Cəmiyyət üçün fədakarlıq
nümunəsi
Humanizm, xeyirxahlıq və nəcib əməllər bəşər durduqca yaşayır, bu ali mənəvi keyfiyyətlərin sahibləri, şərəfli missiyanın daşıyıcıları isə öz varlıqları ilə xalqına daim başucalığı, şan-şöhrət gətirir, onun sevimlisinə çevrilirlər. Nəsildən-nəslə keçən xeyirxahlıqları, nəciblikləri hər an insanlara kömək etmək, onlara yardımçı olmaq kimi ülvi hissləri ilə doğulduqları torpağın, sahibi olduqları Vətənin şərəfini yüksəklərə ucaldırlar. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada yüksək ehtiram sahibi olmuş ölkəmizin birinci xanımı Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan belə görkəmli şəxsiyyətlərdəndir.
Hər bir insanın öz həyat yolu vardır. Öz
xalqı, dövləti üçün durmadan
çalışan insanlar həmişə böyük
nüfuz sahibi olublar. Onlar yalnız
dünyaya gəldikləri ailə üçün deyil,
bütövlükdə cəmiyyət üçün qiymətlidirlər.
Yüksək mənəvi keyfiyyətlərə
malik ziyalı ailəsində dünyaya gələn Mehriban
xanım həyat təcrübəsi ilə sübut edir ki, Azərbaycan
qadını dünya əhəmiyyətli fəaliyyət
göstərə, bir-birindən parlaq uğurlar qazana bilər.
Sosial-mədəni həyat sferalarında
çoxsaylı təşəbbüslər göstərən,
səmərəli layihələr həyata keçirən Azərbaycanın
birinci xanımı öz fəaliyyəti ilə bir nümunəyə
çevrilib. Mehriban xanım Əliyeva Azərbaycanda
nümunəvi birinci xanım ənənəsini yaratmaqla cəmiyyətə
və dövlətçiliyə böyük töhfə
verir.
Qadının istənilən cəmiyyətdə yeri və
rolu, sosial-hüquqi statusu adət-ənənə ilə
sıx bağlıdır. Qadına hörmətin
yüksək olduğu cəmiyyətlərdə saflıq, əxlaq,
mənəviyyat və ailə tərbiyəsi də
güclü olur. Heç şübhəsiz,
Azərbaycan bir cəmiyyət və ölkə olaraq bu məsələdə
fəxr edə bilər. Ulu öndər
Heydər Əliyev qadınlarla bağlı çox dəyərli
fikirlər söyləyib. Onlardan biri belədir: “Azərbaycan
qadınları xalqımızın adət-ənənələrini,
mədəniyyətini, elmini, intellektual potensialını yüksək
səviyyədə təmsil etmişlər və bu, indi də
belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin,
müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin
dayağıdır”.
Olduqca dolğun, dərin və əhatəli fikirlərdir. Xüsusilə
Azərbaycanın birinci xanımı və Birinci vitse-prezident
Mehriban xanım Əliyeva haqqında düşünəndə,
bu müdrik fikirlər yada düşür. Bəli,
taleyin xoşbəxtliyidir ki, Azərbaycan xalqının
Mehriban Əliyeva kimi övladı, Azərbaycan cəmiyyətinin
şansıdır ki, Mehriban Əliyeva kimi qadın nümayəndəsi
və müstəqil Azərbaycan dövlətinin uğurudur
ki, Mehriban xanım Əliyeva kimi Birinci vitse-prezidenti vardır!
Mehriban xanım ictimai fəal, mənəvi-əxlaqi
dəyər təmsilçisi və dövlət idarəçiliyində
yüksək vəzifə sahibi kimi bir nümunədir.
Vurğulanan kontekstdə Prezident İlham Əliyevin
aşağıdakı fikri çox maraqlı və
aktualdır.
Dövlət başçısı ifadə edib: “Tariximizin hər
bir dövründə qadınlarımız cəmiyyətin
sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin
bugünkü simasının müəyyənləşməsi
üçün böyük fədakarlıqlar göstərmişlər”.
Bu, bir həqiqətdir ki, Azərbaycan tarixinin
bütün mərhələlərində, xüsusilə ən
ağır dövrlərdə qadınlarımız cəmiyyətin
sarsılmaz dayağı olublar. Onlar ailədə,
cəmiyyətdə və döyüş meydanlarında sədaqətlə
həyat yoldaşları ilə çiyin-çiyinə
dayanıblar. İndi də Prezidentin
çox dəqiq ifadə etdiyi kimi, qadınlar “ölkəmizin
bugünkü simasının müəyyənləşməsi
üçün böyük fədakarlıqlar göstərirlər!”
