Azərbaycan Mühəndislik Akademiyası - 15 il

 

 

 

Bu günlərdə Azərbaycan Mühəndislik Akademiyasının 15 illiyi tamam olub. AZƏRTAC bu münasibətlə Akademiyanın prezidenti, akademik Arif Paşayevin məqaləsini təqdim edir. 

 

2020-ci il noyabrın 30-da Azərbaycan Mühəndislik Akademiyasının təsis olunmasının 15 ili tamam oldu. Bu illər ərzində Akademiya formalaşıb, inkişaf edib və cəmiyyətdə özünün layiqli yerini tutub. On beş il tarix üçün böyük vaxt olmasa da, Akademiya bu qısa müddətdə ölkə iqtisadiyyatının inkişafı üçün əhəmiyyət kəsb edən bir sıra mühüm layihələrin yerinə yetirilməsində bilavasitə yaxından iştirak edib.

 

Azərbaycan elminin tarixində bir çox məşhur adlar, kəşflər və nailiyyətlər var. Baxmayaraq ki, elm adamının yolu bəzən çətin olsa da, bu, öz işinə sonsuz bağlı olan, yorulmadan yeniliyə can atan yaradıcı insanları birləşdirən, cəmiyyətdə şəksiz nüfuz sahibi olan bir peşədir. Elm və texnika hər zaman cəmiyyətin inkişafının mühərriki, milli iqtisadiyyatın, innovasiyaların və elmi-texniki tərəqqinin təməli olaraq qalır. Alimlər və mühəndislərin praktik tədqiqatlarının inkişafı bu gün qeyd-şərtsiz dövlət prioritetidir.

 

Akademiya öz sıralarında aparıcı elmi-tədqiqat təşkilatlarının və ali məktəblərin elmlər doktorları və namizədlərini, professor və dosentlərini, mühəndislik elmi istiqamətlərinin yaradıcılarını birləşdirir. Akademiyanın üzvləri arasında Dövlət mükafatı laureatları, Əməkdar elm və texnika xadimləri və digər fəxri adlara layiq görülənlər var. Hazırda Azərbaycan Mühəndislik Akademiyasının həqiqi və müxbir üzvlərinin sayı 45 nəfərdir ki, bunlardan da 24 nəfəri akademik, 21 nəfəri müxbir üzv, 1 nəfəri akademiyanın fəxri üzvü və 4 nəfəri isə akademiyanın əcnəbi üzvüdür.

 

Ölkənin elmi, texniki və iqtisadi potensialı bilik tutumlu sektorun miqyasından və qabaqcıl texnologiyaların istifadəsindən çox asılıdır. Əgər əvvəllər iqtisadiyyatımızın prioriteti neft sektoru idisə, bu gün neft sənayesinin inkişafı ilə paralel olaraq, iqtisadi inkişaf üçün yeni imkanlar da axtarılır. Ölkə postneft dövrünə qədəm qoyub. Azərbaycan Prezidenti İlham Əliyev bir çox çıxışlarında da qeyd etdiyi kimi, bu gün “öz iqtisadi strategiyamızı elə formalaşdırmalıyıq ki, sanki neft və qazımız yoxdur”. Buna əsaslanaraq, əsas diqqət elmi nailiyyətlərə və yeni resursların axtarışına yönəldilir və eləcə də maddi, informasiya və texnoloji yeniliklərin bazası genişlənir.

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə dövlət proqramı həyata keçirilir. Azərbaycanda müasir kosmik sənayenin inkişafında keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı telekommunikasiya peyklərinin orbitə çıxarılmasından - 2008-ci il noyabrın 4-dən qoyulub. Orbitə təxminən 154 televiziya kanalı və 30-dan çox radiostansiyanın yayımlanmasını apara bilən telekommunikasiya peyki buraxıldı. Cənubi Qafqazda aparıcı peyk operatoru “Azerkosmos” tərəfindən idarə olunan “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peykləri Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Orta Asiyadakı müştərilərini etibarlı, genişzolaqlı və genişyayımlı həllərlə təmin edir. Yer səthinin məsafədən zondlaşdırması peyki olan “Azersky” yüksək göstərici ilə (1,5 m təsviri) Yerin müşahidəsi və geoinformasiyası üçün keyfiyyətli xidmətlər göstərir.

