Mərhəmət və inam
ünvanı
Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı Mehriban Əliyeva həmişə vurğulayır ki, hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki, dövlət qurumları və vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Azərbaycan cəmiyyəti də bu mənada mərhəmət və qayğının ən ali nümunəsini məhz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun timsalında görməkdədir. 2004-cü ildə yaradılan Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətləri təhsil və səhiyyənin, gənclərin, ölkəmizin əhalisinin ən çox qayğıya ehtiyacı olan təbəqələrinin dəstəklənməsindən ibarətdir. Fond 16 illik fəaliyyəti ərzində həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda böyük nüfuz qazanıb. Fondun reallaşdırdığı bütün layihələr ölkəmizdə insanların daha yaxşı yaşamasına yönəlib.
Mehriban xanım Əliyevanın Rusiya telekanallarından birinə müsahibəsindən bir hissəni xatırlatmaq yerinə düşər. O vurğulayıb: “Biz konkret vətəndaşı görməyə və eşitməyə çalışırıq. Ona görə Fondun hamıya məlum olan, yaxşı işıqlandırılan işindən əlavə, bizim elan etmədiyimiz işlər də var. Yəni, bu gün vətəndaşlarımız bilirlər ki, onlar Fonda müraciət etdikdə mümkün olan hər cür kömək edilməsi üçün maksimum səy göstəriləcək. Mən fəxr edirəm ki, Fondda bu cür vətənpərvər, yaxşı təhsil görmüş, artıq müstəqil Azərbaycanda böyümüş gənclər komandası var və bizim uğurlarımız, əlbəttə ki, komanda şəklində işin uğurudur”. Bu mənada onun təbirincə desək, Heydər Əliyev Fondunun əsas nailiyyəti bundan ibarətdir ki, o, Azərbaycan xalqının hörmətini və sevgisini qazanıb. Fond qısa müddətdə nəinki Azərbaycanın, bütövlükdə regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilib. Birinci vitse-prezident, Mehriban xanım Əliyeva ölkəmizdə həm də idmanın böyük hamisi kimi tanınır. Təbii ki, idmana qayğı səbəbsiz deyil. Azərbaycan gənclərinin hərtərəfli inkişafı, gənc nəslin intellektual və fiziki inkişafı bu gün Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Mehriban xanım Əliyevanın idmana qayğı ilə yanaşması sayəsində Azərbaycan idman ölkəsi kimi çoxsaylı uğurlara imza atmaqdadır. Ölkəmiz ən nüfuzlu beynəlxalq idman yarışlarının ev sahibinə çevrilib. Bu gün Azərbaycan Beynəlxalq Olimpiya Hərəkatının fəal üzvüdür. İdmanın inkişafı, Olimpiya dəyərləri və ideallarının təbliği Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən biridir.
