Erməni xəyanətkarlığı
1969-cu il. Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirdiyim il. Təyinatla Azərbaycan EA Coğrafiya İnstitutunda əmək fəaliyyətinə başlamalı idim. Elə bu ərəfədə orduda xidmət etmək məsələsi ortaya çıxdı. Onu da qeyd edim ki, 1969-cu ilədək ali təhsilli gənclər hərbi xidmətə çağırılmırdı. Lakin keçmiş SSRİ məkanındakı, həmçinin Azərbaycandakı hərbi hissələrdə kiçik zabitlər çatışmırdı. Ölkədəki hərbi məktəblərə gənclərin axını (qəbulu) azalmışdı. Həmin çətinliyi aradan qaldırmaq üçün bəzi ali məktəblərdə, o cümlədən ADU-da hərbi kafedra açılmışdı ki, bu da tələbələrdə hərbi bilik və hərbi rütbə alıb təhsili başa vurduqdan sonra ordu sıralarında iki il xidmət etməyə böyük həvəs yaradırdı (həmin illərdə bu cür zabitlərə “ikilliklər” də deyilirdi). O vaxt ordu sıralarında kadr çatışmazlığı problemini həll etmək və ümumiyyətlə, respublikanın hərbi potensialını gücləndirmək məqsədi daşıyan önəmli bir addım atıldı. Uzaqgörən siyasətçimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına ilk ibtidai hərbi məktəb yaradıldı. Universitetdə yaradılmış hərbi kafedranın ilk buraxılışı 1969-cu ilin məzunları - biz olduq və mən də Dağlıq Qarabağın Xankəndi şəhərində xidmət etməli oldum.
Mənim oraya düşməyimin tarixçəsi belə oldu: Bizim hansı ordu hissələrində xidmət etməyimizi Azərbaycan ordusunun qərargahında təyin edirdilər. Qərargahın rəisi general-mayor idi. Yoldaşlar onun otağına daxil olur, tez də çıxırdılar. Amma hamının üzündə bir narazılıq var idi. Bu da səbəbsiz deyildi. Təyinat yerlərini itirəcəyimiz bizi narahat edirdi. Növbə mənə çatdı. General mənə Lənkəranda xidmət etməyi məsləhət gördü. Mən isə sadəcə generalın vaxtını çox almaq məqsədilə və bundan sadəcə “heyif” almaq üçün onunla söhbəti çox geniş apardım. Oranın havasının rütubətli olması səhhətimə pis təsir edər və s. dedim. O isə mənə rütubətin olmadığı münasib yeri - Naxçıvan diviziyasına getməyi məsləhət bildi. Mən yenə narazılığımı bildirdikdə üzümə baxdı və gülümsəyərək nəsə yazdı. Bu yazıdan xəbərim olmadı və 22 nəfər Naxçıvana yola düşdük.
Bizi Naxçıvanda diviziyanın işçiləri qarşıladı və həmin gün bizi xidmət yerlərimizə (polklara) göndərdilər. Qıvraq polkuna 7 nəfər, Culfaya 7 nəfər və Naxçıvan şəhərinə 7 nəfərin soyadlarını oxudular. Mənim soyadımın oxunmaması ilk baxışdan məni çox sevindirdi və tez belə bir qənaətə gəldim ki, məni evə göndərəcəklər. Sonradan soyadımı tək oxuyub məni başqa bir hərbi hissəyə göndərəcəklərini deyəndə yoldaşlarımdan ayrı düşdüyümə məyus oldum. Narazılığımı bildirdikdə sənədimin arxasındakı yazını mənə göstərdilər. Orada yazılmışdı: “İmkan daxilində leytenant İbrahimovu 61237 saylı hərbi hissəyə (Stepanakertə) göndərin”. Beləliklə, ikiillik hərbi xidmətimi Xankəndidə keçirməli oldum.
Bu iki ildə erməni millətinin çürüklüyünü, xəyanətkarlığını və bizə qarşı düşmənçiliyini tam öyrənə bildim. Bu proseslər elə açıq-aydın gedirdi ki, bunu duymamaq, hiss etməmək mümkün deyildi. Onu da qeyd edim ki, doğulub, böyüyüb boya-başa çatdığım və 17 il Qərbi Azərbaycanın Göyçə mahalında yaşadığım zaman duyduğum düşmənçilik daha zəif, Xankəndidə isə millətçilik və düşmənçilik siyasəti daha qabarıq getdiyindən iki ilin ərzində mənə çox şey aydın oldu.
