Xatirələrdə yaşayan ömrün
kövrək anları
Müstəqil respublikamızın ictimai həyatında fəal vətənpərvər mövqeyi ilə həmişə fərqlənən, mənalı ömrünün böyük qismini ölkəmizdə nəşriyyat-poliqrafiya sahəsinin inkişafına, milli kitab mədəniyyətinin yüksəldilməsinə həsr etmiş, qurub-yaratdıqları, həyata keçirdiyi layihələr, qazandığı uğurlarla tarixdə özünəməxsus iz qoyan, əməlləri ilə xatirələrdə yaşayan görkəmli şəxsiyyət, Əməkdar mədəniyyət işçisi, naşir, pedaqoq, publisist Bəhruz Axundovun yanvar ayının 2-si doğum günüdür. Bu günlər hələ uzun müddət yeri görünəcək naşir yenə ehtiramla anılacaq, ziyalılarımızın, tanıyanların xatirələri onun mənalı ömür yoluna işıq salacaq. Onunla birgə çalışmış Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənlinin söylədiyi kimi, könüllərdə yaşamayan insan barəsində isti, hərarətli sözlər yazılmaz. Adın çəkiləndə səni sağlığında tanıyanların yaddaşlarında mayak kimi yanıb-sönməsən, xatırlanmazsan. Səni sənsiz ananlar varsa, Haqqın dərgahında olsan da, sağsan, çağdaşsan. Mərhum Bəhruz Axundov da belə əbədi diriliyini hələ sağlığında əməlləri, xeyirxahlığı ilə qazanıb.
Bəhruz Həsən oğlu
Axundov 1954-cü il yanvar ayının 2-də Ağdam şəhərində
ziyalı ailəsində anadan olmuşdu. 1977-ci ildə ADU-nun (indiki Bakı
Dövlət Universiteti) jurnalistika fakültəsini bitirib.
1980-ci ilə rayonda müxtəlif məsul vəzifələrdə
çalışıb, Ağdam Rayon Komsomol Komitəsinin
birinci katibi, sonra ikinci katibi olub. O, 1981-ci ildən əmək
fəaliyyəti paytaxt Bakı şəhərində davam
edib. Bakı “Yeni kitab” mətbəəsində (sonralar 3 ¹-li mətbəə)
daha sonralar “Kommunist” (indi “Azərbaycan”) nəşriyyatında
müxtəlif vəzifələrdə işləmiş,
(1981-1984) Azərbaycan Respublikası Maarif Nazirliyi (indiki Təhsil
Nazirliyi) mətbəəsinin direktoru (1985-1992) vəzifəsində
çalışmışdır. 1992-ci ilin
sonlarında Azərbaycanda yaradılan son, müstəqil
respublikamızın isə ilk dövlət nəşriyyatı
olan “Təhsil”in (əvvəl “Öyrətmən” adı ilə
fəaliyyət göstərmişdir) yaradıcısı və
direktoru olmuşdur.
Gərək
elə yaşayaq ki, bioloji ömrümüz bitdiyi anda ikinci -
mənəvi ömrümüz başlasın - deyən Bəhruz
Axundov mənalı ömrünü nəşriyyat sahəsinə
bağlamış, otuz ildən çox fəaliyyəti ilə
bu sahənin inkişafına dəyərli töhfələr
vermiş, kitab çapının, naşirlik işinin onun
üçün əqidə məsələsi olduğunu
qürurla bildirirdi. Deyirdi: “Jurnalistlik fəaliyyətim olub,
yazıçılıqla da məşğul oluram. Yazıçılar Birliyinin üzvüyəm, bir
neçə kitabın müəllifiyəm. Pedaqoji fəaliyyətim, universitetdə dərs deyirəm.
Gənclik vaxtımdan bəri məsul vəzifələrdə
çalışmışam, elmi işlə də məşğulam,
dosentəm. Amma qəlbən və ruhən
daha çox naşirəm. Mən
özümü naşirlikdə tapmışam”.
