Cənubi Azərbaycan ədəbi dili professor Nizami Xudiyevin tədqiqatında

 

Cənubi Azərbaycan ədəbiyyatının müxtəlif məqamları uzun illərdir alimlərimiz tərəfindən tədqiqat obyektinə çevrilir. Hər tədqiqat işinin əvvəlində mütləq şəkildə Azərbaycanın ikiyə bölünməsindən və gələcək birliyindən söhbət açılır. Bəziləri Azərbaycanın parçalanmasına imkan verilməsini xəyanət sayır, Tomrislərin, Babəklərin, Koroğluların ruhuna təhqir hesab edir, bəziləri A. Bakıxanov kimi ensiklopedik bir şəxsiyyətin razılaşmada iştirakını mənən qəbul etmir... Bəxtiyar kimi filosof-şair belə, bu hadisəyə münasibətdə məntiqi nəticədən əvvəl mənəvi böhran keçirir:

Matəmi başlandı böyük bir elin,

Mərsiyə söyləsin axan bulaqlar,

Ağılar çağırsın bu gün qız, gəlin!

Böyük şairimizin romantik etirazı acı bir mərsiyə kimi ürəkləri sızladır. Zaman axır, nəsillər xalqın əvvəlki və gələcək birliyini unutmur. Hər sahə mütəxəssisi Vətən naminə üzərinə düşən yükün öhdəsindən gəlməyə çalışır.

Görkəmli Azərbaycan alimi Nizami Xudiyevin yaradıcılığını izləyərkən onun Cənubi Azərbaycan xalqına münasibətinin, vətəndaşlıq mövqeyinin, ana dilinə münasibətdə əqidəli ziyalı tutumunun şahidi oluruq. Onun “Cənubi Azərbaycanda ədəbi dilimizin dünəni və bu günü” kitabı fars şovinistlərinin irqçilik siyasətinin ifşasının təzahürü kimi ortaya çıxır. Kitab təkcə Cənubi Azərbaycan ədəbiyyatı və dili tədqiqatçıları üçün deyil, bütöv Azərbaycan və türksoylu xalqlar üçün nəzəri cəlb edəcək faktlarla zəngindir. Kitabın redaktoru ömrünü “inam və əqidə” yolunda yaşayan, Hüseynbala Mirələmovun sözləri ilə desək, Azərbaycan mənəvi mühitinin ayna siması, güclü qələm sahibi, şair, publisist, fədakar baş redaktor Əli Rza Xələflidir.

Birinci bölmədə Azərbaycan xalqına və onun qədim, hətta ən qədim tarixinə yönəlmiş böhtanlar, Azərbaycan tarixini təhrif edən Əhməd Kəsrəvi kimi şəxslərin uydurmaları ifşa edilir. Cavad Şeyx əl İslami Kəsrəvinin davamçısı kimi qiymətləndirilir, onun azərbaycanlıların farslaşdırılması ilə bağlı təklifi nifrətlə yad edilir. Avropalıların içərisindən az sayda olsa da, obyektiv şərqşünaslar çıxır. Professor Nizami Xudiyev ingilis alimləri S.Lloyd və Q.Çayldın Turan tarixi haqqında fikirlərini sitat olaraq verərkən “turanlılar dünya sivilizasiyasının səhərini açdılar” ifadəsini şumerlərin türk əcdadı olması faktı kimi qəbul edir: “Turanlılar təxminən 10-12 min il bundan qabaq səfalı, bəhrəli Dəclə və Fərat çayları hövzəsində məskən salıb, ətrafında yaşayan saysız-hesabsız vəhşi qəbilələrin heyrətli nəzərləri altında dünya sivilizasiyasının səhərini açdılar”.

“Dünya sivilizasiyasının səhərini açan” bu xalqlar çox təcavüzə məruz qaldı, onun başı üzərindən çox müqavilələr imzalandı. Amma “Gülüstan” müqaviləsi imzalananda günəşin və ayın üzü tutulur. Səmanı qara buludlar alır. Heç kəsin gücü çatmadı deyə ki, B.Vahabzadə demişkən: “....durun, ağalar! Axı bu ölkənin öz sahibi var!”

