Həmrəyliyimiz soydaşlarımızın vətənə məhəbbət və sədaqətinin təcəssümüdür

 

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildən 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi Azərbaycanın ən yeni tarixinin mühüm siyasi hadisələrindən birinə çevrildi. Çünki ümummilli mənafelərimizin həyata keçirilməsi naminə xalqımızın bütün gücünü bir yerə toplamaq arzusunu və əzmini təcəssüm etdirən bu gün biri-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoydu. Prezident İlham Əliyevin dediyi kimi: “İlk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunmuş bu tarixi gün xarici ölkələrdə məskunlaşıb yaşayan milyonlarla soydaşımızın azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birliyinin və vətənə sədaqətinin rəmzi kimi hər il xalqımız tərəfindən ruh yüksəkliyi ilə bayram edilir”. Hər il dekabrın 31-də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız milli həmrəylik gününü böyük təntənə ilə qeyd edirlər.

Heydər Əliyevin milli həmrəylik və azərbaycançılıq amalının şüurlarımızda möhkəm yer tutmasına yönəlmiş uzaqgörən siyasətini bu gün inamla davam etdirən, milli həmrəylik və diaspor fəaliyyətini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi fəaliyyət ardıcıl və sistemli səciyyə daşıyır. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş ölkə rəhbəri mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir, hər zaman ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında birliyinə çalışır.

Məhz bu siyasətin məntiqi nəticəsi olaraq cənab İlham Əliyev daim 50 milyonluq dünya azərbaycanlılarının dəstəyini alıb, onların alternativsiz namizədi və lideri olub. Bu fəaliyyətin ən ümdə cəhətləri xaricdəki azərbaycanlıların ana vətənimizin maraqları ətrafında daha sıx səfərbər olmaları və ən əsası - Azərbaycan həqiqətlərinin dünyada getdikcə yaxından eşidilməsidir. Azərbaycan tək bu ölkənin vətəndaşları olan bizlərin deyil, dünyanın hər yerində yaşayan soydaşlarımızın qürur və fəxarət ünvanıdır.

İndiyədək Bakıda dünya azərbaycanlılarının 4 qurultayının keçirilməsi, xaricdə yaşayan həmvətənlilərimizlə üzrə ayrıca dövlət qurumunun təsis edilməsi soydaşlarımızın tarixi vətənlə əlaqələrinin güclənməsinə əlverişli zəmin yaratmaqla yanaşı, milli həmrəyliyə və yekdilliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini nümayiş etdirib. Bütün bu tədbirlər həm sayına, həm də milli-mənəvi, intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanan xalqımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsinə, tarix səhnəsində mühüm rol oynayan mütəşəkkil qüvvə kimi formalaşmasına güclü təkan verib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son 17 ildə Azərbaycanın inkişaf yolunda qazandığı ardıcıl uğurlar bütün dünya azərbaycanlılarını qəlbən sevindirir. Azərbaycanın Cənubi Qafqazda əsas söznüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimizi daha da ruhlandırır, onların müstəqil dövlətimizin xoşbəxt gələcəyinə inamının, özünüdərk hissinin güclənməsinə, ümummilli maraqlar ətrafında sıx birləşməsinə əsas zəmin yaradır. Bu mənada Azərbaycan dövlətinin güclənməsi soydaşlarımızın xaricdəki diaspor təşkilatlarının fəaliyyətinə də müsbət təsir edir. Odur ki, dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız Azərbaycanın müstəqil siyasət yeritməsindən, dünya birliyində mövqelərini daha da möhkəmləndirməsindən, eyni zamanda, həyata keçirilən diaspor siyasətindən məmnunluq duyurlar.

İndi beynəlxalq ictimaiyyətdə Azərbaycan deyəndə göz önünə inkişafda və yüksəlişdə olan ölkə gəlir. Ona görə bütün dövlətlər, siyasiiqtisadi təşkilatlar, o cümlədən dünyada sülhü və bəşəri ideyaları təbliğ və təşviq edən, inkişafa dəstək verən beynəlxalq qurumlar ölkəmizlə əməkdaşlığa maraq göstərir. Son illərdə Azərbaycanın beynəlxalq tədbirlər mərkəzinə çevrilməsinin də əsas səbəblərindən biri ilk növbədə ölkəmizin yüksəlişidir. Bunun nəticəsidir ki, beynəlxalq səviyyədə respublikamızın mövqeləri əhəmiyyətli dərəcədə güclənib və Azərbaycan dünya birliyinin hörmət olunan, seçilən üzvünə çevrilib.

Təbii ki, dövlətin hər nailiyyətinin təməlində dayanan əsas prinsiplərdən biri ictimai-siyasi sabitlikdir. Çünki məhz ictimai-siyasi sabitliyin təmin olunması qarşıda dayanan digər vəzifələrin yerinə yetirilməsində əsas amil sayılır. Bu gün dünyanın əksər regionlarında sosial, iqtisadisiyasi problemlər qabarıq şəkildə özünü büruzə verir. Xüsusilə qeyd edək ki, artıq neçə onilliklərdir ki, planetin müxtəlif yerlərində müxtəlif səbəbləri olan hərbi münaqişələr, müharibələr hökm sürür. Bunlardan başa çatanı olsa da, başqa bir yerdə yeni münaqişə ocağı yaranır. Nəticə etibarilə bütün bunlar xalqların taleyində dərin iz buraxır, onlara ağır mənəvi zərbə vurur, xalqları məhrumiyyətlərə düçar edir. Hərbi münaqişə həm də iqtisadi tənəzzül deməkdir. Dağılan iqtisadiyyatın bərpası üçün uzun illər belə yetmir. Bu gün Yaxın Şərqdə və digər ölkələrdə qarşıdurmalar hələ də davam edir. İraqda, Suriyada, Əfqanıstanda terrorun kökünü tamamilə kəsmək hələ də mümkün olmayıb. Bu ölkələr hər gün dinietnik zəmində təhdidlərin ağrı-acısını yaşayırlar. Onların xalqları, günahsız insanlar çox ağır məhrumiyyətlərlə üz-üzə qalaraq humanitar fəlakətə düçar olublar. Bütün bunlar göstərir ki, sabitliyin və təhlükəsizliyin təmin olunması həyati vacib məsələdir.

Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələrin başıpozuq fəaliyyətləri nəticəsində Azərbaycanda təhlükəsizliyə təhdidlərin baş alıb getməsi çoxumuzuun yaddaşında dərin iz buraxıb. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərqərar edildi, ictimai-siyasi vəziyyətə təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu və təxirəsalınmaz tədbirlər həyata keçirildi.

Prezident İlham Əliyevin ötən 17 ildəki fəaliyyətinin ən qabarıq tərəflərindən biri də məhz ictimai-siyasi sabitliyin qorunub saxlanılması, daha da möhkəmləndirilməsi, cəmiyyət həyatının təhlükəsizliyinin təmin olunmasıdır. Bu illər ərzində də cərəyan edən beynəlxalq ziddiyyətli proseslər şəraitində dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin sabitliyi və inkişafı təmin olundu.

Onu da qeyd edək ki, vətəndaş həmrəyliyi və hakimiyyətin yürütdüyü siyasətin geniş əhali tərəfindən dəstəklənməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik baxımından Azərbaycan nəinki regionda, dünyada aparıcı dövlətlər sırasında yer alıb. Ölkə Prezidentinin yürütdüyü siyasət sabitliyə və vətəndaş həmrəyliyinin əbədi olmasına layiqli töhfələr verir. Təbii ki, qazandığımız bütün uğurlar xaricdəki soydaşlarımızı da sevindirir, həm də onlara yaşadıqları ölkələrdə olan ehtiramı daha da yüksəldir. Əlbəttə, dövlətimizin bugünkü uğurlarında onların da xidmətləri təqdirəlayiqdir. Azərbaycan Respublikası hazırda özünün parlaq və davamlı inkişaf dövrünü yaşayır. Dünyanın müxtəlif guşələrində məskunlaşan, lakin qəlbi daim Azərbaycan eşqi ilə döyünən soydaşlarımız da bu tarixi prosesdən kənarda deyil və onların xalqımızın tərəqqisində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində təqdirəlayiq xidmətləri yüksək qiymətləndirilməlidir.

Ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyalarına əsaslanan müstəqil dövlətimiz bu gün dünya azərbaycanlılarının birliyini qorumaq üçün üzərinə düşən tarixi missiyanı böyük məsuliyyətlə və layiqincə həyata keçirir. Xalqımızın tarixi mücadilə, qəhrəmanlıq salnamələri ilə zəngindir. Biz qəhrəman bir millətin nümayəndələriyik. Ona görə zaman bəzən bizi ağır sınaqlara çəksə də, yenidən toparlanaraq, güc taparaq, bir yumruq olaraq tariximizin şərəfli səhifələrini yazmağı bacarırıq. Harada yaşamalarından asılı olmayaraq soydaşlarımız Azərbaycanın bu günü və aydın sabahı naminə əməl və əqidə birliyi, sarsılmaz həmrəylik nümayiş etdirdilər. Xarici ölkələrdə yaşayan soydaşlarımız da doğma vətənə məhəbbət və sədaqət nümayiş etdirərək Vətən müharibəsində Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. “Qarabağ Azərbaycandır!” şüarı hər bir azərbaycanlının həyat amalına və fəaliyyət proqramına çevrildi.

Xalqımız torpaqlarımızın azadlığını 30 ilə yaxın idi ki, gözləyirdi. Nəhayət, sentyabr ayının 27-dən başlanan müqəddəs savaşla, Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu cəmi 44 gün ərzində erməni işğalına son qoyaraq xalqımızın möhtəşəm qəhrəmanlıq salnaməsini yaratdı.

Hər bir uğurun mütləq zamana ehtiyacı var. Həmin zamanı yetişdirənlər isə öz xalqının taleyi ilə yaşayan dahi şəxsiyyətlər, liderlərdir. Xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və möhtərəm Prezident İlham Əliyevin son 17 ildə layiqincə davam etdirdiyi siyasi kurs da bizim üçün torpaqlarımızın işğaldan azad edilməsinin zamanını yetişdirdi. Bu zamanın əsas tələbləri isə Azərbaycanın güclənməsi, ordumuzun döyüş qabiliyyətini artırması idi. Xarici ölkələrdə yaşayan soydaşlarımız da Azərbaycan Respublikası ilə əlaqələrini gücləndirir, doğma vətənə məhəbbət və sədaqət nümayiş etdirirlər. Beləliklə, müdrik rəhbər, düzgün zaman, güclü dövlət və qüdrətli ordu formulu, o cümlədən milli həmrəyliyimiz torpaqlarımızın azad edilməsini şərtləndirən əsas amillər oldu.

 

İlqar ƏHMƏDOV,

Avita” şirkətinin rəhbəri.

 

Respublika.- 2020.- 31 dekabr.- S.11.