AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda professor Teymur Əhmədovun 90 illik yubileyinə həsr olunmuş onlayn elmi sessiya

 

24 dekabr 2020-ci il tarixdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda professor Teymur Əhmədovun 90 illik yubileyinə həsr edilmiş onlayn elmi sessiya keçirilmişdir. AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli sessiyanı açaraq geniş nitq söyləmişdir. Sonra onlayn sessiya iştirakçıları məruzələrlə çıxış etmişlər. Əvvəli 30 dekabr 2020-ci il tarixli sayımızda dərc olunan onlayn elmi sessiyadakı çıxışların davamını oxuculara təqdim edirik.

 

 

Fikrət ƏHMƏDOV,

Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı, elmi işçi

Ədəbiyyatşünaslığımızın köklü çinarlarından biri, müəllimimiz - görkəmli ədəbiyyat tarixçisi, professor Teymur Əhmədovun 90 yaşı tamam olur. Onun indiki yubileyi Azərbaycan ordusunun tariximizdəki ən parlaq qələbəsini görünməmiş coşqu ilə yaşadığımız tarixi günlərə təsadüf edir. Belə hesab edirəm ki, Teymur müəllim bu qələbə sevincinə ən çox layiq olan ziyalılarımızdan biridir. Çünki o bütün həyatını bir tədqiqatçı alim və mətbuat xadimi olaraq milli birliyimizə və müstəqilliyimizə xidmətə həsr edib. Bu gün şəhid və qazilərimizin canı və qanı bahasına bərpa edilən dövlət sərhədlərimizin memarı olan Nəriman Nərimanovun adının anılması belə yasaq olduğu zamanlarda Bakı, Moskva, Tbilisi, İrəvan, Həştərxan və Leninqrad arxivlərində onun həyat və yaradıcılığına aid bir çox qiymətli faktları üzə çıxarıb ilk dəfə elmi dövriyyəyə daxil edənlərdən biri də məhz Teymur müəllim olub. Elm camiəmizin yekdil fikrinə görə Teymur müəllim Nərimanov irsinin toplanıb nəşrə hazırlanması sahəsində işləri və onun haqqında yazıb dərc etdirdiyi ciddi elmi tədqiqatları ilə Azərbaycanda nərimanovşünaslığın əsasını qoyub.

Hər bir insanın formalaşmasında doğulub boya-başa çatdığı mühit, ailə, təhsil aldığı kollektiv kimi, hətta gözləmədiyi halda yolları kəsişən hansısa şəxsiyyətin də həlledici rolu ola bilir. Bu baxımdan, Teymur müəllimin bir alim kimi yetişib böyük nüfuz qazanmasında elmi rəhbəri akademik Mirzə İbrahimovun əməyi danılmazdır. Əslinə qalsa, Teymur müəllim özünün böyük ustadı haqqında qələmə aldığı kitab və məqalələrində, tələbələrinə və gənc həmkarlarına danışdığı ürəkdolusu xatirələrində bunu böyük minnətdarlıqla ifadə edir. Bu xatirələrdən görünən odur ki, Teymur müəllimi Nərimanov səmtə yönəldən də elə Mirzə müəllim olmuşdur. Məhz onun məsləhətləri ilə Teymur müəllim ictimai-siyasi və ədəbi fikir tariximiz üçün olduqca dəyərli olan tədqiqatlarına başlamışdır. Mirzə müəllim bir yazıçı kimi öz əsərlərində çox sevdiyi Nərimanovun parlaq bədii obrazını da yaratmışdı. Amma haqlı olaraq o, bu böyük şəxsiyyətin bütün yönləri ilə real obrazının yaradılması və gələcək nəsillərə düzgün çatdırılması üçün tarixi sənədlərin axtarılıb tapılmasına ehtiyac olduğunu da vaxtında qiymətləndirmiş, tələbəsinə aşılaya bilmişdi.

Teymur müəllim ömrünün az qala yarısını həsr etdiyi Cənubi Azərbaycan ədəbiyyatı sahəsində tədqiqatlara da öz müəlliminin təklifi, əslinə qalsa, təkidi ilə başlamışdır. O bir müddət şöbəyə rəhbərlik edən akademikin müavini, sonralar isə şöbə müdiri kimi ədəbiyyatımızın aparıcı qollarından olan Güney ədəbiyyatının tarixi, inkişaf istiqamətləri və meyilləri ilə bağlı çoxtərəfli tədqiqat işlərinə rəhbərlik etmişdir. Onun rəbərliyi altında çoxlu sayda elmi işlər yerinə yetirilmiş, sahə ilə bağlı peşəkar mütəxəssislər hazırlanmışdır. Bu gün Teymur müəllimin bilavasitə rəhərliyi ilə hazırlanmış 4 cildlik “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası” və 2 cildlik “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabları istər ölkəmizdə, istəsə də onun hüdudlarından kənarda - İran və Türkiyənin elmi dairələrində ən çox istinad olunan mötəbər akademik qaynaqlar hesab olunur.

Teymur müəllimin Cənubi Azərbaycan ədəbiyyatının Ə.Qaracadaği, M.Ə.Talıbov, M.Ə.Möcüz, M.Şəhriyar, H.Sahir kimi aparıcı simalarının həyat və yaradıcılığı ilə bağlı qələmə aldığı elmi oçerklər hazırda universitetlərimizin filologiya fakültələrində gənc mütəxəssislərin hazırlanmasında ən çox istifadə olunan etibarlı elmi qaynaqlardır.

Teymur müəllim bu gün də öz ustadı akademik Mirzə İbrahimovdan ona miras qalmış vətənpərvərlik və tədqiqatçılıq yolunu böyük əzmkarlıq və gənclik eşqi ilə davam etdirir, gənc həmkarlarının tədqiqatlarına yön verir. Biz də tələbələri olaraq bu yolda ona dəstək olmaqdan şərəf və qürur duyuruq...

