Azərbaycanda səhralaşma prosesinin müasir vəziyyəti
2020 -ci il 23 iyulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkəmizdə su təsərrüfatının vəziyyətinə həsr olunmuş videomüşavirə keçirildi. Həmin müşavirədə möhtərəm cənab Prezident tərəfindən indiyə qədər müəyyən edilən prioritet infrastruktur layihələr və onların həyata keçirilməsinə dair məlumatlar, bu sahədə mövcud problemlər geniş və açıq şəkildə ictimaiyyətin diqqətinə çatdırıldı. Prezident həmin tədbirdə səhralaşmanın böyük bir problem kimi mövcudluğunu xüsusi vurğuladı və belə bir ekoloji bəlanın həll edilməsi ilə əlaqədar elmi ictimaiyyətə təxirəsalınmaz tədbirlərin görülməsini ciddi şəkildə tapşırdı.
Ümumiyyətlə, son 50 ildə səhralaşma elmi ictimaiyyəti və bəşəriyyəti getdikcə çox narahat edən əsas sosial-iqtisadi və ekoloji problemlərdən biri olaraq qalır. Bu baxımdan Yer kürəsində arid landşaftların 69 faizi, o cümlədən 30 faizi suvarılan, 50 faizi dəmyə və 75 faizi otlaq əraziləri müxtəlif dərəcədə səhralaşmaya məruz qalmışdır.
Səhralar əsasən Afrikada, Asiyada və Amerikada, eləcə də Orta Asiyada və Cənubi Qazaxıstanda yerləşir. Onlar geniş əraziləri əhatə edərək qərbdə Xəzər sahillərindən, şərqdə və cənub-şərqdə Sungar Alatausu, Tyan-Şan və Pamir-Altay dağ silsilələrinin ətəklərindək uzanır və əsasən mülayim, subtropik və tropik qurşaqları əhatə edir. Onun ümumi sahəsi təxminən 20 milyon kvadratkilometr olub, Afrikanın 40 faizini, Avstraliyanın 43 faizni, Avrasiyanın isə 24 faizini səhralar təşkil edir. Torpaq və qruntun xarakteristikasından asılı olaraq səhralar qumlu, çaqıl daşlı və qumlu-çaqıl, çingilli gilləşmiş, daşlı, gillicəli, gilli və s. növlərə ayrılır. Səhraların şimal sərhədləri təxminən 48 dərəcə şimal enliyində, cənubda isə açıq şabalıdı torpaqların sərhədlərinə uyğun gəlir.
Səhralaşma termini ilk dəfə elmi ədəbiyyatda 1949-cu ildə Qərbi Afrikanın rütubətli tropiklərində A.Obrevill tərəfindən aparılan tədqiqatlarda eroziyaya məruz qalmış, səhraya çevrilməsi kimi ifadə olunmuşdur. O etimoloji mənada ərazinin səhraya çevrilməsi, məhsuldarlığın azalması, təbii obyektlərin dağılması və məhv edilməsi prosesini ifadə edir.
Arid vilayətlərdə ekoloji tarazlığın pozulması son dövrlər landşaft komplekslərinin bioloji məhsuldarlığına ciddi təsir göstərməklə təsərrüfat fəaliyyətini zəiflədir və nəticədə səhralaşma prosesinin formalaşması üçün şərait yaranır. Eyni zamanda arid ərazilərin təbii kompleksləri qeyri-sabit strukturaya malik olduğundan, burada təbii komponentlərin birinin dəyişməsi digərinə də əsaslı təsir edir. Müasir şəraitdə bir çox tədqiqatlar səhralaşmaya dəyişmə prosesi kimi və yaxud onun nəticəsi kimi baxırlar.
Dəyişmə prosesi kimi o, arid və yarım arid ekosistemlərin bioloji məhsuldarlığının tədricən azalması, dəyişmənin nəticəsi kimi isə müxtəlif amillər nəticəsində səhra şəraitinin əmələ gəlməsi kimi anlaşılır. Ümumiyyətlə səhralaşma atmosfer yağıntılarının çatışmaması nəticəsində bitki örtüyündən tamamilə, yaxud qismən məhrum olan ərazilər sayılır.
Səhralaşma - səhra ekoloji şəraiti vəziyyətinin təbii və antropogen təsirindən yarımquraqlıq və yarımrütubətli ərazilərin məhsuldarlığının səhralar üçün səciyyəvi səviyyəyə qədər düşmə prosesidir. Başqa sözlə desək, səhralaşma - ərazinin bioloji məhsuldarlığının uzun müddət aşağı enməsidir.
Arid iqlimə malik ərazilərdə səhralaşma deqradasiyanın bütün formalarını əhatə edir və torpağın bioloji potensialının azalması və yaxud məhvi, həmçinin həyat şəraitinin aşağı düşməsi ilə nəticələnir.
Səhraların yaranma
konsepsiyasından məlumdur ki, 3-cü
dövrdə Qafqazda bozqırlar
olmamışdır. Bu həmçinin Turan
əyalətini (müasir
Azərbaycan da bura daxildir) tutur. Ona görə də
burada bozqırlar tarixi baxımdan cavan olub, nisbətən
müasir floraya məxsusdur. Bu baxımdan, dəniz altından çıxmış
ərazilərdəki səhralar
müasir hesab edilməlidir.
