İstedadlı qələm sahibi

 

Əməkdar jurnalist, tarix üzrə elmlər doktoru, professor Qafar Cəbiyevin 70 yaşı tamam olur. Qafar müəllim məhz sözə mehr salmaqla, sözlə ömürlük əhdü-peyman bağlamaqla onun könül həmdəminə çevrilməyi bacarmış qələm sahiblərindəndir.

Qafar Cəbiyev həm keçdiyi həyat yolu ilə, jurnalistika və elmi fəaliyyəti ilə, həm də mövqe və əqidəsi ilə nəinki örnək olmağa layiq, bütövlükdə örnək yaratmış bir insandır.

O, məslək kimi jurnalistikanı seçməmişdi; -Həyatımın ən böyük arzusu jurnalist olmaqdı! - deyib də yaradıcılığı bir reportaja dəyməyənlərdən fərqli olaraq, yolunu dəqiq bəlirləmişdi - tarixçi olmaqdı istəyi. Həm də arxeoloq! Torpağın dərin qatlarında gizlənmiş sivilizasiyalara “artezian” vurmaq, insanı əcdadlarının tarixi, məişəti ilə tanış etmək, Azərbaycan ərazisinin unikal və müstəsna mədəniyyətlərə beşiklik etdiyini ortaya qoymaq! Qafar müəllimin həyat yolunu aldığı təhsil deyil, istedadı, içindəki yaradıcılıq təşnəsi müəyyənləşdirdi. Öz rayonunda - İsmayıllıda birillik müəllimlikdən sonra “Zəhmətkeş” qəzetində çalışmağa başladı.

Rayon qəzetlərinin bir xüsusiyyəti var ki, burada konkret ixtisaslaşma yoxdur; ideoloji işdən tutmuş təhsil, mədəniyyət, istehsalat, kənd təsərrüfatı, bir sözlə, bütün mövzularda yazmağı bacarmalısan, yəni universal olmalısan. Zəhmətkeşliklə, hər bir mövzuya daha dərindən sirayət edib peşəkarlığını artırmaqla yanaşı, jurnalist Qafar Cəbiyevin prinsipiallığı, haqsızlığa qarşı döyüşkənliyi, barışmazlığı da bu illərdə özünü göstərdi.

Sonralar bir müddət Elmlər Akademiyasının Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində elmi işçi kimi çalışsa da, həm ölkədəki, həm də elmdəki durğunluq onu yenidən qəzetə qayıtmağa sövq etdi. Bu dəfə səviyyə də, miqyas da, məsuliyyət də bir özgə idi. Q.Cəbiyev 1990-2003-cü illərdə “Azərbaycan” qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri vəzifəsində çalışdı. Həmin illərdə bəndənizə onunla eyni kollektivdə işləmək nəsib olmuşdu və qürurla etiraf edirəm ki, qəzet səhifələrində “mismar”a çevrilmiş bir çox oxunaqlı yazıların, daşı-daş üstündə qoymayan dişli tənqidlərin, sərt məqalələrin müəllifi məhz Qafar Cəbiyev idi. O, bu cür yazıları ilə həm bir yaradıcılıq, peşəkarlıq məktəbi idi. Həm də ləyaqət, cəsarət, əqidə nümunəsi!

Həmişə sevə-sevə təkrarladığım bir yaradıcılıq prinsipi var - Əgər söz demək cəsarətdirsə, o sözü zamanında, məqamında söyləmək bir ayrı fərasətdir, məharətdir, bir özgə istedaddır. Amma Qafar müəllimi həmişə başı dik, alnıaçıq, ötkəm, şəstli və bütün bunların fövqündə hörmətli-izzətli gördük. Onun qələmində ustalıq, zəngin həyat təcrübəsi və illərin məhək daşında ovxarlanıb cilalanmış müdrikliklə çulğaşaraq mövzusundan, janrından asılı olmayaraq, bütün yazılarına ötkəmlik, inandırıcılıq, aktuallıq bəxş edir. Onunçün çətin mövzu yoxdur. Yalnız etik prinsiplər və dövlətçilik mənafeyi var.

Əməkdar jurnalist Qafar Cəbiyevin mövzusundan asılı olmayaraq, qələmə aldığı hər bir yazısına təfəkkür dərinliyi ilə yanaşı, təhlil genişliyi, professional səriştə, üslub orijinallığı hakimdir. Bu isə yalnız illər boyu səbirlə toplanıb cilalanmış təcrübə sayəsində ərsəyə gələn keyfiyyətdir.