 

 

 

Şəfəq NASİR,

filologiya üzrə fəlsəfə doktoru,

yazıçı-publisist

Teymur Əhmədovun mətbuatda keçdiyi böyük yola nəzər salanda qarşımda yetərincə dolğun və mükəmməl bir mənzərə canlanır. 90 illik ömrün 70 ilini mütəmadi, davamlı şəkildə mətbuatda olmaq, zamanı üçün aktual səslənən mövzulardan cəsarətlə söz açmaq, milli əhəmiyyətli məsələlərdə prinsipiallıq göstərmək sözün həqiqi mənasında peşəsinə ruhən bağlılığın, fədakarlığın göstəricisidir. Mən Teymur müəllimin jurnalistik fəaliyyətindən ötən əsrin 80-ci illərinin sonundan xəbərdaram. Onunla şəxsən tanışlığım isə bir qədər əvvəldən başlamışdı. O zaman mən “Gənclik” nəşriyyatında işləyirdim. Bu alicənab insan, ədəbiyyatşünas alim həmin vaxtlar mənə mövzu götürüb elmi yaradıcılıqla məşğul olmağı tövsiyə edirdi. Mənsə bədii-publisistik yaradıcılığa maraqlı olduğumu, bu sahədə çalışdığımı bildirirdim. Amma sonralar iş elə gətirdi ki, elmi tədqiqata həvəsləndim və professor Teymur Əhmədovun elmi rəhbərliyi ilə İrəvan ədəbi mühitinin və “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndəsi olan Məmmədəli Nasirin həyat və yaradıcılığından bəhs edən elmi işimi başa çatdırıb, uğurla müdafiə etdim...

Milli oyanış dövrü mətbuatının yaradıcılarından olan Teymur Əhmədovun mətbuat fəaliyyətini öyrənməyə isə 90-cı ilin əvvəllərindən marağım yaranmışdı. Bu maraq məndə jurnalist araşdırmalarına böyük coşqu yaratdı. Öyrəndim ki, Teymur müəllim universiteti bitirəndən sonra doğma İrəvana qayıdaraq “Sovet Ermənistanı” qəzetində əmək fəaliyyətinə başlamış, elə ilk qələm təcrübələri də onda özünəinam yaratmışdı. O zaman gənc ədəbi qüvvələrin həmin qəzetdə çıxışları, “Ədəbi Ermənistan” almanaxının nəşri, gənc yazıçıların əsərlərinin ayrıca kitabça halında buraxılması da məhz T.Əhmədovun “Sovet Ermənistanı” qəzetində dərc etdirdiyi “Gənc müəlliflərin bədii yaradıcılığına diqqəti artırmalı” məqaləsindən sonra öz həllini tapmışdı. O, İrəvanda Bakı ictimai-ədəbi mühitinin ən ləyaqətli nümayəndəsi, Ermənistan azərbaycanlılarının həyatını, yazıçı və şairlərinin yaradıcılığını təqdir və təbliğ edən ziyalı idi. Bu mənada İrəvan mətbuatında çalışdığı illəri T.Əhmədovun tərcümeyi-halının tər-təzə pöhrələrlə qol-budaq atdığı “yaşıl dövrü” adlandırmaq olar. Bir mühüm məqamı da qeyd edim ki, həmin illərdə gənc jurnalist boş vaxtlarında İrəvan Dövlət Tarix Arxivində axtarışlar aparır, Abbasqulu bəy Şadlinski və onun silahdaşlarının qəhrəmanlığından, “Qırmızı tabor”un fəaliyyətindən materiallar toplayırdı. Sonrakı illərdə o, bir çox hadisələri özündə əks etdirən əsərləri, o cümlədən “Vedibasarın qanlı-qadalı günləri” sənədli povestini də ərsəyə gətirmişdir.

Teymur Əhmədov milli oyanış dövrü mətbuatının ən mükəmməl nümunələrindən olan “Ata yurdu” (1989), “Vətən səsi” (1990-1991), “Vətən həsrəti” (1992-1993), “Elturan” (Milli məsələlər) (1992), “Yeni fikir” (1994-1995) kimi mətbuat orqanlarını yaratmış və hər birinin ideya istiqamətini, doğma torpaqlarından qovulan, didərgin olan soydaşlarımızın yurd itkilərini böyük fədakarlıq və cəsarətlə əks etdirən yazılarla çıxış etmişdir. Bu mətbu orqanlar dövrün aynasını əks etdirməklə yanaşı, ürəyi vətən həsrətilə çırpınan qaçqın soydaşlarımızın tribunasına çevrilmişdi. Onun 2007-ci ildən Əli bəy Hüseynzadənin yadigarı olan “Füyuzat” jurnalına yeni həyat verməsi, 33-cü sayından nəşrini davam etdirməsi də mətbuat tariximizin bir şərəfli səhifəsidir. Professorun Baş redaktoru olduğu bu jurnal azərbaycançılıq ideyasını, türkçülük-turançılıq amalını bu gün mükəmməl araşdırmalarında, təbliğində məharətlə əks etdirir.

Bu əqidəli ziyalı, mətbuat xadimi özünün yaratdığı qəzet və jurnallarla xalqın azadlığı uğrunda səsi-sözü ilə mübarizədə olmuş, müstəqilliyimizin bərpası və möhkəmlənməsi yolunda sözün həqiqi mənasında alovlu publisist kimi fəaliyyət göstərmişdir. Elə məhz bu mübarizliyinə, insani keyfiyyətlərinə görə ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanan Teymur Əhmədovu ulu öndər Heydər Əliyev Prezident Administrasiyasının təsisçiliyi ilə gələcəkdə dövlətçiliyimizin möhkəmlənməsi və inkişafında müstəsna xidmətləri olacaq “Respublika” qəzetinə Baş redaktor təyin etdi. Teymur Əhmədov artıq 25 ildir ki, müstəqilliyimizin qorunmasında, dövlət siyasətinin təbliğində, ölkəmizin iqtisadi-sosial, ədəbi-mədəni inkişafımızda milli və bəşəri əhəmiyyət kəsb edən oxunaqlı məqalələrlə qəzeti rövnəqləndirir.

