Ədəbiyyat və mətbuat xadiminə ehtiram

 

Professor Teymur Əkbər oğlu Əhmədov - görkəmli elm təşkilatçısı, təcrübəli mətbuat mühərriri, naşir və redaktordur. O, ictimai xadim, vətəndaş ziyalı, nadir şəxsiyyət, fikir və düşüncə adamıdır. Respublikada onu, ictimai-mədəni fikrimizin nümayəndələri yaxşı tanıyırlar.

 

Teymur Əhmədovla ilk tanışlığım 1983-cü ildən başlayıb. 25 yaşında aspirant idim, elmə təzə qədəm qoyurdum. Onda mən onun yanına namizədlik mövzumun müəyyənləşdirilməsi və təsdiqi məqsədilə getmişdim. Yaxşı yadımdadır, akademiyanın əsas binasının 8-ci mərtəbəsindəki Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin 710 nömrəli qapısını açıb icazə istədim.-Gəl əyləş,-dedi. Görüşüb fikrimi bildirdim. Əlavə etdim ki, mənim yer üzündə Allahımdan başqa heç kimim yoxdur,-elmi mühitdə adamlarımın olmadığını nəzərdə tutub belə demişdim. Hətta, xatırlayıram ki, özümə inam üçün Xalq şairi Bəxtiyar Vahabzadənin bir beytini də demişdim: “Səni mənzilinə çatdırar niyyət, Əgər başlanırsa yol ürəyindən”.-Ürəyimin səsini dinləyib bura gəlmişəm, -deyə əlavə etmişdim. Onda Teymur müəllim ehmalca qolumdan tutub:-Bala, bu dünyada hamı təkdir, narahat olma,- demişdi. Görünür, müdrik, fəlsəfi olaraq belə deyirmiş. O vaxt sonralar elmi rəhbərim olmuş professor Abbas Hacıyevin məsləhətilə dörd mövzu müəyyənləşdirmişdim. Onlardan biri də Xalq şairi Osman Sarıvəlli ilə bağlı idi. Teymur müəllim mövzulara baxıb Osman Sarıvəlli adı üzərində dayanmışdı. Lakin belə düzəliş etmişdi: “Osman Sarıvəllinin poetikası”. Razılaşmışdım. Mövzunun sonuncu təsdiq mərhələsi gələndə AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov komissiya üzvlərinin razılığına baxmayaraq, mövzunu təsdiq etməmişdi. -Mən poetikanı 60 yaşımda dərk etmişəm, bu cansız kənd uşağı bunu işləyə bilməz,-demişdi. İclasın qurtarmasını gözləmişdim, Teymur müəllimin fikrini bilmək istəyirdim. Ona bildirmişdim ki, materialları toplamışam, hətta, işin birinci fəsli üzərində işləyirəm. Onda o, mənə bildirmişdi ki, bir halda belədir, arxayın ol, bu mövzunu heç kimə verməyəcəyəm. Gözləyəcəyəm. Sən yazıb dissertasiyanı tamamla, sonrasına baxarıq, Allah kərimdir. Belə də oldu. Dəqiq deyə bilmərəm, gərək ki, iki ilə yaxın vaxt keçdi. Mən işi tamamlayıb Teymur müəllimə yenidən müraciət etdim. Onda institutda direktor artıq AMEA-nın müxbir üzvü, professor Yaşar Qarayev idi. Teymur müəllimin köməyi ilə mövzunun təsdiqi müzakirəyə çıxarıldı. Yaşar müəllim heç nəyin fərqində olmadı. İndi haqq dünyasındadır. Ruhu şad olsun! Mövzu rahatlıqla təsdiq edildi. Arxayın oldum. Professor Yaşar Qarayevə, komissiya üzvlərinə, Teymur müəllimə minnətdarlığımı bildirdim.

