Azərbaycan pedaqoji elminin unudulmaz tədqiqatçısı
O, elmin yollarını çətinliklə aşmış, bərkə-boşa düşdükcə daha da mətinləşmiş, sonu görünməyən zirvəyə çatmaq üçün böyük əmək sərf etmiş, Azərbaycanda pedaqogika elminin inkişafına öz töhfələrini vermiş, bu sahədə yetişmiş görkəmli alimlər kimi onun da irsi indiki nəsil üçün əsl istinad mənbəyinə çevrilmişdir. Bu, istedadın möcüzələri idi və həmin möcüzələr sərhədləri aşıb dünyanın bir çox ölkələrinədək gedib çıxmışdı. Yaşadığı 94 illik ömür payının 60 ildən çoxunu xalqının məktəb, təhsil tarixinin araşdırılmasına həsr etmiş, “XIX əsr Azərbaycan məktəbi” kimi fundamental bir əsəri ərsəyə gətirməklə 100 illik məktəb tariximizin salnaməsini yaratmış və bununla da hələ sağlığında özünə mənəvi abidə ucaltmışdı.
“Elmi biliklərə yiyələnmək Allahın yanında oruc tutmaqdan da, namaz qılmaqdan da, Həccə getməkdən də, Ulu Tanrı yolunda cihada qoşulmaqdan da üstündür”. Sevimli Peyğəmbərimizin buyurduğu kimi, o da elmi üstün tutmuş, elmi ucaltdıqca, özü də ucalmışdı...
Müəllim, pedaqoq, akademik, azərbaycanlı heysiyyatını uca tutan əsl vətəndaş Hüseyn Əhmədov...
Hüseyn müəllim 2018-ci il martın 27-də uzun illər çalışdığı Azərbaycan Dövlət Pedaqoji Universitetin 100 illiyinə həsr etdiyi məqalədə yazırdı: “90 illik ömrümün 60 ilini divarları arasında keçirdiyim, gəncliyimi müəllim kadrların hazırlığına həsr etdiyim, buradan pərvazlanaraq elmin ən uca zirvəsinə qədər çox çətin, lakin şərəfli bir yol gedərək, SSRİ kimi bir dövlətin Pedaqoji Elmlər Akademiyasına seçilən dörd nəfərdən biri olduğum, nəşr etdirdiyim 600-ə qədər əsərlərim, hazırladığım 60 nəfər elmi-pedaqoji kadrlarla qürur duyduğum, xarici dövlətlərin akademiyalarının 3 qızıl medalına layiq görüldüyüm və bütün bunlarla doğma institutuma Rusiya, Avropa və ABŞ-da şərəf və şöhrət gətirdiyim, Azərbaycan pedaqoji elminin karifeylərindən biri kimi tanıdığım, xalqımızın unudulmaz oğlu Nəriman Nərimanovun 26 avqust 1921-ci ildə imzaladığı 66 ¹-li dekretlə əsası qoyulan ADPU-nun təşkilinin 100 illiyinə ithaf edirəm:
Bizləri də hərdən salsanız yada,
Xəndan
olarsınız bu gen dünyada...”
Hüseyn
Əhmədov 1926-cı il iyulun 17-də Qərbi
Azərbaycan torpağı qədim Göyçə
mahalında-Krasnoselo rayonunun Toxluca kəndində kəndli ailəsində
doğulub. Göyçə gölünün
yaxınlığında yerləşən bu kəndin
gözəl təbiəti vardı. Deyirlər, təbiət
isə öz paklığından, gözəlliyindən,
saflığından qoynunda doğulan insanlara da pay verir. Yəqin Hüseyn müəllimi də
çoxlarından fərqləndirən insani keyfiyyətləri
təbiətin ona lütfü, səxavəti, bəxşişi
idi. 1932-ci ildə I sinfə qədəm
qoyan Hüseyn ailəsi ilə birlikdə 1939-1940-cı illərdə
İrəvan yaxınlığındakı Kənəkir
rayonunun Göykilsə kəndində yaşamış, 1939-cu
ildə orada VII sinfi, Kənkan kəndində isə VIII sinfi
bitirmişdir. 1943-cü ildə IX sinfi
bitirdikdən sonra Toxluca kənd məktəbinin ibtidai siniflərində
dərs deməyə başlamışdır. V-X siniflərdə erməni dili müəllimi vəzifəsi
də ona həvalə edilmişdi. O zaman Hüseynin 17
yaşı vardı. Təhsilini davam etdirmək
arzusunda olan gənc müəllim 1947-ci ildə Kirovabad (indiki
Gəncə) Pedaqoji Texnikumunu, 1951-ci ildə isə Kirovabad
Pedaqoji İnstitutunu əla qiymətlərlə bitirir.
