Müdrik ağsaqqalın şərəfli ömrü

 

Dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin vətənpərvərlik və peşəkarlıq irsinə söykənən Azərbaycanın dövlət təhlükəsizliyi orqanları bu gün ölkəmizin milli maraqlarının və təhlükəsizliyinin təmin olunması istiqamətində bütün imkan, qüvvə və intellektual potensialını səfərbər edib. Sözsüz ki, bu nailiyyətlərin bünövrəsində Ulu Öndərin şanlı irsi, eyni zamanda təhlükəsizlik orqanlarının mükəmməlliyini özündə daşıyan və şəxsi heyətə bir mayak kimi əməliyyat xidməti fəaliyyətini daha təkmil səviyyədə təşkil etmək üçün yol göstərən zəngin ənənələr durur. Bu peşəkarlıq irsinin və ənənələrin gənc nəslə aşılanmasında vaxtilə təhlükəsizlik orqanlarında ümummilli lider ilə çiyin-çiyinə çalışmış, xalqımızın mənafelərinə ləyaqətlə xidmət etmiş, hazırda təqaüddə və istefada olan veteranlarımızın da payı vardır. Onlar daim özlərini xidmətdə, işdə-gücdə, bir sözlə, təhlükəsizlik orqanlarının sırasında hiss edirlər.

 

 

 

Şərəfli həyat yolu keçmiş veterenlarımızdan olan, ömrünün 35 ildən artıq hissəsini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş, Böyük Vətən Müharibəsinin iştirakçısı Süleymanlı Bəxtiyar İbrahim oğlu da hələ sovet dövründə azərbaycançılıq məfkurəsinin xüsusi xidmət orqanlarına daşınması və bu sistemdə milliləşdirmə prosesinin həyata keçirilməsi kimi çətin bir missiyanı cəsarətlə gerçəkləşdirməyə müvəffəq olmuş ulu öndər Heydər Əliyevin yaxın silahdaşlarındandır.

 

Avqustun 29-da Bəxtiyar Süleymanlının 95 illik yubileyidir.

 

O, 1925-ci ildə Zəngilan rayonunun Bartaz kəndində anadan olub. Atası İbrahim kişi ötən əsrin əvvəllərində Bakıya gəlib. Xeyli müddət Hacı Zeynalabdin Tağıyevin neft mədənlərində işləyib. Yığdığı qazancla doğma kəndinə qayıdıb torpaq alıb, özünə güzəran qurub. İbrahim kişinin 9 övladı olub. Çox arzulayıb ki, hamısını sənət sahibi etsin. Lakin həyatdan tez köçüb.

 

Bəxtiyar evin üçüncü uşağı olsa da, kiçik yaşlarından ailənin qayğısını çəkmək onun üzərinə düşüb. 1939-cu ildə kəndlərindəki yeddillik məktəbi bitirdikdən sonra Zəngilanda orta məktəb təhsilini davam etdirib. 1942-ci ilin yayında isə təhsilini yarımçıq qoyub... - O vaxt mənim 17 yaşım var idi. Kəndimiz çox əlverişli coğrafi mövqedə yerləşirdi. İran Ermənistanla həmsərhəd idik. Elə sərhəd bölgəsində yaşadığımızdan, az da olsa rus dilini öyrənmişdim... Bəxtiyar müəllim bir anlıq fikrə gedir. Xəyalən həmin günlərə qayıdır.

 

- Müharibə hamı kimi, bizim həyat şəraitimizi ağırlaşdırmışdı. Ona görə işləməli oldum. Əvvəlcə məni kəndimizdəki poçt bölməsinə rəis qoydular. 1943-cü ilin fevralından isə Əmirxanlı kənd məktəbində müdir həm müəllimlik etməyə başladım. O vaxt respublikada müəllimlərə böyük ehtiyac vardı. Kadr çatışmırdı. 1943-cü ilin sentyabr ayında, yəni, 18 yaşım tamam olandan bir neçə gün sonra çağırış vərəqəsi aldım. İşin tərsliyindən möhkəm soyuqlamışdım. Qızdırma içərisində olsam da, komissarlıqda xəstə olduğumu dilə gətirmədim. Çünki müharibənin o çağında belə söz deməyi özümə sığışdırmadım. Fikirləşdim ki, mənədezertirdeyib lağa qoyarlar. Bu adı daşımaq ölümdən betər idi... Biz Bakıya qatarla getdik. Biləcəri toplanış məntəqəsində həkimlər bizi yoxladılar. Özüm bir söz deməsəm , qonşu kənddən Mamed adlı birisi mənim xəstə olduğumu həkimə bildirdi. Həkim məni diqqətlə yoxlayıb, başını buladı. Oradan məni indikiSemaşkoadına xəstəxanaya göndərdilər. Bir müddət xəstəxanada müalicə olundum nəhayət 1944-cü ildə orduya göndərildim. General Əliyarbəyovun komandanlıq etdiyi 402-ci diviziyanın 839-cu alayına düşdüm. General Əliyarbəyov əsgərlərə xüsusi qayğı göstərirdi. Lakin təlim-məşqlərin, hərbi intizam qaydalarının düzgün yerinə yetirilməsi üçün sərt qaydalar qoymuşdu. Təsəvvür edin, içi qumla dolu kisələri kürəyimizə alıb Ələt stansiyasından üzü Salyana kimi qaçırdıq. Ələtdə avtomatçı pulemyot atıcısı kimi hazırlandıqdan sonra müxtəlif hərbi hissələrə göndərildik. Mən Qafqaz hərbi dairəsinin 191-ci nişançı alayına düşdüm.

