Azərbaycan diaspor hərəkatında
yeni dövr
başlayır
“Əminəm ki, 2020-ci il də ölkəmiz üçün uğurlu olacaqdır, Azərbaycan uğurla inkişaf edəcək və daha güclü dövlətə çevriləcək”... Möhtərəm cənab Prezident İlham Əliyevin hələ yanvar ayında, 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə söylədiyi bu sözlər öz təsdiqini tapdı. Yeni növ koronaviorus pandemiyası ilə bütün dünyanı böyük bir imtahan qarşısında qoyan 2020-ci il Azərbaycan tarixinə Böyük Zəfər ili kimi qızıl hərflərlə yazılaraq dövlətimizin siyasi və hərbi gücünü ortaya qoydu.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsində tarixi qələbəsi Azərbaycan dövlətinin, xalqımızın, o cümlədən də dünya azərbaycanlıllarının birlik, həmrəylik və qürur rəmzinə çevrildi. Böyük Zəfər ölkəmizin, dövlətimizin və xalqımızın tarixində yeni bir səhifə açdığı kimi, xaricdə yaşayan həmvətənlərimizin birləşdiyi diasporumuzun da fəaliyyəti üçün yeni bir başlanğıc yaratdı. Pandemiyanın yaratdığı qlobal təhlükə ilə başlayan birliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda apardığımız Vətən müharibəsi xalqımızı, diasporumuzu daha da mətinləşdirdi, birlik, həmrəylik anlayışlarını praktik olaraq reallaşdırdı və koordinasiya imkanlarımızın, fəaliyyət potensialımızın nümayişinə şərait yaratdı...
İlin başlanğıcından sonrakı fəaliyyətə doğru
2020-ci ilin əvvəlindən xarici ölkələrdə haqq səsimizin yenidən eşidilməsi üçün diasporumuzun planlı fəaliyyəti yeni bir başlanğıca keçidi stimullaşdırdı, deyə bilərik. Fevralda Almaniyanın paytaxtı Berlində 30 ölkədən 1300 nəfərdən çox soydaşımızın iştirakı ilə baş tutan Ümumavropa Qarabağ mitinqi ilin ilk uğuru idi. Bu mitinqdə 17 dildə çıxışlar oldu, şüarlar səsləndirildi, yerli və beynəlxalq ictimaiyyət Azərbaycan həqiqətləri barədə bir daha məlumatlandırıldı. Bu arada qardaş Türkiyədə uzun illər sənədsiz yaşayan soydaşlarımızın problemlərinin həlli istiqamətində konkret addımlar atıldı və soydaşlarımızın sayının dəqiqləşdirilməsi, şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi məqsədilə işçi qrupu yaradıldı, elektron qeydiyyat üçün müvafiq qurumlarla birlikdə, xüsusi sistem hazırlandı.
Bu il Azərbaycan diasporu kifayət qədər mütəşəkkillik göstərdi. Bu mütəşəkkilliyin əsasında dövlətimizin xaricdə yaşayan soydaşlarımıza diqqəti, qayğısı dayanır. Möhtərəm cənab Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq, çalışırıq ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı dövlətimizin, cənab Prezidentin qayğısını hiss etsin.
“Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi, “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası”nın təsdiqi və s. dövlətimizin Azərbaycan diasporuna diqqətinin daha bir bariz nümunəsi oldu.
Ümumiyyətlə, müasir Azərbaycan diasporunun formalaşması və çevikliyində Heydər Əliyev Fondunun, Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti xüsusi qeyd edilməlidir. Məhz, Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən “Qarabağ” adlı Azərbaycan məktəbləri, Xocalı soyqırımının tanıdılması istiqamətində həyata keçirilən layihə və tədbirlər soydaşlarımızın təşkilatlanması, ümummilli məsələlərdə birliyinin təmin olunması baxımından olduqca böyük əhəmiyyət kəsb edir.