 

1990-cı illər gələndə professor Teymur Əhmədova yenidən müraciət etdim. Məqsədimi biləndə:-Bilirdim ki, gələcəksən, bir daha inamını ifadə etdi və məni Milli Münasibətlər İnstitutuna, mərhum professor Vaqif Arzumanlının qəbuluna göndərdi. Milli hərəkat səngimiş, Xəlil Rza Ulutürk adı isə şüurlara hakim kəsilmişdi. Mənim düşüncələrim onun mövqeyinə uyğun gəlirdi. Poetikaya meyilli olsam da, milli-ideoloji məsələlərdən yazmaq istəyim də vardı. Fikrimi bəyəndilər. İnstitutda “XX əsr Azərbaycan ədəbi-nəzəri fikrində milli ideal və xalq taleyi (Xəlil Rza Ulutürkün yaradıcılığı əsasında) problemi” adlı doktorluq dissertasiyamın mövzusu təsdiq olundu. Az vaxtdan sonra institutun Milli-etnodil prosesləri şöbəsində elmi fəaliyyətə başladım və tədqiqatlarımı davam etdirdim. Professor Vaqif Arzumanlının, Xalq şairi Söhrab Tahirin və ümumən, mənim taleyimdə əli olub indi haqq dünyasında olanların ruhları şad olsun.

 

Tam səmimiyyətlə bildirim ki, Teymur müəllimin - bu xeyirxah insanın mənə məsləhətləri, qayğısı və köməyi çox olub. O vaxtdan bu böyük insanla səmimi ünsiyyət saxlayıram. Teymur müəllim 60 yaşında olanda mən rayonda yaşayırdım. “Azərbaycan gəncləri” qəzetinə, rəhmətlik Yusif Kərimova “60 yaşın işığı” adlı təbrik məktubu göndərmişdim. Dərc etmişdi. Ruhu şad olsun!..

 

İndi o illərdən xeyli vaxt keçib. Şəhərə gələndən Teymur Əhmədovla daha sıx ünsiyyətdə oluram. Onu gəncliyimizin, elmi fikrimizin müdriki, ağsaqqallarından bilirəm. Bu barədə alimin 75 illiyi münasibətilə “Elm” qəzetinin 31 yanvar 2006-cı il tarixli sayında “Görkəmli ədəbiyyatşünas alimlə bağlı yaddaş sözü” adlı məqalə də yazmışdım. Teymur Əhmədovun bir neçə qiymətli kitabı haqqında da ədəbi-tənqidi məqalə çap etdirmişəm...

 

Teymur Əhmədov zəmanəmizin görkəmli maarifpərvəridir. “Respublika” qəzeti redaksiyasını - onun iş otağını ziyalılar ocağı bilirəm. Bu ocağın qapısı günün istənilən çağı, hətta, fasilə vaxtlarının özündə belə hər kəsin, ictimai-mədəni fikrimizin hər cür nümayəndəsinin üzünə açıq olur. Teymur müəllim həmkarlarını hörmətlə qarşılayır. Gələn qonaqlara çay tədarükü gördürür, onları diqqətlə dinləyib lazımi qayğı göstərir, yazılarını dərc edir. Doğrusu, “Respublika” qəzeti redaksiyası bir növ “Molla Nəsrəddin” idarəsini xatırladır. Sözün hüsnü burada uca yerdədir, mötəbər tutulur. Fikir və düşüncə mənəviyyatımızın kübarları baş redaktorun əli ilə sözü həm də buradan respublikanın hər yerinə ötürür. Söz xalqımızın mənəvi ruhunda, ucalığında işıqlanır...

 

Görkəmli ədəbiyyatşünas alim Zəngibasar kənd orta məktəbində, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxuyub. Elm, təhsil axtarışları onun mənəviyyatımızın kübarlarından olmasına xeyli zəmin yaradıb. Teymur Əhmədov aspirantura illərindən zəngin bir yol başlayıb...

 

O, ədəbiyyata şeirlə gəlib, “Sülh” adlı poetik nümunəsini 1956-cı il iyunun 16-da dərc etdirib. Sonra şeir, hekayə və oçerklərini “Yeni fikir”, “Vətən səsi” qəzetlərində “Didərgin” imzası ilə çap etdirib. Onun 1961-ci ildə “Ülkər”, “Dostluq nəğməkarı” adlı oçerk və hekayələr kitabları çap olunub.

 

Tədqiqatçı-alim T.Əhmədov 1968-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərir. O, həmin ildən “Müasir dövrdə dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları” problemi üzrə Respublika Əlaqələndirmə Şurasının elmi katibi, 2004-cü ildən AMEA humanitar və ictimai elmlər bölməsinin ədəbiyyatşünaslıq üzrə problem şurasının elmi katibi olub. 1996-cı ildən Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışır. Sənətşünaslıq doktoru, professor Rafiq İmraninin qeyd etdiyi kimi, akademik, Xalq yazıçısı Mirzə İbrahimovun təşəbbüsü ilə açılmış bu şöbənin sonrakı keçid dövründə qorunub saxlanılmasında və onun fəaliyyətinin gücləndirilməsində Teymur Əhmədovun xüsusi rolu və əməyi vardır”.

