Azərbaycanlılara qarşı
soyqırımı və deportasiya
(əvvəli 11, 12 və
14 avqust tarixli saylarımızda)
Deportasiya edilmiş əhalinin yeni məskunlaşdırıldığı yerlərdə mənzillə, həyətyanı torpaq sahəsi ilə təminat məsələlərində ciddi problemlər olmuşdu. Əvvəlcədən heç bir sosial infrastruktur obyektləri inşa edilmədiyindən, deportasiya edilənlərin çox hissəsi yerli əhalinin sıxışdırılması hesabına şəxsi evlərdə, bir qismi isə yerli kolxoz və sovxozların ictimai binalarında, anbar və mal-qara tövlələrində yerləşdirilmişdi. 1948-1956-cı illər deportasiyası dövründə 7648 ailə (33683 nəfər) rəsmi köçürüldüyü halda, həmin dövrdə onların yerləşdirilməsi üçün cəmi 550 ev inşa edilmişdir. Bütövlükdə, 1948-1956-cı illərdə deportasiya olunmuş əhalinin yerləşdirilməsi üçün Azərbaycan SSR-də 9,2 min ev tikilmişdir. Baş Köçürmə İdarəsinin rəsmi arayışına istinadən, 1948-1956-cı illərdə Ermənistan SSR-dən 13230 ailənin köçürüldüyü nəzərə alınarsa, inşa edilmiş mənzil fondu rəsmi tələbatın yalnız 70%-ni ödəmişdir. Halbuki, deportasiya olunmuş 130-150 min nəfərin yerləşdirilməsi üçün 25-30 min yaşayış evi tələb olunurdu.
Deportasiya olunmuş əhali üçün evlərin inşası zamanı yerli fiziki-coğrafi şərait də nəzərə alınmamışdı. Həmin evlər çiy kərpicdən tikilir, divarları saman qatılmış palçıqla suvanırdı. Yeraltı suların səthə yaxın yerləşdiyi ərazilərdə tikilmiş belə evlər davamsız olur və yazda nəm çəkərək uçub dağılırdı. Bu cür evlər həm də baha başa gəlirdi. 4083 saylı qərara əsasən köçürülənlərə yaşayış evi və həyətyanı tikililər inşa etmək üçün 20000 rubl borc verilməsi nəzərdə tutulduğu halda, inşa edilən evlərin dəyəri Əli Bayramlı rayonunda 28872 rubl, Puşkin rayonunda 40287 rubl təşkil edirdi. Deportasiya edilmiş əhali bir qayda olaraq həmin evləri qəbul etməkdən imtina edirdi. Saatlı, Sabirabad, İmişli, Jdanov, Kürdəmir və s. rayonlarda deportasiya olunanlar üçün yaşayış evləri şoranlaşmış ərazilərdə inşa edildiyindən həyətyanı sahələrdən də istifadə etmək mümkün deyildi.
Bu əhalinin yerləşdirildiyi ekstremal rayonlarda yerli iqtisadi-təsərrüfat xüsusiyyətlərinin onların deportasiya olunduqları rayonlardan kəskin fərqlənməsi, əmək vərdişlərinin və kənd təsərrüfatı ənənələrinin uyğun olmaması, əhalinin yaşayış mənbələrindən məhrum olması demək idi. Deportasiya olunanların özləri ilə gətirdikləri kənd təsərrüfatı heyvanları və s. yerli ekstremal şəraitə tab gətirməyərək ilk illər tələf olmuşdu. 4083 saylı qərara əsasən onlara mal-qara almaq üçün 3000 rubl borc verilməsi (5 illiyə) vəd edilsə də, bu iş yarıtmaz təşkil olunmuşdu. Mövcud şəraitdə real gəlir mənbəyi pambıqçılıq idi. Lakin Ararat vadisindən deportasiya edilənlərin bir qismini çıxmaq şərtilə, qalan əhalinin bu sahədə əmək vərdişləri yox idi.
