MÜSTƏQİL AZƏRBAYCANIN
SƏRHƏD MÜHAFİZƏSİNİN
TƏŞKİLİ, YARADILMASI VƏ İNKİŞAFI ULU
ÖNDƏR HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR
Azərbaycanın Sərhəd
Mühafizəsinin-101 illiyi
“Sərhədlərin qorunmasında xidmət göstərən
hər bir kəs xalqımızın, millətimizin hörmət
və ehtiramına layiqdir”.
Heydər
Əliyev,
Ümummilli lider.
“Sərhəd xidmətinin formalaşması işində
ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri
vardır. Azərbaycan dövlət müstəqilliyini bərpa
edəndən sonra, demək olar ki, sərhədlərimiz
açıq idi. Sərhəd infrastrukturu
mövcud deyildi. Əvvəlki illərdə
yaradılmış sərhəd infrastrukturu isə
dağıdılmışdı. Bizim demək
olar ki, bütün sərhədlərdə heç bir
infrastruktur yox idi. Ulu öndərin rəhbərliyi
altında qısa müddət ərzində bütün sərhədlərimizdə
tikinti-quruculuq işləri başlamışdır, sərhəd
mühafizə infrastrukturu yaradılmışdır və bu
proses bu gün uğurla davam etdirilir”.
İlham
Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti,
Silahlı
Qüvvələrin Ali Baş Komandanı.
Azərbaycanın
sərhəd mühafizəsinin fəaliyyətinin keyfiyyətcə
yenidən təşkili, formalaşdırılması və
inkişafı müstəqil Azərbaycan dövlətinin
qurucusu, bu dövlətin müstəqilliyini əbədi və
dönməz edən, öz xalqını çox çətin
və mürəkkəb vəziyyətlərdən qurtararaq tərəqqi
yoluna çıxaran ulu öndər Heydər Əliyevin
adı ilə bağlıdır.
Ümummilli lider sərhəd mühafizəsinə daim
yüksək diqqət və qayğı göstərmiş,
ölkəmizin müstəqilliyinin, suverenliyinin əsas amillərindən
biri olan sərhədlərimizin toxunulmazlığının
təmin edilməsini dövlətimizin çox mühüm və
başlıca vəzifələrindən biri olaraq dəyərləndirmişdir. Böyük
dövlət xadimi sərhəd mühafizəsinin
qarşısında duran vəzifələri, aparıcı
istiqamətləri, sərhəd siyasətinin yaxın və
uzaq perspektivi üçün konseptual müddəaları
müəyyənləşdirmiş, milli sərhəd
strategiyasını yaratmışdır. O, eyni zamanda bu
strategiyanın əməli surətdə həyata
keçirilməsini təmin edən konkret fəaliyyət
istiqamətlərini dəqiq göstərmişdir. Ulu öndərin sərhədlərimizin qorunması
istiqamətində müəyyən etdiyi strateji xətt Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir, müasir dövrün tələblərinə
uyğun olaraq zənginləşdirilir.
Böyük dövlətçilik, idarəçilik təcrübəsinə
malik olan ulu öndər hələ sovet hakimiyyəti illərində
doğma Azərbaycanımızın sərhədlərinin
qorunması işinə daim milli maraqlarımız çərçivəsində
yanaşmışdır. Dövlət sərhədinin
mühafizəsi məsələləri, sərhədçilərin
yerli əhali ilə qarşılıqlı əlaqədə
olan sovet və partiya orqanları ilə dostluq münasibətlərinin
möhkəmləndirilməsi prosesləri ulu öndərin
Sovet İttifaqı dövründəki fəaliyyətində
mühüm yer tutub. Həmin dövrdə
sərhədlərin mühafizəsi işini sərhədyanı
rayonların inkişafı və həmin rayonların sakinlərinin
rifah halının yaxşılaşdırılması
işi ilə bacarıqla uzlaşdıran uzaqgörən siyasətçi
dəfələrlə sərhədçilərlə
görüşlər keçirir, bu ərazilərdə
iqtisadiyyatın, rabitənin, yol şəbəkəsinin
inkişaf etdirilməsinə dair xüsusi qərarlar verirdi.
Soyuq müharibənin qızğın
dövründə, kapitalist ölkələri ilə hər
hansı ünsiyyətin ciddi şəkildə qadağan
edildiyi zamanda Azərbaycan sərhədlərində tamamilə
fərqli işlər görülürdü. Məsələn, həmsərhəd kapitalist
ölkəsi olan İranla nəinki ünsiyyət
yaradılmışdı, hətta Naxçıvanda sərhəd
çayı olan Arazın üzərində iki su elektrik
stansiyası, Horadizdə bir su anbarı tikilmişdi. Həmin tikintilər nəinki o zaman yerli əhalinin
güzəranının yaxşılaşmasında, ölkəmizin
iqtisadiyyatında mühüm rol oynadı, hətta müstəqillik
dövrümüzdə də böyük əhəmiyyət
daşımaqdadır.