 

Teymur müəllim elmi rəhbərinin 90 illiyi münasibətilə 2001-ci ildə “Mirzə İbrahimov”, 2005-ci ildə “Nizami adına Ədəbiyyat İnstitutu” kitablarını çap etdirib. İkinci kitabda akademik M.İbrahimovun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi sahəsində təşkilatçılıq fəaliyyətindən və elmi yaradıcılığından geniş bəhs olunub.

 

Professor T.Əhmədovun sanballı monoqrafiyası yazıçı, dramaturq, publisist və dövlət xadimi Nəriman Nərimanov haqqındadır. Yorulmaz tədqiqatçı tarixi şəxsiyyət N.Nərimanovun ictimai-ədəbi mühitini, onun həyatı, publisistikası, bədii yaradıcılığı, ictimai-siyasi fəaliyyətini hərtərəfli tədqiq edib, haqqında qiymətli monoqrafiyalar yazıb: “Nəriman Nərimanovun dramaturgiyası”, “Nəriman Nərimanov”, “N.Nərimanov. Həyatı, mühiti, ədəbi yaradıcılığı”, “Nəriman Nərimanov: Azərbaycanın görkəmli adamları”, “Nəriman Nərimanovun yaradıcılıq yolu”, “Böyük ictimai xadim və yazıçı”, “Nəriman Nərimanov” (albom-kitab) və başqaları.

 

Alimin elmi axtarışlarının hədəfi - problemlər məcmusu dövlət xadimi, yazıçı və publisist Nəriman Nərimanovun irsi olmasına baxmayaraq, o, ədəbiyyat tariximizin görkəmli sənətkarları, habelə, milli-mədəni əlaqələr, ədəbi məclislər, Azərbaycan mühacir ədəbiyyatı, eləcə də görkəmli ədəbiyyatşünas və tənqidçilər haqqında elmi və elmi-publisistik məqalələr yazıb...

 

Bu böyük insanın qapısı gənclərin üzünə də həmişə açıq olur. Bu xeyirxah şəxsiyyət həqiqətən gəncliyimizin mənəvi atası, ağsaqqallarındandır. Akademik Bəkir Nəbiyev demişkən: “Professor T.Əhmədov elmi yaradıcılıqla yanaşı, həm də Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində buraxılış, bakalavr və magistr imtahan komissiyalarının sədri, dissertasiya və diplom rəhbəri, opponent olmaqla ali təhsilli gənc mütəxəssis kadrların hazırlanması sahəsində də xidmətlər göstərib”.

 

Alim Bakı Dövlət Universiteti filologiya üzrə İxtisaslaşmış Müdafiə Şurasının üzvü, 2004-cü ildən AMEA humanitar və ictimai elmlər bölməsinin ədəbiyyatşünaslıq üzrə problem şurasının elmi katibi, 2005-ci ildən Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvüdür. 1988-ci ildən filologiya elmləri doktoru, 1993-cü ildən professor, 2020-ci ildən Əməkdar elm xadimidir.

 

Teymur müəllim haqqında dövrünün elm və mədəniyyət xadimlərindən akademiklər M.Arif, M.C.Cəfərov, M.İbrahimov, K.Talıbzadə, F.Köçərli, B.Nəbiyev, İ.Həbibbəyli, AMEA-nın müxbir üzvləri Y.Qarayev, Ə.Mirəhmədov, professorlar Mir Cəlal Paşayev, M.Seyidov, Ə.Ağayev, Q.Xəlilov, X.Məmmədov, V.Arzumanlı, R.Əsgərov, Ş.Salmanov, dosent N.Rizvan, partiya və dövlət xadimi V.Məmmədov və başqaları qiymətli məqalələr yazıb, elmi fikirlər söyləmişlər.

