Azərbaycanlılara qarşı
soyqırımı və deportasiya
Azərbaycan Respublikası dünyada ən qədim yaşayış məskənlərindən biri olmaqla yanaşı, həm də etno-demoqrafik inkişaf xüsusiyyətləri və tolerantlılıq ənənələri ilə şöhrət tapmışdır. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Biz Azərbaycan deyəndə, onun sərvətini, ... gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ... başlıca sərvəti qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər çox zəngin olar... Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanlar vahid ailə kimi yaşayırlar. Bu bizim ən böyük sərvətimizdir və xalqımızın gündəlik həyatıdır. ...Biz fəxr edirik ki, Azərbaycanda müxtəlif millətlərdən olan insanlar arasında qarşılıqlı anlaşma mövcuddur. Başqa dövlətlər də Azərbaycanın təcrübəsindən faydalana bilərlər”. Təsadüfi deyildir ki, 1926-cı ildə ilk dəfə SSRİ-də keçirilmiş Əhalinin Ümumi siyahıyaalınması məlumatlarına əsasən, Azərbaycan Respublikasında yaşayan müxtəlif millətlərin, xalqların və etnosların sayı 95-i ötüb keçdiyi halda, Gürcüstanda onların sayı 76, Ermənistanda isə cəmi 46 olmuşdur. Bu vəziyyət Gürcüstan və Ermənistana nisbətən uzun illərdən bəri Azərbaycanda formalaşıb inkişaf etmiş beynəlmiləlçilik və tolerantlıq ənənələri nəticəsində milliyyətindən və dini əqidəsindən asılı olmayaraq başqa ölkələrdən və ərazilərdən gələnlər üçün əlverişli həyat şəraitinin yaradılması ilə bağlı olmuşdur. Lakin bütün bunlara baxmayaraq, vaxtilə sığınacaq verdiyimiz, çörəyimizi yeyib, suyumuzu içən erməni qəsbkarları torpaqlarımızın zəbt edilməsi hesabına “böyük Ermənistan” yaratmaq kimi sərsəm xülyaya düşərək və “Yersiz gəldi, yerli qaç” prinsipini əsas götürərək öz havadarlarının köməkliyi ilə son iki əsr ərzində ardıcıl surətdə həyata keçirdikləri deportasiya-köçürmə əməliyyatları və soyqırımı nəticəsində azərbaycanlıların əzəli torpaqları olan indiki Ermənistan ərazisindən 1,5 milyon nəfərdən çox soydaşlarımızın zorla qovulub çıxarılmalarına və qətlə yetirilmələrinə nail olmuş, XX əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəllərində isə Azərbaycan Respublikasının ərazisində 1,0 milyon nəfərdən çox azərbaycanlıları öz doğma torpaqlarında məcburi köçkün və qaçqın həyatı yaşamağa məruz qoymuşlar. Bunun nəticəsidir ki, XIX əsrin əvvəllərində əhalisinin 85 faizi, XX əsrin əvvəllərində isə 39-40 faizindən çoxunun azərbaycanlılardan ibarət olduğu indiki Ermənistan Respublikasında bir nəfər də olsun azərbaycanlı yaşamır. Tarixi faktlar sübut edir ki, indiki Ermənistan ərazisində yaşayan ermənilərin çoxu yerli əhali deyil, sonradan buraya gələnlər olmuşlar. N.İ.Şavrovun 1911-ci ildə S.Peterburq şəhərində nəşr olunmuş “Novaə uqroza russkomu delu Zakavkazğe” (“Zaqafqaziyada rus işinə yeni təhlükə”) adlı kitabında göstərilir ki, “1826-1828-ci illərin müharibəsindən sonra 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 min İran ermənisi, 84600 Türkiyə ermənisi köçürülmüş və onlar erməni millətinin cüzi olduğu Yelizavetpolun və İrəvan quberniyasının ən münbit və məhsuldar torpaqlarında yerləşdirilmişlər. İndiki Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfərin 1 milyonu diyarın yerli əhalisi deyil, gəlmələrdir” (Bax: N.İ.Şavrov. Novaə uqroza russkomu delu Zakavkazğe. S.Peterburq. 1911, s. 59-61).