Mehriban xanım Əliyeva məhz bu qüdrətdə olan Azərbaycan
qadını nümunəsidir!
Mehriban xanım Əliyevanın özü həyat fəlsəfəsinin
əsas məqamını ifadə edən fikirlər söyləyib. Azərbaycanın birinci
xanımı müsahibələrinin birində ifadə edib:
“Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradarkən
onun əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ
etmək, tanıtdırmaq idi. “İrs” jurnalını da mən
elə onda təsis etdim... Fond da, jurnal da kifayət
qədər mürəkkəb vəzifələri yerinə
yetirməli idi. O illər müstəqil Azərbaycanın
təşəkkül illəri idi. Siyasi,
iqtisadi dəyişikliklərlə yanaşı, köhnə
ideologiyadan xilasolma prosesi də gedir, stereotiplər dağıdılırdı.
Kifayət qədər təlatümlü həmin
dövrdə mədəni irsimiz yenidən fikir süzgəcindən
keçirilir, əzəli milli ənənələrə və
köklərə qayıdılırdı”.
Mehriban xanım Əliyeva təbiətən çox
kreativ insandır. Azərbaycanın birinci xanımı cəmiyyətdə
pozitiv yeniliklər etməyi bacarır. Məhz
bu məqamı nəzərdə tutaraq ekspertlər
vurğulayırlar ki, Azərbaycan dövlətçiliyi
tarixində ilk dəfə olaraq Mehriban xanım Əliyeva
birinci xanım statusunu formalaşdıraraq cəmiyyətin həyatına
birinci xanım ənənəsini gətirib. Dünya təcrübəsi göstərir ki, birinci
xanım ilk növbədə elmə, mədəniyyətə,
təhsilə və səhiyyəyə daha çox diqqət
yetirir. Mehriban xanım isə həmin sahələrlə
yanaşı, müxtəlif humanitar təşəbbüslərin
reallaşmasına bilik və bacarığını sərf
edir, dövlət başçısı ilə ictimaiyyət
arasında güclü əlaqələndirici rolunu
oynayır. Birinci xanımın irəli
sürdüyü təşəbbüslər dövlətlə
vətəndaşın birliyinin təmin edilməsində
vacib rol oynayır.
Mehriban Əliyevanın Azərbaycanın birinci
xanımı kimi yüksək səviyyədə uğurlu fəaliyyətinin,
əlbəttə, öz səbəbləri vardır. Bu barədə birinci
xanımın özü çox dolğun və maraqlı
fikir ifadə edib: “Hər şey bu və ya digər insanın
öz vəzifələrinə nə dərəcədə
ciddi yanaşmasından asılıdır. Aydın
şəkildə dərk etmək lazımdır ki, müəyyən
anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə
çevrilirsən. Sən artıq təkcə
özünü və ya öz ailəni yox, öz ölkəni
təmsil edirsən. Bu barədə
özünə hesabat verməli, sözlərində, qərarlarında,
hərəkətlərində daha təmkinli olmalısan.
Bu, çox məsuliyyətli yükdür... Fikrimcə,
vəziyyətindən və statusundan asılı olmayaraq bu və
ya digər rolu oynamalı deyilsən və kimliyini
saxlamağı bacarmalısan. Mən
birinci xanım olmağımı, ilk növbədə,
insanların bu və ya digər probleminin həlli
üçün obyektiv fürsət kimi dəyərləndirirəm”.
Mehriban xanım bu statusda bir nümunə, fəaliyyət
modelidir. Konkret desək, birinci xanım statusu Mehriban xanım
üçün hər şeydən öncə öz
xalqı, milləti və dövləti üçün
çalışmaq fürsətidir. Eyni
zamanda, bütün bəşəriyyət miqyasında
humanitar sahədə geniş fəaliyyət göstərmək
imkanıdır. Çünki məlumdur ki, müasir
dünyada əhalinin müxtəlif təbəqələrinin
sosial-iqtisadi, maliyyə, mədəni və s. problemləri
çoxdur. Mehriban Əliyeva Azərbaycanın
birinci xanımı və Birinci vitse-prezident kimi milli səviyyədəki
işləri ilə dünya miqyasındakı işlərini
uyğunlaşdırır və bu əsasda bütün
dünyada böyük nüfuz qazanıb. Azərbaycanlı
qadının bu uğuru, əlbəttə, həm nümunədir,
həm də qürur hissi doğurur.