Yeri gəlmişkən, istər cənab Prezident, istərsə də çox hörmətli Mehriban xanım ordumuzun Vətən müharibəsində əldə etdiyi davamlı qələbələrlə bağlı çıxışlarında, müraciətlərində dəfələrlə Azərbaycan diasporunun, xaricdə yaşayan soydaşlarımızın da fəaliyyətini yüksək qiymətləndirib, onları təbdik edib. Bütün bunlar diasporumuza xüsusi stimul verir, soydaşlarımız bunu çox böyük sevinc və fərəh hissi ilə qarşılayırlar. Soydaşlarımızdan qələbə münasibətilə möhtərəm Prezident İlham Əliyevə ünvanlanan 100-dən çox təbrik və təşəkkür məktublarından da bunu aydın şəkildə görmək olur.
Möhtərəm cənab Prezident və çox hörmətli Birinci vitse-prezident tərəfindən soydaşlarımıza göstərilən diqqət və qayğı, verilmiş tövsiyələr birliyi, birgə fəaliyyəti tövsif edir. Dövlət Komitəsi də bu tövsiyələrə əsaslanaraq ilk gündən belə bir tezis üzrə fəaliyyət göstərib ki, hamı birlikdə olmalı, “məndən bizə keçməli”, layihələr birgə icra edilməlidir, koordinasiyalı fəaliyyət olmalıdır. Bunun əsasında da 2018-ci ilin aprel ayından başlanan işlər əsasında artıq 25 ölkəni, 121 diaspor təşkilatını əhatə edən 11 Koordinasiya Şurası fəaliyyət göstərir. Artıq, 10 ölkədə 12 Azərbaycan evi var və bu işlər davam etdirilir.
2020-ci il üçün nəzərdə tutulan fəaliyyət planı pandemiyanın başlanması ilə yeni bir müstəviyə keçdi. Bu dövrdə Azərbaycan diasporu kifayət qədər çevik və həssas proseslər yaşadı. İstər müxtəlif yerlərdə çətinliyə düşmüş soydaşlarımıza edilən yardımlar, istərsə də diasporun yerli qaydalara riayət etməklə öz aktiv fəaliyyətini qurması bunun bariz nümunəsidir.
Pandemiya dövründə Azərbaycan diasporunun birlik və həmrəyliyi
Dövlət Komitəsi pandemiyanın başladığı gündən - 2020-ci il martın 3-dən etibarən Koordinasiya Şuraları, Azərbaycan Evləri, diaspor təşkilatları və fərdi şəxslər vasitəsilə xaricdə yaşayan soydaşlarımızla bağlı mütəmadi olaraq informasiyalar əldə edib tövsiyələr verdi və mümkün dəstək göstərdi. Komitənin tövsiyələri əsasında Azərbaycan evləri, Koordinasiya Şuraları, diaspor təşkilatları və fəalları, qərargah, qaynar xətt yaradaraq soydaşlarımıza bütün mümkün köməyi etdi. Soydaşlarımız mütəşəkkilliklə sosial şəbəkələr üzərindən çətin vəziyyətdə qalmış həmvətənlərimizə öz yardımlarını təklif edir, hətta mənzillərində neçə nəfəri yerləşdirə biləcəkləri ilə bağlı çağırışlar edirdilər.
Bu cür həmrəylik və birlik pandemiya dövründə Azərbaycan diasporuna yeni adlar, yeni şəxslər qazandırdı. Bu zamanadək diaspor işində fəallıq göstərməyən, tanınmayan həmvətənlərimiz, iş adamları, ayrı-ayrı şəxslər soydaşlarımıza təmənnasız olaraq dəstək göstərdi. 4 aydan çox davam edən bu müddət ərzində təkcə Dövlət Komitəsinə 18 minə yaxın zəng, xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının, Azərbaycanlıların Koordinasiya Şuralarının, diaspor üzvlərinin, həmçinin Komitənin ünvanlarına ümumilikdə 51 ölkədən 6 minə yaxın müraciət daxil oldu. Türkiyə, Ukrayna, Rusiya, İtaliya, Gürcüstan və digər ölkələrdən edilmiş müraciətlərə əsasən 33 ölkə üzrə 6853 nəfərə maddi yardım göstərildi. Dünyanın 50-yə yaxın ölkəsindən 500-dən çox soydaşımızın qatıldığı 45 videokonfrans təşkil olundu.
