Vətənpərvər ziyalı

 

 

“Düşünürəm ki, kitab oxucular tərəfindən maraqla qarşılanacaq və böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda köklənməsi üçün əyani vəsait rolunu oynayacaq, həmçinin Azərbaycanda uzun illər baş vermiş hadisələrin, ictimai-siyasi proseslərin düzgün dərk olunması işinə köməklik edəcəkdir.

Əsas məqsədlərimdən biriodur ki, Azərbaycanın bütün rayonlarına səpələnmiş Füzuli əhalisinin və doğma kəndim Qarakollu camaatının gənclərinə öz doğma yurdları haqqında az da olsa, məlumat verimonlarda dədə-baba yurdlarına qayıtmaq arzusu, istəyi yaradım...”.

Məmməd Məmmədovun “Həyatımın izləri” kitabına yazdığı “Ön söz”dən götürülmüş bu sətirlər məşhur bir atalar sözünün həqiqiliyini təsdiqləmiş olur: “Bu günün işini sabaha qoyma!”. Və nə yaxşı ki, Məmməd müəllim də bu memuar xarakterli kitabı vaxtında yazdı, axı ömrün vəfasına etibar yoxdur... İndi yoxluğunda onu xatırlamaq, ruhunu şad etmək istəyilə yazı hazırlamaqda qolumdan, əlimdən tutan da bu kitab olacaq. Vərəqləmək lazımdır...

1937-ci ilin yazında Füzuli rayonunun Qarakollu kəndində dünyaya göz açıb, onun qədərinin, qismətinin yazıldığı bir yerdə. Uşaqlığı, yeniyetməliyi də bu yerdə keçmişdi. Rayon mərkəzindən qərb istiqamətində 12 kilometr məsafədə, Böyük İpək Yolunun sağ tərəfində yerləşən Qarakollu kəndi şimaldan Ərgünəş dağı, qərbdən Yeddi qardaş dağı, cənubdan Böyük İpək Yolu, şərqdən Füzuli-Hadrut şose yolu ilə əhatə olunmuşdur. Mənşəyini Ərgünəşdən götürən, mövsümi çay olan Qozluçay kəndi iki hissəyə ayırır və 25 kilometr məsafə qət edərək Araz çayına tökülür.

Kəndin tarixi elə də qədimlərə gedib çıxmır, onun əsası XVII əsrin ortalarında Anadoludan köç edərək bu yerlərdə məskən salan bir neçə türk ailəsi tərəfindən qoyulub. Vaxtilə ərazisinin böyük bir hissəsi kolluqdan ibarət olduğundan onun adı da Qarakollu, yəni böyük kolluq adlanıb, əhalisi əsasən baramaçılıqla məşğul olub.

Böyük bir ailədə böyüyən Məmməd yeddi uşağın ikincisi idi. Uşaqlığı müharibə illərinə düşmüşdü. Kəndin bütün kişiləri müharibədə olduğu üçün kənddə yalnız qadınlar, uşaqlar, qoca, şikəst kişilər qalmışdı. Bütün ağır fiziki işləri qadınlar görürdü.

1945-ci ildə kənddəki yeddiillik məktəbin birinci sinfinə daxil olur. Məktəb XX əsrin əvvəllərində açılmışdı və keçmiş Pustov dəftərxanasının birmərtəbəli binasında yerləşirdi. Bina məktəb üçün yaramırdı və cəmi 10 otaqdan ibarət idi. Buna baxmayaraq, onlar böyük həvəslə oxuyurdular. 1952-ci ildə yeddiillik məktəbi tərifnamə ilə bitirən Məmməd təhsilini davam etdirmək istəyirdi. Əslində, bu, onun yaxşı oxumasında böyük əməyi olan anasının istəyi idi.

Qarakollu kəndinə ən yaxın orta məktəb Araza doğru 5-6 kilometr məsafədə yerləşən Böyük Pirəhmədli kəndində idi. O da digər həmkəndliləri kimi, bu qədər məsafəni piyada qət edərək təhsilini Böyük Pirəhmədli kənd orta məktəbində davam etdirir. 50-ci illərdə o yerlərdə hətta kəndlər arasında normal yollar belə yox idi, hələ avtobusu, maşını demirik. Çox çətin idi, lakin onları heç bir çətinlik qorxutmurdu. Məmməd də həmyaşıdları kimi hər gün bu böyük məsafəni həvəslə qət edir, biliklərə yiyələnirdi. Kəndlərində çox da böyük olmayan kitabxana var idi. Bura yeni gələn kitabları oxumaq üçün insanlar növbəyə durardılar. Məmməd Azərbaycan yazıçı və şairlərinin əsərlərini, həmçinin dünya ədəbiyyatının kitabxanada olan nümunələrini, Azərbaycan xalq nağıllarını, dastanları məktəb illərində oxumuşdu. O zaman insanlarda, xüsusən məktəblilərdə oxumağa qarşı bir aclıq duyulurdu, hər kəs istəyirdi ki, daha çox kitab oxusun. Məmməd də dərsdə olduğu kimi, mütaliədə də çoxlarına nümunə idi.

