GÖRKƏMLİ TƏDQİQATÇI ALİM

 

Azərbaycan-Özbəkistan ədəbi-bədii əlaqələrinin araşdırıcısı Almaz Ülvinin adı Şərq dünyasında beynəlxalq miqyaslı alim, özünün məhsuldar və çoxtərəfli elmi, ədəbi, ictimai-publisistik fəaliyyəti ilə Azərbaycan elmi, mədəniyyəti, ədəbiyyatşünaslığına və nəvaişünaslığına sanballı töhfələr vermiş müəzzəm simalardan biri kimi tanınır. Məlumdur ki, Almaz xanım dünyanın bir çox dillərinə tərcümə edilən elmi-ədəbi əsərləri ilə Azərbaycan və özbək ədəbiyyatını, ədəbiyyatşünaslığını dünyaya tanıtmışdır.

 

 

 

Altmış yaş - elm əhli üçün həm kamillik, həm də yaradıcılığının tam özünüdərk mərhələsidir. Bu yaşda olan alim bacımız zəngin təcrübə və tədqiqatçı məharəti ilə tam olaraq elmin zirvəsini fəth etmişdir. Elmi yöndən dərin, bədii baxımından yüksək əsərlər ömrün eynən bu mərhələsində yaranır.

 

Aşağıdakı qeydlərlə alimin ömür yolunu vərəqləməyə çalışdıq: Almaz Ülvi Qasım qızı Binnətova 1960-cı il avqustun 8-də ziyalı ailəsində anadan olub. Bakı Dövlət Universitetində təhsil alıb, daha sonra ikiillik fars dili kursunu bitirib. 1993-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasında Milli Münasibətlər İnstitutunda, 2000-ci ildən isə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərir. Hazırda həmin institutun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri vəzifəsində çalışır. Azərbaycan-Özbəkistan ədəbi əlaqələr üzrə elmi- tədqiqat işlərini davam etdirir. Türkiyə, Türkmənistan və digər türk xalqlarının ədəbiyyatları ilə bağlı çoxsaylı və sanballı tədqiqatların müəllifidir. Onun əmək fəaliyyətinə “Ədəbiyyat və incəsənət” qəzetində (1986) başlaması ədəbiyyata mehr-məhəbbətini daha da artırmış, bu sahəyə qəlbən bağlanmış, həyat yolu da məhz burdan başlamışdır.

 

Almaz Ülvinin müxtəlif qəzet və jurnallarda, toplu və almanaxlarda, müxtəlif məcmuələrdə 800-dən çox tədqiqatı və elmi-publisistik məqalələri yer almışdır. 25-dən çox müəllif, bir o qədər də tərtib etdiyi kitabların müəllifidir. Dünyanın mühüm əhəmiyyət kəsb edən beynəlxalq simpozium və konfranslarının iştirakçısı, xüsusilə Özbəkistan, Türkiyə, Gürcüstan, Rusiya, İngiltərə, Əfqanıstan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan kimi dövlətlərdə keçirilən beynəlxalq konfransların məruzəçisi olmuşdur.

 