Pandemiya təhlükəsi ilə yaranan sıx birliyimiz Tovuz təxribatına qarşı
Pandemiyanın ardınca Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar zamanı da diasporumuz kifayət qədər çeviklik, mütəşəkkillik və milli birlik göstərdi. Dövlət Komitəsinin çağırışlarına əsasən, soydaşlarımız yerli qanunlara uyğun olaraq yürüş, aksiya və digər istiqamətdə fəaliyyətə keçdi. Komitə tərəfindən aksiyaların şüar, baner, bayraq, poster və s. əyani vəsaitlərlə təminatına müvafiq dəstək göstərildi, sosial şəbəkə üzərindən canlı yayımı, yerli və xarici KİV-lərdə işıqlandırılması təmin edildi. Həmin günlərdə çıxışlarının birində möhtərəm Prezidentimiz cənab İlham Əliyev də soydaşlarımızın fəallığını qeyd edərək bildirmişdir ki: “Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır”.
Məhz möhtərəm Prezident İlham Əliyevin tapşırıqlarına əsasən soydaşlarımızın pozulmuş hüquqlarının yaşadıqları ölkələrin qanunları çərçivəsində və beynəlxalq hüquq normaları əsasında bərpası, eləcə də dəymiş maddi və digər zərərin aradan qaldırılması üçün bütün mümkün addımlar atıldı.
İlk dəfə milli birlik və həmrəylik nümayiş etdirərək Azərbaycan dövlətinin, ordusunun yanında olduğunu bəyan edən soydaşlarımız, diaspor təşkilatları dünyanın 30-dan çox olkəsində 70-dən artıq etiraz aksiyası keçirdi. Bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız, eləcə də dost xalqların - Türkiyə, İsrail, Pakistan, Ukrayna və digər xalqların nümayəndələri iştirak etdi. Soydaşlarımızın dünyanın müxtəlif yerlərində təşkil etdiyi dinc aksiyalarla bağlı fikirlərini bölüşən Birinci vitse-prezident Mehriban xanım Əliyeva da öz çıxışlarında həmvətənlərimizə minnətdarlığını ifadə etdi: “Bu günlərdə bütün dünya şəhərlərində öz səsini ucaltmış və Azərbaycan bayrağını qaldırmış hər kəsə təşəkkür edirəm. Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz var - Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etmək. Ona görə ki, Qarabağ Azərbaycandır və nida işarəsi!”
İlin sonları, şanlı Zəfərə aparan həmrəylik və birlik mücadiləsi
Diasporumuz Ermənistanın Tovuz təxribatı zamanı daha da möhkəmləndi və torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsi dövründə özünün indiyəqədərki ən yüksək zirvəsinə çatdı, deyə bilərik.
44 günlük hərbi əməliyyatlar dövründə xaricdəki soydaşlarımız siyasi görüşündən, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq, milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə və ordumuza dəstək göstərdi. Onlar orduya, yaralı əsgərlərə, şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaralanan, həlak olan, evləri dağılan dinc sakinlərə maddi, humanitar yadımlar göndərməklə yanaşı, haqq səsimizin dünyaya çatdırılmasında da böyük mütəşəkillik və fədakarlıq ortaya qoydu.
