Ədəbiyyatşünas alimin yaradıcılığında özəllik

 

Bəşər aləmində kitabın yaranma tarixi minillərlə hesablanır. Bu mənada kitabın meydana gəlməsi dünya tarixində mədəniyyətin ilk nümunəsi sayıla bilər. Təbii ki, yüzillər boyunca insanların biliyinin, dünyagörüşünün yaranması, xalqların bir-birinin dili, tarixi, mübarizəsi ilə tanış olması baxımından onun əhəmiyyəti misilsiz olmuşdur. Dünyanın mizanı baş verən hadisələrin axarında dəyişdikcə, bir sözlə, həyat inkişaf etdikcə onların əksini təcəssüm etdirən kitabların meydana gəlməsi bu tarixləri yaşadan ən etibarlı mənbələr olmuşdur. Bütün bunların məcmusu kitabın fonunda elmin, mədəniyyətin ilkin göstəricisi olduğunu ehtiva edir. İnsanlar kitab mədəniyyətinin onlara qazandırdığı dəyərləri bütün zamanlarda duyur, fərqinə varır, bu bilik mənbəyindən yaşam boyu bəhrələnirlər. Ömür bu dəyərlərin timsalında rəngarəngdir, gözəldir, rövnəqlidir.

 

Kitabların əhatə etdiyi mövzulara gəlincə, onların da sırasını müəyyənləşdirmək qeyri-mümkündür. Həyat təbəddülatlara uğradıqca bütün sahələrdə çeşidli mövzular bir-birini əvəz edib. Qitələr dolaşan səyyahların müşahidələri əsasında yazdıqları yol qeydləri, təəssüratları əlyazması şəklində dəri üzlüklərlə cildlənmiş, kitabın ilk nümunələri olaraq meydana gəlmişdir. Təbii ki, yüzillər sonra həmin əlyazmaların mövzuları diqqəti cəlb etsə də, janrlar barədə düşüncə formalaşmayıb. Amma zaman ötdükcə kitablar janrlarına görə də böyük maraqları ehtiva edib. Şifahi xalq ədəbiyyatının ilk nümunələri - əsatirlər, əfsanələr, bayatılar, nağıllar... Sonradan isə meydana gələn yazılı ədəbiyyatın növləri və janrları... Yox, məqsədimiz janrlar ətrafında diskussiya açmaq, onun təfərrüatına varmaq deyil. Söhbətimizin başlıca qayəsi kitabçılıqa az təsadüf olunan kitab-albom janrında yazılmış 10-a yaxın mükəmməl əsərdən bəhs etməkdir. Bu kitabların müəllifi filologiya elmləri doktoru, professor Teymur Əhmədovdur.

 

Bir xatırlama: Jurnalist ixtisasımla bağlı ilk əmək fəaliyyətinə başladığım vaxtlarda 20 il nəşriyyat sistemində işləmişəm. Bu müddətdə xeyli mövzuda və müxtəlif janrlarda yazılmış kitablarla tanış idim. Elə o vaxtlardan məni kitab-albom janrında işlənmiş, tərtiblənmiş kitablar çox maraqlandırırdı. O zaman bu janrda özünün ideya-məzmunu, özünəxaslığı, tərtibatı ilə kitabçılıq mədəniyyətində yadda qalan nəşrlər azlıq təşkil edirdi. Üstəlik, kitab-albom dedikdə, ilk növbədə kiçik bir annotasiya, yaxud giriş, fotolar və şəkilaltı sözlər anlaşılırdı. Bu janra yalnız belə bir prizmadan yanaşılır, fotolar ötüb keçən bir baxış lentindən (marağından) savayı ayrı təsəvvürə malik deyildi. Uzun illər kitab-albomlar bu məntiqlə hazırlanaraq nəşr olunurdu.

