Unudulmaz xeyriyyəçi
Ulu
öndər Heydər Əliyev hakimiyyətə gəlişindən
sonra, Azərbaycanda genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti
ilə də məşğul olmuş, cəmiyyətin
inkişafına xidmət etmiş, tarixi şəxsiyyətlərə
diqqətin artırılmasına səbəb olmuşdur.
Bu gün Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin milli-mənəvi dəyərlərin və vətənpərvərlik hisslərinə söykənən ənənələrin davam etdirilməsi diqqət mərkəzindədir. Təsadüfi deyil ki, görkəmli tarixi şəxsiyyətlərin yubileylərinin qeyd edilməsi və abidələrinin ucaldılması dövlət başçısının müvafiq sərəncamlarına əsasən baş verir.
Sovet ideologiyasının təbliğatında qadağan olunan mövzulardan biri də Azərbaycanda neft milyonçularının xeyriyyəçilik hərəkatındakı rolunun öyrənilməsi, millətin görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətlərini araşdırmaq idi. Uzun illər boyunca onların üzərinə “burjua” damğası vurularaq adlarını ləkələməyə çalışmışlar. Ancaq XX əsrin əvvəllərindən milli oyanışın artdığı şəraitdə neftxudaların - messenatların millətin yaddaşında buraxdığı izlərin, öz xidmətlərilə xalq qarşısında qazandıqları hörmətin nəticəsidir ki, onları tarixdən silmək və ya ləkələmək sovet ideologiyasına nəsib olmadı.
Bu siyahıda 413 milyonluq sərvətinin hesabına tikdirdiyi binaların sayına (98) və həyata keçirdiyi xeyriyyə tədbirlərinə görə Ağa Musa Nağıyev birincilik qazanmışdır.
“Belə bir messenat haqqında nə bilirik?” sualına cavab verim ki, hələ 1900-cü ildə Binəqədi mədənlərində hasil etdiyi 10 milyon pud nefti 4-5 il ərzində 13 milyona çatdırmaq, mədənlərində 800 fəhlənin çalışmasına nail olmaq, 4 nəhəng xəstəxana və otellər tikdirmək məhz Ağa Musaya nəsib olub. Bu izlər tariximizin bir parçası, yaşanılan illərin əks-sədasıdır desək, fikrimizdə yanılmarıq. Çünki neçə əsrlik tariximiz bu daş kitabələr vasitəsilə bizlərə əxz olunmaqdadır.
Mənalı bir ömür yaşamaq, müqəddəs peşə sahibi olmaq, doğrudan da böyük səadətdir, belə bir nəcib insandan, ömrümə, ailəmə, atama bizi babamıza bağlayan bir qürur və şərəf payı düşmüşdür. Babam, tərcümeyi-halımda xeyriyyəçi Ağa Musa ziyası saçan bir örnək kimidir. Həyatın çətinlikləri çox vaxt onu sınağa çəksə də, o, bu sınaqlardan hər zaman qalib çıxa bilib.
Etiraf edirəm ki, nəvə Dilarə xanım kimi, itirdiklərimin çoxunu hər zaman ictimai fəaliyyətimdə, yazdığım kitablarda, ailə çərçivəsinin istisində tapmışam. Təsdiq edirəm ki, var-dövlətini şəxsi mənafeyinin reallaşmasına deyil, vətənin - xalqın rifahı uğrunda işlərin görülməsinə sərf etməklə bu günün tarixinə dərin iz salmışdır bu böyük xeyriyyəçi Ağa Musa Nağıyev.
Böyük övlad yanğısı ilə illər uzunu topladığım xatirələr, arxiv sənədləri və faktlar əsasında yazdığım 9 kitabda məşhur milyonçunun həyatından, millət üçün gördüyü işlərdən söhbət açılır. Ağa Musanın fəaliyyətilə tanışlıq zamanı halal zəhmət sayəsində milyonçu olmasının şahidinə çevrilirik. “Pulun qədrini bilən varlana bilər” prinsipi ilə fəaliyyətdə Ağa Musaya haqq qazandırmaq olar. Çoxsaylı tikililəri ilə hətta Bakı milyonçularını heyrətə gətirən Ağa Musanın nəslinin başına gələn zülmün isə həddi olmayıb. Nəinki yaxın adamlarını, övladlarını, hətta ən uzaq qohumlarını da Vətəndən uzaqlaşdırmağa nail olublar. Amma unutmaq olmaz ki, həqiqət deyilən bir inci var ki, bu inci min arşın quyunun dibinə salınsa da, nə vaxtsa üzə çıxır.
Bütün olub-keçənlər haqqında bir film hazırlamaq keçirdi ürəyimdən. Və bu baş tutdu, 80 yaşım olması münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci il üçün elan etdiyi 1-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin layihəsinə əsasən Şuranın maliyyə dəstəyi ilə “Mənəviyyat carçısı” sənədli filminin çəkilişinə başlandı.