Heydər Əliyev ötən əsrin 70-ci illərində
sərhəd dəstələrinə mütəmadi səfərlər
etmiş, sərhədçilərin problemləri ilə
yaxından maraqlanmışdır. Onun göstərişi
ilə partiya-sovet, hüquq-mühafizə orqanlarının və
Sərhəd Qoşunlarının rəhbərliyinin zona
müşavirələrinin keçirilməsi və sərhədçilərin
problemlərinin ən yüksək səviyyədə həll
edilməsi təşkil olunmuşdur. Sərhəd
Qoşunlarının Moskvadan maliyyələşdirilməsinə
baxmayaraq, respublika büdcəsi hesabına Göytəpə,
Lənkəran sərhəd dəstələrinin ərazisinin
abadlaşdırılması, yaşayış evlərinin
tikilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi
həyata keçirilmişdir. 70-ci illərin əvvəllərində
Göytəpə Sərhəd Dəstəsində yeni binalar,
Lənkəran Sərhəd Dəstəsinin “Qobustan” sərhəd
zastavası, cənub sərhəd xətti boyu zastavalar, sərhəd
komissarlarının görüş evləri, sərhəd
gözətçi gəmilər dəstəsində yeni tədris
korpusları, Sərhəd Qoşunlarının hərbi
hospitalı əsasən respublika büdcəsi hesabına
tikilmişdir.
1972-ci il
iyunun 13-də Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin Bürosunda “Zaqafqaziya Sərhəd Dairəsinin
yaradılmasının 50 illiyi münasibəti ilə
keçiriləcək tədbirlər haqqında” qərar qəbul
edilmiş və bu qərarda Azərbaycan SSR Ali Sovetinin fərmanı
ilə Lənkəran sərhəd dəstəsi və
Zaqafqaziya Sərhəd Dairəsinin gözətçi gəmilər
briqadası fəxri fərmanla təltif edilmişlər. 70-ci illərdə keçmiş SSRİ-nin heç
bir müttəfiq respublikasında Azərbaycanda olduğu qədər
(Sədərəkdən Bakıya qədər olan sərhəd
xəttində) respublika vəsaiti hesabına çoxsaylı
hərbi obyektlər tikilməyib. Sərhədçilər
üçün keçmiş SSRİ DTK-sı tərəfindən
yalnız yeni sərhəd məntəqələrinin tikilməsinə
vəsait ayrılır, amma yaşayış obyektlərinin
tikilməsindən bir qayda olaraq imtina edilirdi. Lakin 70-ci
illərdə Heydər Əliyevin bilavasitə təşəbbüsü
ilə sərhədçilər üçün Sədərəkdə
böyük bir şəhərcik, Göytəpə şəhərində
50 mənzilli yaşayış binası, Lənkəran şəhərində
2 ədəd 70 mənzilli bina tikilib istifadəyə
verilmiş, Mərdəkanda sərhədçi rabitəçilər
üçün böyük bir şəhərcik
tikilmişdi.
Həmin illərdə digər bir mühüm məsələ
sərhədyanı ərazilərdə yaşayan əhalinin
ölkənin başqa yerlərindən öz evlərinə
qayıdarkən onların sənədlərinin sərhədçilər
tərəfindən bir neçə dəfə
yoxlanılması idi. Sərhədyanı zonada yaşayan yerli əhalinin
vəziyyətini yaxşılaşdırmaq üçün
onların yalnız bir dəfə yoxlanılması Heydər
Əliyev tərəfindən mərkəzi hökumətlə
razılaşdırılmışdı.
SSRİ dövründə milli sərhədçi
kadrların yetişdirilməsi və irəli çəkilməsi
işlərində Heydər Əliyevin böyük rolu olub. Həmin dövrdə Sərhəd
Qoşunlarında azərbaycanlıların sayının az olması uzaqgörən dövlət
xadiminin diqqətindən kənarda qalmayıb. Heydər
Əliyevin Azərbaycan Kommunist Partiyasının birinci katibi
işlədiyi dövrdə də, SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini olanda da azərbaycanlı kadrların
yetişdirilməsi prosesini ciddi nəzarətdə
saxlayıb. Sovet hakimiyyətinin 50 illiyi ərəfəsində
Azərbaycanda yerləşən Sərhəd
Qoşunlarının hərbi hissələrində cəmi
bir nəfər azərbaycanlı baş zabit olduğu halda, on
il sonra vəziyyət xeyli dəyişdi.
Heydər Əliyevin xüsusi diqqəti nəticəsində
Sovet hakimiyyətinin 60 illiyi ərəfəsində Sərhəd
Qoşunlarında artıq onlarla azərbaycanlı zabit zastava
rəisi, sərhəd komendantı, hərbi hissə komandiri,
sərhəd-buraxılış məntəqəsinin rəisi
vəzifələrində xidmət edirdi. Sərhəd
Qoşunlarında o zaman bir deyil, 10-a yaxın polkovnik rütbəli
azərbaycanlı zabit var idi. Həmin illəri
xatırlayan, 1974-cü ildə Heydər Əliyevin ciddi
qayğısı nəticəsində general-mayor rütbəsi
alan və bununla da Azərbaycanın ilk sərhədçi
generalı olan Mustafa Nəsirov demişdir: “Heydər Əliyev
Azərbaycanda birinci dəfə hakimiyyətə gələndə
mən Sərhəd Qoşunlarında xidmət edirdim. Heydər
Əliyev olmasaydı, mən general ola bilməyəcəkdim.
