XALQIN MƏHƏBBƏTİ SONSUZDUR
Xoşbəxtliyin
dan ulduzu, səni min yaşa
Qarabağ zəfərinlə azaddır başdan-başa
Qalib Ölkənin Qalib Prezidentinə Sözdən Abidə ucaltmaq istəyindəyəm. Xalqın Adamı, Xilaskarı, Hamisi bu Ali məqamı illər boyunca öhdəsinə aldığı siyasi, iqtisadi, mənəvi yükü, milli, bəşəri dəyərləri düşüncəsində, davranışında, əməllərində müdriklərə, aqillərə məxsus bir şərəflə, ləyaqətlə daşıdığına görə haqq edib. Həm də nə az - nə çox, düz 17 ildir ki, Azərbaycan adlı məmləkətimizin yolu üstündə Mayak olub. Bütün həyatını, ictimai şüurunu ölkəsini, xalqını Günəşin zərrin şəfəqlərə boyadığı bəxtiyarlıq içində var olmağa, yaşatmağa həsr edib. Bu, bir mücahid ömrüdür ki, Uca Yaradan hər kəsə belə tale qismət etmir. Yalnız sevib-seçdiyi bəndələrini bunca şərəfli missiya ilə dünyaya gətirir. Ona elə bir güc, qüvvə, nur, fenomenallıq bəxş edir ki, bu nadir, ümdə keyfiyyətlərindən Vətəni, xalqı faydalansın. Təbii ki, bu, Mücahidin ailəsindən, cəmiyyətindən başqa, bütövlükdə xalqına məxsus olduğunun ümdə göstəricisidir...
Cənab İlham Əliyevin tərcümeyi-halı bütün insanlara məxsus həyat qanunlarından - doğum tarixi, məktəb, institut həyatı, ilk iş yeri kimi zərurətdən başlasa da Qəhrəmanım fəaliyyətinin axarını fövqəl bir özünəməxsusluqla dəyişə bilib. Zatən bu fərqlilik canına-qanına doğulduğu ailədən gəlmişdi. Dünya şöhrətli siyasi xadim, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevlə, Azərbaycan qadınının ləyaqət, saflıq, gözəllik mücəssəməsi, tibb elminin görkəmli simalarından olan Zərifə Əliyevanın övladı özünəxas olmaya bilərdimi! Belə bir Oğulun ömür yolunda görüb müşahidə etdiyim saya-hesaba gəlməyən xidmətləri məni bu müdrik şəxsiyyətin siyasi portretini olduğu və göründüyü kimi təsvir etməyə cəsarətləndirdi. Qəhrəmanım Sizsiniz: Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyev!
Xüsusi xatırlatma: Prezident İlham Əliyevin geniş əhatəli fəaliyyətini bir məqaləyə sığışdırmaq mümkün olmadığından (zaman və məqam bu kitabı doğuracaq), xalqımızın hələ də Vətən müharibəsinin qələbə sevincilə yaşadığı günlərdə haqq savaşımızın keçdiyi yolu, Müzəffər Ali Baş Komandanın işğaldan azad olunmuş rayonlarımıza səfərlərində, xarici KİV-lərə verdiyi çoxsaylı müsahibələrində bəşəri mahiyyət və maraq kəsb edən məqamları yazımın mövzusu etdim. İnanıram ki, məqalənin ruhunda, ideyasında Qəhrəmanımın siyasi portreti həqiqət işığında bərq vuracaq.
Xilaskar Ordumuzun şanlı Qələbəsi
2020-ci il Azərbaycan xalqının həyatına Qələbə ili kimi daxil oldu. İki yüz ilə yaxın bir zamanda erməni vandallarının, vəhşilərinin, terrorçularının xalqımıza yaşatdığı köçkünlük, didərginlik, qaçqınlıq ağrıları, soyqırımı faciəsi, işğalçılıq əməlləri, bu gün də “yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşırıq”, iddiası ilə müxtəlif növ silahlardan, ağır artilleriyadan istifadə edərək çoxlu sayda yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi sərhədlərimiz boyunca atəşə tutmaları münaqişə ocağını alovlandırdı. Bütün bunlara cavab olaraq ordumuz düşmənin hərbi mövqelərinə güclü atəşlə zərbələr endirərək əks-hücumlara keçdi. Vətən müharibəsi belə başladı. 44 gün davam edən bu müharibədə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli əsgərlərimiz 30 ilə yaxın bir zamanda erməni tapdağı altında inləyən torpaqlarımızı işğaldan azad etdi. İllər boyunca dədə-baba ocaqlarına sarı boylana-boylana qalan yurdçuların, qaçqın, köçkün, didərgin həyatı yaşayan soydaşlarımızın həsrətinə son qoydu. Müharibə Prezidentimizin təbirincə desək, hərbi-siyasi metodlarla həll edildi. Bu şanlı Qələbə hərb tariximizə Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Azərbaycan əsgərinin adı ilə yazıldı...
