarında yerləşdirilməsinin qarşısı alınmışdır. Özbaşına köçənlərdən başqa (köçkünlər), 1950-ci ildə Bərdə və Mirbəşir rayonları istisna olmaqla, Kür-Araz ovalığına aid olan Qarabağ və Gəncə-Qazax düzənliyində bir nəfər də olsun rəsmi yerləşdirmə qeydə alınmayıbdır. Bu vəziyyət o vaxtkı Azərbaycan rəhbərliyinin “deportasiya ideoloqları” qarşısında tam təslimçiliyi ilə bağlı idi. Məhz bunun nəticəsi idi ki, 1948-ci ildə Azərbaycanın qərb rayonlarında yerləşmiş deportasiya olunmuş əhalinin xeyli hissəsi 1949-cu ildə həmin rayonlardan çıxarılmışdır. Məsələn, 1948-ci ildə DQMV-nin Martuni rayonuna rəsmi köçürülmüş 132 azərbaycanlı ailəsi (549 nəfər) rayonun erməni rəhbərləri tərəfindən müxtəlif təzyiqlərə məruz qoyulmuş, nəhayət, 1949-cu ildə onlardaxili köçürülmə” adı altında Xanlar rayonuna köçürülmüşdür. Burada isə Xanlar RİK-in sədri, milliyyətcə erməni Atanesov müharibənin əvvəllərində almanların Orta Asiyaya köçürülməsi hesabına boşalmış mənzillərdə erməniləri məskunlaşdırır, rəsmi köçürülən azərbaycanlılara isə zirzəmiləri və yararsız daxmaları təklif edirdi. Yaxud 1948-ci ildə Şamxor rayonunun Leninkənd kəndində yerləşdirilmiş 150 azərbaycanlı ailəsi haqqında Şamxor RİK sədr müavini Xocayanın təkidi ilə rayon ərazisindən sürgün edilmələri barədə qərar qəbul edilmişdir (guya onlar həmin kənddə kriminal gərginlik yaratmışdılar).

 

Hadisələrin təhlili göstərir ki, azərbaycanlıların 1948-1956-cı illərdə Ermənistan SSR-dən deportasiya edilməsi və Azərbaycan SSR-də yerləşdirilməsi prosesləri əvvəldən axıradək ermənilərin nəzarətində olmuşdur. Bu prosesdə ermənilərin aşağıdakı məkrli məqsədləri özünü büruzə vermişdir:

 

1. Ermənilərin Azərbaycana qarşı gələcək ekspansiyasına şərait yaratmaq məqsədilə Azərbaycanın Ermənistanla sərhəd məskunlaşmasının möhkəmlənməsinə yol verməmək, DQMV-nin gələcəkdə Ermənistana birləşdirilməsinə zəmin yaratmaq.

 

2. Azərbaycanda, DQMV-də, digər rayon və şəhərlərdə yaşayan ermənilərin perspektiv təhlükəsizliyini təmin etmək məqsədilə deportasiya edilənlərin həmin ərazilərdə yerləşməsinə yol verməmək.

 

3. Deportasiya edilənlərin maddi-mənəvi deqradasiyasını sürətləndirmək, cismani şəkildə məhv etmək məqsədilə onların, əsasən ekstremal ərazilərdə yerləşdirilməsinə nail olmaq.

 

1948-1956-cı illərdə Ermənistan SSR-dən deportasiya edilən azərbaycanlıların Qazax, Tovuz, Dəstəfur, Gədəbəy, Səfərəliyev, Xanlar, Şaumyankənd, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Ağsu, Şamaxı, Şəmkir rayonlarında, DQMV, Naxçıvan MR və Gəncə şəhərində yerləşdirilməsinin qarşısının alınması məhz qeyd edilən məqsədlərə xidmət edirdi. Deportasiya edilənlərin Kür-Araz ovalığında, xüsusilə Muğan-Salyan düzlərində məskunlaşdırılması cəhdləri də pambıqçılığı inkişaf etdirmək zərurətindən deyil, həmin ərazidə məhz ermənilərin yaşamaması və təhlükəli sanitar-ekoloji şəraitin ermənilərin məkrli məqsədlərinə uyğun gəlməsi ilə əlaqədar idi.

 

Bir faktı nəzərə almaq lazımdır ki, 4083 və 754 saylı qərarlarda deportasiya edilən azərbaycanlıların Azərbaycan SSR-də hər hansı konkret ərazidəki inzibati rayonlarda deyil, bilavasitə “təbii coğrafi vahidolan Kür-Araz ovalığına köçürülməsi nəzərdə tutulmuşdu. Kür-Araz ovalığı isə Gəncə-Qazax, Qarabağ, Mil, Şirvan, Muğan, SalyanArazboyu düzlərindən ibarətdir. Məsələnin qeyri-konkret qoyuluşu deportasiya olunanların yerləşdirilməsində Azərbaycan rəsmilərinə manevr imkanı verə bilərdi. Lakin o zamankı respublika rəhbərliyi dəfələrlə Ermənistan SSR və DQMV ilə həmsərhəd olan rayonların partiya komitə katiblərinə “tam məxfidir” qrifi altında direktiv məktublar göndərərək qəti tələblər irəli sürmüş və Ermənistandan deportasiya olunmuş azərbaycanlıların həmin rayonlarda məskunlaşmasının qarşısının alınmasında məkrli erməni siyasətinin reallaşmasına şərait yaratmışlar. Bunların nəticəsində, 1950-ci ilin əvvəllərindən başlayaraq, Ermənistan SSR-dən deportasiya edilənlər yalnız Muğan-Salyan düzlərinə köçürülmüşlər. Rəsmi köçürülmə məlumatlarına görə 1948-1956-cı illərdə Muğan-Salyan düzlərinə köçürülənlərin sayı 33 min nəfərdən artıq olmuşdur.