Mən Bakıda onların evində bir neçə dəfə qonaq olmuşam. Almaz xanımın evinin qapısı məhəbbətə, səmimiyyətə və dostlara həmişə açıq olub, çox qonaqpərvər xanımdır. Bu ailədə söhbət əsasən ədəbi əlaqələr, səmimi dostluq və kitablar haqqında olur. Bu yerdə Almaz xanımın Özbəkistanda dərc edilmiş müsahibəsindən bir epizodu diqqətinizə çatdırıram: “Kitabın insanın təhsilində, elmində rolunu heç nə ilə əvəz etmək mümkün deyil. Elmin-texnikanın bu qədər sürətli inkişaf dövründə yenə də kitablara baş əyirik, onların necə deyərlər, hər an əlimizin altında olmasını istəyirik. Fikir verin, internet məkanı nə qədər genişləndikcə, yayıldıqca kitab nəşri azalmaq əvəzinə günü-gündən daha da çoxalır. Çox güman ki, bu sualınızın arxasında kompüterin, internetin həyatımızı az qala bütövlükdə “əhatə etməsinə”, öz təsirinə salmasına, hətta bütün vaxtımızı, “günümüzü” əlimizdən almasına işarə edirsiniz. İnternet məkanında istədiyimiz suala cavab tapsaq da, hədsiz sayda ədəbiyyat siyahısı ilə tanış olsaq da, hətta o kitabların bir çoxunu “vərəqləyərək” istədiyimizdən də artıq məlumatlara yiyələnsək də yenə də mənə elə gəlir ki, tam doyumlu informasiyanı, məlumatı, bilgini kitablardan alırıq. Əlyazma kitabları hələ də milli-mənəvi sərvətimiz, qızıl xəzinəmiz kimi öz qiymətini saxlayır. Bir sözlə, kitabın insanın təhsilində rolu, əhəmiyyəti əvəzsizdir. Hansı filosofunsa sözüdür: “Kitab oxuyan, bilən insanla kitab oxumayan, bilməyən insan arasındakı fərq, diri ilə ölü, aydınlıq ilə qaranlıq arasındakı fərqə bənzər”.

 

Başqa bir yazısında oxuyuruq: “Uşaqlıq illərimin (gənclik demirəm ha!) ən gözəl, xüsusi iz salan obrazı Yucin olmuşdur. Teodor Drayzerin “Dahi” əsərinin bu qəhrəmanı həyatımda uzun illər xoş xatirə olaraq yaşadı. Rəhmətlik atam müəllim idi (riyaziyyat, fizika fənləri üzrə), dəfələrlə mənə irad tuturdu ki, ay qızım, o kitab səndən ağırdır (“Dahi” əsəri 700 səhifədən artıq idi), hadisələri aydın dərk edə bilməzsən. Lakin mənə elə gəlirdi ki, 17 yaşlı Yucinlə mən haradasa görüşmüşük, ya bir köyün uşaqları olmuşuq, ya da, nə bilim çoxdanın tanışlarıydıq. Bu gözəl “dostum”la “Dahi”də tapışdıq. Əsərin məna və süjet xəttindən asılı olmayaraq, Yucin obrazını heç unuda bilmədim. Çox-çox illər ona oxşamaq, onun kimi xarakterik bir yaşama dolmaq istəmişəm. Sonralar Gi de Mopassanın, Anton Çexovun, Mirzə Cəlilin hekayələrini oxudum, həmin əsərlərin qəhrəmanlarını sevdim. Azərbaycan ədəbiyyatında İlyas Əfəndiyevin əsərlərini oxumaqdan doymurdum. Mən tam əminliklə deyə bilərəm ki, oxuduğum bədii əsərlərin, xüsusən dünya ədəbiyyatı qəhrəmanlarının xarakteri həyatıma öz təsirini göstərmişdir. Uca eşqi, ilahi gözəllikləri özündə əks etdirən poeziyanı hər dəfə heyrətlə oxuyuram. Mən illərdir ki, Nizamini, Nəsimini, Nəvaini, Füzulini (Füzulini 2 dəfə qeyd etmək istərəm!), Vaqifi mütaliə etməkdən doymuram. Təkcə doymuram yox ey, onların eşq dolu poeziyalarına məhəbbətim heç tükənmir. Eşq dolu poeziya qədəhini birdəfəlik başıma çəksəm də, yenə heyrətim səngiməz. Nəvaidəki eşq dolu sətirlərə qulaq asın: “Eşqində göz yaşım gövhərlər saçar...”. Hərdən mənə elə gəlir ki, insan elə xarakteri ilə birgə doğulur. Həyat, mühit, şərait, kitablar, sadəcə, həmin xarakterə stimul verir. Oxuduğu hər hansı əsərdəki obraz onun xarakterinə uyğun gəlirsə və onda gördüyü üstün xüsusiyyətləri özündə tapmayanda, onu öyrənməyə, özündə axtarmağa cəhd edə bilər”.