O, nəinki milli sərhədçi kadrların
hazırlanması üçün
çalışırdı, həm də həmin
kadrların qayğısına qalırdı. Bu
qayğı və diqqətdən ruhlanan sərhədçi
zabitlər daha nümunəvi xidmət göstərirdilər.
Yadımdadı ki, 1982-ci il iyulun 16-da bir
gün ərzində Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət
Heyəti 4 fərman imzaladı. Həmin fərmanlara
əsasən Sərhəd Qoşunlarının 19 zabiti təltif
olunmuşdu. Həmin zabitlərin 10 nəfəri
azərbaycanlı idi”.
Ulu öndərin gələcəyə
ünvanlanmış qərarlarından biri də SSRİ Sərhəd
Qoşunlarının Zaqafqaziyada ayrıca əməliyyat-qoşun
hissəsinin Bakıda yaradılması idi. Həmin əməliyyat-qoşun
hissəsinin rəisi vəzifəsinə M.Nəsirovun təyin
edilməsi o vaxtlar üçün əsl nailiyyət
sayılırdı. Artıq 70-ci illərdə azərbaycanlı
polkovniklərdən Sədrəddin Müştəidzadənin,
Məmmədnağı Qasımovun, Abbasəli Novruzovun,
İnayət Xəlilovun, İsgəndər Allahverdiyevin,
Cahangir Qulamovun, Əli Şəfiyevin, Əli Bağırovun,
Əkrəm Novruzovun məsul rəhbər vəzifələrə
təyin olunması bu istiqamətdə aparılan məqsədyönlü
işlərin nəticəsi idi. Bundan əlavə, azərbaycanlı
zabit kadrların hazırlanması üçün
keçmiş SSRİ DTK-nın xətti ilə Azərbaycandan
digər respublikalara gənclər göndərilir və hər
il bu məqsədlə 10-12 yer
ayrılırdı. Onlar Moskva, Almatı (o zaman Alma-Ata), Kiyev,
Sankt-Peterburq (o zaman Leninqrad) və digər şəhərlərdə
yerləşən xüsusi ali təhsil
ocaqlarında təhsil alırdılar. Bütün
bunlar Azərbaycan xalqı öz müstəqilliyini bərpa
etdikdən sonra onun sərhədlərinin qorunması və
möhkəmləndirilməsi işində xüsusi rol
oynadı.
Silahlı
Qüvvələrin, o cümlədən Sərhəd
Mühafizəsinin peşəkar milli zabit heyəti ilə
komplektləşdirilməsinə yönəlmiş müstəsna
əhəmiyyətli addımlardan biri də 1971-ci ildə
Bakıda Cəmşid Naxçıvanski adına
hərbi məktəbin yaradılması olub. Azərbaycanlıların
hərbi peşələrə yiyələnməsini təmin
etmək, milli hərbi kadrlar yetişdirmək məqsədilə
təsis edilmiş, yaradıldığı gündən minlərlə
hərbçi hazırlamış, SSRİ dövründə
ittifaqın hər yerində qeyri-rəsmi olaraq “Heydər
Əliyev məktəbi” adlandırılan bu təhsil
ocağının milli ordu quruculuğu sahəsində
danılmaz xidmətləri var. Bütün bunlar açıq
şəkildə göstərir ki, Heydər Əliyev hələ
o vaxt xalqımızın müstəqilliyini
düşünmüş, ona göstərilən təzyiqlərə
baxmayaraq, bu hərbi məktəbin özülünü
qoymaqla tarixdə ilk dəfə azərbaycanlıların
öz vətənində hərbi təhsil alması
üçün şərait yaratmışdır.
Müstəqilliyimizin bərpasından sonra böyük
bəlalara düçar edilən xalqımızın xoşbəxtliyi
onda oldu ki, dahi siyasi xadim, qeyri-adi zəka, qətiyyət və
iradə sahibi olan Heydər Əliyev yenidən ölkə rəhbərliyinə
qayıtdı.
Ölkədə formalaşmağa başlayan
yeni siyasi kurs həyata keçirildikcə vətəndaş
müharibəsi və ölkəmizin parçalanması təhlükəsi
aradan qaldırıldı. Ulu öndər
dövlətin mövcudluğunu təhdid edən bütün
təhlükələri bacarıqla dəf etdi və Azərbaycanı
bir dövlət olaraq yenidən qurmağa başladı.
Sovet dövründə Azərbaycanın müstəqilliyinə
hesablanmış çoxsaylı strateji tədbirləri
bacarıqla həyata keçirən ulu öndər müstəqil
Azərbaycan dövlətinin qurulması işinə hələ
Naxçıvanda ikən başlamış və bir sıra
uğurlu addımlar atmışdı. Təcrübəli dövlət
xadimi Naxçıvan Ali Məclisinin sədri seçildikdən
cəmi üç gün sonra, 1991-ci ilin sentyabr ayının
6-da Naxçıvan Muxtar Respublikası Dövlət Milli
Müdafiə Komitəsinin yaradılması barədə qərar
verdi. Bu qərarla uzaqgörən
sərkərdə Azərbaycanın ilk peşəkar, vahid rəhbərliyə
tabe olan milli ordusunun əsasını qoydu. Ulu öndərin rəhbərliyi ilə Milli
Müdafiə Komitəsinin statusu, strukturu, təşkili
haqqında qanunvericilik bazası yaradıldı, fəaliyyət
istiqamətləri müəyyənləşdirildi və
Naxçıvandakı sovet hərbi hissələrinin milliləşdirilməsi
prosesinə başlanıldı.