Qulluq etdiyim hərbi hissənin komandiri, qərargah rəisi və siyasi işlər üzrə komandirin müavini rus, qalan müavinlər və digər vəzifəli şəxslər ermənilər idi. Silah üzrə müavin mayor Allaxverdiyan, təchizat üzrə müavin kapitan Laçınyan, hərbi texnika və atıcılıq üzrə müavinlər ermənilər idilər. Batalyon komandirləri və onların müavinləri də erməni zabitləri idi.
Bu qədər erməni zabitləri arasında xidmət etmək o qədər də asan deyildi...
Günlərin bir günü, 1969-cu ilin sonlarında hərbi hissənin ortasındakı idman meydançasına bir hərbi vertolyot endi. Vertolyotdan alçaqboylu, arıq bir zabit düşdü. O rus idi. Hərbi hissəyə bərk çaxnaşma düşdü, həyəcan siqnalı eşidildi. Bütün zabitlərin toplanması üçün siqnal çalındı. Bir-birimizdən soruşduqda “osobist” gəlib dedilər. Bu söz mənə o qədər də çatmadı, bir onu görürdüm ki, bütün komandirlər bu arıq, balacaboy baş leytenantın başına pərvanə kimi fırlanırdılar.
Zabitlərin iclası başlandı. Bu “osobist”in çıxışları bizi qəflət yuxusundan ayıltdı. Onun çıxışının məğzi belə idi: “Yerevan sizin hərbi hissə ilə maraqlanır, hərbi hissənin milli tərkibi, hərbi sursatlar, hərbi texnika və silah anbarları onların diqqət mərkəzindədir. Çoxdan fəaliyyət göstərən “Krunq” təşkilatı, onların məqsədləri və məramları Qarabağı Ermənistana birləşdirməkdir”. “Krunq” təşkilatı haqqında geniş danışan baş leytenant hərbi hissə komandirinə bəzi tapşırıqlar da verdi. 1. Gecə vaxtlarında bütün postların (I-dən başqa) mühafizəsini gücləndirmək. 2. Hərbi sirlər üzərində nəzarəti artırmaq. 3. Şəhərdə yaşayan zabit ailələrinin (xüsusilə, ermənilərin) danışıqlarına nəzarəti artırmaq.
İclasdan sonra ermənilər bir az təşvişə düşsələr də, onlar bu məsələyə soyuqqanlılıq göstərdilər. Bizim batalyonun komandirinin siyasi işlər üzrə müavini Mirzoyan Şahin (sonralar həmin Mirzoyan polkovnik rütbəsində Bakının Binəqədi (Kirov) rayonunun hərbi komissarı oldu) mənə yaxınlaşıb “Ara, İbrahimov, sən bu rusları görürsən, yenə bizim aramızı vurmağa çalışırlar. Biz təzə-təzə yaxınlaşırıq, qohum oluruq... bu nə məsələdir atırlar ortaya”, - dedi. Mən də ona bir atalar sözünü xatırlatdım: “Ocaq yanmasa, tüstü çıxmaz”.
Nə isə, iclasın ab-havası tez yaddan çıxdı, nə postları gücləndirdilər, nə də bir iş gördülər.
