Xalqın böyük rəğbətini, sevgisini qazanmış fədakar insan

 

Ulu öndərimiz Heydər Əliyevə məxsus olan “Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” bu ifadələr müstəqil Azərbaycanın həyatında qadınların roluna dövlət səviyyəsində verilən yüksək qiyməti əks etdirir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də qadınların cəmiyyətin inkişafındakı rolunu dəyərləndirərək qeyd edir ki, “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər”.  Bəli, böyük tarixi, mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim yüksək ehtiramla yanaşmışdır. Qadınlar yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq, hər zaman bəşəriyyətin inkişafına mühüm töhfələr veriblər.

 

Tarixi palitra kifayət qədər zəngindir: massagetlərin məğrur çariçası, Əhəmənilər sülaləsinin əsasını qoymuş əfsanəvi Kirə qalib gəlmiş Tomris, qəhrəman qadın hökmdarlar Nüşabə, Şirvana hücum edən Krım xanını və Osmanlı qoşunlarını məğlub edən Heyran Nisə Bəyim, mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradıcısı Fətəli xanın həyat yoldaşı Tuti Bikə özlərini diplomatiya sahəsində göstərmişlər. Mədəni fonda məşhur şairələr pleyadası parlamışdır: orta əsrlər dövründə qadının sevgili seçimində azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gəncəvi, Şuşada ilk ədəbiyyat məclisi yaratmış Xurşudbanu Natəvan, Aşıq Pəri. Zaman keçdikcə, nə qədər istedadlı və ağıllı, əzəmətli və cəsarətli qadının adı tarixə yazıldı. Azərbaycan qadını 100 il bundan əvvəl müsəlman Şərqində ilk dəfə olaraq seçkilərdə iştirak etmək hüququ qazandı. Halbuki, həmin dövrdə seçki sahəsində qadın hüququ nəinki müsəlman Şərqində, hətta Avropa dövlətlərinin əksəriyyətində hələ öz həllini tapmamışdı.

 

Ümumiyyətlə qeyd etmək lazımdır ki, müsəlman Şərqində və türk dünyasında ilk Demokratik Respublikanı yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi. Sovet hakimiyyəti dövründə bir sıra çətinliklərə baxmayaraq, Azərbaycan qadını inamla özünü ifadə edir, həyatın bütün sahələrində aktiv fəaliyyət göstərirdi. Ölkəmizdə qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, istər sovet hakimiyyəti, istərsə də müstəqillik dövründə milli qadın hərəkatının formalaşması, genişlənərək institutlaşması üçün böyük işlər görmüşdür. Heydər Əliyev müstəqilliyimizin ən ağır zamanında belə “Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” Fərman imzaladı.  1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Xüsusilə, qeyd etmək lazımdır ki, MDB ölkələri içərisində yeganə bizim ölkəmizdə bu sahədə dövlət qurumu Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.

 

Xalqın taleyini öz taleyində yaşayan Mehriban Əliyevanın mənəvi, ictimaisiyasi vəzifəni, məqsədi ülvi bir sevgiylə daşıması, vətəninə, xalqına qəlbinin sonsuz istəyi ilə xidmət etməsi ictimai mühitə gəldiyi ilk vaxtlardan görünməyə başladı. Onun ictimai fəaliyyətə qoşulduğu illər Azərbaycanda xalqın milli oyanış dövrünün ilkin çağlarına təsadüf edir. Ulu öndərin yaratdığı və özünün də müəllifi olduğu Yeni Azərbaycan Partiyasının təşəkkül tapdığı 1992-ci ildən Mehriban xanım partiyanın üzvü olaraq, müasir və müstəqil dövlətimizin qurulması və daha da inkişaf etməsi prosesinin fəal iştirakçısına çevrildi. O, yaxşı dərk edirdi ki, bütün zamanlarda milləti qədim, köklü xalq kimi tanıdan və dünya cəmiyyətində qəbul etdirən onun dili, mədəniyyəti, tarixi, milli-mənəvi dəyərləridir. Məhz buna görə də o, özünün çoxşaxəli fəaliyyətini bu amillər, prinsiplər üzərində qurdu. Bütün ictimai şüuru ilə Azərbaycançılıq ideologiyasına bağlı olması, dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə fəaliyyət göstərməsi az bir zamanda Ona xalqın böyük rəğbətini, sevgisini qazandırdı. Bu fəaliyyəti qiymətləndirən bir çox xarici ölkələrin tanınmış siyasətçiləri, ictimai xadimləri qeyd edirlər ki, “Mehriban Əliyeva Şərq ölkələrində siyasətin yalnız kişilərin işi olması barədə stereotipləri uğurla təkzib edir”.