Z.Kopkodyanın yazdığına görə isə indiki Ermənistan ərazisində əvvəllər mövcud olmuş İrəvan quberniyasının Zəngəzur və Qazax-Dilican qəzalarında, Tiflis quberniyasının Lori-Pəmbək (Borçalı mahalı) qəzasında 2310 yaşayış məntəqəsindən 2000-i azərbaycanlılara mənsub olmuşdur. (Bax: Z.Korkodyan. Sovet Ermənistanın əhalisi 1831-1931. İrəvan, 1932. s. 162, erməni dilində).
1897-ci ildə Rusiya İmperiyasında keçirilmiş Əhalinin Birinci Ümumi siyahıyaalınması məlumatlarına əsasən İrəvan quberniyasında 829,5 min nəfər əhalinin 313,2 min nəfəri və ya 37,7 faizi, İrəvan qəzasında 150,9 min nəfər əhalinin 77,5 min nəfəri və ya 51,4 faizi, İrəvan şəhərində 29,0 min nəfər əhalinin 12,3 min nəfəri və ya 42,4 faizi, Naxçıvan qəzasında 100,8 min nəfər əhalinin 64,1 min nəfəri və ya 63,6 faizi, Naxçıvan şəhərində 8,8 min nəfər əhalinin 6,2 min nəfəri və ya 70,4 faizi, Şərur-Dərələyəz qəzasında 76,5 min nəfər əhalinin 51,6 min nəfəri və ya 64,4 faizi, Eçmiədzin qəzasında 124,2 min nəfər əhalinin 36,0 min nəfəri və ya 28,9 faizi və s. azərbaycanlılar olmuşlar. Göründüyü kimi, qeyd edilən dövrdə İrəvan quberniyasında əhalinin 53,2 faizi, o cümlədən İrəvan qəzasında 38,5 faizi, İrəvan şəhərində 43,1 faizi, Naxçıvan qəzasında 34,4 faizi, Aleksandrapol qəzasında 85,7 faizi, Novobayazid qəzasında 63,7 faizi, Eçmiədzin qəzasında isə 62,5 faizi ermənilər olmuşlar. Bu ərazilərdə ermənilərin nisbətən belə yüksək xüsusi çəkiyə malik olmasının əsl səbəbi isə vaxtilə İranla Rusiya arasında bağlanmış Türkmənçay və Türkiyə ilə Rusiya arasında bağlanmış Andreanpol sülh müqavilələrindən sonra həmin ərazilərə İrandan və Türkiyədən çoxlu sayda ermənilərin köçürülməsi olmuşdur.
1877-1879-cu illərdəki Türkiyə-Rusiya müharibəsi vaxtı isə Türkiyədən Zaqafqaziyaya 85 min, 1894-cü ildə 90 min, 1897-ci ildə isə 10 min nəfər erməni köçürülmüşdür. Tarixi mənbələrə əsasən 1908-ci ilədək ruslar tərəfindən xarici ölkələrdən Zaqafqaziyaya köçürülmüş 1 milyon nəfərdən çox erməninin əksəriyyəti qədim Azərbaycan torpaqları olan Yelizavetpol quberniyasının Şuşa, Zəngəzur, Cavanşir, Cəbrayıl uezdlərində və İrəvan quberniyasında məskunlaşdırılmışlar. 1820-1920-ci illəri əhatə edən 100 il ərzində isə rus imperiyasının ərazisinə 600 min nəfər erməni köçürüldüyü halda, Rusiyadan 2 milyon nəfərədək müsəlman çıxıb getmişdir. (Bax: İ.Məmmədov, S.Əsədov. Ermənistan azərbaycanlıları və onların acı taleyi. Bakı. 1992, s. 23-24). 1918-1920-ci illərdəki soyqırımı dövründə Ermənistanın indiki ərazisində yaşamış 575 min nəfər azərbaycanlının 565 min nəfəri və ya 98,3 faizi qırılmış və qovulmuşlar.