N.Xudiyev “İran türklərinin əski tarixi” kitabının müəllifi M.T.Zeytabinin tədqiqatlarını yüksək qiymətləndirir. Onun əsərini Azərbaycan tarix elmində yeni dövrün başlanğıcı kimi qəbul edir. Zeytabi “vahid mədəniyyət və incəsənət” atmosferindən danışarkən Azərbaycan ərazilərini də həmin atmosferə aid etmişdir. N.Xudiyev qeyd edir ki, ərazilərimizdə tapılmış nadir mədəniyyət qalıqları bunun sübutudur. Ərəb tarixçi alimlərinin Azərbaycanı qədimdən türklərlə məskun bir ölkə kimi qiymətləndirmələrini də müəllifin tədqiqatından öyrənirik. Cənubi Azərbaycanda qədim dövrdən bəri Azərbaycan türklərinin olduğu məlum bir faktdır. Ş.İ.Xətai dövründə Təbriz şəhəri paytaxt, Azərbaycan (qədim Azərbaycan türkcəsi) dili dövlət dili idi. Cənubi Azərbaycan böyük yazarlar yetişdirmişdir. Cənubi Azərbaycan ədəbiyyatı tədqiqatçıları olaraq zaman-zaman əsərlərimizdə bu məsələyə münasibət və fikirlərimizi fərqli yazılarda ifadə etməyə çalışmışıq. Ş. İ.Xətai, S.Təbrizi. Ş.Q.Ənvar, Həqiqi, Vəhidi Təbrizi, Qövsi Təbrizi kimi məşhur şairlərin adlarını sadalayan prof. N.Xudiyev onların ədəbiyyat tariximizin və mədəniyyətimizin inkişafındakı roluna yüksək qiymət vermişdir. Füzuli “Divanı”nın birinci dəfə 1828-ci ildə Təbrizdə nəşr olunması və sonra davamının gətirilməsini Cənubda Azərbaycan faktı kimi göstərən alim xalqımızın qeyrətli ziyalılarının ana dili uğrunda mübarizəsinə son dərəcə hörmətlə yanaşır. Məlum məsələdir ki, XIX əsrdə Cənubda hakimiyyət başında olan 5-6 padşah milliyyətcə azərbaycanlı olmasına baxmayaraq, ana dilimizə həqarətlə yanaşmışlar. Hələ Rza Şah Pəhləvi ona ana dilində yazı ilə müraciət edən M.Ə.Möcüzə: “Mən torki namidanəm, məra to beççə pəndari”, deyərək gözəl şairimizin qüruru ilə oynamışdır. Bütün bu məsələlərə aşina olan görkəmli alimimiz Təbrizdə Azərbaycan türkcəsində kitab çapı ilə məşğul olunmasını hünər işi hesab edir. Əlbəttə, bu cür vacib işlər xalqımızın həmin dövrdə və sonralar maariflənməsi sahəsində təkan oldu. Qacarilər nəslinin türkdilli nəşrlərin yayılmasına məhdudiyyət qoymasına, “Molla Nəsrəddin “ jurnalının Təbrizdə nəşr olunmasına maneələrin yaradılmasına təəssüflənən N.Xudiyev əməyin nəticəsiz qalmayacağını göstərir və sonrakı qəzet və jurnalların nəşrini bunun sübutu kimi sadalayır. Cənublu yazarlar çox fəal şəkildə öz əsərlərini həmin mətbu orqanlarda nəşr etdirirdilər. XIX əsr məşhur Cənubi Azərbaycan pedaqoqu M.H.Ruştiyyənin Təbrizdə, İrəvanda və Şimali Azərbaycandakı fəaliyyətinə diqqət yönəldən müəllif tədris ocaqlarında ana dilimizin tədrisi məsələlərinin vacibliyinin ciddiliyinə diqqət çəkmişdir.