Vaxt keçdi... 1970-ci ilin əvvəlləri idi. Yaxşı yadımdadır, mart ayı idi, Novruz bayramı ərəfəsiydi. Yenə hərbi vertolyot həmin idman meydançasına endi. Yenə həyəcan siqnalı çalındı, zabitlərin toplanışı başlandı. Bu dəfə gələn general-mayor idi. Milliyyətcə rus idi. İclas çox qısa və çox məntiqli keçdi. Və tələb olundu: “Filan tarixdə baş leytenant filankəsin iclasda verdiyi tapşırıqların icrasını təsdiq edən sənədləri gətirin. Post siyahılarını gətirin”. Heç bir işin görülmədiyini bilən general ruslara bərk əsəbləşdi. Hissənin komandiri, polkovnik Karandaşova, siyasi işlər üzrə komandir müavini podpolkovnik Terentyevə və qərargah rəisi mayor Çeremisova böyük iradını bildirdi. General “Krunq” təşkilatı haqqında geniş danışdı. “Krunq”un Stepanakert filialı haqda, onun üzvləri haqda ətraflı məlumat verdi. Hətta bizim hərbi hissədən də bir neçə erməni zabitinin həmin təşkilata üzv olduğunu xüsusi vurğuladı. İclasda həmin generalın hərbi hissənin komandirinə - Karandaşova işlətdiyi acıqlı və təhqiramiz cümlə hələ də qulağımdadır. “Başa düşə bilmirəm. Sən Yerevanın “Krunq”u ilə əməkdaşlıq etmək istəyirsən? Bu hərbi hissənin burada nə üçün yerləşdiyini yadından çıxarmısan?”.
İclasdan sonra erməni zabitlərinin biri də bir söz deyə bilmədilər. Hələ iclas zamanı general ayrı-ayrı zabitlərin həyat yoldaşlarının (soyadlarını sadalamaqla) hansı məclisdə nə danışdıqlarını, ictimai nəqliyyatda necə söhbət etdiklərini və s. təfsilatı ilə danışdı. Çox acınacaqlı hal idi ki, yüksək rütbəli rus zabitlərinin həyat yoldaşlarının soyadları da hallanırdı. General elə dəlil-sübutlarla çıxış edirdi ki, zabitlərin heç biri deyilənləri inkar edə bilmədilər.
O vaxt Azərbaycan dövlətinin başında duran Heydər Əliyevin sayıqlığı və onun bütün hadisələri qabaqlaması gözəl nəticələr verirdi. Dövlət Təhlükəsizlik Komitəsinin işini əyani olaraq mən Xankəndidə gördüm. “Krunq”un üzvləri, Xankəndidə bütün dövlət idarələrində - milis idarəsində, maarif şöbəsində, muxtar vilayətin mərkəzi aparatında, məktəblərdə və hətta mənzil-kommunal idarələrində, xırda qrupları şəklində birləşiblərmiş.
Təqribən 4-5 ay vaxt keçdi. Yay ayları idi. Dövlət rəhbərinin sayıqlığı nəticəsində “Krunq”un yuvası dağıdıldı və onun bütün üzvlərini cəmiyyətdən təcrid etdilər. Həmin adamların arasında bizim hərbi hissənin üç zabiti də var idi. Onu da qeyd edim ki, hərbi hissənin komandiri polkovnik Karandaşov həmin hərbçiləri nə tələb etdi, nə də axtardı... Cinayətinə görə cəzalarını da aldılar həmin şəxslər. Qarabağda sonralar alovlanıb bütün Azərbaycanı yandırası ocaq bir gecənin içində söndürüldü.
Bu məsələ uzun müddət örtülü qaldı. Ermənilər “Krunq” çayırına gizli də olsa su verirlərmiş ki, bu çayır qurumasın. Onu inkişafdan saxlayan Azərbaycanın uzaqgörən rəhbəri Heydər Əliyev idi. Zaman keçdi. Ermənilərin mənəvi cəhətdən sarsıldığı və “Krunq”un, demək olar ki, tamamilə məhv edildiyi bir dövrdə Heydər Əliyev Moskvaya böyük vəzifəyə getdi. M.S.Qorbaçovun hakimiyyətə gəlməsi, dövlətin laxlanması, Siyasi Büronun ağıllı, uzaqgörən siyasətçilərdən təmizlənməsi və nəhayət, Heydər Əliyevin işdən çıxarılması və Siyasi Bürodan uzaqlaşması bu məsələnin yenidən baş qaldırmasına gətirib çıxartdı.
“Krunq” təşkilatını çayıra bənzətməyim heç də təsadüfi deyil. Xalqımızın çayır bitkisi haqqında dediyi bir fikri qeyd etmək istəyirəm: “Qarğa yuva qurmaq üçün çayırdan istifadə edir. 8-10 il qarğa yuvasında qalan çayır torpağa düşən kimi cücərmək qabiliyyətinə malikdir” deyirlər. Sonradan cücərən və baş qaldıran “Krunq”un təşkilatıçıları da məhz dövlətin dağılmasından məharətlə - hiyləgərcəsinə istifadə etdilər.