Bəhruz Axundovun rəhbərliyi ilə yüzlərlə
adda dərslik və dərs vəsaiti, ictimai-siyasi,
elmi-kütləvi, bədii-publisistik ədəbiyyatlar və
akademik nəşrlər işıq üzü
görmüşdür. Müstəqil Azərbaycanın milli təhsil sisteminin
qurulması ilə əlaqədar yeni tədris proqramları əsasında
latın qrafikasında buraxılan ilk milli
dərsliklərin böyük əksəriyyəti də məhz
onun rəhbərliyi ilə nəşr olunmuşdur. Naşiri və tərtibçisi olduğu onlarla nəşr
nümunələri nüfuzlu beynəlxalq kitab sərgilərində
ölkəmizi layiqincə təmsil etmiş, mütəxəssislər
tərəfindən yüksək qiymətləndirilmişdir.
B.Axundovun rəhbərlik etdiyi “Təhsil Nəşriyyat-Poliqrafiya”
MMC beynəlxalq aləmdə bir sıra uğurlara imza
atmışdır. Nəşriyyat ölkəmizdə
kitaba marağın artırılması istiqamətində
real işlər görüb. Kitabla
bağlı tədbirlər keçirilib, gənc şair və
yazıçıların ilk kitablarının nəşrinə
dəstək vermişdir. “Təhsil” nəşriyyatı
yeganə müəssisədir ki, özünün “Kitab evi”
var. Məhz bu cür nəşriyyat və poliqrafiya müəssisələrinin
uğurlu fəaliyyəti sayəsində kitaba, oxuya
marağın yüksəldiyini deyə bilərik.
Bəhruz Axundov nəşriyyat-poliqrafiya sahəsində
mütəxəssis hazırlığına da öz dəstəyini
əsirgəmirdi. O, 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində müəllim,
baş müəllim, 2011-ci ildən ömrünün sonuna
kimi dosent vəzifəsində
çalışmışdır. Təcrübəli
naşir-publisist öz sevimli peşəsini tələbələrinə
də öyrədirdi. O, milli folklorumuzu, ədəbiyyatımızı
və muğamlarımızı da dərindən bilirdi. Başqalarına əl tutmaq, kömək etmək,
xeyirxahlıq, tələbkarlıq və peşəsinə
vurğunluq onun xarakterini səciyyələndirən ən
mühüm keyfiyyət idi.
2012-ci ildə yeni təsis edilmiş Azərbaycan
Naşirlər və Poliqrafçılar Birliyinin sədri
seçilmişdi. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan
Ağsaqqallar Şurasının, Avrasiya
Yazıçıları Birliyinin üzvü idi. 2013-cü
ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ilə “Əməkdar mədəniyyət işçisi” adına layiq görülmüşdü. Müsahibələrinin birində demişdir ki, “Hər
bir vətəndaş yaşından, statusundan, vəzifəsindən
asılı olmayaraq vətənə töhfə verməyə
çalışmalıdır”. Deyirdi: “ Mənim
həyatım qaçhaqaçlarla keçib. Neçə
yaşım olduğunu, nə iş gördüyümü
düşünməyə vaxtım olmayıb. Hamıya
aid olan istirahət günü bəzən mənə aid
olmayıb. Həmişə ən
böyük amalım millətə, dövlətə və
dövlətçiliyə xidmət olub. Ömrüm
boyu bu amal uğrunda mübarizə aparmışam”. Ömür yoluna nəzər salanda aydın
görünür ki, o buna da nail olmuşdu.
Hamı
ictimai xadim, dahi şəxsiyyət ola bilməz.
