Mərhəmət və qayğıkeşlik

 

Mətanət Məhərrəmova ömrünün son 20 ilini həyatının ən gözəl, ən mənalı illəri hesab edir. Xeyriyyəçi olmasa da, son illərdə ancaq köməksiz, diqqətə, qayğıya ehtiyacı olanlara yardım göstərməklə, xeyirxahlıqla məşğuldur. Çünki bütün varlığı ilə bağlandığı, ən mükəmməl bacardığı elə budur - xeyirxahlıq və mərhəmət!

 

Etiraf etmək lazımdır ki, bir vaxtlar sumqayıtlılar öz şəhərlərində “Qızıl Aypara” Cəmiyyətinin (Sumqayıt şəhər bölməsinin) olduğunu yalnız böhran hallarında, fövqəladə hadisələr - hansısa müəssisədə, tikintidə fəlakət baş verdikdə, zərərçəkənlərə təcili qan vermək lazım gəldikdə bilirdilər. “Qızıl Aypara”nın adı hərdən şəhər tədbirlərində çəkilsə də, çoxları onun konkret olaraq nə işlə məşğul olduğundan xəbərsiz idi. Çünki fəaliyyəti nəzərəçarpacaq, diqqəti cəlb edəcək dərəcədə deyildi.

 

Mətanət xanımla ilk tanışlığım 10 il əvvəl - “Azərikimya” SOCAR-ın tərkibinə daxil edildikdən, kimyaçıların bir qədər durğun, sönük görünən həyatında yeni bir vüsət, coşqunluq, inkişaf dövrü başladıqdan sonra olub. Onun Sumqayıt “Qızıl Aypara”sına rəhbərliyinin məhz həmin dövrə təsadüf etməsi də “ayparaçılar”ın fəaliyyətinin daha səmərəli olmasında mühüm rol oynayıb. Yeni QAC-ın rəhbəri şəhərin bu humanist qurumunun fəaliyyətini daha da canlandırmaq üçün Sumqayıtın müəssisə və təşkilatları ilə sıx əlaqələr qurmağı vacib sayaraq, ilk növbədə kimyaçıların kadr potensialının gücündən, onların ənənəvi olan kollektiv qayğıkeşlik, mərhəmətlilik xüsusiyyətlərindən istifadə etməyə üstünlük verdi.

 

Düzü, Sumqayıt “ayparaçılarının” və kimyaçılar kollektivinin “Azərikimya” İB-nin konfrans zalında keçirdikləri ilk birgə tədbirdə imkansız ailələrə, tənha qocalara və əlil uşaqlara göstərilən diqqət və qayğının, onlara verilən hədiyyə və yardımların bununla da bitəcəyini, belə bir humanist tədbirin olsa-olsa ildə, iki ildə bir keçirilə biləcəyini düşünürdüm. Yaxşı ki, gözlədiyimin tam əksi oldu. “Azərikimya” İB-nin o vaxtkı rəhbəri, sabiq millət vəkili Muxtar Babayevlə şəhərin “Aypara” sədri Mətanət Məhərrəmova yüksək səviyyədə keçirilmiş həmin xeyriyyə tədbirinin doğurduğu hisslərin təsiri altından çıxa bilməyərək, başlanılmış qayğıkeşlik, xeyirxahlıq missiyasını hələ neçə ilheç yandan xüsusi göstəriş, “komanda” gözləmədən davam etdirdilər.