Sevilən və yolu gözlənən müsahibdir Qafar müəllim. Siyasət, elm, yaradıcılıq ətrafında xatirələrin körpü saldığı şirin söhbətlər onu çevrəsindəkilərə təkcə dövrümüzün ustad qələm sahiblərindən biri kimi deyil, həm də qayət səmimi, alicənab, dostluqda vəfalı və bir də Vətənini, millətini, dövlətini hədsiz məhəbbətlə sevən bir insan kimi tanıdıb. Dostları, iş yoldaşları, tanışları onu səbirsizliklə gözlədikləri hər bir görüşdə bir daha və yenidən kəşf edirlər...

Professor Qafar Cəbiyev Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 16 il Milli Tele-Radio Şurasının üzvü və sədr müavini kimi səmərəli fəaliyyət göstərmiş, obyektiv, prinsipial və peşəkar mövqeyi ilə yadda qalmışdır.

Qafar Cəbiyev həm də arxeoloq-alimdir. Cəsarətlə söyləyə bilərik ki, Qafar müəllim söz sənətində ucaldığı yüksəkliyi elmdə də fəth etmiş bəxtəvər insanlardandır. O, heç vaxt elmdən ayrılmayıb, 1985-ci ildə Ukrayna Arxeologiya İnstitutunun Elmi Şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Bakıya qayıtdıqdan sonra Qəbələ, Ağsu-İsmayıllı arxeoloji ekspedisiyalarının apardığı çöl tədqiqatlarında iştirak edib, bir müddət həmin ekspedisiyanın rəis müavini və Qəbələ ekspedisiyasının dördüncü dəstəsinin rəisi olub. Həm yaradıcılıq, həm də ictimai sahədə işlərinin başından aşmasına baxmayaraq, Q.Cəbiyev elmi tədqiqatlarını davam etdirərək 2007-ci ildə ölkə tarixşünaslığı üçün müstəsna əhəmiyyət kəsb edən bir mövzuda - Girdman tarixindən doktorluq dissertasiya müdafiə etmişdir.

Arxeologiya sintez elm sahəsidir, multidissiplinar tədqiqatlara əsaslanır, tarixin məkan və zaman üfüqlərini əhəmiyyətli dərəcədə genişləndirir. Yazı beş min ildir ki, mövcuddur. Həmin dövrə qədər bəşər tarixinin təxminən iki milyon illə ölçülən tarixi var və onun öyrənilməsi məhz arxeologiyanın inkişafı sayəsində mümkün olmuşdur. Bu elm öz predmetini antropologiya, tarix, etnologiya, coğrafiya, geologiya, linqvistika, semiotika, sosiologiya, mətnşünaslıq, informatika, paleontologiya və b. elmlərlə əlaqədə öyrənir. Görünür, Qafar müəllimin universallığının bir səbəbini də elə məhz elmi məsləkində axtarmaq lazımdır. Bəzən bizim diqqətimizi cəlb etməyən adi daş, dəmir, saxsı parçası belə onun əlində dil açıb tarixin bütöv bir mərhələsindən xəbər verə bilir.

Professor Qafar Cəbiyevin tədqiqatları Azərbaycan ərazisində qədim mədəniyyətlərin, dövlət quruluşlarının üzə çıxarılması, onların mənsubiyyətinin müəyyənləşdirilməsi baxımından çox əhəmiyyətlidir. 2010-cu ildə görkəmli arxeoloqun “Girdman tarixi (IV-IX əsrlər)” adlı fundamental tədqiqat əsəri işıq üzü görmüşdür. Ölkə tarixşünaslığı üçün müstəsna əhəmiyyət kəsb edən həmin əsər bu il “Elm və təhsil” nəşriyyatı tərəfindən rus dilində nəşr edilmişdir (Girdman. Tarixi və tarixi coğrafiyası).

Məlum olduğu kimi, uzun illər ərzində qədim Azərbaycan dövləti olan Albaniyanın iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında aparıcı mövqe tutan Girdman vilayətinin siyasi tarixi və ərazilərinin lokalizəsi ilə bağlı tədqiqatçılar arasında çox ciddi fikir ayrılıqları mövcud olub. Girdman vilayəti ərazilərinin lokalizəsi ilə bağlı olan bu yanlış versiyanı ilk dəfə elmi dövriyyəyə gətirən uzun illər SSRİ EA Şərqşünaslıq İnstitutunun Qafqazşünaslıq şöbəsinə rəhbərlik etmiş akademik S.T.Yeremyan olub.

İlk dəfə məhz professor Q.Cəbiyev Girdman vilayətinin Şirvan bölgəsində, daha konkret desək, Ağsuçay-Girdmançay-Göyçay çayları hövzəsində lokalizəsinə dair mülahizələri bir sıra çox ciddi elmi dəlillər əsasında sübuta yetirməyə çalışıb və buna müvəffəq olub.