 

Vəziyyət çox çətin gərgin olsa da, heç kəs qələbəyə ümidini itirməmişdi. Hamı qələbə çalacağımıza inanırdı. İnsanlarda böyük ruh yüksəkliyi vardı. Qələbə gününü indiyədək xatırlayıram. Uşaq, böyük hamı sevinir, sevincindən ağlayır, bir-birini qucaqlayıb təbrik edirdilər. Hər il Qələbə Günü o sevinci, o həyəcanı yenidən yaşayıram”... - deyə, bir anlıq fikrə dalan, üzündəki ifadələrin ciddiləşdiyi Bəxtiyar müəllim belə bir qələbə sevincinin tezliklə düşmən tapdağı altında olan torpaqlarımızda, Dağlıq Qarabağda da yaşanacağına əmindir: “ermənilər həmişə torpağımıza göz dikib, milli varlığımıza düşmən kəsiliblər. İndi Qarabağdan əlavə, gör, neçə rayonumuz düşmən işğalı altındadır?! O cümlədən, mənim doğulub boya-başa çatdığım Zəngilan da düşmən əsarətindədir. Belə bir deyim var: “Azadlıq qılıncların kölgəsindədir”. Bizim ordumuzun gücü torpaqlarımızı azad etməyə tam imkan verir. Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, atəşkəs əbədi ola bilməz. Biz öz torpaqlarımızı mütləq qaytaracağıq. Azərbaycan qüdrətli ölkədir. Onun sərvəti var, qədim mədəniyyəti, cəng ənənələri var. Bizim güclü ordumuz, qətiyyətli dövlət başçımız var. Biz torpaqlarımızın düşmən əsarətindən azad ediləcəyinə inanırıq. Mənə elə gəlir ki, o günə lap az qalıb.

 

...1945-ci ilin sentyabr ayında ordudan tərxis olundum. Müharibə qurtardıqdan sonra hərbi komissarlığa gəlib qayıtmağımla bağlı məruzə etdim. Komissarlıqda mənə ərizə yazdırdılar. Rus dilini bilməyim və xəttim onların xoşuna gəldi. Əvvəlcə məni məxfi işlər müdiri, sonra isə şöbə rəisi təyin etdilər. O vaxt rayon hərbi komissarı, Əsgərov soyadlı eloğlumuz mənə orta təhsilimi tamamlamağı məsləhət gördü. Elə də etdim. İşləyə-işləyə oxudum...

 

Bəxtiyar Süleymanlı 1952-ci ildə dövlət təhlükəsizlik orqanlarına xidmətə qəbul olunub. Kiyev və Daşkənd şəhərlərində Dövlət Təhlükəsizlik Komitəsinın (DTK) rəhbər işçilərinin təkmilləşdirilməsi kurslarında təhsil alıb. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1989-cu ilədək DTK-da müxtəlif rəhbər vəzifələrdə çalışıb, polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb. Çoxlu sayda medallar, fəxri fərmanlar və qiymətli hədiyyələr onun şərəfli işinə verilən dəyərin bariz nümunələridir.

 

Bəxtiyar müəllim həm də Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür. 100-dən artıq publisistik məqaləsi dərc olunub, bir neçə kitabın müəllifidir.