Azərbaycan Prezidenti İlham Əliyevin xalqımıza 2020-ci il 27 sentyabr tarixli müraciətindən dərhal sonra noyabrın 10-dək diaspor təşkilatlarımız və xaricdə yaşayan soydaşlarımıza Dövlət Komitəsi tərəfindən beş dəfə müraciət ünvanlandı. Müharibənin başlanmasından bir neçə gün sonra - sentyabrın 30-da Dövlət Komitəsində Azərbaycanda yaşayan Hind, Gürcü, Ukrayn, Rus, Polyak, Pakistan, Axıska türkləri və digər icmaların təmsilçiləri ilə görüş keçirildi. Tədbirdə icma rəhbərləri və nümayəndələri BMT-yə, Avropa Şurası və digər beynəlxalq təşkilatlara, beynəlxalq hüquq və normalara hörmətlə yanaşan bütün dövlətlərə ünvanlanmış birgə bəyanat imzalandı. Oktyabrın 2-də Azərbaycan elmini xarici ölkələrdə təmsil edən ictimai xadimlərlə görüş keçirildi, ölkəmizlə bağlı həqiqətlərin təbliği istiqamətində müzakirələr aparıldı. Azərbaycan həqiqətlərini əks etdirən 55-dan çox qısa video hazırlanaraq sosial şəbəkələr üzərindən yayımlandı. ABŞ, Kanada, Almaniya, Fransa, Niderland, Polşa və digər ölkələrin bir sıra şəhərlərində Azərbaycan həqiqətlərini əks etdirən 100-ə yaxın afışa və posterlər yerləşdirildi. Komitənin əməkdaşlıq etdiyi jurnalist və ziyalılar qrupu Azərbaycana dost xalqların diaspor nümayəndələri vasitəsilə Fransa, İtaliya, İngiltərə, Belçika, Moldova, Ukrayna daxil olmaqla 14 ölkənin mediasında 45 məqalə yayımlanıb, ümumilikdə isə Tovuz təxribatlarından sonra diaspor təşkilatları 60 ölkədə 32 dildə 535 məqalə dərc etdirib. Eyni zamanda, Tovuz təxribatları, Ermənistanın işğalçılıq siyasəti, ordumuzun torpaqlarımızın bütövlüyü uğrunda apardığı hərbi əməliyyatlarla bağlı həqiqətləri əks etdirən müxtəlif dillərdə minlərlə məktub Azərbaycan Diaspor Könüllüləri, xaricdə və Azərbaycanda yaşayan gənclər vasitəsilə dünyanın aparıcı siyasətçilərinə və ABŞ konqresmenlərinə göndərildi.
Komitənin koordinasiyası ilə 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı, beynəlxalq təşkilatlar və Azərbaycandakı icmalar müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq qurumlara 23 dildə 500-dən artıq bəyanat göndərdi. Avropa Parlamentinin üzvlərinə 775 bəyanat çatdırıldı, müxtəlif ölkələrin 641 nəfər parlament üzvünə isə bəyanat və müraciətlər birbaşa təqdim olundu. Müxtəlif ölkələrdə fəaliyyət göstərən Koordinasiya Şuraları tərəfindən dünyanın aparıcı şəxsləri, beynəlxalq media nümayəndələri, nüfuzlu beynəlxalq təşkilatları, ayrı-ayrı ölkələrin parlamentləri və tanınmış ictimai-siyasi xadimlərinə Ermənistanın təxribatları, işğalçılıq siyasəti, terrorçuluq fəaliyyəti haqqında müxtəlif dillərdə ətraflı məlumatları özündə əks etdirən 4700 məktub elektron poçt vasitəsi ilə göndərildi.
Nəticədə bir sıra ölkələrin sakinləri erməni təcavüzündən daha çox xəbərdar oldu, erməni diasporunun fəaliyyət effektivliyi azaldı və Azərbaycan haqqında saxta xəbərlərin yayılmasının qarşısı alındı. O cümlədən, 8895 yerli mənbədə 505 xəbər yayımlamaqla Azərbaycan diasporunun fəaliyyəti barədə ictimaiyyətə davamlı məlumatlar verildi.