Zaqafqaziyada sərhədlərin qorunması işinə
incəliklərinə qədər bələd olan görkəmli
dövlət xadimi bilirdi ki, Sədərək və Ordubad
rayonları ərazisində ermənilərlə həmsərhəd
olan sərhəd məntəqələri
Naxçıvandakı 41-ci sərhəd dəstəsinə
deyil, Ermənistan ərazisində fəaliyyət göstərən
müxtəlif sərhəd dəstələrinə tabedir. Sovetlər
dönəmində Naxçıvan ərazisindəki sərhəd
zastavaları düşünülmüş şəkildə
bu cür parçalanmışdı. O zaman Şərurdan
Ermənistana gedərkən nəzarət məntəqəsi
sərhəd xəttinə yaxın yerdə deyil, xeyli
aralıda yaradılmışdı. Sədərək
nəzarət məntəqəsi Vəlidağla Dəhnə
dağının birləşdiyi yerdə, “Qurd Qapısı”
deyilən ərazidə təşkil olunmuşdu və Sədərək
qəsəbəsi nəzarət-buraxılış məntəqəsindən
o tərəfdə qalmışdı. Ordubad
rayonu ərazisində isə vəziyyət daha
anlaşılmaz idi. Bu rayonun ərazisindəki
bütün sərhəd zastavaları Ermənistan ərazisində
süni şəkildə yaradılan Mehri Sərhəd Dəstəsinə
tabe edilmişdi. Belə bir vəziyyət
müstəqilliyimizin ilk illərində ermənilərin
ekstremist və işğalçı hərəkətlərinə
rəvac verir, sərhədçilərlə yerli hakimiyyət
orqanları arasında ciddi problemlər yaradır, yerli əhalini
narazı salırdı. Ulu öndər bu
vəziyyəti aradan qaldırmaq üçün Sərhəd
Qoşunları Zaqafqaziya Dairəsinin və 41-ci sərhəd
dəstəsinin rəhbərliyindən tələb etdi ki,
muxtar respublikanın ərazisindəki sərhəd məntəqələrinin
hamısı bir dəstədə cəmlənsin və 41-ci sərhəd
dəstəsinə tabe edilsin. Bu məsələ
3 gün ərzində - 30 oktyabr 1991-ci ildə həll edildi.
Naxçıvan Sərhəd Dəstəsinin əmlakının,
silah-sursatının tamamilə milli sərhədçilərimizə
təhvil verilməsi işi də uzaqgörən sərkərdənin
qətiyyəti sayəsində ölkəmizin milli
maraqlarına uyğun şəkildə həll olundu. 1992-ci ilin
avqust ayının 22-də 41-ci sərhəd dəstəsi Azərbaycanın
tabeliyinə keçdi və sərhəd dəstəsində
müstəqil Azərbaycanın milli bayrağı
dalğalandı. Beləliklə, ölkəmizdə
müəyyən xidməti ərazidə sərhədlərimizi
tam mühafizə altına götürən ilk milli sərhəd
dəstəsi yaradıldı. Təxminən
bir ay sonra, sentyabrın 29-da Naxçıvan Sərhəd Dəstəsində
sovet zabitləri ilə təhvil-təslim prosesinin rəsmi
imzalanma mərasimi oldu. Hərbi hissənin
texnikası və hərbi əmlakı heç bir şərt
qoyulmadan xalqımızın ixtiyarına verildi və sovet sərhədçiləri
Naxçıvandan yola salındı. Bir
neçə gün sonra, oktyabr ayının 18-də Naxçıvan
Sərhəd Dəstəsində gənc əsgərlərin
andiçmə mərasimi keçirildi. Bu,
Azərbaycan Respublikasının milli sərhədçilərinin
ilk andiçmə mərasimi idi. Andiçmə mərasimində
iştirak edən ulu öndər sərhədçiləri təbrik
edərkən demişdir: “Siz müstəqil Azərbaycanın
sərhədlərinin toxunulmazlığını,
respublikamızın ərazi bütövlüyünü təmin
edən Sərhəd Qoşunlarının sıralarında
xidmət etməyə başlayırsınız. Siz indi müstəqil Azərbaycan dövlətinə
sədaqətlə xidmət etmək andı içdiniz.
Bu and müqəddəs anddır. Azərbaycan xalqının son 70 ildə xidmətə
gedən oğulları daim Sovet Ordusuna, Sovet dövlətinə
sədaqətlə xidmət edəcəklərinə and
içərdilər. Bu, o dövrün
xarakterik cəhəti idi. İndi isə
bizim üçün ən şərəfli, ən xoşbəxt
an ondan ibarətdir ki, Azərbaycan müstəqil dövlət
olub, Azərbaycan xalqı öz milli azadlığına nail
olub və indi müstəqil dövlətin atributlarını
yaratmaqla məşğuldur. Bu baxımdan ən
mühüm sahə olan Sərhəd Qoşunlarının
yaradılması prosesi gedir...