 

Sən demə, kitab-albom janrında ortaya mükəmməl nəşrlər qoymaq olarmış. Mövzuya tarixilikmüasirlik baxımından yanaşmaqla burda da böyük dəyərlər yaratmaq mümkünmüş! Belə kitablarda da dövrün ictimai-siyasi, mədəni mühitini vermək, tarixi, ədəbi qəhrəmanı öz dövrü ilə birgə təqdim etmək, mövzunu fəsillərin, bölmələrin içərisində qruplaşdırmaq, sistemli bir ardıcıllıqla şəxsiyyəti yetişdirən zamanı canlı göstərmək (sözün, arxiv sənədlərinin, xatirələrin və əlbəttə ki, nadirçox qiymətli olan tarixi fotoların müşayiətilə!) bu janra necə bir möhtəşəmlik qazandırarmış!

 

Əminliklə deyərdim ki, Azərbaycanda bu janrda ilk mükəmməl kitabların yaradıcısı Teymur Əhmədovdur. Başqa sözlə, o, kitabçılıq mədəniyyətində kitab-albom janrının yeni növüslubunu yaratmışdır, desəm, doğru olar. Professorun kitab-albomlarının hər biri ilə zamanında tanış olsam da (onlardan bir neçəsi haqqında yazdığım məqalələrlə mətbuatda çıxışlar da etmişəm) yazı üzərində işə başlayarkən həmin kitabları tarixi ardıcıllıqla yenidən vərəqlədim. Bir-birindən ideya-məzmun, forma və tərtibatına görə fərqli xüsusiyyətlərinə diqqət etdim. Gördüm ki, ilk kitabından sonuncuya (axarıncı) qədər hər yeni işində janrın imkanlarını arayıb üzə çıxararaq onu inkişafa aparıb. Digər tərəfdən, bu sahədə təcrübəsi artdıqca hər bir kitabda janra yeni prizmadan yanaşıb, qəhrəmanı özünəxas rakursdan, yeni baxış bucağından təqdim etməyə çalışıb. Kitabdan-kitaba təqdimatlarını təkmilləşdirib, janrın daha yeni forma və çalarlarını arayıb-axtarıb, yeni kitab-albomlarında fərqli, ədəbi, bədii manevrlər edib... Fikrin bu məqamında sözdən maddiyyata keçərək, həmin kitabları tarixi ardıcıllıqla təqdim etməklə, müəllifin janra gətirdiyi tam yeni üslüb, ideya, məzmun, tərtibatla bağlı fikir-təəssüratlarımı oxucularla bölüşmək niyyətindəyəm.

 

Teymur Əhmədovun ilk kitab-albomu görkəmli maarifçi, yazıçı-publisist, ictimai-siyasi xadim, Şərq xalqlarının azadlığı uğrunda mübariz Nəriman Nərimanovun həyat yoluna həsr olunub. Kitab sovet siyasətinin ciddi rejimində, N.Nərimanova qarşı münasibətlərin birmənalı olmadığı bir dövrdə ərsəyə gətirildiyindən mövzuya çoxəhatəlilik prizmasından yanaşmaq mümkün olmamışdır. Buna baxmayaraq, böyük şəxsiyyətin inqilabi mübarizələrdə keçən həyat yolu, yaradıcılığı, maarifçilik fəaliyyəti üzə çıxarılan sənədlərin, faktların və fotoların müşayiətilə kitabda öz əksini tapmışdır. Bu mənada kitab haqqında qeydlərlərimi müəllifin düz 42 ildən sonra tarixi şəxsiyyətin həyat yoluna yenidən qayıtmaqla tam yeni aspektdə işlədiyi “Nəriman Nərimanov” (2020) kitab-albomdan bəhs edərkən bildirməyi məqsədəuyğun sandım.