 

Akademik Məmməd Cəfər Cəfərov Teymur Əhmədovun “Nəriman Nərimanovun yaradıcılıq yolu” monoqrafiyasını nərimanovşünaslığa yenilik gətirən tədqiqat” əsəri kimi dəyərləndirib. Professor Yaşar Qarayev yazıb: “Teymur Əhmədov Nəriman Nərimanovun dramaturgiyasını tədqiq edəndə, yazıçının ictimai-siyasi fəaliyyətindən əsər yazanda Nərimanova münasibət hələ sabit deyildi. O zaman heç də hər adam bu mövzuya girişməyə cəsarət etməzdi. Yalnız Teymur Əhmədov və onun yaxın dostu, mərhum Vəli Məmmədov qətiyyət göstərdilər. Müqəddəs mövzudan-Nərimanov problematikasından kənarlaşmadılar... Bu gün biz Teymur Əhmədovun alim cəsarətindən, müəllif qətiyyətindən, ziyalı iradəsindən danışanda onun məhz nərimanovşünaslığa böyük töhfəsini yada salırıq”.

 

Akademik Nizami Cəfərovun alimin şəxsiyyəti haqqında fikirləri də əhəmiyyətlidir: “Teymur müəllimin yerini Azərbaycanda heç kim verə bilməz. Onun fəaliyyəti elədir ki, elə sahələri əhatə edir ki, bu sahələrdə xüsusi səriştə yalnız ona məxsusdur... Teymur Əhmədov ruhən təmiz adamdır, nədən yazmasından asılı olmayaraq azərbaycançılığın böyük mahiyyətini əks etdirməyə çalışır”.

 

Professor Xeyrulla Məmmədov T.Əhmədovun sadəliyini, zəngin dünyagörüşünü və peşəkar jurnalistlik fəaliyyətini məxsusi qeyd edib: “Teymur Əhmədov böyük həyat təcrübəsinə, geniş intellektə və zəngin mənəviyyata malik bir insan, ziyalı və vətəndaşdır. Bu qəbildən olan bütün şəxsiyyətlər kimi o da təvazökar, son dərəcə sadə və səmimidir. Onun simasında ilk növbədə nəzərəçarpan da elə budur. O, adama adi bir kənd kişisinin təsirini bağışlayır. Onun görkəmində, pal-paltarında, oturub-duruşunda, deyib-danışmağında heç bir dəbdəbə, təmtəraq gözə çarpmır. O, ictimai mövqeyindən, oturduğu kürsünün ölçüsündən asılı olmayaraq, cəmiyyətdə və məişətdə sıravi adamlara məxsus adi bir insan ömrünü yaşayır. Rəsmi davranış, inzibati amirlik, lovğalıq, təkəbbür Teymur müəllimin təbiətinə yaddır. Onun baş redaktor olduğu “Respublika” qəzetinin qapıları həmişə hamının üzünə açıqdır”.

 

Türkiyəli professor Yaşar Ağdoğan Teymur Əhmədovun ictimai-siyasi fəaliyyətinin görüntülərinə də yaxşı işıq tutub. O yazıb: “Tarixdə çirkin əməlləri ilə tanınan Andranik adlı bir məlunun azəri türklərinin başına gətirdiyi müsibətləri bilirik, lakin bunların Teymur bəyin kitabında tarixi sənədlərə istinad edilərək verilməsi bir çox həqiqətin ortaya çıxmasına imkan yaratmış, Andranikin qanlı əməllərini, yerə-göyə sığmayan cinayətlərini açıqlamışdır. Əminəm ki, “Kuvayi milliyə” jurnalında dərc edilən yazı ermənilərlə bağlı bir çox həqiqətlərin açılmasına kömək edəcəkdir. Mən deyərdim ki, bu yazı utanmadan, çəkinmədən “soyqırımı”dan danışan ermənilərə çox yaxşı cavabdır”.

 

Filologiya elmləri namizədi Ofelya Bayramova alimin “XX əsr Azərbaycan yazıçıları” kitabına istinadən onun mənbəşünaslıq fəaliyyətini belə səciyyələndirib: “Bu kitaba Teymur Əhmədovun yalnız mənbəşünaslıq, məxəzşünaslıq, lüğətşünaslıq kimi yox, Azərbaycan xalqının mənəvi zənginliyinin, mədəni qüdrətinin salnaməsi kimi baxmaq lazımdır. Çünki bu salnamə mədəniyyət abidəsidir. Belə nəşrlər, belə mədəniyyət abidələri mədəni irsimizi öyrənən geniş tədqiqatçılar dairəsinə lazımi informasiyalar verir. Bu biliklərin hər damlası indi yalnız mütəxəssislər üçün deyil, həm də hər bir ziyalı üçün də maraqlıdır...”.