Ermənistanla mübarizədə yeni bir cəbhə - Azərbaycan diasporu cəbhəsi açıldı
Xaricdəki soydaşlarımız tərəfindən Azərbaycan dövlətinə, ordusuna və şəhid ailələrinə dəstəklə bağlı çoxsaylı müraciətlər, yardımlar edildi və edilməkdədir. Xaricdə yaşayan azərbaycanlı həkimlərdən ibarət qrupun cəbhə bölgəsinə yollanaraq göstərdiyi xidmətlər də xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevin şəhid ailələri və qazilərə dəstəyin davamlı olması, eləcə də bütün dünyada yaşayan soydaşlarımızın bu proseslərdə aktiv iştirak arzusu nəzərə alınaraq “YAŞAT” Fondunun yaradılması da önəmli hadisədir. Fondun Himayəçilik Şurasında diasporumuzun üzvləri olan Məsud Aşina və Cahangir Novruzovun təmsil olunması qürurverici olmaqla yanaşı, həm də Azərbaycan diasporuna ən ali səviyyədə göstərilən bir etimaddır, inamdır.
Bir sözlə, diasporumuz Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə mübarizədə hər zamankından daha fərqli və fəal şəkildə milli birlik, həmrəylik nümayiş etdirməklə mübarizənin ön cərgəsində böyük şücaətlə mübarizə apardı. Artıq erməni siyasətçilər də Azərbaycanın Ermənistanla mübarizəsində yeni bir cəbhə - Azərbaycan diasporu cəbhəsini açdığını təşvişlə etiraf etməkdədir. Bu cəbhənin aparıcı qüvvəsi Azərbaycan diasporunun ziyalıları, sayılıb-seçilən məşhur şəxsiyyətləri, ictimai xadimləri və ən əsası isə qəlbi daim vətənlə döyünən soydaşlarımızdır.
Möhtərəm Prezident İlham Əliyevin çıxışlarında dünya azərbaycalılarına dair səsləndirdiyi fikirlərə istinad edərək, tam əminliklə söyləyə bilərik ki, informasiya mübarizəsində düşmən üzərində əldə etdiyimiz qələbənin əhəmiyyətli hissəsi, məhz Azərbaycan diasporunun peşəkar və əzmli fəaliyyəti sayəsində əldə edilmişdir. Apardığımız haqq mübarizəsində hər bir həmvətənimiz əlindən gələni əsirgəmədən yaşadığı ölkədə Azərbaycanın haqq səsinin duyulması istiqamətində yorulmadan fəaliyyət göstərmişdir.
Xalqımız üçün belə bir həssas dönəmdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə yaşayan soydaşlarımız üzərlərinə düşən ikiqat məsuliyyəti dərk edərək, vəzifə borclarını böyük fəxarət və qürurla yerinə yetirib. Bundan sonra da Komitə və hər bir həmvətənimiz qətiyyətli addımlarla, məqsədyönlü fəaliyyətlə Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində böyük inamla irəliləyəcək, şanlı qələbəmizi sonsuz fəxrlə bütün dünyaya bəyan edəcəkdir.
Komitə və Azərbaycan diasporunun hər bir nümayəndəsi daima dövlətimizin, müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan ordusunun yanındadır. Azərbaycan ordusunun vətənimizin ərazi bütövlüyünü tam bərpa etmək istiqamətində apardığı mücadilə əsnasında qazandığı davamlı nailiyyətlər, qətiyyətli qalibiyyətlər, nəhayət, uzun illər ərzində haqqı olan şanlı, parlaq və əbədi qələbəsi bizim qürur mənbəyimiz, fəxarət yerimizdir!