 

Xeyli və müxtəlif ölçülü geyimlər içərisindən hər uşağın boyuna, zövqünə uyğun olanının seçilməsində Mətanət xanım daim öz mehriban, sədaqətli “könüllülər dəstəsi” ilə birgə tələsmədən iştirak edir. Çalışır ki, uşaqlara paltarlar formal olaraq, necə gəldi yox, onların yaşına, boyuna uyğunluqla seçilsin. Diqqətəlayiqdir ki, bu cür humanist aksiyalarda təkcə “Azərikimya”nın yox, Sumqayıt “Kimyasənaye” parkı müəssisələrinin, “Azərboru” və Karbamid zavodlarının, digər şirkət və təşkilatların rəhbərləri də fəallıqla, qayğıkeşliklə iştirak edirlər. Təbii ki, onların xeyirxahlıq, xeyriyyəçilik aksiyalarına cəlb edilməsi, ürəkdən qoşulması Mətanət xanımın nüfuzunun, yorulmaz fəaliyyətinin, müəssisə rəhbərlərində çox zaman özünü büruzə verməyən, bəzən zəif hiss edilən mərhəmət, insanlıq duyğularını vətənpərvərlik “qığılcımları” ilə alovlandıra bilməsinin nəticəsidir.

 

Mətanət xanımda vətən övladlarına bəslədiyi qayğıkeşlik, mərhəmət hissi o qədər güclüdür ki, kömək etmək istədiyi insanlar zəhmət çəkib gəlməsin deyə, özü onların “hüzurunagedirbunu özünün vəzifə, insanlıq borcu hesab edir. Bir dəfə ona xəbər çatmışdı ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kirayədə qalan çoxuşaqlı bir ailə kirayə haqqını ödəyə bilmədiyindən (ailə başçısı işsiz olduğundan) evin sahibi onları evdən çıxartmaq istəyir. Bunu eşidən Mətanət xanım həmin ailə üçün təcili ərzaq payı və uşaqlar üçün şirniyyat alaraq, soraqlaşa-soraqlaşa həmin ailənin yaşadığı evi tapmış, onları öz qəfil gəlişi ilə sevindirmiş, bir gün əvvəl aldığı maaşdan kirayə pulunu ödəmiş və evin sahibindən xahiş etmişdi ki, o çoxuşaqlı ailəni bir daha narahat etməsin, onların kirayə haqqı vaxtlı-vaxtında ödəniləcək. Təbii ki, Mətanət xanım bu məsələdə özünün sədaqətli dostları olan müəssisə rəhbərlərinə arxalanmışdı.

 

Mətanət xanımın mühüm xidmətlərindən biri də ölkəmizin müharibə vəziyyətində olduğunu, ona görə də qan ehtiyatı yaradılmasının vacibliyini bilərək, “Azərikimya” kollektivi ilə birgə vaxtaşırı qanvermə aksiyalarının keçirilməsi üçün göstərdiyi təşəbbüslər və fəallıqdır.

 

“Azərikimya” rəhbərliyinin və Mətanət xanımın təşəbbüsü və təşkilatçılığı, dost müəssisə rəhbərlərinin maliyyə dəstəyi ilə hərəkətləri məhdud, mümkünsüz olan gənc və nisbətən yaşlı əlillərin yeni əlil arabaları ilə təmin edilməsinin sevinci nəinki əlillərin özlərini və doğmalarını, hətta belə bir qayğıya dəstək olanların özlərini də duyğulandırmışdı. Mətanət xanım isə ilk dəfə əlil arabasında oturan şikəst uşaqları doğma balası kimi qucaqlayır, onların sevincinə qoşulur, kövrəlirdi.

 

Şahidi olduqlarımdan görürəm ki, Mətanət xanım QAC-ın Sumqayıt bölməsində o qədər səmimilik, mehribanlıq atmosferi (indi bunaaura” deyirlər) yaradıb ki, gənclər onu özlərinin müəllimi, ustadı, kollektivin anası hesab edirlər. Onun gənclərdə böyüyə-kiçiyə, zəifə, xəstəyə, əlilə hörmət hissi yarada bilməsi, insani keyfiyyətlərin ən ali, ən ülvi keyfiyyətlər olduğunu aşılaya bilməsi onların hər zaman cəmiyyətdə hörmət-izzət qazanacaqlarının mühüm təminatıdır. Elə indinin özündə də 7-8 il əvvəlin fəal, təşəbbüskar, bacarıqlı könüllüləri artıq Bakının və Sumqayıtın bəzi müəssisə və təşkilatlarında məsul vəzifələrdə çalışırlar.