Azərbaycan həqiqətləri tarixin aynasında
Prezident İlham Əliyevin müharibənin ilk günündən xalqa etdiyi müraciətlərində, dünyanın aparıcı KİV-lərinə, nüfuzlu telekanallarına verdiyi çoxlu sayda müsahibələrində işğalçının təxribatları, beynəlxalq vasitəçilərə, dünya ictimaiyyətinə üfürdüyü yalanları ciddi faktlar əsasında qətiyyətlə ifşa olundu. Ali Baş Komandanın işğaldan azad olunmuş rayonlarımıza səfərlərində erməni təxribatları nəticəsində darmadağın edilmiş kəndlərimizi, şəhər və rayonlarımızı dünyaya nümayiş etdirməsi, işğalçı dövlətə qarşı ittihamları ilə yanaşı, sözdə sülhə, əmin-amanlığa, demokratiyaya tərəfdar olanları həm də bu hadisələrə münasibət bildirməyə çağırışları idi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Ermənistan ordusunun təxribatlarına, hərbi cinayətlərinə, erməni vandalizminə verdiyi siyasi qiymət təkcə Azərbaycanın deyil, dünyanın da hərb tarixində xüsusi yer aldı. Bundan başqa, BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun həmsədrlərinin işğalda olan torpaqlarımızın azad olunması ilə bağlı qəbul etdikləri 4 Qətnamənin kağız üzərində olan müddəalarını Azırbaycan Ordusunun gücü ilə döyüş meydanında həyata keçirdiyini dünyaya göstərdi.
Azərbaycan Prezidenti işğalçı Ermənistan dövlətinə, onların havadarlarına, erməni lobbisinin təsiri altında olan dövlətlərə Qarabağın tarixindən mükəmməl dərs keçdi. Azərbaycan həqiqətlərini tarixin aynasında bu güclərə göstərdi. Sübut etdi ki, ermənilər bizim qədim torpaqlarımıza XIX əsrin əvvəllərindən gəlməyə başlayıblar. Bədnam “Kürəkçay” (14 may 1805), “Gülüstan” (12 oktyabr 1813) və “Türkmənçay” (1828) müqavilələrindən sonra bölgədə gücü, səlahiyyəti artmış Rus imperiyası özünün Qafqazda maraqlarına uyğun olaraq köçəri, xain, xəyanətkar erməniləri Azərbaycanın qədim məskənlərindən olan Dağlıq Qarabağa yerləşdirdi. Ermənilərin dədə-baba torpaqlarımızda məskunlaşması da həmin vaxtlardan başladı...
Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində xarici telekanallara, dünyanın aparıcı KİV-lərinə verdiyi çoxlu sayda müsahibələrində ermənipərəst jurnalistlərin iftira, ittiham xarakterli suallarını da alt-üst etdi. Sözümüzə istinad üçün ARD televiziya kanalına müsahibəsində bir məqamı yada salmaq istəyirəm: “Sual: Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, rəmzi məna daşıyır? Bu sualın cavabı ermənipərəst müxbirin sifətinə vurulan sillə kimi dünya cəmiyyətində əks-səda verdi: “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir... Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir...”. Qeyd edək ki, İlham Əliyev bəzi qərəzli, xain niyyətli satınalınmışların suallarını dünyəvi bilik dairəsinə, siyasi uzaqgörənliyə, mahir diplomatik səriştəyə malik dövlət başçısı, Ali Baş Komandan kimi cavablandırdı...
Şanlı,
sevincli bir tarixi məqam... Prezident, Ali Baş Komandan İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı
Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçiləri
Qələbəmiz münasibətilə təbrik etməyə
gəlib. Kövrək, duyğusal, həm də
qürurverici bir məqamdır. Prezident
yaralı əsgərlərimizə öz təşəkkürünü
bildirir, söhbətində zəfər gününə gəldiyimiz
yola nəzər salır. Qələbəmizin
milli, bəşəri əhəmiyyətini yeni tariximizin
Baş yazarı kimi diqqətə çatdırır. Söhbəti boyu bu qələbənin
qazanılmasında onların hər birinin rolunu qiymətləndirir,
vətənə layiq, cəsarətli qəhrəman
oğullar kimi təqdir edirdi.
Döyüşçülərimizə
qayğıkeşlik, məhrəmliklə yanaşaraq,
onların gələcək həyatlarını daim diqqətdə
saxlayacağını, hər birinə dəstək göstərəcəyini
bildirir: “Gəlmişəm deyim ki, mən hər zaman sizinlə
bir yerdə olacağam. Mənə arxalana bilərsiniz.
Bizim qəhrəman döyüşçülərimiz gələcək
həyatda da daim mənim nəzarətim altında olacaqlar...”. Bu gün dünya birliyi də gördü
ki, Azərbaycanın bir çox sahələrdə olduğu
kimi, hərbi sahədə də dünya dövlətləri
tərəfindən öyrəniləcək təcrübəsi
var. Hərbi hazırlıqlardan, güclü, qüdrətli
ordu yaratmaq, əsgərlərimizin döyüş
taktikasından, vətən təəssübündən
tutmuş, onlara göstərilən hər cür qayğıyadək...