 

Teymur Əhmədov peşəkar jurnalist, təcrübəli publisist kimi 1954-cü ildən mətbuat sahəsində çalışır. O, 1957-ci ildə SSRİ Jurnalistlər İttifaqının üzvü olub, 1965-1968-ci illərdə “Azərbaycan” jurnalı redaksiyasında tənqid və ədəbiyyatşünaslıq bölməsinin müdiri işləyib, 1989-cu ildə “Ata yurdu”, 1990-1991-ci illərdə “Vətən səsi” qəzetlərinin redaktoru, 1992-ci ildən “Elturan” jurnalının məsul redaktoru, 1992-1993-cü illərdə “Vətən həsrəti”, “Hikmət” qəzetlərinin baş redaktoru, 1994-1995-ci illərdə “Yeni fikir” qəzetinin baş redaktoru olub. O, 1995-ci ildən isə “Respublika” qəzetinin baş redaktorudur. Teymur Əhmədov 1999-cu ildən “Elm” qəzeti redaksiya heyətinin üzvü, 2000-ci ildən Beynəlxalq Avrasiya mətbuat fondu idarə heyətinin üzvü, 2001-ci ildən “Azərbaycan və azərbaycanlılar” kitabı redaksiya heyətinin üzvü, 2007-ci ildən “Füyuzat” jurnalının baş redaktorudur. Bu, nüfuzlu mühərririn milli jurnalistikamızın inkişaf tarixində böyük xidmətləri vardır.

 

Görkəmli mühərrir Teymur Əhmədov fasiləsiz olaraq mətbuat sahəsində fəaliyyət göstərir. O, ictimai fikrimizin fədakar mübəlliğlərindəndir. Jurnalistin məqalələrinin geniş bir məcrası Azərbaycanın tarixi, coğrafiyası, ictimai-siyasi və mədəni həyatı, habelə, Vedibasar və Qarabağ hadisələri ilə bağlıdır.

 

Teymur Əhmədovun publisistikasında ədəbi portretlərin, ədəbi-tənqid və ədəbiyyatşünaslığın, siyasət və mədəniyyətin öz yeri vardır.

 

Teymur müəllim tərtibçi-naşir kimi də fəaliyyət göstərir. Onun hazırladığı “Süleyman Rüstəm” (1986), “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”(/1986/, Zahid Əkbərov, Bəhlul Abdulla, Mirəli Mənafi, Rəfiqə Qasımova, Tamilla Məmmədova, Xuraman Qurbanova, Nazim Rizvanla birlikdə, III cild, 1988), “XIX əsr Azərbaycan ədəbiyyatı müntəxəbatı” (1992, R.Həsənova ilə birlikdə), “Rəsulzadə Məhəmməd Əmin” (1993), “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”(/1986/, Zahid Əkbərov, Bəhlul Abdulla, Mirəli Mənafi, Rəfiqə Qasımova, Tamilla Məmmədova, Xuraman Qurbanova, Nazim Rizvan, M.Aslanovla birlikdə, IV cild, 1994), “Müqəddəs elm məbədi” (1996), “Mir Cəlal” (1998), “Mirzə İbrahimov” (2001), “Xəlil Rza Ulutürk” (2002), “Heydər Əliyev” (2002), “Heydər Əliyev və mətbuat” (4 cilddə, 2003), “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı. Dövlət Proqramı (2004-2008-ci illər)” /2004/, “Azərbaycan Yazıçılar Birliyi” (2004), “Prezident İlham Əliyev” (Hümmət Musayev, Elman Qədirli ilə birlikdə, /2004/), “Jurnalist olmaq istəyirsənsə” (2004), “Nizami adına Ədəbiyyat İnstitutu” (2005), “Xalq yazıçısı, görkəmli ictimai xadim Mirzə İbrahimov” (2006), “Nəriman Nərimanov” (2006), “Cənubi Azərbaycan ədəbiyyatı: poeziya XIX-XX əsrlər” (2007), “Heydər Əliyev və mədəniyyət” (2 cilddə, I, II cildlər, 2007), “XX əsr Azərbaycan yazıçıları” (2008), “Abdulla Şaiq” (2009) kitabları qiymətlidir.