Azərbaycanın birinci xanımının “dövlət
başçısının xanımı kimi mənim
üçün həmişə ən vacibi o olmuşdur ki,
mən öz ölkəm üçün nə edə bilərəm”
fikri olduqca nümunəvidir. Bu fikirlərdə
Mehriban xanımın təkcə daxili zənginliyi və təvazökarlığı
deyil, həm də Azərbaycan qadınlarını cəmiyyətdə
fəal olmağa bir çağırış öz ifadəsini
tapıb. Mehriban xanım humanizm, mərhəmət və
nəciblik kimi ali mənəvi keyfiyyətlərdən
irəli gələn əzmkar və çoxşaxəli
qadın fəaliyyətini təşviq edir. Müasir
dövlətçilikdə və sosial-mədəni
inkişafda həmin faktorun rolu danılmazdır. İndi qadınların fəallığı
dünyanın ən inkişaf etmiş cəmiyyətləri
üçün demokratiyanın təmini baxımından
çox prinsipial amil hesab olunur.
Bütün
bunlara görə, heç də təsadüfi deyil ki, bir
çox xarici ölkələrin tanınmış siyasi
liderləri və ictimai xadimləri vurğulayırlar:
“Mehriban Əliyeva Şərq ölkələrində siyasətin
yalnız kişilərin işi olması barədə
stereotipləri uğurla təkzib edir”. Bu qiymətləndirmə
çox maraqlıdır və istənilən cəmiyyətdə
qadınların sosial statusunun məzmununda vacib məqamı
önə çəkir. Məhz Azərbaycanda
müsəlman Şərqində ilk dəfə olaraq demokratik
respublika qurulub və onun ilk qərarlarından biri
qadınların seçki hüququnun tanınmasından ibarət
olub. Ümumiyyətlə, Azərbaycan
ziyalı elitası XIX əsrin sonu - XX əsrin əvvəllərində
“qadın bir şəxsiyyət kimi azad olmayınca, xalqın
problemləri həllolunmaz qalacaq!” tezisini irəli
sürüb. Bu barədə Məhəmməd Əmin Rəsulzadə,
Həsən bəy Zərdabi, Əhməd bəy Ağayev, Cəlil
Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məmməd
Səid Ordubadi, Cəfər Cabbarlı və başqaları
yazıblar.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin
qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində
isə cinsindən asılı olmayaraq hər bir vətəndaşın
seçib-seçilmək hüququnun olduğu öz qanuni təsdiqini
tapdı. Həmin dövrdə yazırdılar
ki, “Qadınlar sair vətəndaşlarla bərabər vətəni
və siyasi hüquq kəsb edirdilər ki, bu hal bütün
Şərqdə deyil, Avropada belə tamamilə tətbiq
edilmiş deyildi. Azərbaycan milli
xartiyası bu qərar ilə nə qədər ülvi, bəşəri
və mədəni qayələrlə doymuş olduğunu
isbat etməkdədir”.
Bu hadisədən
100 il sonra özünün demokratik ənənəsi
və imkanları ilə fəxr edən Qərbin siyasi liderləri
etiraf etdilər ki, Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva “siyasətin yalnız kişilərin işi
olması barədə stereotipləri uğurla təkzib edir!”
Bəli, Mehriban xanım Əliyeva öz xarakteri, kimliyi və
konkret fəaliyyəti ilə bütün dünyaya sübut
edir ki, Azərbaycan qadını müasir cəmiyyətlərdə
fəallığı ilə bir nümunə ola
bilər, çünki bu xalqın özünün
güclü demokratiklik və tolerantlıq ənənələri
var.