Daha əzmlə, qürurla və var gücümüzlə yolumuza davam edəcəyik
Yeni bir mərhələyə qədəm qoyan Azərbaycan diasporu artıq yeni fəaliyyət istiqamətlərini müəyyənləşdirməli, daha əzmlə, qürurla və var gücü ilə yoluna davam etməlidir. Bu istiqamətdə ilk növbədə biz pandemiya və Vətən müharibəsi dövründə nümayiş etdirdiyimiz birlik və həmrəyliyi qoruyub saxlamağa çalışmalı, döyüş meydanında qazandığımız qələbəni diplomatiya və diaspor, lobbiçilik sahəsindəki uğurlu fəaliyyətimizlə daha da möhkəmləndirməliyik. Mənfur erməni diasporu yalan maşınını işə salaraq Azərbaycanın imicinə xələl gətirməsinə imkan verməməli, dünyaya haqlı olduğumuzu qəbul etdirmək üçün işimizi davam etdirməliyik. Eyni zamanda, dünyada azərbaycanlı imicini tanıtmaq üçün səylərimizi artırmaq, millətimizin sülhpərvər, multikultural, zəhmətkeş, tolerant olduğunu isbatlamalıyıq.
Milli maraqlarımızın müdafiəsi üçün bütün dünyada diaspor təşkilatlarımızın daha da güclənməsinə ehtiyac vardır. Bunun üçün hazırlanan yeni fəaliyyət proqramlarının icrasında vətəndaşı olduğu dövlətlərin dilini, elmini, mədəniyyətini, siyasətini, cəmiyyətini mükəmməl bilən, eyni zamanda yüksək hörmətə və nüfuza malik soydaşlarımızın yaxından iştirakı nəzərdə tutulur. Vətən müharibəsi müddətində xaricdə fəallığı ilə önə çıxan diaspor üzvləri ilə əlaqələri gücləndirməyi düşünürük. Lobbi quruculuğu istiqamətində fəaliyyətimizin artırılması, azərbaycanlı gənclərin yaşadığı ölkələrdə uğur qazanmasına dəstək göstərilməsi, liderlərin yetişdirilməsi, akademik fəaliyyətin genişləndirilməsi, xarici media ilə əlaqələrin gücləndirilməsi və s. kimi planlarımız var.
Və ən başlıcası ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideyalarının təbliği əsas prioritetlərimizdəndir. 1991-ci ilin dekabrından bəri tək Azərbaycanda deyil, dünyanın dörd bir yanında hər bir azərbaycanlı tərəfindən qeyd edilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü tariximizin ən şərəfli günlərindən biridir. Ümummilli liderimizin təşəbbüsü ilə tarixə düşən bu gün Azərbaycan xalqının birlik və bötovlüyünü simvolizə edir, harada yaşamasından asılı olmayaraq hər bir soydaşımıza azərbaycanlı olduğunu xatırladır.
Həmrəylik Günü ərəfəsində möhtərəm cənab Prezidentin tapşırıq və tövsiyələrinə əsasən bir qrup soydaşımız ilk dəfə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edildi, bir qrup soydaşımıza Dövlət Komitəsi tərəfindən təşəkkürnamələr verildi. Təbii ki, bu da dövlətimizin xaricdə yaşayan soydaşlarımıza diqqətinin bir nümunəsidir.
Torpaqlarımızın bütövlüyü uğrunda Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan şanlı qələbəmiz və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə həmvətənlərimizi ürəkdən təbrik edirik. Hər zamankından daha məğrur, daha qürurlu olduğumuz bu günlərdə bayram sevinclərinə şərik olur, bundan sonra da harada yaşamağımızdan asılı olmayaraq birlik və həmrəylik nümayiş etdirməyimizi arzu edirik!
2021-ci ildə hər birinizə cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq!
Fuad Muradov,
Azərbaycan Respublikasının Diasporla
İş üzrə
Dövlət Komitəsinin sədri.
Respublika.- 2020.- 31 dekabr.- S.9.