Alim bu gün də ciddi arxeoloji tədqiqatlarla məşğuldur. Prezident İlham Əliyevin “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında” Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq Basqalın orta əsr mənzərəsini canlandırmaq, zəruri bərpa və konservasiya işləri aparmaq üçün ilkin olaraq arxeoloji tədqiqatlara ehtiyac yaranmışdı. Bu məqsədlə Dövlət Turizm Agentliyinin müraciəti əsasında məhz professor Q.Cəbiyevin rəhbərliyi ilə Qoruq ərazisində arxeoloji tədqiqat işləri aparılır.

“Orta Əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması ilə bağlı 2019-cu il 22 oktyabr tarixli Prezident sərəncamının işıq üzü görməsində Qafar müəllimin zəhməti misilsizdir. Özünün də etiraf etdiyi kimi, Orta əsr Ağsu şəhərinin Dövlət Qoruğu elan olunması Mustafa xanın hakimiyyəti dövründə Şirvanın paytaxt şəhərinə çevrilən, Rusiya və İran ordu birləşmələrinin aramsız hücumlarına mərdliklə sinə gərən bir Azərbaycan şəhərini arxeoloji cəhətdən tədqiq edərək üzə çıxarmış olan elmi heyətin rəhbəri kimi həyatının ən əlamətdar hadisələrindən birinə çevrilmişdir.

Elə həmin il oktyabrın 29-da Qafar Cəbiyev ölkə Prezidentinə müraciət ünvanlayaraq yazırdı: “Sizin yeni qoruqların yaradılması ilə bağlı Sərəncamınız Azərbaycan ziyalısı olaraq şüurlu ömrünü bütünlüklə tarixi-mədəni irsimizin tədqiqi və təbliği işinə həsr etmiş bir alim kimi məni qəlbən sevindirdi. Bu, Azərbaycan dövlətinin, cənab Prezident, şəxsən Sizin tarixi-mədəni irsimizə olan hərtərəfli diqqət və qayğınızın bir bariz nümunəsidir”.

Şamaxının Avaxıl kəndində “Pir Ömər Sultan” ziyarətgahı adı ilə tanınan pirin məhz xəlvəti sufi məktəbinin banisi Əbu Siracəddin Ömər Avaxıliyə aid olduğunu müəyyən etmək məqsədilə Mədəniyyət Nazirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin birgə layihəsi əsasında professor Q.Cəbiyevin rəhbərlik etdiyi ekspedisiya cari ilin mart ayının əvvəlindən etibarən tədqiqatlara başlayıb və maraqlı elmi-tarixi nəticələr əldə edilməkdədir.

Jurnalist-arxeoloqun elmi-publisistik irsi onun saysız kitablarında toplanıb. “Azərbaycan arxeologiyasının əsasları”, “Arxeologiya və romantika”, “Azərbaycan keramikası”, “Can Azərbaycan”, “Bura Vətəndir”, “Muradxan dəfinəsi”, Girdman tarixi”, “Yazılan qalacaq” və digər kitabları onun oxucusuna çatdırmaq istədiyi söz, mətləb olmaqla yanaşı, həm də elmi yanaşma ilə publisistik təhkiyənin uğurlu xəlitəsidir, fikir möcüzəsidir, oxucunun eşitmək istədiyi və heç bir zaman unuda bilməyəcəyi nağılvari həqiqətdir.

Ona görə də Qafar müəllimin bir jurnalist və arxeoloq-alim kimi uğurlarının səbəblərini məhz onun universallığında axtarmaq doğru olardı. Həm söz sənətində, həm də elmi məsləkindəki o tədqiqatçı səbri, hər şeyin ən yaxşısına nail olmaq inadı onu seçdiyi hər iki yolda uğura qovuşdurub.

Qafar Cəbiyev haqqında hamı birmənalı olaraq zəhmətkeş, halallığı əldən verməyən, təvazökar, xeyirxah adam kimi danışır. Bir adamın bu qədər qiymətli keyfiyyətləri öz şəxsində birləşdirməsi nə qədər çətin olsa da, mümkünsüz də deyil. Ancaq əsas şərt odur ki, bu məziyyətləri bütövlükdə həyat tərzinə, yaşam meyarına çevirməyi bacarasan.

Yubileyiniz mübarək, Qafar müəllim!

 

Xalid NİYAZOV,

Əməkdar jurnalist.

 

Respublika.- 2020.- 15 avqust.- S.6.