1955-ci ildə orta məktəbi əla qiymətlərlə bitirən Məmməd sənədlərini Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə verdi və tələbə adını qazandı. O, bu fakültəyə qəbul olunanlar sırasında ən yüksək bal toplayan tələbə idibu, elə dərs ilinin ilk günlərində fakültənin dekanı, akademik Əşrəf Hüseynov tərəfindən xüsusi qeyd edilmişdi. Həmin illərdə fizika-riyaziyyat fakültəsində Azərbaycan elminin çox görkəmli nümayəndələri Zahid Xəlilov, Qoşqar Əhmədov, Maqsud Cavadov, Əmir Həbibzadə, Cəlal Allahverdiyev, Həsən Abdullayev və digər məşhur alimlər çalışırdılar. Orta məktəbdə olduğu kimi, ali məktəbdə də Məmməd böyük ruh yüksəkliyi ilə biliklərə yiyələnmək üçün gecə-gündüz yorulmadan çalışırdı.

Universitetdə günləri xoş və maraqlı keçirdi. O vaxtlar universitetdə gözəl bir ənənə var idi. Hər həftənin 6-cı günü burada ədəbi-bədii gecələr keçirilirdi. Məmməd bu gecələrdə sevə-sevə iştirak edərdi. Bakıda nümayiş olunan yeni filmlərin, demək olar ki, hamısına baxar, hətta həftədə 1-2 dəfə Azərbaycan Dövlət Dram Teatrının yeni tamaşalarına da baxardı. İllər bir-birini əvəz edirdi. Artıq ADU-da təhsil sona yaxınlaşırdı. 1960-cı ilin aprel ayında Məmməd MəmmədovunBir sinif qeyri-xətti tənliklərin həllinin varlığı yeganəliyimövzusunda yazdığı diplom işinin yeniliyini nəzərə alaraq onu elmi kimi qəbul etdilər “ADU-nun elmi əsərlərijurnalında çap edilməsi tövsiyə olundu. May ayında Əşrəf müəllim onu yanına çağırıb dedi: “Məmməd, bala, biz qərara gəlmişik ki, səni Moskvaya aspiranturaya oxumağa göndərək. Yaxınlarda rektorun yanında sizin qrupun təyinatı olacaq. Mən çalışaram ki, sənə azad təyinat versinlər, razısanmı?” Gözlənilməz olan bu təklifi qəbul edən Məmməd: “Siz məsləhət bilirsinizsə, mən razıyam”-deyir.

“1961-ci il qabağı Məmməd artıq Moskvada idi. Moskva onu sərt şaxtalı, soyuq hava ilə qarşıladı. Onun elmi rəhbəri görkəmli alim, professor Vaynberq M.M. oldu. Üç il müddətində işləyib hazırladığı elmi işi o, 1964-cü il yanvar ayının 5-də Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında uğurla müdafiə etdi. Onu təbrik edənlər sırasında əmisi Xurşud Məmmədov da var idi: Hamıdan çox da o sevinirdi.

1966-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu açılır həmin ilin sentyabr ayında Məmməd Məmmədov riyaziyyat kafedrasında müəllimlik fəaliyyətini davam etdirir. 1968-ci ildə o, hələ orta məktəbdən tanıdığı yaxın dostu Nadir Kərimovun bacısı Həqiqət xanımla ailə həyatı qurur. 1970-ci il mart ayının 21-də ilk övladları-oğlu Süleyman dünyaya gəlir. 1971-ci ildə qızları Zülfiyyə, 1974-cü ildə sonbeşikləri İlahə dünyaya göz açır.

1985-ci ildə uzun illərdən bəri üzərində işlədiyiRobotlaşdırılmış istehsalatda səmərəliliyin hesablanması üçün üsulların işlənib hazırlanmasımövzusunda doktorluq dissertasiyasını müdafiə edən Məmməd müəllimə pedaqoji fəaliyyətlə yanaşı, daha bir məsuliyyətli həvalə olunur. Belə ki, o 1995-ci il müstəqil Azərbaycanın Milli Məclisinə ilk seçkilərdə Füzuli rayonundan Milli Məclisn deputatı seçilir. Çətin zamanlar idi. O, demək olar ki, bütün gününü Milli Məclisin binasında keçirirdi. Azərbaycanda qanunlar toplusunun digər qanunvercilik aktlarının formalaşmasında birinci çağırış Milli Məclisinin deputatlarının o cümlədən Məmməd müəllimin əməyi çox olmuşdur.