Düzənlik ərazilərin (Mil-Muğan, Salyan) təbii şəraitinin spesifik xüsusiyyətləri, xüsusilə də ərazinin təhlükəli sanitar-gigiyena şəraiti deportasiya edilmiş əhalinin fizioloji sağlamlığına ekstremal təsir göstərdi. İlk növbədə, on minlərlə körpə uşaq və qoca yatalaq, qızdırma, malyariya və digər epidemioloji xəstəliklər nəticəsində məhv oldular.
Salyan, Saatlı, Sabirabad, Əli Bayramlı, Puşkin, İmişli, Kürdəmir, Ucar, Jdanov rayonlarında yerləşmiş əhalinin aqibəti daha faciəli olmuşdu. O dövrün rəsmi sənədlərində konkret rəqəmlər göstərilməsə də, kütləvi ölüm halları dəfələrlə etiraf edilir.
Tədqiqatçıların fikrincə, Ermənistan SSR-in Axta, Qarabağlar, Keşişkənd, Saylan və başqa dağ rayonlarından Azərbaycan SSR-in Mil-Muğan düzlərindəki rayonlara deportasiya edilənlərin 1/3 hissəsi iqlimə uyğunlaşa bilmədiklərindən və xəstəliklər nəticəsində həlak olmuşdur.
Məlum
deportasiya regionda toponimik genosidin həyata keçirilməsinə
təkan verdi. 1946-cı ildə 120,
1947-1948-ci illərdə 400-dən çox, 1978-1981-ci illərdə
300-dən çox Azərbaycan kəndinin adı erməniləşdirildi:
-
1948-1956-cı illərdə azərbaycanlıların
tarixi-etnik torpaqlarından deportasiya olunması onların 100 illər
ərzində qazandıqları var-dövlətin,
daşınmaz əmlakın talanmasına, əsrlər ərzində
formalaşmış adət-ənənələrinin
sıradan çıxmasına, kollektiv həm kəndli
münasibətlərinin pozulmasına, qohumluq əlaqələrinin
zəifləməsinə, təsərrüfat ənənələrinin
dəyişilməsinə və nəhayət, on minlərlə
insanların məhvinə səbəb oldu;
- Azərbaycan
SSR-də isə ekstremal rayonlarda yerləşdirilənlərin
bir qismi mövcud şəraitə tab gətirə bilmədiklərindən,
körpə uşaqlarını və qocalarını itirdikdən
sonra, təbii şəraiti gəldikləri rayonlara (Ermənistandakı)
uyğun olan Azərbaycanın dağətəyi və
dağlıq rayonlarına köçüb getdilər. 1954-cü ilədək 1155 ailə isə tarixi-etnik
torpaqlarına qayıtdı. Deportasiya edilmiş əhalinin
bir hissəsi isə (əsasən, cavan və orta nəsil)
çətin təbii iqtisadi şəraitə tab gətirərək
məskunlaşdılar. Lakin onlar ilk illər yeni əmək təcrübəsi
toplamağa məcbur oldular;
-
1948-1956-cı illərdə Ermənistan SSR-dən deportasiya
olunmuş azərbaycanlıların Kür-Araz
ovalığının ekstremal rayonlarında məskunlaşdırılmasına
100 mln-la dövlət vəsaiti sərf edilməsinə
baxmayaraq, iflasa uğradı və iqtisadi səmərə vermədi.
1988-1993-cü illərdə Azərbaycan keçmiş
sovet respublikaları arasında qaçqın problemi ilə
üzləşən ilk ölkə olmuşdur. Qaçqınların
Ermənistandan Azərbaycana ilk axını 1987-ci ilin sonundan
başlamışdır. Hər şeydən
əvvəl burada belə bir faktı da qeyd etmək
lazımdır ki, 1988-ci ilin noyabr-dekabr aylarında olan hadisələrin
ağır xronikası yaddaşlardan silinmir.