 

Bütövlükdə, 1948-1956-cı illərdə Ermənistan SSR-dən deportasiya edilən azərbaycanlıların sayına gəldikdə, bu haqda istər deportasiya dövrünü əks etdirən rəsmi mənbələrdə, istərsə də bu qəbildən olan tarixi-coğrafi məxəzlərdə göstərilən rəqəmlər obyektiv təsəvvür yaratmır. Məsələn, Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Köçürmə İdarəsinə məxsus arayışda 1948-1956-cı illərdə Ermənistan SSR-dən 58847 nəfərin (13230 ailə) köçürüldüyü qeyd edilir (Paşayev A. Köçürülmə. Bakı, 1995).

 

Nəzərə almaq lazımdır ki, məlum Baş Köçürmə İdarəsi uzun müddət mirzoyanların, brunteslərin və sevumyanların “inhisarında” olmuşdur. Yuxarıda qeyd edilən köçürmə idarəsinə məxsus rəsmi arayışın təhlili göstərir ki, 1948-1956-cı illərdə Ermənistandan deportasiya olunan azərbaycanlıların sayının azaldılması məqsədilə, rayonlar qrupu üzrə konkret əmsallar tətbiq edilmişdir.

 

Belə ki, 1948-1956-cı illərdə Əli Bayramlıya köçürülmüş əhalinin orta ailə sıxlığı 8,2 nəfər, Salyanda 7 nəfər, digər rayonlarda 3,8; 4; 4,2 nəfər olması ikiqat saxtalaşdırmadan xəbər verir. Deportasiya edilmiş əhalinin sayının saxtalaşdırılması halları Jdanov, İmişli, Puşkin, Kürdəmir, Ucar, Yevlax, Ağcabədi, Bərdə və s. rayonlarda müşahidə edilir. Ümumiyyətlə, araşdırmalarımız göstərir ki, 1948-ci ildə Muğan-Salyan düzlərinə xeyli əhali deportasiya edildiyi halda, rəsmi arayışda heç bir məlumata rast gəlinmir.

 

Özbaşına köçənlərin (əslində köçkünlərin) rəsmi köçürülmə hesabatlarında nəzərə alınmaması, həmçinin rəsmi köçürülənlərin xeyli hissəsinin hesabat sənədlərindən çıxarılması və köçürülənlərin sayının saxtalaşdırılması halları 1948-1956-cı illərdə Ermənistan SSR-dən deportasiya edilən azərbaycanlıların ümumi sayının müəyyənləşdirilməsində çətinliklər törədir. Buna görə də, deportasiya edilənlərin ümumi sayını müəyyənləşdirmək üçün deportasiyadan əvvəl Ermənistan SSR-in azərbaycanlı əhalisinin dinamikasını səciyyələndirən demoqrafik proseslər təhlil edilməlidir. Həm də bu zaman Ermənistan SSR-də 1922-ci ildə 9,8%, 1926-cı ildə 10,01% (VSE. III T. M., 1926.), 1939-cu ildə 10,2% (VSE. III T. M., 1950), 1959-cu ildə 6,1% (Sadıxov R.N. Stroitelğstvo v Azerbaydjanskoy SSR. Baku, 1960), azərbaycanlının yaşadığı və müharibə dövrünün potensial itkiləri də nəzərə alınmalıdır.

 

Apardığımız hesablamalar göstərir ki, 1948-1956-cı illərdə Ermənistan SSR-dən 130-150 min nəfər azərbaycanlı əhali deportasiya edilmişdir.

 

Göstərilən illərdə Ermənistan SSR-dən deportasiya edilmiş azərbaycanlıların Azərbaycan SSR-də rayonlar üzrə bölgüsü hansı prinsiplər əsasında həyata keçirilmişdir? Çoxsaylı mənbələr sübut edir ki, bu prosesdə əhalinin uzun müddət ərzində formalaşmış kollektiv həmkəndli münasibətləri, qohumluq əlaqələri, adət-ənənələri, təsərrüfat vərdişləri, ailələrin bütövlüyü prinsipi nəzərə alınmayaraq, əslində inzibati bölgü prinsipləri icra edilmişdir.

 

Bunun da nəticəsində bir kənddən deportasiya edilənlər, Azərbaycan SSR-də müxtəlif rayonlara, kəndlərə, kolxozsovxozlara köçürülmüşlər. Əhalinin özləri ilə gətirdikləri ictimai əmlak və mal-qara isə əksər hallarda buya digər kolxozda qalmışdı. Məsələn, 1949-cu ilin avqustunda deportasiya edilənlərdən 328 ailə (1227 nəfər) Ağcabədi rayonunun 12 kəndində, onlara məxsus ictimai əmlak isə 3 kolxozda yerləşdirilmişdir (Məmmədov İ., Əsədov S. Ermənistan azərbaycanlıları və onların acı taleyi. Bakı, 1992).

 

 

 

(davamı növbəti saylarımızda)

 

 

 

Şahbaz MURADOV,

AMEA-nın müxbir üzvü,

Əməkdar elm xadimi, i.e.d., professor.

Ələsgər SARIYEV,

AMEA İqtisadiyyat İnstitutunun

aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru.

 

Respublika.- 2020.- 14 avqust.- S.6.