Azərbaycan xalqına və dövlətçiliyinə
layiqli xidmət
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə bir daha nəzər salsaq, hər addımın əsasında xeyirxahlığın, humanizmin, səmimiyyətin, vətəndaşlıq təəssübkeşliyinin yüksək səviyyədə qorunduğunun şahidi olarıq. Uğurlarımıza davamlı töhfələri ilə diqqətçəkən Mehriban xanım Əliyevanın xidmətlərinin miqyası ölçüyəgəlməzdir. Onun çoxşaxəli fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü genişmiqyaslı işlər vətənsevərlik örnəyidir. Mehriban xanımın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərin miqyasına nəzər yetirəndə bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil. Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət dayanır.
Ölkəmizin Birinci xanımı Mehriban Əliyevanın ali dəyərlərə söykənən, dövlətinin maraqlarını əks etdirən fəaliyyətindən bəhs edərkən, ilk növbədə, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələrə, sərgilədiyi çoxşaxəli fəaliyyətə diqqət yetirmək gərəkdir. Məlum olduğu kimi, 2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu yaradılarkən ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, həmçinin Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə köməklik göstərməyi qarşısına məqsəd qoyub.
Bu gün ölkəmizdə həyata keçirilən davamlı islahatlarla yanaşı, xalqın və dövlətin maraqlarını müdafiə edən addımlar da milli tərəqqiyə müstəsna töhfələr verir. Bu baxımdan, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin ali məramlı fəaliyyəti ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynayır. Ümumiyyətlə, Azərbaycanın birinci xanımı ölkəmizi layiqincə təmsil edən, müxtəlif sahələrdə respublikada və beynəlxalq miqyasda böyük işlər görən ictimai-siyasi xadim kimi tanınır. Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən, Azərbaycan xalqı və dövlətinin maraqlarını əks etdirən fəaliyyətindən bəhs edərkən, ilk növbədə, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələrə, sərgilədiyi çoxşaxəli fəaliyyətə diqqət yetirmək gərəkdir.
Məlum olduğu kimi, 2017-ci ilin fevral ayının 21-i dövlətimiz və xalqımız üçün xüsusi əhəmiyyət kəsb edən, siyasi idarəçilik tariximizdə tamamilə yeni olan bir faktla yaddaşlara yazıldı. Həmin gün biz idarəetmə strukturunda qabaqcıl Avropa ölkələrinin təcrübəsinə əsaslanan bir yeniliyin şahidi olduq. Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Birinci vitse-prezident təyin olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının yüksək səviyyədə keçən iclasında dövlətimizin başçısı bildirmişdi ki, Mehriban xanımın çoxşaxəli fəaliyyəti və eyni zamanda uğurlu fəaliyyəti bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Mehriban Əliyeva peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Prezident İlham Əliyev demişdir: “Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri bizim mənəvi, tarixi, mədəni irsimizin qorunması işində əvəzolunmaz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Heydər Əliyev Fondunun və Mehriban Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Azərbaycanda keçirilən muğam müsabiqələri artıq həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Bu, sadəcə olaraq sənət növü deyil, bu, bizim mədəni sərvətimizdir. Gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlər, ənənələr xüsusi rol oynayır. Bu baxımdan belə təşəbbüslər çox böyük ictimai məna daşıyır. Eyni zamanda, dünya miqyasında muğamın məhz Azərbaycan sənəti kimi təqdim olunmasında Heydər Əliyev Fondunun çox böyük rolu olmuşdur. Azərbaycanı dünyada tanıtmaq üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirilmişdir. Çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə, görməyə başlamışdır ki, Azərbaycan müasir, dinamik inkişaf edən ölkədir. Eyni zamanda, Azərbaycan xalqı öz tarixi köklərinə çox bağlı olan xalqdır.
Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvüdür və onun bu fəaliyyəti də təqdirəlayiqdir. Ölkəmizdə keçirilmiş bir neçə qlobal tədbirin təşkilində Mehriban Əliyeva xüsusi rol oynamışdır. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi məhz onun təşkilatçılığı ilə mümkün olmuşdur. 2015-ci ildə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi də Təşkilat Komitəsinin və onun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olmuşdur. İki il yarım ərzində bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək, əlbəttə ki, böyük nailiyyət idi. Birinci Avropa Oyunları tarixdə ən yüksək səviyyədə keçirilmiş mötəbər idman tədbiri kimi qalacaqdır”.
