“MƏN
SADƏCƏ AKTYORAM...”
Dahi ingilis dramaturqu Vilyam Şekspirin qəhrəmanlarını yaratmaq istəyi hər aktyorun arzusudur. Amma etiraf edək ki, bu arzuya çatmaq hər aktyora nəsib olmur. Teatr onun aktyor yaradıcılığına çox aktyorların qibtə edəcəyi töhfələr bəxş edir. Səhnədə ifa etdiyi Hamlet, Maqbet kimi dünya şöhrətli rollar tamaşaçı alqışları ilə qarşılanır. Qazandığı parlaq uğurlar böyük kinoya gedən sənət yoluna işıq tutur.
Özünəməxsusluğunu çəkiliş meydançalarında da məharətlə təsdiqləyir. “Nar bağı” filmindəki yüksək sənətkarlığı ona yeni sənətkar şöhrəti gətirir. 2017-ci ildə 13-cü Avrasiya Beynəlxalq Film Festivalında “Ən yaxşı kişi rolu” mükafatını qazanır.
Müsahibim Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Qurban İsmayılovdur.
–Qurban müəllim, kinoya öz üslubu ilə tanınan, püxtələşmiş aktyor kimi gəlmisiniz. Sənət taleyinizdə bəyaz ekranın sehrini-kinonun rolunu necə dəyərləndirirsiniz?
–Kinoya çəkilmək bütün
aktyorların arzusudur. Kino-dram aktyorluğu fakültəsini
bitirmişəm. Düzdür, bizə kinonu dərindən
keçmirdilər. Tələbə olanda
kinostudiyadan ikinci rejissorlar tez-tez gəlib baş rollara aktyor
seçimi eləyirdilər. Mən kinoya
çox gec gəlmişəm. Haradasa
beynimdə, təhtəlşüurda var idi ki, 40 yaşına
yaxın filmlərə dəvət alacağam. Və belə də oldu. Hər
film, eləcə də teatrda hər bir tamaşa aktyorun öz
sənətinin yoxlanışıdır. Sanki
hər dəfə özünü rollarında tapır, təsdiq
eləyirsən. Bu mənada kinonun rolu
xüsusilə əhəmiyyətlidir. Teatrdan
fərqli olaraq çəkilən kino lentin yaddaşında
qalır. Hərdən aktyor oyununa
baxırsan. Düzdür, orada çoxlu nöqsanlar da
görürsən.... Görəndə ki, pis
aktyor deyilsən, yeni oyunlara vüsətli həvəsin
yaranır.
–Çəkiliş
meydançalarında yaşanan həyat səhnədən
tamamilə fərqlənir. Dəfələrlə
filmlərdə çəkilən aktyorlar belə, bəzən
həyəcanlı anlar yaşayır. Çəkiliş
meydançasında çətinliklərlə
qarşılaşdınızmı?
–Kameradan
həmişə qorxmuşam. Vaxtilə
televiziyada “Yumoristik novellalar”, “Komediyalar aləminə səyahət”
kimi verilişlər vardı. Rejissorlardan Tahir Tahirov, Kərim
Kərimov məni çəkilişlərə dəvət
edərdi. Pavilyonda bir küncdə azacıq
dayanıb qaçardım. O qədər həyəcanlanırdım
ki... Məhərrəm Bədirzadənin “Səhər
görüşləri”ndə çəkilişlərim oldu.
Teatr belədir ki, iki ay məşq edirsən,
özünə paltar tikirsən, yavaş-yavaş hissələrini
bir yerə yığırsan. Amma kinoda hər
şeyi düşüncələrində eləməlisən.
Kinoda çox vaxt məşq olmur. Açığını deyim ki, teatrdan fərqli
olaraq kinoda məşqi qəbul eləmirəm. Düşünürəm ki, kinoda hər şey həmin
anda baş verməlidir. Amma məşqin də
tərəfdarları var. Mən daha çox, belə deyək,
məqamındaca oynamağa üstünlük verirəm.