Ölkəmizin başçısı, Ali
Baş Komandan Vətənin başını uca edən
döyüşçülərimizlə qayğıkeş,
humanist bir ailə başçısı, həmsöhbət
kimi dərdləşir. Bütün bunlar milli
birliyimizin, insani keyfiyyətimizin ali
göstəricisidir. Yaralı əsgərlərimizin
hüzurunda Prezidentin böyük inamla, qətiyyətlə
dediyi bütün fikirlər onların yaralarına ən
gözəl, düşərli məlhəm idi. Ali Baş Komandanın fikirləri
yaralılarımızın sanki yanar ürəyinə sərin
su kimi səpilirdi. Prezidentimiz deyirdi ki,
dağıdılmış bütün evlər dövlət
hesabına yenidən tikiləcək, zərər
görmüş bütün evlər dövlət tərəfindən
bərpa ediləcək... Bizim üçün
xalqımızın rifahı, təhlükəsizliyi birinci məsələdir.
Ancaq bu dövr ərzində mənim üçün ondan da
vacib məsələ torpaqlarımızın
qaytarılması idi, ərazi bütövlüyümüzün
bərpası idi, bayrağımızın Şuşada
ucaldılması idi, işğal altında olan bütün
başqa torpaqlarda bayrağımızın
qaldırılması idi... Bütün bunlar Azərbaycan
xalqının ümdə arzusu idi... Bəli,
Silahlı Qüvvələrimizin Ali Baş Komandanı
İlham Əliyev xalqımızı da, Vətən
sevdalılarını da yaxın gələcəyin
reallıqları ilə belə ruhlandırdı.
Şuşaya
hər kəsi duyğulandıran xitab
Həmişə diqqət etmişəm ki, Prezidentimiz
özünün bədahətən, dövlətçilik təcrübəsindən
irəli gələn səriştə ilə etdiyi
bütün çıxışlarında insana bir addımda
gerçəkləşən ümid bəxş edir. Arzularını
coşdurur, həyata, yaşamağa, sevgisini
alovlandırır. Nə deyir, mükəmməl
deyir, nə vəd edir, yerinə yetirir. Və
xalqına bu xidmətindən qəlbi rahatlıq tapır.
Bu mənada dövlət
başçımızın həm də Ali Baş Komandan
kimi noyabrın 8-də Şuşanın işğaldan azad
olunması münasibətilə Şəhidlər
xiyabanından xalqa etdiyi müraciəti bütünlükdə
Qarabağımızın tacı, mədəniyyət mərkəzi,
musiqimizin beşiyi, xarı bülbülün vətəni
Şuşanın hüsnünə, şərəfinə
köklənmişdi. Bu müraciəti eşidəndə
də, onun mətnini oxuyanda da qəribə hisslər
yaşadım. 28 il 6 ay ürəklərində
Şuşanın nisgili ilə yaşayan xalqımızın
halını duydum, göz yaşlarını gördüm. Prezident bu qədim Aristokratlar şəhərini
işğaldan azad etməklə hər birimizi bəxtiyarlığa
qovuşdurdu. Müraciətinin sonunda Şuşaya
canlı bir Varlıq kimi səsləndi:
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa
bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Ali Baş Komandanın Qələbə müjdəsilə
xalqa müraciətində də böyük həyəcan,
coşqu və sonsuz fərəhlə dediyi sözlərdən
duyğulanmamaq olmur. Həmin gecə cənab Prezident təkcə
Azərbaycan xalqına deyil, dünya azərbaycanlılarına
yetərincə qürurverici, yeni bir həyat bəxş etdi.
O gecə bütün Azərbaycan ailəsi nurlu
sabahlarını sadəcə xəyallarında
canlandırmaqdan belə, fəxarət hissi yaşadı...
***
Prezident İlham Əliyev gördüyü bütün
tədbirləri, həyata keçirdiyi vəzifələri,
göstəriş və əmrləri ilə xalqın
yanındadır. Ali Baş Komandan İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş
rayonlarımıza səfər etdilər. Onlar
Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən,
Füzuli və Cəbrayıl şəhərlərində
oldular. O gün bu səfəri televiziya ilə təkcə
Azərbaycan xalqı deyil, bütün dünya ölkələri
izlədi. Qalib ölkənin Qalib Prezidenti
dünyanın maraq dairəsində idi. Həmin
gün hamımız - böyüklü-uşaqlı liderimizlə
bir yerdəydik. Dağıdılmış,
viran edilmiş torpaqların hələ çəkilməmiş
barıt qoxusunu hiss edirdik. Prezidentimizin qeyd
etdiyi kimi, o gün Ermənistanın kapitulyasından 6 gün
keçəndən sonra Alxanlı qəsəbəsində
Füzuli-Şuşa yolunun təməli qoyulurdu. Ali Baş Komandanın təzadlı bir ovqatda
olması - sevinc, kədər qarışıq anlar
yaşamasının səbəbi aydın idi.
İşğalda olan ərazilərimiz düşməndən
təmizlənmişdi, eyni zamanda faşist xislətli
düşmən, bu ərazilərdə bir dənə də
olsun salamat bina qoymamışdı...