 

Qeyd edək ki, ölkəmiz genişmiqyaslı forumların, konfransların və simpoziumların, eləcə də mədəniyyətlərarası dialoqların və digər tədbirlərin ən yüksək səviyyədə təşkili və keçirilməsi sahəsində dünyada müsbət imic qazanıb. Ölkəmizdəki sabitlik beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsinə zəmanət verir. Bu nöqteyi-nəzərdən, Beynəlxalq Astronavtika Konqresinin bütün MDB məkanında yarım əsrlik fasilədən sonra 2022-ci ildə məhz Bakıda keçirilməsi barədə qərar tam məntiqlidir. Özündə 68 ölkədən 398 təşkilatı birləşdirən Beynəlxalq Astronavtika Federasiyası kosmik sahədə fəaliyyət göstərən ən mötəbər təşkilatdır. 1950-ci ildən bəri hər il dünyanın fərqli şəhərlərində keçirilən Beynəlxalq Astronavtika Konqresi kosmik sənayedə təşkilatın əsas tədbiri kimi qeyd edilə bilər. Konqres zamanı iştirakçılar kosmik sahəyə aid olan aktual trendləri və ən son innovasiyaları izləmək fürsəti əldə edirlər. “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda konqresin keçirilməsinin Azərbaycana həvalə olunması kosmik sahədən olan müxtəlif şirkət və təşkilatlarla daha sıx əlaqələrin qurulması, ölkəmizə kosmik texnologiyaların transferi prosesinin sürətləndirilməsi, eləcə də insan resursunun inkişafı və Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş nüfuzunun daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək. Ölkəmiz öz tarixində ilk dəfə olaraq, dünya kosmos ictimaiyyətinin 6000-dən çox nümayəndəsini - aparıcı kosmik agentliklərin, elm mərkəzlərinin və beynəlxalq təşkilatların rəhbərlərini, eləcə də məşhur alimləri, özəl sektordan olan yüksək səviyyəli peşəkarları, gənc tədqiqatçıları və tələbələri bir araya gətirəcək.

 

Azərbaycan Mühəndislik Akademiyası “Azərbaycan Hava Yolları” (AZAL) QSC ilə birgə aviasiya sahəsində kadrların peşəkarlıq səviyyəsinin inkişafı və təkmilləşdirilməsi, maddi-texniki bazasının genişləndirilməsi istiqamətində fəal işlər aparır. Azərbaycan Milli Aviasiya Akademiyasında yerləşən Pilotların Hazırlıq Mərkəzi Azərbaycan mülki aviasiyası kadrlarının hazırlanması üçün əsas baza hesab olunur. Bu il burada “Embraer E-190” tipli təyyarələr üçün son nəsil aviasiya trenajoru quraşdırılıb. Mərkəzdə, həmçinin “Embraer E-190” və “Boeing 787 Dreamliner” tipli təyyarələr üçün aviasiya trenajorları da yerləşdirilib. Bu trenajorda Azərbaycan aviaşirkətlərinin pilotları ilə yanaşı, xarici aviaşirkətlərin də pilotları təlim keçirlər.

 

Ölkəmiz üçün ən perspektivli resurslardan biri də tranzit potensialıdır. Məlum olduğu kimi, Azərbaycan son dərəcə əlverişli coğrafi mövqeyə malikdir, Avropa ilə Asiyanın qovşağında yerləşir və qədim zamanlardan dünyanın iki hissəsini birləşdirən qədim ticarət yolları buradan keçib. Bu strateji coğrafi mövqedən səmərəli istifadə, tranzit və nəqliyyat xidmətlərinin inkişafı, Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi ölkə iqtisadiyyatının daha bir vacib sahəsidir. Ötən il dörd mühüm layihəyə start verildi: Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edəcək beynəlxalq sərnişin qatarı, Sabunçu dəmir yolu stansiyası kompleksi, Abşeron dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xətti və s. İstirahət yerlərində turistlərin rahatlığı üçün dəmir yolu xətləri çəkilir. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan Rusiya-Azərbaycan sərhədində yeni  körpü istifadəyə verilib və Astara-Rəşt dəmir yolunun tikintisi isə davam edir.