Teymur Əhmədov XIX-XX əsrin əvvəllərinin mətbuat tarixini, Cümhuriyyət dövrü mətbuatını da tədqiq etmişdir. Bu sırada “Həyat”, “İrşad”, “Açıq söz”, “İnqilab”, “Dirilik”, “Füyuzat”, “Azərbaycan”, “Övraqi-nəfisə”, “Müsəlmanlıq”, “Qurtuluş”, “Mədəniyyət”, “Gənclər yurdu”, “Şeypur” və “Zənbur”u — “milli istiqlal ideyalı mətbuatı demokratik respublikanın gərgin mübarizə dolu, təlatümlü və şərəfli günlərinin aynası” kimi təqdim etmişdi. Bundan başqa, bir çox görkəmli mətbuat və ədəbiyyat xadimlərinin əsərlərinə və şəxsiyyətinə də işıq salmışdır. Bütün bunları göz önünə alanda məlum olur ki, İsmayıl bəy Qaspiralı “Tərcüman”ı, Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin”i, Əhməd bəy Ağayev “Həyat”ı, Əli bəy Hüseynzadə “Füyuzat”ı necə böyük yanğı ilə yaratmışdısa, Teymur Əhmədov nəşrinə rəvac verdiyi qəzet və jurnalları da həmin yanğı və sevgilə işıq üzünə çıxarmışdı.

20 il Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında çalışmışam. Teymur müəllim söhbətlərimizdə həmişə mənə deyirdi ki, sən jurnalistsən, gəl mətbuatda çalış. Gəldim və bir yerdə işlədik. Teymur müəllimə minnətdaram ki, məni qəzet işinə alışdırdı, böyük peşəkarlıq və təcrübə qazanmağıma yol açdı.

Professor Teymur Əhmədovu 90 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı və 100 illiyini də qədirbilən dostları, qələmdaşları ilə birlikdə qeyd etməsini arzulayıram. Var olun, Ustad!

 

 

 

Almaz ÜLVİ,

filologiya elmləri doktoru

Özbəkistanın “Turan” Akademiyasının akademiki, professor Teymur Əhmədovun 90 yaşı tamam olur. Öz doğma atam da o qədər ömür yaşayıb. O yaşın gözəlliyinə, o yaşın bərəkətinə, o yaşın müdrikliyinə bələdəm. O, xeyirxahlıq mücəssəməsidir. O, bütün davranış və hərəkətləri ilə bir əxlaq məktəbidir, saflıq, duruluq çeşməsidir. Qəlbi günəş enerjisi ilə doludur, payladıqca çoxalır, insanlara yaxşılıq elədikcə ömrü uzanır. Üzü nur mənbəyidir. O, gənclərin, cavanların, mənim kimi uzaq ellərdən gələn elm həvəskarlarının atasıdır, qayğıkeşidir, dəstəkçisidir. Qəlbi İrəvan qubarı ilə yanan ziyalımızdır. Qələmi Arazın o tayının həsrətinə ocaq çatır. Millət fədaisi Nəriman Nərimanova oğuldur. “Azərbaycan yazıçıları” biobiblioqrafiyası ilə Azərbaycan yazıçılarının, əli qələm tutanların isnad mənbəyidir. Mətbuat cəfakeşidir. “Türkçülük, avropalaşma, islamçılıq” ideyası salnaməsinin - “Füyuzat”ın ömrünə ömür calayandır.

Teymur Əhmədov məktəbi haqqında qələmə gələcək duyğularım bitib-tükənməz.

“Füyuzat” jurnalında professor Teymur Əhmədovun türk dili və ədəbiyyatı haqqında görüşlərinə dair” fikir və düşüncələrimə gəldikdə isə - 1991-ci ilin 18 oktyabrında Azərbaycan Dövlət Müstəqilliyi aktı imzalandı, aradan 27 il ötəndən sonra Azərbaycan Respublikasının yaranmasının 100 illiyini dövlət səviyyəsində qeyd etdik. Bu o demək idi ki, dövlətimiz varis dövlət olaraq, öz müstəqilliyini bərpa etmiş və 1920-ci ildə yarımçıq qalmış işlərini davam etdirmək hüququ yenidən ələ almışdır. Demək ziyalılarımız, milli düşünürlərimiz XX əsrin əvvəllərində doğru əqidədə, doğru ideologiyada, doğru əməllərdə olublar. Milli müstəqillik tariximizdə bir çox sahələrdə olduğu kimi, ədəbiyyat, dil, mətbuat sahələrində də varislik ənənəsini davam etdirmək, 70 il arxada yarımçıq qalmış işlərinə yeni dövrün tələblərinə, elmin-texnikanın yüksək xətlə inkişafı zamanında körpü salmağın zərurətini bildilər. Bunun üçün dünyəvi dəyərlərə qadir milli potensialı dərk edərək, elmi biliklərlə yanaşı, tarixi hadisələri də düzgün qiymətləndirmək lazım idi.

Professor Teymur Əhmədov tam 100 ildən sonra “Füyuzat”ı yenidən nəşr etdi. Həm də 32-ci sayının davamı olaraq 2007-ci ildə 33-cü sayının nəşrinə varis baş redaktor kimi qərar verərkən məhz bu prinsipi əsas götürmüşdü.