Prezident, Ali Baş Komandan bu səfərində
gördükləri haqqında məlumat verir, ermənilərin
vəhşiliyinin, vandallığının nəticəsi
olan dağıdıcılıq əməllərini əyani
şəkildə dilə gətirirdi. İllərdir, guya Dağlıq
Qarabağ (indi Qarabağ adlanır) münaqişəsinin həlli
yollarını tapmağa çalışan həmsədr
ölkələrin “bu münaqişənin hərbi yolu
yoxdur”, - deyərək, Ermənistana açıq-aşkar
siyasi-hərbi dəstək verməklə həmin ərazilərimizi
əbədi işğalda saxlamağa
çalışırdı. Bununla da
torpaqların halal sahibi olan Azərbaycana ədalətsiz
münasibət göstərilirdi. 44
günlük müharibədə Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanının rəhbərliyi
altında Ordumuzun igid əsgərləri kəndlərimizi,
şəhərlərimizi düşmən tapdağından təmizlədilər.
Azərbaycan Prezidenti müharibənin ilk
günündən bütün dünyaya sübut etdi ki, bu məsələnin
hərbi yolu var. Göstərdi ki, biz bu Qələbəyə
həm hərbi, həm də siyasi yolla nail olduq. Dünya onu da gördü ki, Azərbaycanın
xilaskar ordusu Ermənistanın işğalçı ordusunu
tamamilə məhv etdi. Düşmən də
özünün dağıdıcılıq əməlləri
ilə beynəlxalq aləmdə ifşa olundu. Onlar məcburiyyət qarşısında tərk
etdikləri ərazilərimizdə evlərimizi, inzibati,
yaşayış binalarını, məktəbləri,
bağçaları dağıdıb məhv etdilər.
Cənnət məkanlarımızı xarabazara
döndərdilər. Prezidentimiz bu
dağıntıların fonunda xalqımıza müraciətlə
dedi ki, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin
ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrin
mübarizəsidir. Şər qüvvələr
məğlub olub, amma biz qalib gəlmişik. Yeri
düşmüşkən, MDB dövlət
başçıları Şurasının videokonfransda (18
dekabr) keçirilən iclasında iştirak edən İlham
Əliyev öz çıxışında Ermənistan
ordusunun təxribatları haqqında məlumatlarında
müharibəni haqlı olaraq belə qiymətləndirmişdi:
Azərbaycan üçün bu, Vətən müharibəsi,
azadlıq müharibəsi, Ermənistan üçün isə
işğalçılıq, istilaçılıq
müharibəsi idi...
Tarixdə həmişə xeyir şərə qalib gəlib. Bu da
insanları şər işlərdən uzaq olmağa sövq
edib. Ağıllı düşmən
bundan ibrət alıb, ağılsız isə ermənilər
kimi rəzil vəziyyətə düşüb. Dünya işğalçının
dağıdıcılıq əməllərinə də
susdu. Ermənistan rəhbərliyinin
yaxasından yapışan olmadı ki, azərbaycanlıların
öz əllərinin zəhmətilə tikdiyi, yüzillərlə
yaşadığı evləri niyə darmadağın etmisən?
Yeri gəlmişkən, biz həmin günlər
bu dağıntıları öz gözləri ilə görən,
ağrısını ürəyində çəkən Vətən
Oğlu, Qüdrətli Sərkərdəmizin kədərini də
açıq-aydın hiss etdik. Bu
dağıntıların qarşısında O, qətiyyətlə
bəyan etdi ki, burada bütün inzibati binalar, ictimai binalar, məktəblər,
tibb ocaqları yaradılacaq. Bütün
infrastruktur yaradılacaq. Küçələr
salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün
şəhərlərdə qələbə abidələri
ucaldılacaq və həyat qayıdacaq... Budur tarixin
yaratdığı yeni dövrün reallıqları...
Cənab İlham Əliyev Füzulidə, Cəbrayılda
böyük fəxarət hissilə üçrəngli
bayrağımızı qaldıranda bu mənzərəni həyəcanla,
bəxtiyarlıqla seyr edən xalqımız da eyni
duyğuları yaşadı. Qədim memarlıq
abidəmiz olan Xudafərin körpüsünə
yaxınlaşan, dağlarımızı qürurla seyr edən
Prezidentin köksünə sığmayan sevinci sanki Zəfər
işığı kimi gözlərində, çöhrəsində
bərq vururdu. Erməni vandallarının
Füzulidə, Cəbrayılda, Ağdamda dini-mədəni
abidələrimizi darmadağın etdiyini görən o yerlərin
halal sakinləri kədərlənsə də quruca
torpaqlarına qayıdacaqları sevincinə kölgə sala
bilmədi. Dövlətimizin
başçısı, Ali Baş Komandan
dağıdılmış bütün ərazilərdə
quruculuq işlərinin aparılacağını, sakinlərdən
ötrü əvvəlkindən də geniş,
yaraşıqlı evlər tikiləcəyini bəyan etdi.
Bu dağıntıları öz gözləri ilə görən
beynəlxalq cəmiyyət də anladı ki, erməni
faşistləri təkcə Azərbaycan üçün
deyil, digər ölkələr üçün də təhlükəlidirlər...
Dövlətimizin başçısı bir-birinin
ardınca xalqına xoş xəbərlər
çatdırır. Belə xəbərlərdən biri də
Ağdamın işğaldan azad olunması xəbəri idi.