Respublika
prokurorluğunun məlumatlarında deyilir: 1988-ci ilin noyabr
ayının 28-dən dekabr ayının 8-dək Ermənistan
SSR-də kütləvi surətdə azərbaycanlılar
yaşayan 22 rayonun 185 yaşayış məntəqəsinə
quldurcasına basqın edən erməni vəhşiləri
217 nəfəri müxtəlif işgəncə ilə qətlə
yetirmişlər. Onlardan 49 nəfəri divan tutulmaqdan qorxub
qaçarkən dağlarda borana-çovğuna
düşüb donmuş, 41 nəfəri qəddarlıqla
döyülüb öldürülmüş, 115 nəfər
diri-diri yandırılmış, 16 nəfəri güllələnmiş,
10 nəfər təhqirlərə dözməyib infarktdan
ölmüş, 2 nəfər erməni həkimləri tərəfindən
xəstəxanada öldürülmüş, 3 nəfər
suda boğulub öldürülmüş, 1 nəfər
asılmış, 1 nəfər əzablardan qurtarmaq
üçün özünü öldürmüş, 1 nəfər
elektriklə öldürülmüş, 3 nəfər xəstəxanada
olarkən tibbi xidmət göstərilməməsi nəticəsində
öldürülmüş, 8 nəfər oğurlanmışdır.
Öldürülmüşlərdən 57 nəfəri
qadın, 5 nəfəri körpə uşaq, 18 nəfəri
yeniyetmə olmuşdur. Qırğın
Ermənistanın 19 rayonu və 11 şəhərində
törədilmişdir. 400-dən çox yük
maşını qarət edilmiş, 25 min ailənin əmlakı
talan olunmuş, 40897 azərbaycanlı ailəsi məcburi
qaydada deportasiya edilmiş, mənzil və əmlaklarından məhrum
olmuşlar. 1990-cı ilin əvvəlinədək Ermənistandan
204,6 min nəfər zorla qovulub
çıxarılmışdır. Onların 186 min nəfərini
azərbaycanlılar, 11 min nəfərini kürdlər, 3,0 min
nəfərini ruslar, 4,5 min nəfərini isə başqa millətlərdən
olan insanlar təşkil etmişlər. Ermənistandan
qaçqın düşmüş rusların əsas hissəsinin,
həmçinin kürdlərin və azərbaycanlıların
bir qisminin sonradan Rusiya və digər MDB ölkələrinə
getməsi nəticəsində 1992-ci ildə Azərbaycan
Respublikasında Ermənistandan zorakılıqla qovulmuş
196846 nəfər qaçqın qeydə
alınmışdır. Bununla yanaşı, əvvəllər
Gürcüstandan deportasiya olunaraq Orta Asiya respublikalarında
yerləşdirilmiş Məshəti türkləri 1989-cu ildə
Özbəkistanda baş vermiş milli münaqişə nəticəsində
keçmiş SSRİ-nin başqa regionlarına, xüsusilə
Azərbaycana və Rusiyaya köçməyə məcbur
olmuşlar. 1989-91-ci illər ərzində 51649
nəfər Məshəti türkü Azərbaycana pənah gətirmişdir.
(Bax: Ş.M.Muradov. Azərbaycan Respublikası əhalisinin
dinamikası və quruluşu: əsas demoqrafik və
etno-demoqrafik dəyişikliklər. (1897-2007-ci illər) B. Elm.
2008. səh. 76-77, Azərbaycan,
ingilis və rus dillərində).