Teymur Əhmədovun “Seçilmiş əsərləri”nin IV cildində (2015, V cildlik) 212-483-cü səhifələrində “Füyuzat”da dərc olunmuş məqalələrinə nəzər salmalı oldum. Burada 53 məqalə, daha doğrusu, yeni “Füyuzat”a yazılmış baş məqalələrlə tanış oldum. Bütün yazılarda əsas xətti - Əli bəyin gördüyü və görmək istədiyi fikirlərin davamını müşahidə etmək mümkündür. O, örnək götürdüyü fikir, əməl silahdaşını “Türk dünyasının sözçüsü” kimi dəyərləndirir. Professor Teymur Əhmədov bu məqalələrində ölkədə baş verən elmi-kütləvi, ictimai-siyasi, ədəbi-mədəni hadisələri, qlobal xarakterli və Azərbaycanla bağlılığını əlaqələndirərək incə ştrixlərlə diqqətə yetirir. XX əsrin əvvəllərində baş verən inqilabi ruhlu yenilikləri, mübarizələri XXI əsrin əvvəllərində baş verən yeniliklərlə müqayisəsini - Əli bəyin görmək istədiklərini XXI əsrin əvvəllərində yerinə yetirildiyini hadisələr fonunda qələmə alır. O, “Füyuzat” yenidən yarandı” yazısında qeyd edir ki, müasir “Füyuzat” Əli bəy Hüseynzadənin tövsiyə etdiyi ideyalara istinadən tarixi keçmişimizi, milli soy-kökümüzü, türk qövmünün mənşəyini araşdıran tədqiqatçıların əsərləri vaxtaşırı özünə yer tapacaqdır.

Daha sonra, professorun “Füyuzat”ın taleyi” məqaləsində oxuyuruq: “Füyuzat”ı Azərbaycanda araya-ərsəyə gətirən dərin bilikli, istedadlı və bacarıqlı redaktor Əli bəy Hüseynzadə ədəbi-siyasi fikir tariximizdə “iki mühüm ideoloji” (turançılıq və romantizm) cərəyanının bünövrəsini qoydu”. Azərbaycan romantik yazıçıları bu jurnalın səhifələrindən pərvazlandı - Məhəmməd Hadi, Hüseyn Cavid, Abdulla Şaiq, Abbas Səhhət və Səid Səlmasi kimi qüdrətli sənətkarların adlarını çəkir.

“Füyuzat”ın ilk sayında Əli bəy Hüseynzadə qeyd edir ki, türkdə, türklükdə, türk qövmünün fitrətində fövqəladə bir istedad var: Teymurləng kimi cahangiri, Mirzə Uluğbəy kimi hikmət və fəlsəfə möcüzələrinin sahibini, Rumi, Nəvai, Füzuli, Kamal, Hamid kimi söz dühalarını misal çəkir. “Füyuzat” məcmuəsi ətrafına ədəbi-siyasi qüvvələri toplamaqla turançılıq - siyasi, ədəbi-ictimai cərəyanın əsasını qoymuşdu. Əli bəy Hüseynzadənin türkçülük məramı, Türk xalqlarının azadlıq və milli istiqlal ideallarının təbliği təkcə Zaqafqaziyada deyil, bütün Şərqdə əks-səda doğurmuşdu.

Bu məqamda professor Nəriman Nərimanova üz tutur: “Özümüzə türk deyib də xüsusi bir məslək dalınca getməliyikmi? Getməliyiz desəniz, özümüzü gərəkdir tanıyaq. Fəqət tanımaq üçün nə lazımdır? Milli dil, milli məktəb, milli mətbuat və qeyri-qeyri şeylər deyilmi?”. Bu istiqamətdə onun “Füyuzat”ının rolu danılmazdır. 32 sayı ilə o, bütün turançı, türkçü, düşmənlərini təlaşa gətirdi, “Füyuzat”ın yolunu bağlamağa fitnələr düşündülər. Çünki türk dünyasının mücahidi Əli bəy Hüseynzadə Turan elini yad, mürtəce cərəyanlardan xilas etmək üçün türk ideologiyasını yaymağa çalışırdı. Amma professor Teymur Əhmədov “Ortaq türk ədəbi dili” məqaləsi ilə öz “Füyuzat”ında söz açır ki, 1937-38-ci illərdə bütün türk dili sevdalılarını, türk dili qurucularını, turan yolçularını məhv edəndən sonra sovet xalqları arasında ortaq dil yaratmağa çalışdılar, rus dilini ortaq dil vasitəsi seçdilər, türk xalqlarının əlifbalarını təkcə kirillə dəyişmədilər, elə o kirilin üstündə də min oyun elədilər, allahsızlıq etdilər və 70 ildən sonra Allah onlara qənim oldu, biz yenidən Turan yolunda, türkçülük, islamçılıq, milli ideologiya yolundayıq. Professor Teymur Əhmədov bütün bu məsələləri “Füyuzat”ında konkret, dəqiq ştrixlərlə ortaya qoyur və yeni nəsli XX əsrin əvvəllərində bir daha izi qoyulmuş bu məsələni anladır, yaddaşlarına xatırladır. Ona görə yaddaşlara xatırladır deyirəm ki, türkçülük, turançılıq ideologiyası qanyaddaşı ilə doğulur, sadəcə o ruhu tərpətmək, oyatmaq lazımdır. Teymur Əhmədovun “Füyuzat”ının - “Ana dili varlığımızdı”, “Vətən, ana Vətən!”, “Türk dünyasının bayramı”, “Ortaq türk dili”, “Ana dilinin qüdrəti”, “Ədəbi dilə vətəndaşlıq borcu”, “Türk dünyasının sözçüsü”, “Ortaq türk dili məsələsi”, “Azərbaycan dilinə qayğı” və “Milli konsepsiya: tarixə yeni baxış” adlı baş məqalələrində əsasən türkçülük və türk dilinə dair görüşləri qələmə alınmışdır.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaranmasını 80 illiyi münasibətilə yazdığı “Ədəbi irsin məbədi” kitabında məqaləsində institutun elmi-ədəbi fəaliyyətinə nəzər salır, XX əsr Azərbaycan klassiklərinin ədəbi irsinin tədqiqində institut alimlərinin fədakarlığını, bütövlükdə institutun yaranma tarixini xronologiya təqdim edir. Bu tarix həm də professorun özünün institutdakı 60 illik əmək fəaliyyətinin bir hissəsidir. XX əsrin 1906-cı ilində milli təəssübkeşliklə dolu bir konsepsiya ilə yola çıxan “Füyuzat” 100 illik süqutdan sonra, XXI əsrin 2007-ci ilindən eyni amalla, eyni fədakarlıqla öz mətbu taleyini yaşayır və mətbuat fədaisi, mətbuat tarixçisi, mətbuat cəfakeşi professor Teymur Əhmədovun qüdrətli, etibarlı mühərririyilə nəşr olunur.