 

“Bu gün ədəbiyyatın önündəki vəzifələr nələrdir?” - sualını Almaz Ülvi belə cavablandırıb: “Ədəbiyyat sahəsinin, filologiya elminin alimi - elmlər doktoru olaraq, ilk növbədə, gənclərə dərk etdirməliyəm ki, (hərçənd ki, bu sahədə indiki gənclərin bilgisi az deyil!) bizim - Azərbaycan və özbək xalqının kökü birdir - bizlər böyük türk kökənli xalqlarıq. Klassik dövr ədəbiyyatımıza nəzər salaq: Əgər Həzrət Nəvai Şeyx Nizamiyə ustadım deyibsə, ulu Füzuli Həzrət Nəvaiyə müəllimim deyibsə, qeyd etdiyim məsələnin şərhinə ehtiyac qalmır. Zaman ötüb, dövran dəyişdikcə milli məsələlərə baxış da dəyişib. Amma qan yaddaşı heç nəyi unutmağa, yaddan çıxarmağa qoymayıb. Azərbaycan ədəbiyyatında, ədəbiyyatşünaslığında kifayət qədər özbək ədəbiyyatı təbliğ və tədqiq edilib, öyrənilib və öyrədilir”.

 

Klassiklər bir yana, XX əsr özbək ədəbiyyatı, demək olar ki, tam olmasa da 60-70 faiz Azərbaycan oxucusuna məlumdur. Özbək folklorunun ən mükəmməl nümunələri - nağılları, dastanları, tapmacaları, atalar sözləri Azərbaycan türkcəsinə çevrilib. Mükəmməl nəsr və şeir antologiyaları (ayrı-ayrı kitablarda), Əbdürrauf Fitrətin, Əbdülhəmid Çolpanın, Həmzə Həkimzadə Niyazinin, Abdulla Qədirinin, Abdulla Qəhharın, Həmid Alimcanın, Zülfiyyənin, Qafur Qulamın, Maqsud Şeyxzadənin, Kamil Yaşenin... əsərləri dilimizə çevrilərək ayrıca kitab şəklində nəşr edilmişdir. Eləcə də ədəbiyyatşünaslıq sahəsində - özbək ədəbiyyatının mən deyərdim ki, bütün dövrləri tədqiqata cəlb edilib. Ayrı-ayrı elmi-tədqiqat məqalələrindən başqa, iki namizədlik (Qulamhüseyn Əliyev və Azad Nəbiyev) və dörd doktorluq dissertasiyası (Azad Nəbiyev, Xəlil Rza Ulutürk, Cənnət Nağıyeva və Almaz Ülvi Binnətova) sırf özbək ədəbiyyatı mövzusuna həsr edilmişdir. Almaz Ülvinin doktorluq dissertasiyasında 600 illik Azərbaycan-özbək ədəbi əlaqələri tədqiq olunmuşdur. Bütövlükdə Əlişir Nəvai və özbək ədəbiyyatı mövzusunda “Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında”, “Azərbaycan-özbək ədəbi əlaqələri dövrlər, simalar, janrlar və təmayüllər)”, “Özbək ədəbiyyatı (tədqiqatlar, ədəbi portretlər)”, “O’zbek adabiyoti va Ozarbayjon (tadqiqotlar, adabiy portretlar)”, “Fuat Köprülü. Əlişir Nəvai”, “Şərq təzkirəçilik tarixindən”, “Əlişir Nəvai. Hikmətli sözlər (Azərbaycan və özbək dillərində)” “Xalid Said. Yeni əlifba məsələsi yollarında xatirə və duyğularım (iki dildə)” (professor Həmidullah Baltobayevin nəşr etdiyi kitabdakı Azərbaycan mətnini hazırlamış), “Əlişir Nəvai və Azərbaycan”, “Zahirəddin Məhəmməd Babur və XVI əsr özbək ədəbiyyatı”, “Zahirəddin Məhəmməd Babur və Azərbaycan”, “İki xalqın oğlu. Maqsud Şeyxzadə” və b.) kitablar və 250-dən çox məqalə nəşr etdirmişdir. Eləcə də Azərbaycan-özbək ədəbi əlaqələri tarixində ilk dəfə olaraq “Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət (25000 söz)” kitabının müəlliflərindən biridir.