1988-1993-cü
illərdə Ermənistan SSR-nin təcavüzü nəticəsində
Azərbaycan SSR-nin Dağlıq Qarabağ və onun ətrafındakı
7 rayonu (Laçın, Kəlbəcər, Ağdam, Füzuli,
Cəbrayıl, Qubadlı və Zəngilan) işğal
edilmiş, təqribən 1 milyon nəfərdən çox
insan öz vətənində qaçqın və
köçkün vəziyyətinə düşmüş,
20 min Azərbaycan vətəndaşı həlak olmuş, 100
mindən çox adam yaralanmış, 50 min nəfər
müxtəlif xəsarət almış, minlərlə adam əsir
və girov götürülmüş, itkin
düşmüşdür, 900-dən çox
irili-xırdalı yaşayış məntəqəsi, 1025 təhsil,
798 səhiyyə ocağı, 1510 mədəniyyət müəssisəsi,
300 min iş yeri məhv edilmişdir. Bəşər tarixində
ən böyük müsibətlərdən sayılan
Xocalı faciəsi nəticəsində 26 fevral 1992-ci il
Dağlıq Qarabağın Xocalı şəhəri
bütövlükdə erməni qoşunları tərəfindən
yerlə-yeksan edilmiş, 613 nəfər dinc azərbaycanlı,
o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə
öldürülmüş, 478 nəfər şikəst
edilmiş, 1275 sakin - qocalar, uşaqlar, qadınlar isə əsir
aparılaraq dəhşətli təhqirlərə və həqarətə
məruz qalmışlar (Bax: Azərbaycan Respublikası Milli Məclisinin
adıçəkilən Bəyanatı). Lakin
yuxarıda qeyd edilən demoqrafik çətinliklərə, dəfələrlə
ermənilər və onların havadarları tərəfindən
törədilmiş soyqırımına məruz
qalmalarına baxmayaraq, azərbaycanlıların sayı daim
artıb çoxalmış və onların intellektual
inkişaf səviyyəsi durmadan yüksəlməkdədir.
İndi Yer kürəsində təqribən 50 milyon nəfərdən
çox azərbaycanlı yaşayır və 2016-cı ilin əvvəlinə
olan məlumatlara əsasən ölkəmizin əhalisinin
sayı 9,5 milyon nəfərə, 6 aprel
2019-cu ildə isə 10.000.000 nəfərə
çatmışdır. Əlbəttə, əgər
XX əsrdə erməni faşistləri tərəfindən
azərbaycanlılara qarşı törədilmiş
soyqırımı əməliyyatları olmasaydı, bizim
sayımız indikinə nisbətən əhəmiyyətli dərəcədə
çox olardı. Ancaq hazırda respublikamızın əhalisinin
sayı Ermənistan Respublikasının əhalisinin
sayından təqribən 3,2 dəfə
çoxdur və bu fərq getdikcə artacaqdır. Nəzərə
alsaq ki, Ermənistan Milli Statistika Xidmətinin son məlumatlarına
əsasən, 2001-ci ilin əvvəlindən 2014-cü ilin əvvəlinədək
olan 14 il ərzində Ermənistan Respublikasında yaşayan
daimi əhalinin sayı 200,0 min nəfər
və ya hər il orta hesabla 14,3 min nəfər azalaraq 3,2
milyon nəfərdən 3 milyona düşmüşdüsə,
Azərbaycan Respublikası əhalisinin sayı bu dövrdə
1,4 milyon nəfər və ya hər il orta hesabla 100,0 min nəfər
artaraq 8,1 milyondan 10 milyon nəfərə
çatmışdır. Dünya ölkələri üzrə
aparılmış proqnoz məlumatlarına əsasən,
2014-cü illə müqayisədə Yer Kürəsi əhalisinin
sayı müvafiq surətdə 1,2 və 1,3 milyon nəfər
və ya 16,7 və 34,7 faiz artaraq 2014-cü ilin əvvəlindəki
7,2 milyard nəfərdən, 2030-cu ildə 8,4 milyard nəfərə,
2050-ci ildə isə 9,7 milyard nəfərə, Azərbaycan
Respublikasının sayı isə müvafiq surətdə 1,6
və 2,6 milyon nəfər və ya 15,8 və 27,4 faiz
çoxalaraq 2014-cü ildəki 9,5 milyon nəfərdən,
2030-cu ildə 11,1 milyon nəfərə, 2050-ci ildə isə
12,1 milyon nəfərə çatacağı halda, Ermənistan
Respublikası əhalisinin sayı birinci dövrdə dəyişməz
qalaraq 2030-cu ildə 3 milyon nəfər, 2-ci dövrdə isə
2014-cü ilə nisbətən 200 min nəfər və ya 6,7
faiz azalaraq 2014-cü ildəki 3 milyon nəfərdən 2,8
milyon nəfərə düşəcəkdir (Bax:
http://demoscope.ru/weekly/app/world2014iphp). Bu rəqəmlərdən
göründüyü kimi, Azərbaycan Respublikası əhalisinin
sayı 2030-cu ildə Ermənistan Respublikası əhalisinin
sayından 3,7 dəfə, 2050-ci ildə isə
4,3 dəfə çox olacaqdır. Bu, uzun illər
bundan sonra da ölkəmizdə əhalinin artımı sahəsində
baş verəcək dəyişikliyin ermənilər
üçün əlçatmaz olacağından və
buradan irəli gələn bir çox məqamlardan xəbər
verir. Bu məsələdən bəhs edərkən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev demişdir: “...