 

Dəmir yollarından əlavə, Xəzər Dəniz Gəmiçiliyinin strukturunun iki istiqamətdə modernləşdirilməsi üzrə işlər də aparılır. Bakı-Aktau-Bakı; Bakı-Türkmənbaşı-Bakı, həmçinin Bakı Beynəlxalq Limanının tikintisini başa çatdırmaq və Ələt qəsəbəsində bütün infrastruktur və istehsal sahələri ilə azad iqtisadi zona yaratmaq istiqamətində işlər davam etdirilir. Tranzit yük daşımalarını artırmaq üçün bütün bu strukturların böyük rolu var.

 

İnfrastrukturun və logistik inkişafın Azərbaycan iqtisadiyyatı üçün son dərəcə vacibliyini nəzərə alan Azərbaycan Mühəndislik Akademiyasının mütəxəssisləri də bu layihələrdə fəal iştirak ediblər.

 

Akademiyamızın üzvləri Azərbaycanın enerji sektorunda mühüm layihə olan Trans-Anadolu qaz boru kəməri (TANAP, “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi) qlobal layihəsində iştirak edirlər. TANAP Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazın Türkiyəyə və bu ölkədən də Avropaya tədarükünü təmin edir. Trans-Anadolu qaz boru kəməri XXI əsrin enerji tarixinə düşəcək böyük bir layihədir və yeddi ölkəni - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyanı birləşdirir. Növbəti mərhələdə Bosniya və Herseqovina, Xorvatiya və Çernoqoriyanın da ona qoşulacağı gözlənilir. Bu layihənin davamı olaraq Trans-Adriatik qaz boru kəməri (TAP) layihəsi istismara veriləcək. TAP marşrutu Albaniya və Adriatik dənizindən keçərək Türkiyə-Yunanıstan sərhədindən İtaliyanın cənubu boyunca uzanır. Cənub Qaz Dəhlizi Xəzər regionu ilə Avropa ölkələrinin bazarları arasında enerji körpüsü olacaq və Avropaya enerji tədarükünün şaxələndirilməsinə kömək edəcək. Azərbaycanın “Şahdəniz” qaz kondensat yatağının ikinci fazasının işlənməsi Cənub Qaz Dəhlizi boyunca tədarük üçün əsas mənbəyə çevriləcək.

 

“Azərenerji” Səhmdar Cəmiyyəti Azərbaycan Mühəndislik Akademiyası üzvlərinin iştirakı ilə Cənubi Qafqaz bölgəsində ən yüksək faydalı iş əmsalına malik 400 meqavat (Mt) gücündə yeni “Şimal-2” kiçik su elektrik stansiyası inşa edib.

 

Akademiyanın alimləri və mühəndisləri neft-kimya texnologiyaları sahəsində hidrogen sulfid və karbon qazı olan neft və qaz yataqlarının lay sularında metalın qorunması üçün korroziya inhibitorlarının yeni tərkibinin hazırlanması üzərində işləyirlər. İnhibitorları işləyib hazırlayarkən neft-kimya sintezi üçün xammal mənbəyi kimi təbii və sintetik doymamış üzvi turşular istifadə edilib. Lay sularında karbon dioksidlə doymuş metalı qoruya bilən, çoxfunksiyalı və yüksək effektiv korroziya inhibitorları əldə olunub.

 

Regionlarda sənaye innovasiya texnologiyalarının tətbiqi sahəsində ölkə əhalisini içməli su ilə təmin etmək üçün inşaat konstruksiyalarının tikintisi davam edir. Sutkada 36 və 60 ton tutumu olan, mürəkkəb və yüksək çirklənmiş tərkibli mənbə suyu olan yaşayış məntəqələri üçün içməli suyun təmizlənməsinə xidmət edən modul tipli cihazın yeni avtomatik idarəetmə bloku hazırlanıb. Bu layihə akademiyanın ölkəmizdə sənaye innovasiya texnologiyalarının kənd yerlərində tətbiq olunmasına yönəlmiş ən əhəmiyyətli layihələrdən biridir.