 

O, 2004-cü il mayın 10-da, Heydər Əliyev Fondunu yaratmaqla, ulu öndər Heydər Əliyevin vətənimiz və xalqımızın inkişafı naminə gördüyü işləri, işıqlı ideyalarını yüksək səviyyədə davam etdirir. Fondun fəaliyyət proqramında daha dəqiq ifadə olunduğu kimi, “milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarətdir”. Görülən işlərin, irimiqyaslı layihələrin həcmini təsəvvürə gətirəndə aydın olur ki, bütün bunlar Birinci vitse-prezident, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri və İSESCO-nun ilk qadın xoşməramlı səfiri Mehriban xanım Əliyevanın vətən və xalq naminə qarşıya qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəldiyinin bariz nümunəsidir.

 

Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. Xalqın sosial-mədəni həyatında, səhiyyənin, təhsilin, idmanın inkişafında onun xidmətləri misilsizdir. Uşaqlara şəfqət, mərhəmət göstərilməsi, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq onların tərbiyəsi, sağlam böyüməsi, böyüklərin sevgisi ilə əhatə olunması, gənclərin kamil bir vətəndaş kimi yetişməsi, onları vətənpərvər ruhda tərbiyə etmək - bütün bunlar Mehriban Əliyevanın daim diqqət mərkəzində olmuşdur. Yaşı 18-ə çatmış qızların uşaq evindən sonrakı taleyi bu gün cəmiyyəti narahat edən məsələlərdəndir. Bunu nəzərə alan Heydər Əliyev Fondu internat həyatı başa çatan qızlar üçün yaşayış binası tikmişdir. Bu layihə müstəqil həyata qədəm qoyan qızların həyatını izləməklə bərabər, eyni zamanda onlara mənəvi dəstəyin ifadəsidir. Humanizmi, mərhəməti, xeyirxahlığı ilə həyata keçirdiyi genişəhatəli layihələr fəaliyyətinin başlıca meyarı olmuşdur. Bütün bunları göz önünə alanda görürük ki, O, tarixdə yaşamış vətənpərvər, maarifpərvər qadınlarımızın örnək olan həyatını öz fəaliyyətində yeni anlamda, həm də ləyaqətlə davam etdirir.

 

Bütün bu çalışmalar, yeni axtarışlar bacarıqlı, işgüzar birinci xanımın vəzifə pillələrində yüksəlməsini zəruri etdi. Mehriban Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il Sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu. Həmin gün Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanı təqdim edən Prezident İlham Əliyev onun ictimai-siyasi fəaliyyətindən bəhs edərək keçdiyi həyat yoluna qısa nəzər salmış, həyatının ictimai əhəmiyyət kəsb edən məqamlarına toxunmuşdur. O demişdir: “2004-cü ildən bu günə qədər Mehriban Əliyeva ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, hesab edirəm ki, regionun ən böyüknüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir... Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri bizim mənəvi, tarixi, mədəni irsimizin qorunması işində əvəzolunmaz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Heydər Əliyev FondununMehriban Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Azərbaycanda keçirilən muğam müsabiqələri artıq həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Bu, sadəcə olaraq sənət növü deyil, bu, bizim mənəvi sərvətimizdir... Mehribanın beynəlxalq aləmdə böyük nüfuzu var. Məhz öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilibdir. Eyni zamanda 14 ildən artıqdır ki, Mehriban Əliyeva UNESCO-nunİSESCO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə bir şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bu, eyni zamanda onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür...” Prezidentin təqdimatından etdiyimiz bu istinadlar Mehriban Əliyevanın böyük ictimai əhəmiyyət kəsb edən fəaliyyətinin, həm də mənəvi keyfiyyətlərilə cilalanmış obrazının xalqımıza nə qədər doğma, əziz olduğunu bir daha bizə xatırladır.