 

Professor Teymur Əhmədov elə ilk işindən duymuşdu ki, qəhrəmanı bir çox baxış bucağından, hərtərəfli təqdim etmək üçün kitab-albom janrının imkanları daha genişdir. Müəllifin bu janrda işlədiyi kitablarla yaxından tanışlıq onu da göstərdi ki, kitabçılığın bu qolunda kitab hazırlamaq, ideyanı bütöv, parlaq şəkildə təqdim etmək böyük zəhmət, əziyyət tələb edir. Tədqiqatçı-alim bu yolda qarşıya çıxan çətinliklərdən qorxmadan, əksinə, gördüyü işdən mənəvi zövq alaraq, hər dəfə də böyük səylə, sevgiylə araşdırma-tərtiblərinə davam etdi. Və 1982-ci ildə “Süleyman Rüstəm” kitab-albomunu ərsəyə gətirdi.

 

Kitabın maraqlı bir süjet xətti var. Əsasən S.Rüstəmin xatirələri ilə müşayiət olunmuş hadisələr ədəbi-ictimai mühitin qaynarlığını ehtiva edir. Obrazlı, poetik düşüncəli bədii nümunələr, canlı təqdimatlar əsərə rəğbət doğuran bir sanbal gətirir. Kitab-albomu vərəqlədikcə diqqətimi cəlb edən ilk təəssürat bu oldu ki, şairin həyat salnaməsi - ədəbi yaradıcılığı, ictimai fəaliyyəti sadəcə tərcümeyi-hal xarakteri daşımır, onun mühiti, düşüncə, amal karvanı sanki həzin, bəzən də odlu, mübariz bir avazla sözə və hadisələrə şahidlik edən fotoların nostalji xatırlamaları ilə yaddaşımıza işıq çiləyir. Və burda mühüm olan bir nüans əvvəldən axıracan bizi dövrün ədəbi mənzərəsini, ictimai-bədii təfəkkür sahiblərinin mühitini görüb-duymağımıza imkan yaratdı. Kimdir bu mühitin ziyalıları? S.Vurğun, M.Müşfiq, R.Rza, M.Rahim, Ə.Fövzi, M.Rəfili, M.Dilbazi, A.Faruq, O.Sarıvəlli, Ə.Cəmil, M.İbrahimov, Z.Xəlil - Azərbaycan ədəbiyyatının tarixinə möhtəşəmlik gətirmiş şair və yazıçılarımız. Eləcə də başqa ölkələrin yaradıcı şəxsiyyətləri ilə ədəbi bağlılıq, görüşlər, yazışmalar... Şeirlərində tərənnüm olunan o taylı-bu taylı Azərbaycanın səsi, ruhu onun poetik ilhamının gücü, sənətkarlığı ilə əsərlərindən verilən parçaların timsalında şəxsiyyətinin əzəmətini gözümüz önündə canlandırır. Bu rəngarəngliyin, zənginliyin söz-foto mənzərəsi Süleyman Rüstəmin şair, ictimai xadim obrazını çox istiqamətdən işlənmiş real ştrixlərlə yaddaşımıza ötürür. T.Əhmədovun təqdimində bunlar söz sərkərdəsinin məsləkini, amalını güzgü kimi əks etdirir. Şairin: Yeni həyat başlayırkən üzümüzə gülməyə, Keçdim artıq gülə-gülə mən ələmdən nəşəyə” misraları şairin yeni dövrün başlanğıcından əlvan mövzularda qələmə aldığı əsərlərinin təsir gücü, məna dərinliyi ilə oxucuda sanki çəmən çiçəklərinin ətri, rayihəsi ilə xoş duyğular yaradır. Seçmə fikir ardıcıllığı bir-birini doğuran və izləyən mətn-foto birliyi bizi tədqiqatın yeni bir baxış mükəmməlliyi ilə heyrətləndirir.