Elmə böyük həvəsi olan Hüseyn 1952-ci ildə təhsilini
davam etdirmək üçün Bakı şəhərinə
göndərilir və o, V.İ.Lenin adına
Azərbaycan Pedaqoji İnstitutuna (indiki N.Tusi adına ADPU)
aspiranturasına qəbul olunur. Elmi-pedaqoji kadr
hazırlığında respublikada əsas və yeganə
müdafiə kafedrası olan pedaqogika kafedrasında aspirant
kimi fəaliyyətə başlayan Hüseyn Əhmədov Azərbaycanın
məşhur alim-pedaqoqlarının, o cümlədən
Əhməd Seyidovun, Mehdi Mehdizadənin, Mərdan Muradxanovun
çalışdığı həmin kafedrada namizədlik
dissertasiyası üzərində işləyir. 1958-ci ildə müdafiə etdiyi “İbtidai məktəb
şagirdlərinin kommunist əxlaqı tərbiyəsində
nümunənin rolu və ondan istifadə etmək yolları”
mövzusunda namizədlik dissertasiyası işi o zamanlar
akademik A.O.Makovelski, professor B.B.Komarovski, M.Ə.Muradxanov, dosent
D.Mustafayeva tərəfindən yüksək qiymətləndirilir.
1972-ci ildə isə o, Azərbaycan Dövlət
Universitetində (indiki BDU) “XX əsrdə Azərbaycanda məktəb
təhsilinin inkişaf tarixi” mövzusunda doktorluq
dissertasiyası müdafiə edir.
Hüseyn Əhmədov təkcə Azərbaycanda deyil,
keçmiş SSRİ-də yaxşı tanınan nüfuzlu
alimlərdən idi. Məhz bunun nəticəsi idi ki, o, 1990-cı il dekabr
ayının 20-də SSRİ Pedaqoji Elmlər
Akademiyasının müxbir üzvü, 1993-cü il mayın
19-da Azərbaycan Milli Yaradıcılıq Akademiyasının
həqiqi üzvü (akademiki), 1993-cü il iyunun 18-də isə
Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi
üzvü (akademiki) seçilmişdi.
Akademik H.Əhmədovun elmi fəaliyyətində
pedaqogikanın nəzəri problemlərinin
araşdırılması mühüm yer tutur. Alimin bu sahədəki xidmətlərini
yüksək dəyərləndirən professor Əhməd
Seyidov yazır: “Hüseyn Əhmədovun tədqiqatları təkcə
Azərbaycan yox, həm də Zaqafqaziya və SSRİ
xalqlarının pedaqoji tarixi üçün son dərəcə
faydalı tədqiqatlardır”. Rusiya Təhsil Akademiyasının
müxbir üzvü Z.İ.Ravkin yuxarıda söylənilən
fikrin təsdiqi olaraq belə yazır: “Professor Hüseyn
Əhmədovun milli məktəb və pedaqoji fikir tarixinin
sistemli tədqiqi sahəsindəki xidmətləri digər
respublikalar üçün də örnəkdir”.
Azərbaycanda məktəb və pedaqoji fikir tarixi sahəsində
apardığı ardıcıl və sistemli tədqiqatları
alimin zəngin elmi yaradıcılığının mərkəzində
dayanır. Onun pedaqogika tarixi sahəsində tədqiqat dairəsi
xeyli geniş olmuşdur. Belə ki, o, Azərbaycan
pedaqoji fikir klassiklərinin, maarifçilərinin, ilk növbədə
N.Tusinin, A.A.Bakıxanovun, M.Ş.Vazehin, M.F.Axundovun, H.Zərdabinin,
M.Ə.Elxanovun, N.Nərimanovun, Ü.Hacıbəyovun,
Ə.Y.Seyidov və başqalarının pedaqoji
ideyalarını tədqiqata cəlb etmiş, onların xalq
maarifi, məktəb təhsili, təlim-tərbiyə ilə
bağlı fikirlərini aşkarlamış, pedaqoji fikrin
qaynaqlarını üzə çıxarmış, gənc
nəslin tərbiyəsində həmin irsin əhəmiyyətini
əsaslandırmış, bu günümüz
üçün əhəmiyyətli olan elmi müddəalar
irəli sürmüşdür.