Biz bu
gün çox böyük məmnuniyyət hissi ilə
müstəqil Azərbaycan dövlətində Sərhəd
Qoşunlarının yaranmasını məhz buradan,
Naxçıvandan, Azərbaycanın bu qədim diyarından
başlandığını qeyd edirik...”
1993
-cü ilin iyununda Azərbaycanda hakimiyyətə qayıdan ulu
öndərin müdrikliyi sayəsində ictimai həyatın
bütün sahələrində olduğu kimi, dövlət sərhədinin
mühafizəsində də yeni mərhələ
başlandı. Dövlət sərhədlərinin
mühafizəsi məsələlərinə göstərilən
diqqət və qayğı sayəsində cənub sərhədlərində
dağıdılmış sərhəd infrastrukturunun bərpası,
ölkənin şimal və şimal-qərb sərhədlərində
sərhəd məntəqələrinin yaradılması və
maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində
məqsədyönlü tədbirlər görüldü.
XX əsrin 60-cı illərinin 2-ci
yarısından etibarən həyata keçirilən kadr siyasəti
sayəsində SSRİ-nin Sərhəd Qoşunlarında məsul
vəzifələrə yüksəlmiş milli sərhədçi
kadrlar xidmətə cəlb edildi və peşəkar sərhədçilərin
təcrübəsindən geniş istifadə olunmağa
başlanıldı.
Milli sərhəd mühafizəsinin
formalaşdığı 1993-2002-ci illərdə dövlət
sərhədlərinin etibarlı mühafizəsinin təşkili
sahəsində böyük irəliləyişlərə
nail olundu. Sərhəd mühafizəsinin maddi-texniki
bazasının möhkəmləndirilməsi, maliyyə-təsərrüfat
fəaliyyətinin nizamlanması, yeni yaradılmış sərhəd
dəstələrində və sərhəd zastavalarında
müasir tələblərə uyğun xidməti və
yaşayış binalarının tikilib istifadəyə
verilməsi prosesləri uğurla davam etdirildi. İqtisadi çətinliklərə baxmayaraq, sərhəd
mühafizəsinin nəqliyyat vasitələri, eləcə də
rabitə avadan-lıqları və xüsusi texniki vasitələrlə
təminatı yaxşılaşdırıldı. Sərhəddə mühəndis-texniki
qurğuların bərpası, qaçaqmalçılıqla
mübarizə, şəxsi heyətin döyüş və mənəvi-psixoloji
hazırlığının yüksəldilməsi ilə
yanaşı, şimal və şimal-qərb sərhədlərimizin
mühafizəsinin təşkili istiqamətində də
mühüm tədbirlər həyata keçirildi. Azərbaycan-Rusiya sərhədində Xudat Sərhəd
Dəstəsi və Şəki Əlahiddə Sərhəd
Komendantlığı, Azərbaycan-Gürcüstan sərhədində
Zaqatala və Şəmkir sərhəd dəstələri
xidmətə başladı, sərhəd mühafizəsinin
formalaşması prosesi yeni vüsət aldı.
Bu proseslər asanlıqla getmirdi. İxtisaslı
kadrların çatışmaması qarşıya
çıxan əsas problemlərdən biri idi. Keçmiş SSRİ Silahlı Qüvvələri
sıralarında xidmət edən azərbaycanlı zabitlərin
başqa millətlərlə müqayisədə azlıq təşkil
etməsi yeni yaradılmış sərhəd mühafizəsinin
sərhədçi zabitlərlə komplektləşdirilməsində
çox böyük problemə çevrilmişdi. Bu
işdə Cəmşid Naxçıvanski adına
hərbi internat məktəbinin yetirmələri köməyə
çatdı. Bunlarla bərabər, SSRİ Sərhəd
Qoşunlarında xidmət edən azərbaycanlı zabit və
gizirlərin, demək olar ki, hamısı könüllü
olaraq Azərbaycan sərhəd mühafizəsində xidmətə
daxil oldular. Lakin bu, mövcud tələbatı
tam ödəmirdi. Odur ki, ehtiyatda olan zabitlər,
eləcə də digər hərbi mükəlləfiyyətli
vətəndaşlar könüllü olaraq xidmət etmək
üçün sərhəd mühafizəsində həqiqi
hərbi xidmətə qəbul edildilər.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin noyabr
ayının 2-də radio və televiziya ilə xalqa tarixi
müraciəti sərhəd mühafizəsinin də möhkəmlənməsi
yolunda dövlət proqramına çevrildi. Xalqın vətənpərvər
oğulları müstəqil respublikamızın sərhədlərini
qorumaq üçün müraciət etdilər. Əlbəttə, ilk vaxtlar təcrübəsizlik,
ixtisaslı zabitlərin çatışmaması müəyyən
çətinliklər törədirdi. Lakin
mülki həyatdan gəlmiş zabit və gizirlər qısa
müddət ərzində sərhədçi peşəsinə
yiyələnə bildilər. Tədricən
qoşunların kadr potensialı yaranmağa başladı.
Vicdanla, namusla, nümunəvi xidməti ilə fərqlənən
zabit, gizir və əsgərlərin sayı artdı.