 

Kollektivinin şəhərdə nüfuz, uğur qazanmasının bir sirri də Mətanət xanımın vəzifəsindən asılı olmayaraq, hamı ilə xoş ünsiyyət qura bilməsində, qarşılıqlı hörmət yarada bilməsindədir. Məhz buna görə də Sumqayıtın bir çox müəssisə və təşkilatları onun xeyriyyəçilik çağırışlarına həvəslə, hörmətlə qoşulur, təşəbbüslərini bəyənirlər. Təxminən 20 gün əvvəl Mətanət xanım mənim hələ Boru-prokat zavodundan tanıdığım məşhur poladəridən, 83 yaşlı İzzət Yusifova zəng edərək, ona çatacaq qurbanlıq payını götürməsini xahiş etmişdi. İzzət kişi təəccüblənəndə ki axı, hələ Qurban bayramına xeyli var, Mətanət xanım demişdi ki, bir nəfər xeyirxah adam (adının çəkilməsini istəməyib) bu çətin koronavirus günlərində bir neçə quzunun ətini doğradıb göndərib ki, imkansız ailələrə, tənha qocalara paylansın. Hər kimdirsə, sağ olsun, Allah ürəyincə versin!

 

...Mən bu oçerki hazırlayarkən, Mətanət xanımla əlaqə saxlayıb, hansısa məlumat və fakt öyrənməyə çalışmadım. Düşündüm ki, hər halda onu yaxşı tanıyıram. Ancaq sonra gördüm ki, onun bioqrafiyasından, demək olar ki, xəbərim yoxdur. Bir onu bilirdim ki, o, Azərbaycanımızın dahi, mütəfəkkir şairi Nizami Gəncəvinin yurdunda - qədim Gəncədə dünyaya gəlib. Onun “Qızıl Ayparaya qədər harada, hansı vəzifələrdə işlədiyindən, hansı ixtisasın sahibi olduğundan da xəbərsiz idim. Ancaq onu dəqiqliklə bilirdim ki, o, bu dünyaya məhz “ayparaçı” olmaq üçün göndərilib. Özüilk vaxtlar bu sahədə sadəcə vəzifə borcunu yerinə yetirirdisə, indi insanlıq borcunu yerinə yetirir.

 

Bu il Mətanət Məhərrəmovanın yubiley ilidir. Bu münasibətlə onu təbrik edən “könüllülər”dən biri Seyfəddin Maqsudov yazır: “ Mətanət Məhərrəmova indiyə qədər gördüyüm ən humanist, fədakar xanımdır. Mən könüllülüyü onun rəhbəri olduğuAypara” ailəsindən öyrəndim. Bütün gözəl duyğuların bünövrəsi oldu bu gözəl ailə”.

 

Təsadüfi deyil ki, Mətanət xanım “ayparaçı” kimi səmərəli fəaliyyətinə, “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sosial, tibbi-sağlamlıq və xeyriyyəçilik proqramlarının həyata keçirilməsində xidmətlərinə görə, ölkə Prezidenti tərəfindən “Tərəqqi” medalı, fədakarlıqla çalışdığı Cəmiyyətin “Qızıl Aypara” və “100 illik yubiley” medalları və ən nəhayət, “Dədə Qorqud Fondunun qərarı ilə “Mehriban ana” medalı ilə təltif olunub.

 

QAC-ın Sumqayıt bölməsinin müdiri Mətanət Məhərrəmovanın ötən il Sumqayıt, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Abşeron və Xızı rayonlarının daxil olduğu Sumqayıt Regional Mərkəzinin koordinatoru təyin edilməsi də onun yüksək peşəkarlığına, səmərəli fəaliyyətinə verilən yüksək dəyərdir.

 

Rəhman ORXAN,

Əməkdar jurnalist.

 

Respublika.- 2020.- 19 avqust.- S.4.