Həm Məşrutə hərəkatı dövründə, həm Milli Azadlıq hərəkatı dövründə inqilab rəhbərləri ana dilimizə hörmətlə yanaşmış, həmin dövrlərdə həm təhsil ocaqlarında, həm də qəzet və jurnalların nəşrində ana dilindən istifadə olunmuşdur.

Milli Azadlıq hərəkatı dövründə (1945-1946-cı illər) milli hökumətin Azərbaycan türkcəsi haqqındakı qərarının müddəalarına diqqət çəkən alim milli zəmində görülən işlərlə qürur duyur. Dövlət himninin müəllifləri və mətni haqqında məlumatlarla tanış olarkən ilk ağıla bu gəlir ki, müəllif bu yazılar üzərində işləyərkən geniş tədqiqat işi aparmış, bunun nəticəsində oxucuya maraqlı fakt və məlumatlar təqdim olunmuşdur.

Cənubi Azərbaycan xalqı, o cümlədən ziyalıları uzun illərdir öz azadlığı, yaşayışı, dili, təhsili uğrunda yorulmadan mübarizə aparır. Qoca Şərqin qapısı adlandırılan Vətəndə birliyin olması, azadlıq bayrağının dalğalanması onların ən halal haqqıdır. Bu uğurda çox inqilabçı, məşrutəçi, fədai öz qanından keçdi. Səttar xanın, Xiyabaninin, Pişəvərinin və tərəfdaşlarının sarsılmaz gücü düşmən tələsi ilə məhv edildi. Hər dəfə də birinci növbədə ana dili yasaq edildi. Fars şovinistləri cənublu qardaşlarımızı, rus çinovnikləri Şimali Azərbaycan xalqını öz tərkibində hər baxımdan “əritməyə” çalışdı. Nizami Xudiyevin qələmində düşmənin məkrli siyasəti nifrətlə yad edilir, təhqir olunan, assimilyasiyaya uğradılan xalqımızın tarixi və Azərbaycan türkcəsinin taleyi vətənpərvər ziyalı, alim baxışıyla təhlilə cəlb olunur. Pəhləvilər sülaləsi tərəfindən Azərbaycan xalqına və türkcəsinə vurulan zərbəni bütün ağırlığı ilə hiss edən və qələmə alan N.Xudiyev həmin 50 illik rejim dövründə yazıb-yaradan, ana dilində yazaraq ölümün gözünə qorxmadan hayqıran Səhənd, Behrəngi, M.Məhzum, Y.Məftun, H.Sahir, C.Baxçaban kimi güclü qələm sahibləri ilə fəxr edir.

Cənubi Azərbaycan xalqı və ziyalıları heç vaxt silahı və qələmi yerə qoymadılar. Bu, 1979-cu il İslam inqilabı ilə nəticələndi. Xalq milli-mədəni qüvvələrlə bərabər hərəkət etdi. Bir çox islahatlar (kağız üzərində) elan edildi. Ancaq hələ də İranda yaşayan başqa millətlər öz ana dilindən normal istifadə edə bilmir. Doğrudur, axırıncı 3-4 ildir ki, Cənubi Azərbaycanın təhsil müəssisələrində ana dili həftədə 2 saat əcnəbi dil kimi tədris olunur. Bu fakt bir qədər insanı mənən rahatladır. Ancaq düşünəndə ki, azərbaycanlılara öz ana dili bu şəkildə tədris olunur, ürküdücü bir nüans yaranır.