N.Nərimanovun pedaqoji irsinin tədqiqində, təbliğində
və Azərbaycanda xalq maarifinin inkişafında onun xidmətlərinin
xalqa çatdırılmasında Hüseyn müəllimin
sistemli və ardıcıl tədqiqatları daha qiymətlidir. Apardığı
elmi araşdırmalar əsasında iki kitab - “Nəriman Nərimanovun
maarifçilik fəaliyyəti və pedaqoji fikirləri”
(1970), “Nəriman Nərimanovun pedaqoji fikirləri” (1979), Azərbaycan,
rus, gürcü, erməni dillərində xeyli məqalə
yazmış, N.Nərimanovun pedaqoji fikirləri haqqında
sistemli, sanballı və dolğun tədqiqata nail olmuşdur.
O, xalqımızın bu böyük oğlunun bir
maarifçi kimi formalaşmasına təsir edən amilləri
mənəvi vəhdətdə ustalıqla təhlil etmiş,
ümumiləşdirmiş, onun pedaqoji fəaliyyətindəki
ana xətti düzgün müəyyənləşdirmiş,
əqli təhsil, ana dili və onun tədrisi, müəllim
kadrları hazırlığı haqqında fikirlərini
elmi-pedaqoji fikir süzgəcindən keçirmiş və
gördüyü işindən qürur duymuşdur. Bununla
bağlı o, deyirdi: “Mənim nə namizədlik, nə də
doktorluq işimin mövzusu Nərimanovla bağlı
olmamışdır, demək olar ki, bu, mənim bir vətəndaşlıq
borcum idi. Vaxtilə Nərimanovun yaşadığı,
sürgün həyatı keçirdiyi yerlərdə olmaq,
arxivləri araşdırmaq, onun xalqı qarşısında
xidmətlərini üzə çıxarmaq, daim xalqı barədə
düşünən və o dövrün tələblərinə
uyğun hərəkət edən dövlət xadiminin
böyüklüyünü açıb göstərmək şərəfli
bir iş idi. Bu yolda mən öz bacarıq və
qüvvəmi əsirgəmədim. 1979-cu
ildə işıq üzü görmüş “N.Nərimanovun
pedaqoji fikirləri, maarifçilik fəaliyyəti”
kitabında onun bu istiqamətdəki fəaliyyətini
işıqlandırmağa çalışmışam.
Ömrümün, elmi fəaliyyətimin 50 ildən
artıq bir hissəsini xalqımızın bu vətənpərvər
oğluna həsr etdiyim üçün özümü
xoşbəxt sayıram”.
Görkəmli
ictimai-siyasi xadim Nəriman Nərimanovun yorulmaz tədqiqatçılarından
biri professor Teymur Əhmədov alimin bu istiqamətdəki fəaliyyətini
dəyərləndirərək yazır: “...Hüseyn Əhmədovun
son 50 il ərzində elmi-pedaqoji təcrübəsi,
topladığı saysız-hesabsız arxiv sənədləri,
kitabları, qəzet və jurnal məqalələri küll
halında Azərbaycan milli pedaqogika fikrinin salnaməsidir desək,
yanılmarıq. Akademik öz əsərlərində
Nəriman Nərimanovu praktik müəllim, nəzəriyyəçi
pedaqoq və ictimai xadim kimi yetişdirən mühiti, onun
elmi-nəzəri düşüncələrini, Azərbaycanda
məktəbin, proqram və dərsliklərin
yaradılması sahəsində xidmətlərini hərtərəfli
araşdıran alimdir. O, həm də görkəmli
ictimai-siyasi xadimin fədakar təbliğatçısıdır...”.
Hüseyn Əhəmədov həm də Azərbaycan məktəb
və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı,
layiqli təbliğatçısı idi. Azərbaycan
pedaqoji elminin nailiyyətlərini nəinki keçmiş
ittifaqda, həm də xaricdə layiqincə təbliğ edən
alim dünyanın müxtəlif ölkələrində
keçirilən elmi konfrans və sessiyalarda fəal iştirak
etmiş, kəsərli, orijinal fikirləri ilə həmkarlarının
rəğbətini qazanmışdır.