Mehriban xanım Əliyeva bu ali vəzifəyə layiq olduğunu və gələcəkdə də bu məsuliyyətli vəzifəni yüksək bacarıqla icra edə biləcəyini bu günə qədər gördüyü işlərlə sübuta yetirib. Mehriban xanım Əliyeva həm ölkəmizin birinci xanımı, həm Heydər Əliyev Fondunun prezidenti kimi uğurlu fəaliyyəti ilə xalqımızın böyük etimadını qazanıb, daim insanlarla ünsiyyətdə olub, onları narahat edən məsələlərin həlli ilə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Heydər Əliyev Fondunu 16 il ərzində dünyanın ən nüfuzlu ictimai təşkilatlarından biri kimi inkişaf etdirməyə nail olan Mehriban xanım Əliyeva ümummilli liderin ideyalarının Azərbaycanda layiqincə yaşadılmasını təmin edib, həm də onun beynəlxalq miqyasda təşviqatını böyük peşəkarlıqla həyata keçirib. Azərbaycan xalqının adət-ənənələrinin təbliğindən tutmuş, xalq incəsənət nümunələrinə kimi xarici ölkələrdə bilavasitə Mehriban xanımın rəhbərliyi ilə sərgilər həyata keçirilib. Əgər bu gün xarici ölkələrdə muğamımızı sevə-sevə dinləyirlərsə, bu da Mehriban xanımın Azərbaycan muğamının dünyaya çatdırılmasında oynadığı rolun nəticəsidir. Bir sözlə, Azərbaycan incilərini, Azərbaycan sərvətlərini dünya sərvətlərinin bir hissəsi olaraq beynəlxalq ictimaiyyətə təqdim edir. Təsadüfi deyil ki, Azərbaycanın bir sıra mədəni nümunələri UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilib. Bununla da bir daha Azərbaycanın mədəni irsini necə qorumağın, necə inkişaf etdirməyin də nümunəsini Mehriban xanım sərgiləyir. Beynəlxalq aləmdə ziddiyyətlərin, xaosun hökm sürdüyü bir şəraitdə bu qədər yüksək səviyyədə təşkilatçılığı Mehriban xanım mədəniyyətlərin bir-birini inkar etməsini deyil, bir-birinə yaxınlaşmasını təmin etmiş olur. Onun təşəbbüsü ilə təhsil, idman, mədəniyyət sahəsində və ümumiyyətlə, dünyada Azərbaycanın müsbət imicinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ölkə ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. İdmandan təhsilə qədər, mədəniyyətdən səhiyyəyə qədər, xeyriyyəçilikdən multikulturalizm təşəbbüskarlığına qədər əhatəli fəaliyyət potensialına malik olan Mehriban xanım Əliyevanın ölkəmizin bütün ictimai, siyasi, mədəni dairələri tərəfindən işgüzar və görkəmli Azərbaycan qadını kimi tanınması cəmiyyətimizdə Azərbaycan qadınına verilən yüksək dəyərin ifadəsidir. Heydər Əliyev Fondunun fəaliyyətində sosial layihələr, əhalinin ən zəif müdafiə olunan təbəqələrinə, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlara, valideyn himayəsindən məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkünlərə kömək göstərilməsi, səhiyyə müəssisələrinin yaradılması, məktəblərin, bağçaların, uşaq evlərinin tikintisi xüsusilə diqqəti çəkir. Heydər Əliyev Fondu Azərbaycanla yanaşı, xaricdə də xeyirxahlıq məbədi kimi tanınır və sevilir.
Bu gün on minlərlə Azərbaycan məktəblisi, xüsusən ucqar kənd yerlərində yaşayan uşaqlar beynəlxalq standartlara uyğun tikilmiş, qışda qızdırılan istilik sistemləri və kompüterlər də daxil olmaqla bütün zəruri avadanlıqlarla təmin edilən yeni məktəblərdə parta arxasında əyləşmək imkanına görə Heydər Əliyev Fonduna və onun prezidentinə minnətdardırlar. Mehriban xanım Əliyevanın müəllifi olduğu “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurlu icrası nəticəsində isə Heydər Əliyev Fondu Azərbaycanda təhsilin inkişafında inqilabi dəyişikliklərə imza atıb. Proqram çərçivəsində ölkənin müxtəlif bölgələrində 400-dən çox məktəb binası inşa olunmuş və yenidən qurulmuşdur. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində respublika üzrə onlarca uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar tikilmiş və kommunal şərait yaxşılaşdırılmışdır. Fond hər il “Təhsilə dəstək” layihəsi çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı müşavirənin keçirilməsi və qarşıya qoyulan vəzifələr onu göstərdi ki, əhalinin xüsusi qayğıya ehtiyacı olan qruplarının, o cümlədən məcburi köçkünlərin sosial məsələlərinin yoluna qoyulması Birinci vitse-prezidentin xüsusi diqqətindədir. Aprel döyüşlərində hərbi rəşadət göstərmiş döyüşçülərin nümayəndələri, şəhid ailələri ilə görüşü Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olaraq Mehriban Əliyevanın respublikamızda həssas təbəqədən olan insanların, əlilliyi olan şəxslərin sosial müdafiəsinə, reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqətinin əyani göstəricisidir. O həm də Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin, mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda böyük işlər görən bir ictimai-siyasi xadim kimi tanınır. Azərbaycanın Birinci xanımının ali məramlı fəaliyyəti bəhs etdiyimiz ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynamaqla ölkəmizin tərəqqisinə mühüm töhfələr verir.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən “Regional İnkişaf” İctimai Birliyi də vətəndaş cəmiyyəti quruculuğunda əhəmiyyətli layihələr reallaşdırıb. Bölgələrdə yaşayan vətəndaşların üzləşdiyi problemlərin, yerli əhalini kompleks şəkildə narahat edən problemlərin aradan qaldırılması kimi məsələləri əsas məqsəd kimi qarşıya qoyaraq elm, təhsil, səhiyyə, mədəniyyət, sosial, idman, ekologiya, İKT və infrastruktur layihələri həyata keçirir. Qısa bir zaman məsafəsində insan kapitalının formalaşdırılması, əhalinin tibbi sağlamlığının mühafizəsi, sosial-məişət təminatının yaxşılaşdırılması istiqamətində müxtəlif səpkili tədbirlər həyata keçirib, insanların müxtəlif növ problemlərlə üzləşərək, onların həlli üçün ayrı-ayrı qurumlara müraciət edən “Regional İnkişaf” İctimai Birliyi, məhz həmin problemləri aidiyyəti təşkilatlara çatdıran vasitəçi qurum kimi fəaliyyətini davam etdirir.
