Tariximizin şərəfli salnaməsini yazan Xilaskar

 

Ağdam Qarabağ münaqişəsinin böyük çətinliklərini, ağır itkilərini, qanlı faciələrini görüb. 6 mindən artıq şəhidi ilə Azərbaycanın qəhrəmanlıq tarixinin şanlı səhifələrini yazan ağdamlılar ovaxtkı siyasi rəhbərliklərin onları şərin qarşısında tənha qoymasına, himayədən məhrum etməsinə baxmayaraq, 1993-cü ilin iyulunadək öz gücünə arxalanaraq tək özünü qorumadı, həm də digər rayonlara arxa, dayaq oldu. Ancaq güc də bir yerə qədərmiş... Fövqəldövlətlərin o dövrün ən müasir silahları, muzdlu döyüşçüləri ilə təmin etdiyi işğalçı ilə amansız mübarizədə ağdamlılar və onların hayına səs verib məmləkətin dörd bir yanından köməyə gələn könüllülər geri çəkilməyə məcbur oldular.

Və 27 il, 3 ay, 28 gün - 9982 gün sonra qələbə sevincini yaşamaqla bərabər, o faciələrə də nəzər salır, məğlubiyyətimizə rəvac verən məlum siyasi qüvvələri daha çox lənətləyir və onların məkrini əsla unutmayacağımızı anlayırıq...

Ağdamlılar bu onilliklərdə çox məşəqqətlərə düçar oldular, həyatlarını sıfırdan qurmağa məcbur qaldılar, respublikanın 62 şəhər və rayonunda yataqxanalarda, yarımçıq tikililərdə məskunlaşdılar. Amma doğma torpaqlarına qayıdacaqlarına ümidlərini heç vaxt itirmədilər. Dövlətin dəstəyi, şəxsən Prezidentin himayəsi ilə yeni tikilmiş şəhərciklərdə evlərlə təmin edildilər. Elə Ağdamın dörddəbirində qalmış ərazini də dövlət başçısı cənab İlham Əliyev abadlaşdırdı, yenidən qurdu, həm də 18 yeni qəsəbə saldı. Digər rayonlarda məskunlaşmış ağdamlıların 40 faizdən artığı bu qəsəbələrə qayıdaraq, öz dədə-baba yurdlarına daha da yaxınlaşdılar. Düşmənin qarşısında həmişə mətin və dönməz dayanan Ağdam dörd il öncə cəbhə xəttində düşmən yeni avantüralara başlayanda da müvazinətini itirmədi, itkilərə baxmayaraq, bir addım da geri çəkilmədi, bir ağdamlı da öz kəndini tərk etmədi.

Bəli, bu gün artıq 1993-cü il deyil. Ağdam himayəsiz qalmamış, ağdamlılar tənha deyildirlər. Ağdamlıların önündə addımlayan qüdrətli dövlət güclü Prezident vardır. Mehriban xanım Əliyeva ilə bərabər iki dəfə ard-arda ağdamlılarla görüşən PrezidentSizlərin Ağdama qayıdacağınız gün uzaqda deyil,- söyləmişdi... İlham Əliyev axı hansı dediyini yerinə yetirməyib ki? budur: 2020-ci ilin 23 noyabrı...

Prezident, Ali Baş Komandan İlham Əliyev Ağdama azadlığa qovuşandan cəmi 3 gün sonra etdiyi səfər həm tariximizin ən şərəfli salnamələrindən birinə çevrilən hadisə idi. Ölkə başçısı yenə Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə Ağdamdadır burada verdiyi bəyanatla xalqa zəfərin hesabatı, həm 44 günlük savaşın ən həssas məqamlarının açıqlaması ilə düşmənə meydan oxuyur: “Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş qorxaq damğası ilə yaşayacaqsınız”.