1996-cı ildə ATƏT-in Lissabon samitinin yekunlarına həsr olunmuş müşavirə keçirilirdi. Müşavirəni Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev aparırdı. Bir neçə nəfər çıxış etdikdən sonra Heydər Əliyev dedi: “Söz verilir professor Məmməd Məmmədova”. Ulu öndər ona həmişə “professor” deyə müraciət edərdi. Adətən, ölkə başçısının apardığı iclaslarda çıxış edənlərə bir neçə gün öncə məlumat verilirdi. Məmməd müəllimə isə müşavirənin başlamasına 10 dəqiqə qalmış xəbərdarlıq edilmişdi. Belə ki, Prezident Administrasiyasının ozamankı rəhbəri Ramiz Mehdiyev Məmməd müəllimə: “Sizin adınızı Prezident şəxsən özü əlavə etmişdir”, - deyib hazırlaşmasını söyləmişdi. Çıxış çox uğurlu alındı.

O, tribunada çıxış etdikcə, hamı alqışlayır, Heydər Əliyev isə gülümsəyərək əl çalırdı. Milli Məclisin iqtisadi-siyasət daimi komissiyasının sədri kimi Heydər Əliyev dəfələrlə onunla görüşmüş, məsləhətləşmələr aparmışdı. Ümumiyyətlə, Heydər Əliyevin ona rəğbəti vardı. Məmməd müəllim onun haqqında qürurla danışırdı: “...Heydər Əliyev hərtərəfli ensiklopedik biliyə malik bir şəxsiyyət idi. O, fenomenal yaddaşa, böyük dövlətçilik təcrübəsinə malik uzaqgörən, müdrik bir insan idi. Onun işgüzarlığı (bəzən, sutkanın 15-16 saatını işləyirdi) saatlarla ayaq üstə dayanıb çıxış etməsi insanlarda heyrət doğururdu. Heydər Əliyev 10 illərlə qabağı görmək qabiliyyətində idi. 1994-cü ildəƏsrin müqaviləsiimzalanarkən bir çox yüksək rütbəli dövlət məmurları bu müqavilənin əleyhinə idilər. Onlar deyirdi: “Neft yataqlarının istismarını saxlayaq, vaxt imkanımız olsa, özümüz təkbaşına istehsal edərik”. Təsəvvür edirsinizmi, bu müqavilə olmasaydı, indi Azərbaycan hansı vəziyyətdə olardı?”

Məmməd müəllim Parlamentlər İttifaqında Azərbaycan nümayəndə heyətinin üzvü idi. O, ildə iki dəfə bu təşkilatın müxtəlif ölkələrdə keçirdiyi konfranslarda iştirak edir, buradakı maraqlı, məzmunlu çıxışları ilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin nəzərinə çatdırırdı.

Məmməd müəllim sədaqətli dost, ailəcanlı bir insan idi. Cəmiyyətin müxtəlif zümrələrinə mənsub olan insanlarla dostluq edərdi. Sadə əmək adamları, görkəmli mədəniyyət incəsənət xadimləri, elm təhsil sahəsində çalışan insanlar var idi, dostları arasında. Övladlarını, nəvələrini canı qədər sevirdi. El-oba üçün qənimət insanlardandı Məmməd müəllim. Maraqlı, mənalı, dəyərli bir ömür yaşadı. Həyatımın izlərikitabını vərəqlədikcə, bir daha əmin olursan ki, o, ömrünü boşuna yaşamayıb. Elmi redaktor Telman Əliyevin yazısından: “Bu memuar onun ömründən qalan izləri parlaqlığı ilə göstərir. Bu izləri xatırladıqca, ömrünün gənclik çağlarına qayıtmış, sanki onun səmimiyyətindən yoğrulmuş varlığında nur artmış, canından fikir yorğunluğu çıxmışdır. İndi onun bir nisgili var: doğma kəndi Qarakollunu azad görüb, ora cah-cəlala qovuşmaq... Onda bu memuar tarixə çevriləcəkdir”.

Məmməd müəllim Tanrının xoşbəxt bəndəsi idi. Torpaqlarımızın düşməndən azad olunduğu günü gördü. Özü də, yazdıqları da tarixə döndü. Ruhu şad olsun!..

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2020.- 31 dekabr.- S.10.