 

Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayan Mehriban xanım ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Onun fikrincə, “Ailəyə olan hörmət - Azərbaycan xalqına məxsus ən gözəl xüsusiyyətlərdən biridir”.

 

Bu gün xalqımızın yaşadığı ağrılar heç şübhəsiz, torpaqlarımızın 20 faizindən çoxunun işğal altında olması, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızın yurd itkisi ilə bağlıdır. Bu mənada Mehriban xanımın gördüyü işlər sırasında qaçqın və məcburi köçkünlərin həyat və məişət şəraitinin yaxşılaşdırılması fəaliyyət proqramının ən ümdə vəzifələri sırasındadır. Azərbaycanın Birinci vitse-prezidenti kimi xanım Mehriban Əliyevanın elə ilk keçirdiyi müşavirə də müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin mənzillə təmin edilməsinə həsr olunmuşdur. Birinci vitse-prezident bildirib ki, “Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir. Hazırda əsas məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir”. Cənab Prezident İlham Əliyev və respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın konkret tapşırıqları əsasında onlar üçün yaşayış binalarının, eyni zamanda, cəbhə bölgələrində ziyan dəymiş evlərin, sosial obyektlərin tikinti, bərpa və təmir işləri aparılır. Əlbəttə, bu insanlar üçün nə qədər imkanlar yaradılsa da, onların bir arzusu var: doğma torpaqlara qayıtmaq. Hərbi sənayenin inkişafı, ordumuzun gündən-günə güclənməsi, erməni işğalçılarından azad edilmiş Cocuq Mərcanlının yenidən qurulması insanlarda torpaqlarımızın azad edilməsi inamını daha da artırır. Xüsusilə, dövlətin bu qəsəbənin sakinlərinin ictimai-siyasi həyata inteqrasiya edilməsi istiqamətində keçirilən tədbirlər, təşkil olunan görüşlər əhalidə böyük ruh yüksəkliyi yaradır.

 

Mehriban Əliyeva bu illərdə çox titullara, təltiflərə, mükafatlara layiq görülüb. Birinci xanımın, Azərbaycanın Ledisinin beynəlxalq aləmdəki nüfuzu, aldığı mükafatlar təbii ki, ölkəmizin, xalqımızın adına başucalığı gətirir. Amma onların içərisində bir mükafatın yeri əlahiddə olduğundan burda onu xatırlatmağı vacib sayırıq. Bu, Azərbaycanda keçirilmiş I Avropa Oyunlarının uğurla, böyük qələbə ilə başa çatmasında əsl fədakarlıq nümayiş etdirən “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın 29 iyun 2015-ci il tarixində “Heydər Əliyev” ordeni ilə təltif olunması idi. Zənnimizcə, bu mükafat ona daha çox sevinc hissi yaşatdı və çox duyğulandırdı.

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin vüsətli inkişafına yeni və davamlı töhfələr verəcəyinə inamımız böyükdür. Bu inamı yaradan başlıca amilqeyd etdiyimiz kimi, Onun hər zaman dövlətçiliyimizə, xalqımıza xidmət etmək istəyi, arzusudur.

 

 

 

Kamaləddin MƏNSİMOV,

 

Nabucco Architecture and

 

Construction” şirkətinin direktoru.

 

Respublika.- 2020.- 27 avqust.- S.4.