GÜNƏŞLİNİN
İGİD OĞLU
Vüqar Lerikin gözəl, füsunkar təbiətə malik Günəşli kəndində dünyaya göz açıb. Orta məktəbdə yaxşı qiymətlərlə oxuyub. Ali məktəbə qəbul imtahanlarında müsabiqədən keçə bilməyib. 2013-cü ildə həqiqi hərbi xidmətə yollanıb. İntizamlı, nümunəvi, cəsur əsgər kimi komandirlərin, şəxsi heyətin hörmətini qazanıb. Xidməti təltiflərə, mükafatlara layiq görülüb.
Ordudan tərxis olunduqdan sonra kəndə qayıdıb. Lerik rayon polis şöbəsinin nəzdində yaradılmış ictimai polisin sıralarında əmək fəaliyyətinə başlayıb. Sonra Bakıda qardaşı Famillə mebel sexində fəhlə işləyib. Valideynlərinə kömək edib, ailənin qayğılarını çəkib.
Sentyabrın 27-də Vətən müharibəsi başlayanda cəbhəyə könüllü getmək üçün müraciət edib. Sentyabrın 29-da sinif yoldaşı Eminlə Qarabağ bölgəsinə yola düşüb. Ağcabədidə hərbi təlim keçiblər.
Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Hadrut uğrunda gedən döyüşlərdə igidlik, fədakarlıq göstərib. Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib. İşğaldan azad etdikləri rayonlarda üçrəngli bayrağımızın dalğalandığını görəndə uşaq tək sevinib. Valideynlərinə, bacısı Rəmziyyəyə zəng edib sevincini, fərəhini onlarla bölüşüb. Deyib ki, lap az qalır, tezliklə qələbə ilə geri qayıdacaq. Sonuncu dəfə noyabrın 2-də evə zəng vurub “narahat olmayın, hər şey qaydasındadır”, - deyib.
Noyabr ayının 6-da Şuşa ətrafında qanlı döyüşlər gedirdi. Düşmənin atdığı mərmi nəticəsində igid, cəsur əsgər ürəyindən və boynundan ağır zədələr alıb. Torpaq sel kimi üstünə gəlib. Son dəfə döyüş yoldaşlarının çağırışına cavab verə bilməyib. Qəhrəmancasına əbədiyyətə qovuşub.
Cəmi iki gün sonra Şuşa şəhəri azad edildi. Bu böyük sevinci yaşamaq ona qismət olmadı. Həmin gün böyük izdihamla doğma kəndində torpağa tapşırıldı. Dəfn mərasimində Lerik Rayon İcra Hakimyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin üzvü İqbal Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tumarxan kişini Günəşli kəndində halal, zəhmətkeş insan kimi tanıyırlar. Bir vaxtlar sovxozda fəhlə və traktorçu işləyib. Sonralar bənnalıq edib. Hazırda səhhətilə əlaqədar işləyə bilmir. Yoldaşı Bəsti xanım evdar qadındır. Üç oğul, bir qız böyüdüblər. Famil və Rəmziyyə ailəlidir. Xalid subaydır. Vüqar ailənin sonbeşik övladıdır.
Valideynləri danışır ki, Vüqar çox istiqanlı, vətənpərvər, torpağa bağlı gənc olub. Kənddə onun xətrini hamı istəyirdi. Böyüyün, kiçiyin yerini bilirdi. Qarabağın işğal altında qalması ilə heç cür barışmırdı. Vətən, torpaq yolunda da şəhid oldu. Qəlbində çoxlu arzuları var idi. Ali təhsil almaq, ev tikib ailə qurmaq istəyirdi. Saf, ülvi arzuları, istəkləri yarımçıq qaldı.
Bacısı Rəmziyyə deyir ki, qardaşı şanlı qələbəmizi görməsə də, bu qələbənin qazanılmasında onun da payı vardır. Telefonla tez-tez danışırdıq. Deyirdi ki, axıra kimi vuruşub torpaqlarımızı geri alacağıq. Şəhidlərin qanını yerdə qoymarıq. Şəhid olsam, fəxr edərsən ki, sən şəhid bacısısan.
Vüqar Mövlanov 26 yaşında şəhidlik zirvəsinə ucaldı. Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Vüqar Mövlanov (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. Qəhrəman şəhidin keçdiyi şərəfli ömür və döyüş yolu gənclərə əsl nümunə və örnəkdir.
Əlisəfa HƏSƏNOV
Respublika.- 2020.- 30 dekabr.- S.15.