Ən işgüzar Birinci xanım kimi tanınan Mehriban xanım Əliyeva böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən fərqli layihələrin müəllifi olaraq saysız insanların mənəvi dostuna çevrilib. Həyata keçirdiyi layihə və proqramlarının əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir. Heydər Əliyev Fondu uğurlu layihələrin müəllifi olaraq, yüksək səviyyəli konfranslarda, festivallarda iştirak edib, eyni zamanda belə miqyaslı tədbirlərə ev sahibliyi edib. Fond qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək üçün fəaliyyətində qətiyyətli və israrlıdır. Bu fəaliyyət humanizm meyarına söykənir. Belə mənəvi dəyərlərə malik olan bir nümunəsi Azərbaycan xanımı kimi Mehriban Əliyeva - “Mən siyasətlə məşğul olmuram, sadəcə insanlara kömək edirəm. Əgər bunu siyasət adlandırmaq olarsa, buyurun, elə də hesab edin” - deyir. Əslində, onun gördüyü bu işlər Azərbaycanı yaşatmaq siyasəti və Azərbaycanı tanıtmaq olduğu kimi dünya panoramasına daxil etmək siyasətidir. Bir insanın vətənpərvərlik siyasətidir ki, sivil yolla, mədəni körpülər vasitəsilə siyasət həyata keçirilir. Ehtiyacı olan insanlara yardım edir, mənəvi dünyasının qapılarını onların üzünə açır.
Ölkənin həyatında yüksək fəallıq göstərən Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqətini bütün dünya görür və yüksək qiymətləndirir. Bu gün Mehriban xanım Əliyevanın gördüyü işlərin sədası dünyanın ən nüfuzlu mətbu orqanlarının səhifələrində yer alıb. Ölkəmizdən kənarda apardığı xeyriyyəçilik işləri Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu, dövlət strukturlarında, siyasi arenada və digər sahələrdə də istedadlı mütəxəssis kimi fəallıq göstərdiyini nümayiş etdirir. Bu gün fəxarətlə deyə bilərik ki, dünyanın bir çox ölkələrinin təsis etdiyi ali mükafat və adların təqdimində Azərbaycan xanımının - Mehriban Əliyevanın ismi xüsusi olaraq vurğulanır. Mehriban Əliyevaya verilən yüksək adlar, onun şərəfinə və fəaliyyətinə söylənilən dəyərli fikirlər, təqdimatlar beynəlxalq aləmdə yüksək nüfuz və şöhrətə malik olduğunun göstəricisidir.
ümumiləşdirərək bir daha qeyd etmək yerinə düşər ki, uzun illərdir ölkəmizin ictimai-siyasi, mədəni, humanitar, sosial həyatında mühüm və fəal rol oynayan Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin olunduqdan sonra da sosial məsələləri daim diqqət mərkəzində saxlayır. “Ayrı-ayrı insanların problemlərinə heç vaxt biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək, köməyə ehtiyacı olanlara kömək etmək, mənəvi dəstək vermək ümdə vəzifəmizdir”, - deyən Birinci vitse-prezident Mehriban Əliyeva bu vəzifənin öhdəsindən ləyaqətlə gəlir, Azərbaycan xalqına və onun dövlətçiliyinə şərəflə xidmət edir.
Vəli
ALBƏNDOV,
“Qarabağ-E.R.” MMC-nin
direktoru,
Respublikanın əməkdar
mühəndisi, YAP üzvü.
Respublika.- 2020.- 19 avqust.- S.5.