Bu müraciətində Prezident Ağdamla
bağlı bütün məlumatları, işğaldan əvvəl
və sonra əhalisinin sayından başlamış, onun
relyefi, coğrafi mövqeyi, malik olduğu bütün imkanları
xatırladır. Bu müraciətdə
söylənilən fikir-məlumatlar xalqa
çatdırılan geniş əhatəli bilgini ehtiva edir.
Prezident 17 ildə bölgələrimizin
inkişafına böyük həssaslıq, qayğı ilə
yanaşıb. Bu qayğının
sırasında Ağdamın nəzarətimizdə olan ərazilərində
də böyük quruculuq işləri
aparılmışdır. Erməni cinayətkarları
Füzulidə, Cəbrayılda olduğu kimi, Ağdamda da
böyük dağıntılar törədiblər. İlham Əliyev Ermənistan ordusunun əslində
quldur dəstəsindən, oğrulardan, fərarilərdən
ibarət olduğunu da 44 günlük müharibədə
müşahidələrin, baş verən hadisələrin
timsalında sübuta yetirdi. Ali Baş
Komandan bütün bu dağıntıların timsalında
Ermənistan rəhbərliyinin çirkin siyasətini,
insanlığa yaraşmayan əməllərini ifşa etdi.
Onların indiyə qədər müstəqil
ölkə olmadıqlarının, rəzil vəziyyətə
düşdüklərinin yeganə səbəbinin
işğalçılıqda olduğunu nəzərə
çatdırdı. Bundan sonra onların
“məğlub edilmiş ölkə” damğası ilə
yaşayacaqlarını bildirdi. Azərbaycanda
isə yeni dövr başlamışdı.
Cənab Prezident bu müraciətlərində,
çıxışlarında torpaqlarımızın əbədi
işğalda olmasına dəstək verən,
haqqımızı görməzlikdən gələn təşkilat
və qurumları cəsarətlə, tənbeh edirdi. Qalib ölkənin
Qalib Prezidenti kimi onlara - Avropa Şurasına, Avropa Parlamentinə,
monitorinq komitəsinə səslənir, “hardasan, bu məsələlərə
münasibət bildir” - deyə, onları ittiham edirdi. Bəli, bu təşkilatlar kar-kor oldular,
işğalçı dövlətin Azərbaycana
qarşı təxribatlarını, müharibə cinayətlərini
görmədilər. Gün gələcək, ədaləti
ayaq altına alan qüvvələri
Haqqın qolu zaman-zaman məhv edəcək...
Dövlətimizin başçısı cənab
İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın
işğaldan azad edilmiş Ağdam şəhərinə səfərini
də xalqımız həssaslıqla izlədi. Yolboyu
dağıntıların içindən keçərkən
Prezident erməni vəhşilərinin törətdiyi cinayətlər
barədə ürəkağrısı ilə məlumat
verirdi. Bunlar müharibə cinayətləri
idi. Daşı daş üstə qalmayan,
doğmalarından ötrü canı sızıldayan,
üşüyən torpaq, küskün, kədərli
ağaclar da onlara azadlıq bəxş edən qüdrətli,
xilaskar Sərkərdənin ayaq səslərini sanki eşidir
və duyurdular. Prezidentimiz və birinci
xanım Ağdam məscidinə gəldilər. Onlar bu müqəddəs məkana ayaqlarını
soyunub, qapısını öpərək keçdilər.
Bu görüntülər hamımızın
izlədiyi həssas məqamlar idi. Ölkə
başçımız Məkkədən gətirdiyi “Qurani-Kərim”i
Ağdam məscidinə bağışladı. Sonra məscidin qarşısında
çıxış etdi. Dedi ki, vaxtilə müqəddəs
Kəbənin içində etdiyim duaların arasında
birinci duam torpaqlarımızın işğaldan azad edilməsi
idi. Allahdan arzu edirdim, mənə güc versin ki, biz
torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi
bizə nəsib etsin, biz yenə də dədə-baba
torpaqlarımıza qayıdaq... Qüdrətli Allahın
köməyi ilə qəlbi saf, əməlisaleh, xeyirxah
İnsanın duaları müstəcəb oldu...
İndiyə qədər işğalçıya hər
cür dəstək göstərilməsi, haqq işimizin
nağıllarda olduğu kimi dərin quyularda boğulması,
bizimsə itirilmiş torpaqların xiffətilə
yaşamağımız çəkdiyimiz acıların səbəbi
idi. Azərbaycan
Prezidentinin illərlə bu siyasi təzyiqlərə,
basqılara sinə gərməsi, laqeydliyin, maneələrin
qabağında susmaması, bütün təşkilatları
ədalətin yanında olmağa səsləməsi,
vaxtı boşuna keçirmədən güclü ordu
yaratması, dövlətimizin iqtisadi, siyasi, mədəni
yüksəlişi ilə öncül sırada olması beynəlxalq
aləmdə ölkəmiz haqqında geniş təsəvvür
yaratdı. 17 il ərzində
münaqişənin həlli üçün bir sıra təşkilatların
qətnamələrini qəbul etdirərək möhkəm
özüllü hüquqi baza yaratmağa nail oldu. Daha böyük anlamda isə, heç kimdən,
hansısa bir ölkədən, beynəlxalq maliyyə
qurumundan asılı olmadan, müstəqil dövlət olaraq
torpaqlarımızı işğaldan azad etdi. Vətən müharibəsini bir addım da geri
çəkilmədən Zəfərlə başa
çatdırdı. Bu möhtəşəm qələbə
bizə yuxarıdan aşağı baxan güclü dövlətləri
belə, silkələdi...