Müdafiə Nazirliyinin tabeliyində olan Bakı Ali
Ümumqoşun Komandanlıq Məktəbində 1992-ci ildən
sərhədçi zabitlərin hazırlanmasına
başlanıldı və Sərhəd Qoşunları həmin
məktəbin məzunları ilə komplektləşdirildi. Məktəbin
tədris prosesində sərhəd mühafizəsinin spesifik
xüsusiyyətlərinin tam nəzərə
alınmaması, sərhədçi zabitlərin peşə
və mənəvi-psixoloji hazırlıqlarının
lazımi səviyyədə olmaması, son nəticədə
dövlət sərhədinin etibarlı mühafizə edilməsi
işinə mənfi təsir göstərirdi. Bunları
nəzərə alaraq, 1998-ci ilin dekabr ayının 1-də
ulu öndər Milli Təhlükəsizlik Nazirliyinin
Akademiyasının yaradılması haqqında fərman verdi. Sərhədçi zabit və
gizirlərin, xüsusilə ehtiyatdan xidmətə qəbul
olunanların bilik və peşə bacarığını
artırmaq məsələsi də unudulmadı. Bu məqsədlə sərhəd mühafizəsinin
tərkibində 1994-cü ilin avqust ayının 12-də
Kadrların Hazırlanması və Təkmilləşdirilməsi
Kursları yaradıldı.
Dövlət sərhədinin etibarlı mühafizəsinin
təşkil edilməsi istiqamətində vəzifələri
yerinə yetirilərkən gözətçi gəmilər
briqadasının döyüş
hazırlığının yüksəldilməsinə
xüsusi diqqət yetirildi. Ulu öndərin diqqət
və qayğısı sayəsində yüksək üzmə
qabiliyyətinə malik 3 gəmi sərhədçilərin
ixtiyarına verildi. Briqadanın xidməti-döyüş
fəaliyyətinin yüksəldilməsi məqsədi ilə
müvafiq tədbirlər hazırlandı, Lənkəran
rayonunun Nərimanabad və Xaçmaz rayonunun Niyazoba qəsəbələrində
gəmilər üçün sahil məntəqələrinin
yaradılması işlərinə başlanıldı.
Sərhəd gözətçi gəmiləri
müasir tipli naviqasiya cihazları ilə, radiostansiyalarla,
kiçik müasir qayıqlarla, digər avadanlıqlarla təmin
edildi.
Milli sərhədçi
kadrların hazırlığı istiqamətində
görülən işlərin davamı olaraq ulu öndər
Heydər Əliyevin sərhəd təhlükəsizliyi
strategiyasını uğurla davam etdirən, Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyevin 12 iyun 2007-ci
il tarixli sərəncamı ilə Dövlət Sərhəd
Xidmətinin Akademiyasının yaradılması, 2010-cu ilin
avqust ayının 10-da regionda analoqu olmayan Akademiya kompleksinin
istifadəyə verilməsi, həmçinin 2011-ci ildə
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin
yaradılması Azərbaycan Sərhəd Mühafizəsinin
kadr potensialının yaradılmasında həlledici rol
oynadı.
Dəniz sərhədlərinin mühafizəsinə də
xüsusi önəm verən Azərbaycan
Res-publikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında dəniz sərhədlərinin mühafizəsi
sistemində əsaslı islahatlar həyata keçirildi. Azərbaycan Respublikası
Prezidentinin 18 fevral 2005-ci il tarixli sərəncamı
ilə DSX-nın Sahil Mühafizəsi yaradıldı. 2008-ci ilin noyabr ayında dövlət
başçısının iştirakı ilə Türkan qəsəbəsində
Sahil Mühafizəsinin yeni bazası istifadəyə verildi.
Xızı, Astara, Lənkəran, Türkan, Yalama,
Neftçala texniki-müşahidə məntəqələrində
xidmətin təşkili və aparılması təmin olundu,
Astara şəhərində müasir tələblərə
cavab verən Cənub katerlər divizyonu yaradıldı. Hazırda Xəzərin Azərbaycan sektorunda hərəkət
edən bütün obyektlər radarlar vasitəsilə fasiləsiz
müşahidə edilir. Xəzər dənizində
nəzarət imkanlarının artırılması istiqamətində
beynəlxalq təcrübəyə əsaslanan işlər
davam etdirilir.
Bundan
başqa, ölkə rəhbərinin 2014-cü ilin iyul
ayının 18-də Dövlət Sərhəd Xidməti
Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri
Mərkəzinin açılışını etməsi,
2015-2019-cu illərdə altı dəfə həmin mərkəzdə
inşası yekunlaşmış sərhəd gözətçi
gəmiləri və yeni istifadəyə verilən müasir
itisürətli qayıqlarla, xüsusi texnika ilə
tanış olması dəniz sərhədlərimizin
mühafizəsinə göstərilən ali diqqət və
qayğının təzahürüdür.