ABŞ-ın
Minesota Universitetinin professoru Dəril Luiz Hüseyn müəllimin
elmi fəaliyyətinə diqqət çəkərək
yazırdı: “...Mübarizələrin
ağırlığına sinə gərib, sınaq sərhədlərini
cəsarətlə aşanların, nailiyyət çələngini
fəxarətlə daşıyanların hər biri dilindən,
dinindən, irqindən asılı olmayaraq, Hüseyn müəllim
kimi mənə doğmadır, əzizdir. Belə
alimlər bəşəriyyətin elm tacını bəzəyən
ən qiymətli gövhərlərdir. Hüseyn müəllim
kimi şəxsiyyətlərin elm aləmində qoyduğu mənəvi
izləri bütün zamanların və əsrlərin
heç bir aşınmaları silə bilməz...”.
Bütün mənalı həyatını elmin inkişafına,
məktəb və pedaqoji fikir tarixinin tədqiqinə, tədrisinə,
təbliğinə sərf edən akademik Hüseyn Əhmədov
sələflərinin başladıqları işi
böyük uğurla davam etdirərək bu sahədə
öz elmi məktəbini yaratdı. Bütün bunlarla
yanaşı, o, torpaq qeyrəti çəkən, onun
bütövlüyü uğrunda var qüvvəsi ilə
çalışan, xalqının dərd-sərinə
alışıb-yanan vətənpərvər bir insan idi.
Vətəninin hər qarışını gözlərinin
işığı, qolunun qüvvəti, dizinin taqəti,
ürəyinin təpəri bilən alimi Ermənistanın Azərbaycana
təcavüzü elə ilk gündən ciddi narahat etmiş,
rahatlığını əlindən almışdı. Bir ziyalı kimi haqq səsini
qaldırır, imkan və bacarığı daxilində fəaliyyət
göstərir, SSRİ miqyasında müxtəlif səviyyəli
diskussiyalarda iştirak edir, həmkarlarını problemin mahiyyəti
və əsl həqiqətlə tanış
edirdi. “Azərbaycan” qəzetinin 1989-cu il 2 iyul tarixli sayında
dərc olunan “DQMV probleminin siyasi həlli kimə sərfəli
deyil?” adlı məqaləsində o, Moskvanın məkrli
siyasətini fakt və dəlillərlə ifşa edir, mərkəzi
mətbuatın qərəzli, ermənipərəst siyasətini
tənqid edirdi. Məqalə həm
respublikamızda, həm də keçmiş ittifaqın digər
regionlarında obyektivliyinə və cəsarətli fikirlərinə
görə yüksək qiymətləndirilmişdi.
Hüseyn müəllim insani keyfiyyətləri ilə də fərqlənir, seçilirdi. Alimin anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illiyi münasibətilə Fərrux Rüstəmovun yazdığı “Pedaqogika elmimizin patriarxı” adlı məqaləsində oxuyuruq: “H.M.Əhmədov dərin düşüncəyə, aydın fikrə, güclü məntiqə, geniş erudisiyaya, qibtəedici hafizəyə və tədqiqatçı səliqə-sahmanına malik nüfuzlu alimdir. Sadə, səmimi, qayğıkeş, nəcib, tələbkar, xeyirxah elmi rəhbərdir. Bacarıqlı, prinsipial, hamını öz dilində danışdıran kafedra müdiridir. Məzmunlu və maraqlı mülahizələri ilə tələbələri ovsunlayan qəlb mühəndisi, könül memarı - müəllimdir! Ürəyi vətən eşqi, vətən məhəbbəti, yurd həsrəti ilə döyünən alicənab insandır. Yaxşılığını əsirgəməz, pislik etməyi arzulamaz...”.
Sazın, sözün vurğunu idi. Əli yetməyən Göyçənin ətrini də sazdan alar, ürəyi dolanda sözə qüvvət verərdi. O, belə yaşadı, qayğı və məhəbbəti tükənmədi. Hüseyn müəllimin özünün dediyi kimi:
Şam tək əridikcə yazıb-yaratdım
Barlı ağac kimi qol-budaq atdım.
Yaşadım dünyada məğrur, gülər, şən
Həyatda tarix tək yaşayacam mən!
Gedir al sabaha ömür karvanı
Ömür karvanının mənəm sarvanı!
Bu elm fədaisi barədə deyilənlərin, söylənilən fikirlərin fonunda onun haqqında bir xatirə yazısı yazmağı biz də özümüzə mənəvi borc bilib, təmənnasız yaxşılıqdan, xeyirxahlıqdan yorulmayan bir insana ehtiram göstərib ürək sözləri yazanların sırasında olmaq istədik...
Zümrüd QURBANQIZI
Respublika.- 2020.- 25 avqust.- S.6.