Müzəffər Ordumuz
qürurverici tarix
yazdı
Bu gün Azərbaycan xalqı öz tarixinin şanlı səhifələrindən birini yaşayır, torpaqlarımızın azad olunması uğrunda apardığımız Vətən müharibəsində əldə etdiyimiz Qələbənin sevinci və qürurverici günləri içərisindədir. Güclü Rəhbər, müzəffər Ali Baş Komandanın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti ilə 30 ilə yaxın bir müddətdə mənfur düşmən tapdağı altında olan torpaqlarımız azad olundu. Cəmi 44 gün ərzində düşmənin bu illər ərzində qurduqları səngərlər darmadağın edildi, 80 faizə yaxın hərbi sursatı və çoxlu sayda canlı qüvvəsi məhv edildi. Ali Baş Komandanın rəhbərliyi və qətiyyəti ilə qazanılan bu qələbə həm Azərbaycan, həm də dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Düşmən üzərində əldə etdiyimiz şanlı qələbəmiz Prezident-xalq-ordu birliyini bir daha nümayiş etdirdi.
Xalqımız qəti əmin idi ki, dövlətimizin uğurlu siyasəti, Azərbaycan Ordusunun gücü, qüdrəti nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq, doğma soydaşlarımız öz yurd-yuvalarına qayıdacaq və ölkəmizin həyatında, inkişaf tarixində yeni bir mərhələ başlayacaq. Möhtərəm Prezidentimiz həmişə bildirir ki, öz fəaliyyətində xalqına arxalanır, xalqdan güc alır. Hər zaman xalqının yanında olan, onun daha yaxşı, təhlükəsiz şəraitdə yaşamasını təmin edən, ölkəmizin inkişaf etməsi üçün islahatlar həyata keçirən, ən əsası Azərbaycanın sözünü imzası qədər dəyərli edən ölkə Prezidentinə xalqın sevgisi, dəstəyi şəksizdir. Buna görə də qarşıya qoyulmuş hədəflərə yüksək səviyyədə nail olunur. Bu haqda danışan cənab Prezident İlham Əliyev demişdir: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm. Bu dəstək mənə güc verir. Mən, bu dəsətəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və vətənə ləyaqətlə xidmət edəcəyəm”. Bu qələbəmizin səbəbkarı Azərbaycan xalqıdır, milli birlik, iradə, əzmkarlıq və milli ruh göstərərək biz öz üzərimizə düşən tarixi missiyamızı yerinə yetirdik deyən bu sözlər Azərbaycan xalqına və onun birliyinə verdiyi çox böyük dəyərdir. Qələbəmizin əldə olunması son 17 ildə uğurla həyata keçirilən hərbi islahatlar və bu istiqamətdə aparılan strategiyanın, müasir və güclü ordu quruculuğunun məntiqi nəticəsidir və Ali Baş Komandanımızın yenilməz əzminin, qətiyyətinin təcəssümüdür. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu münaqişə barədə deyib ki, biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır” bu yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki, bu bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir və bütün beynəlxalq təşkilatlar və ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir.
Şanlı Vətən müharibəsində qələbəmizi təmin edən Ali Baş Komandana və bütün əsgər və zabitlərə canı və qanı bahasına torpaqlarımızı azad edən bütün şəhidlərimizə borcluyuq. Azərbaycan əsgərinin, bütün şəhid övladlarımızın əziz xatirəsi Azərbaycan xalqının qəlbində həmişə uca tutulacaq. Şəhid və qazilərimiz ərazi bütövlüyümüzün təmin olunması yönündə öz vəzifələrini ləyaqətlə, böyük qəhrəmanlıqlar göstərərək yerinə yetirdilər. Müzəffər Ordumuzun Azərbaycanın incisi hesab edilən Şuşanın azad olunmasındakı döyüş taktikası, hərbi əməliyyatlar hələ uzun illər bu sahədə dünyanın ən inkişaf etmiş dövlətləri, hərbi ekspertləri tərəfindən müzakirə edilib öyrəniləcəkdir. Şuşanın azad olunması ilə Ermənistan çıxılmaz vəziyyətə düşdü və məcbur oldu Azərbaycanın maraqlarını təmin edən 3 tərəfli bəyanatı imzalasın. Əslində bu bəyanat Ermənistanın kapitulyasiya aktına imza atdığı bir sənəddir. Bununla da Ermənistan 30 illik işğala son qoydu, Ağdam, Kəlbəcər, Laçın rayonları siyasi yolla, heç bir itki vermədən azad edildi və həmin rayonlarda da Azərbaycan bayrağı dalğalandı. Beləliklə, bu bəyanatın imzalanması ilə Azərbaycanın siyasi qələbəsi oldu.
Beləliklə, Azərbaycan Prezidenti, Ali Baş Komandan bu Qələbə ilə Azərbaycan xalqının qürurunu özünə qaytardı, qalib Azərbaycan dövlətini bütün dünyaya təqdim etdi. Məlumdur ki, döyüş meydanında qazanılmış qələbə itkisiz olmur. Vətən uğrunda döyüşlərdə həlak olmuş 2873 hərbçimizin əziz xatirəsi qarşısında baş əyirik, onlara uca Tanrıdan rəhmət diləyirik. Onların bu gün ruhu şaddır, çünki uğrunda canlarını verdikləri Vətən torpaqları azaddır. Erməni vandalları tərəfindən dağıdılmış, yerlə-yeksan edilmiş binalar, məscidlərimiz və bütün infrastruktur sahələri yenidən qurulacaq və bu ərazilər dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir. Artıq cənab Prezidentin göstərişi ilə bu torpaqlarda tikinti-quruculuq işlərinə başlanılıb. Az bir zaman kəsiyində bu torpaqların sahibləri öz doğma yurd-yuvasına qayıdacaq, daha böyük və rahat evlərdə yaşayıb yaradacaqlar.
Torpaqlarımızın azad olunması uğrunda müharibədə xalqımız Ali Baş Komandanın, Ordumuzun ətrafında bir yumruq kimi birləşərək səfərbərlik nümayiş etdirdi, hərə qələbəmiz naminə öz töhfəsini verdi. Qeyd etdiyimiz kimi, müharibə itkisiz, qansız ötüşmür. Müharibənin ilk günlərindən Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkimləri də könüllü olaraq arxa cəbhə bölgəsinə ezam olunmuşdur. Xəstəxanamızın bir çox cərrah-həkimləri kimi mən də müharibənin ilk günündən, 27 sentyabr tarixindən Füzuli rayonu Mərkəzi Xəstəxanasına, sonra 14.10.2020-ci il tarixindən sonra Naftalan Şəhər Xəstəxanasına, 20 oktyabr tarixdən isə noyabr ayının 5-ə qədər yenə Füzuli Rayon Mərkəzi Xəstəxanasına ezam olunmuşam. Ümumilikdə 37 gün saysız hesabsız yaralı əsgərlərə gecə-gündüz demədən həkim-cərrah kimi tibbi yardım göstərib, onların bir çoxlarını həyata qaytarmışam. Yüzlərlə cəbhə bölgəsinə ezam olunmuş peşəkar həkim və cərrahlarımız əsgərlərimizin sağlamlıqlarının qorunması üçün səfərbər olmuş, igidliklər göstərmişlər. Həkimlərimizin gərgin əməyi, fədakarlığı itkilərimizin az olmasına səbəb olmuşdur.
Toğrul MƏHƏRRƏMOV,
Azərbaycan Tibb Universitetinin
III cərrahi xəstəliklər
kafedrasının müəllimi, ümumi cərrah.
Respublika.- 2020.- 29 dekabr.- S.7.