Ali Baş Komandan Azərbaycanın məhz XXI əsrin müharibəsini apardığını, Qələbənin dəmir yumruq hesabına, birlik, əzm, iradə güc hesabına əldə edildiyini, tarixi missiyanın şərəflə yerinə yetirilərək, işğal olunmuş torpaqların düşməndən azad olunduğunu söylədi. Cənab İlham Əliyevin ağdamlılara müraciətində bir məqam da xüsusi önəm daşıyırdı. Prezident əgər düşmən təslimçilik aktını imzalamasaydı, son döyüşün, işğalçıya sarsıdıcı zərbənin məhz Ağdamda vurulacağını bəyan etdi. Ağdam şəhərinin rayonun işğal altında olmuş torpaqlarının bir güllə atılmadan azad edilməsi elə düşmənin burada onu tam məhvə sürükləyən tale gözlədiyini bilməsindən irəli gəlirdi.

Cənab Prezident Ağdamla bağlı bir duyğusal hissini, öz təbirincə desək, ağrısını da dilə gətirdi. İndi üstündə qalib kimi dayandığı torpaqlara əvvəllər dəfələrlə səngərdən binoklla baxarkən keçirdiyi təəssüratları sözlə ifadə etməyin çətinliyini, mümkün olmadığını söylədi: “Öz torpağımızda öz şəhərimizi, bax, o binanı binoklla uzaqdan görmək, buraya gələ bilməmək qədər ağrılı idi. Dəfələrlə təmas xəttində olarkən, səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək, biz qayıdacağıq, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik... “Bu gün mən buradayam, Ağdam şəhərindəyəm”... Qarşımızda iki Ağdam vardı...

Erməni terrorunun dağıtdığı, daşı daş üstündə qalmayan Ağdam... İlham Əliyevin gülüstana çevirdiyi, abadlaşdırdığı, rifah gətirdiyi Ağdam...

Düşmən Ağdamın 77,4 faizini insanın yaşamadığı xarabalığa çevirmişdir...

Bir ağdamlı kimi xüsusilə qeyd etmək istəyirəm ki, zamanında ölkə başçısı Ağdamın digər qismində - işğal altında olmayan 44 yaşayış məntəqəsində geniş tikinti-bərpa abadlıq-quruculuq işləri gördü, Olimpiya İdman Kompleksi, Muğam Mərkəzi, Mərkəzi Rayon Xəstəxanası digər sosial yönümlü obyektlər tikdi, xalçaçılıq müəssisəsi yaratdı, 6600-dən çox məcburi köçkün ailəsi üçün salınmış 18 qəsəbədə 18 ümumtəhsil 3 musiqi məktəbi, 12 tibb 10 məktəbəqədər təhsil müəssisəsi inşa etdi, qaz, elektrik, içməli su xətləri çəkdi, yeni yol-nəqliyyat infrastrukturu saldı, vəsaiti on milyonlarla ölçülən mühüm layihələr həyata keçirtdi...

Ölkənin rayon şəhərlərinə köçkün kimi səpələnən insanları dövlət başçısı İlham Əliyev yenidən Ağdama, yeni qəsəbələrə qaytardı.

Dövlət başçısı qədəm qoyduğu Ağdam torpağında müjdəni dərhal verdi: “Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik bir daha gücümüzü göstərəcəyik...”.

Prezident İlham Əliyevin Ağdam məscidinə Məkkədən gətirdiyiQurani-kərim”i bağışladığı an Heydər Əliyevin müqəddəs ruhu böyük rahatlıq tapdı!

Ali Baş Komandan Ağdamı düşmən tapdağından təmizləməklə 6 mindən artıq şəhidimizə olan borcumuzu hamımızın əvəzindən ödədi. Həm qürurla deyə bilərik ki, daim ağdamlıların böyük himayədarı olmuş ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi!

 

Rafiq QARAYEV,

Qarabağ qazisi,

Ağdam sakini.

 

Respublika.- 2020.- 17 dekabr.- S.4.