 

Belə bir mükəmməl işdən sonra tədqiqatçı alim yeni bir kitab-albom üzərində işləyir. Bu, müəllif-tərtibçinin böyük səylə, ziyalı, vətəndaş qayəsilə ərsəyə gətirdiyi “Səməd Vurğun” (1986) kitab-albomu idi. Təbii ki, yaratdığı bənzərsiz əsərləri, sevgilər, acılar içində ömür əridən, ən başlıcası da Azərbaycan adlı doğma vətəninə ülvi bir vurğunluqla bağlı olan, kövrək əhvallı, həm də ləyaqətli ömür yaşayan və xalqın ümman dərinliyində məhəbbətini qazanan tutiya şəxsiyyətin ömür yolunu əhatə etmək, obrazını yeni cizgilərlə rövnəqləndirmək asan deyildi. Mövzu ətrafında ciddi materiallar toplayan T.Əhmədov təbii ki, burda başqa bir yaradıcı ampluada görünməli idi. Acı keçən uşaqlıq çağları, Qazax Müəllimlər Seminariyasında təhsil alması, F.Köçərlinin ümid-inamla süslənmiş qayğısının bar verməsi, ədəbiyyata gəlişi fövqəl təbiətə malik şairin xalq ruhunda yazdığı əsərləri Azərbaycana şan-şöhrət gətirdi. Su kimi qəlbə rahatlıq gətirən, insanı ağıl-kamal qüdrətilə ovsunlayan poetik irsi sərhədlər aşdı, adı XX əsrin ədəbi-tarixi şəxsiyyəti kimi yaddaşlara həkk olundu. Kitab boyu Azərbaycan və dünya xalqlarının görkəmli nümayəndələrinin, şair və yazıçılarının vaxtilə S.Vurğunla bağlı dediyi fikirlər sanki bir sevgidən doğan işıq kimi səhifələrdə bərq vurur. Bu, əbədi varlığının təntənəsi olan imzası, bədii irsinin həmişəyaşarlı olduğunun göstəricisi idi.

 

Ə lbəttə, bütün kitab-albomları qəhrəmanın olum tarixlərindən başlayaraq, ailə mühiti, ictimai həyata qədəm qoyması, ömrünün sonunacan yazıb-yaratdığı əsərlərinin ideyası, məziyyəti, şəxsi taleyində iz qoyan hadisələr, ictimai baxışlarını bütövlükdə ifadə edən Giriş sözü ilə təqdim olunur. Burda da müəllifin Səməd Vurğunun yaşadığı ömür yoluna işıq tutan mükəmməl sözü bizdə kitabı böyük sevgi və fəxarət hissilə vərəqləməyə intizar dolu maraq yaradır. İlk söz böyük bir tədqiqat işinin yığcam, lakin hadisə, faktlar, tarixlərin mənzərəsini yaratması, nəticə etibarilə şairə verilən yüksək dəyər timsalında olduqca mükəmməldir. “Süleyman Rüstəm”dən fərqli olaraq burda şairin xatirələri deyil, onun yaradıcılığı, şəxsiyyəti haqqında görkəmli ədəbiyyat adamlarının fikirləri yer alıb. Yəni mövzuya fərqli aspektlərdən yanaşma özünü açıqca göstərir. 1926-cı ildən əlinə qələm alan şair özünü bədii-poetik yaradıcılığında tapanda: “Şeir mənim idealımdır. Poeziya mənim ikinci həyatım oldufikrinin arxasından ətrafa Günəş kimi saçılan əsərləri könlümüzə xoş duyğular saçdı. Vətənin qoynunda dinclik tapan şair dünyaya hər zaman Azərbaycanın gözü ilə baxıb. Onu qəlbinin məbədgahı hesab edib.

 

Kitab-albomda müəllif Səməd Vurğunun həyat yolunu elə bir dəqiqlik, həssaslıqla izləmişdir ki, sanki şairin həyatı boyu onunla olmuşdur. Bir məktəbdə oxumuş, müxtəlif məclislərdə, səfərlərdə onu müşayiət etmiş, birgə ova çıxmış, bütün söhbətlərinə diqqət kəsilmiş, dərd-sərindən hali olmuş, ürəyinin dediklərini dinşəmişdir. Üstəlik, həyatının güzgüsü olan fotoları, indi bizim üçün çox qiymətli olan nadir tarixi fotoları tutiya bir sərvət kimi qoruyub saxlamışdır. Bu, Teymur Əhmədovun gördüyü işinə böyük məsuliyyət və dəqiqliklə yanaşması, əsərin süjetinə ədəbi-bədii çalarlarla zənginlik gətirməsi, nəticədə göz-könül oxşayan bir tablo yarada bilməsinin mükəmməl nümunəsidir. Bu kitab-albomun da yetərincə özünəməxsusluğu əvvəldən sonacan diqqətimdən yayınmadı. Elə olmasaydı, bu möhtəşəmlikdə monoqrafik salnamə yaranmazdı ki!