Mehriban xanım Əliyevanın idmana qayğısı, həmçinin, bu istiqamətdəki yüksək təşkilatçılıq bacarığı ölkəmizin bu sahədə nüfuzunun daha da artmasına səbəb olub. 2015-ci il İlk Avropa Oyunları - nəzərə alaq ki, miqyası kifayət qədər böyük olan bu idman yarışlarında Azərbaycan da daxil olmaqla dünyanın 50 ölkəsindən 6000 atlet 20 idman növü üzrə iştirak edirdi. Belə mötəbər tədbirlərə ev sahibliyi etmək ilk növbədə beynəlxalq standartlara cavab verən hazırlıq tələb edirdi. Ən vacib məqam budur ki, dünya praktikasında belə mötəbər yarışlara hazırlaşmaq üçün ev sahibi ölkələrinə, adətən, 7 il vaxt verilir. Amma Azərbaycan məhz Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində Avropa Oyunlarına bütün hazırlıq işlərini 2 il yarımdan da az müddətə tamamlamaqla bu sahədə rekorda imza atdı. Oyunlara hazırlıqla bağlı qısa vaxtda zəruri infrastruktur quruldu. Avropa Olimpiya Komitəsinin rəhbərliyi də hazırlıq sahəsində bütün Bakı heyətinin dünya rekorduna imza atdığını bəyan etdi. “Bakı 2015” sayəsində yüksək standartları məhz Azərbaycan müəyyənləşdirdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev oyunların qalibləri və onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri ilə görüşdəki nitqində də hazırlığın yüksək səviyyədə tamamlanmasında Təşkilat Komitəsinin üzvlərinin və şəxsən Mehriban xanım Əliyevanın xalqa, dövlətə sevgisinin böyük rol oynadığını xüsusi vurğuladı. Cənab Prezidentin vurğuladığı kimi, məhz Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri kimi Mehriban xanım Əliyeva Oyunların bu səviyyədə keçirilməsinə, sözün həqiqi mənasında, öz bilik və bacarığını qoymuşdu. Çünki burada həm təcrübə, həm peşəkarlıq və ən önəmlisi, xalqa, dövlətə sevgi, məhəbbət var. Biz eyni uğuru və eyni peşəkarlığı 2017-ci il İslam Həmrəylik Oyunlarında gördük. Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları vasitəsilə Azərbaycandan dünyaya sülh, əmin-amanlıq, birlik, həmrəylik mesajı ünvanlandı. Azərbaycan növbəti dəfə İslam dünyasına nümunəvi standartlar təqdim etdi. Beynəlxalq ictimaiyyət Azərbaycan nümunəsində həmrəyliyi gücə çevirməyin real nümunəsini gördü. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyeva artıq 18 ildir, Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. 2002-ci ildə Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi ilə bu idman növünün yeni inkişaf mərhələsi başladı. Onun beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə 2003 və 2004-cü il Dünya Kuboku mərhələlərinin və 2005-ci il Dünya Çempionatının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb. Məhz Mehriban xanımın dəstəyi və idmançılarımıza inamı, etimadı sayəsində Azərbaycan gimnastları böyük uğurlar qazanmaqdadır.
Mehriban xanım Əliyeva vaxtilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi də təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli istiqamətində əvəzsiz addımlar atıb. Eyni zamanda ölkənin Birinci vitse-prezidenti kimi yüksək vəzifəyə təyin olunduğu ilk gündən vətəndaş amili, cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqəsinə diqqət və dəstək Mehriban xanımın fəaliyyətinin əsas prioritetidir. Bir sözlə, ictimai-siyasi fəaliyyəti ərzində humanitar və sosial sahələri daim diqqət mərkəzində saxlayan, Azərbaycan qadınına xas olan bütün nəcib keyfiyyətləri özündə əks etdirən Mehriban xanımın çoxşaxəli fəaliyyəti ilk növbədə Azərbaycan naminə fəaliyyətdir. Eyni zamanda onun genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti, bəşəriyyətin ali ideallarına xidməti dünyada da nümunə kimi dəyərləndirilir. Həqiqətən də humanizm, xeyriyyəçilik Mehriban xanım Əliyevanın həyat amalını təşkil edir. Mehriban xanım çıxışlarının birində qeyd etmişdi ki, vicdan və ləyaqət, mərhəmət və xoş niyyət, ədalət və qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Biz həqiqətən də Mehriban xanımın fəaliyyətində bu ali dəyərlərin əyani nümunəsinin şahidiyik. Onun bütün istiqamətlər üzrə fəaliyyətinə nəzər saldıqda - həm bir insan, həm bir Azərbaycan qadını, qayğıkeş ana, həm də dövlət xadimi kimi yüksək keyfiyyətlərə malik olduğunu görürük. Dünya ictimaiyyəti məhz Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının peşəkar idarəçilik bacarığını, eyni zamanda yüksək səviyyəli intellekt və ədalət nümunəsi görür.
Könül NURULLAYEVA,
Milli Məclisin deputatı.
Respublika.- 2020.- 26 avqust.- S.4.