El sənətkarları: Saz, söz sərrafı

 

Aşıq poeziyasının, ümumiyyətlə ədəbiyyatımızın ən uca zirvəsi sayılan göyçəli Aşıq Bəhmən Qarayevin adı, şəxsiyyəti, yaradıcılığı xalqımız üçün əziz və doğmadır. Bu əzizliyin və doğmalığın səbəbi ondan ibarətdir ki, Aşıq Bəhmən bir böyük istedad sahibi kimi xalqımızın mənəvi dəyərlərini, adət-ənənələrini, xeyrini-şərini, sevincini, kədərini, ictimai dərdlərini çox böyük ustalıqla, uca sənətkarlıqla özünün bənzərsiz şeirlərində əks etdirmişdir.

 

Aşıq Bəhmənin şeirlərində təbiət, dağlar, düzlər, çaylar, göllər, şərbət bulaqlar, atlas geyimli dağların ətri, təravəti və gözəlliyi ilə öz əksini tapmışdır.

 

Çoxəsrlik aşıq poeziyasını əlçatmaz, əzəmətli bir dağa bənzətsək, bu dağın zirvəsində sənət qartalı olan Aşıq Bəhmən dayanır. El sənətkarı ucalığı təkcə sənətkarlıqla yaratdığı gözəl qoşma və gəraylılarına, təcnis, divani və müxəmməslərinə görə deyil, bu zirvəni həm də öz yüksək insani keyfiyyətləri ilə qazanmışdır. Öz yurdunu sevə-sevə gəzən, əlində telli sazı Göyçə gölünün nəğməli sahillərini seyr edən və ana təbiətin bu gözəlliklərinə nəğmələr qoşan Aşıq Bəhmən ömrü boyu həm öyrətmiş, həm də xalqdan öyrənmişdir.

 

Aşıq Bəhmən öz elini, təbiətin minbir bəzək verdiyi, söz-sənət diyarı Göyçəni, başı buludlardan nəm çəkən “Çalmalı” dağının romantik mənzərələrini, bütünlükdə “Qafqaz elini”, Kəlbəcəri, Gədəbəyi necə dolandığını ustalıqla, poetik ilhamla qələmə almışdır.

 

Ağılla hissin vəhdətindən yaranan ulu ozan-aşıq sənətinin əfsanəvi Dədə Qorquddan başlayaraq üzü bəri neçə-neçə ölməz ustadları olmuşdur. Xalq ruhunu təcəssüm etdirən bu sehrli bədii sərvəti bizim zəmanəmizdə yaşadanlardan, zənginləşdirənlərdən biri də göyçəli Aşıq Bəhmən İbrahim oğlu Qarayevdir. Bu nüfuzlu el sənətkarı 1901-ci ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Nərimanlı kəndində yoxsul bir ailədə dünyaya göz açmışdır. Uşaq yaşlarından atasını itirmiş, ağır güzəran keçirmişdir. Ancaq aşıq sənətinə tükənməz meyli və marağı onun həyat yolunu müəyyənləşdirmiş, az bir vaxtda o, kamil sənətkar kimi tanınmışdır.

 

Ulu Göyçə həmişə saz-söz sənətinin beşiyi olmuşdur. Belə münbit zəmində yetişən Bəhmən Qarayev aşıq şeirinin bütün janrlarında gözəl əsərlər yaradır, 70-ə qədər saz havası çalırdı.

 

Aşıq Bəhmən qürur hissi keçirirdi ki, Nərimanlı kəndində özü ilə yanaşı, Əməkdar incəsənət xadimi Aşıq İslam Yusifov, xəstə Bayraməli, şair Şahmalı Kürdoğlu, Aşıq Fətulla Alıyev kimi görkəmli el sənətkarları yetişmişdi.

 

Aşıq Bəhmən Göyçəni, eləcə də Azərbaycanın kənd və şəhərlərini gəzib-dolaşır, toybayram mərasimlərində iştirak edir, saz çalıb, nəğmə, dastan qoşur, şeirləri ilə xalqın ruhunu oxşayırdı. Həqiqi aşığın yaradıcılığı el-obasının gün-güzəranından ayrılmaz olur. Aşıq Bəhmənin də sazı-sözü xalq taleyindən söhbət açmışdır.