 

Almaz Ülvinin bu əsərlərinin siyahısı alimin yenicə nəşr olunmuş “Əlişir Nəvainin əsri və nəsri” (elmi-filoloji və dini-təsəvvüfi əsərləri) monoqrafiyasının “Ədəbiyyat” bölməsində təqdim olunub. Yaxın günlərdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” dərgisinin Azərbaycanca-özbək ədəbi əlaqələrinə həsr olunmuş Xüsusi Buraxılışı işıq üzü görəcək! Bunlar bir ömrün sevgi dolu səhifələridir.

 

Almaz Ülvinin doktorantları “Özbək cədid ədəbiyyatı”, “Qafur Qulam və Azərbaycan”, “Xəlil Rza Ulutürk və özbək ədəbiyyatı”, “Molla Nəsrəddin və özbək ədəbiyyatı”, “Zahirəddin Məhəmməd və Babur” mövzuları üzrə elmi-tədqiqat işi yazırlar. Akademik İsa Həbibbəyli ilə birgə Özbəkistandan iki gənci çalışdıqları instituta doktorant qəbul ediblər.

 

Özbək alimlərinin elmi fəaliyyətlərinə dair, xüsusən dissertasiyalara 200- dən çox rəy yazıb ki, bunların da çoxu Azərbaycanda nəşr olunan elmi jurnallarda (“Ədəbi əlaqələr”, “Filologiya məsələləri” və s.) çap olunmuşdur. Günümüzdə Almaz xanımın bir çox özbək alimləri ilə dostluq əlaqələri vardır.

 

Müstəqillik dövrü hər bir ölkənin inkişafında, başqa sahələrdə olduğu kimi, onun digər ölkələr və xalqlarla ədəbi-mədəni əlaqələrinin tərəqqisi sahəsində də tamamilə yeni və geniş üfüqlər açdı. Tarixin hökmü ilə əsrlərdən bəri müstəmləkə şəraitində yaşayan Azərbaycan və özbək xalqlarının öz əzəli və əbədi arzusu olan milli müstəqilliyə eyni vaxtda qovuşması onların taleyindəki müştərəkliyi bir daha təsdiq etdi.

 

Almaz Ülvinin “Özbək ədəbiyyatı” kitabının (2016-cı il) Azərbaycanda çap edilməsi bizi hədsiz sevindirdi. Bu zəhməti Özbək-Azərbaycan ədəbi əlaqələri yolunda alimin çoxillik araşdırmaları, misilsiz əməyinin nəticəsi, eyni zamanda özbək ədəbiyyatına, Nəvai dühasına olan böyük hörməti, məhəbbəti kimi dəyərləndirsək, yanılmarıq. “Özbək ədəbiyyatı” kitabında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Dünya ədəbiyyatı üçün əhəmiyyətli iş” adlı məqaləsi yer almışdır. Məqalədə qeyd edilir ki, “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətovanın Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin çoxəsrlik yolu, böyük sənətkarın ədəbi dostluğu haqqında tədqiqatlarında böyük ənənələrin bir neçə əsrlik təcrübələrinin ümumiliyi və davamiliyinin təcəssümünü görməyimiz mümkündür”.

 

Alimin iki xalqın ədəbiyyatına olan böyük məhəbbəti, özbək ədəbiyyatı ilə ortaq qardaşlıq, dostluq və ənənələrə sevgi və hörməti, ədəbi əlaqələrə həsr olunan elmi araşdırmalarında öz əksini tapmışdır. Vurğulamaq lazımdır ki, Almaz Ülvi ədəbi əlaqələrin az araşdırılan, hətta məlum olmayan səhifələrini açmağa, tədqiq etməyə diqqət edir və onun hər işində yeni tərəflər açıqlanır. O hər tədqiqatında yeni söz deməyi bacarır. Bu mənada Almaz Ülvi tədqiqatları ilə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin qiyməti yenə də artmış və zənginləşmişdir. Bu da xalqlarımız və ölkələrimiz arasında çoxəsrlik əlaqələrin yenə də möhkəmlənməsinə və tərəqqi etməsinə xidmət edir. Bu, ölkələrimiz və dünya üçün əhəmiyyətlidir.