 

Teymur Əhmədov ictimai xadimdir. Şıxəli Qurbanov ona diqqət və qayğı göstərib, akademik Mirzə İbrahimovla isə uzun müddət bir təşkilatda çalışıb. Mirzə müəllim Nazirlər Soveti sədrinin müavini, Ali Sovetin sədri olanda belə akademiyanın Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinə rəhbərlik edib, - elmlə dövlət işini, mədəniyyətlə siyasəti birləşdirib, Teymur müəllim üçün örnək olub.

 

Teymur Əhmədov dövlət adamıdır, Prezident aparatının təsisçiliyi ilə nəşr edilən “Respublika” qəzetinə rəhbərlik edir. Hər cür ictimai-siyasi və mədəni-kütləvi məsələlər - dövlətçilik ideologiyası, milli dövlət quruculuğunun möhkəmləndirilməsi və təbliği sahəsində səbatlı xidmətlər göstərir. Ölkə əhəmiyyətli ictimai-mədəni və siyasi kitabların hazırlanmasında onun böyük əməyi vardır. Bu baxımdan “Heydər Əliyev” (2002), “Heydər Əliyev və mətbuat” (4 cilddə, 2003), “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı. Dövlət proqramı (2004-2008-ci illər)” /2004/, “Prezident İlham Əliyev” (Hümmət Musayev, Elman Qədirli ilə birlikdə, /2004/), “Heydər Əliyev və mədəniyyət” (2 cilddə, I, II cildlər, 2007) kitablarını xatırlatmaq olar. Teymur müəllim dövlət siyasəti və mədəniyyəti sahəsində yorulmadan fəaliyyət göstərir. Teymur Əhmədov “Füyuzat” (2007) jurnalının baş redaktorudur. Bu gün Əlibəy Hüseynzadə, “Füyuzat” ənənələrini, çağdaş zəmanəmizdə türkçülüyü, islam dinçiliyini və müasirliyi əzmkarlıqla təbliğ edir. Azərbaycanın dünya meridianlarına qovuşmasına, Avropaya inteqrasiyasına mənəvi töhfələrini verir.

 

Professor T.Əhmədov elm, ədəbiyyat və mətbuat sahəsində yorulmadan çalışır. Vətəndaş və ziyalı səylərini birləşdirib dövlətinə və cəmiyyətinə xidmətlər göstərir. Teymur müəllim xalqının, millətinin güclü mənəvi işığıdır.

 

O, qayğıkeş və müdrik ailə başçısı olub, müəllim, həkim övladlar tərbiyə edib. Onlar dövlətimizin müxtəlif sahələrində vicdanla çalışır, millətinə ləyaqətlə xidmət edir. Teymur müəllim sağlam ruhlu, sağlam mənəviyyatlı bir nəslin ağsaqqalı, bir ailənin şəcərəsi, şəcərə ağacı, ulusu və piranisidir.

 

Professor Teymur Əhmədov Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qocaman alimidir. 24 dekabr 2020-ci ildə bu müqəddəs elm məbədinin xətti ilə görkəmli alimin 90 illik yubileyinə həsr edilmiş onlayn elmi sessiya keçirildi. Sessiyada ədəbiyyat institutunun direktoru, akademik, çox hörmətli İsa Həbibbəyli yubilyarın şərəfinə əhatəli nitq söylədi, əzəmətli şəxsiyyətin elmi və jurnalistlik fəaliyyətini səciyyələndirdi, onun “İlin alimi” nominasiyasına layiq görüldüyünü bildirdi, Əlizadə Əsgərlinin “Teymur Əhmədov” monoqrafiyasından danışdı, uğurlar arzuladı.

 

“Teymur Əhmədov” kitabı sənətkarın elmi pasportu seriyasındandır. Akademiya rəhbərliyinin, akademik İsa Həbibbəylinin və əməkdaşlarımızın hörmətli Teymur Əhmədova hörmət və ehtiram hədiyyəsidir.

 

Biz ustadımız, xeyirxahımız, görkəmli ədəbiyyat və mətbuat xadimi Teymur Əkbər oğlu Əhmədovu 90 yaşının işığında hərarətlə salamlayırıq. Onu ürəkdən təbrik edir, möhkəm cansağlığı, elmi-təşkilati və ictimai-publisistik fəaliyyətində böyük uğurlar arzulayırıq!

 

 

 

Əlizadə ƏSGƏRLİ,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat

İnstitutunun elmi işlər üzrə direktor müavini,

filologiya elmləri doktoru, professor.

 

Respublika.- 2020.- 30  dekabr.- S.13.