1969-cu illərin sonundan başlayaraq hərbi hissələrdə siyasi dərslərin bütün mövzuları Azərbaycanın 50 illiyinə həsr olunurdu. Siyasi dərsləri əsgərlərə biz - kiçik komandirlər keçirdik. Eyni zamanda bütün zabitlərə də siyasi məşğələ keçirdilər. Mühazirəçilər adətən yuxarı rütbəli və yaxşı hazırlıqlı zabitlər olurdu. Məşğələnin birində təxminən 180-200 nəfər zabitə “Azərbaycanın iqtisadiyyatı” mövzusunda mühazirəni I batalyonun siyasi işlər üzrə komandir müavini kapitan Şahin Mirzoyan oxumalı oldu (həmin anda keçirdiyim hissləri olduğu kimi sizə çatdırım). İlk növbədə onu tribunada görən kimi daxili bir sızıltı keçirdim ki, bu mövzunu bizlərə (kiçik rütbəli zabitlərə) və yüksək rütbəli zabitlərə necə çatdıracaq. Məşğələni hərbi hissə komandirinin siyasi işlər üzrə müavini podpolkovnik Terentyev aparırdı. Polkovnik Karandaşov, qərargah rəisi mayor Çeremisov və digər yüksək rütbəli zabitlər də məşğələdə iştirak edirdilər. Mirzoyan çıxışa başladı. Erməni xisləti Mirzoyanın gözlərini tam qapamışdı. Azərbaycanın iqtisadi göstəricilərini görə bilməzdi. Bir saatlıq çıxışında bizim sənaye, kənd təsərrüfatı göstəricilərini, elmi nailiyyətləri utanmazcasma və ya savadsızcasma təhrif etdi və bizim iqtisadiyyatın qonşu respublikalardan asılı olduğunu zabitlərə çatdırdı. Yerimdə otura bilmədim. Terentyevin zala müraciətini səbirsizliklə gözləyirdim ki, “kimin mühazirəçiyə sualı var?” desin.
Bayaqdan bəri yerimdə qovrulduğumdan sualları Mirzoyana yox, Terentyevə ünvanladım: - Birincisi, Siz bir siyasi rəhbər kimi bunun mühazirəsini niyə yoxlamamısınız? Özündən kiçik rütbəli zabitləri aldadır. Biz dözürük, bəs Sizi niyə aldadır? Azərbaycanın iqtisadi göstəricilərini niyə təhrif edir? Terentyev bərk tutulmuşdu, pərt olmuşdu. Polkun komandiri məni tribunaya dəvət etdi, mülki ixtisasımı soruşdu və coğrafiyaçı olduğumu bildi. Universitetin coğrafiya fakültəsini yeni bitirdiyimdən Azərbaycan nefti, maşınqayırması, bütün sənaye sahələrini, kənd təsərrüfatının bütün göstəricilərini tribunadan zaldakıların nəzərinə ətraflı çatdırdım.
Komandir Mirzoyanı “cəzalandırdı”. Təvazökarlıqdan uzaq olsa da, həmin “cəza”nı olduğu kimi yazmaq istərdim: “Leytenant İbrahimovun rəhbərliyi altında “Azərbaycanın iqtisadiyyatı” mövzusunu yenidən işləsin!”. Mirzoyan üçün bu böyük mənəvi cəza idi. Sonralar Mirzoyanın bu hərəkətinə siyasi qiymət verdilər və növbəti hərbi rütbəsini gecikdirdilər. O, məni həmişə təzyiq altında saxlamaq istəyirdi. Mən isə öz nümunəvi xidmətimlə, bilik- bacarığımla ona qəti imkan vermirdim.
Bu xatirə - mirzoyanlarla olan buna oxşar bütün hadisələr bütöv xalq ilə, Azərbaycan ilə bağlı olduğu üçün onu da oxuculara çatdırmağı özümə borc bildim.
Tahir
İBRAHİMOV,
BDU-nun dosenti,
coğrafiya elmləri namizədi.
Respublika.- 2020.- 22 dekabr.- S.7.