2002-ci ilin iyul ayının 31-də ulu öndərin fərmanı
ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd
Xidmətinin yaradılması və ona mərkəzi icra
hakimiyyəti orqanı statusunun verilməsi Azərbaycan sərhədçilərinin
fəaliyyətini keyfiyyətcə yeni mərhələyə
qaldırdı. Dövlət Sərhəd Xidməti
qarşısında müasir dövrün tələblərinə
uyğun olaraq yeni vəzifələr qoyuldu və sərhəd
təhlükəsizliyinin təminatı məsələlərinin
ən yüksək səviyyədə həll olunmasına
başlanıldı.
DSX-nın yaradılması çoxsaylı səbəblər
üzündən zərurətə çevrilmişdi və
ulu öndər bu səbəbləri zərgər dəqiqliyi
ilə ölçüb-biçmişdi. Belə ki, Azərbaycanın
sərhədləri yaxınlığında gedən mürəkkəb
və ziddiyyətli proseslər dövlət təhlükəsizliyimiz
üçün ciddi təhdidlərə çevrilmişdi və
Əfqanıstanda, İraqda, Gürcüstanda,
Dağıstanda ciddi gərginlik ocaqlarının
mövcudluğu, rəqib xüsusi xidmət orqanlarının
bu vəziyyətdən istifadə etmək cəhdləri ilə
xarakterizə olunan əməliyyat şəraiti ölkəmizin
sərhədlərinin daha etibarlı şəkildə
qorunmasını tələb edirdi. Digər tərəfdən
bərpa olunan qədim Böyük İpək yolu və
Şimal-Cənub kimi transkontinental nəqliyyat dəhlizlərinin,
Şərqdən Qərbə doğru narkotrafik və qanunsuz
miqrasiya kanallarının fəaliyyəti üçün ən
əlverişli yolların ölkəmizin ərazisindən
keçməsi müxtəlif transmilli kriminal təşkilatları
mövcud şəraitdən öz məqsədləri
üçün istifadə etməyə şirnikləndirirdi.
Ölkəmizin sərhədlərinin mühafizəsinin
gücləndirilməsini vacib edən səbəblər
sırasında ABŞ-da 11 sentyabr hadisələrindən sonra
antiterror koalisiyasına üzv olmağımızı, Xəzər
dənizində karbohidrogen ehtiyatlarının
hasilatının və ixrac infrastrukturunun təhlükəsizliyinin
yüksək səviyyədə təmin edilməsi zərurətinin
mövcudluğunu, dövlətin gündən-günə
artan iqtisadi qüdrətinin mühafizəsi və daxili
bazarın təhlükəsizliyinin təmin edilməsi məqsədilə
qaçaqmalçılığa qarşı qətiyyətli
mübarizə aparılmasının mühüm əhəmiyyət
kəsb etməsini, ölkə sərhədlərinin tam
mühafizə altına alınması məqsədilə zəruri
maddi-texniki bazanın yaradılmasını xüsusi qeyd etmək
olar.
2002-ci il
dekabr ayının 12-də Dövlət Sərhəd Xidməti
haqqında Əsasnamənin, Dövlət Sərhəd Xidmətinin
strukturunun, hərbi qulluqçularının və
işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi,
eləcə də Dövlət Sərhəd Xidmətinə
2003-cü il üçün büdcə
ayırmalarının artırılması, Səngəçal
aerodromunun Dövlət Sərhəd Xidmətinə verilməsi
sayəsində sərhəd aviasiyasının
formalaşdırılmasına başlanılması dövlət
sərhədlərinin mühafizəsinə ulu öndərin
xüsusi qayğısının təcəssümü
olmuşdur. Ümummilli liderin qərarı ilə Dövlət
Sərhəd Xidmətinin balansına verilmiş təyyarə
və vertolyotlar əsaslı təmir edilərək xidmətə
cəlb olundu, sərhədin mühafizəsinin havadan təşkili,
dövlət sərhədində baş verən hadisələrə
çevik reaksiya verilməsi və şəxsi heyətin təyinat
yerinə vaxtında çatdırılması, dağlıq ərazilərdə
və dənizdə xilasetmə əməliyyatlarının
aparılması üçün sərhəd
aviasiyasının istifadəsinə başlanıldı.
Heydər Əliyevin Azərbaycan sərhədçiləri
ilə görüşləri sərhəd mühafizəsinin
inkişafı üçün xüsusilə əhəmiyyətli
olmuşdur.