 

Bəxtiyar Süleymanlı Heydər Əliyev peşəkarlıq məktəbinin yetirmələrindəndir. Qocaman çekist ümummilli lideri xüsusi hörmət və məhəbbətlə xatırlayır: “Ulu Öndərlə ilk dəfə 1955-ci ilin payızında tanış olmuşam. O vaxt SSRİ DTK-nın Azərbaycan Dəmiryolu İdarəsinin Culfa bölməsində xidmət edirdim. Nəqliyyat və ərazi DTK orqanları tabeçilik baxımından fərqli strukturlar olduğuna görə 1959-cu ilə kimi Ulu öndər Heydər Əliyevlə görüşlərim sırf təsadüfi xarakter daşıyırdı. Amma həmin ilin iyun-iyul aylarında respublika DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi və kollegiyanın üzvü kimi Füzulidə təhlükəsizlik orqanları əməkdaşları üçün keçirilən zona seminar-müşavirədəki çıxışını dinləyərkən mən Heydər Əliyevi sanki yenidən kəşf etdim. O, respublikadakı mövcud əməliyyat şəraiti, qarşıda duran vəzifələrlə bağlı təklif və tapşırıqlarını verdikdən sonra öz zəngin xidməti fəaliyyəti zamanı həyata keçirdiyi əməliyyat tədbirlərindən söhbət açaraq müşavirəni xüsusilə gənclər üçün maraqlı və yaddaqalan tədbirə çevirdi...

 

Sonrakı illərdə bu cür görüşlərin sayı

 

 çoxaldı. Çünki Bəxtiyar müəllim artıq respublika DTK-nın Zəngilan rayon şöbəsinin rəisi vəzifəsində xidmət edirdi: “Ulu öndər Heydər Əliyev o vaxt ilk azərbaycanlı idi ki, dövlət təhlükəsizlik orqanlarında general rütbəsinədək yüksəlmişdi. İlk azərbaycanlı idi ki, respublika DTK-sına rəhbərlik edirdi. Yaxşı yadımdadır, 1969-cu ilin fevral ayı idi. “Dzerjinski” adına klubda ilin yekunlarına dair müşavirə keçirilirdi. Müşavirəyə mərkəzi aparatın və rayon şöbələrinin işçiləri dəvət olunmuşdular. Bu Heydər Əliyevin təhlükəsizlik orqanının sədri kimi keçirdiyi son müşavirə oldu. Bundan sonra ümummilli lider Azərbaycanın rəhbəri seçildi. Az müddətdən sonra mən Mingəçevir şöbəsinə rəis təyin olundum. O vaxtlar biz doqquz rayona baxırdıq. Yəni bu şöbə geniş bir ərazi üzrə əməliyyat təminatını həyata keçirirdi. İşimiz çətin olsa da, öhdəsindən gəlməyə çalışırdıq. 1970-ci ildən 1981-ci ilədək orada işlədim.

 

Bəxtiyar Süleymanlı anadan olmasının 70 illiyi münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin 24 avqust 1995-ci il sərəncamına əsasən “Mingəçevir şəhərinin fəxri vətəndaşı” adına layiq görülüb. Onun üçün bu mükafat çox əzizdir.

 

Xatirələri içində Bəxtiyar müəllimin xüsusilə sevib əzizlədiyi daha bir xatirə böyük alim, qayğıkeş həkim və misilsiz insan Zərifə xanımla bağlıdır. 1964-cü ildə anası Əzət xanımın gözündə yaranmış problemlə bağlı DTK sədrinin birinci müavini Heydər Əliyevdən iki gün icazə istəyən Bəxtiyar Süleymanlı nəinki həmin icazəni alır, hətta rəisinin təklifi ilə anasını Zərifə xanımın yanına aparır. İnsanlardan ürəyinin və əlinin şəfqət və nur payını əsirgəməyən Zərifə xanım əlindən gələn köməyi edir və xəstəni bir neçə il nəzarətində saxlayır.

 

Bəxtiyar müəllim dövlətimizin veteranlara göstərdiyi diqqət və qayğıdan da söz açıb: “Sağ olsunlar, digər veteranlar kimi, məni də heç vaxt unutmurlar. Bayramlarda, ad günümdə, Qələbə Günündə həmişə təbrik edirlər. Bu da mənə yaşamağa güc verir. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevə biz veteranlara göstərilən diqqət və qayğıya görə çox sağ olun, deyirəm. İnsan xatırlandıqca yaşayır deyirlər. Ömrümün 35 ilini həsr etdiyim, mənə doğma və əziz olan bir təşkilatın bu cür münasibətini görəndə qəlbim sevinclə dolur. Dövlətin təhlükəsizliyinin keşiyində dayanan xüsusi xidmət orqanını heç bir təşkilatla müqayisə etmək olmaz. Sırf dövlətçiliklə bağlı olduğundan bu orqanda işləməyin özü böyük şərəfdir. Dövlət təhlükəsizlik orqanlarındakı xidmətimlə hər zaman qürur duyuram”.

 

BizBöyük Vətən müharibəsinin və Azərbaycan dövlət təhlükəsizlik orqanlarının veteranı, əziz və səmimiyyətinə görə hamının böyük hörmət bəslədiyi Bəxtiyar müəllimi 95 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və xoşbəxtlik arzulayırıq.

 

 

 

Samirə İBRAHİM

 

Respublika.- 2020.- 28 avqust.- S.6..