 

Bu yerdə qeyd etməliyik ki, müəllifin bu istiqamətdə işlədiyi bütün kitablarında janrın diktə etdiyi prinsip gözlənilmiş, lakin hər birində mövzunun, ədəbi-ictimai şəxsiyyətin özəlliyinin ifadəsi olan məqamlar bütün dolğunluğu ilə özünü göstərmişdir. Qəhrəmanı yetirən mühüt, başqa sözlə, onu mühitinin içərisində xarakterizə etmək ciddi və özünəxas çalarlarda ifadə olunmuşdur. Bu, əslində oxucu təsəvvüründə böyük bilgi və təəssürat yaradır. Digər tərəfdən, müəllif oxucuların hər ağacdan bir yarpağın, hər çiçəkdən bir ləçəyin ətrini, gözəlliyini duymasından, mənəvi zövq almasından ötrü kitabı öz düşüncəsində nizamladığı bir üslubda işləmişdir. Kitab-albomda qəlbimizi fəth edən poetik nümunələrlə rastlaşdıqca gözlərimiz önündə şairin şeir gülüstanı canlanır. Bu, kəsə yolla şairin mənəvi-əxlaqi gözəlliyinə, psixoloji məqamlarına, vəsvlərin, tərənnümlərin lirik-poetik əsrarəngizliyinə yaxınlaşmaq, onları hiss etmək və bu füsunkarlıqla yaşamaqdır. “Səməd Vurğunun süjetində hadisə və təsvirlərin bir-birinə söykənərək açılması, oxucuya yaşatdığı dəyərlər də məhz bu fikirləri ifadə edir.

 

Teymur Əhmədovun bu janrda işləyib hazırladığı növbəti əsər “Xəlil Rza Ulutürk” (2002) kitab-albomudur. Aydındır ki, Azərbaycan poeziyasında özünün mübariz ruhlu şeirləri ilə od saçan, könülləri alovlandıran istiqlal şairinin yaradıcılığı başdan-başa xalqımızın taleyi ilə bağlı olmuşdur. Başqa sözlə, Xəlil Rza poeziyası öz mayasını xalqın şanlı tarixindən, onun mübarizlik əzmindən, azadlıq arzularından almışdır. Şair bu dünyaya hansı məram və məqsədlə gəldiyindən, mənəvi yükünü haqdan gələn poetik fitrəti ilə mərdliklə çəkməyə nail olmuşdur. Elə milli mücadilənin önündə olan Vətən aşiqinin obrazı da kitab-albomda öz ruhunda, təbiətində xarakterik cizgilərlə canlandırılmışdır.

 

X.R.Ulutürkün hələ ilk vaxtlardan bir vətəndaş ziyalı, şair-alim kimi qəlbində tüğyan edən vətən eşqilə yaratdığı əsərlər şairə el məhəbbəti qazandırmışdı. Zaman ötdükcə həyatımızda baş verən hadisələr, milli müstəqilliyimizin bərpası uğrunda mübarizə, işğalçı bir dövlətin xəyanəti nəticəsində torpaqlarımıza, soydaşlarımıza edilən qəsdlər şairin poetik düşüncəsini bir qəzəb alovu ilə sardı.