Bir neçə ildən sonra ümumiyyətlə, demoqrafik vəziyyət
həlledici məqama çevriləcəkdir... Azərbaycanda
demoqrafik vəziyyət yaxşıdır, müsbətdir, təbii
artım vardır. Ancaq hesab edirəm ki, bu
artım daha da güclü olmalıdır. Bu
artımı stimullaşdırmaq və əhalinin
artımını təmin etmək üçün yəqin
ki, əlavə tədbirlər görülməlidir... Bizim iqtisadiyyatımız, sənaye
gücümüz və siyasi iradəmiz diktə edir ki, Azərbaycan
əhalisi daha da çox artmalıdır. Bu, nəinki Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ məsələsinin həlli
üçün lazımdır, bu məsələni biz həll
edəcəyik və Azərbaycan bayrağını Xankəndidə
qaldıracağıq - bu ümumiyyətlə gələcək
üçün lazımdır... Güclü
olmaq üçün güclü iqtisadiyyat, hərbi sənaye
potensialı və böyük əhali lazımdır. Buna görə biz bu məsələ ilə
bağlı ciddi məşğul olmalıyıq. Bu günə qədər bu proseslər təbii
xarakter alırdı. Sadəcə olaraq
ölkə iqtisadiyyatı artdıqca təbii artımda, necə
deyərlər, daha da sürətli idi. Biz
statistikadan bunu görürük. Son illər ərzində
doğulan uşaqların sayı daha da çoxdur, nəinki
10-15 il bundan əvvəl. Yəni,
bu iqtisadi və sosial amillərlə birbaşa bağlı
olan məsələdir. Ancaq yenə deyirəm,
biz bu məsələyə yeni prizmadan yanaşmalıyıq.
Azərbaycan əhalisi daha da sürətlə
artmaqdadır”. Bəli, ölkə
başçımız tərəfindən irəli
sürülmüş bu çox mühüm sosial-iqtisadi,
demoqrafik və siyasi xarakter daşıyan vəzifənin
uğurla həyata keçirilməsi üçün
respublikamızda hər bir şərait vardır. Biz gələcəkdə də olacağıq,
artıb çoxalacağıq, ərazi bütövlüyümüzü
təmin edəcək və dünyanın ən inkişaf
etmiş ölkələrindən birinə çevriləcəyik.
Bütün bunları nəzərə alaraq hesab edirik ki, 1948-1956-cı illərdə Ermənistan SSR-dən deportasiya edilmiş azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığında (Mil-Muğan, Salyan düzlərində) yerləşdirilməsinin destruktiv nəticələri elmi əhəmiyyət kəsb edir. Bu baxımdan indiki dövrdə və gələcəkdə hər hansı irimiqyaslı təbii-texnogen hadisə ilə, yaxud iqtisadi motivlərlə və hərbi siyasi vəziyyətlə əlaqədar əhali yerləşdirilməsi problemləri meydana çıxacağı təqdirdə təkrar səhvlərə yol verməmək üçün deportasiya və köçürülmələrin tarixi və acı nəticələri nəzərə alınmalıdır.
Şahbaz MURADOV,
AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi, i.e.d., professor.
Ələsgər
SARIYEV,
AMEA
İqtisadiyyat İnstitutunun
aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə
doktoru.
Respublika.- 2020.- 15 avqust.- S.7.