10 dekabr Zəfər paradı. Böyük tarixi Qələbənin
rəsmi təntənəsi
10 dekabr
2020-ci il. Həmin gün həm
də Vətənə zəfər bəxş edən şəhidlərimizin
ruhlarının şad olduğu gün idi. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə
rəsmi səfərdə olan Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Fəxri
xiyabana gələrək xalqımızın ümummilli
lideri, müasir müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu Heydər Əliyevin xatirəsini
ehtiramla yad etdilər. O gün hər iki ölkənin
prezidentləri Şəhidlər xiyabanını ziyarət
etdilər. Azərbaycanın müstəqilliyi və
ərazi bütövlüyü uğrunda mübarizədə
canlarından keçmiş qəhrəman Vətən
övladlarının xatirəsinə ucaldılmış
“Əbədi məşəl” abidəsinin önünə əklillər
qoydular. Azərbaycan və Türkiyə
prezidentləri bu müqəddəslərin sırasında
şəhid türk əsgərlərinin xatirəsinə
ucaldılmış abidəni də ziyarət edərək
önünə əklillər qoydular. Dövlət
başçıları Xatirə kitabına ürək
sözlərini yazdılar...
Bəlkə də Vətən, torpaq nisgili,
ağrıları ilə yaşadığı 200 ildə Azərbaycan
xalqı belə bir möhtəşəm bayram ovqatı
yaşamamışdı. Yüzilliklər boyu
qaçqın, köçkün, didərgin həyatı
yaşayan, bu dərdlə dünyadan köçən
soydaşlarımızın, torpaqlarımızın
bütövlüyü naminə canlarından keçən,
şəhidlik məqamına yüksələn igid
oğullarımızın ruhları rahatlıq tapdı.
Bu şanlı Qələbəmiz Azərbaycanın
hərb tarixində şərəfli yer tutdu. Bizim də nəsil Zəfər paradının təntənəsini
qürur, fəxarət hissi, vəsfəgəlməz
duyğularla yaşadı. Həmin gün Şəhidlərimizin
ruhu Azadlıq meydanının başı üstündə
cövlan edirdi...
Bu Zəfər paradında Türkiyə və Azərbaycan
prezidentləri bir yerdə idilər. Qələbəmizin
möhtəşəmliyini, gözəlliyini, ətrini,
dadını bir yerdə görür, duyur və
yaşayırdılar. Zəfərin
ölkəmizə gətirdiyi bəxtiyarlığı
varlığında yaşayan İlham Əliyev məslək,
əqidə dostu, qardaşı Rəcəb Tayyib
Ərdoğanı Zəfər günümüzdə görməyi
də xüsusi bir sevinclə qarşıladı. Həmin gün Prezidentimizin
çıxışı da bu qələbəliyi izləyən
milyonlarla insanın ürəyində xoş duyğular
oyatdı. 17 il sərasər Ermənistanın
işğalçılıq əməllərinə
qarşı apardığı siyasi mübarizənin,
danışıqların səmərə vermədiyindən,
məlum 4 qətnaməni qəbul edən beynəlxalq təşkilatların
görməli olduğu işi döyüş meydanında
icra etmək, güclü siyasi iradəyə, uzaqgörən
siyasətə malik Azərbaycanın böyük oğlu
İlham Əliyevin qətiyyətli addımları sayəsində
qazanıldı.
Prezident İlham Əliyevin Zəfər paradında
yanında olan əziz qardaşı Rəcəb Tayyib
Ərdoğan haqqında məhəbbətlə dediyi fikirlər
gerçəkliyin aydın ifadəsiydi. Prezidentimiz bütün
dünya qarşısında bəyan etdi ki, Türkiyənin
Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk
saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini
verdi. Prezidentimiz həmin dəstəyin
ifadəsi olan fikirləri bir daha dilə gətirdi: “Mənim
qardaşım demişdir ki, bu müharibədə Azərbaycan
haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və
Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür.
Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən,
bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda
bütün dünyaya göstəririk...”.
Məhz həmin gün Qələbəmizin möhtəşəmliyini,
bəşəri dəyərini, hərbi, siyasi
gücümüzü dərk etmək, göstərməkdən
ötrü Prezident yaxın keçmişimizə siyasi ekskurs
etdi. Torpaqlarımızın işğala məruz
qoyulması səbəbləri, son illərdə dövlətimizin
apardığı siyasi, diplomatik səylər, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın
son illərdəki təxribatları,
özbaşınalıqları, başıpozuq rəhbərlərinin
sərsəm bəyanatları və dünyanın bu ədalətsizliyə
susmasını xatırlatdı. 44
günlük Vətən müharibəsində cəngavər
döyüşçülərimizin kəndlərimizi, şəhərlərimizi,
strateji yüksəklikləri, işğaldan azad etdiklərini
fəxarət hissi ilə vurğuladı. Prezident
onu da qürur hissilə qeyd etdi ki, Şuşanın azad edilməsi
tarixi hadisədir. Bizim Ordumuz, qəhrəman
övladlarımız dağlardan, dərələrdən,
meşələrdən, cığırlardan keçərək,
sıldırım qayaları qət edərək, qayalara
dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa
döyüşdə düşməni məhv etdi, Azərbaycan
bayrağını Şuşaya qaldırdı... Bütün bunlar neçə-neçə qəhrəmanlıq
dastanının motivləridir. Vətənimizə,
doğma yurdumuza, torpağımıza canımız,
qanımızla bağlı olmağımızın barizliyidir.