 

 

 

Mübariz YUNUS,

“Füyuzat” jurnalının baş redaktor müavini

Bu gün, uzun illər boyu mətbuat və ədəbiyyat sahəsində önəmli vəzifələrdə təmsil olunmuş, neçə-neçə sanballı mətbu orqana rəhbərlik etmiş dəyərli alimimiz, “Füyuzat” jurnalının baş redaktoru, professor Teymur Əhmədovun doğum günüdür. Onu 90 illik yubileyi münasibətilə MİMTA Fondu və “Füyuzat” jurnalının əməkdaşları adından təbrik edirik...

Ağır tarixi sınaqlar qarşısında belə, tərəqqi və inkişafdan geri qalmayan xalqımız müstəqillikdən sonrakı dönəmdə bütün sahələrdə olduğu kimi, mətbuat aləmində də yeniliklər etmiş və tarixi dəyərlərinə, irs-varislik amalına sadiq qalaraq şanlı keçmişinə yönəlmişdir.

2007-ci ildə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu milli irsə sadiqliyini isbat edərək dəyərli alimimiz, professor Teymur Əhmədovun baş redaktorluğu ilə 1906-1907-ci ildə nəşr olunan “Füyuzat” jurnalının 32-ci nömrəsinin davamı kimi 33-cü nömrəsindən etibarən nəşr etməyə başlamışdır. Artıq 14 ildir ki davamlı şəkildə nəşr edilən jurnal keçmişinə sahib çıxaraq Teymur Əhmədovun başçılığı altında uğurlu addımlarla yoluna davam edir. Müasir “Füyuzat”ın məqsəd və məramı isə milli irsə, mədəni və elmi tərəqqiyə, əxlaqi və mənəvi dəyərlərə sahib olmaq, milli hiss və milli duyğu ilə, həmrəyliklə üçrəngli müqəddəs bayrağımızın ideyalarını yaşatmaqdır.

Dəyərli baş redaktorumuz illərdir Qarabağ həsrəti ilə oxucularına xitab edən jurnalımızın həsrətinin bir gün bitəcəyinə ümid edirdi. Hətta nəinki Qarabağın, itirilmiş bütün Azərbaycan torpaqlarının - İrəvanın, Borçalının, Dərbəndin və Təbrizin də göz yaşlarının dinəcəyini, Böyük və bütöv Azərbaycan amalının gerçəkləşəcəyini dönə-dönə jurnalımızda işıqlandırmışdır.

Dəyərli Teymur müəllim, bu gün biz 90 illik yubileyinizi vətənimizin bir parçası, canı olan Qarabağımızın işğaldan azad olunduğu zəfər günlərində qeyd edirik. Nə xoşbəxtsiniz ki, müzəffər bir ölkənin, müzəffər bir millətin vətəndaşı, ziyalısısınız!

İnsan var ki dünyaya gəlir, uzun illər yaşayıb heç bir fayda vermədən dünyaya gözlərini yumur, hətta bəzən bir ailəyə, bir ölkəyə böyük fəlakətlər yaşadır. Elə insanlar da var ki, Sizin kimi ətrafına, millətinə, ölkəsinə böyük töhfələr verir, fayda verən ardıcıllar yetişdirir, bir ağsaqqal kimi daim gənclərə yol göstərir, qəlbində yandırdığı mərifət işığı ilə millətini aydınladacaq fəaliyyətlərə imza atır.

Dəyərli Teymur müəllim, arzu edirik ki, ömrünüz “Füyuzat” qədər feyzli olsun, ətrafınız işıqlı, millətpərvər gənclərlə əhatələnsin. Qəlbiniz daim vətən sevgisi ilə, millət sevgisi ilə nurlansın. Sonda sözlərimi müasir “Füyuzat” dərgisinin bir devizi ilə bitirmək istərdim: “Böyüklərin əkdiyi ağacın meyvəsi “Füyuzat” olar!”.

 

 

 

Əlizadə ƏSGƏRLİ,

professor

Mənim professor Teymur Əhmədovla ilk tanışlığım 1983-cü ildən başlayıb. 25 yaşında aspirant idim, imtahanlarımı yenicə vermişdim, elmə təzə-təzə ayaq qoyurdum. Çox qısa xülasə edim ki, o zaman mən Əlaqələndirmə Şurasının elmi katibi Teymur müəllimin idarə qapısını açmış, namizədlik mövzumun müəyyənləşdirilməsi və təsdiqi üçün gəlmişdim... O vaxt dörd mövzu müəyyənləşdirmişdi. Onlardan biri də Xalq şairi Osman Sarıvəlli ilə bağlı idi. Teymur müəllim mövzulara baxıb Osman Sarıvəllinin adı üzərində dayandı, lakin düzəlişlə: “Osman Sarıvəllinin poetikası” - dedi. Razılaşdım... 1990-cı illər gələndə professor Teymur Əhmədova yenidən müraciət etdim. Məqsədimi biləndə: - İnanırdım ki, gələcəksən və məni Milli Münasibətlər İnstitutuna, mərhum professor Vaqif Arzumanlının qəbuluna göndərdi. Milli hərəkat səngimişdi, Xəlil Rza Ulutürk adı isə şüurlara hakim kəsilmişdi. Düşüncələrim onun mövqeyinə uyğun gəlirdi. Poetikaya meylim olsa da, milli ideoloji məsələlərdən yazmaq da istəyirdim. Fikrimi bəyəndilər. İnstitutda “XX əsr Azərbaycan ədəbi-nəzəri fikrində milli ideal və xalq taleyi (Xəlil Rza Ulutürkün yaradıcılığı əsasında) problemi” adlı doktorluq dissertasiyamın mövzusu təsdiq olundu. Az vaxtdan sonra institutun Milli etnodil prosesləri şöbəsində elmi fəaliyyətə başladım və tədqiqatlarımı davam etdirdim...