 

Doğrudur, zəmanəsinin oğlu kimi bu ustad aşıq da xeyli ritorik əsərlər yaratmışdır, amma, sevindiricidir ki, xalq ruhu, həyat həqiqəti onun yaradıcılığının mayasına çevrilmişdir. Elə buna görə də aşığın həssas sənəti o vaxtlar deyilməsi yasaq edilən bütün faciələri də ürək ağrısı ilə dilə gətirirdi:

 

Başın qara dumanlıdı,

 

Yol ver, səndən keçim dağlar.

 

Mənim kəndim Nərimanlıdı

 

İstəyirəm görüm dağlar.

 

***

 

Bülbül ayrılmaz gülündən,

 

Heç kimsə köçməz elindən

 

Yaman qonşular əlindən,

 

Baş götürüm qaçım dağlar.

 

Şair bu təsirli şeirini 1918-ci ildə Göyçəni odlara qalayan, Stepan Şaumyanın, Andranikin fitfası ilə azərbaycanlıların başına bəlalar gətirən erməni daşnaklarına həsr etmişdir.

 

Aşıq Bəhmən bilikli, məlumatlı sənətkar idi. Xüsusilə din tarixinə mükəmməl bələd idi. Xalqın ürəyindəki dini hissləri, Peyğəmbərimizin müdrik kəlamlarını dərin məhəbbətlə duyurdu, bu bağlılığın qırılmazlığına hələ o vaxtlar tamamilə əmin idi.

 

Aşıq Bəhmənin Dədə Ələsgərə, XIX əsrin müdrik ozanı, korifey sənətkarına həsr etdiyi şeir həmişə dillərdə gəzir, diqqəti cəlb edir:

 

Günəş tək aləmə bir işıq saldın,

 

Gövhər xanı, söz ümmanı Ələsgər,

 

Təmiz ad saxladın, ellər dolandın

 

Gəzə-gəzə hər bir yanı Ələsgər.

 

* * *

 

Böyük sənətkarsan, Nizami kimi,

 

Füzuli, Firdovsi, o Cami kimi,

 

Vidadi, Nəsimi, Xəqani kimi

 

Yaradıbsan çox dastanı, Ələsgər.

 

***

 

Eldən ilham alıb sazını çaldın,

 

Tərlanlar əlindən şikarın aldın,

 

Gəlinlər köçürüb, toy yola saldın,

 

Seçdin yaxşı, həm yamanı Ələsgər.

 

***

 

Adını eylədin yaxşı Göyçənin

 

Dağlardan ucadı başı Göyçənin,

 

Sevinir torpağı-daşı Göyçənin

 

Şad elədin sən Bəhməni Ələsgər.

 

Aşıq Bəhmənin “Əfqan və Tufan” dastanı aşıq məclislərində dönə-dönə səslənir. Dastan olduqca maraqlıdır.

 

1950-ci illərdə “Kirpi” jurnalının baş redaktoru Qulam Məmmədli və “Respublika” qəzetinin baş redaktoru, professor Teymur Əhmədov Basarkeçərin Nərimanlı kəndində olmuş, Aşıq Bəhmən Qarayevlə yaddaqalan görüş keçirmişlər. Bu tarixi görüşü Göyçədəki yaşlı nəslin nümayəndələri bu gün də yaxşı xatırlayır...

 

Artıq 30 ildən çoxdur ki, Göyçə mahalı düşmən tapdağındadır. Aşıq Bəhmənin məzarını ziyarət etmək mümkün deyil. Gün gələcək ki, Göyçə erməni daşnaklarından təmizlənəcək, köç karvanları qədim Oğuz ellərinə dönəcək, türk qılıncı boş xülyalarla yaşayan ermənilərin başına enəcəkdir...

 

Qədir ASLAN

 

Respublika.- 2020.- 18 avqust.- S.6.