Bu yerdə ulu öndərin bir hikmətli fikrini
xatırladım. Bütün ömrünü, həyatını
ölkəsinin və xalqının inkişafına həsr
edən ulu öndər Heydər Əliyev demişdi: “Gün gələcək
Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Ulu öndərin inamını, istəyini Prezident
İlham Əliyev reallığa çevirdi. O gün gəldi,
Azərbaycan dünyaya Günəş kimi doğdu,
dünyanı al şəfəqlərə boyadı...
Müharibə günlərində Ali Baş Komandan
özünün hərbi əmrləri, göstərişləri,
taktikası, mənəvi yaxınlığı ilə elə
döyüş meydanında, əsgərlərimizlə
çiyin-çiynə, nəfəs-nəfəsə idi. Bu ağır
və şərəfli günlərdə xalq-ordu-iqtidar
birliyi Qələbəmizi labüd edən başlıca şərtlərdən
idi. Zəfər paradında
xalqımıza çox xoş oldu ki, Ali Baş Komandan
İlham Əliyev Azərbaycan xalqını bu parlaq Qələbəmizin
qazanılmasında səbəbkarlardan hesab etdi. “Azərbaycan xalqı öz
böyüklüyünü göstərdi, yüksək mənəvi
ruhunu göstərdi. Bu qələbənin
səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək
tarixi missiyamızı yerinə yetirdik. Bundan sonra Azərbaycan
yalnız inkişaf edəcək”, - dedi. Bəli,
bu, Azərbaycan xalqının həyatında yeni
dövrün başlanğıcı olan Birlik və
İnkişaf dövrü idi. Bu
dövrün başlanğıcında böyük tarixi Qələbəmizin
rəsmi təntənəsi olan Zəfər paradının
şahidi olmaq da hər birimizin xoşbəxtliyidir.
Zəfər paradında Türkiyə Cümhuriyyətinin
Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin
Türkiyədən gəlmiş böyük nümayəndə
heyəti, türk əsgər və zabitlərinin
iştirakı da xalqımıza böyük qürur hissi
yaşatdı.
Qardaşın sevincini hərarətlə, ürək atəşilə
qarşılayan millətimizin böyük, qüdrətli
oğlu Rəcəb Tayyib Ərdoğan özünün parlaq
nitqi ilə Azadlıq meydanında mənəvi ocaq
çatdı, bütün türk millətinin alovu göylərə
bülənd olan gur ocağın başına topladı. O,
türk dünyasının iki ulu, böyük şəxsiyyəti
- Mustafa Kamal Atatürklə Heydər Əliyevin hikmətli
fikirlərinin işığında bu qardaşlığa,
dostluğa bənzərsiz bir naxış saldı. Poetik ruhlu Ərdoğanın nitqindəki obrazlı
bənzətmələri bayram ovqatımıza xoş bir rayihə
təki saçıldı. Budur həmin obrazlı bənzətmələr:
“Girov qalmış Xarıbülbül artıq azaddır və
daha gözəl açacaqdır. Köndələnçay
artıq daha coşqun axacaq. Qarabağ şikəstəsini
oxuyan nəfəslər daha yüksək, daha güclü
olacaqdır...”.
Zəfər paradından söz
açdığımız məqamda Prezident İlham
Əliyevin parlaq qələbəmizin möhtəşəm
ifadəsi olan müraciətinə də münasibət
bildirməyi vacib sanıram. Bu müraciətdə biz Prezident
İlham Əliyevi dövlətimizin başçısı,
Ali Baş Komandan, qüdrətli Sərkərdə, Vətən
və xalq təəssübkeşi, qanı-canı ilə
yurduna, torpağına bağlı olan xalis Azərbaycan oğlunu,
əzmkar Dühanı sanki projektorun gur işığında
yenidən kəşf etdik. Bu çıxışında Ali
Baş Komandan xalqına 30 ilə yaxın bir dövrdə
yaşadığımız ağrıları,
qaçqın və məcburi köçkünlərin həsrətini,
nisgilini önə çəkərək onların
yurdlarına dönməsindən ötrü nə qədər
görüşlər, danışıqlar
apardığını, bunların heç bir nəticə
vermədiyindən bu müharibənin
labüdlüyünü diqqətə aldığını
açıqladı. Müharibədə əsgər və
zabitlərimizin böyük qəhrəmanlıqla
döyüşdüyünü, az bir
müddətdə məhz onların igidliyi sayəsində
parlaq qələbəmizin qazanıldığını bəyan
etdi. Bu Qələbə müjdəsinin
işığında yaşanılan bütün hadisələrə
çox istiqamətdən, həm də reallıq
prizmasından mövqeyini açıqladı. Bu haqq savaşında nələr etdiyimizi, hansı
haqsızlıqlarla üzləşdiyimizi, itkilərin,
dağıntıların qarşısında
xalqımızın dözümünü, dəyanətini,
böyük iradə nümayiş etdirdiyini dilə gətirdi.