Onun 1996-cı ilin oktyabr ayının 30-da Naxçıvan Sərhəd
Dəstəsinin əsgər və zabitləri ilə
görüşdə, 1996-cı ilin dekabr ayının 17-də,
2001-ci ilin avqust ayının 16-da, 2002-ci ilin mart ayının
6-da sərhədçilərlə görüşlərdə
söylədiyi nitqlər, sərhəd mühafizəsinin
maddi-texniki bazasının möhkəmləndirilməsi
üçün verdiyi göstərişlər ölkəmizin
sərhədlərinin mühafizəsi işinin təşkilində
mühüm əhəmiyyət kəsb etdi. 2001-ci
ildə Sərhəd Qoşunlarının xidməti
hesabatını qəbul edərkən ulu öndər
qarşıya beynəlxalq terrorçuluğa, qanunsuz
miqrasiyaya, narkotiklərin qanunsuz dövriyyəsinə,
qaçaqmalçılığa qarşı mübarizə
aparılması, dənizdə neft-qaz hasilatı
infrastrukturunun mühafizəsi kimi mühüm vəzifələr
qoydu. Sərhədçilər birmənalı
şəkildə Heydər Əliyevə, dövlətçiliyə,
xalqa sədaqət nümayiş etdirdilər. Təsadüfi
deyil ki, Sərhəd Qoşunlarının 82-ci
ildönümünə həsr olunmuş təntənəli
yığıncaqdakı nitqində ulu öndər
demişdir: “Mən bu gün böyük məmnuniyyət hissi
ilə bəyan edirəm ki, artıq bizim formalaşmış
Sərhəd Qoşunlarımız var...” 2003-cü
ilin fevral ayının 6-da Dövlət Sərhəd Xidmətinin
rəhbər heyəti və sərhəd dəstələrinin
rəisləri ilə görüşündə dediyi “Bir də
qeyd edirəm ki, bu görüş mənim üçün əhəmiyyətlidir,
amma sizin üçün daha çox əhəmiyyətli
olmalıdır. Özüm
üçün ona görə əhəmiyyətli hesab edirəm
ki, mən fikirlərimi bilavasitə sizə
çatdırdım. Tələblərimi
sizin qarşınızda qoydum. Sizin
üçün də bu əhəmiyyətlidir ona görə
ki, bu, sizin üçün ilk görüşdür və
güman edirəm, burada çox işgüzar söhbət
getdi... hər biriniz Ali Baş Komandanın göstərişlərini
aldınız. Əgər bundan səmərəli
istifadə edə bilsəniz, bu, 2003-cü ildə sizin
qarşınızda duran vəzifələrin yerinə yetirilməsini
təmin edəcəkdir” istiqamətverici fikirlər sərhədçilərin
yaddaşında əbədi həkk olunub. Dövlət Sərhəd Xidmətinin tarixinə
çox mühüm hadisə kimi yazılmış bu
görüşlər gələcək uğurların ilkin zəmini
olmuş, sərhəd mühafizəsinin inkişafının
istiqamətlərini müəyyənləşdirmişdir.
Böyük
dövlət xadimi keçirdiyi görüşlərində
sərhədçilərin qarşısında konkret vəzifələr
qoymaqla, müqabil dövlətlərlə sərhədlərimizin
delimitasiyası, dost həmsərhəd ölkələrlə,
eləcə də dünyanın digər ölkələrinin
sərhəd mühafizəsi qurumları ilə münasibətlərin
qurulması, sərhədlərimizin təhlükəsizliyinin
təmin edilməsi sahəsində gördüyü
mühüm işlərlə Azərbaycanın dövlət
sərhədlərinin mühafizəsi konsepsiyasını
yaratdı, milli sərhəd siyasətimizi
formalaşdırdı. Bu konsepsiyada hətta gələcək
onilliklər, yüzilliklər dəqiqliklə hesablanmışdır:
“Müstəqil dövlətimiz əsrlər boyu
yaşayacaqdır. Nə qədər
yaşayacaqsa, o qədər də onun sərhədləri
olacaq və o qədər də o sərhədləri qorumaq
lazım olacaqdır. Şübhəsiz,
dünyada elə bir əmin-amanlıq dövrü gələcək
ki, bəlkə də sərhədləri qorumaq lazım
olmayacaqdır. İnsanlar elə bir səviyyəyə
gəlib çatacaqlar, dövlətlərarası münasibətlər
elə bir yüksək, sivilizasiyalı səviyyəyə gəlib
çatacaqdır ki, bəlkə bunlara ehtiyac olmayacaqdır.
Ancaq o səviyyəyə çatmaq
üçün də nizam-intizamı möhkəmləndirmək,
sərhədlərimizi hər yerdə həkk etmək,
nümayiş etdirmək, tanıtmaq, qorumaq lazımdır”.
Bu gün Vətən sərhədlərinin etibarlı qorunması istiqamətində qazanılan uğurlar açıq şəkildə göstərir ki, ulu öndər dövlətimizin sərhədlərinin mühafizəsi perspektivlərini böyük uzaqgörənliklə müəyyənləşdirmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qeyd etdiyi kimi, bütövlükdə Dövlət Sərhəd Xidmətinin müasir quruma çevrilməsi istiqamətində çox böyük işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilən islahatlar, yeni sərhəd mühafizə infrastrukturunun yaradılması, hərbi texnikanın və xüsusi texniki avadanlıqların yeniləşdirilməsi, uğurla aparılan mükəmməlləşdirmə və təkmilləşdirmə prosesləri nəticəsində Azərbaycan Sərhəd Mühafizəsi böyük inkişaf yolu keçərək qarşıya qoyulmuş vəzifələri tam və layiqincə yerinə yetirməyə qadir olan çevik, mütəşəkkil, güclü qurum səviyyəsinə yüksəlmişdir. Ölkəmizin sərhədlərinin, dövlətimizin müstəqilliyinin keşiyində şərəflə dayanan Azərbaycan sərhədçiləri Heydər Əliyev ideyalarına, Azərbaycan Respublikasının Prezidentinə və xalqına sədaqət nümunəsi göstərir və bundan böyük qürur hissi keçirirlər.
Zümrüd QURBANQIZI
Respublika.- 2020.- 18 avqust.- S.3.