Alicənab Teymur müəllim, səmimiyyətlə bildirim ki, Sizin bizlərə təmənnasız məsləhətləriniz, qayğı və köməyiniz çox olub. Və deyim ki, Siz hamının bildiyi kimi xeyirxah, şəfqətli və mərhəmətli bir insansınız. Yaxşılıq, mehribanlıq Sizin fitrətiniz, mənəvi simanız və məninizdir.

Böyük insan! Siz zəmanəmizin görkəmli maarifpərvərisiniz. Sizin “Respublika” qəzeti redaksiyanızı - iş otağınızı ziyalılar ocağı bilirəm. Bu ocağın qapısı günün istənilən çağı, hətta fasilə vaxtlarının özündə belə hər kəsin, ictimai-mədəni fikrimizin hər cür nümayəndəsinin üzünə açıq olur. Teymur müəllim, Siz həmkarları hörmətlə qarşılayırsınız. Gələn qonaqlara çay tədarükü gördürür, onları diqqətlə dinləyib lazımi qayğı göstərir, yazılarını dərc edirsiniz. Doğrusu, “Respublika” qəzeti redaksiyası bir növ “Molla Nəsrəddin” idarəsini xatırladır. Sözün hüsnü Sizin redaksiyanızda uca yerdədir, Siz sözü mötəbər tutursunuz. Fikir və düşüncə mənəviyyatımızın kübarları sözü həm də Sizin əllərinizlə respublikanın hər yerinə ötürür. Söz xalqımızın mənəvi ruhunda, ucalığında işıqlanır...

Möhtərəm ustad, özünüz də bilirsiniz ki, haqqınızda çoxdan kitab yazmağı arzulamışdım. İki dəfə Sizə müraciət etmişdim, xeyir-dua istəmişdim, lakin razılıq verməmişdiniz. Mən də sözün düzü israrlı olmamışdım. Yəqin belə məsləhətdir, - deyə düşünmüşdüm. Görkəmli dövlət xadimi, yazıçı və dramaturq Nəriman Nərimanovun 150 illik yubileyi gələndə Sizin monoqrafiyanız haqqında “Ədalət” qəzetində çıxış etdim. Həm də qərarlı idim ki, bu dəfə xeyirxahımın özü haqqında yazım. Özünüz də bilmədən! Axı artıq 5 cildliyiniz əlimizdə idi. Necə oldusa, Siz Nərimanovdan yenə söz açdınız, nəyisə xəyal etdiniz. İxtiyarsız dedim ki, axı Teymur müəllim, Nəriman Nərimanovdan ömrünüz boyu yazmısınız. İndi Sizdən yazmağımızın çağıdır. Doğrusu, bu niyyətimi ona bildirməyəcəkdim, artıq vəziyyət necə gətirmişdisə, deməyə vadar olurdum. Yenə Teymur müəllim həmişəki kimi: - Sağ ol, heç nə lazım deyil, çətin olar, özünü incitmə, - deyə mehribanlıqla dillənmişdi. Artıq görəndə ki, geriyə yol yoxdur, onda ürəyi durmadı, mənə çətinlik olmasın deyə əlyazmasını özü hissə-hissə yığdırdı, korrektə etdirdi... Budur, artıq akademik İsa Həbibbəylinin yüksək dəyər verdiyi, qiymətli fikirlər söylədiyi kitab aramızdadır...

Çox hörmətli İsa müəllim sağ olsun, kitabın nəşrini plana saldırdı. Yubilyarın şərəfinə geniş elmi sessiya çağırdı, əhatəli nitq söylədi, əzəmətli şəxsiyyətin elmi və jurnalistlik fəaliyyətini səciyyələndirdi, “İlin alimi” nominasiyasına layiq görüldüyünü bildirdi, möhkəm cansağlığı, uğurlar arzuladı.

Möhtərəm Teymur müəllim, əslində bu kitab akademiya rəhbərliyinin, şəxsən akademik İsa Həbibbəylinin, nüfuzlu direktorumuzun və əməkdaşlarımızın Sizə - görkəmli elm xadiminin 90 illiyinə hədiyyəsidir. Hər cür mənəvi və maddi dəstəyə görə çox hörmətli İsa müəllimə bir daha minnətdarlığımızı bildiririk. Hörmətli əməkdaşlarımıza, tədbirin keçirilməsində köməyi olan həmkarlarımıza bir daha təşəkkür edirik! Hamı, hər kəs sağ olsun!

Əzizimiz Teymur Əhmədov! Siz görkəmli elm təşkilatçısı, təcrübəli mətbuat işçisi, naşir və redaktorsunuz, vətəndaş ziyalı, nadir şəxsiyyətsiniz, ictimai xadim, fikir və düşüncə adamısınız. Respublikada Sizi ictimai-mədəni fikrimizin hər cür nümayəndəsi yaxşı tanıyır.

Mən ustadımız, xeyirxahımız, görkəmli ədəbiyyatşünas alim və mətbuat xadimi Teymur Əkbər oğlu Əhmədova möhkəm cansağlığı, elmi-təşkilati və ictimai-publisistik fəaliyətində böyük uğurlar arzulayıram! Dövlətimizin və millətimizin Zəfər bayramı mübarək olsun! Qarşıdan gələn Təzə ilimiz mübarək olsun!