Ələkbər Muradov “Güllələnmə
təxirə salınır” filmini çəkirdi. İlk dəfə 32 yaşında məni bu filmə
dəvət elədi. Epizodik rollardan birini oynadım... Fuad Poladov filmdə baş rolu oynayırdı. Yaxınlığımız yox idi, onu uzaqdan
tanıyırdım. Fuad müəllimi elə
birinci çəkiliş günündə bir insan kimi kəşf
elədim. Kənardan çox tündməcaz
görünürdü. Amma həddən
ziyadə gözəl insan idi.
–Tezliklə,
teatrda olduğu kimi, kinoda da ilk sənət
addımlarınız sənətkar taleyinizə uğur gətirdi.
“Girov” filmindəki məharətli ifanız böyük ekrana
ilk vizit kartınıza çevrildi...
–“Girov” filmi ilk böyük rolumdur. “Güllələnmə təxirə
salınır” filmindən təxminən 12 il
sonra çəkiliş meydançasına gəldim. Sınaq çəkilişlərində dörd
aktyor var idi. Mən keçdim. Filmin quruluşçu rejissoru Eldar Quliyev bu
seçimilə kinoda mənə yol açdı. Eldar müəllim mənə kamera
qarşısında necə dayanmağı öyrətdi.
Mənə çox basqı eləmədən
rejissor göstərişlərini yığcam şəkildə
deyirdi. Aktyor oyunum onu qane etməyəndə,
təbii ki, təkrar dubllar çəkirdi. “Girov” ekran taleyimdə müstəsna rol oynadı.
“Girov”dan sonra hər il epizodik də olsa,
iki filmə çəkilmişəm. Söhbət
dövlət sifarişilə çəkilən filmlərdən
gedir. “Girov” filmilə bağlı ikili
fikir vardı. Finalda girovun sağ qalması
birmənalı qarşılanmadı. Amma
mən o rəylərin heç biri ilə
razılaşmıram. Onlar unudurdular ki,
günah daşnaklarda, o ideyaları beyinlərə yeridən
faşistlərdədir.
–Qurban
müəllim, Siz obraz yaradarkən hansı cəhətlərə
üstünlük verirsiz?
–Hüseynağa
müəllim deyirdi ki, rolu alanda tərcümeyi-halını
yazmalısan. Yaratdığın obraz kimdir?
Başlanğıc hadisə, əsas hadisə nədir?
Məqsəd nədən ibarətdir? Və özək. Ustadımın
sənət öyüdünə bu gün də əməl
edirəm.
–Xalq
artisti, kinorejissor Eldar Quliyevin “Dərvişin qeydləri”
filmində də yaddaqalan ekran obrazlarından birinə imza
atmısınız...
–Bu Abdal Kərim
idi...Eldar müəllim hələ filmə
başlamamışdı. Elçinin “Mahmud və
Məryəm” əsəri əsasında Türkiyə və
Azərbaycan müştərək film çəkirdilər.
O filmdə keşiş roluna təsdiq olunmuşdum. Filmin rejissoru Kipr türkü Kökənli, amma
İngiltərədə yaşayan bir rejissor idi. Özü də “BAFTA” mükafatı laureatı idi.
Təvazökarlıqdan uzaq da olsa, kinostudiyanın rəhbərinə
də demişdi ki, bu cür aktyorunuz var...Sonra
elə oldu ki, rejissor dəyişdi. “Quzey-Güney”
serialının rejissoru gəldi. Kastinqdən
keçdim. Onlarla müqavilə
bağladım. Bu zaman Eldar müəllim
filmə başladı. Eldar müəllimə dedim ki,
onlarla müqavilə bağlamışam. İki-üç
gün burada çəkiliş var. Razılaşdı. Amma bir ay Türkiyəyə gedəcəyimi eşidəndə
qəti etirazını bildirdi. Beləliklə,
“Mahmud və Məryəm” filminin çəkilişlərindən
imtina etdim. “Dərvişin qeydləri”ndə Eldar müəllimin
ali məqsədi belə idi: nə qədər
birliyimiz olmayacaq, bizi məğlubiyyət gözləyir. Biz bir olmalıyıq. “Dərvişin
qeydləri” yaxşı filmdir. Çünki onun ali məqsədi dünən, bu gün və
sabah – həmişə aktualdır.