 

Almaz xanımın əsərlərinin əsas xüsusiyyətlərindən biri də dahilərin qələmindən çıxan poeziyanın - həddən artıq həssas şeirlərin tədqiqi üzərində qurulmasıdır. Bu, çox güman ki, Əlişir Nəvai yaradıcılığını tədqiq etdiyindəndir. Onun elmi işləri Nəvai yaradıcılığının (nəsr və nəzmi birgə) həm qayəvi, həm də bədiiliyi ilə üzvi şəkildə əlaqədardır. Özbək ədiblərinin bir sıra əsərlərini tədqiq edərkən lirik lövhələri, poetik fikrin bədiiyyətini nəsr şəklində ümumiləşdirir. Yekun nəticələrlə eyni vaxtda müəllifin əsərlərində əsas məqsədini daha yüksək səviyyədə təqdimi, emosionallığı, bədii təsiri yenə də artırmasına xidmət edir. Almaz Ülvi bəzən bildirdiyi fikirlərin davamını dərin ümumiləşmə və nəticələr şəklində verir. Bəzən də misraları faktik material olaraq təqdim edir.

 

Dünya ədəbiyyatşünaslığında Əlişir Nəvai yaradıcılığını öyrənmək təxminən altı yüz illik tarixə malikdir. Bu dövrdə Şərq və Qərb ölkələrində nəvaişünaslığa dair bir çox əsərlər yaradıldı, bu əsərlərdə ulu şair və mütəfəkkir elmi-bədii irsinin dünya mədəniyyəti tarixindəki uca yeri qiymətləndirilir. Nəvainin ədəbi irsi arasında türkcə qəzəlləri və “Məcalis ün-nəfais” təzkirəsi də dünya mədəniyyəti və ədəbiyyatının böyük abidələri sırasındadır. Alimin tədqiqatlarında bu cəhətlər daha geniş və diqqətlə öyrənilmişdir. Mübaliğəsiz deyək ki, Nəvai yaradıcılığının dünya ədəbiyyatında yerini müəyyənləşdirmək, şairin ədəbi irsinin xaricdə öyrənilməsi, klassik özbək ədəbiyyatının əhəmiyyətini geniş təbliğ etmək vəzifəsi, azərbaycanlı şairlərin yaradıcılığına təsiri məsələlərinin tədqiqi Azərbaycanda Almaz Ülvinin adı ilə bağlıdır.

 

Bu gün Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin professor-müəllim heyəti adından “Məhəmməd Füzuli adına Elmi-Tədqiqat Mərkəzi” Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətovanı 60 yaşı münasibətilə təbrik edirik!

 

Elmi yaradıcılıq qayğıları ilə dolub-daşan Almaz Ülviyə gələcəkdə Azərbaycan və özbək elmini, ədəbiyyatını yeni-yeni elmi, ədəbi-tənqidi, elmi-publisistik əsərlərlə zənginləşdirməsi, “Özbək-Azərbaycan ədəbi əlaqələri”nin daha da genişləndirilməsi yolunda müvəffəqiyyətlər, uğurlar diləyirik.

 

Həzrət Nəvainin pak ruhu şad olsun, onun əsərlərinin tədqiqi, təbliği mənəvi övladı Almaz xanımın həyatını aydınladan işıq olsun!

 

Gülbahar AŞUROVA,

Əlişir Nəvai adına Daşkənd Dövlət

Özbək dili və ədəbiyyatı Universitetinin

dosenti, filologiya üzrə fəlsəfə doktoru.

 

Respublika.- 2020.- 19 avqust.- S.4.