Unulmaz pedaqoq, tərcüməçi, islamşünas alim

 

Böyük alimlərin ömrü əsrlərlə, min illərlə, hətta hansısa xalqların ömrü ilə ölçülə bilər. Akademik Vasim Məmmədəliyev kimi.

Vasim Məmmədəliyev 1942-ci ildə Bakıda həkim ailəsində anadan olmuş, 1959-cu ildə Bakının 113 saylı orta məktəbini bitirib, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1964-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.

 

1964-1967-ci illərdə ADU-nun sami dilləri üzrə əyani aspiranturasına daxil olmuş, Tbilisiyə ezam edilərək aspiranturanı orada akademik G.V.Seretelinin rəhbərliyi altında bitirmişdir. O, 1968-ci ildə “Müasir ərəb, Azərbaycan dillərində və Bağdad dialektində felin zaman formalarının müqayisəli-tipoloji təhlili” mövzusunda namizədlik, 1974-cü ildə isə “Müasir ərəb ədəbi dilinin felin zaman, şəxs və şəkil kateqoriyaları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1979-cu ildən ömrünün sonuna qədər BDU-nun Ərəb filologiyası kafedrasının professoru, 1981-1991-ci illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı, 1991-1992-ci illərdə BDU-nun humanitar fakültələr üzrə prorektoru vəzifəsində çalışmışdır.

 

Vasim Məmmədəliyev 1991-ci ildən 2019-cu ilə qədər BDU-nun Ərəb filologiyası kafedrasının müdiri, eyni zamanda, 1993-cü ildən 2018-ci ilə qədər İlahiyyat fakültəsinin dekanı olmuşdur. Azərbaycanın və Dağıstan Muxtar Respublikasının Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, İraq Elmlər Akademiyasının, Suriya Quran Elmləri və Ərəb filologiyası Akademiyasının və Dil Akademiyasının müxbir üzvü, İslam Əməkdaşlığı Təşkilatının Müsəlman Hüququ Akademiyasının akademiki və Azərbaycanın orada təmsilçisi, İranın Beynəlxalq Əhli-Beyt Assosiasiyası və Türkiyənin Elmi Araşdırmalar Vəqfinin üzvü olmuşdur.

 

Alimin işıq üzü görmüş son biblioqrafiyasında onun bu günədək 41 kitab, 6 tərcümə əsəri, 19 redaktə kitabı nəşr etdirdiyi və 54 fəlsəfə doktoru, 5 elmlər doktoru yetişdirdiyi göstərilir, 650-yə yaxın elmipublisistik məqalə nəşr edib.

 

Akademik “Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları”, “Bəsrə qrammatika məktəbi”, “Kufə qrammatika məktəbi”, “Ərəb dilçiliyi” adlı əsərləri ilə ərəb dilçiliyinin ən ümdə məsələlərinin kamil tədqiqatçısı kimi şöhrət qazanıb.

 

1991-ci ildə müqəddəs kitabımız Qurani-Kərim mərhum akademik Ziya Bünyadovakademik Vasim Məmmədəliyev tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. Bu, ölkənin elmi-mədəni həyatında mühüm hadisə idi. Tərcümənin nəşri ölkəmizdə İslama, bu dinin tarixinə, fəlsəfəsinə və mədəniyyətinə dair araşdırmalara güclü təkan verdi və Quranın dəqiq məzmunu barədə təsəvvür əldə etməyə imkan yaratdı. Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinə Orta əsrlərdən cəhd olunsa da, bu yalnız 1904-1906-cı illərdə Bakı qazisi Mir Məhəmməd Kərim ağa tərəfindən həyata keçirildi. 3 cilddən ibarət tərcümə-təfsirin işıq üzü görməsində Azərbaycan xalqının xeyriyyəçi oğlu Hacı Zeynalabdin Tağıyevin xidməti danılmazdır. 1908-ci ildə isə Zaqafqaziya şeyxülislamı Məhəmməd Həsən Mövlazadə Şəkəvi Tbilisidə Qurani-Kərimin 2 cildlik tərcümə-təfsirini nəşr etdirib. Bu əsər öz kamilliyi ilə həm Zaqafqaziya, həm də Cənubi Azərbaycanda şöhrət qazanıb.

 

Vasim müəllimin bu tərcüməyə yazdığı ön söz ayrıca bir tədqiqat əsəridir. Bu ön söz Azərbaycanda ilahiyyat və islamşünaslıq elminin yenidən dirçəlməsinə təkan vermişdir. O, külli miqdarda müxtəlif tarixi faktları əhatə etməklə, elmiliyi ilə bərabər, öz bədiiliyi, söz düzümünün gözəlliyi ilə oxucunu heyran qoyur. Qeyd etmək yerinə düşər ki, müqəddəs kitabımızın bu tərcüməsi artıq 17 dəfə yenidən nəşr edilib.

 

Vasim müəllim Azərbaycan musiqi mədəniyyətinin, muğam sənətinin mahir bilicisidir. O, dəfələrlə muğam gecələrində aparıcı olub, respublikamızın görkəmli xanəndə və müğənnilərinin yaradıcılıq gecələrində bir mütəxəssis kimi çıxış edib. Dövlətimiz elm və təhsildə səmərəli fəaliyyətinə görə Vasim müəllimə 1992-ci ildə Azərbaycanın Əməkdar elm xadimi fəxri adı vermişdir. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilmiş alim, 26 avqust 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti ümummilli lider Heydər Əliyevin fərmanı ilə ölkənin yüksək mükafatı olan “Şöhrət” ordeni ilə təltif olunmuşdur. 30 oktyabr 2009-cu ildə BDU-nun 90 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Şərəf” ordeninə layiq görülmüşdür. 30 avqust 2012-ci ildə dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanda şərqşünaslıq elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

 

Vasim müəllim 10 may 2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən Heydər Əliyev Fondunun “Qızıl Çinar” beynəlxalq mükafatı ilə təltif olunmuşdur.

 

Bu gün yaşasaydı Vasim müəllimin 78 yaşı tamam olacaqdı. O, təkcə elm adamı, şərqşünas, islamşünas kimi yox, böyük müəllim, gözəl insan, əvəzsiz alim kimi də hər zaman biz tələbələrinin qəlbində yaşayacaqdır.

 

 

 

Rübabə ŞİRİNOVA,

 

fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.

 

Respublika.- 2020.- 27 avqust.- S.7.