 

Aqrar-sənaye sektorunda kənd təsərrüfatının inkişafı sahəsində ölkənin ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə quraqlığa davamlı kənd təsərrüfatı məhsulları istehsalının inkişafı, Azərbaycanın dağətəyi quraq zonalarında və yamaclarında, düzənliklərdə eroziya və sudan səmərəli istifadə üzrə proqramları xüsusi qeyd etmək lazımdır. Akademiyamızın mütəxəssisləri taxıl anbarlarının dezinfeksiya edilməsi və əkin öncəsi emalı üçün ozonatorlar tətbiq etməyə davam edirlər. Kənd təsərrüfatının inkişafı üzrə dövlətlərarası proqram çərçivəsində Azərbaycan Rusiya Federasiyası ilə sıx əməkdaşlıq edir.

 

Beynəlxalq əməkdaşlıq sahəsində Azərbaycan Mühəndislik Akademiyası bir sıra ölkələrin, xüsusən də Beynəlxalq Mühəndislik Akademiyası və Rusiya, Özbəkistan, Ukrayna, Belarus və Sloveniyanın mühəndislik akademiyaları ilə sıx əməkdaşlığı davam etdirir. İslam Ölkələri Mühəndislik İnstitutları Federasiyasının üzvü olan Akademiyamız bu təşkilatın üzvləri ilə də əməkdaşlığı genişləndirir.

 

Bizim mühəndislik cəmiyyətimizin fikrincə, əsas resursumuz istedadlı və savadlı insanlar olmalıdır. Kadr potensialı, əsasən Milli Aviasiya Akademiyasının bazasında Texnopark və Tələbə Yaradıcılıq Evində təmin olunur. Həmçinin Azərbaycan Mühəndislik Akademiyasının təşəbbüsü ilə Qərb Universitetində də tələbələr üçün texnopark inşa edilib. Akademiyamız həm Azərbaycan universitetlərində təhsilin keyfiyyətinin idarə olunması, həm də mühəndis ixtisası da daxil olmaqla, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində işləyir.

 

Hər il Milli Aviasiya Akademiyasında aviakosmik problemlərin həllində gənclərin kreativ potensialının üzə çıxarılmasına və inkişafına həsr edilmiş “Fevral məruzələri” keçirilir. Məruzələrin təşkilatçıları Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC, Milli Aviasiya Akademiyası, Azərbaycan Mühəndislik Akademiyası və “Azərkosmos” ASC-dir. “Fevral məruzələri” çərçivəsində “Aviakosmik problemlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda hər il Beynəlxalq elmi-praktik gənclər konfransı, həmçinin “Aviakosmik problemlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda bir sıra elmi-praktik seminarlar və ustad dərsləri keçirilir.

 

Ötən il beynəlxalq aləmdə böyük nüfuz qazanmış “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” elmi-texniki jurnalının ilk sayının işıq üzü görməsinin 10 ili tamam oldu. On il müddətində jurnal innovasiya texnologiyaları sahəsindəki nailiyyətləri əyani surətdə göstərib və onların inkişaf vektorunu istiqamətləndirib. Jurnal müxtəlif aktual problemləri diqqətə çatdırmaqla fərqlənir və elmi mühəndis düşüncəsinin mənbəyini göstərir. Belə ki, tədqiqatçılar, mütəxəssislər buradan yeni ideyalar əldə edir, öz yeni texniki işləri və təcrübələri, düşüncələri ilə bağlı fikir mübadiləsi aparır. Bu da mühüm çoxşaxəli istiqamətlərin işlənməsinə əhəmiyyətli töhfə verir. Həmçinin aviakosmos, mexanika, maşınqayırma, energetika, neft-kimya, iqtisadiyyat, ekologiya və bir çox yeni inqilabi sənaye sahələrinin - nanomateriallar və nanotexnologiyalar kimi istiqamətlərin inkişafına əhəmiyyətli dərəcədə təkan verir. Jurnal Azərbaycanın və xarici ölkələrin elmi həyatında fəal iştirak edir. Akademiyanın elmi orqanı olan bu jurnal dünya alimlərinin üzləşdiyi problemlərin həlli istiqamətlərinə üstünlük verir. Onun müəlliflərinin və abunəçilərinin coğrafiyası kifayət qədər genişdir. Jurnal alimlər və mühəndislərə öz konsepsiya, ideya, kəşf və ixtiraları haqqında sözlərini demək üçün çox ciddi tribunadır. “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalı məqalələri üç dildə dərc edir. Jurnal beynəlxalq analitik elmi sitat sistemi “SCOPUS”da qeydə alınıb və kommersiya məlumat bazasının köməyi ilə materialları paylaşır. Jurnalın tam mətn elektron versiyası Rusiya Universal Elmi Elektron Kitabxanasının bazasında mövcuddur və “Rusiyanın elmi sitat indeksləşməsi” (RESİ) layihəsinə daxil edilib və onun təyin etdiyi əmsalla reytinqi müəyyənləşdirilir.