Müasir səhralaşmanın əmələgəlmə
sahələri haqda fikirlər müxtəlifdir. Belə ki,
45 əsas səbəbdən
87 faizinin insanın düzgün olmayan fəaliyyəti, 13 faizinin
isə təbii amillər olduğunu göstərirlər. Bu baxımdan
bir çox tədqiqatlar təbiətdə
kserofilləşmə, aridləşmə
və eləcə də səhralaşmanın
təbii amillərini aşağıdakı onluğa
ayırır:
1. Bütün ərazilərdə
buzlaq sahələrin azalması
2. Səthi yatağın üstünlük təşkil
etməsi və deflyasiya prosesinin fəallaşması
3. Çay sularının və digər axarların təbii rejiminin pozulması
4. Qapalı su hövzələri (göllər)
sahələrinin azalması
və şorlaşması
5. Bitki örtüyünün
seyrəkləşməsi və
bəzi landşaftlarda
onun məhv olması
6. Flora və faunada yeni növ əmələgəlmənin
və nəsil vermənin zəifləməsi
7. Torpaqların sürətlə
şorlaşması, hidromorf
torpaqlarda karbonatların
və gipsin miqdarının artması
8. Qrunt sularının səviyyəsinin sürətli
aşağı düşməsi
9. Çayların və yarğanların drenləşmə
rolunun artması
10. Daimi zonaların sərhədlərinin dəyişməsi
və bununla əlaqədar çayların
suyunun azalması və s.
Səhralaşma əsasən, təbii yolla getsə də antropogen amillər də həmin prosesi sürətləndirir. Bu işdə həlledici amillərdən biri də insanın təsərrüfat fəaliyyətinin
mənfi nəticələridir.
Hazırda müəyyən edilmişdir
ki, insan və onun təsərrüfat
fəaliyyəti birinci
növbədə torpağa,
bitkiyə və su mənbələrinə
güclü mənfi təsir göstərir. Bu təsirə səhra örüşlərinin bitkiləri
daha çox məruz qalır. Ümumiyyətlə, antropogen yükün
artması, ağacların,
kolluqların tam məhv
edilməsi, mühəndis-inşaat,
yolçəkmə və
meliorasiya işləri
layihələrinin düzgün
verilməməsi nəticəsində
mexaniki olaraq bitki örtüyünün
məhv olması səhralaşmanı sürətləndirən
amillərdəndir.
Səhralaşma prosesi əmələgəlmə
və inkişafı baxımından ümumi qanunauyğunluqlara tabe olsa da konkret
ərazilərdə özünəməxsus
xarakterik xüsusiyyətləri
ilə fərqlənir. Bu baxımdan Azərbaycan ərazisində səhralaşmaya
dair elmi fikirlər 19-cu əsrin
ilk illərinə təsadüf
edir. 80-ci illərin sonlarında B.Budaqov respublikamızda səhralaşma ocaqları
və onları formalaşdıran amillər
(1989) geniş açıqlama
vermişdir. Onun rəhbərliyi
altında ilk dəfə
olaraq “Naxçıvan
MR-in arid geokomplekslərində səhralaşmanın xüsusiyyətləri
və ona qarşı mübarizə
tədbirləri” mövzusunda
elmi tədqiqat işləri aparılmışdır.
Son illərdə isə bu problemlərin öyrənilməsi məqsədilə
Milli Aerokosmik Agentliyi, AMEA-nın Coğrafiya, Botanika institutları, Təbii Sərvətlər Nazirliyi,
KTN-nin keçmiş
ET Eroziya və Suvarma İnstitutu müxtəlif istiqamətlərdə
tədqiqatlar aparmışdır.
Belə ki, Milli Aerokosmik Agentlik və H.Əliyev adına Coğrafiya İnstitutu tərəfindən yerin süni peykindən alınmış kosmik fotoşəkillər vasitəsilə
respublika ərazisinin
34697,5 kvadratkilometrlik sahəsi,
yəni ölkə ərazisinin 40 faizinin səhralaşma dərəcəsi,
tipləri, intensivlik səbəbləri, Kür-Araz
ovalığında şorlaşmanın
genetik xüsusiyyətləri
öyrənilmiş və
2010-cu il üçün
GİS xəritəsi ilə
yanaşı, Abşeron
yarımadasının səhralaşma
dərəcəsi, torpaqların
istifadə xəritələri
hazırlanmış və
yarımada ərazisinin
1 faiz zəif, 24 faiz mülayim, 54 faiz güclü və 24 faizinin isə şiddətli dərəcədə səhralaşmaya
məruz qaldığı
göstərilmişdir.
Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan ərazisində
əsasən səhralaşmanın
arialları aşağıdakı
regionlardır.
1. Abşeron yarımadası
2. Kür-Araz ovalığı
3. Naxçıvan Muxtar Respublikası.
Yuxarıda deyilənlərdən belə
nəticəyə gəlmək
olar ki, səhralaşma əsrlər
boyu müxtəlif kataklizmlər fonunda təbii və antropogen amillərin qarşılıqlı təsiri
ilə əsasən
arid landşaftlarda təzahür
edərək, bioloji məhsuldarlığın tədricən
azalmasına və son
nəticədə isə
məhvinə səbəb
olan təbii-tarixi prosesdir.
Beləliklə, tədqiqat aparılacaq ərazilərdə səhralaşma
ocağının yaranma
mexanizminin, onun inkişaf intensivliyinin, o cümlədən torpaqlarda
gedən dəyişikliklərin
müəyyənləşdirilməsi aktual olub, elmi-praktiki
baxımdan böyük
maraq doğurur.
Bəhram
ƏLİYEV,
Azərbaycan Müdafiə Sənayesi
Nazirliyi Milli Aerokosmik Agentliyi
Ekologiya İnstitutunun direktoru,
t.e.d., professor.
Respublika.- 2020.- 22 dekabr.- S.6.