Z.Korkodyanın yazdığına görə, 1920-ci ildə Ermənistanda daşnaklardan sonra 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdı. Ancaq 1922-ci ildə 60 min nəfər qaçqın geri qayıtdıqdan sonra azərbaycanlıların sayı burada 72596 nəfər təşkil etmişdir. (Bax: Z.Korkodən. “Naselenie sovetskoy Armenii. 1831-1931”. s. 184-185; İstoriçeskaə qeoqrafiə zapadnoqo Azerbaydjana). Ermənistanda yaşayan azərbaycanlıların sayı 1922-ci ildən sonra tədricən artaraq 1926-cı ildə 84,0 min nəfərə, 1939-cu ildə isə 139,9 min nəfərə çatmışdır. (Bax: Naselenie SSSR. M., 1977, s. 278.) Lakin 1948-1953-cü illərdə 100 min nəfərdən çox azərbaycanlı Ermənistandakı ata-baba torpaqlarından zorla köçürülmüş və köçürülməyə məcbur edilmişdir ki, bunun da nəticəsində həmin ərazidə yaşayan azərbaycanlıların sayı yenidən azalaraq 1959-cu ildə 107,7 min nəfərə düşmüş, sonrakı iyirmi il ərzində isə onların sayı bir qədər artaraq 1970-ci ildə 148,2 min, 1979-cu ildə isə 160,8 min nəfər təşkil etmişdir. Ancaq bu Ermənistanın ərazisində azərbaycanlıların sonuncu artımı oldu. Halbuki, nə qədər təəccüblü olsa da, azərbaycanlıların Ermənistandan qovulduğu bütün dövrlərdə Azərbaycanda yaşayan ermənilərin sayı azalmamış, əksinə daha da artmışdır. Belə ki, 1939-1959-cu illərdə Ermənistanda yaşayan azərbaycanlıların sayı 32,2 min nəfər və ya 23,0 faiz azalaraq 139,9 min nəfərdən 107,7 min nəfərə düşdüyü halda, Azərbaycanda yaşayan ermənilərin sayı 54,1 min nəfər və ya 13,9 faiz çoxalaraq 388,0 min nəfərdən 442,1 min nəfərə çatmışdır. (Bax: Naselenie Azerbaydjanskoy Respubliki. Stat. Sbornik. Baku, 1991. s. 39).
1926-1979-cu illər ərzində isə Ermənistanda yaşayan azərbaycanlıların sayı 76,8 min nəfər artaraq 84 min nəfərdən 160,8 min nəfərə, Azərbaycanda yaşayan ermənilərin sayı isə bundan 2,5 dəfə çox artaraq 282 min nəfərdən 475,2 min nəfərə çatmışdır. Başqa sözlə desək, müqayisə edilən bütün illər ərzində Azərbaycanda yaşayan ermənilərin sayı Ermənistanda yaşayan azərbaycanlıların sayından 2,9-4,1 dəfə çox olmuşdur. 1959-1979-cu illər ərzində Ermənistanın paytaxtı İrəvan şəhərində isə azərbaycanlıların sayı 2,1 dəfə azalaraq 4968 nəfərdən 2352 nəfərə düşdüyü halda, Azərbaycanın paytaxtı Bakı şəhərində yaşayan ermənilərin sayı 2,8 dəfə artaraq 76,6 min nəfərdən 215,8 min nəfərə çatmışdır.
1897-ci ildə İrəvan şəhərinin əhalisinin 42,4 faizi azərbaycanlı olduğu halda, bu göstərici ilbəil azalaraq 1926-cı ildə 7,7, 1959-cu ildə 0,7, 1970-ci ildə 0,4, 1979-cu ildə isə cəmi 0,2% təşkil etmişdir. Halbuki, Bakı şəhərində yaşayan ermənilərin xüsusi çəkisi 1926-cı ildə 16,9, 1959-cu ildə 17,2, 1970-ci ildə 16,4, 1979-cu ildə isə 14,1 faiz təşkil etmişdir. 1999-cu ildə Azərbaycan Respublikasında keçirilmiş Əhalinin siyahıyaalınması məlumatlarına əsasən, Azərbaycanın ərazisində yaşayan ermənilərin sayı 120,7 min nəfər təşkil etdiyi halda, Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamamışdır. (Bax: Şahbaz Muradov. İnsan potensialı: əsas meyillər, reallıqlar, problemlər. Bakı, “Elm” 2004, səh. 61-62; Azərbaycan Respublikası əhalisinin siyahıya alınması 1999. səh. 155; Azərbaycan regionları. Bakı, 2002. səh. 23).