Qarabağ
dərslərinin misilsiz bəşəri mənası
Azərbaycan Prezidentinin xalqa müraciətləri, eyni
zamanda müsahibələri yeni dövrün tarixindən
keçilən dərslər kimi çox dəyərli və
qiymətlidir.
Tam əminliklə deyə bilərik ki,
gerçək hadisələrin əyani vəsaitləri ilə
müşayiət olunan bu dərslər tarixçilərimiz,
tədqiqatçılarımız üçün hazır
proqramlardır. Göz önündə
olan hadisə və faktlara əsasən keçilən,
heç bir şişirtməyə, artırıb-əskiltməyə
ehtiyacı olmayan bu dərslər gələcək nəsillərdən
ötrü mükəmməl tarixi ədəbiyyatdır.
Bu dərsləri düşünmədən və
tərəddüd etmədən “Qarabağ dərsləri”
adlandırmaq doğru olar. İndi
qürurla deyə bilərik ki, Dünya Birliyində, beynəlxalq
aləmdə iqtisadi, mədəni inkişafımız,
tolerant bir ölkə olmağımız, gücümüz,
birliyimiz bugünkü qələbəmizi şərtləndirən
amillərdən oldu. Bütün
bunları illərdir hazırlayan, qüdrətimizi, sürətli
inkişafımızı dünya müstəvisinə gətirən
də məhz güclü iradəyə, siyasi
hazırlığa, diplomatik məharətə malik olan Azərbaycanın
Prezidenti İlham Əliyevdir.
Bu Qələbənin siyasi, mənəvi, bəşəri
mənası o qədər böyük və misilsizdir ki, bunu
geniş mənada sözə gətirmək ayrıca bir
yazının mövzusudur. Biz bu sahədə nə
etməyə borcluyduqsa, nəyə qadir idiksə, onu da etdik.
Əsas odur ki, Azərbaycanın qüdrətini,
haqqını görməzlikdən gələn ermənipərəstlər
bu möhtəşəmliyin qarşısında geri çəkilməyə
məcbur oldular. Dünya bir daha Azərbaycanın
bir dövlət olaraq gücünün fərqində oldu.
Xalqımızın vətənpərvərliyini,
milli birliyini gördü. Ordumuzun rəşadətinə,
əsgərlərimizin igidliyinə şahidlik etdi. Bu Qələbə nəinki Azərbaycanın siyasi
dairələrində, eləcə də dünya cəmiyyətinin
siyasi baxışlarında hər zaman müzakirə müstəvisinə
gətiriləcək. Azərbaycanın bir
çox sahələrdə olduğu kimi, Vətən
müharibəsində qazandığı hərbi və siyasi
təcrübəsi də uzun illər, tarix boyunca öyrəniləcək,
tədqiq olunacaq, nəticə etibarı ilə dünyada
sülhün, əmin-amanlığın qorunmasında
yolgöstərən rolunu ifa edəcəkdir.
Vətən savaşındakı Qələbəmiz bəşər aləmində torpağı işğalda olan xalqlara müharibənin hərbi, siyasi yolunu göstərdi, mübarizələrinə inam yaratdı. Dövlətlə xalq birliyinin ilkin ənənələrə söykənən ən yeni nümunəsini göstərdi, qələbəni doğuran digər amilləri ortaya qoydu.
Prezidentin çıxışlarını dinlədiyimiz anlarda bir daha əmin oluruq ki, İlham Əliyevin həyatı boyu sözündə və əməlində səbatlı, qətiyyətli bir İnsan, dövlət başçısı olaraq, xalqını xoşbəxt görməkdən savayı böyük arzusu olmayıb. Onu da açıq müşahidə etmişəm ki, Azərbaycan xalqının qəlbində Prezidentinə sonsuz ehtiramı, sevgisi var. Taleyüklü məsələlərdə hər bir vətəndaş, xüsusən də dövlət başçısı öz əqidəsi, xalqına xidmətilə bütün prizmalardan aydın görünür və tanınır. Bu Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan, qüdrətli Sərkərdə, Azərbaycan ailəsinin başçısı İlham Əliyev olduğu kimi: Xalqına sədaqəti, doğmalığı, ordusuna, əsgərinə diqqəti, şəhidinin xatirəsinə ehtiramı, qazisinə qayğısı, dəstəyi ilə gerçəkliyin aynasında Qəhrəman Vətən Oğlu kimi göründü...
Bu gün Azərbaycanın cahanşümul Oğlu İlham Əliyevin doğum günüdür. Günəş də səhərin şehli məqamında Azərbaycan sevdalısını ilk olaraq salama gəlib... Doğum gününüz mübarək olsun, əziz Prezidentimiz! Sağlıqlı ömür yaşayın! Yolunuzun üstündə daim Günəş doğsun!
Şəfəq NASİR,
yazıçı-publisist
Respublika.- 2020.- 24 dekabr.- S.4.