 

Xalq yazıçısı İsmayıl Şıxlıya məxsus fikirlərdi: “Xəlil “Ümmanlar təşnəsiydi”. O, azadlığı “Səma” kimi, “Günəş” kimi istəyirdi! Amma kim idi bunları ona verən?! Kim idi istədiyi “qram-qram azadlığı” belə verən! Əl-qol bağlananda, ağız yumulanda insan çırpınır. Xəlil də belə çrpınırdı. Amma ümidini itirmirdi”. Belə bir vətəndaşın, “Prometey hünərli şairin, alovlu mübarizin yaşadığı həyat yolu “Xəlil Rza Ulutürkkitab-albomunun qayəsini təşkil edir. Burda da süjetin xronoloji ardıcıllıqla inkişafı, fotoların fikir-məntiq nizamı ilə təsəvvürümüzdə böyük təəssüratlarla süsləməsi müəllifin yenilikçi baxışları ilə ifadə olunmuşdur. Xəlil Rza özünün açdığı mədəni-mənəvi-poetik cığırı ilə böyük yola çıxdığı illərdə xalq arasında - tələbələr, dostlar, məktəblilər, mədəni tədbirlərdə etdiyi çıxışları, hər biri bir qoşunu ayağa qaldırmağa qadir olan şeirləri ilə şüurlara qığılcımtək saçılır. Şair zamanının qəhrəmanıdır. Həyatın yetişdirdiyi bu qəhrəman - Xalq şairi, “İstiqlalordenli, Türk dünyasının ödüllərini qazanmış turançı olaraq, ən ümdəsi də böyük vətəndaş kimi kitab boyunca böyük məhəbbətlə, haqqın işığında xarakterizə olunur. Şarin bir çox xəstəlikdən əziyyət çəkməsi, Azərbaycanda və bir neçə xarici ölkədə müalicə alması, nəhayət, haqqa qovuşması da xalqın şairə bəslədiyi ehtiramı ilə izlənilir. Müəllif bütün bunları düşünülmüş bir formada, təsiredici məqamların görüntüsü ilə təqdim edir. Bütün bunların təlqin etdiyi başlıca amil - Xəlil Rza Ulutürk ölməzdir, əbədidir fikri düşüncəmizi sarır. Necə ki şair özü demişdir:

 

Buludu şimşəklə parçalayaraq,

 

Zülməti nur ilə boğacağam mən.

 

Qərbdə ulduz kimi batsam,

 

Şərqə bax:

 

Şərqdən günəş kimi doğacağam mən.

 

İtib-batmaq üçün yaranmamışam,

 

Dünənəm!

 

Bu günəm!

 

Gələcəyəm mən!

 

Bir gün bu dünyadan getsəm də,

 

nə qəm,

 

Dünyaya yenidən gələcəyəm mən!

 

2009-cu ildə tədqiqatçı-alim, professor Teymur Əhmədov kitab-albom janrında işlərinin davamı olaraqAbdulla Şaiq” əsərini meydana gətirdi. Bu kitab hansı zərurətdən meydana gəldi? Zənnimizcə, buna ilkin cavab olaraq, ulu öndər Heydər Əliyevin ustadın haqqında dediyi bu fikirləri xatırlamaq yerinə düşür: “Bir əsrə yaxındır ki, Azərbaycan xalqının neçə-neçə nəsli Abdulla Şaiqin uşaqlar üçün müxtəlif janrlarda qələmə aldığı gözəl sənət nümunələrindən faydalanıb və indi də faydalanmaqdadır. Abdulla Şaiq Azərbaycanın elmi və ədəbi mühitində sanballı ədəbiyyatşünas və gözəl bədii tərcümə ustası kimi də yaxşı tanınır.

 

Abdulla Şaiqin çoxşaxəli fəaliyyətinin böyük bir qismi Azərbaycanda maarifçiliyin müxtəlif sahələri ilə bağlı olmuşdur. Aliorta təhsil məktəbləri üçün onlarla dərsliyin müəllifi olmuş Abdulla Şaiqin uzunmüddətli pedaqoji fəaliyyəti milli təhsilimizin yeni-yeni mərhələyə yüksəlişində mühüm rol oynamışdır”.

 

 

 

(davamı növbəti sayımızda)

 

Şəfəq NASİR,

 

yazıçı, publisist.

 

Respublika.- 2020.- 30 avqust.- S.3.