Amma qurub-yaratdıqların,
xeyirxahlığın, xoş əməllərinlə tarixdə
doğmalarının, dostlarının, səni
tanıyanların, sevənlərinin yaddaşlarında mənən
yaşamaq da elə ömürdür. Bu
fikri ölkənin mədəniyyət və təhsil həyatında
tanınan insanlardan biri olmuş naşir Bəhruz Axundov vaxtilə
söyləmişdi, elə özü də belə bir
ömür yaşadı. Mədəniyyət,
təhsil, nəşr və poliqrafiya sahəsindən söz
düşəndə xidmətlərinə görə daim
xatırlanacaq, adı ehtiramla çəkiləcək.
Ölkə həyatının aktual mövzuları ilə
bağlı ondan müxtəlif səpkili müsahibələr
almışam.
İlk görüşümüzdən illər
keçdikcə, söhbətlərimizin zamanı, məkanı
dəyişsə də, xarakterindəki bütövlük
heç zaman dəyişmədi. Həmişə
onunla söhbəti qələmə alsam da, indi
özümün olmadığı çərçivədə,
söhbətlərimizin yaddaşıma həkk olunmuş
unudulmaz məqamlarını xatırlayıram, xəyalən
bu ardıcıllığı qorumağa
çalışıram. Vaxtın
azlığını, görüləcək işlərin
çoxluğunu bildirsə də, ictimai hadisələrə,
nəşriyyat-poliqrafiya sahəsinin inkişafı ilə
bağlı mövqeyini, düşüncələrini ifadə
edər, bunu vacib sayardı. Obyektivlik,
dürüstlük onun özünü ifadə etmək
kriteriyası, zəhmət, qətiyyət, işinə məsuliyyət,
tələbkarlıq, səmimiyyət onun
uğurlarının istinad nöqtəsi idi. Bu keyfiyyətlər ona nüfuz qazandırmışdı.
Bəhruz müəllim Vətənini sidq ürəklə
sevən vətənpərvər ziyalı idi.
Onun haqqında yazılan xatirələrin birində bu məqam
yadıma düşdü. İlk “Azərbaycan
tarixi” dərsliyimiz çapdan çıxmışdı.
Bəhruz müəllim kitabı ən qiymətli bir şey
kimi əlində tutub nəvazişlə vərəqləyərək:
“Axır ki, balalarımız öz xalqının tarixi
haqqında əsl həqiqətləri öyrənəcəklər”-
dedi və mən ilk dəfə onun kövrəldiyinin
şahidi oldum. Bu göz yaşları taleyinə
neçə-neçə faciələr yazılmış
bir məmləkətin tarixinin gənc nəslə olduğu
kimi çatdırılacağından doğan sevincdənmi
idi, yoxsa düşmən əsarətində inləyən
doğma torpaqlarına həsrətindənmi idi, bilmirəm.
Bir onu bilirəm ki, qəlbi vətən sevgisi ilə dolu olan
bu insan içində Qarabağ boyda bir dağ gəzdirirdi:
“Soruşma
halımı, qəlbim qan ağlar,
içimdə bir od var, köksümü dağlar.
Ayağım altından qaçıbdır dağlar.
Soruşma
halımı, qoyma ağlayam,
torpaqsız-obasız qarabağlıyam” -
deyirdi Bəhruz
müəllim. Ən böyük arzusu doğma
Ağdamının vüsalına yetmək, canından
artıq sevdiyi yurduna qovuşmaq idi. Bəhruz
müəllimin ən böyük
nigarançılığı doğma yurd həsrəti,
işğal olunmuş rayonlarımızın dərdi idi.
Hər dəfə bu mövzuda söhbət düşəndə
deyərdi: “Yurd itkisi, torpaq itkisi həmişə içimdə
qövr eləyib. Qarabağı qaytarmaq
üçün biz hamımız Ali Baş Komandanın ətrafında
yumruq kimi birləşməliyik”. Heyhat,
arzusu ürəyində qaldı. Qarabağ
həsrəti, Qarabağ nisgili ilə də bu dünyanı tərk
etdi.