Filmdə əsas məqsəd Azərbaycanın XX əsr tarixinin qaranlıq və öyrənilməmiş səhifələrindən biri olan milyonçu və xeyriyyəçi Ağa Musa Nağıyevin nəslinin sovet rejimi tərəfindən təzyiqlərə, işgəncələrə, hətta sürgünlərə məruz qalmaları barədə cəmiyyətə, xüsusilə gənclərə dəqiq faktlar əsasında ətraflı məlumat verməkdir. Bir məqsəd də A.M.Nağıyevin məzarının sovet dövründə bir neçə dəfə yer üzündən silinmə cəhdlərinin səbəblərini, onun ailə üzvlərinin təzyiqlərə məruz qalması ilə bağlı faktları, həmçinin milyonçunun varidatının taleyi ilə bağlı araşdırmaların nəticələrini müasir nəslə çatdırmaqdır. Film canlı şahidlərin xatirələrindəki məlumatları ictimaiyyətə çatdırmaq, XX əsrdə keçmiş sovet rejiminin Azərbaycana qarşı yürütdüyü ədalətsiz və repressiya siyasəti barədə hər kəsin bilgilərini bir daha zənginləşdirəcəkdir. Tarixi reallıqlar və həqiqətlər əsasında çəkilən bu film cəmiyyətə Ağa Musa Nağıyevin irsi və mirası barəsində daha dəqiq və düzgün bilgilər verəcək, bütövlükdə çağdaş Azərbaycan tarixinin öyrənilməsində, tarixi reallıqların dünyaya tanıdılmasında mühüm rol oynayacaqdır. “Vətən TV” Media Şirkətində istehsal olunacaq filmin layihə rəhbəri milyonçu-xeyriyyəçi Ağa Musa Nağıyevin nəvəsi mən — Dilarə Nağıyeva, ssenari müəllifi və rejissor Etibar Məmmədov, redaktoru Billur Cavadqızıdır.
Dörd dəfə qəbir yeri dəyişmə macərasından çox sonra, 2016-cı ildə, Ağa Musa Nağıyevin vəfatının 98-ci ili ərəfəsində məzarüstü abidəsinin açılışı tarixdə iz qoyacaq bir gün oldu mən — nəvəsi Dilarə xanım üçün. Bu, babamın həyat və fəaliyyətinin tədqiqatçısı kimi uzun illərlə çalışmalarımın nəticəsi idi. Hələ 2011-ci ilin noyabr ayında Ağa Musanın Kərbəla həsrətini məcazi mənada yerinə yetirmək məqsədilə qəbri üstündən götürdüyüm torpağı Kərbəlaya - oğlu İsmayılın məzarı üstünə səpməyə göndərərkən, bu ətrafda görülən işlərin sonuncu olacağını düşünürdüm.
Neçə illərdir ki, tanıyanların, şahidi olanların xatirələrindən yararlanaraq onun insani keyfiyyətlərini qiymətləndirib, hər kəsin ürəyində Ağa Musa Nağıyevə yer ayıracağıma əmin idim, axı neftdən qazandığı gəlirin hesabına saya-hesaba gəlməz binalar tikdirməsi, Qaraşəhərdə “Neft Emalı Zavodu”nu salması, 49 yaşlı Ağa Musanı igidlik, mərdlik səltənətinin tanınmış nümayəndəsinə çevirməsini bu vətənin məşhur milyonçusuna dair 28 illik tədqiqatlarımla, axtarışlarımla yenidən yaddaşlara salmağa nail oldum. Bəxt, tale, qismət deyilən anlamlara inanmayanlara bir məsləhətim var- neft milyonçusu Ağa Musa Nağıyevin həyat tarixçəsinə nəzər salın. Çünki şaxtanın bıçaq kimi sümüyə işlədiyi qış axşamlarının birində dünyaya gələn Ağa Musanın sonradan başına gələn hadisələrin qarşısını almağa, hətta milyonları da çarə edə bilmədi.
Ulu öndər Heydər Əliyev ideologiyasının təbliğində fəal mövqe tutduğuma və Ağa Musa Nağıyevin həyatına və fəaliyyətinə həsr etdiyim kitabların nəşrinə, eləcə də mətbuatdakı xidmətlərimə, yüksək milli-mənəvi keyfiyyətlərimizi təbliğə görə xeyli mükafatlara layiq görülmüşəm.
Yubileyim münasibətilə məni təbrik edənlərə, həsrətində olduğum layihələri gerçəkləşdirməyi mənə diləyənlərə, uzun ömür, cansağlığı, bir daha səmərəli fəaliyyət arzulayanlara “Respublika” qəzeti vasitəsilə minnətdarlıq edirəm.
Dilarə
NAĞIYEVA,
tarixçi, yazıçı- publisist.
Respublika.- 2020.- 21 avqust.- S.3.