Bütün bunlar təsadüfi olmayıb, bir tərəfdən erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı yeritdiyi təcavüzkar siyasətin nəticəsində baş vermişdirsə, digər tərəfdən həmin dövrlərdə Azərbaycana rəhbərlik etmiş bəzi adamların təslimçilik mövqe tutmaları, keçmiş SSRİ-nin başqa ərazilərindən, xüsusilə də Ermənistandan fərqli olaraq Azərbaycanda yaşayan başqa millətlərdən, xalqlardan və etnik qruplardan olan əhali üçün daha münasib və əlverişli həyat şəraiti yaradılması ilə bağlı olmuşdur. Təsadüfi deyildir ki, 1918-ci ilin may ayında əzəli Azərbaycan torpaqları olan İrəvan quberniyası ərazisində Ermənistan dövləti yaradılan zaman onun paytaxtı üçün müvafiq şəhər tapılmadığı çətin bir vaxtda Azərbaycan hökuməti milli münaqişələrə son qoyulması məqsədilə mayın 29-da İrəvan şəhərini özlərinə paytaxt elan etmələri üçün ermənilərə güzəştə getdiyini bəyan etmişdir.
Bu tarixi həqiqəti açıqlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq demişdir: “... indiki Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında formalaşmışdır. İrəvan şəhərini Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri 1918-ci ildə Ermənistana hədiyyə edibdir. Yumşaq desək, o da böyük bir səhv idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda İrəvan şəhərini Ermənistana bağışlamışdır. İrəvan Xanlığı Azərbaycan torpağıdır. Bir daha demək istəyirəm ki, ermənilər bu bölgəyə qonaq kimi gəlmişdilər”. Burada onu da qeyd etmək lazımdır ki, XX əsrdə Azərbaycanın 5 dəfə üzləşdiyi demoqrafik çətinliklərin də 1941-1945-ci illərin müharibəsi istisna edilməklə dördü məhz erməni qəsbkarları və onların havadarları tərəfindən törədilmiş soyqırımı, köçürmə, işğalçılıq siyasəti və iyrənc erməni xisləti ilə əlaqədar olmuşdur.
Birincisi, 1905-1907-ci illər. Bu dövrdə Çar Rusiyasının hakim dairələrindən hərtərəfli yardım alan erməni quldur dəstələri İrəvanda, Zəngəzurda, Göyçədə, Naxçıvanda, Qarabağda, Gəncədə, Şirvanda, Bakıda və başqa ərazilərdə dinc azərbaycanlılara və digər müsəlman təriqətli xalqlara (türklər, kürdlər, tatlar, ləzgilər və s.) amansızcasına divan tutmuş, şəhər və kəndlər yandırılmış, uşaqlar, qadınlar, qocalar tarixdə görünməyən qəddarlıq və vəhşiliklə öldürülmüşlər. Şübhəsiz ki, bu hadisələr Azərbaycanın inkişafına mənfi təsir göstərmiş və onun demoqrafik vəziyyətinə də zərbə vurmuşdur. (Bax: Şahbaz Muradov. Göstərilən kitabı. səh. 72).
İkincisi: 1913-1920-ci illər. Birinci Dünya müharibəsi (1914-1918), xarici müdaxilə, ermənilər tərəfindən azərbaycanlıların soyqırımına məruz qalması və s. nəticəsində Azərbaycanın əhalisi bu dövrdə 387 min nəfər və ya 16,6 faiz azalaraq 2339,2 min nəfərdən 1952,2 min nəfərə düşmüşdü.
(davamı növbəti saylarımızda)
Şahbaz MURADOV,
AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi, i.e.d., professor.
Ələsgər SARIYEV,
AMEA İqtisadiyyat İnstitutunun
aparıcı elmi işçisi, iqtisad
üzrə fəlsəfə doktoru.
Respublika.- 2020.- 11 avqust.- S.4.