Əlbəttə, bu fikirlər Mehriban xanımın mədəniyyətlərin,
dinlərin və sivilizasiyaların dialoqu, əməkdaşlığı,
irqindən asılı olmayaraq hər bir xalqın
övladlarının rifah içində yaşamaq
hüququnun olduğu istiqamətlərdə fədakarlıqla
çalışmasını göz önünə gətirir. Kökləri
Azərbaycan mədəniyyətinin məzmununa, dövlətçilik
tarixinə və qadınların cəmiyyətdəki
statusuna gedən həmin fədakarlığın müasir
tarixi mərhələdə çox uğurlu model
formasını alması, təbii ki, Mehriban xanım
Əliyevanın birbaşa xidmətləri ilə
bağlıdır. Bu aspektdə Mehriban xanımın
aşağıdakı fikirləri reallığı tam əks
etdirir: “Əsas budur ki, rəhbər vəzifədə - Azərbaycan
Respublikasının Prezidenti kimi İlham Əliyev ilk növbədə,
ölkənin və Azərbaycan xalqının maraqlarına
istinad edir. Düşünürəm ki, bu qərarı
da o, bu prinsiplərə istinad edərək qəbul
etmişdir. Buna görə də əlbəttə,
üzərimə düşən məsuliyyət olduqca
böyükdür. Mən Prezidentin
etimadını doğrultmalıyam və ən
başlıcası isə inamı, ümidi olan insanların
etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam”.
Ulu
öndərimiz Heydər Əliyevin başladığı və
cənab Prezident İlham Əliyevin davam etdirdiyi məqsədyönlü,
ardıcıl siyasət nəticəsində Azərbaycan
dövləti az bir vaxtda ermənilərin
anti-Azərbaycan təbliğatının zəiflədilməsinə,
ifşa edilməsinə nail olub. Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev
Fondunun son illər ərzində Azərbaycan həqiqətlərinin,
Xocalı soyqırımının dünyada
tanıdılması istiqamətində həyata keçirdiyi
məqsədyönlü işlər, Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə
artıq 10 ildən çoxdur ki, aparılan “Xocalıya ədalət!”
beynəlxalq kampaniyası nəticəsində çox ciddi
uğurlar əldə olunub.
“Xocalıya ədalət!” kampaniyası bu tədbirlərə
daha çox insanın cəlb olunmasında və daha geniş
coğrafiyaya yayılmasında ciddi rol oynayıb. Artıq bu təbliğat
kampaniyası Amerikadan Avropaya, Mərkəzi Asiya, Yaxın və
Uzaq Şərq ölkələri, Avstraliya, hətta Afrikaya qədər
geniş bir coğrafiyanı əhatə edir. “Xocalıya
ədalət!” beynəlxalq kampaniyası bu sahədə
görülən işləri daha da sürətləndirib, səmərəsini
artırıb.
Ölkənin birinci xanımı Milli Məclisdəki fəaliyyəti dövründə humanizm prinsiplərinə sadiqliyini dəfələrlə sübut etmişdir. Onun təşəbbüsü ilə hazırlanmış amnistiya aktları 2007, 2009, 2013, 2016-cı illərdə Milli Məclis tərəfindən qəbul olunmuş, nəticədə ümumilikdə 30 mindən çox məhkum müxtəlif növ cəzalardan azad edilmişdir. “Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki, həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında öz həyatını, fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir” deyən Mehriban Əliyeva cəmiyyətdə humanizm prinsiplərinin nə qədər önəmli olduğunu xüsusilə qeyd etmişdir. Ölkənin birinci xanımının simasında Azərbaycan qadını ilk dəfə olaraq humanist dəyərləri, mənəvi kamilliyi əsas meyar kimi önə çıxarır, ədalətli cəmiyyətin bərqərar edilməsinin zəruri şərtlərini müəyyən edir. Beləliklə, Azərbaycanın qadın hərəkatında güclü dövlət, ədalətli cəmiyyət və azad qadın anlayışı bir-birinə möhkəm tellərlə bağlanaraq sosial-mədəni inkişafımızın daim işlək qüvvəsinə çevrilir.
Mehriban xanım həm qadın, həm ana, həm də yeni siyasi təfəkkür daşıyıcısı olan dövlət xadimi kimi Azərbaycan üçün nümunədir, qadınların ictimai fəallığını əks etdirən yeni modelin müəllifidir. Bu statusda Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı müasir dünyada nümunəvi fəal qadın və siyasi xadim kimi də qəbul edilir. Əlbəttə, bu, bütün Azərbaycan xalqını sevindirir, cəmiyyət layiqli dövlət adamı ilə qürur duyur.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bundan sonrakı fəaliyyətində də xalqı, dövləti və milləti üçün səylərini əsirgəməyəcək, Azərbaycan cəmiyyətində mənəvi keyfiyyətlərlə müstəqil dövlətçiliyin inkişafına öz qiymətli töhfələrini verəcəkdir.
Fatma YILDIRIM,
Milli Məclisin deputatı
Respublika.- 2020.- 26 avqust.- S.1;4..