N.Xudiyev “Cənubi Azərbaycanda ədəbi dilimizin dünəni və bu günü” kitabında Cənubda müxtəlif dövrlərdə nəşr olunan, bəzilərinin ömrü qısa, bəzilərinin ömrü bir qədər uzun olan dərgilərdən və onların nəşri tarixindən faktlara söykənərək danışır. Tehran, Ərdəbil, Təbriz kimi şəhərlərdə nəşr olunan, tez-tez şahlıq rejiminin şovinist siyasəti ilə qarşılaşaraq nəşrləri dayandırılan qəzet və jurnalların xalqın həyatındakı rolunu yüksək qiymətləndirən müəllif bir çox mətbu orqanlarla yanaşı, “Varlıq” jurnalının nəşrinə xüsusi önəm verir: “Lakin dünya şöhrətli cərrah və alim doktor Cavad Heyətin nəşr etdirdiyi “Varlıq” jurnalı Cənubi Azərbaycanda indiyə kimi nəşr edilməkdədir. Həmin jurnal ədəbi, mədəni və ictimai xarakter daşıyır. Səhifələrində dil, ədəbiyyat, tarix və mədəniyyətimizə aid yazılar dərc olunur”. Milli dil birliyi yaradan bu jurnal özünü elmi ictimaiyyətə, ədəbi mühitə qəbul etdirən ziyalıları ətrafında birləşdirdi. N.Xudiyevin kitabından öyrənirik ki, indi Cənubi Azərbaycan universitetlərində Azərbaycan türkcəsində tələbə dərgisi çıxır. “Səhənd” dərgisinin mövcudluğu isə insanı mütəəssir edir. Dilimizi, soykökümüzü, mədəniyyətimizi təbliğ edən bu dərgi milli məsələlərimizin öncüllüyünü diqqətdə saxlayır.

İranda müxtəlif millətlər yaşayır. İran bu millətlərin bir neçəsinin ana yurdudur, bəziləri isə tarixən miqrasiyaya uğramışdır. Çoxdilli bir ölkə olan İran tarixən bu torpaqlarda multikultural mədəniyyətin inkişafına şərait yaratmır. Sayca və ərazicə böyük olan Cənubi Azərbaycan xalqına belə, imkan vermir ki, öz mədəniyyətini azad şəkildə inkişaf etdirsin, dilinə, yazısına, əlifbasına müstəqil şəkildə nizam versin.

Şimali Azərbaycan ərazisinə və xalqın sayına görə Cənubdan kiçik olsa da, burada etnoslara çox yüksək səviyyədə hörmət olunur, onların öz dillərində məktəbi, televiziyası, qəzeti, jurnalı var. Prof. N.Xudiyev İranın çoxdilliliyi məsələlərindən danışarkən bu dillər arasında genetik bağın olmamasına baxmayaraq, əlaqələrin varlığının əhəmiyyətinə diqqəti cəlb edir. İstənilən dövlət daxilində idarəçilikdən uzaqlaşan dillər əsasən tarixdən silinir. Cənubi Azərbaycanda isə buna ziyalı təbəqə imkan vermədi. Müəllif “İranda yaşayan müxtəlif millətlərin dillərinə bir baxış” bölümündə Azərbaycan dili ilə fars dili arasında əlaqə, İranda Azərbaycan türkcəsinin canlılığına diqqət, çoxdilli ölkə olan İranda dil və nüfuz məsələsi, digər İran türklərinin dilinin özləri tərəfindən qorunması, dil əlaqələrinin gerçəkləşdiyi sosial mühit, dil quruluşlarının dəyişkən xarakter qazanması və s. məsələləri təhlil obyektinə çevirir, dilçi alim olaraq öz baxış bucağında qiymətləndirmələr aparır. Araşdırmadakı dil quruluşların formalaşmasında sosial, mədəni, etnik səbəblərin siyasi təsirlərin altında qalması daha qabarıqdır. Bu baxımdan alimin aforizm xarakterli qiymətli fikirləri var. “... İslam mədəniyyəti ilə ərəb dili İranda özünə böyük nüfuz qazanmışdır. Fars dili isə iranlıların dili kimi özünə yaşamaq hüququ qazanmışdır”. Bu fikrin qarşısında heç nə demək olmaz. Ancaq türk topluluqları İranda siyasi, dil, etnik quruluşların dəyişməsinə və istiqamətlənməsinə təsir etmişdir. Türklərin islamlaşması bu əlaqəni daha da artırmışdır.

 

Sakibə ƏLƏSGƏROVA,

filologiya üzrə fəlsəfə doktoru,

Əməkdar müəllim.

 

 

Respublika.- 2020.- 15 avqust.- S.6.