 

 

 

Teymur ƏHMƏDOV,

Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor

Hörmətli həmkarlar!

Mən hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, çox hörmətli akademik İsa Həbibbəyli, onun elmi işlər üzrə müavini Əlizadə Əsgərli pandemiyanın gərgin şəraitində bir institut əməkdaşının 90 illiyi yubileyinə həsr olunmuş onlayn sessiya təşkil ediblər. Buna görə, minnətdarlığımı bildirirəm. Mənim 60 illik həyatım bu institutla bağlı olmuşdur. Bu səpgidə Şərqdə yaranan birinci milli Ədəbiyyat institutu mənəvi dəyərləri öyrənib tədqiq və intişar etməklə, böyük elm məbədinə çevrilib. Zənnimcə, məhrumiyyətlərə qatlaşaraq, təmiz məqsədlə, qeyrətlə bu elm məbədində xalqa, vətənə xidmət xoşbəxtlikdir.

Azərbaycan Dövlət Universitetini bitirib, 24 yaşında İrəvan şəhərində “Sovet Ermənistanı” qəzeti redaksiyasında yeddiillik əmək fəaliyyətim məktəb oldu. Bakıda Ədəbiyyat və Dil İnstitutunun aspiranturasında təhsil aldığım illərdə işgüzar və səmimi kollektivlə üzləşdim. Burada elmi əməkdaşların qayğıkeş mühitində universitet müəllimlərim - Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər, Məmmədhüseyn Təhmasib, Mirzağa Quluzadə kimi elm xadimləri və Şıxəli Qurbanov, Mirəli Seyidov, Kamal Talıbzadə, Kamran Məmmədov, Yəhya Seyidov, Qasım Qasımzadə, Əkbər Ağayev, İslam Ağayev, Nadir Vəlixanov kimi görkəmli ədəbiyyatşünas alimlərlə işləmişəm. Onları həmişə minnətdarlıqla xatırlayıram.

Mənim elmi rəhbərim Xalq yazıçısı, akademik Mirzə İbrahimovun təklifi ilə Nəriman Nərimanovun yaradıcılığını, ictimai fəaliyyətini ömürlük tədqiq etmək qismətim olmuşdur.

Universitetdə təhsil illəri istəkli müəllimim akademik Abbas Zamanov deyərdi ki, Teymur ədəbiyyatımızın qara fəhləsidir. Ömrümün 60 ilində bu institutda ədəbiyyatımızın “qara fəhləsi” olmuşam. Milli ədəbiyyatımızı öyrənmişəm, təbliğ etmişəm.

1980-1990-cı illərdə Sovet İmperiyasının sarsıntı keçirdiyi və dağıldığı illərdə Azərbaycanın ictimai-siyasi həyatı çox tufanlı, ziddiyyətli keçdi. Belə bir vaxtda demokratik meyillər gücləndi, xalq hərəkatı başladı. Evdə, arxivlərdə rahat işləmək olmurdu, çünki ictimai həyat təlatümlü idi. Ölkənin, xalqın taleyi hər kəsi düşündürürdü. Müstəqillik uğrunda mübarizədə faydalı bir iş görmək üçün mən də bu mücadiləyə qoşuldum. Mətbuatı özümə səngər seçdim: İlk nəşr elədiyim “Ata yurdu” qəzeti “Azadlıq” meydanında böyük rəğbətlə qarşılandı. Sonra “Vətən səsi”, “Vətən həsrəti”, “Yeni fikir” qəzetini nəşr etməli oldum.

Ayaz Mütəllibov, Əbdürrəhman Vəzirovun hakimiyyəti dövründə ölkəmizin sıxıntılı həyatında mövcud olan qarışıqlıq insanlarda narazılıq yaratmışdı. Bakıya sığınan İrəvan qaçqınları zorla Bakıdan çıxarılırdı. Nəşr etdiyim qəzetlərdə onların hüququnu müdafiə etdiyimə görə, rəsmi inzibati dairələr tərəfindən təqib və təzyiq qəzetin qapanması ilə nəticələnirdi. Həmkarlarımla geri çəkilmirdik, mübarizəmizi davam etdirirdik.

Mən mübarizə illərində də elmi-ədəbi fəaliyyətimi, axtarışlarımı davam etdirirdim.

Xalqın iradəsi ilə Heydər Əliyevin hakimiyyətə gəlməsi ölkəmizdə bütün sahələrdə əsaslı dönüş yaratdı, dövlət əhəmiyyətli perspektivli layihələr həyata keçirilməyə başlanıldı.

1995-ci il oktyabr ayının 9-da ulu öndər Heydər Əliyev özü şəxsən məni dəvət edib “Respublika” qəzetinə Baş redaktor təyin etdi.

Məhz müstəqilliyin ilk illərindən fəaliyyətə başlayan “Respublika” qəzeti 1996-cı ilin baharından öz səhifələrində Azərbaycanın ictimai-siyasi həyatını, əmək adamlarının zəhməti ilə xarüqələr yaratdığını, məişət şəraitinin və rifah halının yaxşılaşmasını, xüsusən Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzərində mübarizəni ardıcıl işıqlandırmağa başladı.

Məlumdur ki, 1980-1990-cı illərdə Sovet İmperiyasının çöküşü ərəfəsində kəmfürsət nankor Ermənistan siyasi-hərbi elitası Azərbaycana qarşı işğalçılıq siyasəti yeritdilər: Sovet rus və erməni hərbi birləşmələri Qarabağa vəhşicəsinə hücum edib kənd və şəhərləri xarabazara çevirdilər. Yüz minlərlə əhali doğma yurdundan qovulmuş, köçkün həyatı yaşayırdı.