Nəhayət, illərdir xəyal qurduğumuz, onun
arzuladığı Qarabağmıza qovuşduq. Vətən
müharibəsində qalib gəlib tarix yazdıq. Bu
gün fəxrlə deyirik: “Ağdam bizimdir, Füzuli bizimdir,
Qubadlı bizimdir, Kəlbəcər bizimdir, Zəngilan
bizimdir, Cəbrayıl bizimdir, Laçın bizimdir,
Şuşa bizimdir. Qarabağ bizimdir. Bu möhtəşəm zəfər günlərində,
əminəm ki, onun da ruhu bizimlədir. Yaşasa
idi Şanlı Ordumuzun yanında olardı. Müqəddəs torpağa ilk o qoşardı.
Ruhunun artıq Ağdamda olduğuna inanan onun əziz
yadigarları, oğulları Tural və Toğrul Axundovlar belə
duyğu dolu anları dilə gətirirlər. Tural deyir ki, 2020-ci ilin oktyabr-noyabr ayları ən əlamətdar
günlər kimi hər zaman anılacaqdır. Əsrlər
keçsə də, daim yad ediləcək, bu yolda
çarpışan, şirin canından keçib şəhidlik
şərbətini içən, qazilik mərtəbəsinə
yüksələnlər kitablarda vəsf ediləcək,
dastanlar qoşulacaq, barələrində bədii, sənədli
filmlər çəkiləcəkdir. Mənfur
düşmən noyabrın 20-də Ağdam rayonunu da tərk
etdi. Bu şanlı günü günlərin,
ayların, illərin həsrəti ilə Bakıda
qaçqın həyatı yaşayan babam da, gənclik,
uşaqlıq illərini Ağdamda keçirən, orada
çalışan, işləyən, ailə həyatı
quran atam Bəhruz Axundov da 24 il gözlədi. Atam
bir naşir kimi Qarabağı yad edən çox sayda kitablar
nəşr etdi. Çox təəssüf
ki, bu günləri nə babam, nə də əziz atam
gördü. Mən isə Ağdamı bir dəfə beş yaşında olarkən
görmüşəm. Beş yaşlı uşaq
gördüklərini necə xatırlayırsa, mən də
o cür xatırlayıram, ilğım kimi, yuxu kimi”...
Toğrul deyir ki, noyabrın 20-si mənim dünyaya gəldiyim,
illərlə həsrətini çəkdiyim Ağdam şəhəri,
onun kəndləri mənfur düşməndən azad olunub. O gün 27 il
sonra Ağdam məscidində azan səsi ucalıbdır. İnanıram ki, bu gün illərlə
Qarabağın, Şuşanın, Ağdamın həsrəti
ilə yaşayan atam Bəhruz Axundovun da ruhu şaddır.
Çox təəssüf ki, o, bu xoşbəxt
günü görmədi. Atam
tanınmış naşir idi. Nəşr
etdiyi kitabların titul səhifəsində işğal
altında qalan rayonlarımızın adlarını
yazdırardı ki, gənc nəslin yaddaşına həkk
olunsun. Məqalələrində, esselərində,
şeirlərində həmişə Qarabağı,
Ağdamı, Şuşanı anardı. Bu gün xəyalımda,
ürəyimdə, ruhumda yaşayan atama üz tutub deyirəm:
“Gözün aydın olsun, ata! Canından
artıq sevdiyin Qarabağ Ali Baş Komandan İlham Əliyevin
dönməz iradəsi, diplomatik səyləri, şanlı
ordumuzun müzəffər yürüşləri nəticəsində
mənfur düşməndən azad edildi. Bu gün şəhər və kəndlərimizdə,
mədəniyyət beşiyi olan Şuşada üçrəngli
bayrağımız dalğalanır”.
Mustafa KAMAL
Respublika.- 2020.- 31 dekabr.- S.10.