 

Ötən il ərzində akademiyamızın üzvləri onlarca kitab, monoqrafiya, dərslik, o cümlədən “Nanostruktirovanie poverxnostey”, “Fractal approach to tribology of elastomers”, “Tribologiya”, “Mühəndislik fəlsəfəsi” traktatı və s. nəşr etdiriblər. Təxminən 65 elmi məqalə dərc olunub, 8 patent alınıb (həmçinin Avrasiya patenti).  Mühəndisliyin inkişafında böyük töhfələrə görə Akademiya üzvləri dövlət, hökumət və ictimai təşkilatlar tərəfindən mükafatlandırılıb, 2 orden və 8 medalla təltif olunub. Mühəndislik işlərinin həyata keçirilməsinə görə 1 nəfər Əməkdar mühəndis, 3 nəfər isə İlin mühəndisi fəxri adının diplomları və xatirə medalları ilə mükafatlandırılıb. Akademiyanın 1 üzvü Elm və İnnovasiya Mükafatı laureatı olub, birinci dərəcəli diplomla təltif edilib. Ötən bir il ərzində 6 konfrans, 3 dəyirmi masa və 3 seminar keçirilib. İlin yekunlarına əsasən, Akademiyanın jurnalında dərc olunan üç ən yaxşı elmi məqalənin seçilməsi üzrə müsabiqə keçirilib, qaliblərə diplom və pul mükafatları təqdim edilib. Gənclərin iştirakı ilə “CanSat Azərbaycan - 2019” müsabiqəsi keçirilib.

 

Akademiyamız, onun elmi və mühəndis qüvvələri Azərbaycan iqtisadiyyatının inkişafı üçün mühüm vəzifələrin həyata keçirilməsində fəal iştirak edirlər. Biz sənaye-innovasiya sektoruna xüsusi diqqət ayırırıq, habelə Beynəlxalq Mühəndislik Akademiyası ilə birlikdə böyük elmi layihələrin həyata keçirilməsi üçün yeni təkliflər hazırlayırıq.

 

Ötən il iqtisadiyyatın canlanması, böyük infrastruktur layihələrin reallaşdırılması və genişmiqyaslı regional və beynəlxalq sammitlərin keçirilməsi kimi bir çox yeni layihələrin iştirakçısı olan Azərbaycan Mühəndislik Akademiyası üçün məhsuldar bir il olub.

 

Ümidvaram ki, Akademiyanın uğurları daha da artacaq, gələcəkdə müxtəlif ölkələrlə beynəlxalq əməkdaşlıq inkişaf edəcək. Akademiyamızın digər ölkə akademiyaları ilə qarşılıqlı münasibətləri genişlənəcək, mühəndis fikrinin dünya ictimaiyyətinə inteqrasiyası daha da sürətlənəcək.

 

Mühəndislik Akademiyasının çoxsaylı üzvlərini, ölkəmizin elmi-texniki ictimaiyyətini 15 illik yubiley münasibətilə ürəkdən təbrik edir və yaradıcılıq fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram.

 

AZƏRTAC

 

Respublika.- 2020.- 30  dekabr.- S.10.