Qalib ölkənin vətəndaşı
olmaq qürurludur
Otuz ilə yaxındır ki, erməni hərbi birləşmələri öz havadarlarının birbaşa dəstəyi ilə tarixi Azərbaycan əraziləri olan Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal altında saxlamağa nail olmuşdu. Bir sıra ermənipərəst dövlətlər Dağlıq Qarabağa status verilməsi üçün dəridən-qabıqdan çıxsalar da, Azərbaycan dövlətinin apardığı düzgün xarici siyasət nəticəsində buna heç cür nail ola bilmədilər. Ermənilər özlərini işğal altında saxladığı torpaqların tam sahibi zənn edirdilər. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan utanmadan, çəkinmədən Azərbaycan qarşısında şərtlər qoyurdu, hətta, qondarma respublikada prezident seçkiləri təşkil edərək andiçmə mərasimini Şuşa şəhərində keçirdi ki, bütün bu cür provokativ hərəkətlər Azərbaycan xalqının haqlı hiddətinə səbəb oldu. Dəfələrlə Ali Baş Komandanımız İlham Əliyevin sülh çağırışlarına düşmən tərəfi heç bir reaksiya vermədi. Atəşkəs rejimini pozmaq, mülki əhalini atəşə tutmaq, Azərbaycanın dövlət sərhədini pozmaq cəhdləri mütəmadi hal almışdı. Belə olan halda rəşadətli Azərbaycan ordusu əks-hücum əməliyyatı keçirməyə məcbur oldu. Böyük qürur hissi ilə qeyd etmək lazımdır ki, müharibənin ilk anlarından müzəffər ordumuz düşmənə sarsıdıcı zərbələr endirərək üstünlüyü ələ aldı. Müasir silahlarla tam təchiz olunmuş Azərbaycan ordusu qarşısında tab gətirməyən qorxaq erməni əsgərləri hərbi texnikalarını və silah-sursatlarını, döyüş bayraqlarını qoyub qaçmaqla canlarını qurtarmağa çalışırdılar. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan ordusundan fərqli olaraq mənfur düşmənin dinc əhalini raket və digər iriçaplı silahlarla atəşə tutması nəticəsində çoxsaylı günahsız insanlar şəhid oldu. Məlumdur ki, Tərtər müharibə zamanı ən çox zərərçəkən rayonlardan biridir. Quldurların mülki əhalini bombalaması nəticəsində 17 nəfər tərtərli düşmən gülləsindən dünyasını dəyişdi, 63 nəfər isə ağır yaralandı. Hər zaman olduğu kimi, dünya birliyi yenə də susmağa üstünlük verdi. Lakin müzəffər Azərbaycan ordusu bütün olanlardan heç də sarsılmadı. Azərbaycan xalqı öz sevimli Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birlik nümayiş etdirdi. Bundan ruhlanan cəsur Azərbaycan əsgəri tarixi bir qələbəyə imza atdı. 44 gün davam edən müharibədə düşmənə sarsıdıcı zərbələr endirərək işğal altında olan torpaqları azad etdi. Düşmənin çoxlu sayda canlı qüvvəsi cəsur əsgərlərimizin açdığı sərrast atəş nəticəsində cəhənnəmə getdi. Xocalı faciəsinin qisası alındı, şəhidlərimizin qanı yerdə qalmadı. Döyüş meydanında olduğu kimi, siyasi müstəvidə də Azərbaycan zəfər qazandı. Qarabağın tacı sayılan Şuşa alınmaz bir qala olsa da, sözün əsl mənasında əsgərlərimiz böyük şücaət göstərərək 8 noyabr tarixində düşməni Şuşa şəhərindən iti qovan kimi qovdular. Noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri üçtərəfli bəyanat imzaladılar. Beləliklə, Ağdam, Kəlbəcər və Laçın rayonlarından erməni qoşunları çıxarıldı. Qan tökülmədən, şəhid vermədən qeyd olunan rayonlar Azərbaycana qaytarıldı. Bununla ermənilər kapituliyasiya aktına imza atmış oldu. Qeyd etmək lazımdır ki, işğaldan azad olunan rayonlar erməni vandalları tərəfindən tamamilə dağıdılmışdır. Həmin ərazilər yalnız boş torpaqlardan ibarətdir. Artıq işğaldan azad olunan torpaqlarımızda minalardan təmizlənmə və başqa işlər həyata keçirilir. Dövlət başçısının müvafiq sərəncamı ilə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun çəkilişi davam etdirilir. Tərtər rayonunun işğal altında olan ərazilərinin də milli ordumuz tərəfindən azad olunması tərtərlilərdə əsl bayram əhval-ruhiyyəsi yaradır. 28 il öz vətənlərindən ayrı qalmış insanlar üçün bundan gözəl bir gün ola bilməz. Hər kəs öz yurduna getməyi səbirsizliklə gözləyir. Hazırda rayonun Suqovuşan kəndinə yol çəkilişi sürətlə davam etdirilir. Çox yaxın zamanlarda Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan yerlər cənnətə çevriləcəkdir. Məlumdur ki, 44 günlük Vətən müharibəsində qardaş türk xalqı və Türkiyə dövləti daim Azərbaycana mənəvi dəstək olub. Türkiyə Cümhuriyyətinin Prezidenti Azərbaycana dəstəyini bəyan etməsi Türkiyə-Azərbaycan dostluğunun əbədi və sarsılmaz olduğunu bir daha sübut etdi. Ali Baş Komandanımız İlham Əliyev ordumuzun 100 illiyinə həsr olunmuş hərbi paradda demişdir ki, biz Qarabağı azad edəcəyik və Bakı şəhərində, Azadlıq meydanında möhtəşəm hərbi parad keçirəcəyik, azad olmuş ərazilərdən gətirilən bayraq Azadlıq meydanına gətiriləcəkdir. Bəli, bu parad keçirildi və bu gün hər birimiz sevinc içindəyik. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi zəfər bayramı münasibətilə keçirilən parad xalqımızın yaddaşından silinməyəcək. Artıq biz 30 ildir ki, həsrətində olduğumuz yurd yerlərimizə qayıdırıq. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirdiyini əməlləri ilə sübuta yetirdi. Güclü iqtisadiyyat, yenilməz ordu yaratmaqla tarixi zəfərə nail oldu. Torpaqlarımızın işğaldan azad olunması Azərbaycan iqtisadiyyatının sürətli inkişafına da öz töhfəsini verəcəkdir. İşğaldan azad olunan torpaqlarda aqrar sahə, turizm və başqa sahələrin inkişafına zəmin yaradılacaqdır. Qarabağa qayıdışımız bölgədə sülhün bərqərar olmasına zəmin yaradır. Biz qalib bir ölkənin vətəndaşı olmağımızla qürur duyuruq.
Zahid İBRAHİMOV,
Tərtər Suvarma Sistemləri
İdarəsinin rəisi
Respublika.- 2020.- 17 dekabr.- S.4.