Azərbaycan Dağlıq Qarabağ problemini Beynəlxalq qanun çərçivəsində sülh yolu ilə həll etmək istəyirdi. Minsk qrupu 30 il ərzində nənənin cəhrəsi kimi fırlandı, status-kvonu dəyişə bilmədi. Bu müddət ərzində Ermənistanda bir-birini əvəz edən prezidentlər Qarabağı əllərində saxlamaq niyyəti ilə hərbi arsenalını silah-sursatla, Rusiyanın pulsuz verdiyi hərbi texnika ilə doldururdu. Sorosun köməyi ilə Ermənistanda hakimiyyətə sahib olan baş nazir Paşinyan faşist xülyası ilə Azərbaycana qarşı hərbi müdaxiləyə hazırlaşırdı, hətta Fransa hərbi mütəxəssislərinə işğal olunmuş ərazilərdə möhkəm müdafiə mövqeləri-bunkerlər tikdirdi (Dilənçi vəziyyətində, yoxsul Ermənistanın milyardlarla başa gələn hərbi xərclərinin ekstremist maqnatlar, erməni lobbisi və Qarabağ problemində maraqlı olan dövlətlər tərəfindən verildiyini güman etmək olar).

Bundan sonra burnunun ucundan uzağı görməyən, kəmsavad baş nazir Paşinyan erməni generallarının “indi biz Gəncəni, hətta Bakını asanlıqla işğal edə bilərik” sözlərindən məst oldu. “Hitlersayağı” bəyanatlar verdi: Azərbaycana bir qarış da torpaq vermərəm”. “Qarabağ Ermənistandır nöqtə”.

Ermənistanın “məğlubedilməz ordusu” qəflətən Azərbaycana hücum edib sərhədboyu yaxın kəndləri artilleriya atəşinə tutdu.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev səbri tükənmiş xalqın iradəsinə arxalanaraq, Valday siyasi klubunda dünya ictimaiyyətinə Bəyanatında dediyi - “Qarabağ Azərbaycandır, nida” sözünü reallaşdırmağı qərara aldı.

Azərbaycan ordusu 44 gündə Ermənistanın “məğlubedilməz ordusunu” darmadağın etdi.

Dağlıq Qarabağda yallı oynayan, qürrələnən sərxoş Paşinyan diz çökdü, “hələ də diz üstə qalıb”.

Ümummilli lider, müdrik dövlət başçısı, dünyaşöhrətli siyasətçi, qüdrətli sərkərdə İlham Əliyev döyüş meydanında 44 gündə müzəffər Azərbaycan ordusunun “dəmir yumruq əməliyyatı” ilə faşist Ermənistanın “məğlubedilməz ordusunu” darmadağın edib, zəfər çaldı.

Bu, xalqımızın xoşbəxtliyidir. Bir millət, iki dövlətin sarsılmaz birliyinin təntənəsidir.

Bu cahanşümul qələbə Müstəqil Azərbaycanın möhkəmlənməsini göstərir, bütün sahələrdə uğurlu inkişafın yeni mərhələsinin başlanılmasına inam yaradır.

Beynəlxalq aləmdə, ölkədaxili taleyüklü sahələrdə uğurlarımız hər bir azərbaycanlıda qürur hissi oyadır. Müstəqilliyin ilk günündən ictimai oyanış Ədəbiyyat İnstitutunun qarşısında da təxirəsalınmaz vəzifələr qoymuşdur. Bu istiqamətdə dövrün tələbinə uyğun işlərin görülməsində böyük uğurlar qazanılması sevindiricidir. Yaranmış yaradıcılıq şəraiti hər bir elmi əməkdaşdan işində dönüş yaratmağı tələb edir.

Ziyalılıq, mənəvi saflıq, yaradıcılıq əzabına dözüm, zəhmətkeşlik olmasa, bu müqəddəs elm ocağında işləmək çətin olar. Bu mühit, kollektiv su kimi mundarlığı sevmir: plagiat, yekəxana, yalançı, kələkbaz, qeyri-səmimi adamı hamı görür.

Xalq yazıçısı Qılman İlkin 97 yaşında dünyasını dəyişmişdi, “Azərbaycan” jurnalında baş redaktor işləyəndə mən tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri işləyirdim. O, təqaüdə çıxmışdı, “Respublika” qəzeti redaksiyasına da gəlirdi. Bir gün Hümmət Musayev ona sual verdi ki - Qılman müəllim, çox yaşamağın sirri nədir? Qılman müəllim gülümsədi: Allahın qismətidi - dedi. - Amma bir şərtlə, yüksək insani keyfiyyətlərə əməl etməlisən. Paxıllığı, kin-küdurəti, qəzəbi, pisliyi yaxın buraxmayasan, xeyirxah olasan gərək.

Mən Ədəbiyyat İnstitutunda bu vaxta qədər “qara fəhlə” kimi işləmişəm, heç bir zaman dedi-qodulara baş qoşmamışam, əlimdən gələni heç kəsdən əsirgəməmişəm, hamını ürəkdən sevmişəm, indi mənim ürəyim dağlara dönür ki, o institutda dost kimi səmimi, təmiz ürəklə məni istəyən və bu gün çıxış edən yoldaşlarım mənim necə insan olduğumu rəğbətlə dilə gətirirlər, sevincimdən qəhərlənirəm. Bu ağır pandemiya şəraitində kollektivlə birlikdə - onlayn sessiyada həmsöhbət olduq. Lütfən mənim dərin təşəkkürümü qəbul edin. Sizin hamınızın çıxışlarınız mənəvi köməkdir, cavanlıq eliksiridir.

Mən hər zaman yubileylərdən uzaq olmuşam, ancaq doğma kollektivimlə bu görüşü, sizin səmimiyyətinizin göstəricisi kimi məmnuniyyətlə qəbul etdim. Sizin hər birinizə minnətdaram, yeni təqvim iliniz mübarək!

 

 

Respublika.- 2020.- 31 dekabr.- S.8.