–Qurban
müəllim, “Mahmud və Məryəm” filminə çəkilmədiyinizə
görə təəssüflənmirsiniz ki?
–Həm təəssüflənirəm,
həm də yox...Rol çox maraqlı idi. O obrazı mən
tamam başqa cür fikirləşirdim. Əsərdə
xristian öz qızını müsəlmanlardan
qaçırdır. Rejissor bu motivi dəyişmişdi.
Söhbətlərin birində dəyişikliklə
bağlı fikrimi öyrəndi. Mən
bunu platonik sevgi ilə əlaqələndirdim. Cavabım xoşuna gəldi. Etiraf
edim ki, mən o rolu oynamaq istərdim.
–Tamaşaçılar Sizi daha çox ciddi rollarda
görürlər. Aktyor yaradıcılığında
“amplua” anlayışına münasibətiniz?
–“Amplua”ya pis baxmıram. Şəxsən
özümə qalanda Hamleti də oynamışam, Qurbanəli
bəyi də. Həm də Gənc
Tamaşaçılar Teatrında Hüseynağa Atakişiyevin
quruluşunda. Onu da deyim ki, sənətdə
əldə etdiyim uğurlara görə Hüseynağa
Atakişiyevə minnətdaram. O vaxta qədər
müxtəlif yerlərdə işləmişdim. 1989-cu ildə Gənclər Teatrına gəlməsəydim,
bəlkə, hələ də realizə
olunmamışdım. Hüseynağa
Atakişiyevin bir aktyor kimi mənə olan inamına görə
bugünkü günə gəlib çıxmışam.
Kimsə deyəndə ki, Qurban İsmayılov
pis aktyor deyil, mən uğurumu Hüseynağa Atakişiyevin
adı ilə bağlayıram. O, mənə çox
inanırdı. Hamlet, Maqbet kimi rolları da o
aktyor bacarığıma güvəndiyindən mənə həvalə
edib. Hətta Hamleti verəndə
bütün kollektiv onun seçiminə təəccüblənmişdi.
–Siz necə?
Hüseynağa müəllimin seçimini
gözləyirdiniz?
–Düzü,
əvvəl düşünürdüm ki, mən Poloni və
yaxud Klavdini oynaya bilərəm. Demirəm,
Hamleti yüksək səviyyədə oynamışam, hər
halda mən öz Hamletimi yaratmışam. Hüseynağa Atakişiyevin göstərdiyi yolla
getmişəm.
–Qurban
müəllim, ekran yaradıcılığınızda Ata
obrazı xüsusi yer tutur. “Ayaqqabı əməliyyatı”
qısametrajlı filmində tamamilə başqa ampluada
görünürsünüz. İfanızdakı xəfif
yumor boyaları Sizi komediya aktyoru kimi də səciyyələndirməyə
əsas verir...
–Öz
üzərimə belə bir missiya götürməmişəm
ki, mən komediya aktyoru, dram aktyoruvə yaxud faciə aktyoruyam.
“Debüt” studiyasında o silsilədən
ikiqısametrajlı film çəkilib. Biri
“Usta Yusifin kamançası”, o biri isə “Ayaqqabı əməliyyatı”dır.
Həmin obraz orada da var. “Ayaqqabı əməliyyatı”
sanki onun davamıdır. Düşündüm
ki, bu tipin qeyri-adi yerişi, mimikaları var.Əslində
mimika, yeriş, sözlə yaradılan komediyanın tərəfdarı
deyiləm. Mənə daha çox vəziyyət
komediyası maraqlıdır. Bu cəhət
ssenaridə var idi. Mən də materialdan
çıxış eləyərək rolun kimliyindən, ali məqsədindən, başlanğıc, əsas
hadisədən, bünövrə-zerno deyirlər, ondan
çıxış elədərək işimi görürəm.
–“İstanbul
reysi”ndəki ata obrazı ikinci dərəcəli rollardan olsa
da, təbii aktyor oyununuzla yaddaqalandır...
–Kinoda həm
də istər-istəməz görünüş məsələsi
var. İndi 60 yaşındayam. Bəzən
aktyoru görünüşünə görə çəkirlər,
amma aktyor filmi heç eləyir. Deyilənə
görə, Eldar müəllim, adətən, bir dəfə
işlədiyi aktyorla sonra işləmir. Ola bilsin işləsin,
bir neçə filmdən sonra, mənsə onun ardıcıl
olaraq “Girov”, “İstanbul reysi”, “Dərvişin qeydləri” filmlərində
çəkildim. “İstanbul reysi”ndə
kiçik epizodik rol hamının yaxşı tanıdığı
atadır. Qəhrəmanım hər bir
ata kimi övladının ailə qurmağını gözləyir.
Onun bir məqsədi var-övladının
xoşbəxtliyi, övladını qorumaq.
–Qurban
İsmayılovun dəyişməz sənət devizi...
–
Hüseynağa Atakişiyevin sözləridi:
başını sal aşağı, işini gör. Hər anlamda-həm sənət baxımından, həm
də bütün münasibətlərə rəğmən
başımı aşağı salıb işimi
görürəm. Bu mənada bir devizim
var. Öz işimlə məşğul olmaq.
–Deyirlər,
incəsənət qurban tələb eləyir. İllərdi
fədakar aktyor əməyilə səhnədə və
çəkiliş meydançalarında yorulmadan
çalışırsız. Sənət
naminə nələrisə qurban vermisiniz?
–Təbii
ki, aktyor olmaq çətin məsələdir. Həm
mənəvi, həm maddi baxımdan çox çətindir.
Maddi baxımdan xüsusilə. İstədiyin həyatı maddi baxımdan
övladlarına yaşada bilmirsən. Övlad
da istər-istəməz reallıqla barışır. Belə cəhətlər bəzən adama mənəvi
əziyyət də verir. Mən aktyoram,
sevdiyim sənətdəyəm. Belədə
o uşağın günahı nədir? Bəzən
yol açılıb ki, maddi tərəfdən yaxşı
qazancım, imkanım olsun. Amma getməmişəm.
Getmədiyimə görə peşman da deyiləm.
Mən sevdiyim işlə məşğulam.
–Yaradıcılığınıza
nəzər salarkən “Nar bağı” filmini xüsusi qeyd etmək
yerinə düşər. Bu filmilə bağlı sənət
yaddaşınızda yaşayan xatirələriniz...
–Filmin
ssenari müəllifləri İlqar Nəcəf, Asif Rüstəmov
və hollandiyalı Roelof Jan Minneboodur. Operator
türk əsilli alman vətəndaşı Ayxan Salardır.
“Nar bağı” İlqar Nəcəfin ikinci
filmidir. Bu filmdə uzun kadrlar çox idi.
Aktyorların iri planları isə nisbətən
azdır. Daha çox orta və ümumi
planlardır. Həm ssenarist, həm rejissor
kimi operatorla birlikdə İlqar Nəcəf uzun müddət
çox çalışmışdı. Filmin çəkilişlərinə tam hazır idi.
İlqar Nəcəf məni filmə dəvət
elədi. Söhbətlərində mənə dedi ki,
insan əgər kökündən qopdusa, düzələn
deyil. Heç nə onun üçün müqəddəs ola bilməz... Bu yaxınlarda “Nar
bağı” Türkiyənin TRT 2 telekanalında nümayiş
olundu. Filmdən əvvəl və sonra
Türkiyənin tanınmış tənqidçiləri
fikirlərini dedilər. Filmi
Göyçayın Bığır kəndində çəkdik.
Çəkiliş meydançasındaçox
böyük səmimiyyət var idi. Səmimiyyət
olanda iş öz axarı ilə gedir.
–Qurban
müəllim, özünüzə nə arzulardınız?
–Artıq
üzü qocalığa gedirəm. Özümə
həm sənət, həm sağlamlıq anlamında ancaq
xoşbəxt qocalıq arzulayıram.
–Maraqlı
müsahibəyə görə Sizə təşəkkür
edirik, Qurban müəllim!
Hatəm
ƏSGƏROV,
rejissor.
Respublika.- 2020.- 16 avqust.- S.4.